Güclü zəlzələlər haqda Müqəddəs Kitabda nə peyğəmbərlik edilib?
Hər il on minlərlə zəlzələ baş verir. Bu zəlzələlərin əksəriyyəti güclü olmur. Güclü zəlzələlər isə böyük dağıntılara, iztirablara və insan tələfatına, bəzən isə sahilyanı əraziləri yuyub-aparan sunamilərə səbəb olur. Müqəddəs Kitabda güclü zəlzələlərin olacağı peyğəmbərlik edilib?
Bu məqalədə
Zəlzələlərin olacağı Müqəddəs Kitabda peyğəmbərlik edilib?
Müqəddəs Kitabda zəlzələlər haqqında İsa Məsihin söylədiyi peyğəmbərlikdə deyilir. Bu peyğəmbərlik Müqəddəs Kitabın üç bölməsində qeydə alınıb:
«Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq» (Mətta 24:7).
«Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada zəlzələlər və qıtlıq olacaq» (Mark 13:8).
«Güclü zəlzələlər olacaq, gah burada, gah orada qıtlıqlar və xəstəliklər olacaq» (Luka 21:11).
Beləliklə, İsa peyğəmbərlik etmişdi ki, müharibələr, qida qıtlığı və epidemiyalarla yanaşı, «gah burada, gah orada» «güclü zəlzələlər olacaq». Bu hadisələr Müqəddəs Kitabda «dövrün [yekunu]» və ya «[axırzaman]» adlandırılan zamanın əlamətləridir (Mətta 24:3; 2 Timutiyə 3:1). Müqəddəs Kitab xronologiyasına əsasən, «axırzaman» 1914-cü ildə başlayıb və hələ bitməyib.
Bu gün baş verən zəlzələlər həmin peyğəmbərliyin yerinə yetməsinin sübutudur?
Bəli. İsanın peyğəmbərlikləri, o cümlədən zəlzələlər haqda peyğəmbərliyi bu gün baş verən hadisələrə uyğun gəlir. 1914-cü ildən etibarən iki milyondan çox insanın ölümünə səbəb olan 1950-dən çox güclü zəlzələ oluba. İyirmi birinci əsrdə baş vermiş bir neçə zəlzələyə baxaq.
2004-cü il. Hind okeanı. 9.1 bal gücündə olan zəlzələ ondan çox ölkəyə ziyan vuran və təxminən 225 000 insanın həyatına son qoyan sunaminin əmələ gəlməsinə səbəb oldu.
2008-ci il. Çin. 7.9 bal gücündə olan zəlzələ kəndləri və şəhərləri yerlə yeksan etdi. Hesablamalara görə, 90 000 insan həyatını itirdi. Təxminən 375 000 nəfər xəsarət aldı və milyonlarla insan evsiz qaldı.
2010-cu il. Haiti. 7 bal gücündə olan zəlzələ və bunun ardınca baş vermiş bir neçə güclü təkan nəticəsində 300 000-dən çox insan tələf oldu, bir milyondan çox insan isə evsiz qaldı.
2011-ci il. Yaponiya. 9 bal gücündə olan zəlzələ və onun səbəb olduğu sunami təxminən 18 500 nəfərin həyatına son qoydu və yüz minlərlə insan evsiz qaldı. Fukusima atom elektrik stansiyasına zərər dəydi və radioaktiv maddələr ətrafa sızdı. Hadisənin üstündən on il keçsə də, stansiyanın yaxınlığında yaşayan təxminən 40 000 insan bu günədək evlərinə qayıda bilməyib, çünki radiasiya səviyyəsi hələ də yüksək olaraq qalır.
Zəlzələlər barədə Müqəddəs Kitab peyğəmbərliyinin bizim üçün hansı əhəmiyyəti var?
Zəlzələlər barədə Müqəddəs Kitab peyğəmbərliyi yaxın gələcəkdə baş verəcək hadisələrdən xəbər verir. İsa demişdi: «Bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxındadır» (Luka 21:31).
Müqəddəs Kitabda izah olunur ki, Allahın Padşahlığı göydə qurulmuş real hökumətdir. Onun padşahı İsa Məsihdir. İsa Məsih davamçılarına məhz bu Padşahlıq haqqında dua etməyi öyrətmişdi (Mətta 6:10).
Allahın Padşahlığı bütün yer üzünü idarə edəndə Allah təbii fəlakətlərə, o cümlədən zəlzələlərə son qoyacaq və onlar bir daha insanlara zərər vurmayacaq (Əşiya 32:18). Ən əsası isə, Allah indiki zəlzələlərin insanlara vurduğu fiziki və emosional yaraları sağaldacaq (Əşiya 65:17; Vəhy 21:3, 4). Əlavə məlumat üçün «Allahın Padşahlığı nələri həyata keçirəcək?» adlı məqaləyə baxın.
a Statistika ABŞ-ın Milli Geofizika Məlumat Mərkəzinin Güclü Zəlzələlərin Qlobal Məlumat Bazasından götürülüb.