Tərbiyəyə aid e’tibarlı məsləhətlər
RUT ADLI qadın ilk hamiləliyi haqqında belə deyir: «Onda cəmi 19 yaşım vardı. Ailəmdən, qohumlarımdan uzaqda yaşayırdım və ana olmağa qətiyyən hazır deyildim». Rut özü, demək olar ki, hələ uşaq idi və valideyn olmaq haqqında ciddi düşünmürdü. Uşağını böyütmək üçün e’tibarlı məsləhətləri o haradan ala bilərdi?
İki övlad böyütmüş Yan xatırlayır: «İlk vaxtlar özümə əmin idim. Amma bir azdan başa düşdüm ki, ən adi şeyləri belə bilmirəm». Gördüyümüz kimi, bə’zi valideynlər uşaq doğulanda özlərini itirir, digərləri isə uşaqları böyüdükcə çaş-baş qalırlar. Belə valideynlərə övladlarını boya-başa çatdırmağa nə kömək edə bilər?
Son vaxtlar radio və televiziya verilişlərində uşaq tərbiyəsi ilə bağlı çoxlu məsləhətlər eşitmək olar. Yəqin bu məsləhətlərin e’tibarlı olub-olmadığı sizdə şübhə doğurur. Şübhələriniz əsassız deyil. Doğrudan da, görəsən bu məsləhətləri necə adamlar verir? Onlar öz uşaqlarını yaxşı insan kimi böyüdə biliblərmi? Əlbəttə, ailənizin xoşbəxtliyi üçün hər şeyi götür-qoy etmək istəyiniz təbiidir. Keçən məqalədə yazıldığı kimi, hətta mütəxəssislərin də məsləhəti çox vaxt heç bir nəticə vermir. Elə isə sizə nə kömək edə bilər?
Tərbiyə sahəsində ən yaxşı Məsləhətçi ailə quruluşunun Banisi Yehova Allahdır (Efeslilərə 3:14). Bu sahədə yeganə e’tibarlı mütəxəssis Odur. Allah Öz Kəlamında praktiki dəyəri olan, e’tibarlı məsləhətlər təqdim edir (Məzmur 32:8; Yeşaya 48:17, 18). Onlara əməl edib-etməmək isə özümüzdən asılıdır.
Uşaqlarını ləyaqətli və Allahdan qorxan insan kimi böyütmüş bir neçə valideyn müvəffəqiyyətləri üçün ilk növbədə Müqəddəs Kitab prinsiplərinə borclu olduqlarını deyirlər. Onların fikrincə Müqəddəs Kitabın məsləhətləri bu gün də qədimdəki kimi e’timada layiqdir.
Uşaqlara vaxt ayırın
İki uşaq anası Katrin Qanunun təkrarı 6:7 ayəsindəki məsləhətin vaxtilə ona çox kömək etdiyini deyir. Bu ayədə yazılıb: «Bunları [Müqəddəs Kitab prinsiplərini] övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış». Katrin dərk edirdi ki, bu məsləhətə əməl etmək üçün uşaqlara vaxt ayırmaq lazımdır.
Siz fikirləşə bilərsiniz: «Dildə demək asandır». Əgər ailəni dolandırmaq üçün valideynlərin hər ikisi işləyirsə, onda uşaqlarına necə vaxt ayırsınlar? Artıq baba olmuş Torlif də «Qanunun təkrarı» kitabındakı məsləhətə əməl etməyin vacibliyini qeyd edir. O danışır: «Oğlum evdə, həyətdə mənə kömək edirdi. Biz ailəliklə gəzməyə gedirdik. Bir yerdə süfrə başına yığışırdıq. Ona görə də oğlum özünü bizimlə sərbəst hiss edir, hiss və həyəcanlarını açıq bölüşürdü». Siz də bir yerə gedəndə, uşaqları özünüzlə aparın. Onda uşaqlarla söhbət etmək daha asan olacaq.
Uşaqlar böyüyəndə bə’zən özlərinə qapanırlar, ona görə də onlarla səmimi ünsiyyət etmək alınmır. Belə vəziyyətdə nə etmək olar? Yeganə yol onlarla birlikdə daha çox vaxt keçirməkdir. Katrinin əri Ken qızının yeniyətmə çağlarını xatırlayır. Qız atasının onu dinləmədiyi haqqında tez-tez gileylənirdi. Belə şikayətləri yeniyetmələrdən çox eşitmək olar. Ken bunun öhdəsindən necə gəldi? «Qızımla daha çox vaxt keçirməyə başladım. Onun fikirləri, hislri, həyəcanları haqqında danışırdıq. Bunun bizə böyük köməyi oldu» (Süleymanın məsəlləri 20:5). Ken uğurunun səbəbini evlərində daima səmimi ünsiyyətin olduğunda görür: «Qızımla aramız həmişə yaxşı olub. O bilirdi ki, mənimlə həmişə açıq danışa bilər».
Bu yaxınlarda aparılmış tədqiqat zamanı aşkar olunub ki, valideynlərlə uşaqların birlikdə kifayət qədər vaxt keçirmədiklərindən yeniyetmələr ata-analarına nisbətən üç dəfə çox şikayətlənirlər. Belə isə, nəyə görə Müqəddəs Kitabın məsləhətinə hay verməyəsiniz? İmkan dairəsində uşaqlarınıza daha çox vaxt ayırın. Onlarla birlikdə dincəlin, birgə işlə məşğul olun, gəzməyə gedin, səhər yuxudan oyananda, axşamlar yatmazdan əvvəl onların yanında olun. Mümkünsə, getdiyiniz yerlərə onları da aparın. Qanunun təkrarı 6:7 ayəsi göstərir ki, valideynin uşağına həsr etdiyi vaxtın əvəzini heç nə verə bilməz.
Uşaqlara yaxşını pisdən ayırmağı öyrədin
Mario iki uşaq atasıdır. O, valideynlərə tövsiyə edir: «Uşaqlarınızı əzizləyin, onlara kitab oxuyun». Amma valideynlərin məqsədi uşaqlarını yalnız zehni cəhətdən inkişaf etdirmək olmamalıdır. Uşağa yaxşını pisdən ayırmağı öyrətmək lazımdır. Mario deyir: «Onlara Müqəddəs Kitabı öyrədin».
Müqəddəs Kitab da valideynlərə belə tövsiyə edir: «Uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün» (Efeslilərə 6:4). Bu gün bir çox ailələrdə, demək olar ki, uşaqların əxlaqi tərbiyəsinə fikir verilmir. Bə’ziləri düşünür ki, həyati dəyərləri insan boya-başa çatandan sonra özü seçməlidir. Sizcə bu fikir düzdürmü? Sağlam inkişaf üçün uşaq orqanizminə qidalı yemək gərək olduğu kimi, mə’nəvi inkişaf üçün də onun zehninə və ürəyinə öyüd-nəsihət lazımdır. Əgər uşaqlarınız evdə sizdən tərbiyə görməsə, sizin əvəzinizə bunu küçə, məktəb dostları, televiziya və jurnallar edəcək.
Müqəddəs Kitab valideynlərə uşaqlarına yaxşını pisdən ayırmağı öyrətməyə kömək edir (2 Timoteyə 3:16, 17). Təcrübəli məsihçi ağsaqqalı Cef iki uşaq böyüdüb. O, məsləhət görür ki, valideynlər uşaqlarına əxlaq normalarını Müqəddəs Kitabdan öyrətsinlər. Cef deyir: «Uşaqlarımıza müəyyən şeyləri Müqəddəs Kitab vasitəsilə başa salanda onlar görürlər ki, bu ata-ananın yox, Allahın fikridir. Biz Müqəddəs Kitabın uşaqların düşüncəsinə və ürəyinə nə qədər güclü tə’sir etdiyinin dönə-dönə şahidi olmuşuq. Uşağın səhv fikirlərini və hərəkətlərini düzəltmək üçün Müqəddəs Yazılardan müvafiq bir ayə seçib ona oxutdururduq. Adətən uşağın gözündən yaş tökülürdü. Biz məəttəl qalırdıq: Müqəddəs Kitab uşağa bizim söz və əməllərimizdən daha güclü tə’sir göstərirdi».
İbranilərə 4:12 ayəsində izah edilir: ‘Allahın kəlamı canlı və tə’sirlidir, ürəyin düşüncə və niyyətlərini ayırd edir’. Müqəddəs Kitabın yazılışında Allah insanlardan istifadə etsə də, orada həmin adamların şəxsi fikri və təcrübəsi deyil, Allahın əxlaq normaları yazılıb. Buna görə də oradakı məsləhətlər bütün başqa məsləhətlərdən olduqca fərqlənir. Uşağı Müqəddəs Kitab əsasında tərbiyə etməklə siz ona Allahın düşüncə tərzini mənimsəməyə kömək edəcəksiniz. Siz uşağınızın ürəyinə daha tez yol tapacaq və zəhmətiniz hədər yerə getməyəcəkdir.
Yuxarıda xatırlanan Katrin da bununla razıdır. O deyir: «Vəziyyət nə qədər çətin olurdusa, biz bir o qədər sə’ylə rəhbərliyi Allahın Kəlamında axtarırdıq. Bu çox gözəl nəticə verirdi». Uşağınıza yaxşını pisdən ayırd etməyi öyrətmək istəyirsinizsə, siz də Müqəddəs Kitaba müraciət edin.
Təmkinli olun
Həvari Pavel uşaqların tərbiyəsində əhəmiyyətli olan daha bir vacib prinsipi qeyd etdi. O, həmimanlılarını təşviq edirdi: «Qoy sizin mülayimliyiniz bütün insanlara mə’lum olsun» (Filipililərə 4:5). Bəli, uşaqlara qarşı həddən artıq tələbkar olmayın. Unutmayın ki, ‘mülayimlik’ «yuxarıdan nazil olan hikmət»in əlamətidir (Yaqub 3:17).
Uşaqları tərbiyə edərkən valideynlər çox sərt olmamalıdırlar. Təmkinli valideyn uşağını dəstəkləsə də, onun hər addımını idarə etmir. Məsələn, yuxarıda adı çəkilən Yehovanın Şahidi Mario xatırlayır: «Həyat yoldaşımla birgə uşaqları həmişə vəftiz olunmağa, tammüddətli xidmətə və digər ruhani məqsədlərə can atmağa təşviq edirdik. Bununla yanaşı biz vurğulayırdıq ki, bu qərarları vaxt gələndə özləri qəbul etməlidirlər». Bunun bir bəhrəsi oldumu? Bəli, hal-hazırda onların hər iki övladı tammüddətli xidmətçidir.
Koloslulara 3:21 ayəsində atalar üçün belə bir xəbərdarlıq yazılıb: «Övladlarınızı hirsləndirməyin ki, onlar mə’yus olmasınlar». Səbri tükənmiş valideyn asanlıqla hirslənib uşaqlarından çox şey tələb edə bilər. Katrin yuxarıdakı məsləhəti çox qiymətləndirir: «Uşaqları özünüzlə bir tutmayın». Katrin də Yehovanın Şahididir. O davam edir: «Elə edin ki, Yehovaya xidmət uşaqlara sevinc gətirsin».
Yuxarıda adı çəkilən Cef öz təcrübəsindən danışır: «Uşaqlarımız xeyli böyümüşdü. Yaxın bir dostumuz nə vaxtsa buraxdığı səhvdən bizi qorumaq üçün məsləhət gördü ki, uşaqların xahişlərinə həmişə “yox” deməyək. Çünki uşaqlar buna acıqlanır və inciyirlər. Onun səhvini təkrar etməməyimiz üçün dostumuz uşaqların xahişlərinə tez-tez “bəli” deməyi tövsiyə etdi».
Cef davam edir: «Bu məsləhət xoşumuza gəldi. Biz çalışırdıq ki, uşaqlarımız başqaları ilə əylənəndə böyüklər olan yerdə və ya gözümüzün qarşısında olsunlar. Ona görə də onlara deyirdik: “Filankəs filan şeyi təşkil edir. Gəlin siz də gedin”. Uşaqlarımız harasa getmək istəyəndə, çox yorğun olsaq da, “yox” deməməyin xətrinə, xahişlərini yerinə yetirirdik». Uşaqlarınızla ədalətlə davranın, onların tələbatlarını nəzərə alın, istəkləri Müqəddəs Kitab prinsiplərinə zidd deyilsə, onlara güzəştə gedin.
E’tibarlı məsləhətlərə əməl edin
Bu məqalədə sözləri yazılmış valideynlərin çoxu artıq nənə-babadırlar. Onlar çox şaddırlar ki, həmin Müqəddəs Kitab prinsipləri indi onların övladlarına öz uşaqlarını tərbiyə etməyə kömək edir. Bəs siz Müqəddəs Kitab məsləhətlərinə əməl etmək istəyərdinizmi?
Yuxarıda adı çəkilən Rut və əri Torlif uşaqları dünyaya gələndə çaş-baş qalmışdılar. Amma sonradan onlar başa düşdülər ki, Allahın Kəlamındakı gözəl məsləhətlərə güvənə bilərlər. Yehovanın Şahidləri uşaqların tərbiyəsində əvəzsiz köməyi olan və Müqəddəs Kitaba əsaslanan vəsaitlər dərc ediblər. Məsələn, «Böyük Müəllimdən öyrən», «Müqəddəs Kitab hekayələri», «Gənclərin sualları. Praktiki məsləhətlər», «Dünyada yaşamış ən böyük insan» (rus.) kitabları bu qəbildəndir. Rutun əri Torlif deyir: «Bu gün valideynlər Müqəddəs Kitab məsləhətlərini asanlıqla tapa bilərlər. Bu məsləhətlər uşaq tərbiyəsi ilə bağlı ortaya çıxan problemləri həll etməkdə əvəzsizdir. Onları yalnız tətbiq etmək qalır».
[5-ci səhifədəki çərçivə/şəkil]
MÜƏTXƏSSİSLƏR və MÜQƏDDƏS KİTAB
Uşağı əzizləmək haqqında
Psixoloq Con Brodes Uotson 1928-ci ildə uşaqların psixoloji tərbiyəsinə aid çıxmış kitabında valideynlərə məsləhət görürdü: «Uşaqlarınızı heç vaxt qucaqlamayın, öpməyin. Onları heç vaxt qucağınıza almayın» («The Psychological Care of Infant and Child»). «Bizim uşaqlar» jurnalının 1999-cu ilinin mart sayında psixoloqlar Vera Leyn və Doroti Molino yazıblar: «Tədqiqatlar göstərir ki, uşaqları əzizləməyəndə onlar gec inkişaf edirlər» («Our children»).
Yeşaya 66:12 ayəsi göstərir ki, ata-ana övladını əzizlədiyi kimi, Allah da xalqına olan məhəbbətini bu cür ifadə edir. İsa Məsih, uşaqları onun yanına buraxmayan şagirdlərini məzəmmət edərək demişdi: «Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın!» Sonra o, uşaqları «qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua verdi» (Mark 10:14, 16).
Öyüd-nəsihət haqqında
Psixologiya üzrə professor Bruno Bettelheym 1969-cu ildə «Nyu-York Tayms Maqazin» jurnalında xüsusilə qeyd etmişdi ki, uşaqlar öz fikirlərini ata-ananın öyüd-nəsihəti sayəsində yox, öz həyat təcrübəsi əsasında formalaşdırmalıdırlar. Təxminən otuz il sonra 1997-ci ildə dərc edilmiş «Uşaqların mə’nəvi idrakı» kitabında psixiatr Robert Kolz yazırdı: «Uşaqların həyatda hər hansı bir məqsədə can atmağa, rəhbərliyə və [valideynlər və böyüklər tərəfindən qəbul edilən] dəyərlərə ehtiyacı var» («The Moral Intelligence of Children»).
Süleymanın məsəlləri 22:6 ayəsində valideynlərə belə bir məsləhət verilir: «Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, o qocalanda da bu yoldan dönməz». «Tərbiyə vermək» ifadəsinin qədim ibrani dilində «öyrətməyə başlamaq» mə’nası da var. Bu ayə ona işarə edir ki, valideynlər uşaqlarına körpəlikdən öyüd-nəsihət verməyə başlamalıdırlar (2 Timoteyə 3:14, 15). Balacalıqda öyrəndikləri şeylər onların bütün həyatına tə’sir edəcək.
Cəzalandırmaq haqqında
Professor Jeyms Dobson 1978-ci ildə dərc edilmiş «Tərs uşaq» kitabında yazırdı ki, uşağın yaxşılığını istəyən valideyn onun pis hərəkətlərinin qarşısını almaq üçün onu döyməlidir («The Strong-Willed Child»). Uşaq psixoloqu Bencamin Spok isə məşhur kitabının 1998-ci ildə çapdan çıxmış yeddinci nəşrində deyir: «Uşağı döyəndə ona elə gəlir ki, əgər adam böyük və güclüdürsə, haqlı olub-olmasa da, istədiyini edə bilər» («Baby and Child Care»).
Müqəddəs Kitabda uşağı cəzalandırmaq haqqında belə deyilir: «Kötək və məzəmmət hikmət gətirər» (Süleymanın məsəlləri 29:15). Amma elə uşaqlar da var ki, onları döyməyə ehtiyac yoxdur. Süleymanın məsəlləri 17:10 ayəsində deyilir: «Qanan insan üçün bir irad axmağa vurulan yüz zərbədən də artıq tə’sir edir».
[Şəkil]
Uşaqların ürəyinə yol tapmaq üçün Müqəddəs Kitabdan istifadə edin.
[7-ci səhifədəki şəkil]
Müdrik valideynlər uşaqlarının istirahətini təşkil edirlər.