BEŞİNCİ FƏSİL
Uşağı körpəlikdən tərbiyə edin
1, 2. Uşaqların tərbiyəsi məsələsində valideynlər kömək üçün kimə müraciət etməlidirlər?
TƏXMİNƏN 3 000 il bundan əvvəl, minnətdarlıq duyan bir ata ucadan demişdi: “Uşaqlar Rəbdən mirasdır” (Məzmur 127:3). Doğrudan da, ata və ana olmaqdan əldə edilən sevinc, evli insanların çoxunun nail ola bildiyi Allahdan gələn qiymətli mükafatdır. Lakin uşaqları olanlar tezliklə dərk edirlər ki, valideyn olmaq yalnız sevinc deyil, məs’uliyyət də gətirir.
2 Uşaq böyütmək, xüsusilə də bizim zəmanədə çox çətindir. Buna baxmayaraq, bir çoxları bunun öhdəsindən müvəffəqiyyətlə gəlirlər; Allahdan ilham almış məzmurçu onların buna necə nail olduqlarını belə sözlərlə göstərir: “Əgər evi Rəbb tikməzsə, inşaatçılar boş yerə çalışır” (Məzmur 127:1). Yehovanın göstərişlərini nə qədər düzgün yerinə yetirsəniz, bir o qədər də yaxşı valideyn olacaqsınız. Müqəddəs Kitabda deyilir: “Bütün ürəyinlə Rəbbə güvən və öz anlayışına arxalanma” (Süleymanın məsəlləri 3:5). Uşaq tərbiyəsi kimi 20 illik bir proektə başlayarkən, Yehovanın məsləhətini dinləmək istəyirsinizmi?
MÜQƏDDƏS KİTABIN NÖQTEYİ–NƏZƏRİNİ QƏBUL EDİN
3. Uşaqların tərbiyəsində ata hansı məs’uliyyəti daşıyır?
3 Dünyanın hər yerində bir çox ailələrdə kişilər hesab edirlər ki, uşağın tərbiyəsi qadına ayrılmış işdir. Allahın Kəlamında, ataya ən başlıca ailəni dolandırmaq vəzifəsi ayrılmış olması doğrudur. Lakin Müqəddəs Kitabda atanın ailədəki məs’uliyyətindən də bəhs edilir. Orada deyilir: “Çöldəki işini qaydasına sal və onu tarlada özünə hazırla; ondan sonra evini tik” (Süleymanın məsəlləri 24:27). Allahın nöqteyi–nəzərinə əsasən, ata və ana uşağın tərbiyəsində əməkdaşlıq etməlidirlər (Süleymanın məsəlləri 1:8, 9).
4. Nə üçün oğlan uşağını qızdan üstün tutmamalıyıq?
4 Uşaqlarınıza necə münasibət göstərirsiniz? Alınan mə’lumatlara əsasən, Asiyada “qız uşağının doğulması valideynləri kədərləndirir”. Hesabatlar göstərir ki, Latın Amerikasında, hətta “ziyalı ailələrində” belə, qızlara qarşı mövhumatlar hələ də mövcuddur. Lakin həqiqət ondadır ki, qızlar ikinci dərəcəli uşaq deyillər. Qədimdə tanınmış ata olan Yaqub, o vaxtadək doğulmuş uşaqları, o cümlədən qızları haqqında “Allahın [ona] lütf etdiyi uşaqlar” kimi danışırdı (Təkvin 33:1–5; 37:35). Buna bənzər şəkildə, İsa, yanına gətirilən bütün uşaqlara (oğlan və qızlara) xeyir–dua verirdi (Matta 19:13–15). Biz əmin ola bilərik ki, İsa, Yehovanın nöqteyi–nəzərini əks etdirirdi (Təsniyə 16:14).
5. Ərlə arvad neçə uşağa sahib olacaqlarını qərara alarkən nəyi nəzərə almalıdırlar?
5 Sizin yaşadığınız ərazidə, qadından mümkün qədər çox uşaq dünyaya gətirməsi gözlənilirmi? Əslində ailədə neçə uşaq olacağını ərlə arvadın özləri qərara almalıdırlar. Bəs valideynlərin çox sayda uşaqları yedirmək, geydirmək və oxutmaq imkanları çatmırsa, onda necə? Əlbəttə, neçə uşaqları olacağını həll edərkən, valideynlər bunu nəzərə almalıdırlar. Bə’zi valideynlər, uşaqlarının hamısının qeydinə qala bilmədiklərini gördükdə, tərbiyə etmələri üçün onlardan bə’zilərini qohumlarına tapşırırlar. Bu yaxşıdırmı? Əslində yox. Bu, valideynləri uşaqları qarşısında olan məs’uliyyətdən azad etmir. Müqəddəs Kitabda deyilir: “Kim öz yaxınlarının, xüsusən ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir” (1 Timoteyə 5:8). Öz vəzifələrinə məs’uliyyətlə yanaşan valideynlər, “ailə üzvlərinin” sayını planlaşdırmağa çalışırlar ki, onların qeydinə qalmaq imkanında ola bilsinlər. Bunun üçün hamiləlikdən qorunmaq üsullarından istifadə etmək olarmı? Bu da hər kəsin şəxsi işidir və əgər ərlə arvad belə qərara gəlirlərsə, qorunma üsulunu özləri seçməlidirlər. “Hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır” (Qalatiyalılara 6:5). Lakin abortun hər hansı növünü özünə daxil edən qorunma üsulları Müqəddəs Kitabın prinsiplərinə ziddir. Yehova Allah “həyat mənbəyidir” (Məzmur 36:9). Buna görə də, hamilə qaldıqdan sonra həyatın məhv edilməsi, Yehovaya qarşı böyük hörmətsizlik və qətl etməyə bərabərdir (Çıxış 21:22, 23; Məzmur 139:16; Yeremya 1:5).
UŞAĞINIZIN TƏLƏBATLARINI TƏ’MİN EDİN
6. Uşağın tərbiyəsinə nə vaxtdan başlamaq lazımdır?
6 Süleymanın məsəlləri 22:6 ayəsində deyilir: “Uşağı gedəcəyi yola görə yetişdir”. Valideynlərin zəruri vəzifələrindən biri də, uşaqları tərbiyə etməkdir. Uşağın tərbiyəsinə nə vaxt başlamaq lazımdır? Çox erkən. Həvari Pavel Timoteyin “uşaqlıqdan” e’tibarən tərbiyə olunduğunu qeyd edirdi (2 Timoteyə 3:15). Burada işlədilən yunan sözü körpəyə və hətta hələ dünyaya göz açmamış uşağa da aid edilə bilər (Luka 1:41, 44; Həvarilərin işləri 7:18–20). Deməli, Timotey lap körpəlikdən tərbiyə edilmişdir və bu düzgündür. Körpəlik dövrü, uşağın tərbiyəsinə başlamaq üçün ən gözəl vaxtdır. Hətta körpənin də bilik almağa meyli var.
7. a) Nəyə görə valideynlərin hər ikisi körpə ilə yaxın qarşılıqlı münasibət inkişaf etdirməlidirlər? b) Yehova ilə vahid Oğlu arasında necə münasibət vardı?
7 Bir ana deyir: “Mən körpəmi ilk baxışdan sevdim”. Anaların əksəriyyətinə bu hisslər tanışdır. Uşaq dünyaya gəldikdən sonra, ana uşağı ilə birgə vaxt keçirdikcə, onların arasındakı bu gözəl bağlılıq artır. Uşağı əmizdirərkən birlikdə keçirdikləri vaxt onları bir–birlərinə daha da yaxınlaşdırır. (1 Saloniklilərə 2:7 ilə müqayisə edin.) Ananın nəvazişi və söhbəti, körpənin emosional tələbatlarının tə’min edilməsində ən vacib rolu oynayır. (İşaya 66:12 ilə müqayisə edin.) Bəs ata necə davranmalıdır? Yeni doğulan körpə ilə o da yaxın bağlılıq yaratmalıdır. Bu sahədə Yehovanın özü gözəl nümunə verib. Biz, “Süleymanın məsəlləri” kitabından Yehovanın öz vahid Oğlu ilə olan qarşılıqlı münasibətləri haqqında öyrənirik; Oğul orada belə sözlərlə təsvir olunur: “Rəbb, yolunun başlanğıcında, qədim işlərindən əvvəl məni yaratdı... hər gün onun sevinci idim” (Süleymanın məsəlləri 8:22, 30; Yəhya 1:14). Buna bənzər şəkildə, yaxşı ata uşağının ilk günlərindən e’tibarən, onunla səmimi, sevgi dolu qarşılıqlı münasibətlər inkişaf etdirir. Bir ata deyir: “Bütün məhəbbətini göstər. Qucaqlanmaqdan və öpülməkdən hələ heç bir uşaq ölməyib”.
8. Valideynlər, mümkün qədər erkən vaxtlarından körpəyə hansı zehni məşqi verməlidirlər?
8 Lakin körpələrin daha çox şeylərə ehtiyacı var. Doğulduğu andan körpənin beyni mə’lumat qəbul etməyə və yadda saxlamağa hazırdır, bu mə’lumatın əsas mənbəyi isə valideynlərdir. Misal üçün, dili nəzərdən keçirək. Tədqiqatçılar qeyd edirlər ki, uşağın danışmağı və oxumağı nə dərəcədə müvəffəqiyyətlə öyrənməsi, “fərz edildiyi kimi, həyatının ilk çağlarında uşağın valideynləri ilə olan qarşılıqlı münasibətindən asılıdır”. Uşağınızla körpəlik dövründən başlayaraq söhbət edin və onun üçün nə isə oxuyun. O, tezliklə sizə bənzəmək istəyəcəkdir; az bir vaxt keçdikdən sonra, siz artıq ona oxumağı öyrədəcəksiniz. Ehtimal ki, o, oxumağı məktəbə getməzdən əvvəl öyrənəcəkdir. Əgər müəllim çatışmayan və siniflərdə yer olmayan ölkədə yaşayırsınızsa, bu, xüsusilə faydalı olacaqdır.
9. Valideynlər hansı vacib məqsədi yadda saxlamalıdırlar?
9 Məsihçi valideynlərin ən başlıca məqsədi, uşaqlarının ruhani tələbatlarını tə’min etməkdir. (Təsniyə 8:3-ə baxın.) Bu nəyə görə lazımdır? Uşağa, Məsihinkinə bənzər bir şəxsiyyət inkişaf etdirməkdə, yə’ni “yeni mənliyi” geyinməkdə kömək etmək üçün gərəkdir (Efeslilərə 4:24). Bunun üçün valideynlər münasib “tikinti materialları” və “inşaat üsulları” axtarmalıdırlar.
HƏQİQƏTİ UŞAQLARIN ZEHNİNƏ YERİDİN
10. Uşaqlarda hansı keyfiyyətləri inkişaf etdirmək lazımdır?
10 Evin möhkəmliyi, əsasən onun tikilişində istifadə edilən material növlərindən asılıdır. Həvari Pavel, məsihçi şəxsiyyətini yaratmaq üçün ən yaxşı materialların “qızıl, gümüş, qiymətli daşlar” olduğunu söylədi (1 Korinflilərə 3:10–12). Bu materiallar, iman, müdriklik, seçmək qabiliyyəti, sədaqət, hörmət, Yehovaya və Onun qanunlarına məhəbbətdən irəli gələn minnətdarlıq kimi qiymətli keyfiyyətləri təqdim edir (Məzmur 19:7–11; Süleymanın məsəlləri 2:1–6; 3:13, 14). Valideynlər körpəlikdən e’tibarən bu keyfiyyətləri inkişaf etdirməkdə övladlarına necə kömək edə bilərlər? Uzaq keçmişdə tə’yin olunan qayda–qanuna riayət etməklə.
11. İsrailli valideynlər, Allaha məqbul olan keyfiyyətləri inkişaf etdirməkdə öz uşaqlarına necə kömək edirdilər?
11 İsrail xalqı Və’d edilmiş diyara daxil olmazdan bir qədər öncə, Yehova israilli valideynlərə dedi: “Bu gün sənə əmr etməkdə olduğum bu sözlər sənin ürəyində olacaqlar; və onları oğullarının zehninə yaxşıca qoyacaqsan və evində oturduğun və yolda yeridiyin və yatdığın və qalxdığın zaman bunlar haqqında danışacaqsan” (Təsniyə 6:6, 7). Bəli, valideynlər uşaqlarına nümunə göstərməli və dost olmalıdırlar. Uşaqlarla ünsiyyətdə olmağı və onlara tə’lim verməyi bacarmalıdırlar.
12. Valideynlərin uşaqlara yaxşı nümunə vermələri nəyə görə vacibdir?
12 Nümunə olun. Yehova əvvəlcə dedi: “Bu sözlər sənin ürəyində olacaq”. Sonra əlavə etdi: “Onları oğullarının zehninə yaxşıca qoyacaqsan”. Deməli, Allaha məqbul keyfiyyətlər əvvəlcə valideynlərin ürəyində olmalıdır. Valideynlər həqiqəti sevməli və ona müvafiq olaraq yaşamalıdırlar. Yalnız o zaman uşağın ürəyinə yol tapa bilərlər (Süleymanın məsəlləri 20:7). Nə üçün? Çünki uşaqlara eşitdiklərindən çox, gördükləri tə’sir bağışlayır (Luka 6:40; 1 Korinflilərə 11:1).
13. Uşaqlara vaxt ayırmaqda, məsihçi valideynlər İsadan necə nümunə götürə bilərlər?
13 Dost olun. Yehova israilli valideynlərə dedi: “Evində oturduğun və yolda yeridiyin” zaman uşaqlarınla danış. Bunun üçün, valideynlər nə qədər başı qarışıq olsalar da, uşaqları ilə birlikdə vaxt keçirmələri vacibdir. Göründüyü kimi, İsa, uşaqların onun diqqətinə layiq olduqlarını anlayırdı. Xidmətinin son günlərində “İsanın yanına uşaqlar gətirirdilər ki, O, onlara toxunsun”. İsa buna necə münasibət göstərdi? “Onları [uşaqları] qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir–dua verdi” (Mark 10:13, 16). Təsəvvür edin, İsanın həyatının son saatları tükənirdi. Buna baxmayaraq, o, uşaqlara vaxt ayırır və xüsusi diqqət göstərirdi. Necə də gözəl ibrət dərsidir!
14. Nəyə görə uşaqları ilə birlikdə vaxt keçirmək valideynlər üçün faydalıdır?
14 Uşaqlarla ünsiyyətdə olun. Uşağınızla birlikdə vaxt keçirməniz, onunla ünsiyyətdə olmağınıza kömək edəcəkdir. Nə qədər çox ünsiyyətdə olsanız, uşağınızın xasiyyətinin necə inkişaf etdiyini bir o qədər yaxşı anlayacaqsınız. Unutmayın ki, ünsiyyət, yalnız söhbət etmək demək deyil. Braziliyada yaşayan bir ana deyir: “Dinləməyi — ürəkdən dinləməyi öyrənməli oldum”. Oğlu hisslərini onunla bölüşməyə başlayan zaman, ananın səbri mükafatlandırıldı.
15. İstirahətə dair nəyi yadda saxlamaq lazımdır?
15 Uşaqlar üçün “gülməyin vaxtı... oynamağın vaxtı”, yə’ni istirahət vaxtı ayrılmalıdır, çünki onların buna ehtiyacı var (Vaiz 3:1, 4; Zəkarya 8:5). Valideynlər uşaqları ilə birlikdə vaxt keçirdikdə, istirahət çox səmərəli olur. Təəssüf ki, bir çox ailələrdə istirahət etmək televizora baxmaq deməkdir. Bə’zi televiziya proqramları maraqlı olsa da, bir çox başqaları insanın əxlaq dəyərlərini pozur. Həmçinin televizora baxmaq, ailədəki ünsiyyətə mane olur. Buna görə də, nə üçün uşaqlarla bərabər yaradıcı bir işlə məşğul olmayasınız? Mahnı oxuyun, oyunlar oynayın, dostlarınızla ünsiyyətdə olun, gözəl yerlərə gedin. Belə məşğuliyyətlər ünsiyyətin yaranmasına yardım edir.
16. Valideynlər uşaqlarına Yehova haqqında nəyi öyrətməlidirlər və onlar bunu necə etməlidirlər?
16 Uşaqlara tə’lim verin. Yehova dedi: “Onları [bu sözləri] oğullarının zehninə yaxşıca qoyacaqsan”. Nəyi və necə öyrətmək lazım gəldiyini konteksdən görürük. Birincisi, “Allahın Rəbbi bütün ürəyinlə və bütün canınla və bütün qüvvətinlə sevəcəksən” (Təsniyə 6:5). Sonra, “bu sözləri... zehninə yaxşıca qoyacaqsan”. Uşaqlarda Yehovaya və Onun qanunlarına qarşı səmimi məhəbbət inkişaf etdirməyə çalışaraq, onlara nəsihət verin. (İbranilərə 8:10 ilə müqayisə edin.) “Zehninə yaxşıca qoyacaqsan” sözləri, təkrarlama yolu ilə öyrətmək mə’nasını daşıyır. Beləliklə, Yehova əslində sizə bildirir ki, uşaqlarda Ona məqbul keyfiyyətlər inkişaf etdirməyin ən başlıca üsulu, onlarla söhbət edərək Yehova haqqında olan biliklərini artırmaqdır. Buraya, uşaqlarla Müqəddəs Kitabı müntəzəm surətdə öyrənmək də daxildir.
17. Valideynlərdən uşaqlarında nə inkişaf etdirmək tələb oluna bilər? Nəyə görə?
17 Valideynlərin əksəriyyəti bilir ki, biliyi uşağın ürəyinə yeritmək bir o qədər də asan deyil. Həvari Peter həmimanlılarını təşviq edirdi: “Anadan təzə olmuş körpələr kimi, hiyləsiz ruhani südü arzulayın” (1 Peter 2:2, İ–93). Buradakı “arzulayın” sözü ilə təxmin edilir ki, bir çoxları ruhani qidanı almaq üçün təbii aclıq duymurlar. Ehtimal ki, uşaqlarında bu cür arzunu inkişaf etdirmək üçün, valideynlərdən müxtəlif üsullar axtarmaları tələb olunacaqdır.
18. Valideynlər, İsanın istifadə etdiyi hansı tə’lim üsullarını təqlid edə bilərlər?
18 İsa, əyani misalların vasitəsilə insanların ürəyinə yol tapırdı (Mark 13:34; Luka 10:29–37). Bu üsul, xüsusilə uşaqlara tə’lim vermək üçün faydalıdır. “Mənim Müqəddəs Kitab hekayələri kitabım” adlı nəşrin maraqlı, rəngarəng şəkilli hekayələrindən istifadə edərək, uşaqlara Müqəddəs Yazıların prinsiplərini öyrədina. Müzakirə uşaqlar üçün canlı olmalıdır. Uşaqlara, Müqəddəs Yazılardakı hadisələrin şəklini çəkərək və oyun şəklində canlandıraraq, yaradıcılıq qabiliyyətlərini göstərmələrinə şərait yaradın. İsa həmçinin suallardan da istifadə edirdi (Matta 17:24–27). Ailəvi öyrənmə zamanı, onun bu üsulundan istifadə edin. Allahın hər hansı bir qanununu sadəcə sitat gətirmək əvəzinə, bu kimi suallar verin: Yehova bu qanunu bizə nəyə görə verib? Biz nə üçün ona riayət etməliyik? Biz bu qanunu pozsaq nə olar? Bu cür suallar uşağa mühakimə yürütməyi və Allahın qanunlarının praktiki və faydalı olduğunu anlamağı öyrədəcəkdir (Təsniyə 10:13).
19. Əgər valideynlər öz uşaqları ilə münasibətdə Müqəddəs Kitabın prinsiplərinə riayət edərlərsə, bu, uşaqlara hansı böyük faydanı gətirəcəkdir?
19 Əgər uşağınıza nümunə versəniz, onunla dost olsanız, ünsiyyətdə olmağı və tə’lim verməyi öyrənsəniz, ona kiçik yaşlarından e’tibarən Yehova Allahla sıx qarşılıqlı münasibət inkişaf etdirməsinə kömək edəcəksiniz. Belə qarşılıqlı münasibət sayəsində uşağınız xoşbəxt məsihçi olacaqdır. O zaman həmyaşıdları tərəfindən təzyiqlərə və imtahanlara mə’ruz qalanda belə, imanına müvafiq tərzdə yaşamağa çalışacaqdır. Bu dəyərli qarşılıqlı münasibətləri qiymətləndirməkdə uşağınıza hər vaxt kömək edin (Süleymanın məsəlləri 27:11).
TƏRBİYƏNİN VACİB ROLU
20. Tərbiyə vermək nə deməkdir və bunu necə etmək lazımdır?
20 Tərbiyə, dərrakə və ürəyə düzəliş verən tə’limdir. Uşaqları müntəzəm olaraq tərbiyə etmək lazımdır. Pavel atalara məsləhət edir: “Uşaqlarınızı... Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4). Valideynlər, Yehovanın etdiyi kimi, uşaqlarını məhəbbətlə tərbiyə etməlidirlər (İbranilərə 12:4–11). Məhəbbətlə tərbiyə etmək — tələbləri izah etməklə ifadə olunur. Buna görə də bizə: “Nəsihəti dinləyin” deyilir (Süleymanın məsəlləri 8:33). Tərbiyə necə verilməlidir?
21. Uşaqlarını tərbiyə edərkən, valideynlər hansı prinsipləri unutmamalıdırlar?
21 Bə’zi valideynlər düşünürlər ki, tərbiyə vermək, uşaqlarla hədələyici tonda danışmaq, onları danlamaq, hətta təhqir etmək deməkdir. Lakin Pavel xəbərdarlıq edir: “Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin” (Efeslilərə 6:4). Bütün məsihçilər “hamı ilə sakit rəftar etməyə”, “zidd gedənləri isə həlimliklə islah” etməyə də’vət olunurlar (2 Timoteyə 2:24, 25). Məsihçi valideynləri sərt olmağın gərəkli olduğunu dərk edirlər, lakin onlar uşaqlarına tərbiyə verən zaman yuxarıdakı sözləri unutmamağa çalışırlar. Ancaq bə’zən izahat kifayət etmir və hər hansı bir cəza tədbiri görmək lazım gəlir (Süleymanın məsəlləri 22:15).
22. Uşağı cəzalandırmaq lazım gəldikdə, ona nəyi izah etmək gərəkdir?
22 Bütün uşaqları eyni tərzdə tərbiyə etmək olmaz. Onlardan bə’ziləri “sözlə tərbiyə edilməz” olurlar. Sözə baxmadıqlarına görə hərdənbir verilən cəza, onların həyatlarını xilas edə bilər (Süleymanın məsəlləri 17:10; 23:13, 14; 29:19). Ancaq uşaq anlamalıdır ki, onu nəyə görə cəzalandırırlar. “Dəyənək və məzəmmət hikmət verir” (Süleymanın məsəlləri 29:15; Eyub 6:24). Bundan əlavə, cəzalandırmağın həddi var. Yehova öz xalqına demişdi: “Səni ölçü ilə cəzalandıracağam” (Yeremya 46:28b). Müqəddəs Kitab, uşağı qəzəblə, yaxud ona zərər vuracaq və hətta yaralayacaq dərəcədə amansızcasına döyməyə qəti olaraq icazə vermir (Süleymanın məsəlləri 16:32).
23. Valideynləri tərəfindən cəzalandıqda uşaq nəyi anlamalıdır?
23 Yehova öz xalqını cəzalandıracağı haqda xəbərdar edərək əvvəlcə belə dedi: “Qorxma... çünki Mən səninlə bərabərəm” (Yeremya 46:28a). Buna bənzər şəkildə, valideynin nəsihəti hansı tərzdə verilirsə verilsin, ondan sonra uşaq özünü rədd olunmuş kimi hiss etməməlidir (Koloslulara 3:21). Əksinə, uşaq valideynlərinin onunla bərabər, yə’ni onun tərəfində olduqları üçün tərbiyə etdiklərini anlamalıdır.
UŞAĞINIZI ZƏRƏRDƏN QORUYUN
24, 25. Bizim günlərimizdə uşaqları müdafiə etmək lazım gələn nifrət doğuran təhlükələrdən biri hansıdır?
24 Böyüklərin bir çoxu öz uşaqlıq çağlarını xoşbəxt bir an kimi xatırlayırlar. Onlar, valideynlərinin istənilən vəziyyətdə onların təhlükəsizliyinin, əmin–amanlığının qeydinə qalacaqlarının səmimi hisslərini xatırlayırlar. Valideynlər istəyirlər ki, onların uşaqları da özlərini məhz belə hiss etsinlər, lakin müasir pozğun dünyada uşaqları təhlükədən qorumaq, hər zaman olduğundan daha çətindir.
25 Son illərdə daha geniş yayılmış, nifrət doğuran təhlükələrdən biri, uşaqlara cinsi təcavüzdür. Malayziyada uşaqlara təcavüzlə əlaqədar mə’lumatların sayı on il ərzində dördqat artıb. Hər il Almaniyada təxminən 300 000 uşaq zorlanmanın qurbanı olur, Cənubi Amerika ölkələrindən birində isə, aparılan tədqiqatın nəticəsinə görə, hər il təxminən 9 000 000 uşaq təcavüzə mə’ruz qalır! Kədərlisi də odur ki, bu uşaqların əksəriyyəti öz doğma evlərində, tanıdıqları və e’tibar etdikləri insanlar tərəfindən hücuma mə’ruz qalırlar. Lakin valideynlər uşaqların e’tibarlı müdafiəsi olmalıdırlar. Valideynlər uşaqları necə qoruya bilərlər?
26. Uşaqları təhlükədən qorumağın hansı üsulları var və bilik uşağı necə qoruya bilər?
26 Təcrübə göstərir ki, cinsi münasibətlər haqqında biliyi az olan uşaqlar əxlaq pozğunluğuna daha çox cəlb edilirlər. Buna görə də, fəlakəti dəf etməyin əsas üsulu — uşaq çox kiçik olsa belə, bu haqda ona bilik verməkdir. Bilik, “şərir adamın yolundan, əyri sözlü adamdan” qoruya bilər (Süleymanın məsəlləri 2:10–12). Hansı bilik? Əxlaqi cəhətdən nəyin yaxşı və nəyin pis olduğuna dair Müqəddəs Kitabın nöqteyi–nəzərlərini bilmək. Bundan əlavə, uşaqlar bilməlidirlər ki, bə’zi böyüklər pis əməllər törədir və əgər onlara əxlaqsız bir şey etmələrini təklif edərlərsə, uşaqlar tabe olmamalıdırlar. (Daniel 1:4, 8; 3:16–18 ilə müqayisə edin.) Belə öyrətməni bir dəfə söhbət etməklə məhdudlaşdırmayın. Dərsin yaxşı yadda qalması üçün, uşaqların çoxuna onu təkrar etmək lazımdır. Uşaqlar böyüdükdə, ataya qızının, anaya isə oğlunun tək qalmaq hüququna məhəbbətlə hörmət etmək lazımdır; belə münasibət sayəsində, nəyin ədəbli olduğunu uşaq daha yaxşı anlayacaqdır. Sözsüz ki, sizin valideynlik nəzarətiniz zorakılıqdan müdafiənin ən yaxşı üsullarından biri kimi xidmət edir.
ALLAHIN RƏHBƏRLİYİNİ AXTARIN
27, 28. Valideynlərin qarşısında uşaq böyütmək vəzifəsi durduqda, onlar üçün ən böyük kömək Mənbəyi kimdir?
27 Doğrudan da, uşağı körpəlikdən tərbiyə etmək çətin vəzifədir, lakin imanlı valideynlər bu çətinliyin öhdəsindən təkbaşına gəlməli olmurlar. Hakimlərin günlərində yaşayan Manoah adlı bir adam tezliklə ata olacağını biləndə, uşağın tərbiyəsi üçün Yehovadan rəhbərlik dilədi. Yehova onun duasına cavab verdi (Hakimlər 13:8, 12, 24).
28 Buna bənzər şəkildə bu gün də, imanlı valideynlər uşaq böyüdərkən, duada Yehovaya müraciət edə bilərlər. Valideynlik vəzifəsi ağır məs’uliyyət, həm də böyük mükafatdır. Havayada yaşayan məsihçi bir ər–arvad deyir: “Yeniyetməliyin böhran çağı gələnə qədər, öz işinizi görmək üçün 12 il vaxtınız var. Əgər siz Müqəddəs Kitabın prinsiplərini tətbiq etməyə ürəkdən çalışmısınızsa, uşaqlarınız səmimi qəlbdən Yehovaya xidmət etmək qərarına gəldikləri zaman, sevinc və sülh əldə edəcəksiniz” (Süleymanın məsəlləri 23:15, 16). Uşağınız belə qərar qəbul etdikdə, siz də ürəkdən bu sözləri deməyə təşviq olunacaqsınız: “Uşaqlar Rəbdən mirasdır”.
a Yehovanın Şahidləri tərəfindən nəşr edilib.