Allahın Padşahlığı yer üzünü nə zaman idarə edəcək?
İsa Məsihin davamçılarından bəziləri Allahın Padşahlığının nə zaman idarə etməyə başlayacağını bilmək istəmişdi. İsa onların sualının cavabında demişdi ki, Padşahlığın Yer kürəsini idarə edəcəyi vaxtı dəqiq bilməyəcəklər (Həvarilərin işləri 1:6, 7). Amma bundan əvvəl Məsih onlara demişdi ki, gələcəkdə bir sıra hadisələrin eyni vaxtda baş verdiyini görəndə davamçıları biləcək ki, «Allahın Padşahlığı yaxındadır» və tezliklə dünyanı idarə edəcək (Luka 21:31).
İSA MƏSİH HANSI HADİSƏLƏRİN OLACAĞINI DEMİŞDİ?
İsa Məsih demişdi: «Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Güclü zəlzələlər olacaq, gah burada, gah orada qıtlıqlar və xəstəliklər olacaq» (Luka 21:10, 11). Cizgilər barmaq izini təşkil etdiyi kimi, bu hadisələrin də hamısı birlikdə aydın əlaməti təşkil edir. Həmçinin barmaq izi insanı tanıtdığı kimi, eyni vaxtda baş verən bu hadisələr də, Allahın Padşahlığının yaxında olduğunu göstərir. Nə vaxtsa bu hadisələrin hamısı birlikdə və ümumdünya miqyasda baş verib? Gəlin faktlara baxaq.
1. MÜHARİBƏLƏR
1914-cü ildə bəşər tarixində heç vaxt görünməmiş miqyasda müharibə başladı. Tarixçilər 1914-cü ili tarixin dönüş nöqtəsi adlandırırlar, çünki ilk dəfə dünya müharibəsi həmin ildə başladı. O müharibədə ilk dəfə tanklardan, bombalardan, pulemyotlardan, zəhərli qazlardan və digər öldürücü silahlardan geniş miqyasda istifadə olunmuşdu. Bu müharibədən sonra ikinci dəfə dünya müharibəsi baş verdi. İkinci dünya müharibəsində isə ilk dəfə nüvə silahlarından istifadə olundu. 1914-cü ildən bəri gah bir yerdə, gah da başqa yerdə müharibələr səngimək bilmir. Bu müharibələrdə milyonlarla insan həlak olub.
2. ZƏLZƏLƏLƏR
Bir ensiklopediyaya əsasən, hər il ciddi dağıntılara səbəb olan təxminən 100 güclü zəlzələ baş verir («Britannica Academic»). ABŞ Geoloji Hesabatının məlumatına əsasən, «artıq uzun müddətdir ki, (1900-cü ildən) biz təxminən 16 böyük zəlzələ gözləyirik. Bu, istənilən il baş verə bilər». Baxmayaraq ki, bəzi alimlərin fikrincə, zəlzələlərin sayı artmayıb, sadəcə onları qeydə almaq hazırda daha asan olduğu üçün belə təəssürat yaranır, amma bir fakt var ki, dünyada baş verən böyük zəlzələlər görünməmiş miqyasda iztirablara və insan həyatına bais olur.
3. QITLIQLAR
Bütün dünyada qıtlıqlar çox vaxt müharibələr, korrupsiya, iqtisadi böhran, kənd təsərrüfatının düzgün idarə olunmaması, kəskin hava şəraitinə hazırlıqsızlıq ucbatından baş verir. Dünya Qida Proqramının 2018-ci il hesabatında deyilir: «Bütün dünyada 821 milyon insan ac qalır. 124 milyon insan isə şiddətli aclıq çəkir». Kifayət qədər qidalanmadığı üçün hər il təxminən 3,1 milyon uşaq həyatını itirir. Bu isə bütün dünyada uşaq ölümünün təxminən 45 faizini təşkil edir.
4. XƏSTƏLİKLƏR VƏ EPİDEMİYALAR
Ümumdünya Səhiyyə Təşkilatının nəşrində deyilir: «XXI əsrdə böyük epidemiyalar artıq özünü göstərib. Köhnə xəstəliklər — xolera, vəba, sarı qızdırma xəstəliyi qayıdıb və yeni xəstəliklər — ağır kəskin respirator sindromu, qrip, Yaxın Şərq respirator sindromu, ebola, zika kimi xəstəliklər yaranıb». Ən sonuncusu isə COVID-19 pandemiyasıdır. Baxmayaraq ki, alimlər və həkimlər xəstəliklər barədə çox şey öyrənib, amma hələ də bütün xəstəliklərə şəfa tapa bilmirlər.
5. ÜMUMDÜNYA TƏBLİĞ İŞİ
İsa Məsih əlamətin digər bir hissəsini göstərərək peyğəmbərlik etmişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14). Dünyadakı təlatümlü vəziyyətə baxmayaraq, bütün millətlərdən olan səkkiz milyondan çox insan Allahın Padşahlığı haqqında müjdəni 240 ölkədə təxminən 1000-dən çox dildə təbliğ edir. Bəşər tarixində belə bir hadisə heç vaxt baş verməyib.
ƏLAMƏT BİZİM ÜÇÜN HANSI MƏNANI KƏSB EDİR?
Əlaməti təşkil edən hadisələr bu gün gözümüzün qabağında baş verir. Bəs bunun bizə hansı aidiyyəti var? İsa Məsih demişdi: «Bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxındadır» (Luka 21:31).
İsa Məsihin dediyi əlamət, o cümlədən Müqəddəs Kitab xronologiyası sayəsində başa düşürük ki, Allah Padşahlığını göydə 1914-cü ildə təsis etmişdia. Həmin vaxt O, İsa Məsihi Padşah taxtına çıxarmışdı (Zəbur 2:2, 4, 6—9). Tezliklə Allahın Padşahlığı yer üzünü idarə edəcək və bütün rəqib hökumətləri məhv edib, Yer kürəsini insanların əbədi yaşaması üçün cənnətə çevirəcək.
Tezliklə, İsa Məsihin öyrətdiyi duanın sözləri, «qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» sözləri çin olacaq (Mətta 6:10). Bəs 1914-cü ildə təsis olunandan bəri səmavi Padşahlıq hansı işləri görüb? Səmavi Padşahlıq bütün bəşəriyyət üzərində hakimiyyət sürəndə həyat necə olacaq?
a 1914-cü illə bağlı ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Əbədi xoşbəxt həyat!» kitabının 32-ci dərsinə baxın.