TƏLİM MƏQALƏSİ 31
Dua ənamını qiymətləndirək
«Qoy Sənin önündə duam hazırlanmış buxur kimi... olsun» (ZƏB. 141:2).
NƏĞMƏ 47 Hər gün Yehovaya dua et
İCMALa
1. Yehovaya dua etmək ənamına necə yanaşmalıyıq?
BİZİM heyrətamiz bir ənamımız var — yerin və göyün Yaradanına dua edə bilərik. Bir düşünün: biz istənilən vaxt, istənilən dildə ürəyimizi Allaha boşalda bilərik, bunun üçün növbəyə yazılmaq lazım deyil. İstər xəstəxanada, istər həbsxanada dua edək, biz əminik ki, harada olsaq da, səmavi Atamız bizi eşidir. Biz bu ənama əhəmiyyətsiz yanaşmırıq.
2. Davud padşah dua ənamını qiymətləndirdiyini necə göstərmişdi?
2 Davud padşah dua ənamını çox qiymətləndirirdi. O, Yehovaya həmd söyləyərək belə demişdi: «Qoy Sənin önündə duam hazırlanmış buxur kimi... olsun» (Zəb. 141:1, 2). Davudun dövründə kahinlərin ibadət zamanı istifadə etdikləri müqəddəs buxur çox diqqətlə hazırlanırdı (Çıx. 30:34, 35). Davudun buxurdan danışması göstərir ki, səmavi Atasına duada deyəcəyi sözləri diqqətlə seçirdi. Biz də buna can atırıq. İstəyirik ki, dualarımız Allaha xoş getsin.
3. Yehovaya dua edərkən nəyi unutmamalıyıq və nəyə görə?
3 Biz Yehovaya dua edəndə bunu dərin ehtiram hissi ilə etməliyik. Unutmamalıyıq ki, Onunla tay-tuşumuzla danışdığımız kimi danışmamalıyıq. Bir anlıq Əşiyaya, Hizqiyala, Dənyala və Yəhyaya nazil olan heyrətamiz vəhylər haqqında düşünün. Bu vəhylər bir-birindən fərqli olsa da, onların ortaq cəhəti var. Onların hamısında Yehova əzəmətli bir Padşah kimi təsvir olunub. Əşiya peyğəmbər Yehovanın «möhtəşəm, uca bir taxtda» oturduğunu görmüşdü (Əşy. 6:1—3). Hizqiyal peyğəmbər Yehovanın səmavi arabasında oturduğunu və «ətrafında... göy qurşağına oxşar parıltı» olduğunu görmüşdü (Hizq. 1:26—28). Dənyal «Əzəldən Var Olan»ın «qartək bəyaz» libasda olduğunu və taxtından alov dilləri çıxdığını görmüşdü (Dən. 7:9, 10). Yəhya isə Yehovanı «zümrüdə bənzər göy qurşağı ilə» dövrələnmiş taxtda oturan görmüşdü (Vəhy 4:2—4). Yehovanın möhtəşəm əzəməti haqqında düşünmək bizə bir daha xatırladır ki, Ona dua etmək misilsiz şərəfdir və bunu böyük ehtiramla etməliyik. Bəs Allaha nə barədə dua etməyimiz məqbuldur?
«BU CÜR DUA EDİN»
4. Mətta 6:9, 10 ayələrində İsanın nümunə üçün dediyi duanın ilk sözlərindən nə öyrənirik?
4 Mətta 6:9, 10 ayələrini oxuyun. İsa Məsih Dağüstü vəzində şagirdlərinə Yehovaya məqbul şəkildə dua etməyi öyrətmişdi. İsa Məsih «bu cür dua edin» deyəndən sonra ilk növbədə Yehovanın niyyəti ilə bağlı olan vacib məqamları vurğulamışdı. Bura Yehovanın adının müqəddəs tutulması, Padşahlığının gəlməsi nəticəsində bütün düşmənlərinin məhv edilməsi, həmçinin gələcəkdə Yer kürəsi və bəşəriyyətlə bağlı nemətlər daxildir. Bu şeylər haqqında dua etməklə Allahın iradəsinin bizim üçün vacib olduğunu göstəririk.
5. Yehovaya şəxsi məsələlər haqda dua etmək olar?
5 İsa duanın növbəti hissəsində göstərdi ki, şəxsi məsələlərlə bağlı dua etmək olar. Məsələn, biz Yehovadan gündəlik ruzimizi verməsini, günahlarımızı bağışlamasını, yolumuzu azmamağa kömək etməsini, bizi Şərirdən xilas etməsini xahiş edə bilərik (Mət. 6:11—13). Biz bunlar haqda Yehovaya dua edəndə Ondan asılı olduğumuzu qəbul etmiş oluruq və Onun rəğbətini qazanmaq istədiyimizi göstəririk.
6. Biz yalnız İsanın dediyi mövzularda dua etməliyik? İzah edin.
6 İsa bu duanı nümunə olaraq öyrətmişdi. Şagirdlərinin onu sözbəsöz təkrarlamasını istəmirdi. O digər dualarında onu həmin an narahat edən mövzular haqqında dua etmişdi (Mət. 26:39, 42; Yəh. 17:1—26). Biz də eynilə bizi narahat edən istənilən mövzu barədə Yehovaya dua edə bilərik. Əgər qərar qarşısındayıqsa, Yehovadan hikmət və dərrakə diləyə bilərik (Zəb. 119:33, 34). Çətin bir təyinat icra etməliyiksə, Allahdan bəsirət istəyə bilərik (Məs. 2:6). Valideynlər uşaqları üçün, uşaqlar valideynləri üçün dua edə bilər və hər birimiz şagirdlərimiz və təbliğ etdiyimiz insanlar üçün dua edə bilərik və etməliyik də. Amma dualarımız yalnız xahişlərdən ibarət olmamalıdır.
7. Nəyə görə Yehovanı dualarımızda mədh etməliyik?
7 Dualarımızda Yehovanı mədh etməyi əsla unutmamalıyıq. Onun qədər tərifə layiq ikinci varlıq yoxdur. Yehova kəramətli və bağışlayan Allahdır. Rəhmlidir, mərhəmətlidir, səbirlidir, məhəbbəti, sədaqəti boldur (Zəb. 86:5, 15). Bəli, Yehovanı mövqeyinə və gördüyü işlərə görə mədh etmək üçün əsasımız var.
8. Nələr üçün Yehovaya minnətdarlığımızı bildirə bilərik? (Zəbur 104:12—15, 24).
8 Biz dualarımızda Yehovanı mədh etməklə yanaşı, bizə bəxş etdiyi ecazkar nemətlərə görə minnətdarlığımızı bildirməliyik. Məsələn, al-əlvan güllərə, çeşid-çeşid ləziz təamlara, ətrafımızda gözəl dostların olduğuna görə Yehovaya şükür etməliyik. Yehova bütün bunları və digər saysız nemətləri həyatdan sevinc duymağımız üçün verib. (Zəbur 104:12—15, 24 ayələrini oxuyun.) Ən əsası isə Yehovaya minnətdarıq ki, bizə bol ruhani qida və gələcəyə dair heyrətamiz ümid bəxş edib.
9. Yehovaya minnətdarlığımızı bildirməyi unutmamağa bizə nə kömək edə bilər? (1 Salonikililərə 5:17, 18).
9 Yehovanın bizim üçün etdiklərinə görə minnətdarlığımızı bildirməyi asanlıqla unuda bilərik. Bəs bunu unutmamağa bizə nə kömək edə bilər? Yehovaya etdiyimiz konkret diləklərimizi siyahıya yaza bilərik və vaxtaşırı olaraq siyahıya nəzər salıb, Yehovanın diləyimizi necə yerinə yetirdiyinə baxa bilərik. Sonra isə bu şeylərə görə Yehovaya minnətdarlığımızı bildirə bilərik. (1 Salonikililərə 5:17, 18 ayələrini oxuyun.) Kimsə bizə minnətdarlığını bildirəndə bizə çox xoş olur. Biz də Yehovaya dualarımıza cavab verdiyinə görə minnətdarlığımızı bildirəndə Onun qəlbi sevinir (Kol. 3:15). Bəs daha hansı səbəbə görə Yehovaya minnətdarlığımızı bildirmək vacibdir?
ƏZİZ OĞLUNA GÖRƏ YEHOVAYA MİNNƏTDAR OLUN
10. 1 Butrus 2:21 ayəsinə əsasən, nəyə görə Yehovaya İsa Məsihi yer üzünə göndərdiyinə görə minnətdar olmalıyıq?
10 1 Butrus 2:21 ayəsini oxuyun. Yehovaya minnətdarlığımızı bildirməliyik ki, bizə təlim verməsi üçün Öz əziz Oğlunu yer üzünə göndərmişdi. İsanın həyatı haqqında mütaliə etməyin sayəsində Yehovanı daha yaxından tanıyırıq və Onu razı salmağın yolunu öyrənirik. İsanın fidyə qurbanlığına iman etsək, Yehova ilə aramızda sülh və möhkəm dostluq münasibəti olacaq (Rom. 5:1).
11. Yehovaya etdiyimiz dualarda İsanın hansı rolu var?
11 Yehovaya şükürlər olsun ki, Oğlu vasitəsilə Ona dua edə bilirik. Yehova dualarımıza cavab vermək üçün İsadan istifadə edir. İsanın adı ilə etdiyimiz duaları Yehova dinləyir və cavablandırır. İsa bunu belə izah etmişdi: «Mənim adımla nə istəsəniz, diləyinizi yerinə yetirəcəyəm ki, Ata Oğul vasitəsilə şərəflənsin» (Yəh. 14:13, 14).
12. Yehovaya İsa Məsihə görə minnətdar olmağımızın başqa hansı səbəbi var?
12 Yehova bizim günahlarımızı İsa Məsihin fidyə qurbanlığı əsasında bağışlayır. Müqəddəs Kitabda deyilir ki, «baş kahinimiz [İsa Məsih]... göylərdə Əzəmət Sahibinin taxtının sağında əyləşib» (İbr. 8:1). O, Atanın yanında bizim «yardımçımız»dır (1 Yəh. 2:1). Yehovaya minnətdarıq ki, bizim zəifliklərimizi başa düşən, bizə «havadarlıq» edən şəfqətli Baş kahinimiz var (Rom. 8:34; İbr. 4:15). Biz günahlı insanlarıq. Buna görə də İsanın qurbanlığı olmasa idi, Yehovaya üz tutub dua edə bilməzdik. Yəqin, razılaşarsınız ki, İsa Məsih kimi qiymətli hədiyyə bəxş etdiyinə görə Yehovaya nə qədər minnətdar olsaq azdır!
BACI-QARDAŞLAR ÜÇÜN DUA EDİN
13. Ölümündən öncəki gecə İsa şagirdlərinə məhəbbətini necə göstərmişdi?
13 Ölümündən öncəki gecə İsa şagirdlərindən ötrü Yehovaya xeyli dua etdi və xahiş etdi ki, onları Şərirdən qorusun (Yəh. 17:15). İsanın özünü qarşıda çox ağır bir sınaq gözlədiyi halda, o, həvarilərinin fikrini çəkirdi. Məhəbbətin böyüklüyünə bir baxın!
14. Bacı-qardaşlarımızı sevdiyimizi necə göstərə bilərik?
14 Biz İsadan örnək alaraq təkcə öz tələbatlarımız haqqında düşünmürük, müntəzəm olaraq bacı-qardaşlar üçün də dua edirik. Bununla həm İsanın «bir-birinizi sevin» əmrinə itaət edirik, həm də Yehova dindaşlarımızı nə qədər çox sevdiyimizi görür (Yəh. 13:34). Bacı-qardaşlar üçün dua etmək vaxt itkisi deyil. Çünki Allahın Kəlamında yazılıb ki, «salehin hərarətli duasının böyük təsiri var» (Yaq. 5:16).
15. Nəyə görə dindaşlarımızın dualarımıza ehtiyacı var?
15 Dindaşlarımız çoxlu çətinliklərlə üzləşdiyi üçün onlardan ötrü dua etməyimizə ehtiyacları var. Yehovadan xahiş edə bilərik ki, onlara xəstəliklərə, təbii fəlakətlərə, müharibələrə, təqiblərə və digər çətinliklərə dözməyə kömək etsin. Həmçinin təbii fəlakətdən zərərçəkənlərə yardım işində kömək edən fədakar bacı-qardaşlar üçün də dua edə bilərik. Ola bilsin, bu cür çətinliklərlə üzləşən dindaşlarımızdan kimlərisə şəxsən tanıyırıq. Məgər dualarımızda onların adını çəkməyimiz yaxşı olmazdı? Yehovadan onlara kömək etməsini xahiş etməklə əsl qardaşlıq məhəbbətini göstərmiş oluruq.
16. Nəyə görə məsul qardaşlardan ötrü dua etməliyik?
16 Yığıncağımızdakı məsul qardaşlar onlar üçün etdiyimiz dualara görə minnətdardırlar. Onlar bu duaların böyük köməyini görürlər. Həvari Bulus da anlayırdı ki, başqalarının duasına ehtiyacı var. O belə demişdi: «Məndən ötrü... dua edin ki, danışmağa başlayanda nə demək lazımdırsa, mənə bildirilsin və mən müjdənin müqəddəs sirrini cəsarətlə bəyan edim» (Efes. 6:19). Bu gün də Yehovanın işində zəhmət çəkən çoxlu məsul qardaşlarımız var. Yehovadan onlara kömək etməsini xahiş edəndə onlara məhəbbətimizi göstəririk.
BAŞQALARININ ADINDAN DUA EDƏRKƏN NƏYİ NƏZƏRƏ ALMALIYIQ?
17, 18. Hansı hallarda başqalarının adından dua etmək lazım gəlir və biz nəyi nəzərə almalıyıq?
17 Bəzən bizə başqalarının adından dua etmək lazım gəlir. Məsələn, bacı şagirdinin dərsini keçmək üçün dəvət etdiyi əməkdaşından dua etməyi xahiş edə bilər. Dəvət olunan bacı, ola bilsin, şagirdi yaxşı tanımadığı üçün dərsin əvvəlində yox, sonunda dua etməyə üstünlük versin. Beləcə, o, şagird üçün duada nə deməli olduğunu daha yaxşı biləcək.
18 Qardaşlar yığıncaqda və təbliğ görüşündə hamının adından dua edirlər. Belə bir şərəfə layiq görülən qardaş görüşün məqsədini nəzərə alaraq dua etməlidir. Dua yığıncağa məsləhət vermək və ya elanlar etmək üçün deyil. Adətən yığıncaqda dua ilə nəğməyə cəmi beş dəqiqə vaxt ayrılır. Buna görə, xüsusilə də görüşün əvvəlində dua edən qardaş «çox söz» deməməlidir (Mət. 6:7).
DUAYA HƏYATINIZDA ÜSTÜNLÜK VERİN
19. Nəyin sayəsində Yehovanın hökm gününə hazır ola bilərik?
19 Yehovanın hökm günü yaxınlaşdığı üçün dua həyatımızda həmişəkindən də vacib yeri tutmalıdır. Bununla bağlı İsa Məsih demişdi: «Oyaq durun və hər zaman Allaha yalvarın ki, baş verəcək bu hadisələrdən qurtulasınız» (Luka 21:36). Bəli, daima dua etmək bizə kömək edəcək ki, ruhən oyaq qalaq və Allahın günü bizi qəfil yaxalamasın.
20. Dualarımızın «xoş ətirli buxur» kimi olması üçün nə edə bilərik?
20 Biz bu məqalədən nə öyrəndik? Yehovaya dua etmək bizim üçün böyük şərəfdir. Biz bunu çox qiymətləndiririk. Duamızda birbaşa Yehovanın niyyəti ilə bağlı mövzulara əsas yeri verməliyik. Həmçinin Yehovaya duamızda Oğluna və onun Padşahlığı idarə etdiyinə görə minnətdarlığımızı bildirməliyik. Eləcə də, dindaşlarımız üçün dua etməyi unutmamalıyıq və əlbəttə ki, özümüzün fiziki və ruhani tələbatları üçün dua edə bilərik. Biz duada deyəcəyimiz sözləri diqqətlə seçəndə bu heyrətamiz ənamı qiymətləndirdiyimizi göstəririk. Onda dualarımız «ətirli buxur» kimi Yehovaya xoş gedəcək (Məs. 15:8).
NƏĞMƏ 45 Qəlbimdəki düşüncələr
a Yehovaya çox minnətdarıq ki, bizə Ona dua etməyə izin verib. Biz istəyirik ki, dualarımız ətirli buxur kimi Ona xoş olsun. Bu məqalədə biz nələr barədə dua etməyin Yehovaya məqbul olduğu haqda danışacağıq. Həmçinin başqalarının qarşısında dua edərkən diqqət yetirməli olduğumuz bəzi məqamları nəzərdən keçirəcəyik.
b ŞƏKLİN İZAHI. Ər arvadı ilə birgə uşağının məktəbdə sağ-salamat olması, yaşlı valideynlərinin səhhəti və şagirdlərinin ruhani inkişafı üçün dua edir.
c ŞƏKLİN İZAHI. Gənc qardaş İsa Məsihin fidyə qurbanlığına, gözəl planetimizə və faydalı qidalara görə Yehovaya minnətdarlığını bildirir.
d ŞƏKLİN İZAHI. Bacı dua edir ki, Yehova Rəhbərlik Şurasındakı qardaşlara müqəddəs ruh versin və onlar təbii fəlakətlər və təqiblər ucbatından əziyyət çəkən bacı-qardaşlara dayaq ola bilsinlər.