Üzr istəmək barışığın açarıdır
“ÜZR İSTƏMƏK böyük qüvvəyə malikdir. Üzr istəmək ixtilafları zorakılıq işlətmədən həll edir, xalqlar arasında olan düşmənçiliyi aradan qaldırır, hakimiyyətə vətəndaşlarının iztirab çəkdiyini e’tiraf etməyə kömək edir və insanlar arasında olan münasibətləri bərpa edir”. Bu sözləri, Vaşinqtondakı Corctaun Universitetinin məşhur yazıçı və sosiolinqvisti Debora Tannen yazmışdır.
Müqəddəs Kitab təsdiq edir ki, münasibətlərdəki fikir ayrılığını çox vaxt səmimi üzrxahlıqlar sayəsində asanlıqla aradan qaldırmaq olur. Misal üçün, İsanın qeyb olmuş oğul haqqında söylədiyi məsəldə oğul evə qayıdan zaman səmimi qəlbdən üzr istədikdə, ata sevinclə onu yenidən ailəyə qəbul edir (Luka 15:17-24). Bəli, əgər kimisə incitmişiksə, məğrurluq hissimizi boğub, üzr istəməyimiz daha yaxşıdır. Bunu etmək əsl mə’nada təvazökar insanlar üçün çətin deyil.
Üzr istəməyin malik olduğu qüvvə
Qədim İsraildə yaşayan Abigail adlı müdrik bir qadın ərinin etdiyi pisliyə görə üzr istəməklə, bu keyfiyyətin hansı qüvvəyə malik olduğunu öz nümunəsində göstərdi. Hadisə belə olmuşdur. Sonradan İsrailin padşahı olan Davud səhrada gizlənən zaman, öz adamları ilə birlikdə Abigailin əri Nabala məxsus olan sürüləri qoruyurdu. Lakin Davudun adamları Nabaldan çörək və su istədikdə, o, onlara olduqca kobud cavab verdi və onları əliboş qaytardı. Davud qəzəblənərək, Nabala və onun ailəsinə qarşı 400 adam topladı. Baş vermiş hadisədən xəbər tutan Abigail, Davudu qarşılamağa çıxdı. Onu gördükdə üzüstə yerə düşdü və ayaqlarına qapanaraq dedi: “Günah mənim üzərimdə, əfəndim, mənim üzərimdə olsun; və burax cariyən sənə söyləsin və cariyənin sözlərini dinlə”. Sonra Abigail vəziyyəti izah etdi və Davuda hədiyyə olaraq yemək-içmək verdi. Davud cavab verib dedi: “Sülhlə evinə get; bax, sənin sözünü dinlədim və səni yaxşı qəbul etdim” (1 Samuel 25:2-35).
Abigailin təvazökarlığı və ərinin kobud hərəkətinə görə üzr istəməsi onun ev adamlarını xilas etdi. Davud onu qana girməkdən saxladığı üçün Abigaila hətta minnətdarlığını da bildirdi. Abigailin Davuda və onun adamlarına heç bir pislik etməməsinə baxmayaraq, o, ailəsinin günahını öz üzərinə götürərək Davudla barışdı.
Üzrxahlıq etməyin yerini bilən şəxsin timsalında, həvari Paveli nümunə gətirmək olar. Bir dəfə o, yəhudilərin ali məhkəməsi olan Sinedrion qarşısında özünü müdafiə etməli oldu. Pavelin açıq sözlərindən qəzəblənən baş kahin Hananya yanında duranlara əmr etdi ki, onun ağzına vursunlar. Buna cavab olaraq, Pavel dedi: “Ey ağardılmış divar, Allah səni vuracaqdır! Sən məni Qanun üzrə mühakimə etmək üçün oturursan, lakin Qanuna zidd olaraq əmr edirsən ki, məni döysünlər”. Orada iştirak edənlər Paveli baş kahini təhqir etməkdə günahlandırdıqda, həvari dərhal öz səhvini boynuna alıb dedi: “Qardaşlar, onun baş kahin olduğunu bilmirdim; əlbət ki, yazılmışdır: “Xalqın rəisinə qarşı pis söz demə” (Həvarilərin işləri 23:1-5).
Pavel, hakim tə’yin olunan insanın zorakılıq işlətməli olmadığını deməkdə haqlı idi. Bununla belə, bilmədən baş kahinlə hörmətsiz görünə bilən tərzdə danışdığına görə üzr istədia. Üzrxahlıq zəmin yaratdı ki, Sinedrion Pavelin demək istədiklərini dinləsin. Məhkəmə üzvləri arasında fikir ayrılığı olduğunu bilən həvari, onu dirilməyə iman gətirdiyinə görə mühakimə etdiklərini söylədi. Nəticədə böyük mübahisə yarandı və fəriseylər Pavelin tərəfini tutdular (Həvarilərin işləri 23:6-10).
Müqəddəs Kitabın bu iki nümunəsindən biz nə öyrənirik? Hər iki hadisədə də səmimiyyətlə bildirilən peşmançılıq sonrakı qarşılıqlı ünsiyyətə yol açmışdır. Üzrxahlıq sözləri barışmaqda bizə də kömək edə bilər. Bəli, günahımızı boynumuza almağın və vurulmuş ziyana görə üzr istəməyin sayəsində, problemi sülh yolu ilə həll etmək imkanı yarana bilər.
“Axı, mən heç bir pislik etməmişəm”
Sözlərimizlə, yaxud hərəkətlərimizlə kiminsə xətrinə dəydiyimizi biləndə, bizə elə gələ bilər ki, həmin insan inciməklə özünü düşüncəsiz aparır və həddindən artıq həssasdır. Lakin İsa Məsih şagirdlərinə belə bir nəsihət vermişdir: “Beləliklə, əgər öz qurbanını qurbangah qarşısına gətirdiyin zaman xatirinə gələrsə ki, qardaşının sənə qarşı bir şeyi var, qurbanını orada, qurbangahın qarşısında qoy, get əvvəlcə qardaşın ilə barış və o vaxt gəl, qurbanını təqdim et” (Matta 5:23, 24).
Məsələn, qardaş düşünə bilər ki, sən ona qarşı günah işlətmisən. Belə halda, hətta sən ona heç bir pislik etmədiyini düşünsən də, İsanın sözlərinə əsasən gedib ‘qardaşınla barışmalısan’. Vaynın lüğətinə əsasən, İsanın işlətdiyi söz, yunan mətnində “qarşılıqlı ədavətdən sonra, günahın qarşılıqlı e’tiraf edilməsi mə’nasını daşıyır” (“Vine’s Expository of Old and New Testament Works”). Həqiqətən də, iki nəfər mübahisə etdikdə, cavabdehlik bir növ hər ikisinin üzərinə düşür, çünki hər ikisi qeyri-kamil və səhv etməyə meyllidirlər. Buna görə də, adətən günahı qarşılıqlı olaraq e’tiraf etmək tələb olunur.
Əsas e’tibarilə məsələ kimin doğru, kimin isə günahkar olmasında yox, barışmaq üçün kimin birinci addım atacağındadır. Həvari Pavel, Korinfdəki məsihçilərin maliyyə mübahisələri kimi şəxsi məsələlərdə fikir ayrılığı olduğuna görə həmimanlılarını məhkəməyə verdiklərini biləndə, onları məzəmmət etdi: “Bunun əvəzində, haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Nə üçün qəddarlığa dözmürsünüz?” (1 Korinflilərə 6:7). Pavel burada korinfliləri şəxsi məsələlərində fikir ayrılığına görə bir-birilərini məhkəməyə verməməyə təşviq etsə də, prinsip aydındır: həmimanlılar arasında sülhün olması, kimin doğru, kimin səhv olduğunu sübut etməkdən vacibdir. Əgər biz bu prinsipi yadda saxlayırıqsa, kim isə bizim haqqımızda onunla ədalətsiz hərəkət etdiyimizi düşündükdə, üzr istəmək bizim üçün asan olacaqdır.
Səmimi olmaq gərəkdir
Lakin bə’zi insanlar üzrxahlıq sözlərindən sui-istifadə edirlər. Misal üçün, Yaponiyada adətən üzr istəmək üçün istifadə olunan sumimasen sözünü müxtəlif səbəblərdən min dəfə eşitmək olar. Bu söz, hətta insan yaxşılığın müqabilini ödəyə bilməyib özünü narahat hiss etdikdə minnətdarlığını təzahür etdirmək üçün də istifadə edilir. Bu söz çoxtərəfli olduğundan bə’zilərinə elə gəlir ki, o həddindən artıq tez-tez işlənir və kim isə üzr istəyən adamın səmimi olduğuna şübhə edə bilər. “Bə’zən elə gəlir ki, başqa mədəniyyətlərdə də, üzrxahlıq sözlərindən sui-istifadə edirlər”.
Hansı dildə danışsaq da, üzrxahlıq edəndə səmimi olmağımız vacibdir. Sözlərimiz və səsimizin tonu səmimi qəlbdən təəssüfləndiyimizi ifadə etməlidir. İsa Məsih Dağüstü təbliğində şagirdlərini öyrədirdi: “Sözünüz: “Bəli, Bəli”, “Xeyr, Xeyr” olsun; bundan artığı şeytandandır” (Matta 5:37). Üzr istədiyiniz zaman qoy sizin “bağışlayın” sözünüz əsl mə’nada “bağışlayın” olsun! Gəlin bir nümunəyə baxaq. Aeroportda qeydiyyatdan keçmək üçün növbədə dayanan bir kişi, çantası ilə yanında duran qadına toxunduqda üzr istədi. Bir neçə dəqiqədən sonra növbə irəli getdikdə, kişi təkrar çantası ilə qadına toxundu və yenidən nəzakətlə üzr istədi. Növbəti dəfə bu hadisə təkrar olunduqda, qadının yol yoldaşı həmin adama dedi: Əgər onun “üzr istəməyi” həqiqətən də “üzr istəməkdirsə”, onda o, elə etməlidir ki, çantası ilə bir daha qadına toxunmasın. Gördüyümüz kimi, səmimi üzrxahlıq səhvləri təkrar etməmək qətiyyəti ilə müşayiət olunmalıdır.
Əgər biz səmimiyiksə, üzrxahlıq edərkən öz səhvimizi boynumuza alacaq, üzr istəyəcək və imkan daxilində vurduğumuz ziyanın əvəzini ödəməyə çalışacağıq. Öz növbəsində, xətrinə dəydiyimiz kəs, peşman olan günahkarı ürəkdən bağışlamalıdır (Matta 18:21, 22; Mark 11:25; Efeslilərə 4:32; Koloslulara 3:13). Hər iki tərəf qeyri-kamil olduğundan, barışmaq hər vaxt asan olmur. Buna baxmayaraq, üzrxahlıq sözləri barışmağa az kömək etmir.
Üzr istəmək münasib olmayanda
Təəssüf və peşmançılıq sözləri təskinlik verərək, əmin-amanlığa səbəb olsa da, müdrik insan bu sözlərdən yersiz istifadə etmir. Misal üçün, fərz edək ki, söhbət Allaha sədaqətdən gedir. İsa Məsih yer üzündə olan zaman, “təvazökarlığını göstərdi və ölümədək, hətta çarmıxa çəkilməklə ölümədək itaətkarlıq etdi” (Filipililərə 2:8). Lakin o, öz əzablarını yüngülləşdirmək üçün, əqidəsinə görə üzrxahlıq etmədi. Və baş kahin: “Səni and verdirirəm yaşayan Allaha, bizə de görək, Allahın Oğlu Məsih Sənsənmi?” deyə tələb etdikdə, İsa üzr istəmədi. O, qorxub üzr istəmək əvəzinə, cəsarətlə cavab verdi: “Sənin dediyin kimidir; hətta sənə deyirəm: Bundan sonra İnsan Oğlunun Qadirin sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz” (Matta 26:63, 64). Baş kahinlə sülhü qorumaq xatirinə Atası Yehova Allaha olan sədaqətini fəda etmək İsanın ağlına belə gəlmirdi.
Məsihçilər hakimiyyət sahibi olan insanlara hörmətlə və ehtiramla yanaşırlar. Lakin onların Allaha itaətkar olduqlarına və qardaşlarını sevdiklərinə görə üzr istəmələrinə ehtiyac yoxdur (Matta 28:19, 20; Romalılara 13:5-7).
Əmin-amanlığa maneə olmayanda
Biz səhvlər edirik, çünki qeyri-kamilliyi və günahı ulu babamız olan Adəmdən almışıq (Romalılara 5:12; 1 Yəhya 1:10). Adəm, Yaradana qarşı üsyan edən zaman günah qazandı. Lakin başlanğıcda Adəm və Həvva kamil və günahsız idilər və Allah insanları kamilliyin bu səviyyəsinə çatdırmağı və’d edir. O, günahı və onun bütün nəticələrini aradan qaldıracaq (1 Korinflilərə 15:56, 57).
Bunun hansı mə’nanı daşıyacağı haqqında düşünün! İsanın anabir qardaşı Yaqub, danışmaq tərzinə dair nəsihət verərək, yazırdı: “Sözündə səhv etməyən, kamil insandır. O bütün bədənini də yüyənləyə bilər” (Yaqub 3:2). Kamil insan öz dilini yüyənləyə bilir və ona ürəksındıran sözlərə görə üzr istəmək lazım gəlmir. “O bütün bədənini də yüyənləyə bilər”. Kamil olacağımız zaman necə də gözəl olacaqdır! O zaman insanlar arasında əmin-amanlığa nail olmağa heç bir maneələr olmayacaqdır. Lakin hələlik, səhvlərimizə görə səmimi və yerində etdiyimiz üzrxahlıqlar barışığa kömək edə bilər.
[Haşiyə]
a Tamamilə mümkündür ki, gözləri zəif gördüyündən Pavel baş kahini tanımamışdır.
[5-ci səhifədəki şəkil]
Pavelin nümunəsindən biz nə öyrənirik?
[7-ci səhifədəki şəkil]
İnsanlar kamil olan zaman, əmin-amanlığa heç bir maneə olmayacaqdır.