Uşaqlarınızı öyrədin
Rivqa Yehovanı razı salmağa çalışırdı
HAL-HAZIRDA bəzi ölkələrdə qızlara qoyulan adlardan biri Rivqadır. Elə dünyada ən tanınmış kitab olan Müqəddəs Kitabda adı çəkilən vacib insanlardan birinin adı da Rivqadır. Onun haqqında nə isə bilirsən? ~ a Biz Rivqa haqqında öyrənməliyik, çünki onun qoyduğu gözəl nümunə bizə həqiqi Allah olan Yehovaya ibadət etməyə kömək edə bilər.
Rivqa Müqəddəs Kitabda adı çəkilən və Yehovanın həqiqi xidmətçisi olan qadınlardan ikincisidir. Bilirsən, Yehovaya sədaqətlə xidmət edən birinci qadın kim idi? ~ O, İbrahimin arvadı Sara idi. Qoca yaşında Sara yeganə oğlu İshaqın anası oldu. İndi isə gəl görək, Rivqa Yehovanı razı salmaq üçün nə edirdi və o, İshaqla necə tanış oldu.
Allahın əmri ilə İbrahimin və Saranın Xarandan çıxıb Kənan diyarına köçməsindən 60 ildən çox vaxt keçmişdi. Onlar yaşa dolanda Allah onlara İshaq adlı oğulları olacağını vəd etdi. Aydın məsələdir ki, valideynləri İshaqı çox istəyirdilər. Anası Sara 127 yaşında öləndə o, artıq yetkin yaşlarında idi və anasının ölümünə görə çox kədərlənirdi. İbrahim istəmirdi ki, oğlu İshaq Yehovaya ibadət etməyən kənanlılardan özünə arvad alsın. Buna görə də o, qulunu, ehtimal ki, Eliezeri 800 kilometr uzağa — Xaranda yaşayan qohumlarının yanına göndərdi ki, İshaq üçün arvad seçsin (Yaradılış 12:4, 5; 15:2; 17:17, 19; 23:1).
Onlar on dəvənin üzərinə azuqə və gəlin üçün hədiyyələr yükləyib yola düşdülər. Çox getdilər, az getdilər, nəhayət ki, Eliezerlə İbrahimin digər qulları Xarana çatdılar. Onlar bir quyunun başında ayaq saxladılar. Çünki Eliezer bilirdi ki, adətən, günorta çağı camaat bura ailələri və heyvanları üçün su çəkməyə gəlir. Bu vaxt o, Allaha dua etməyə başlayır. Duada o deyir ki, İshaqa seçəcəyi arvad onun içmək üçün su istəyəcəyi və cavabında: «Sən də iç, dəvələrinə də gedib su çəkim», — söyləyəcək qız olsun.
Hər şey məhz belə də oldu! «Görünüşcə çox gözəl» olan gənc Rivqa quyuya yaxınlaşır. Eliezer ondan su istəyir. Qız ona su verəndən sonra deyir: «Dəvələrin üçün də su çəkim». Bundan sonra qız dəfələrlə quyuya tərəf qaçıb oradan su çəkir. Bütün bunları maraqla izləyən Eliezer «diqqətlə qıza baxırdı». Bir təsəvvür et, on dəvəyə su içirmək üçün Rivqa quyudan nə az, nə çox, düz 1 000 litr su çəkməli idi!
Eliezer Rivqaya gözəl hədiyyələr verdi və onun İbrahimin qohumu Betuelin qızı olduğunu öyrəndi. Rivqa onu və yol yoldaşlarını evlərində «gecələməyə» dəvət etdi. Sonra isə onlardan qabaq qaçaraq evdəkilərə dedi ki, qohumları İbrahim onlara baş çəkmək üçün adamlar göndərib.
Rivqanın böyük qardaşı Lavan Eliezerin kim olduğunu və bacısına bahalı hədiyyələr verdiyini biləndə onu evlərinə dəvət etdi. Ancaq Eliezer: «Məqsədimi söyləməyincə yeməyəcəyəm», — dedi. Beləliklə, o, İbrahimin onu nəyə görə bura göndərdiyini danışdı. Betuel, arvadı və oğlu Lavan Rivqanın İshaqa ərə getməsinə razılıq verdilər.
Yeyib-içdikdən sonra Eliezer və onunla gələnlər orada gecələdilər. Səhərisi gün Eliezer dedi: «Məni ağamın yanına göndərin». Ancaq Rivqanın anası və qardaşı onlardan ‘heç olmasa on gün qalmağı’ xahiş etdilər. Rivqadan günü bu gün getmək istəyib-istəmədiyini soruşanda o: «Gedirəm», — deyə cavab verdi və vaxt itirmədən Eliezerlə birgə yola çıxdı. Uzun səyahətdən sonra onlar evlərinə çatdılar və Rivqa İshaqın arvadı oldu (Yaradılış 24:1—58, 67).
Necə düşünürsən, ola bilsin, bir daha qohum-əqrəbalarını və dost-tanışlarını görməyəcəyini bilərək onlardan uzaq bir yerə köçmək Rivqa üçün asan idi? ~ Heç də yox. Amma Rivqa Yehovanı razı salmağa çalışdığına görə xeyir-dua aldı. Məsələn, o, günah və ölümdən bizi xilas edən İsa Məsihin ulu nənəsi olmaq şərəfinə layiq görüldü. Əgər biz də, Rivqa kimi, Yehovanı razı salan işlər görsək, əmin ola bilərik ki, O, bizə də xeyir-dua verəcək (Romalılara 9:7—10).
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.
SUALLAR:
▪ Rivqa kim idi və Eliezer onu ilk dəfə harada görmüşdü?
▪ Nəyə görə İbrahim oğlu İshaqın kənanlılardan arvad almasının əleyhinə idi?
▪ Rivqa İshaqa yaxşı arvad olacağını necə göstərdi?
▪ Rivqa kimi olmaq üçün nə edə bilərik?