Gəlin Yehovanın ismini birgə ucaldaq
«Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq» (MƏZMUR 34:3).
1. İsa Məsih yer üzündə xidmət edərkən bizim üçün hansı gözəl nümunəni qoymuşdur?
BİZİM eranın 33-cü ilinin 14 nisan gecəsi İsa Məsih həvariləri ilə birlikdə Yerusəlimdə bir evin yuxarı mərtəbəsindəki otaqda Yehovanı həmd nəğmələri ilə tərənnüm edirdi (Matta 26:30). O sonuncu dəfə idi ki, həvariləri ilə birgə həmd nəğmələri oxuyurdu. Görüşü məhz belə bitirməsi heç də təəccüblü deyildi: yer üzündə xidmətinin əvvəlindən axırına kimi İsa Məsih Atasını izzətləndirir və Onun adını şövqlə hamıya açırdı (Matta 4:10; 6:9; 22:37, 38; Yəhya 12:28; 17:6). Əslinə baxanda, o, məzmurçunun səmimi də’vətini təkrarlayırdı: «Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq» (Məzmur 34:3). Məsih bizim üçün çox gözəl nümunə qoymuşdur!
2, 3. a) Haradan bilirik ki, 34-cü məzmur peyğəmbərlik məzmurudur? b) Bu və növbəti məqalədə nə müzakirə ediləcək?
2 Məsihlə həmd nəğmələri oxuduqdan bir neçə saat sonra həvari Yəhya tamam başqa bir hadisənin şahidi oldu. Onun Müəllimi iki cinayətkarla birlikdə işgəncə dirəyində e’dam olunurdu. Düz gözünün qabağında, tez ölsünlər deyə romalı əsgərlər cinayətkarların ayaqlarını sındırdılar. İsanın ayaqlarını isə sındırmadılar, çünki o artıq ölmüşdü. Yəhya qələmə aldığı müjdədə izah edirdi ki, bu hadisə ilə 34-cü məzmurda yazılmış digər peyğəmbərlik — ‘sümüyündən heç biri zədələnməz’ peyğəmbərliyi yerinə yetdi (Yəhya 19:32-36; Məzmur 34:20).
3 Ancaq məsihçilər üçün 34-cü məzmurun əhəmiyyəti yalnız bundan ibarət deyil. Bu və növbəti məqalədə Davudun, haqqında danışdığımız məzmuru hansı şəraitdə yazdığını və məzmurdakı ruhlandırıcı fikirləri nəzərdən keçirəcəyik.
Davud Şauldan qaçır
4. a) Davud nəyə görə İsrailin növbəti padşahı kimi məsh edildi? b) Necə oldu ki, «Davud Şaulun çox xoşuna gəldi»?
4 Davud uşaq olanda İsraildə Şaul padşahlıq edirdi. Ancaq Şaul Yehovanın sözündən çıxır və Onun lütfünü itirir. Bu səbəbdən Şamuel peyğəmbər ona deyir: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi» (1 Şamuel 15:28). Sonra Yehova Şamuelə tapşırır ki, Yesseyin ən kiçik oğlu Davudu İsrailin növbəti padşahı kimi məsh etsin. Bu arada, Allahın ruhundan məhrum edilmiş Şaul padşah tez-tez dilxor olurdu. İste’dadlı musiqiçi olan Davudu padşaha qulluq etmək üçün Givea şəhərinə gətirirlər. Davudun çaldığı musiqi Şaulu sakitləşdirdiyindən «Davud Şaulun çox xoşuna gəldi» (1 Şamuel 16:11, 13, 21, 23).
5. Şaulun Davuda münasibəti nəyə görə dəyişdi və Davud nə etməyə məcbur oldu?
5 Vaxt keçdikcə aydın olur ki, Yehova Allah Davudladır. Məsələn, O, Davuda filiştli cəngavər Qolyata qalib gəlməyə kömək etmişdi. Döyüşlərdə göstərdiyi şücaətinə görə İsraildə tanınması sübut edirdi ki, Davuda dayaq olan Yehovadır. Şaul Allahın Davuda xeyir-dua verdiyini görəndə ona paxıllığı tutur və hətta ona nifrət etməyə başlayır. Davud Şaulun qarşısında lira çalanda padşah düz iki dəfə nizəsini ona atır. Hər iki dəfə Davud nizədən yayınır. Şaul Davudu üçüncü dəfə öldürməyə cəhd edəndə İsrailin gələcək padşahı başa düşür ki, qaçıb canını qurtarmalıdır. Axırda görəndə ki, Şaul onu öldürmək fikrindən əl çəkmir Davud İsraildən kənarda sığınacaq axtarmaq qərarına gəlir (1 Şamuel 18:11; 19:9, 10).
6. Şaul nəyə görə Nov şəhərinin sakinlərini qırdırmışdı?
6 İsraildən qaçan Davud Yehova Allahın Hüzur çadırının yerləşdiyi Nov şəhərinə gəlir. Görünür, bu zaman Davudu bir dəstə cavan müşayiət edirdi. Davud həm özü, həm də onlar üçün qida əldə etmək istəyir. Şaul baş kahinin Davudla adamlarına yemək və Qolyatın qılıncını verdiyindən xəbər tutanda, qəzəbindən şəhərin bütün sakinlərini, o cümlədən 85 kahini qılıncdan keçirir (1 Şamuel 21:1, 2; 22:12, 13, 18, 19; Matta 12:3, 4).
Ölümün pəncəsindən növbəti qaçış
7. Nəyə görə Qat şəhəri gizlənmək üçün münasib yer deyildi?
7 Davud Nov şəhərindən 40 kilometr qərbdə yerləşən və filiştli Qolyatın doğma şəhəri olan Qata, Akiş padşahın yanına gəlir. Yəqin Davud düşünürdü ki, Şaul çətin onu bu şəhərdə axtarsın. Ancaq bir az keçəndən sonra Qat padşahının adamları Davudu tanıyırlar. Davud bundan xəbər tutanda ‘Qat padşahı Akişdən çox qorxur’ (1 Şamuel 21:10-12).
8. a) Qat şəhərində Davudun başına gələnlər haqqında 56-cı məzmurda nə deyilir? b) Davud canını ölümün pəncəsindən necə qurtardı?
8 Filiştlilər Davudu yaxalayırlar. Görünür, elə bu vaxt Davud 56-cı məzmuru yazmışdı. Bu məzmurda o, Yehovaya ürəkdən yalvarırdı: «Göz yaşlarımı tuluğuna yığ» (Məzmur 56:8 və giriş sözləri). Bu sözlərlə Davud Yehovaya güvəndiyini bildirirdi. O əmin idi ki, Yehova onun çəkdiyi iztirabları unutmayacaq, əksinə sevə-sevə qeydinə qalıb, onu müdafiə edəcək. Davud həmçinin Filişt padşahını aldatmaq üçün fənd qurur: özünü dəliliyə vurur. Bunu görən Akiş padşah yanına ‘dəli’ gətirdikləri üçün xidmətçilərinə təpinir. Sözsüz, Davudun qurduğu fəndə Yehova xeyir-dua vermişdi. Davud şəhərdən qovulub, güc-bəla ilə canını ölümün pəncəsindən qurtarır (1 Şamuel 21:13-15).
9, 10. Davudun 34-cü məzmuru yazmasına hansı hadisə səbəb oldu və bu məzmuru yazarkən Davud, görünür kimləri nəzərdə tuturdu?
9 Silahdaşlarının Davudla birlikdə Qat şəhərinə qaçdığı yaxud da onu müdafiə etmək üçün yaxınlıqdakı İsrail kəndlərində pusqu qurduqları haqda Müqəddəs Kitabda heç bir şey deyilmir. Hər necə olsa da, Davud Yehovanın onu ölümdən qurtardığını danışanda silahdaşları çox sevinirlər. Giriş sözlərindən göründüyü kimi, Davudun 34-cü məzmuru yazmasına məhz bu hadisə səbəb olmuşdu. Məzmurun ilk yeddi ayəsində Davud onu qurtardığı üçün Allaha həmd edir və silahdaşlarını da daima xalqının dadına çatan Yehovanı ucaltmağa səsləyir (Məzmur 34:3, 4, 7).
10 Davud adamları ilə birgə Qat şəhərindən təxminən 15 kilometr şərqdə, İsrailin dağlıq bölgəsində yerləşən Adullam mağarasında gizlənir. Şaul padşahın hakimiyyətindən narazı olanlar gəlib ona qoşulurlar (1 Şamuel 22:1, 2). Ola bilər, Məzmur 34:8-22 ayələrini yazarkən Davud bu insanları nəzərdə tuturdu. Bu ayələrdəki fikirlər bu gün bizim üçün də əhəmiyyət kəsb edir və bu gözəl məzmurun ətraflı araşdırılmasının bizə faydası dəyəcək.
Sizin üçün həyatda ən vacib olan nədir?
11, 12. Yehova Allaha daima həmd etməyə hansı səbəblərimiz var?
11 «Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək» (Məzmur 34:1). Yurdundan didərgin düşmüş Davudun yəqin ki, maddi baxımdan çox şeyə ehtiyacı var idi. Ancaq bu sözlərdən görünür ki, onun gündəlik qayğıları Yehova Allaha həmd etmək qətiyyətini heç vaxt kölgədə qoymurdu. Gəlin biz də dara düşdüyümüz zaman Davuddan nümunə götürək. Məktəbdə, işdə, həmimanlılarla və ya xidmətdə olarkən bizim ən ümdə arzumuz Yehovaya həmd etmək olmalıdır. Bunun üçün saysız-hesabsız səbəblərimiz var. Misal üçün, Yehova Allahın Yaradan kimi gördüyü e’cazkar işlər haqqında bir düşünün. Biz heç vaxt bu işləri sona qədər araşdırıb qurtara bilməyəcəyik, onların gətirdiyi sevincin isə heç vaxt sonu olmayacaq. Allahın Öz təşkilatının yer üzündəki hissəsi vasitəsilə nələri həyata keçirdiyi barəsində də düşünün! Xidmətçiləri qeyri-kamil olsalar da, bütün bunlara nail olmaq üçün Yehova məhz bu sadiq insanlardan istifadə edir. Heç bu dünyada pərəstiş edilən adamların işləri Allahın işləri ilə müqayisə oluna bilərmi? Məgər «Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, əməllərin kimi əməl yoxdur» deyən Davudla siz də razılaşmırsınızmı? (Məzmur 86:8).
12 Ürəyimiz bizi sövq edir ki, misilsiz işlərinə görə Yehova Allaha durmadan həmd edək. Bundan əlavə, Allahın Padşahlığının artıq Davudun əbədi Varisi — İsa Məsihin əlində olduğunu bilmək bizi riqqətə gətirir (Vəhy 11:15). Bu o deməkdir ki, yaşadığımız sistemin sonu yaxındır və altı milyard insanın əbədi gələcəyi təhlükə altındadır. Allahın Padşahlığının bəşəriyyət üçün tezliklə nə edəcəyini insanlara söyləməyə və onların da bizimlə birlikdə Yehovaya həmd etməsinə kömək etməyə hələ heç vaxt bu qədər böyük ehtiyac duyulmamışdır. İnsanların ‘Müjdəni’ qəbul etməsi üçün əlimizdən gələni etmək həyatda ən vacib işimiz olmalıdır, yoxsa sonra gec olacaq (Matta 24:14).
13. a) Davud kim ilə fəxr edirdi və bunun nəticəsində Yehovaya necə adamlar can atırdılar? b) Bu gün «məzlumlar» məsihçi yığıncağına necə axışırlar?
13 «Rəblə könlüm fəxr edir, ey məzlumlar, eşidib sevinin!» (Məzmur 34:2). Davud burada şəxsi nailiyyətləri ilə fəxr etmirdi. Misal üçün, o, Qat padşahını aldatdığına görə özünü öymürdü. O dərk edirdi ki, Qatda olanda onu qoruyan Yehova idi və Onun köməyi olmasa idi, bu şəhərdən qaça bilməzdi (Süleymanın məsəlləri 21:1). Beləliklə, Davud özü ilə deyil, Yehova Allahla fəxr edirdi. Bunun nəticəsində məzlumlar Allaha can atırdılar. İsa Məsih də Yehova Allahın ismini müqəddəs tutduğu üçün həlim, öyrənməyə can atan insanlar Allaha yaxınlaşmaq istəyirdilər. Bu gün bütün millətlərdən olan «məzlumlar» Başı İsa Məsih olan məsh olunmuşların beynəlxalq məsihçi yığıncağına axışırlar (Koloslulara 1:18). Həlim xidmətçilərin Allahın adını izzətləndirdiyini eşidəndə, habelə, Allahın müqəddəs ruhunun köməyi ilə xoş xəbəri dərk edəndə onların ürəyi riqqətə gəlir (Yəhya 6:44; Həvarilərin işləri 16:14).
Yığıncaq görüşləri imanımızı möhkəmləndirir
14. a) Davud Yehova Allaha təklikdə həmd etməklə qənaətlənirdimi? b) İsa Məsih ibadət görüşləri ilə əlaqədar bizə hansı nümunəni qoyub?
14 «Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq» (Məzmur 34:3). Davud Yehova Allaha təklikdə həmd etməklə qənaətlənmirdi. O, yoldaşlarını Allahın adını onunla birgə ucaltmağa ürəkdən səsləyirdi. Davuddan böyük olan İsa Məsih də Yehovaya insanların qarşısında — sinoqoqda, bayramlar zamanı mə’bəddə, yoldaşları ilə birlikdə olanda — həmd etməkdən sevinc duyurdu (Luka 2:49; 4:16-19; 10:21; Yəhya 18:20). İsadan nümunə götürərək, xüsusilə də indi, «o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə» hər fürsətdən istifadə edib həmimanlılarımızla birlikdə Yehova Allaha həmd etmək necə də sevindiricidir! (İbranilərə 10:24, 25).
15. a) Davudun şəxsi nümunəsi yoldaşlarına necə tə’sir bağışladı? b) Yığıncaq görüşlərinin bizə hansı faydası var?
15 «Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi» (Məzmur 34:4). Yalvarışlarına cavab alması Davud üçün böyük əhəmiyyət kəsb edirdi. Bu səbəbdən o davam edirdi: «Bu məzlum çağırdı və Rəbb eşitdi və bütün sıxıntılarından onu qurtardı» (Məzmur 34:6, KM). Çətinliklərə tab gətirmək üçün Yehovanın bizə necə kömək etdiyini həmimanlılarımıza danışa bilərik. Davudun sözləri onun yoldaşlarının imanını möhkəmləndirdiyi kimi, bu cür söhbətlər də həmimanlılarımızın imanını möhkəmləndirir. Davudun yoldaşları ‘Rəbbə baxıb nur saçır, onların üzləri qızarmırdı’ (Məzmur 34:5). Onlar Şaul padşahdan qaçdıqlarına görə xəcalət çəkmirdilər. Çünki arxayın idilər ki, Rəbb Davuda dayaqdır. Elə buna görə də üzləri ‘nur saçırdı’. Bizim günlərdə də, istər həqiqətlə yenicə maraqlananlar, istərsə də, Allaha uzun müddət xidmət edənlər Yehovaya bel bağlayırlar. Yehovanın köməyini şəxsən duyduqları üçün onların nur saçan üzü göstərir ki, bu yolu sədaqətlə davam etdirmək əzmindədirlər.
Mələklərin köməyinə görə minnətdarıq
16. Yehova Allah mələklərin vasitəsilə dadımıza necə çatır?
16 «Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər» (Məzmur 34:7). Davud elə fikirləşmirdi ki, Yehova yalnız onu xilas edir. Düzdür, Davud Yehova Allahın məsh etdiyi gələcək padşah idi. Amma o bilirdi ki, Yehova mələkləri vasitəsilə cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, bütün sədaqətli xidmətçilərinı qoruyur. Bizim günlərdə də həqiqi məsihçilər bunun doğruluğunu öz təcrübələri ilə təsdiq edə bilərlər. Nasist Almaniyasında, o cümlədən Anqola, Malavi, Mozambik və bir çox başqa ölkələrdə hakim dairələri Yehovanın Şahidlərinin kökünü kəsmək üçün əllərindən gələni etmişlər. Lakin onların gördüyü tədbirlər nəticəsiz qalmışdır. Bu ölkələrdə Allahın adı ucaldıqca Yehovanın Şahidlərinin sayı artır. Bu nəyin sayəsində mümkün olur? Yehova müqəddəs mələklərinin vasitəsilə xalqını qoruyur və ona rəhbərlik verir (İbranilərə 1:14).
17. Mələklər bizə necə kömək edirlər?
17 Bundan əlavə, mələklər hadisələri elə istiqamətləndirə bilərlər ki, başqalarını büdrədən şəxslər Yehovanın xalqından kənar edilsin (Matta 13:41; 18:6, 10). Hətta həmin vaxt xəbərimiz olmasa belə, mələklər xidmətimizə əngəl törədə biləcək maneələri aradan qaldırır, Yehova ilə münasibətlərimizi təhlükə altına qoyan şeylərdən bizi müdafiə edirlər. Ən əsası isə, mələklər ‘əbədi Müjdəni’ hər yerdə, o cümlədən təbliğ işinin çətin şəraitdə aparıldığı yerlərdə bəyan edilməsi üçün bizə rəhbərlik verirlər (Vəhy 14:6). Yehovanın Şahidlərinin Müqəddəs Kitaba əsaslanan nəşrlərində mələklərin göstərdikləri köməkdən tez-tez bəhs edilira. Belə hadisələr o qədər çoxsaylıdır ki, onları adi təsadüf hesab etmək olmaz.
18. a) Mələklərin bizə həmişə kömək etməsi üçün nə etməliyik? b) Növbəti məqalədə nə müzakirə ediləcək?
18 Mələklərin bizə həmişə kömək etməsi üçün, tə’qiblərlə qarşılaşanda belə Yehova Allahın adını ucaltmalıyıq. Unutmayın, Allahın mələyi yalnız ‘[Yehovadan] qorxanları müdafiə edir’. Bəs Allah qorxusu nə deməkdir və biz belə qorxuya necə sahib ola bilərik? Nəyə görə məhəbbət dolu Allah Ondan qorxmamızı istəyir? Bu suallar növbəti məqalədə araşdırılacaq.
[Haşiyə]
a «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 550-ci səhifəsinə; «Yehovanın Şahidlərinin 2005-ci il üçün illik məcmuəsi»nin 53-cü səhifəsinə; «Gözətçi Qülləsi»nin 2000-ci il 1 mart sayının 5, 6-cı, 1991-ci il 1 yanvar sayının 27-ci, 1991-ci il 15 fevral sayının 26-cı səhifələrinə baxın. Bu nəşrlər rus dilindədir.
Necə cavab verərdiniz?
• Gənc ikən Davud hansı sınaqlarla üzləşmişdi?
• Davud kimi, bizim üçün də həyatda ən vacib olan nədir?
• Biz yığıncaq görüşlərinə necə yanaşırıq?
• Yehova mələkləri vasitəsilə bizə necə kömək edir?
[25-ci səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
Rama
Qat
Ziqlaq
Givea
Nov
Yerusəlim
Bet-Lexem
Adullam
Qeila
Xevron
Zif
Xoreş
Karmel
Maon
En-Gedi
Duz dənizi
[İcazə ilə]
Xəritə: Based on maps copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel
[25-ci səhifədəki şəkil]
Davud qaçaq düşsə də, Yehova Allahın adını həmişə ucaldırdı.