Onların imanını təqlid edin
O, səhvlərindən özünə dərs götürdü
YUNUS dəhşətli səsləri eşitməmək üçün hər şeydən keçərdi. Bu, sadəcə gəminin ipləri arasından vıyıldayan şiddətli külək, yaxud hər tərəfdən gəmiyə hücum çəkərək, onun taxta örtüyünü cırıldadıb inlədən nəhəng dalğalar deyildi. Yunusa ən pis təsir edən gəmini suyun üzündə saxlamağa çalışan dənizçilərin, kapitanın və ekipajın, hay-harayı idi. Yunus əmin idi ki, bu adamları ölüm gözləyir — səbəbkar isə odur!
Yunus nəyə görə belə çıxılmaz vəziyyətə düşüb? O, Allahı Yehovaya qarşı ciddi səhvə yol verib. Hansı səhvə? Münasibətlərin bərpası qeyri-mümkün idimi? Bu sualların cavabından çox şey öyrənə bilərik. Məsələn, Yunusun əhvalatından başa düşürük ki, hətta həqiqi imana sahib olan insanlar da səhvə yol verə bilər. Həmçinin öyrənirik ki, günahlarını yumaq üçün onlar nə edə bilərlər.
Qalileyalı peyğəmbər
İnsanlar Yunus haqqında fikirləşəndə çox vaxt diqqətlərini onun mənfi cəhətlərinə, məsələn, itaətsizlik, hətta tərslik etməsinə yönəldirlər. Lakin bu insanda başqa cəhətlər də var idi. Unutmayın ki, Yehova Allah Yunusu peyğəmbər kimi xidmət etmək üçün seçmişdi. Yunus sadiq və ya saleh olmasaydı, Yehova ona heç vaxt belə məsuliyyətli işi həvalə etməzdi.
2 Padşahlar 14:25 ayəsi Yunusun mənşəyi haqda bizə azacıq məlumat verir. O, İsa Məsihin təxminən səkkiz əsr sonra böyüyüb boya-başa çatacağı Nazaretdən cəmi dörd kilometr aralı yerləşən Qat-Xefer şəhərində anadan olmuşdua. Yunus onqəbiləli İsrail padşahlığının padşahı olan II Yarovamın hakimiyyəti dövründə peyğəmbər kimi xidmət etmişdir. İlyasın dövründən çox illər keçmişdi, onun xələfi Elişa isə, Yarovamın atasının hakimiyyəti dövründə ölmüşdü. Yehova Baala ibadətin kökünü kəsmək üçün bu adamlardan istifadə etsə də, İsrail xalqı qəsdən yenə də yolunu azdı. İndi ölkə ‘Rəbbin gözündə pis olan işlər edən’ padşahın təsiri altında idi (2 Padşahlar 14:24). Buna görə də Yunusun xidməti asan, yaxud xoşagələn ola bilməzdi. Bununla belə o, xidmətini sədaqətlə icra edirdi.
Ancaq bir gün Yunus çox ciddi qərar qəbul etməli oldu. Yehova ona tapşırıq verdi və həmin tapşırıq Yunusa son dərəcə çətin göründü. Görəsən, Yehova ona nə buyurmuşdu?
‘Qalx, Ninevaya get’
Yehova Yunusa dedi: «Qalx, Ninevaya — o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır» (Yunus 1:2). Bu tapşırığın nə üçün qorxulu göründüyünü başa düşmək çətin deyil. Nineva təxminən 800 kilometr şərqdə yerləşirdi. Ehtimal ki, piyada ora təxminən bir aya çatmaq olardı. Ancaq yolun çətinlikləri işin asan hissəsi kimi görünə bilərdi. Ninevada Yunus zorakılığı, hətta vəşhiliyi ilə ad çıxaran assuriyalılara Yehovanın hökm xəbərini çatdırmalı idi. Əgər Allahın Öz xalqı peyğəmbərin xəbərinə az hay verirdisə, onda həmin bütpərəstlərdən nə gözləmək olardı? Allahın xidmətçisi təkbaşına ‘qanlı şəhər’ adlanan böyük Ninevada nə edə bilərdi? (Nahum 3:1, 7).
Ola bilsin, Yunusun da ağlına belə fikirlər gəlirdi. Bu haqda biz heç nə deyə bilmərik. Təkcə onu bilirik ki, o qaçdı. Yehova onu şərqə göndərmişdi; Yunus isə, qərbə üz tutdu, özü də mümkün qədər uzağa. O, sahilə — Yafo adlanan liman şəhərinə enib, Tarşişə gedən bir gəmi tapdı. Bəzi alimlərin fikrincə Tarşiş İspaniya ərazisində yerləşirdi. Əgər bu məlumat doğrudursa, deməli, Yunus Ninevadan 3 500 kilometr uzağa üz tutmuşdu. O vaxtlar Böyük dəniz adlanan Aralıq dənizinin o biri tayına səyahət düz bir il çəkə bilərdi! Yunus Yehovanın verdiyi tapşırıqdan qaçmağa görün nə dərəcədə qətiyyətli idi!
Bəs bu o deməkdirmi ki, Yunus qorxaq adam idi? Onun haqqında bu cür hökm çıxarmağa tələsmək lazım deyil. Sonra görəcəyimiz kimi, o, qeyri-adi cəsarət göstərməyə qadir idi. Ancaq hər birimiz kimi, Yunus da çoxsaylı nöqsanları ilə mübarizə aparan qeyri-kamil insan idi (Məzmur 51:5). Bizlərdən kim nə vaxtsa qorxu ilə mübarizə aparmayıb?
Hərdən elə gələ bilər ki, Allah bizə çətin, hətta qeyri-mümkün bir şeyi etməyi tapşırır. Hətta məsihçilərdən tələb olunan Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ etmək tapşırığı da bizə qorxulu gələ bilər (Matta 24:14). İsanın söylədiyi «Allah üçün hər şey mümkündür» həqiqətini çox asanlıqla unuda bilərik (Mark 10:27). Əgər biz həmin həqiqəti hərdən nəzərdən qaçırırıqsa, yəqin ki, Yunusun keçirdiyi hissləri başa düşə bilərik. Bəs Yunusun baş götürüb qaçmağı nəyə gətirib çıxardı?
Yehova inadcıl peyğəmbərini islah edir
Təsəvvür edin: Yunus, ehtimal ki, finikiyalıların yük gəmisi olan gəmiyə minir. Gəmi yola düşüb sahildən aralanmaq üzrə ikən, kapitanın və ekipajın tələm-tələsik gəmiyə mindiklərini müşahidə edir. Gəmi yavaş-yavaş uzaqlaşdıqca və sahil gözdən itdikcə, yəqin Yunus ümid edirdi ki, bərk qorxduğu təhlükədən canını qurtardı. Ancaq qəflətən hava dəyişdi.
Dəniz güclü dalğalardan coşub çalxalanırdı. Bu elə dalğalar idi ki, hətta müasir gəmilər də onların arasında oyuncağa bənzəyərdi. Cılız görünən bu taxta gəmi ümmansız dənizdə ucalan nəhəng dalğalara nə qədər davam gətirə bilərdi? Sonralar Yunus ‘dəniz üzərində güclü külək qaldıranın’ Yehova olduğunu yazmışdı. Bəs həmin vaxt o, bunu bilirdimi? Bunu demək çətindir. Ancaq o gördü ki, dənizçilər müxtəlif allahlara fəryad etməyə başladılar və bilirdi ki, onlardan heç bir kömək gəlməyəcək. Əhvalatda nəql edilir: «Gəmi az qala parçalanacaqdı» (Yunus 1:4; Levililər 19:4). Bəs Yunus əlindən qaçdığı Allaha hansı üzlə dua edə bilərdi?
Kömək etməkdə aciz olduğunu dərk edən Yunus, gəminin göyərtəsinə enib, uzanmaq üçün yer tapdı və dərin yuxuya getdib. Kapitan Yunusu tapıb oyatdı və söylədi ki, qoy hamı kimi, o da öz Allahına dua etsin. Fırtınanın fövqəltəbii bir şey ucbatından baş verdiyinə əmin olan dənizçilər gəmidəkilərdən kimin bu fəlakətə səbəb ola biləcəyini ayırd etmək üçün püşk atırlar. Şübhə yoxdur ki, püşk bir-bir adamlardan yan keçdikcə, Yunusun ürəyi əsirdi. Tezliklə həqiqətin üstü açıldı. Yehova həm fırtına ilə, həm də püşklə göstərdi ki, bu adam Yunusdur! (Yunus 1:5-7).
Yunus hər şeyi açıb dənizçilərə danışdı. O, hər şeyə qadir olan Yehova Allahın xidmətçisidir. Yunus Ondan qaçmaqla xatirinə dəyib, buna görə də indi hamının həyatı təhlükədədir. Hamını dəhşət bürüyüb; Yunus onların gözlərindəki qorxunu görür. Onlar Yunusdan soruşurlar ki, gəmini və həyatlarını xilas etmək üçün onunla nə etsinlər. Bəs o nə deyir? Buz kimi soyuq, coşub-daşan dənizdə batmağı fikirləşəndə Yunusu əsməcə tuta bilərdi. Ancaq onları xilas edə biləcəyini bilə-bilə, bu qədər adamı ölümə necə göndərsin? Buna görə də dedi: «Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər, çünki bilirəm, bu böyük fırtına mənə görə baş verib» (Yunus 1:12).
Çətin ki qorxaq adam belə sözlər desin, elə deyilmi? Belə təhlükəli anda Yunusun cəsarətini, fədakarlığını görmək, yəqin ki, Yehovanın ürəyini sevindirmişdi. Burada biz Yunusun möhkəm imanının şahidi oluruq. Bu gün biz də başqalarının rifahını özümüzünkündən üstün tutmaqla onu təqlid edə bilərik (Yəhya 13:34, 35). Kiminsə istər maddi, istər emosional, istərsə də ruhani köməyə ehtiyacı olduğunu görəndə ona əl tuturuqmu? Belə edəndə görün Yehovanın qəlbini necə də sevindiririk!
Yəgin ki, Yunusun bu hərəkəti dənizçilərə də təsir etdi, çünki əvvəlcə onlar Yunusun xahişindən boyun qaçırdılar! Onlar fırtınada yollarına davam etmək üçün əllərindən gələni etdilər, ancaq nə karə. Fırtına getdikcə güclənirdi. Axırda gördülər ki, başqa yolları yoxdur. Yunusun Allahı Yehovaya fəryad edib rəhm diləyəndən sonra, dənizçilər onu götürüb dənizə atdılar (Yunus 1:13-15).
Yunus mərhəmət və xilas tapır
Təlatümlü dəniz Yunusu ağuşuna aldı. Yəqin batmamaq üçün əvvəlcə o suyun üzündə çapalayır və köpüklərin, su damcılarının arasından gəminin sürətlə uzaqlaşdığını görürdü. Ancaq güclü dalğalar üstün gəlib onu batırdı. Ümidini hər şeydən üzən Yunus yavaş-yavaş dənizin dərinliyinə qərq olurdu.
Sonralar Yunus həmin vaxt hansı hissləri keçirdiyini təsvir etmişdi. Hər şey sürətlə onun gözünün qabağından keçib getmişdi. O, kədərlə fikirləşmişdi ki, daha heç vaxt Yehovanın Yerusəlimdəki o gözəl məbədini görməyəcək. Ona elə gəlmişdi ki, dənizin lap dərin yerinə, dağların dibinə yaxın, dəniz yosunlarının ona sarıldığı yerə enib. Bura onun üçün sanki qəbir olacaqdı (Yunus 2:2-6).
Ancaq dayan! Yaxınlıqda nə isə üzür — nəhəng, canlı qaraltı. Düz yanında peyda olaraq o, Yunusun üstünə şığıdı. Ağzını geniş açıb onu uddu!
Bu onun həyatının sonu olmalı idi. Ancaq Yunus hiss edirdi ki, nə isə heyrətamiz bir şey baş verir. O, hələ də sağdır! Onun heç bir sümüyü sınmayıb, balığın mədəsində həzm olunmur, heç boğulmur da. Qəbri olacaq yerdə olmasına baxmayaraq, onda hələ də həyat nəfəsi var. Yavaş-yavaş Yunusu heyrət bürüyür. Heç şübhəsiz, ‘ böyük balığı yetirən’ onun Allahı Yehova idic (Yunus 1:17).
Dəqiqələri saatlar əvəz edirdi. Burada, indiyədək düşdüyü ən zülmət yerdə, Yunus fikirlərini nizama salıb, Yehova Allaha dua etdi. «Yunus» kitabının ikinci fəslində sözbəsöz yazılan duasından onun haqqında bizə çox şey aydın olur. Buradan görürük ki, Yunus Müqəddəs Yazılar haqqında geniş biliyə malik idi, çünki tez-tez «Zəbur» kitabına istinad edirdi. Həm də burada onun gözəl keyfiyyəti — minnətdar insan olması özünü biruzə verir. Yunus duasına belə yekun vurur: «Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm, əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbdədir!» (Yunus 2:9).
Yunus öyrəndi ki, Yehova hər bir xidmətçisini istənilən yerdə, istənilən vaxt xilas edə bilər. Hətta orada, «balığın qarnında», Yehova dara düşmüş xidmətçisini tapıb xilas etdi (Yunus 1:17). Yalnız Yehova insanı nəhəng balığın qarnında üç gün, üç gecə sağ-salamat saxlaya bilərdi. Bu gün yaxşı olardı biz də yadda saxlayaq ki, Yehova ‘nəfəsimiz əlində olan Allahdır’ (Daniel 5:23). Aldığımız hər nəfəsə, mövcudluğumuza görə Ona borcluyuq. Bütün bunlara görə minnətdarıqmı? Belə isə, Yehovaya itaət etməli deyililkmi?
Bəs Yunus haqda nə demək olar? O, itaətkar olmaqla Yehovaya minnətdarlığını göstərməyi öyrəndimi? Öyrəndi. Üç gün, üç gecə keçəndən sonra, balıq sahilə üzüb, Yunusu «ağzından quruya qaytardı» (Yunus 2:10). Təsəvvür edin, bütün baş verənlərdən sonra, sahilə çıxmaq üçün Yunusa heç üzmək də lazım gəlmədi! Əlbəttə, həmin sahildən gedəcəyi yolu özü tapmalı oldu. Ancaq çox keçməmiş onun minnətdarlığı yenidən sınağa çəkildi. Yunus 3:1, 2 ayələrində deyilir: «Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: “Qalx, Ninevaya — o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək”». Yunus nə edəcəkdi?
Yunus tərəddüd etmədi. Biz oxuyuruq: «Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi» (Yunus 3:3). Bəli, o itaət etdi. Aydındır ki, o, səhvlərindən özünə dərs götürmüşdü. Bu sahədə də bizə Yunusun imanını təqlid etmək lazımdır. Hamımız günah edir, səhvlərə yol veririk (Romalılara 3:23). Ancaq bu bizi ruhdan salmalıdır, yoxsa səhvlərimizdən özümüzə dərs götürüb itaətkarlıqla Allaha xidmət etməyə davam etməliyik?
Bəs Yehova itaətkarlığına görə Yunusu mükafatlandırdımı? Əlbəttə. Mükafatdan biri o oldu ki, görünür, Yunus axırda həmin dənizçilərin sağ qaldığından xəbər tutdu. Yunusun fədakar hərəkətindən dərhal sonra fırtına yatdı və həmin dənizçilər «Rəbdən bərk qorxdu», öz yalançı allahlarına deyil, Yehovaya qurban gətirdilər (Yunus 1:15, 16).
Onun ən böyük mükafatı isə, bu hadisədən çox keçəndən sonra oldu. İsa Yunusun nəhəng balığın qarnında keçirdiyi vaxtdan, özünün qəbirdə, yaxud şeolda qalacağı vaxtın peyğəmbərlik təsviri kimi istifadə etdi (Matta 12:38-40). Yunus yer üzündə yaşamaq üçün diriləndən sonra bunu biləndə necə də sevinəcək! (Yəhya 5:28, 29). Yehova sizə də xeyir-dua vermək istəyir. Siz də Yunus kimi səhvlərinizdən özünüzə dərs götürəcək, itaətkarlıq və fədakarlıq ruhu təzahür etdirəcəksinizmi?
[Haşiyələr]
a Fəriseylərin İsa haqqında təkəbbürlə: «Araşdır və görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz» dediyini nəzərə alsaq, Yunusun Qalileyanın şəhərindən olması diqqətəlayiqdir (Yəhya 7:52). Bir çox tərcüməçilərin və tədqiqatçıların fikrincə, əhəmiyyətsiz hesab edilən Qalileyadan peyğəmbər çıxmadığına və heç vaxt çıxmayacağına dair fəriseylərin irəli sürdüyü iddia əsassız idi. Bu cür düşünməklə həmin adamlar nəinki tarixə, həm də peyğəmbərliyə məhəl qoymurdular (Yeşaya 9:1, 2).
b «Septuaqinta»da Yunusun nə qədər bərk yatdığını göstərmək üçün onun xoruldadığı fikri də əlavə edilib. Lakin Yunusun yatmağına etinasızlıq kimi baxmaq əvəzinə, gəlin nəzərə alaq ki, hərdən çox ruhdan düşən adamlara yuxu üstün gəlir. İsanın Getsamani bağında şiddətli iztirab çəkdiyi saatlarda Peter, Yaqub və Yəhya ‘kədərdən yatmışdılar’ (Luka 22:45).
c Balıq sözünün ibrani dilindəki ekvivalenti yunan dilinə tərcümə edilərkən «dəniz nəhəngi», yaxud «böyük balıq» kimi tərcümə olunmuşdu. Söhbətin hansı dəniz heyvanından getdiyini dəqiq müəyyən etmək mümkün olmasa da, Aralıq dənizində insanı bütünlüklə uda biləcək qədər böyük olan köpəkbalıqlarına rast gəlinmişdir. Başqa yerlərdə onlardan da böyük köpəkbalıqları var; balina köpəkbalığının uzunluğu 15 metr və hətta daha çox ola bilər!
[13-cü səhifədəki çərçivə]
Yunus tənqid hədəfinə çevrilir
▪ Müqəddəs Yazıların «Yunus» kitabında yazılmış hadisələr həqiqətən də baş veribmi? Kitab qədim vaxtlardan bəri tənqid atəşinə tutulub. Müqəddəs Kitab tənqidinin müasir dövründə bu kitab çox vaxt əsatir, əfsanə, mif, yaxud uydurma kimi rədd edilir. XIX əsr yazıçısı bir keşişin Yunus və nəhəng balıq əhvalatını qəribə alleqoriya kimi necə izah etdiyini belə təsvir etmişdi: Yunus Yafoda «Balina» adlanan mehmanxanada qalmışdı. Mehmanxana haqqını ödəməyə pulu çatmayanda, oranın sahibi onu çölə atdı. Balina bu mənada Yunusu ‘udub’, sonra ‘qaytarmışdı’! Doğrudan da, həmin böyük balıqdan çox, Müqəddəs Yazıların tənqidçiləri Yunusu udmağa qətiyyətli görünürlər!
Görəsən, Müqəddəs Yazıların bu kitabı niyə bu qədər çox şübhə doğurur? Çünki burada möcüzələr təsvir olunur. Görünür, bir çox tənqidçilər möcüzələrlə bağlı belə bir sərt mövqeyə malikdirlər: belə şeylərin olması qeyri-mümkündür. Ancaq bu, düzgün mövqedirmi? Özünüzə bu sualı verin: «Müqəddəs Kitabın ilk cümləsinə inanırammı?» Orada deyilir: «Başlanğıcda Allah göyləri və yeri yaratdı» (Yaradılış 1:1). Bütün dünyada milyonlarla dərrakəli insan bu sadə həqiqəti qəbul edir. Ancaq təkcə bu fikir Müqəddəs Kitabın sonrakı hissələrində təsvir olunan istənilən möcüzədən daha çox şeyi əhatə edir.
Bir düşünün: ucsuz-bucaqsız göyləri və yer üzündəki həyatın mürəkkəb xariqələrini Yaradan üçün «Yunus» kitabında yazılanlardan nə qeyri-mümkün ola bilər? Fırtına yaratmaq? Nəhəng balığa adamı udmağı əmr etmək? Yoxsa həmin balığı udduğu adamı qaytarmağa məcbur etmək? Qeyri-məhdud gücü olan bir Şəxs üçün belə şeylər heç də çətin olmazdı (Yeşaya 40:26).
Hərdən Allahın müdaxiləsi olmadan da heyrətamiz şeylər baş verir. Məsələn, deyilənə görə, 1758-ci ildə Aralıq dənizində gəmidən yıxılan bir dənizçini köpəkbalığı udmuşdu. Ancaq balığa topdan atəş açmışdılar. Yaralanmış balıq dənizçini qaytarmışdı. Sudan sağ çıxarılan dənizçi kiçik zədə almışdı. Əgər bu həqiqətdirsə, biz bu hadisəyə qeyri-adi, heyrətamiz bir hadisə kimi baxarıq, möcüzə kimi yox. Allah Öz gücündən istifadə edərək daha çox şey edə bilməzdimi?
Skeptiklər həm də iddia edirlər ki, balığın qarnında üç gün sağ qalıb boğulmamaq qeyri-mümkündür. Lakin insanların ağlı kifayət etmişdi ki, sıxılmış havanı balonlara doldurub, uzun müddət suyun altında nəfəs almaq üçün onlardan istifadə etməyi öyrənsinlər. Allah üç gün ərzində Yunusun nəfəs alıb, sağ qalması üçün hədsiz dərəcədə üstün olan qüvvəsindən və müdrikliyindən istifadə edə bilməzdimi? Yehovanın mələklərindən birinin İsanın anası Məryəmə dediyi kimi, «Allahın yanında qeyri-mümkün bir şey yoxdur» (Luka 1:37).
«Yunus» kitabında yazılanların dəqiq tarixi hadisə olduğunu başqa nə göstərir? Yunus gəmini və onun ekipajını təfərrüatı ilə və gerçəkliyə uyğun təsvir edir. Yunus 1:5 ayəsindən oxuyuruq ki, gəmi yüngülləşsin deyə, dənizçilər orada olan yükləri dənizə atdılar. Qədim tarixçilər və hətta ravvin qanunu göstərir ki, pis hava şəraitində adətən bu üsuldan istifadə edirdilər. Yunusun sonra Ninevanı necə təsvir etməsi tarixi və arxeoloji dəlillərə uyğun gəlir. Ən əsası isə odur ki, İsa Məsih Yunusun üç gün nəhəng balığın qarnında qalmasına özünün qəbirdə qalmasına işarə edən peyğəmbərlik kimi istinad etmişdi (Matta 12:38-40). İsanın şahidliyi təsdiq edir ki, Yunusun hekayəti həqiqətdir.
«Allahın yanında qeyri-mümkün bir şey yoxdur» (LUKA 1:37)
[10-cu səhifədəki şəkil]
Yunusun təkidi ilə dənizçilər onu götürüb dənizə atdılar