TƏLİM MƏQALƏSİ 1
«Gedin... şagird hazırlayın»
2020-Cİ İLİN AYƏSİ: «Gedin... şagird hazırlayın, onları... vəftiz edin» (MƏT. 28:19).
NƏĞMƏ 79 Onlara mətin olmağı öyrədək
İCMALa
1, 2. Mələk sərdabəyə yaxınlaşan qadınlara nə deyir və İsa onlara hansı göstərişi verir?
ERAMIZIN 33-cü ili, nisan ayının 16-dır. Dan yeri təzəcə sökülüb. Bir neçə mömin qadın ürək ağrısı ilə sərdabəyə doğru gedir. Ağaları İsa Məsihin cəsədi təxminən 36 saat bundan öncə həmin sərdabəyə qoyulub. Cəsədə xoş iyli otlar və ətirli yağlar vurmaq üçün sərdabəyə yaxınlaşan qadınlar heyrətdən donub qalır. Sərdabə boşdur! Bir mələk onlara görünüb İsanın dirildiyini deyir və əlavə edir: «İsa sizin qabağınızca Cəliləyə gedir, onu orada görəcəksiniz» (Mət. 28:1—7; Luka 23:56; 24:10).
2 Qadınlar sərdabədən çıxandan sonra yolda İsa özü onlara yaxınlaşır və növbəti göstərişi verir: «Gedin qardaşlarıma deyin ki, Cəliləyə getsinlər. Orada məni görəcəklər» (Mət. 28:10). Görünür, İsa şagirdlərinə vacib göstərişlər vermək istəyirdi, çünki diriləndən sonra ilk gördüyü iş şagirdləri ilə təşkil etdiyi bu görüş idi!
TAPŞIRIQ KİMLƏRƏ VERİLİB?
3, 4. Nəyin əsasında deyə bilərik ki, Mətta 28:19, 20 ayələrində yazılan göstəriş təkcə həvarilərə verilməyib? (Üz qabığındakı şəklə baxın.)
3 Mətta 28:16—20 ayələrini oxuyun. İsa Məsih təşkil etdiyi görüşdə şagirdlərinin həmin dövrdə görəcəyi vacib bir işi vurğulayır. Bu, bizim də hal-hazırda gördüyümüz işidir. O deyir: «Gedin və bütün xalqların içində şagird hazırlayın,.. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin».
4 İsa Məsih bu göstərişi təkcə 11 həvarisinə verməyib. O, bütün davamçılarının təbliğ etməsini istəyir. Nəyə görə bunu əminliklə demək olar? İsa Cəlilə dağında şagird hazırlamaq göstərişini verəndə orada təkcə həvariləri deyildi. Bunu haradan bilirik? Mələyin qadınlara dediyi sözü xatırlayın: «Onu orada [Cəlilədə] görəcəksiniz». Deməli, bu mömin qadınlar da həmin görüşdə iştirak etmişdilər. Lakin orada başqaları da var idi.
5. 1 Korinflilərə 15:6 ayəsindən nə öyrənirik?
5 Kimlər? Həvari Bulus İsanın «eyni vaxtda beş yüzdən çox qardaşa» göründüyünü qeyd edir (1 Kor. 15:6). Bu harada baş vermişdi? Bir çox səbəblərə görə belə qənaətə gəlmək olar ki, Bulus Mətta 28-ci fəsildə bəhs olunan Cəlilədəki görüşü nəzərdə tuturdu. Bunlar hansı səbəblərdir? İlk növbədə, İsanın şagirdlərinin əksəriyyəti Cəlilədən idi. Buna görə də böyük sayda insanı Yerusəlimdə kiminsə evində yox, Cəlilə dağında toplamaq daha asan olardı. İkincisi, İsa Məsih diriləndən sonra 11 həvarisi ilə Yerusəlimdə bir evdə artıq görüşmüşdü. O, təbliğ etmək və şagird hazırlamaq işini yalnız həvarilərinə tapşırmaq istəsə idi, bunu elə orada edə bilərdi; onları, həmçinin qadınları və digərlərini Cəliləyə çağırmazdı (Luka 24:33, 36).
6. Mətta 28:20 ayəsi şagird hazırlamaq işinin bizim dövrümüzə də aid olduğunu necə göstərir və bu tapşırıq hansı miqyasda yerinə yetirilir?
6 İsa Məsihin bu tapşırığı yalnız 11 həvarisinə vermədiyini göstərən üçüncü vacib səbəbə nəzər salaq. O, verdiyi göstərişi növbəti sözlərlə tamamlayır: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:20). İsa Məsihin dediyi kimi, doğrudan da, bu gün şagird hazırlamaq işində çoxlu sayda insan iştirak edir. Bir düşünün, hər il 300 000-ə yaxın insan Yehovanın Şahidi kimi vəftiz olunur və İsanın şagirdi olur!
7. Nəyi müzakirə edəcəyik və nə üçün?
7 Müqəddəs Kitabı öyrənənlərin bir çoxu inkişaf edir və vəftiz olunur. Amma müntəzəm dərs keçdiyimiz elə insanlar da var ki, Məsihin şagirdi olmağa can atmır. Öyrəndikləri onların xoşuna gəlir, amma vəftiz olunacaq qədər inkişaf etmirlər. Əgər siz kiməsə Müqəddəs Kitab dərsi keçirsinizsə, sözsüz ki, onun öyrəndiklərinə əməl etməsinə və Məsihin şagirdi olmasına kömək etmək istəyirsiniz. Bu məqalədə şagirdin ürəyinə yol tapmağın və ona ruhən böyüməyə kömək etməyin yolları göstərilir. Nə üçün bu mövzunu araşdırmaq gərəkdir? Çünki müəyyən məqamda dərsi davam etdirib-etdirməməklə bağlı qərar vermək lazım gələ bilər.
ÜRƏYƏ YOL TAPMAĞA ÇALIŞIN
8. Nə üçün bəzən şagirdin ürəyinə yol tapmaq çətin ola bilər?
8 Yehova istəyir ki, insanlar Ona sevgidən irəli gələrək ibadət etsinlər. Buna görə də məqsədimiz şagirdlərimizə Yehova üçün çox dəyərli olduqlarını və Yehovanın onları çox sevdiyini başa salmaqdır. İstəyirik ki, onlar Yehovanın «yetimlərə ata, dul qadınlara arxa» olduğunu görsünlər (Zəb. 68:5). Şagirdləriniz Yehovanın onları sevdiyini dərk etsələr, ürəklərində Ona qarşı sevgi oyanacaq. Bəzi şagirdlər üçün Yehovaya sevən Ata kimi yanaşmaq çətindir, çünki heç vaxt doğma atalarından məhəbbət və nəvaziş görməyiblər (2 Tim. 3:1, 3). Buna görə də dərs keçərkən Yehovanın gözəl xüsusiyyətlərini vurğulayın. Şagirdə izah edin ki, sevən Allah onun əbədi həyat almasını istəyir və bu yolda ona kömək etməyə hazırdır. Bəs daha nə etmək olar?
9, 10. Dərsi hansı kitablarla keçməliyik və nəyə görə?
9 «Müqəddəs Kitab təlimləri» və «Allahın məhəbbətindən heç vaxt ayrılmayaq» kitablarından istifadə edin. Bu nəşrlər şagirdin ürəyinə yol tapmağa kömək etmək məqsədilə tərtib olunub. Misal üçün, «Təlimlər» kitabının birinci fəslində bu sualların cavabları var: «Əzablar Allahın sınağıdırmı? Allah haqq-ədaləti sevir? Allahla necə dost ola bilərik?» Bəs «Allahın məhəbbətindən ayrılmayaq» kitabı barədə nə demək olar? Bu kitab sayəsində şagird öyrənəcək ki, Müqəddəs Kitab prinsiplərini tətbiq etmək onun həyatını yaxşılaşdırmağa və Yehovaya daha yaxın olmağa necə kömək edə bilər. Artıq bu kitablarla başqalarına dərs keçmiş olsanız belə, hər dərsə yaxşıca hazırlaşın ki, onu hər bir şagirdin tələbatına uyğun tətbiq edə biləsiniz.
10 Amma tutaq ki, şagirdə maraqlı olan hansısa mövzu təlim vəsaitlərimizdə yox, başqa bir nəşrimizdə müzakirə olunur. Belə halda, şagirdə həmin nəşri fərdi oxumağı məsləhət görə bilərsiniz. Beləcə, dərsi məsləhət görülən təlim vəsaitlərimiz vasitəsilə davam edə biləcəksiniz.
11. Dərsin əvvəlində və sonunda dua etməyə nə vaxtdan başlamaq lazımdır və duanın vacibliyini necə izah etmək olar?
11 Dərsi dua ilə başlayın. Adətən məsləhət görülür ki, dərsin əvvəlində və sonunda dua etməyə mümkün qədər tez başlayaq. Şagirdə izah etməliyik ki, Allahın Kəlamını yalnız müqəddəs ruhun köməyi sayəsində başa düşmək mümkündür. Bəzi təbliğçilər duanın vacibliyini Yaqub 1:5 ayəsi əsasında izah edirlər. Ayədə deyilir: «Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy... Allahdan diləsin». Sonra təbliğçi soruşa bilər: «Allahdan hikməti necə diləyə bilərik?» Çox yəqin ki, şagird dua etməyin vacibliyi ilə razılaşacaq.
12. Zəbur 139:2—4 ayələri vasitəsilə şagirdə səmimi dualar etməyə necə kömək edə bilərsiniz?
12 Şagirdə dua etməyi öyrədin. Şagirdi əmin edin ki, Yehova onun səmimi duasını dinləmək istəyir. Ona təklikdə dua edib ürəyini tamamilə Yehovaya aça biləcəyini, heç bir insana deyə bilməyəcəyi hissləri Onunla bölüşə biləcəyini izah edin. Onsuz da Yehova ən dərin fikirlərimizdən agahdır. (Zəbur 139:2—4 ayələrini oxuyun.) Şagirdi həmçinin təşviq edə bilərik ki, yanlış düşüncələrinin və pis vərdişlərinin öhdəsindən gəlmək üçün Allahdan kömək istəsin. Təsəvvür edin ki, artıq müəyyən vaxtdır dərs keçdiyiniz şəxs bütpərəst mənşəli hansısa bayramı qeyd etməyi sevir. Bunun yanlış olduğunu bilsə də, həmin bayrama aid bəzi şeylərdə hələ də iştirak edir. Onu təşviq edin ki, bununla bağlı hansı hissləri keçirdiyini Yehovaya açıq desin və Yehovanın sevdiyi şeyləri sevməsi üçün Ondan yardım diləsin (Zəb. 97:10).
13. a) Nə üçün şagirdi yığıncaq görüşünə mümkün qədər tez dəvət etməliyik? b) Şagirdin ibadət evində özünü rahat hiss etməsi üçün nə edə bilərik?
13 Şagirdi yığıncaq görüşlərinə mümkün qədər tez dəvət edin. Orada gördüyü və eşitdiyi şeylər onun ürəyinə təsir edə bilər və tərəqqi etməsinə kömək edə bilər. Şagirdə «İbadət görüşlərimiz necə keçirilir?» adlı videonu göstərin və mehribancasına sizinlə yığıncağa getməyə dəvət edin. Mümkündürsə, nəqliyyatla bağlı kömək təklif edin. Dərsi hər dəfə müxtəlif bacı-qardaşlarla keçməyin də üstün cəhəti var. Bunun sayəsində şagird yığıncaqdakı digər təbliğçiləri də tanıyacaq və ibadət görüşlərinə gələndə özünü rahat hiss edəcək.
ŞAGİRDƏ TƏRƏQQİ ETMƏYƏ KÖMƏK EDİN
14. Şagirdi ruhani cəhətdən tərəqqi etməyə nə təşviq edə bilər?
14 Məqsədimiz şagirdə ruhani cəhətdən tərəqqi etməyə kömək etməkdir (Efes. 4:13). İnsan Müqəddəs Kitab dərsi keçməyə razılıq verəndə əvvəl-əvvəl bu dərsin şəxsən ona hansı fayda gətirəcəyi barədə düşünə bilər. Amma onun Yehovaya məhəbbəti artdıqca çox yəqin ki, başqalarına, o cümlədən yığıncaqdakılara necə kömək edəcəyi haqda düşünməyə başlayacaq (Mət. 22:37—39). Münasib vaxt yarananda ona Padşahlıq işini ianələrlə dəstəkləmək imkanı barədə vurğulamağa çəkinməyin.
15. Şagirdə yaranan problemləri düzgün həll etməkdə necə kömək edə bilərik?
15 Şagirdə yaranan problemi həll etməyin yolunu öyrədin. Təsəvvür edin ki, şagirdiniz vəftiz olunmamış təbliğçidir və yığıncaqdan kiminsə onun xətrinə dəydiyini deyir. Bu zaman tərəf tutmaqdansa, yaxşı olmazdımı ki, ona Müqəddəs Kitab əsasında necə davrana biləcəyini izah edəsiniz? O, qardaşını bağışlaya bilər, yox əgər olanları unuda bilmirsə, sülh yaratmaq məqsədilə qardaşına yaxınlaşa, onunla mülayim və mehriban şəkildə danışa bilər. (Mətta 18:15 ayəsi ilə əlaqələndirin.) Şagirdə nə deyəcəyini götür-qoy etməyə kömək edin. Ona «JW Library®» proqramı, «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti və jw.org® saytı vasitəsilə problemin həll yolları ilə bağlı məsləhətlər tapmağı öyrədin. Vəftiz olunmazdan öncə nə qədər çox təlim alsa, vəftizdən sonra başqaları ilə yola getmək ona bir o qədər asan olacaq.
16. Yığıncaqdakı təbliğçiləri Müqəddəs Kitab dərsinə dəvət etməyin hansı üstünlükləri var?
16 Yığıncağınızdakı təbliğçiləri, yaxud ziyarət həftəsi zamanı rayon nəzarətçisini şagirdinizin dərsində iştirak etməyə dəvət edin. Niyə? Yuxarıda sadalanan səbəblərdən əlavə, digər təbliğçilər şagirdinizə sizin kömək edə bilməyəcəyiniz sahələrdə kömək edə bilər. Məsələn, ola bilsin, şagirdiniz bir neçə dəfə siqareti tərgitməyə cəhd edib, amma bacarmayıb. Bu vərdişin öhdəsindən gəlmiş, ola bilsin, bir neçə dəfə uğursuzluğa düçar olduqdan sonra siqareti atmağa müvəffəq olmuş bir dindaşınızı dərsə dəvət edin. Dindaşınız şagirdə ehtiyac duyduğu praktiki məsləhəti verə bilər. Əgər təcrübəli qardaşın, yaxud bacının yanında dərs keçməyə çəkinirsinizsə, həmin dərsi aparmağı ona təklif edin. Şagirdinizin hər dəfə dərs keçdiyiniz bacının və ya qardaşın təcrübəsindən yararlanmaq imkanı olur. Unutmayın ki, məqsədimiz şagirdə ruhani cəhətdən tərəqqi etməyə kömək etməkdir.
DƏRSİ DAYANDIRMAQ GƏRƏKDİR?
17, 18. Dərsi dayandırıb-dayandırmamaqla bağlı qərar verərkən nələri nəzərə almaq gərəkdir?
17 Əgər şagirdiniz həyatında dəyişikliklər etmirsə, hər hansı məqamda özünüzə bu sualı verməli olacaqsınız: «Dərsi dayandırmalıyam?» Vəziyyəti götür-qoy edərkən şagirdin qabiliyyətini nəzərə almaq gərəkdir. Bəzilərinin inkişafı digərlərinə nisbətən daha uzun çəkir. Düşünün: «Şagirdim öz vəziyyətinə görə normal surətdə inkişaf edir? Öyrəndiyi şeylərə riayət etməyə başlayıb?» (Mət. 28:20). Şagirdin inkişafı yavaş gedə bilər, amma inkişaf mütləq olmalıdır.
18 Bəs əgər müəyyən müddətdir dərs keçdiyiniz şəxsin dərsi qiymətləndirdiyi görünmürsə, onda necə? Belə bir səhnəni təsəvvür edin: Şagirdlə «Təlimlər» kitabını keçib qurtarmısınız, bəlkə də, «Allahın məhəbbətindən ayrılmayaq» kitabına başlamısınız, amma o, bir dəfə də ibadət görüşünə gəlməyib, heç anma mərasiminə də qatılmayıb! Üstəlik, tez-tez əsassız səbəblərə görə dərsi təxirə salır. Bu halda, onunla açıq danışmalısınızb.
19. Dərsləri qiymətləndirmədiyi görünən şagirdlə necə danışa bilərsiniz və bu zaman nələri nəzərə almaq lazımdır?
19 Söhbətə növbəti suallardan başlamaq olar: «Yehovanın Şahidi olmağına mane olan nədir?» Ola bilsin, o deyəcək: «Müqəddəs Kitabı öyrənmək xoşuma gəlir, amma heç vaxt Yehovanın Şahidi olmayacağam!» Əgər müəyyən müddət Müqəddəs Kitabı araşdırdıqdan sonra o belə bir fikirdədirsə, onunla dərsi davam etdirməyin bir mənası var? Digər tərəfdən, ola bilsin, şagird ilk dəfə ürəyini açıb nə üçün tərəqqi etmədiyinin səbəbini desin. Məsələn, ola bilsin, o, heç vaxt ev-ev təbliğ edə bilməyəcəyini düşünür. Onun hansı hisslər keçirdiyini öyrənəndən sonra ona kömək etmək daha asan olacaq.
20. Həvarilərin işləri 13:48 ayəsində yazılanlar dərsi davam etdirib-etdirməməklə bağlı qərar verməkdə bizə necə kömək edə bilər?
20 Əfsuslar olsun ki, bəzi şagirdlər Hizqiyalın dövründəki israillilər kimidirlər. Yehova onlar haqda Hizqiyala demişdi: «Bil ki, sən onların gözündə telli alətdə yaxşı ifa edən, məlahətli səslə sevgi nəğməsi oxuyan bir adamsan. Onlar sənin sözlərini eşidəcək, amma bir nəfər də olsun onlara əməl etməyəcək» (Hizq. 33:32). Şagirdə dərsi dayandıracağımızı demək bizə çətin gələ bilər. Lakin «artıq vaxt azalıb» (1 Kor. 7:29). Vaxtımızı tərəqqi etməyən insanlara yox, «əbədi həyata aparan yolda yeriməyə meyli» olanları axtarmağa ayırmalıyıq. (Həvarilərin işləri 13:48 ayəsini oxuyun.)
21. 2020-ci il üçün seçilmiş illik ayə hansıdır və bizə hansı sahədə kömək edəcək?
21 2020-ci il üçün seçilmiş ayə bu il ərzində şagird hazırlamaq işində necə püxtələşə biləcəyimiz üzərində düşünməyimizə kömək edəcək. Gəlin İsa Məsihin Cəlilə dağında təşkil etdiyi mühüm görüş zamanı söylədiyi sözləri unutmayaq: «Gedin... şagird hazırlayın, onları... vəftiz edin» (Mət. 28:19).
NƏĞMƏ 70 Layiqli adamları axtaraq
a 2020-ci ilin ayəsi bizi şagird hazırlamağa təşviq edir. Bu göstəriş Yehovanın bütün xidmətçilərinə şamil olunur. Müqəddəs Kitab dərsi keçdiyimiz insanların ürəyində Məsihin şagirdi olmaq istəyini necə oyada bilərik? Məqalədə dərs keçdiyimiz insanların Yehovaya yaxınlaşmasına necə kömək edə biləcəyimizi araşdıracağıq. Həmçinin dərsi davam etdirib-etdirməməklə bağlı qərarı necə verə biləcəyimizi öyrənəcəyik.
b JW televiziyasında «Tərəqqi etməyən insanla dərsi dayandırın» videosuna baxın.