FƏSİL 17
Dua
1, 2. Nəyə görə demək olar ki, dua əvəzsiz nemətdir? Nəyə görə Müqəddəs Kitabda dua barədə yazılanları bilmək vacibdir?
UCSUZ-BUCAQSIZ Kainatla müqayisədə Yer kürəsi kiçik bir zərrəcikdir. Yehova Allahın gözündə yer üzündə yaşayan bütün xalqlar, bütün insanlar bir damla su kimidir (Zəbur 115:15; Əşiya 40:15). İnsan Kainatda çox kiçik bir varlıq olsa da, «Yehova Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır. Ondan qorxanları muradına çatdırar, fəryadlarını eşidər, onları qurtarar» (Zəbur 145:18, 19). Bizə necə də böyük şərəf nəsib olub! Yerin-göyün yaradanı Yehova Allah bizə yaxın olmaq istəyir, O, bizim dualarımızı eşitməyə hazırdır. Bəli, dua etmək şərəfdir, Yehova Allahın hər bir insana bəxş etdiyi əvəzsiz nemətdir!
2 Amma Yehova Allah yalnız bir halda duanı eşidir — əgər insan Onun istədiyi kimi dua edirsə. Bəs Allah bizim necə dua etməyimizi istəyir? Gəlin görək Müqəddəs Kitabda dua barədə nə yazılıb.
DUA ETMƏK NƏ ÜÇÜN VACİBDİR?
3. Dua etmək nə üçün vacibdir?
3 Yehova Allah Ona dua etməyimizi, yəni Onunla ünsiyyət qurmağımızı istəyir. Zəhmət olmasa, Filippililərə 4:6, 7 ayələrini oxuyun. Təsəvvür edirsiniz, Kainatın Yaradanı bizi dua etməyə çağırır, bizimlə yaxından maraqlanır, istəyir ki, ürəyimizi Ona boşaldaq, Ona dərdimizi danışaq!
4. Müntəzəm dua etmək Allahla dostluğumuza necə təsir edir?
4 Dua Allahla dostluq münasibətlərimizi möhkəmləndirir. Dostlar bir-biri ilə müntəzəm ünsiyyət edəndə, öz hisslərini, fikirlərini, narahatçılıqlarını bölüşəndə dostluq telləri daha da möhkəm olur. Yehovaya dua etmək də eyni bəhrəni gətirir. Allah Müqəddəs Kitab vasitəsilə bizə Öz fikirlərini, hisslərini çatdırır, gələcəklə bağlı niyyətini açır. Biz isə müntəzəm dua etməklə ən məhrəm hisslərimizi Onunla bölüşə bilərik. Beləcə, Yehova Allahla dostluq bağlarımız getdikcə daha da sıx olacaq (Yaqub 4:8).
ALLAH HANSI DUALARI EŞİDİR?
5. Haradan bilirik ki, Yehova Allah bütün duaları eşitmir?
5 Demək olarmı ki, Allah bütün duaları eşidir? Xeyr. Məsələn, Əşiya peyğəmbər vasitəsilə Yehova Allah xalqına demişdi: «Nə qədər dua edirsiniz edin, sizi eşitmirəm; əlləriniz büsbütün qana batıb» (Əşiya 1:15). Bəli, ehtiyatlı olmasaq, elə bir şeyə yol verərik ki, Yehova Allahla aramızda uçurum yaranar və nəticədə, Allah bizim dualarımızı qəbul etməz.
6. İman etmək nə dərəcədə vacibdir? İmanımızı necə göstərməliyik?
6 Allahın dualarımızı qəbul etməsini istəyiriksə, Ona iman etmək fərzdir, mütləqdir (Mark 11:24). Müqəddəs Kitabda yazılıb: «İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil, çünki Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır» (İbranilərə 11:6). Lakin sadəcə iman gətirmək azdır. İmanımızı hər gün Yehova Allaha itaət etməklə təsdiq etməliyik. (Yaqub 2:26 ayəsini oxuyun.)
7. a) Yehova Allaha dua edəndə nəyə görə təvazökar və hörmətcil olmalıyıq? b) Duanın səmimi olduğu nədən görünür?
7 Yehova Allaha dua edəndə təvazökar və hörmətcil olmalıyıq. Bu çox vacibdir. Təsəvvür edin ki, siz dövlət başçısının qəbuluna getmisiniz. Təbii ki, siz onunla hörmətlə danışacaqsınız. Qadir Allah Yehovaya müraciət edəndə biz daha böyük hörmət göstərməliyik və Onun yanında özümüzü aşağı tutmalıyıq (Yaradılış 17:1; Zəbur 138:6). Səmimi şəkildə və ürəkdən dua etmək də mütləqdir, hər gün eyni sözləri təkrar-təkrar söyləmək, başa düşmədiyimiz dildə dua etmək və ya duanı dua kitablarından oxumaq düzgün deyil (Mətta 6:7, 8).
8. Duamıza cavab almaq istəyiriksə, nə etməliyik?
8 Həmçinin duada Yehova Allahdan nə isə istəmişiksə, var-gücümüzlə çalışmalıyıq ki, duamıza uyğun hərəkət edək. Məsələn, Yehovaya ehtiyaclarımızla bağlı dua etmişiksə, tənbəllik etməməliyik, oturub gözləməməliyik ki, Yehova bizi hər şeylə təmin edəcək. Necə deyərlər, «səndən hərəkət, məndən bərəkət». Biz zəhmətkeş olmalı və hər işi görməyə hazır olmalıyıq (Mətta 6:11; 2 Salonikililərə 3:10). Yaxud, ola bilsin, Yehovaya dua etmişik ki, hansısa pis hərəkətdən əl çəkməyə bizə kömək etsin. Duamıza cavab almaq üçün bizi bu hərəkətə sövq edən vəziyyətlərdən qaçmalıyıq (Koloslulara 3:5). İndi isə gəlin dua ilə bağlı əksər insanları maraqlandıran suallara cavab tapmağa çalışaq.
DUA İLƏ BAĞLI İNSANLARI MARAQLANDIRAN SUALLAR
9. Kimə dua etməliyik? Yəhya 14:6 ayəsindən dua ilə bağlı nə öyrənirik?
9 Kimə dua etmək lazımdır? İsa Məsih davamçılarına «göylərdə olan Atamız»a dua etməyi öyrətmişdi (Mətta 6:9). Həmçinin o demişdi: «Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6). Odur ki, Allaha İsa Məsihin adı ilə dua etmək lazımdır. Bu nə deməkdir? Yəni dualarımızın qəbul olunmağını istəyiriksə, Allahın Məsihə tapşırdığı vəzifəyə hörmətlə yanaşmalıyıq. Artıq bildiyimiz kimi, İsa Məsih bizi günahın və ölümün əlindən qurtarmaq üçün Yehova Allahın buyruğu ilə yer üzünə gəlmişdi (Yəhya 3:16; Romalılara 5:12). Yehova Allah onu həmçinin Hakim və günahlarımızın əfvinə yol açan Baş kahin təyin edib (Yəhya 5:22; İbranilərə 6:20).
10. Duanın xüsusi duruş qaydası varmı? İzah edin.
10 Duanın xüsusi duruş qaydası varmı? Yehova Allah tələb etmir ki, mütləq ayaq üstə, oturaq vəziyyətdə və ya diz üstə dua edək. Əsas odur ki, duruşumuz hörmətcil tərzdə olsun (1 Salnamələr 17:16; Nəhəmya 8:6; Dənyal 6:10; Mark 11:25). Yehova Allah üçün mühüm olan bizim duruş tərzimiz yox, Ona bəslədiyimiz münasibətdir. Allaha istənilən yerdə, günün istənilən vaxtında dua etmək olar. Duanı həm ucadan, həm də ürəkdə etmək olar. Yehova Allah ürəkdə edilən duaları da eşidir (Nəhəmya 2:1—6).
11. Allaha nə haqda dua edə bilərik?
11 Nə haqda dua etmək olar? Allaha xoş gedən hər şey barədə dua etmək münasibdir. Müqəddəs Kitabda deyilir: «Onun iradəsinə müvafiq nə diləyiriksə, O eşidir» (1 Yəhya 5:14). Bəs şəxsi məsələlər barədə dua etmək olar? Əlbəttə. Duanı iki yaxın dostun söhbətinə bənzətmək olar. Biz Allaha bütün fikirlərimizi, ürəyimizdən keçən bütün hissləri açıb danışa bilərik (Zəbur 62:8). Duada müqəddəs ruh istəyə bilərik ki, Onu razı salan tərzdə hərəkət etməyə bizə kömək etsin (Luka 11:13). Həmçinin Allahdan düzgün qərarlar vermək üçün hikmət, çətinlikləri aşa bilmək üçün güc istəmək olar (Yaqub 1:5). Eləcə də biz dua edib Allahdan günahlarımızı bağışlamasını diləməliyik (Efeslilərə 1:3, 7). Başqaları üçün, məsələn, ailə üzvlərimiz, yığıncaqdakı bacı-qardaşlar üçün də dua etməyi unutmamalıyıq (Həvarilərin işləri 12:5; Koloslulara 4:12).
12. Ən əsas nə haqda dua etmək lazımdır?
12 Ən əsas nə haqda dua etmək lazımdır? Bu sualın cavabını İsa Məsihin şagirdlərinə nümunə olaraq öyrətdiyi duadan tapmaq olar. (Mətta 6:9—13 ayələrini oxuyun.) Duamızın əsas mövzusu Yehova Allah və Onun niyyəti olmalıdır. Duada bizə etdiyi bütün yaxşılıqlara görə Allaha şükür etməliyik (1 Salnamələr 29:10—13). İsa demişdi ki, şagirdləri, ilk növbədə, Allahın adının müqəddəs tutulması barədə dua etməlidirlər. Sonra isə onlar Allahın Padşahlığının gəlməsi və Onun iradəsinin bütün dünyada yerinə yetməsi üçün dua etməli idilər. İsa peyğəmbərin sözlərinə əsasən, yalnız bu vacib xahişlərdən sonra şəxsi ehtiyaclarımız barədə dua etməliyik. Duamızın əsas mövzusu Yehova Allah və Onun iradəsi olsa, bundan görünəcək ki, həyatımızda ən əsas şey Allahla münasibətdir.
13. Dua nə qədər çəkməlidir?
13 Dua nə qədər çəkməlidir? Müqəddəs Kitabda bu barədə dəqiq heç nə yazılmayıb. Vəziyyətdən asılı olaraq, dualarımız uzun və ya qısa ola bilər. Məsələn, yeməkdən qabaq qısa dua etmək münasib olar. Şükranlarımızı bildirəndə, narahatçılıqlarımızı danışanda isə duamız daha uzun çəkə bilər (1 İşmuil 1:12, 15). Amma Məsihin dövründə yaşayan bəzi dindarlar kimi, başqalarının gözünə girmək üçün uzun-uzadı dua etməməliyik (Luka 20:46, 47). Bu cür dualar Yehova Allaha xoş getmir, Onun üçün əsas odur ki, dualarımız ürəkdən gəlsin.
14. Gündə neçə dəfə dua etmək lazımdır? Bu sualın cavabı bizə Yehova haqda nə öyrədir?
14 Gündə neçə dəfə dua etmək lazımdır? Yehova Allah bizləri tez-tez dua etməyə səsləyir. Allahın Kəlamında deyilir: «Daima dua edin», «Həmişə dua edin» (Mətta 26:41; Romalılara 12:12; 1 Salonikililərə 5:17). Yaradanımız həmişə bizi dinləməyə hazırdır. Bizə bəslədiyi məhəbbətə və göstərdiyi səxavətə görə hər gün Ona minnətdarlığımızı söyləyə bilərik. Ondan güc-qüvvət, təsəlli istəyə bilərik, xahiş edə bilərik ki, bizə yol göstərsin. Dua etmək şərəfini, doğrudan da, qiymətləndiririksə, Xaliqimizlə ünsiyyətdə olmaq üçün hər fürsətdən istifadə edəcəyik.
15. Nəyə görə duanın sonunda «amin» demək lazımdır?
15 Nəyə görə duanın sonunda «amin» demək lazımdır? «Amin» sözünün mənası «mütləq» və ya «qoy belə olsun» deməkdir. Duanın sonunda «amin» deməklə duamızın səmimi olduğunu, ürəkdən gəldiyini göstəririk (Zəbur 41:13). Müqəddəs Kitaba əsasən, kimsə başqalarının adından dua edəndə sonda ya ucadan, ya da ürəkdə «amin» demək olar. Bununla duada deyilən sözlərlə razı olduğumuzu bildiririk (1 Salnamələr 16:36; 1 Korinflilərə 14:16).
ALLAH DUALARA NECƏ CAVAB VERİR?
16. Nəyə əsasən deyə bilərik ki, Allah dualarımıza cavab verir?
16 Müqəddəs Kitabda deyilir ki, Yehova «duaları eşidən» Allahdır (Zəbur 65:2). O, milyonlarla insanın səmimi duasını eşidir və müxtəlif yollarla onların duasına cavab verir.
17. Allah mələkləri və yer üzündəki qulluqçuları vasitəsilə dualarımıza necə cavab verir?
17 Allah bizim dualarımıza mələkləri və yerdəki qulluqçuları vasitəsilə cavab verir (İbranilərə 1:13, 14). Dəfələrlə olub ki, insanlar Müqəddəs Kitabı başa düşmək üçün Allahdan kömək istəyib və qısa müddət sonra Yehovanın Şahidləri onların qapısını döyüb. Müqəddəs Kitab göstərir ki, mələklər müjdənin yayılmasında fəal iştirak edirlər. (Vəhy 14:6 ayəsini oxuyun.) Həmçinin çoxlarımız hansısa problemimiz və ya ehtiyacımız barədə Yehovaya dua etmiş və məsihi bacı-qardaşlarımızdan lazım olan köməyi almışıq (Məsəllər 12:25; Yaqub 2:16).
18. Allah dualarımıza daha necə cavab verir?
18 Allah dualarımıza daha necə cavab verir? Problemlərimizi həll etmək üçün kömək istəyəndə O, müqəddəs ruhu ilə bizə yol göstərir, güc verir (2 Korinflilərə 4:7). Həmçinin müəyyən məsələ ilə bağlı qərar verməli olanda Allah Müqəddəs Kitab vasitəsilə bizə kömək edir. Məsələn, Müqəddəs Kitabı oxuyanda köməyimizə çatan bir ayə rastımıza çıxa bilər. Yaxud Yehova Allah hansısa bacı və ya qardaşı təşviq edə bilər ki, ibadət görüşü zamanı şərhində bizə lazım olan fikri söyləsin. Müqəddəs Kitabdan köməyimizə çatacaq fikri ağsaqqalın dilindən də eşidə bilərik (Qalatiyalılara 6:1).
19. Allahın dualarımıza cavab vermədiyini düşünəndə nəyi yadda saxlamalıyıq?
19 Amma hərdən bizə elə gələ bilər ki, Yehova dualarımıza cavab vermir. Yadda saxlayın, Allah duamıza nə vaxt və necə cavab verməyi yaxşı bilir. O, bilir bizə nə lazımdır. Bəzən israrla dua etmək lazım gələ bilər. Bu göstərəcək ki, biz Allahın duamıza cavab verəcəyinə əminik və istədiyimiz şey bizim üçün, doğrudan da, vacibdir (Luka 11:5—10). Hərdən Yehova duamıza gözləmədiyimiz şəkildə cavab verir. Tutalım, dara düşmüşük və dua edib Yehovadan bu problemi aradan qaldırmağı xahiş edirik. Amma Yehova problemi aradan qaldırmır, bu çətinliyə dözməyə güc verir. (Filippililərə 4:13 ayəsini oxuyun.)
20. Nəyə görə Yehovaya tez-tez dua etməliyik?
20 Yehova Allaha dua etmək, doğrudan da, böyük şərəfdir! Biz əminik ki, O, dualarımızı eşidir (Zəbur 145:18). Yaradana nə qədər tez-tez ürəkdən dua etsək, Onunla dostluğumuz bir o qədər möhkəm olacaq.