Həyatında dəyişiklik baş verərkən Allahın ruhuna bel bağla
“Çalış ki, özünü Allaha sınaqdan çıxmış... kimi təqdim edəsən” (2 TİMOTEYƏ 2:15).
1. Hansı dəyişikliklər bizim ruhani sağlamlığımızı sınağa mə’ruz qoyur?
BİZİ əhatə edən dünya daima dəyişməkdədir. Elmin və texnikanın sür’ətlə inkişaf etdiyini, eyni zamanda əxlaq normalarının kəskin surətdə aşağı düşdüyünü görürük. Əvvəlki məqalədə, məsihçilərə bu dünyanın allahsız ruhuna qarşı müqavimət göstərmələrinin zəruriliyi haqqında danışmışdıq. Lakin dəyişikliklər təkcə bu dünyada deyil, bizim həyatımızda da baş verir. Biz inkişaf edir və böyüyürük. Biz varlana və kasıblaşa bilər, sağlamlığımızı və sevdiyimiz kimsəni itirə bilərik. Bu dəyişikliklərdən bir çoxuna tə’sir göstərmək qüvvəsində deyilik, ruhani sağlamlığımız isə yeni, bə’zən təhlükəli sınaqlara mə’ruz qala bilər.
2. Davudun həyatında hansı dəyişikliklər baş verdi?
2 Yesse oğlu Davudun həyatında baş verən əsaslı dəyişikliklər az adamın həyatında baş vermişdir. Əvvəlcə o, heç kimin tanımadığı bir çobandan qəflətən xalq qəhrəmanına çevrildi. Sonradan o, paxıllığından ağlını itirən padşah onu, sanki yırtıcı bir heyvan kimi tə’qib edəndə qaçağa çevrildi. Bundan sonra Davud padşah və qalib oldu. O, ağır günahın iztirablı nəticələrini daddı. Onun ailəsində faciələr və fikir ayrılıqları baş verdi. O, var-dövlət topladı, qocaldı və taqətsizliyə düçar oldu. Lakin bu qədər çox dəyişikliyə baxmayaraq, Davud Yehovaya və Onun ruhuna bel bağlamağa davam edirdi. O, əlindən gələn hər şeyi edirdi ki, özünü “Allaha sınaqdan çıxmış” kimi təqdim etsin, Allah da ona xeyir-dua verirdi (2 Timoteyə 2:15). Bizim şəraitlərimiz Davudun şəraitlərindən fərqlənsə də, biz ondan həyati çətinliklərin öhdəsindən gəlməyi öyrənə bilərik. Onun nümunəsi, həyatda baş verən dəyişikliklərlə qarşılaşan zaman daima Allahın ruhuna bel bağlamağın üsulunu başa düşməkdə bizə kömək edəcək.
Davud təvazökarlığın gözəl nümunəsidir
3, 4. Heç kimin tanımadığı bir çoban, Davud, yüksələrək bütün ölkədə necə tanındı?
3 Gənc vaxtlarında Davud hətta öz ailəsində belə görkəmli yer tutmamışdır. Samuel peyğəmbər Beyt-lehemə gələndə, Davudun atası səkkiz oğlundan yeddisini onun yanına gətirdi. Davudu, ən kiçik oğulu qoyunları otarmaq üçün saxladılar. Buna baxmayaraq, Yehova qərara almışdı ki, İsrailin padşahı məhz Davud olacaq. Davudu çöldən çağırdılar. Sonra baş verənlər barədə Müqəddəs Kitabda deyilir: “Samuel yağ buynuzunu aldı və qardaşları arasında onu məsh etdi; və o gündən başlayaraq, Davudun üzərinə Rəbbin Ruhu qüvvətlə gəldi” (1 Samuel 16:12, 13). Davud bütün ömrü boyu bu ruha bel bağlamışdır.
4 Gənc çoban tezliklə bütün ölkədə tanınmalı idi. Onu padşaha xidmət etməyə və onun üçün musiqi ifa etməyə də’vət etdilər. O, hətta təcrübəli İsrail döyüşçülərinin üz-üzə gəlməyə qorxduqları çox qüvvətli nəhəng döyüşçü olan Qolyatı öldürdü. Davudu sərkərdə tə’yin etdilər, o da filistimlilərlə müvəffəqiyyətlə döyüşdü. Xalq onu sevirdi. Onu mahnılarda mədh edirdilər. Bir qədər əvvəl Saul padşahın məsləhətçisi Davudu yalnız “çəng çalan” biri kimi deyil, həm də “cəsur bir igid və cəng əri və sözündə ağıllı və yaraşıqlı bir adam” kimi təsvir etmişdir (1 Samuel 16:18; 17:23, 24, 45-51; 18:5-7).
5. Davud nəyə görə qürrələnə bilərdi və bunun baş vermədiyini haradan bilirik?
5 Şöhrət, yaraşıqlı görünüş, gənclik, gözəl danışıq qabiliyyəti, musiqi ifa etmək bacarığı, hərbi şücaət, Allahın lütfü — sanki Davudun hər şeyi vardı. Bunlardan hətta birinə malik olmaqla da Davud qürrələnə bilərdi; lakin o belə davranmadı. Saul qızı ilə evlənməyi Davuda təklif edəndə onun verdiyi cavaba diqqət yetirək. Davud səmimi təvazökarlıqla dedi: “Mən kiməm və həyatım və İsraildə atamın nəsli nədir ki, padşahın kürəkəni olum?” (1 Samuel 18:18). Bu ayəyə şərh verərək bir Müqəddəs Kitab alimi demişdir: “Davud bu sözlərlə anlatdı ki, onun nə şəxsi keyfiyyətləri, nə ictimai vəziyyəti, nə də əsli padşahın kürəkəni olmağa can atmaqda ona zərrə qədər də olsun əsas vermirdi”.
6. Biz nəyə görə təvazökarlığı inkişaf etdirməliyik?
6 Davud təvazökar idi, belə ki, Yehovanın hər bir cəhətcə qeyri-kamil insanlardan son dərəcədə üstün olduğunu e’tiraf edirdi. Hətta Allahın insana diqqət yetirməsi Davudu heyrətləndirirdi (Məzmur 144:3). Davud həm də bilirdi ki, o, yalnız Yehovanın təvazökarlığı sayəsində hansısa dərəcədə tanınmış ola bilərdi, çünki Yehova onu dəstəkləmək, müdafiə etmək və qayğısına qalmaq üçün təvazökarlıq göstərirdi. O oxuyurdu: “Lütfün [“təvazökarlığın”, YD] məni böyük etdi” (Məzmur 18:35). Bizim üçün necə də gözəl dərsdir! Yol verməli deyilik ki, bacarığımız, nailiyyətlərimiz və ya teokratik tə’yinatlarımız ucbatından qürurlanaq. Həvari Pavel yazırdı: “Almadığın nəyin var? Əgər aldınsa, nə üçün almamış kimi öyünürsən?” (1 Korinflilərə 4:7). Müqəddəs ruha və Allahın lütfünə malik olmaq üçün biz təvazökarlığı inkişaf etdirməli və qoruyub saxlamalıyıq (Yaqub 4:6).
“Qisas almayın”
7. Hansı şəraitlərdə Davudun Saul padşahı öldürmək imkanı yarandı?
7 Davudun şöhrəti onu ürəyində məğrurlaşdırmadı, amma Allahın ruhunun tərk etdiyi Saul padşahda isə məğrurluq hissi məhvedici paxıllıq yaratdı. Davud heç bir pislik etməsə də, qaçmaqla xilas olmağa və səhrada yaşamağa məcbur oldu. Bir dəfə Davudu amansızcasına tə’qib edən zaman Saul padşah bilmədən Davudun və adamlarının gizləndiyi mağaraya girdi. Davudun adamları onu təşviq etdilər ki, guya Allah tərəfindən verilmiş Saulu öldürmək imkanından istifadə etsin. Mağaranın qaranlığında onların Davuda növbəti sözləri necə pıçıldadıqlarını təsəvvür etmək olar: “Budur, Rəbbin sənə: Budur, düşmənini sənin əlinə verəcəyəm və gözündə xoş görünəni ona edəcəksən, dediyi gün bu gündür” (1 Samuel 24:2-6).
8. Davud özünü qisas almaqdan nəyə görə saxlayırdı?
8 Davud Saula ziyan vurmaqdan boyun qaçırdı. O, iman və səbir göstərərək, hər şeyi Yehovanın əlinə verməyə hazır idi. Padşah mağaradan çıxanda Davud onun ardınca çığırdı: “Səninlə mənim aramda Rəbb hökm etsin və Rəbb səndən qisasımı alsın; fəqət mənim əlim sənə qarşı qalxmayacaqdır” (1 Samuel 24:12). Saulun düzgün davranmadığını bilsə də, Davud qisas almadı; Saulu təhqir də etmədi və ya onun barəsində təhqiredici sözlər danışmadı. Davud başqa hallarda da özünü qisas almaqdan saxlayırdı. O, Yehovanın ədaləti bərpa edəcəyinə bel bağlayırdı (1 Samuel 25:32-34; 26:10, 11).
9. Qarşıdurma və ya tə’qiblərlə qarşılaşarkən nəyə görə bizi incidənlərə qarşı eyni cür davranmalı deyilik?
9 Davuda bənzər tərzdə sən də çətin vəziyyətlərə düşürsən. Məsələn, məktəb və iş yoldaşların, ailə üzvlərin və ya imanına şərik olmayan başqa kiminsə tərəfindən qarşıdurmaya, yaxud tə’qibə mə’ruz qalırsan. Onlara qarşı eyni cür davranma. Yehovanı gözlə, sənə müqəddəs ruhu ilə kömək etməsi üçün dua et. Ola bilər ki, sənin yaxşı davranışın imanına şərik olmayan insanlarda təəssürat oyadacaq və onlar imana gələcəklər (1 Peter 3:1). İstənilən halda əmin ol ki, Yehova sənin vəziyyətini görür və vaxtı çatanda nə isə bir tədbir görəcək. Həvari Pavel yazırdı: “Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm” (Romalılara 12:19).
“Tərbiyəyə qulaq asın”
10. Davud günahı necə işlədir və işlətdiyi günahı necə gizlətməyə çalışır?
10 İllər ötdü. Davud hamı tərəfindən sevilməyə başladı və böyük şərəfə sahib oldu. Onun həyatı məşhur sadiqliklə fərqlənirdi, o, Yehovanı izzətləndirmək üçün gözəl məzmurlar qoşurdu. Elə təəssürat yarana bilərdi ki, bu cür insan heç vaxt ağır günah işlətməz. Lakin o, günah işlətdi. Bir dəfə padşah, damdan çimən gözəl bir qadını müşahidə edir. O, qadın haqqında mə’lumat toplayır. Öyrənəndə ki, bu qadın Bat-şebadır və onun əri Uriya müharibədədir, Davud qadının dalınca adam göndərir və onunla yaxınlıq edir. Sonradan mə’lum oldu ki, qadın hamilə qalıb. Bu xəbər aşkar olarsa, necə də böyük biabırçılıq olacaq! Musanın qanununa görə, əxlaqsızlıq ölümlə cəzalandırılırdı. Yəqin padşah düşünür ki, bu günahı gizlətmək mümkün olacaq. O, Uriyaya Yerusəlimə qayıtmağı əmr edir. Davud ümid edir ki, Uriya gecəni Bat-şeba ilə keçirəcək, lakin belə olmur. Ümidsiz vəziyyətdə Davud Uriyanı, sərkərdə Yoaba yazdığı məktubla birlikdə geri müharibəyə göndərir. Məktubda deyildiyi kimi Uriyanı elə yerə qoymalıdırlar ki, orada onu öldürsünlər. Yoab tabe olur və Uriya həlak olur. Bat-şeba o zamanlar qəbul edildiyi kimi matəm müddətini başa vurandan sonra Davud onu özünə arvad edir (2 Samuel 11:1-27).
11. Natan Davuda hansı əhvalatı danışır və Davud necə reaksiya göstərir?
11 Davudun planı, sanki baş tutmuşdu, lakin o bilməli idi ki, Yehovadan heç nəyi gizlətmək olmaz (İbranilərə 4:13). Aylar ötür və uşaq doğulur. Onda Allahın göstərişi ilə Natan peyğəmbər Davudun yanına gəlir. Peyğəmbər padşaha çoxlu qoyuna malik olan varlı bir adamın kasıb adamın ona əziz olan bir quzusunu əlindən alıb kəsdirməsi haqqında əhvalat danışır. Bu əhvalat Davudun ədalətlilik hissinə güclü tə’sir edir, lakin bu əhvalatın gizli mə’nasının da olduğundan padşahın xəbəri olmur. Davud tez varlı adama qarşı hökm çıxarır. Əsəbi halda Natana deyir: “Bunu edən adam ölüm oğludur” (2 Samuel 12:1-6).
12. Yehova Davuda hansı hökmü çıxarmışdı?
12 Peyğəmbər cavab verir: “O adam sənsən”. Davud özü-özünü mühakimə etdi. Şübhəsiz ki, Davudun qəzəbi tez soyuyur və güclü utancaqlıq və dərin kədər hissi ilə əvəz olunur. Çaşqınlıq içində qalaraq, Natanın ona Yehovanın qaçılmaz hökmünü necə söylədiyini dinləyir. Təsəlli üçün heç bir söz yoxdur. Davud pislik işlədərək Yehovanın sözünü xor gördü. O, Uriyanı düşmənin qılıncı ilə öldürməmişdimi? Qılınc Davudun evindən əksik olmayacaqdı. Uriyanın arvadını xəlvəti olaraq almamışdımı? Buna bənzər pislik onun özü ilə baş verəcək, lakin xəlvəti yox, insanlar qarşısında (2 Samuel 12:7-12).
13. Yehova Davuda tərbiyə verəndə o özünü necə apardı?
13 Xoşbəxtlikdən Davud öz günahını inkar etmədi. O, peyğəmbər Natana qəzəblənmədi və elədiyi əmələ görə günahı başqalarının üstünə atmağa və ya özünə bəraət qazandırmağa başlamadı. Onu ifşa edən sözləri dinlədikdən sonra, Davud məs’uliyyətini e’tiraf edib dedi: “Rəbbə qarşı günah etdim” (2 Samuel 12:13). Məzmurun 51-ci fəsli, onun öz günahına görə necə güclü əzab çəkdiyini və dərin peşmançılıq keçirdiyini göstərir. O, Yehovaya yalvarırdı: “Məni önündən atma; və müqəddəs Ruhunu məndən alma”. O inanırdı ki, Yehova Öz mərhəmətli olduğundan günahlara görə “qırılmış və əzilmiş ürəyi xor görməz” (Məzmur 51:11, 17). Davud Allahın ruhuna bel bağlamağa davam edirdi. Yehova Davudu günahının acı nəticələrindən müdafiə etməsə də, onu bağışladı.
14. Yehovadan gələn tərbiyəyə necə reaksiya göstərməliyik?
14 Biz hamımız qeyri-kamilik və hamımız günah işlədirik (Romalılara 3:23). Nə vaxtsa, Davud kimi, biz də ağır günah işlədə bilərik. Sevən ata uşaqlarını tərbiyələndirdiyi kimi, Yehova da Ona xidmət etməyə çalışanları islah edir. Tərbiyə faydalı olsa da, onu qəbul etmək asan deyil. Bə’zən tərbiyə hətta “kədər verən bir şey” də olur (İbranilərə 12:6, 11). Lakin biz ‘tərbiyəyə qulaq asarıqsa’, Yehova ilə barışa bilərik (Süleymanın məsəlləri 8:33, MKŞ). Yehovanın ruhu bundan sonra da bizə yaxşı tə’sir etsin deyə, biz islah olunanda onu qəbul etməli və Allaha məqbul olmağa çalışmalıyıq.
Güvənilə bilməyən var-dövlətə bel bağlamayın
15. a) Bə’zi insanlar öz var-dövlətlərini necə xərcləyirlər? b) Davud öz var-dövlətindən necə istifadə etməyi arzulayırdı?
15 Davudun ailəsinin tanınmış və ya varlı olmasına dair heç bir şahidlik yoxdur. Lakin padşahlıq etdiyi illərdə Davud böyük var-dövlət sahibi olmuşdur. Bildiyimiz kimi, bir çox insanlar pul toplayır, xəsisliklə öz var-dövlətlərini artırmaq istəyir və ya onları xudbincəsinə xərcləyirlər. Digərləri üçün pul, özlərinə şöhrət qazandırmaq üsuludur (Matta 6:2). Davud öz var-dövlətindən başqa cür istifadə edirdi. O, Yehovaya ehtiram göstərməyə can atırdı. Davud Yehovaya mə’bəd tikmək arzusunu Natana bildirdi və o istəyirdi ki, həmin vaxt Yerusəlimdə “pərdələr içində” duran əhd sandığı həmin mə’bəddə saxlanılsın. Davudun niyyəti Yehovanın xoşuna gəldi, lakin O, Natanın vasitəsilə Davuda çatdırdı ki, mə’bədi onun oğlu Süleyman tikəcəkdir (2 Samuel 7:1, 2, 12, 13).
16. Mə’bədin tikilməsi üçün Davud nə hazırladı?
16 Davud bu böyük layihəli tikinti üçün material topladı. O, Süleymana dedi: “[Mən] Rəbbin evi üçün yüz min talant altun və min min talant gümüş və ölçüsüz tuncla dəmir hazırladım, çünki lap çoxdur; ağaclar və daşlar da hazırladım; və sən onların üzərinə əlavə edə bilərsən”. Davud öz var-dövlətindən 3 000 talant qızıl və 7 000 talant gümüş ianə etmişdira (1 Tarixlər 22:14; 29:3, 4). O, özünü göstərmək üçün əliaçıqlıq etmirdi, bu, onun Yehova Allaha olan imanının və sədaqətinin təzahürü idi. Davud var-dövlətinin Mənbəyinin kim olduğunu dərk edərək, Yehovaya deyirdi: “Hər şey səndəndir və sənin əlindən sənə verdik” (1 Tarixlər 29:14). Davudun səxavətli ürəyi onu təmiz ibadətin maraqları uğrunda bacardığı hər şeyi etməyə təşviq edirdi.
17. 1 Timoteyə 6:17-19 ayələrindən olan nəsihət həm varlılara, həm də kasıblara necə tətbiq ediləndir?
17 Gəlin biz də maddi imkanlarımızı yaxşılıq etmək üçün sərf edək. Var-dövlət yığmağa aludə olmaqdansa, Allaha məqbul olmağa çalışmaq yaxşıdır, bu, həqiqi müdriklik və xoşbəxtlik yoludur. Pavel yazırdı: “İndiki zəmanədə varlı olanlara tapşır ki, lovğalıq etməsinlər və güvənilə bilməyən var-dövlətə bel bağlamasınlar, lakin zövq üçün bizə hər şeyi firavanlıqla verən Allaha ümid bəsləsinlər. Qoy onlar xeyirxahlıq etsinlər, yaxşı işlərlə varlı olsunlar, əliaçıq və öz malını digərləri ilə bölüşdürməyə hazır olub, özlərinə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplasınlar ki, həqiqi həyata nail olsunlar” (1 Timoteyə 6:17-19). İqtisadi vəziyyətimiz hər necə olsa da, gəlin Allahın ruhuna bel bağlayaq və elə yaşayaq ki, “Allah qarşısında zəngin” olaq (Luka 12:21). Bizi sevən səmavi Atamıza məqbul olmaqdan dəyərli heç nə yoxdur.
Özünü Allaha sınaqdan çıxmış kimi təqdim et
18. Davud nəyə görə məsihçilər üçün gözəl nümunədir?
18 Bütün həyatı boyu Davud Allaha məqbul olmağa çalışmışdır. O, mahnıda nida edirdi: “Mənə acı, ey Allah, mənə acı; çünki canım sənə sığındı” (Məzmur 57:1). O, Yehovaya əbəs yerə bel bağlamırdı. Davud ‘günlərə doyaraq’ qocalmışdır (1 Tarixlər 23:1). Ciddi səhvlərinə baxmayaraq, Davudu Allahın imana dair gözəl nümunə göstərən bir çox xidmətçilərindən biri kimi xatırlayırlar (İbranilərə 11:32).
19. Özümüzü Allaha sınaqdan çıxmış kimi necə təqdim edə bilərik?
19 Həyatda dəyişikliklərlə qarşılaşarkən yadda saxla ki, Yehova Davudun hadisəsində etdiyi kimi, sənə dəstək ola, səni möhkəmlədə və islah edə bilər. Davuda bənzər tərzdə həvari Pavel də həyatında çox dəyişikliklər görmüşdür. Lakin o da, Allahın ruhuna bel bağlayaraq sadiq qaldı. O yazırdı: “Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:12, 13, İ–93). Əgər biz Yehovaya bel bağlayırıqsa, Ona sadiq qalmağımıza kömək edəcəkdir. O istəyir ki, biz müvəffəq olaq. Əgər biz Ona qulaq asır və Ona yaxınlaşırıqsa, iradəsini yerinə yetirmək üçün bizə qüvvə verəcəkdir. Və əgər həmişə Allahın ruhuna bel bağlayırıqsa, həm indi, həm də əbədiyyət boyu ‘özümüzü Allaha sınaqdan çıxmış’ kimi təqdim edə biləcəyik (2 Timoteyə 2:15).
[Haşiyə]
a Bugünkü ölçülərlə, Davudun ianə etdiyi məbləğ 1,2 milyarddan artıq ABŞ dollarına bərabərdir.
Necə cavab verərdiniz?
• Özümüzü məğrurluqdan necə qoruya bilərik?
• Nə üçün qisas almaq olmaz?
• Tərbiyəyə dair hansı baxışa malik olmaq lazımdır?
• Nəyə görə var-dövlətə deyil, Allaha bel bağlamaq lazımdır?
[24 və 25-ci səhifələrdəki şəkil]
Davud Allahın ruhuna bel bağlayır və Ona məqbul olmağa çalışırdı. Sən də bu cür davranırsanmı?