Cümə, 4 oktyabr
Allahımız Yehovada haqsızlıq... yoxdur (2 Saln. 19:7).
Yehovanın çıxardığı hökm həmişə ədalətlidir. O, tamamilə qərəzsizdir. Yehova insanı var-dövlətinə, mövqeyinə, bacarığına, qara qaşına-qara gözünə görə bağışlamır (1 İşm. 16:7; Yaq. 2:1—4). Heç kəs Ona təzyiq göstərə bilməz, rüşvət verə bilməz. Yehovanın qərarları nə qəzəbdən irəli gəlir, nə də ürəyi yumuşaqlıqdan (Çıx. 34:7). Bəli, əngin hikmətə, iti bəsirətə sahib olduğu üçün Yehova ən yaxşı Hakimdir (Qan. 32:4). Tövratı qələmə alanlar Yehovanın əfvinin bənzərsiz olduğunu anlayırdılar. Onların istifadə etdikləri bir ibrani sözü ilə bağlı bir mənbədə maraqlı fikir vurğulanır: «Bu söz yalnız Allahın günah işləyən insanı bağışlamasına aid işlənir. Bu söz heç vaxt məhdud və cüzi ölçüdə olan əfvə, yəni insanın insanı bağışlamasına aid işlənmir». Günah işləyən insanı bütövlüklə bağışlamağa yalnız Allahın səlahiyyəti var. w22.06 s. 4—5, abz. 10, 11
Şənbə, 5 oktyabr
Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz (Məs. 22:6).
Əgər övladınızı tək böyüdürsünüzsə, yaxud həyat yoldaşınız imanınıza şərik deyilsə, əmin olun ki, sizin nümunəniz başqalarını gücləndirir və ruhlandırır. Bəs əgər zəhmətinizin heç bir bəhrə vermədiyini düşünürsünüzsə, onda necə? Unutmayın ki, uşağınıza Yehovanı sevməyi bir günün içində öyrədə bilməzsiniz. Məsələn, toxum əkəndə, ola bilsin, narahat olursunuz ki, görəsən, o, bəhrə gətirəcək, ya yox. Nəticə sizdən asılı olmasa da, bitkini sulamağa davam etməklə onun böyüməsi üçün mümkün olan ən yaxşı şəraiti yaratmış olacaqsınız (Mark 4:26—29). Bir ana kimi, siz də bəzən narahat olursunuz ki, görəsən, dedikləriniz övladlarınızın ürəyinə təsir edir, ya yox? Siz onların yerinə qərar verə bilməzsiniz. Amma onlara Yehovanın təlim-tərbiyəsini vermək üçün əlinizdən gələni etsəniz, ruhən inkişaf etmələri üçün mümkün olan ən yaxşı şəraiti yaradarsınız. w22.04 s. 19—21, abz. 16, 17
Bazar, 6 oktyabr
Əcəldən qabaq qürur, süqutdan öncə təkəbbür gələr (Məs. 16:18).
Süleyman padşah Yehovaya sadiq qaldığı vaxtlarda özünə düzgün qiymət verirdi. O, gəncliyində, hakimiyyətinin ilk illərində başa düşürdü ki, təcrübəsizdir, buna görə də Yehovadan rəhbərlik istəmişdi (1 Pad. 3:7—9). Süleyman həm də dərk edirdi ki, qürur təhlükəlidir. Amma əfsuslar olsun ki, Süleyman padşah verdiyi məsləhətə özü əməl etmədi. Sonralar o qürurlandı və Allahın qanunlarına itaətsizlik etdi. Məsələn, Allahın qanunlarının birində deyilirdi ki, ibrani padşah «çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər» (Qan. 17:17). Süleyman padşah bu qanuna məhəl qoymayıb, 700 arvad və 300 cariyə aldı (1 Pad. 11:1—3). Bəlkə də Süleyman düşünürdü ki, bu, onun üçün heç bir təhlükə yaratmaz. O, bir müddət sonra Yehovadan uzaqlaşmağın acı nəticələrini yaşadı (1 Pad. 11:9—13). w22.05 s. 23—24, abz. 12