«Pisliyə yaxşılıq ilə qalib gəl»
«Pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl» (ROMALILARA 12:21).
1. Haradan bilirik ki, pisliyə qalib gəlmək mümkündür?
HƏQİQİ ibadətə şiddətlə müqavimət göstərənlərin qarşısında möhkəm dayanmaq mümkündürmü? Bizi allahsız dünyaya geri çəkmək istəyən qüvvələrə qalib gəlmək olarmı? Hər iki suala cavab bəlidir! Nə üçün belə deyirik? Cavab həvari Pavelin romalılara yazdığı məktubdan bəllidir. O yazırdı: «Pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl» (Romalılara 12:21). Yehovaya bel bağlasaq və dünyaya təslim olmamaq qərarında qətiyyətli olsaq, pislik bizə qalib gələ bilməyəcək. Bundan başqa, «pisliyə... qalib gəl» ifadəsi göstərir ki, pisliklə mübarizə aparsaq, onu məğlub edərik. Yalnız sayıqlığı itirənlər və mübarizəni dayandıranlar pis dünyanın və onun qəddar hökmdarı Şeytan İblisin qarşısında yeniləcəklər (1 Yəhya 5:19).
2. Nəyə görə biz Nehemyanın həyatından bə’zi hadisələrə nəzər salacağıq?
2 Pavelin dövründən təxminən 500 il əvvəl Yerusəlimdə yaşayan Allahın xidmətçisi pisliklə mübarizə aparmağa dair yuxarıda deyilənlərin həqiqət olduğunu göstərdi. Həmin Allah adamı Nehemya nəinki allahsızların müqavimətinə davam gətirdi, həm də pisliyə yaxşılıqla qalib gəldi. O, hansı çətinliklərlə üzləşdi? Onların öhdəsindən necə gəldi? Onun nümunəsini necə izləyə bilərik? Bu suallara cavab tapmaq üçün gəlin Nehemyanın həyatından bə’zi hadisələrə nəzər salaqa.
3. Nehemya hansı şəraitdə yaşayırdı və o, hansı möhtəşəm işi gördü?
3 Nehemya Fars padşahı Artaxşastanın sarayında xidmət edirdi. Nehemya imansızların arasında yaşasa da, öz ‘zəmanəsinə uyğunlaşmamışdı’ (Romalılara 12:2). Yəhudada köməyə ehtiyac yarananda o, rahat həyatından keçib, Yerusəlimə getmək üçün təhlükəli yolları qət etdi və şəhərin divarını bərpa etmək kimi çətin işə girişdi (Romalılara 12:1). Nehemya Yerusəlimin valisi olsa da, israillilərlə birlikdə «dan söküləndən ulduzlar görünənə qədər» çiyin-çiyinə çalışırdı. Nəticədə, ikicə ayın içində iş başa çatdı! (Nehemya 4:21; 6:15). Bu əsl igidlik idi, çünki tikinti zamanı israillilər müxtəlif cür müqavimətlərlə qarşılaşmışdılar. Nehemyanın düşmənləri kimlər idi? Onlar hansı məqsədi güdürdülər?
4. Nehemyanın düşmənlərinin məqsədi nə idi?
4 Nehemyanın düşmənləri Yəhuda yaxınlığında yaşayan Sanballat, Toviya və Geşem idi. Bu nüfuzlu mə’murlar Allahın xalqına nifrət etdikləri üçün «İsrail övladlarının xeyrinə çalışan bir nəfərin [Nehemyanın] gəldiyini eşitdikdə çox hirsləndilər» (Nehemya 2:10, 19). Onlar tikintini dayandırmaq qərarına gəldilər, hətta bunun üçün məkrli plan da cızdılar. Bəs Nehemya ‘pisliyə məğlub olacaqmı’?
‘Qanı qaraldı və qəzəbləndi’
5, 6. a) Nehemyanın düşmənləri tikinti işinin getdiyini eşidəndə nə etdilər? b) Nehemya nə üçün düşmənlərinin qarşısında qorxuya düşmədi?
5 Nehemya cəsarətlə xalqı səslədi: «Gəlin Yerusəlimin divarını bərpa edək». Xalq da: «Buraları bərpa edək», — deyə hay verdi. Nehemyanın söylədiyi kimi, «bu xeyirli iş üçün hamı əlbir oldu», lakin düşmənlər onlara «xor baxaraq ələ salıb dedilər: “Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?”» İstehzalar və yalan ittihamlar Nehemyanı qorxuya salmadı. O, düşmənlərinə dedi: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik» (Nehemya 2:17-20). Nehemya ‘xeyirli işi’ başa çatdırmağa qəti qərarlı idi.
6 Düşmənlərdən biri — Sanballat divarın tikilməsini eşidəndə «qanı qaraldı, qəzəbləndi» və: «Bu yazıq Yəhudilər nə edirlər?.. Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?» — deyə rişxənd edərək güc verdi sözlərə. Toviya da ona qoşulub deyirdi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq» (Nehemya 4:1-3). Nehemya bütün bunların müqabilində nə etdi?
7. Nehemya düşmənlərinin ittihamlarına necə münasibət göstərdi?
7 Nehemya düşmənlərinin tə’nəsinə sadəcə olaraq məhəl qoymurdu. O, Allahın əmrini yerinə yetirməyə davam edir, intiqam almağa çalışmırdı (Levililər 19:18). O, hər şeyi Yehovanın öhdəsinə buraxaraq dua etdi: «Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün!» (Nehemya 4:4). Nehemya Yehovanın «qisas Mənimdir, əvəzini Mən verəcəyəm» sözlərinə e’tibar edirdi (Qanunun təkrarı 32:35). O, xalqla birlikdə ‘divarın bərpasını davam etdirdi’. Onlar yol vermədilər ki, başları başqa şeyə qarışsın. Nəticədə, «divarın... hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı» (Nehemya 4:6). Həqiqi ibadətə düşmən kəsilənlər tikintini dayandıra bilmədilər! Nehemyadan necə nümunə götürə bilərik?
8. a) Üzərimizə yalan ittihamlar yağdırılanda Nehemyanı necə təqlid edə bilərik? b) İntiqam almamağın müdrik hərəkət olduğunu göstərən başına gələn, yaxud eşitdiyin hadisəni danış.
8 Ola bilər, məktəbdə, işdə, hətta evdə üstümüzə istehzalar və ittihamlar yağdırırlar. Ancaq çox vaxt yalan ittihamların öhdəsindən gəlməyin ən yaxşı üsulu Müqəddəs Kitabın ‘susmağın öz vaxtı var’ prinsipinə riayət etməkdir (Vaiz 3:1, 7). Nehemya kimi biz də özümüzü sərt cavab qaytarmaqdan saxlayırıq (Romalılara 12:17). Biz «əvəzini Mən verəcəyəm» deyən Yehovaya bel bağlayıb, duada Ona üz tuturuq (Romalılara 12:19; 1 Peter 2:19, 20). Bu cür davranmaqla düşmənlərimizə yol vermirik ki, bu gün yerinə yetirilməli olan ruhani işdən — Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ etmək və şagird hazırlamaq işindən bizi yayındırsınlar (Matta 24:14; 28:19, 20). Hər dəfə müqavimətlərə rəğmən təbliğdə iştirak edəndə Nehemya kimi sədaqətli olduğumuzu göstəririk.
‘Biz səni öldürəcəyik’
9. Düşmənlər bu dəfə nə etdilər və Nehemya cavabında hansı tədbiri gördü?
9 Nehemyanın günlərində həqiqi ibadətin düşmənləri «Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini» eşidəndə qılınclarını çəkdilər ki, ‘Yerusəlimə hücum etsinlər’. Yəhudilərin vəziyyəti çıxılmaz görünürdü. Şimaldan samariyalılar, şərqdən ammonlular, cənubdan ərəblər, qərbdən isə aşdodlular onlara düşmən kəsilmişdi. Yerusəlim əhatəyə alınmışdı, israillilər tələdə idilər! Bu vəziyyətdə onlar nə etməli idilər? Nehemya deyir: «Biz Allahımıza dua etdik». Düşmənlər işi dayandırmaq üçün: «Yəhudilərin arasına girib onları öldürək», — deyə hədə-qorxu gəlirdilər. Onlara cavab olaraq, Nehemya işçilərə ‘qılıncla, nizə ilə, ox-kamanla’ şəhəri müdafiə etməyi tapşırdı. Düzdür, insan nöqteyi-nəzərindən bir dəstə yəhudi böyük düşmən qüvvələri qarşında aciz görünürdü, lakin Nehemya: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın!» — deyərək xalqa ürək-dirək verirdi (Nehemya 4:7-9, 11, 13, 14).
10. a) Nehemyanın düşmənlərinin birdən-birə fikirlərindən daşınmasına nə səbəb oldu? b) Nehemya hansı tədbirləri gördü?
10 Gözlənilmədən hadisələrin axarı dəyişildi. Düşmənlər hücum etmək fikrindən daşındılar. Səbəb nə idi? Nehemya yazır: «Allah onların niyyətini boşa çıxarmışdı». Ancaq Nehemya başa düşürdü ki, təhlükə hələ sovuşmayıb. Buna görə də ağıllı tərpənib işdə dəyişiklik etdi. O vaxtdan «yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu». Nehemya həm də düşmən hücum etdiyi təqdirdə işçiləri xəbərdar etmək üçün «şeypurçu» qoydu. Hər şeydən əlavə, Nehemya xalqı arxayın etdi: «Allahımız bizim üçün vuruşacaq» (Nehemya 4:15-20). Ruhlanmış və hücuma hazır olan işçilər işə davam edirdilər. Bu hadisə bizə nəyi öyrədir?
11. Təbliğ işinin qadağan edildiyi ölkələrdə yaşayan məsihçilərə pisliyə tab gətirməkdə nə kömək edir və onlar pisliyə yaxşılıq ilə necə qalib gəlirlər?
11 Hərdən həqiqi məsihçilər şiddətli müqavimətlərə mə’ruz qalırlar. Bə’zi ölkələrdə həqiqi ibadətin qatı düşmənləri böyük qüvvəyə sahibdirlər. İnsan nöqteyi-nəzəri ilə baxsaq, həmin ölkələrdə həmimanlılarımızın vəziyyəti çıxılmazdır. Ancaq oradakı məsihçilər əmindirlər ki, ‘Allah onlar üçün vuruşacaq’. Həqiqətən də, e’tiqadlarına görə tə’qib edilənlər Yehovanın onların dualarına cavab verdiyini və güclü düşmənlərin ‘niyyətini boşa çıxardığını’ dəfələrlə görmüşlər. Təbliğ işinin qadağan edildiyi ölkələrdə də məsihçilər xoş xəbəri təbliğ etmək üçün yollar tapırlar. Yerusəlimin divarını bərpa edənlər işlərində dəyişiklik etdikləri kimi, Yehovanın Şahidləri də hücumlara mə’ruz qalanda ehtiyatlı tərpənib təbliğ üsullarını dəyişirlər. Ancaq sözsüz ki, onlar silah qaldırmırlar (2 Korinflilərə 10:4). Hətta onlara qarşı zor işlədiləndə belə, təbliğ işinə son qoymurlar (1 Peter 4:16). Əksinə, mərd bacı-qardaşlarımız ‘pisliyə yaxşılıq ilə qalib gəlirlər’.
‘Gəl görüşək’
12, 13. a) Nehemyanın düşmənləri hansı hiyləyə əl atdılar? b) Nehemya nə üçün düşmənlərinin təklifini rədd etdi?
12 Nehemyanın düşmənləri açıq hücumlardan bir şey çıxmadığını görəndə hiyləyə əl atdılar. Onlar üç plan qurdular.
13 Əvvəlcə Nehemyanı aldatmaq istədilər. Onlar Nehemyaya dedilər: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Ono Yerusəlim ilə Samariyanın arasında yerləşirdi. Düşmənlər təklif edirdilər ki, Nehemya anlaşılmazlığı həll etmək üçün yolun yarısına qədər gəlib onlarla görüşsün. Nehemya düşünə bilərdi: «Ağıllı fikirdir. Vuruşmaqdansa, danışıqlar aparmaq daha yaxşıdır». Amma Nehemya təklifi rədd etdi. Səbəbini isə belə izah etdi: «Onlar mənə pislik etmək niyyətində idi». Nehemya onların məqsədini başa düşdüyü üçün aldanmadı. O, dörd dəfə düşmənlərinə dedi: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?» Nehemyanın güzəştə getməsi üçün düşmənlərin göstərdiyi bütün cəhdlər boşa çıxdı. O, işindən yayınmadı (Nehemya 6:1-4).
14. Nehemya düşmənlərinin ittihamına necə cavab verdi?
14 Sonra düşmənlər şayiələr yaydılar ki, guya Nehemya Artaxşasta padşaha qarşı ‘üsyan etmək niyyətindədir’. Onlar Nehemyaya bir də təklif etdilər: «Gəl bu barədə birlikdə məsləhətləşək». Nehemya yenə də düşmənlərinin niyyətini başa düşdüyü üçün təkliflərini rədd etdi. O deyir: «Hamı bizi qorxutmağa çalışıb deyirdi: “Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq”». Ancaq bu dəfə Nehemya: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan», — deyərək düşmənlərinin yalanını tutdu. Üstəlik, o, duada Yehovadan kömək dilədi: «Ay Allah, indi Sən əllərimə qüvvət ver!» O arxayın idi ki, Yehovanın köməyi ilə bu məkrli plan boşa çıxacaq və tikintini başa vuracaq (Nehemya 6:5-9).
15. Yalançı peyğəmbər Nehemyaya hansı məsləhəti verdi və nə üçün Nehemya onu qəbul etmədi?
15 Ən axırda Nehemyanın düşmənləri israilli Şemayanı pulla öz tərəflərinə çəkdilər ki, Nehemyanı Allahın qanununu pozmağa təhrik etsin. Şemaya Nehemyaya dedi: «Gəl Allahın evində mə’bəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək». Şemayanın sözlərinə görə, Nehemyaya sui-qəsd hazırlanırdı və o, mə’bəddə gizlənməklə canını xilas edə bilərdi. Amma Nehemya kahin deyildi. Allahın evində gizlənməyi günah olardı. Bəs görəsən, o, həyatını qurtarmaq üçün Allahın qanunu pozacaqdımı? Nehemya cavab verdi: «Kim mənim yerimdə olsa sağ qalsın deyə mə’bədə girər? Girmərəm» (KM). Nehemya nəyə görə tora düşmədi? Çünki bilirdi ki, Şemaya israilli olsa da, onu «Allah göndərməmişdi». Üstəlik, həqiqi peyğəmbər heç vaxt ona Allahın qanununu pozmağı məsləhət görməzdi. Nehemya yenə də düşmənlərinə məğlub olmadı. Çox keçməmiş o yazdı: «Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı» (Nehemya 6:10-15; Saylar 1:51; 18:7).
16. a) Özünü yalandan dost-qardaş adlandıranlarla və ittihamçılarla necə davranmalıyıq? b) Evdə, məktəbdə və ya işdə e’tiqadınızdan dönmədiyinizi necə göstərirsiniz?
16 Bizim də qabağımıza özlərini dost-qardaş kimi qələmə verən və ya bizi nədəsə günahlandıran düşmənlər çıxa bilər. Ola bilsin, kimsə bizim güzəştə getməyimizi istəyər. Onlar bizi inandırmağa çalışarlar ki, Yehovaya xidmətdə sə’yimizi heç olmasa bir azca azaltsaq, dünyəvi məqsədlərə də çata bilərik. Ancaq Allahın Padşahlığını həyatımızda birinci yerə qoyduğumuz üçün biz güzəştə getmirik (Matta 6:33; Luka 9:57-62). Düşmənlər bizim haqqımızda şayiələr də yayırlar. Necə ki, Nehemyanı dövlətə qarşı üsyan qaldırmaqda ittiham etmişdilər, bə’zi ölkələrdə bizim də dövlət üçün təhlükəli olduğumuzu iddia edirlər. Bə’zi ittihamlar məhkəmələr vasitəsilə təkzib olunub. Lakin hər bir vəziyyətin nəticəsi necə olursa-olsun, biz inamla Yehovaya dua edirik ki, işləri istədiyi səmtə yönəltsin (Filipililərə 1:7). Özlərini Yehovanın xidmətçisi kimi tanıdan insanlar da bizə müqavimət göstərə bilərlər. Necə ki, yəhudi Nehemyanı öz həyatını qurtarmaq üçün Allahın qanununu pozmağa təhrik edirdisə, dönüklər də bizi Yehovanın müəyyən qanunundan çıxmağa təhrik edə bilər. Lakin biz onların bütün təkliflərini rədd edirik, çünki bilirik ki, həyatımız Allahın qanunlarını pozmaqla deyil, onlara əməl etməklə xilas olunur! (1 Yəhya 4:1). Bəli, Yehovanın köməyi ilə biz hər cür pisliyə qalib gələ bilərik.
Pisliklərə baxmayaraq xoş xəbəri təbliğ edirik
17, 18. a) Şeytan və onun tərəfdarlarının məqsədi nədir? b) Siz nə etməyə qəti qərarlısınız və nə üçün?
17 Allahın Kəlamı İsanın məsh olunmuş qardaşları haqqında deyir: «Onlar... şəhadət etdikləri təbliğ ilə [Şeytana] qalib gəldilər» (Vəhy 12:11). Beləliklə, pisliyin mənbəyi olan Şeytana qalib gəlməklə Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək arasında birbaşa bağlılıq var. Təəccüblü deyil ki, Şeytan usanmadan yerdəki məsh olunmuşları və ‘böyük izdihamı’ tə’qib edir (Vəhy 7:9; 12:17).
18 Gördüyümüz kimi, müqavimətlər təhqir, zor işlətmək hədə-qorxusu və ya ilk baxışdan sezilməyən başqa formalarda ola bilər. Hər bir halda Şeytanın məqsədi eynidir — təbliğ işini dayandırmaq. Lakin onun bütün cəhdləri boşa çıxacaq, çünki Nehemya kimi Allahın xalqı da ‘pisliyə yaxşılıq ilə qalib gəlməyə’ qəti qərarlıdır. Onlar bunu Yehova «bəsdir» deyincəyə qədər xoş xəbəri yaymaqla edəcəklər! (Mark 13:10; Romalılara 8:31; Filipililərə 1:27, 28).
[Haşiyə]
a Bu hadisələr haqqında daha ətraflı mə’lumat almaq üçün Nehemya 1:1-4; 2:1-6, 9-20; 4:1-23; 6:1-15 ayələrini oxuyun.
Xatırlayırsınızmı?
• Allahın xidmətçilərinin keçmişdə və indi üzləşdiyi müqavimətlər hansılardır?
• Nehemyanın düşmənlərinin başlıca məqsədi nə idi, bəs Allahın xalqının bugünkü düşmənləri nəyə nail olmaq istəyirlər?
• Biz pisliyə yaxşılıqla necə qalib gəlirik?
[29-cu səhifədəki çərçivə/şəkil]
«Nehemya» kitabından öyrəndiklərimiz:
Allahın xidmətçiləri üzləşirlər
• istehzalar
• hədə-qorxu
• hiylələrlə
Hiyləyə əl ata bilərlər
• yalançı dostlar
• ittihamçılar
• yalançı qardaşlar
Allahın xidmətçiləri pisliyə qalib gəlirlər
• Onun verdiyi tapşırıqdan yayınmamaqla
[27-ci səhifədəki şəkil]
Nehemya və onun əməkdaşları şiddətli müqavimətlərə baxmayaraq, Yerusəlimin divarını bərpa etdilər.
[31-ci səhifədəki şəkil]
Həqiqi məsihçilər xoş xəbəri cəsarətlə təbliğ edirlər.