TƏLİM MƏQALƏSİ 10
Vəftiz olunmağıma nə mane olur?
«Filip və məmur suya girdilər, Filip onu vəftiz etdi» (HƏV. 8:38).
NƏĞMƏ 52 Sənə məxsusuq, ey Yehova!
İCMALa
1. Adəmlə Həvva nələri itirdi və bu, nə ilə nəticələndi?
SİZCƏ, nəyin yaxşı, nəyin pis olduğuna qərar verməyə kimin səlahiyyəti çatır? Adəmlə Həvva xeyirlə şəri bilmə ağacının meyvəsindən yeməklə açıq-aydın göstərdilər ki, Yehovaya və Onun normalarına hörmət etmirlər. Onlar nəyin yaxşı, nəyin pis olduğunu özləri müəyyən etmək qərarına gəldilər (Yar. 3:22). Amma bu onlara baha başa gəldi: Yehova ilə yaxın münasibətlərini itirdilər və əbədi yaşamaq imkanından məhrum oldular. Üstəlik, günah və ölümü övladlarına ötürdülər (Rom. 5:12). Adəmlə Həvvanın qərarı əzab-əziyyətlə nəticələndi.
2, 3. a) Həbəşistanlı məmur müjdəçi Filipin təbliğinə necə hay verdi? b) Vəftiz hansı nemətlərə yol açır? Hansı sualları araşdıracağıq?
2 Gəlin Adəmlə Həvva və həbəşistanlı məmur arasındakı fərqə baxaq. Müjdəçi Filip məmura təbliğ edəndə o, necə hay verdi? Məmur Yehovanın və İsa Məsihin onun üçün etdiklərinə görə o qədər minnətdar idi ki, dərhal vəftiz olundu (Həv. 8:34—38). Biz də özümüzü Yehovaya həsr edib vəftiz olunmaqla açıq-aydın göstəririk ki, Yehovanın və İsa Məsihin bizim üçün etdiklərini çox qiymətləndiririk. Bununla nəyin yaxşı, nəyin pis olduğuna qərar verməyə Onun səlahiyyəti çatdığını qəbul edir və Ona etibar etdiyimizi göstəririk.
3 Yehovaya ibadət etməyin gətirdiyi nemətlər haqda bir düşünün! Əvvəla, Yehova bizə Adəmlə Həvvanın itirdiyi hər şeyi, o cümlədən əbədi yaşamaq imkanını verib. İsa Məsihə iman etməyin sayəsində Yehova günahlarımızı bağışlayır və bizə təmiz vicdan bəxş edir (Mət. 20:28; Həv. 10:43). Bundan əlavə, biz gözəl gələcəyə ümid edən sadiq insanlara qoşulub Allahın ailəsinin üzvü oluruq (Yəh. 10:14—16; Rom. 8:20, 21). Bu qədər nemətlərə baxmayaraq, bəziləri həbəşistanlı məmur kimi davranmağa tərəddüd edir. Onlara vəftiz olmağa nə mane olur? Bu maneələri necə aşmaq olar?
VƏFTİZ OLUNMAĞA NƏLƏR MANE OLUR?
4, 5. Eyveri və Hanna adlı gənclərin hansı çətinliyi var idi?
4 Özünəinamsızlıq. Eyverinin valideynləri Yehovanın Şahididir. Atası qayğıkeş valideyn və zəhmətkeş ağsaqqal kimi yaxşı ad qazanıb. Bununla belə, Eyveri vəftiz olmağa tərəddüd edirdi. Görəsən niyə? O deyir: «Qorxurdum ki, atam kimi müvəffəqiyyətli olmayım». O həmçinin gələcəkdə ala biləcəyi məsuliyyətlərin öhdəsindən gələ bilməyəcəyini düşünürdü. Eyveri deyir: «Narahat idim ki, birdən mənə dua etmək, məruzə söyləmək və ya təbliğ qrupuna rəhbərlik etməyi tapşırarlar».
5 18 yaşlı Hannanın özünəinam hissi hədsiz dərəcədə aşağı idi. Yehovaya xidmət edən valideynlərin əhatəsində böyüməsinə baxmayaraq, Yehovanın normalarına uyğun yaşaya bilməyəcəyini düşünürdü. Nə üçün? Hanna özünü olduqca dəyərsiz hiss edirdi. Bəzən o qədər pis olurdu ki, özünə xətər yetirirdi. Bu isə onun vəziyyətini daha da ağırlaşdırırdı. O deyir: «Özümə xətər yetirdiyimi indiyə kimi heç kimə, hətta valideynlərimə də deməmişəm. Düşünürdüm ki, Yehova etdiklərimə görə heç vaxt mənim kimisinin Ona xidmət etməsini istəməz».
6. Vanessanın vəftizinə nə mane olurdu?
6 Dost-tanışların təsiri. 22 yaşlı Vanessa deyir: «On ilə yaxın idi tanıdığım çox yaxşı bir rəfiqəm var idi». Lakin Vanessanın rəfiqəsi həqiqətlə maraqlanmırdı və vəftizlə bağlı məqsədinə çatmaqda ona dəstək olmurdu. Bu, Vanessaya pis təsir edirdi. O deyir: «Dost tapmaq mənim üçün çox çətindir və qorxurdum ki, dostluğumuza son qoysam, bir də heç vaxt yaxın rəfiqəm olmayacaq».
7. Makayla adlı gənc qızın hansı qorxusu var idi və nəyə görə?
7 Ciddi səhv etmək qorxusu. Qardaşı yığıncaqdan kənar ediləndə Makaylanın beş yaşı var idi. Böyüdükcə Makayla qardaşının davranışlarının valideynlərinə necə ürək ağrısı verdiyini görürdü. O deyir: «Qorxurdum ki, vəftiz olunsam, səhv edib yığıncaqdan kənar olunaram və valideynlərimin dərdinə dərd qataram».
8. Maylz adlı gənc nədən qorxurdu?
8 Müqavimətlə üzləşmək qorxusu. Maylzın atası və ögey anası Yehovaya xidmət edir. Doğma anası isə Yehovanın Şahidi deyil. O deyir: «18 il anamla yaşamışam və vəftiz olunmaq istədiyimi ona deməyə qorxmuşam. Atam Yehovanın Şahidi olanda anamın necə münasibət göstərdiyini görmüşdüm. Ona görə də mənə əngəl çıxaracağından qorxurdum».
MANEƏLƏRİ AŞMAĞIN YOLLARI
9. Yehovanın səbri və məhəbbəti barədə öyrənmək insana necə təsir edir?
9 Adəmlə Həvvanın Yehovaya ibadət etmək istəməməsinə səbəb Ona dərin məhəbbət yetişdirməmələri idi. Buna baxmayaraq, Yehova onlara uzun ömür sürüb oğul-uşaq sahibi olmağa və övladlarını öz istədikləri kimi tərbiyə etməyə izin verdi. Lakin çox keçməmiş Adəmlə Həvvanın Yehovadan asılı olmamaq qərarının nə qədər böyük ağılsızlıq olduğu bəlli oldu. Onların böyük oğlu günahsız qardaşını qətlə yetirdi və get-gedə zorakılıq, xudbinlik bəşər ailəsi üzərində hökm sürməyə başladı (Yar. 4:8; 6:11—13). Bununla belə, Yehovanın Adəmlə Həvvanın övladları arasından Ona xidmət etmək istəyənləri xilas etmək üçün bir tədbiri var idi (Yəh. 6:38—40, 57, 58). Yehovanın nə qədər səbirli və məhəbbətli olduğu haqda öyrəndikcə Ona sevginiz də bir o qədər artacaq. Onda Adəmlə Həvvanın yolu ilə getməyib, özünüzü Yehovaya həsr etmək istəyəcəksiniz.
10. Zəbur 19:7 ayəsi üzərində düşünmək Yehovaya xidmətdə sizə necə kömək edə bilər?
10 Yehovanı yaxından tanımağa davam edin. Yehovanı daha yaxından tanıdıqca Ona xidmət edə biləcəyinizə əminliyiniz artacaq. Yuxarıda adı çəkilən Eyveri deyir: «Zəbur 19:7 ayəsindəki vəd haqda oxuyub üzərində düşünməyin sayəsində özünəinam hissim yarandı». (Ayəni oxuyun.) Yehovanın bu vədini necə yerinə yetirdiyini görəndə Eyverinin Ona məhəbbəti daha da artdı. Allaha məhəbbət özünəinam hissini artırmaqla yanaşı, Onun bəyənmədiyi işlərdən uzaq durmağa və istəyini yerinə yetirməyə kömək edir. Yuxarıda haqqında danışdığımız Hanna deyir: «Müqəddəs Kitabı oxumağın və mütaliənin sayəsində anladım ki, özümə xətər yetirəndə Yehovanı incidirəm» (1 But. 5:7). Hanna Yehovanın sözünün icraçısı oldu (Yaq. 1:22). Bəs bu, hansı nəticəni verdi? O deyir: «Yehovaya itaət etməyin faydasını gördükcə Ona məhəbbətim artdı. İndi əminəm ki, köməyə ehtiyac duyduğum istənilən məqamda Yehova mənə yol göstərəcək». Hanna özünə xətər yetirmək meylinə üstün gəldi və həyatını Yehovaya həsr edib vəftiz olundu.
11. Vanessa yaxşı dostlar qazanmaq üçün nə edib və biz bundan nə öyrənirik?
11 Dost seçimində hikmətli olun. Yuxarıda adı çəkilən Vanessa sonda başa düşür ki, rəfiqəsi onun Yehovaya xidmət etməsinə mane olur. Odur ki, onunla münasibətlərinə son qoyur. Eyni zamanda, yığıncaqda özünə yeni dostlar qazanmaq üçün əlindən gələni edir. Vanessa Nuh peyğəmbərlə ailəsinin qoyduğu nümunədən çox şey öyrəndiyini deyir: «Onlar Yehovanı sevməyən insanların içərisində yaşayırdılar, bununla belə, öz aralarında gözəl münasibətləri var idi». Vəftiz olunandan sonra Vanessa öncül xidmətinə başladı. O deyir: «Bunun sayəsində tək öz yığıncağımızdan yox, başqa yığıncaqlardan da dostlarım var». Siz də Yehovanın həvalə etdiyi işdə mümkün qədər fəal olmaqla yaxşı dostlar qazana bilərsiniz (Mət. 24:14).
12. Adəmlə Həvvada hansı qorxu yox idi və bu, nəyə gətirib çıxardı?
12 Qorxuya düzgün yanaşın. Bəzi şeylərdən qorxmağımız yaxşıdır. Misal üçün, bizdə Yehovanı narazı salmaq qorxusu olmalıdır (Zəb. 111:10). Adəmlə Həvvada Allah xofu olsaydı, Ona üsyan etməzdilər. Əfsus ki, onlar Allahın qanunu pozdular. Bundan sonra onların gözləri açıldı, yəni günahlı olduqlarını dərk etdilər. Onlar övladlarına da günah və ölümdən başqa heç nə ötürə bilmədilər. Allahın qanununu pozduqlarının fərqinə varandan sonra çılpaq olduqlarına görə utanmağa başladılar və ayıb yerlərini gizlətdilər (Yar. 3:7, 21).
13, 14. a) 1 Butrus 3:21 ayəsinə əsasən, nə üçün ölümdən hədsiz dərəcədə qorxmamalıyıq? b) Yehovanı sevmək üçün hansı səbəblərimiz var?
13 Allah xofunun olması labüd olsa da, ölümdən hədsiz dərəcədə qorxmamalıyıq. Yehova əbədi yaşamağımız üçün yol açıb. Günah işləyən şəxs səmimi-qəlbdən tövbə edirsə, Yehova onun günahından keçir. O bizi Oğlunun fidyə qurbanlığına imanımız əsasında bağışlayır. Fidyəyə imanımızı göstərməyin əsas yolu isə özümüzü Yehovaya həsr edib vəftiz olunmaqdır. (1 Butrus 3:21 ayəsini oxuyun.)
14 Yehovanı sevməyimiz üçün çoxlu səbəblərimiz var. O bizə hər gün gözəl nemətlər bəxş etməklə yanaşı, Özü və niyyəti haqda həqiqəti öyrədir (Yəh. 8:31, 32). Bizə yol göstərmək və dəstək olmaq üçün məsihi yığıncağı təsis edib. Bugünkü çətinliklərə dözməyimizə kömək edir, gələcəkdə isə mükəmməl şəraitdə əbədi yaşamaq vədi verir (Zəb. 68:19; Vəhy 21:3, 4). Məhəbbətindən dolayı uğrumuzda etdikləri barədə düşünəndə Ona duyduğumuz sevgi daha da artır. Bu sevgi sayəsində biz düzgün qorxu hissinə sahib oluruq, yəni bütün qəlbimizlə sevdiyimiz Allahı kədərləndirməyə qorxuruq.
15. Makayla səhv etmək qorxusuna necə üstün gəldi?
15 Yuxarıda adı çəkilən Makayla Yehovanın nə qədər bağışlayan olduğunu dərk etməsi sayəsində səhvə yol vermək qorxusuna üstün gəldi. O deyir: «Anladım ki, hamımız qeyri-kamilik və səhvlərimiz olacaq. Onu da başa düşdüm ki, Yehova bizi sevir və fidyə qurbanlığı əsasında bağışlayır». Makayla Yehovaya məhəbbətdən irəli gələrək özünü Ona həsr edib vəftiz olundu.
16. Maylz müqavimətlə üzləşmək qorxusunu necə yendi?
16 Anasının vəftiz olunmaq qərarına qarşı çıxacağından qorxan Maylz rayon nəzarətçisi ilə məsləhətləşir. O deyir: «Mənim kimi, onun da anası Yehovanın Şahidi deyil. O məni başa saldı ki, vəftizlə bağlı qərarı atamın təkidi ilə yox, öz istəyimlə verdiyimi anama izah edim». Maylzın anası onun qərarını heç də yaxşı qarşılamadı. Axırda evi tərk etmək məcburiyyətində qalsa da, Maylz qərarından dönmədi. O deyir: «Yehovanın məndən ötrü nələr etdiyini öyrənmək ürəyimi riqqətə gətirdi. İsa Məsihin fidyə qurbanlığı haqda dərindən düşündükcə Yehovanın məni nə qədər çox sevdiyini anladım. Beləcə, özümü Yehovaya həsr edib vəftiz olunmaq qərarına gəldim».
QƏRARINIZDAN DÖNMƏYİN!
17. Bizim hansı imkanımız var?
17 Həvva Ədən bağındakı ağacın meyvəsindən yeyərək Yehovadan üz döndərdi. Adəm arvadını dəstəkləməklə Yehovanın bütün yaxşılıqlarının qarşılığında naşükürlük etdi. Hər birimizin Adəmlə Həvva kimi olmadığımızı, Yehovanın bizim üçün etdiklərini qiymətləndirdiyimizi göstərmək imkanı var. Vəftiz olunmaqla Yehovaya göstəririk ki, bizim üçün nəyin yaxşı, nəyin pis olduğuna qərar verməyə Onun səlahiyyəti çatdığını qəbul edirik. Bununla səmavi Atamızı sevdiyimizi, Ona etibar etdiyimizi sübut edirik.
18. Yehovaya xidmətdə müvəffəqiyyət qazanmaq üçün nə edə bilərsiniz?
18 Vəftizdən sonra da hər günümüzü öz istədiyimiz kimi yox, Yehovanın istədiyi kimi yaşamalıyıq. Milyonlarla insan bu cür yaşayır. Siz də onların sırasına qoşula bilərsiniz. Bunun üçün Allahın Kəlamının dərinliyinə varmağa, bacı-qardaşlarla müntəzəm ünsiyyətdə olmağa və məhəbbətli Allah haqda öyrəndiklərinizi başqalarına danışmağa davam edin (İbr. 10:24, 25). Qərar qəbul edəndə Yehovanın Kəlamı və təşkilatı vasitəsilə verdiyi göstərişlərə qulaq asın (Əşy. 30:21). Onda hər işinizdə uğur qazanacaqsınız! (Məs. 16:3, 20).
19. Nə barədə daim düşünməliyik və nə üçün?
19 Yehovanın göstərdiyi yolla getməyin faydaları barədə daim düşündükcə Ona və qoyduğu qayda-qanunlara məhəbbətiniz artacaq. Onda Şeytanın heç bir təklifi sizin Yehovaya xidmət etməyinizə mane ola bilməyəcək. Hətta min il də keçsə, vəftiz olunmaq qərarınızın ən düzgün qərar olduğuna əmin olacaqsınız!
NƏĞMƏ 28 Yehovanın dostu olaq
a İnsanın həyatda verə biləcəyi ən mühüm qərar vəftizlə bağlı verdiyi qərardır. Nəyə görə? Məqalədə bunun səbəbi araşdırılır. Həmçinin vəftiz olunmağa mane olan əngəlləri aşmağın yolları göstərilir.
b ŞƏKİLİN İZAHI. Özünəinamsızlıq. Gənc oğlan şərh verməyə çəkinir.
c ŞƏKİLİN İZAHI. Dostlar. Gənc məsihi ona pis təsir edən rəfiqəsi ilə yol gedərkən dindaşlarını görüb sıxılır.
d ŞƏKİLİN İZAHI. Müvəffəqiyyətsizlik. Qardaşının yığıncaqdan kənar olunub evi tərk etdiyini görən gənc qız bir gün onun kimi davranacağına görə narahat olur.
e ŞƏKİLİN İZAHI. Müqavimət. Gənc oğlan imanda olmayan anasının yanında dua etməyə çəkinir.
f ŞƏKİLİN İZAHI. Özünəinamsızlıq. Gənc qardaş bunun öhdəsindən gəlmək üçün fərdi mütaliəyə daha çox vaxt ayırır.
g ŞƏKİLİN İZAHI. Dostlar. Gənc qız Yehovanın Şahidi olması ilə fəxr etməyi öyrənir.
h ŞƏKİLİN İZAHI. Müvəffəqiyyətsizlik. Gənc qız Yehova ilə münasibətlərini möhkəmləndirib vəftiz olunur.
i ŞƏKİLİN İZAHI. Müqavimət. Gənc oğlan imanda olmayan anasına cəsarətlə öz etiqadını izah edir.