FƏSİL 7
Həyatı nə dərəcədə qiymətləndirirsən?
«Həyat mənbəyi Sənsən» (ZƏBUR 36:9).
1, 2. a) Allah bizə hansı qiymətli bəxşişi verib? b) Nəyə görə Müqəddəs Kitab prinsiplərinin faydasını anlamaq bu gün xüsusilə vacibdir?
SƏMAVİ Atamız bizə misilsiz bir bəxşiş — həyat verib. O, bizə şüur verib, Onun keyfiyyətlərini əks etdirmək qabiliyyəti ilə yaradıb (Yaradılış 1:27). Bunun sayəsində biz Müqəddəs Kitab prinsiplərinin faydasını anlaya bilərik. Həmin prinsipləri həyatımızda tətbiq etməklə biz Yehovanı sevən və «ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa» öyrəşdirən yetkin insanlar oluruq (İbranilərə 5:14).
2 Müqəddəs Kitab prinsiplərinin faydasını anlamaq bu gün çox vacibdir, xüsusilə də ona görə ki, getdikcə mürəkkəbləşən həyatda qarşılaşdığımız hər vəziyyətə aid qanun yazmaq mümkün deyil. Bu, özünü tibb elmində, ələlxüsus qanla bağlı preparat və prosedurların istifadəsində büruzə verir. Bu məsələ Yehovaya itaət etmək istəyənlərin hamısı üçün çox vacibdir. Əgər biz müvafiq Müqəddəs Kitab prinsiplərini başa düşürüksə, vicdanımızı ləkələməyən və Allahın məhəbbətini qorumağa kömək edən düzgün qərarlar verə biləcəyik (Məsəllər 2:6—11). Gəlin bu prinsiplərdən bəzilərini araşdıraq.
HƏYAT VƏ QAN MÜQƏDDƏSDİR
3, 4. Allahın Kəlamında qanın müqəddəsliyi ilk dəfə nə vaxt açıqlanır və bu, hansı prinsiplərə əsaslanır?
3 Yehova ilk dəfə həyatla qan arasındakı sıx bağlılığı və onların müqəddəs olduğu fikrini Qabil Habili öldürəndən sonra açıqladı. Allah Qabilə dedi: «Qardaşının qanı torpaqdan Mənə fəryad edir» (Yaradılış 4:10). Yehovanın gözündə Habilin qanı onun vəhşicəsinə yarıda kəsilmiş həyatını təmsil edirdi. Buna görə də, məcazi dillə desək, Habilin qanı Allaha yalvararaq intiqam diləyirdi (İbranilərə 12:24).
4 Nuhun dövründəki daşqından sonra Allah insanlara ət yeməyə icazə versə də, qanı axıtmağı əmr etmişdi. Allah buyurmuşdu: «Ancaq heyvanın ətini onun canı olan qanı ilə yeməyin. Bundan savayı, insan qanı tökən Mənə cavab verməli olacaq» (Yaradılış 9:4, 5). Bu əmr Nuhun bütün nəslinə, o cümlədən bizə də aiddir. Həmin əmr Allahın Qabilə dediyi sözlərin mahiyyətini, yəni qanın həyatı və ya canı təmsil etdiyi fikrini təsdiq edir. Bu buyruq həmçinin göstərir ki, Yehova həyat Mənbəyi kimi, həyata və qana hörmətsizlik edənlərin hamısını cavabdehliyə çağıracaq (Zəbur 36:9).
5, 6. Tövrat qanın həm müqəddəs, həm qiymətli olduğunu necə göstərir? («Heyvanların həyatına hörmət göstərin» adlı çərçivəyə də bax.)
5 Bu iki danılmaz həqiqət Tövratda öz əksini tapır. Lavililər 17:10, 11 ayəsində oxuyuruq: «Kimsə qan yesə, üzüm ondan dönəcək və onu xalqın arasından yox edəcəyəm. Çünki can qandadır. Mən onu qurbangah üçün təyin etmişəm ki, onunla canınız üçün kəffarə verəsiniz; yalnız qan kəffarə ola bilər, çünki can qandadır»a. («Qanın kəffarə qüvvəsi» adlı çərçivəyə bax.)
6 Kəsilmiş heyvanın qanı qurbangahda istifadə edilmirdisə, onu yerə axıtmaq lazım idi. Bu yolla, həyat məcazi dillə desək, öz həqiqi Sahibinə qayıdırdı (Qanunun təkrarı 12:16; Hizqiyal 18:4). Qeyd edək ki, israillilər ifrata varıb, qanı son damlasına kimi heyvanın ətindən çıxarmalı deyildilər. Həyat Mənbəyinə hörmət göstərmək üçün israilli heyvanı kəsib, qanını lazımi şəkildə axıtdıqdan sonra əti təmiz vicdanla yeyə bilərdi.
7. Davud qanın müqəddəsliyinə necə hörmət göstərmişdi?
7 Yehovanın ürəyincə olan Davud qanla bağlı qanunun arxasında duran prinsipləri çox gözəl dərk edirdi (Həvarilərin işləri 13:22). Bir dəfə o, bərk susayanda onun üç igidi düşmən ordugahına girdi, hovuzdan su götürüb Davuda gətirdi. Davud nə etdi? O dedi: «Su gətirmək üçün həyatlarını oda atan bu adamların qanını necə içim?» Davud üçün o suyu içmək həmin sudan ötrü ölümlə üz-üzə dayanmış adamların qanını içməyə bərabər idi. Bu səbəbdən susuzluğuna baxmayaraq, Davud suyu Yehovanın önündə yerə tökmüşdü (2 İşmuil 23:15—17).
8, 9. Məsihi yığıncağının yaranması ilə Allahın həyata və qana baxışı dəyişdi? İzah et.
8 Nuha verilmiş əmrdən 2400 il və Qanun əhdinin bağlanmasından 1500 il sonra ilk məsihi yığıncağının rəhbərlik şurası Yehovadan aşağıdakı göstərişi aldı: «Biz müqəddəs ruhun köməyi ilə qərara gəldik ki, üzərinizə bu zəruri şeylərdən əlavə yük qoymayaq: bütlərə qurban gətirilmiş şeylərdən, qandan, boğulmuş heyvan ətindən və əxlaqsızlıqdan uzaq durun» (Həvarilərin işləri 15:28, 29).
9 Göründüyü kimi, birinci əsrdəki rəhbərlik şurası da qanın müqəddəsliyini dərk edir, ondan istifadə etməyi bütpərəstlik və əxlaqsızlığa bərabər günah sayırdı. Həqiqi məsihilər indi də bu mövqeni tuturlar. Onlar Müqəddəs Kitab prinsipləri üzərində düşünüb bu prinsiplərə əməl etdikləri üçün qanın istifadəsilə bağlı qərar verəndə Yehovanı sevindirirlər.
TİBDƏ QANDAN İSTİFADƏ
10, 11. a) Yehovanın Şahidləri xalis qanın və onun əsas komponentlərinin köçürülməsinə necə yanaşırlar? b) Qanla bağlı hansı məsələlərdə məsihilərin fikri bir-birindən fərqlənə bilər?
10 Yehovanın Şahidləri başa düşürlər ki, qandan uzaq durun əmri qanköçürməni, qanverməni və öz qanının götürülüb sonradan köçürmək üçün saxlanılmasını qadağan edir. Allahın qanununa hörmətdən irəli gələrək, onlar qanın dörd əsas komponentini — eritrositləri, leykositləri, trombositləri və plazmanı qəbul etmirlər.
11 Bu gün qanı emal etməklə bu komponentlərdən fraksiyalar alınır. Həmin fraksiyalar müxtəlif üsullarla istifadə edilir. Bəs məsihi belə fraksiyaları qəbul edə bilər? Onları «qan» hesab etmək olar? Hər bir məsihi bu məsələdə özü götür-qoy edib qərar verməlidir. Bu, şəxsi qanın istifadəsilə aparılan hemodializ, hemodilusiya və reinfuziya kimi tibbi prosedurlara da şamil edilir. Bir şərtlə ki, qan heç yerdə saxlanılmamalıdır. («Əlavələr» bölməsində «Qan fraksiyaları və cərrahiyyə prosedurları» adlı mövzuya bax.)
12. Biz vicdanla bağlı məsələlərdə necə davranmalıyıq?
12 Şəxsi qərarlarımız Yehova üçün nə dərəcədə vacibdir? Bizim düşüncə və niyyətlərimiz Allahı çox maraqlandırır. (Məsəllər 17:3; 24:12 ayələrini oxu.) Ona görə də Yehovadan rəhbərlik diləyib müəyyən tibbi preparat və ya prosedur haqqında tədqiqat aparandan sonra Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanımızın səsinə qulaq asmalıyıq (Romalılara 14:2, 22, 23). Heç kim öz vicdanının məqbul saydığı bir şeyi zorla bizim boynumuza qoymamalıdır. Biz də heç kimdən «mənim yerimə olsaydın, nə edərdin?» deyə soruşmamalıyıq. Belə məsələlərdə hər bir məsihi «öz məsuliyyət yükünü daşıyacaq»b (Qalatiyalılara 6:5; Romalılara 14:12; «Qanı müqəddəs hesab edirəm?» adlı çərçivəyə bax).
YEHOVANIN QANUNLARI ONUN ATALIQ MƏHƏBBƏTİNİN TƏCƏSSÜMÜDÜR
13. Yehovanın qanunları və prinsipləri Onun haqqında bizə nə deyir?
13 Müqəddəs Kitabda yazılmış qanun və prinsiplər Yehovanın müdrik Qanunverici, eyni zamanda övladlarını sevən, onların rifahını düşünən Ata olduğunu göstərir (Zəbur 19:7—11). Qandan uzaq durmaq səhhətimizin qeydinə qalmaq məqsədilə verilməsə də, bu, bizi qanköçürmənin fəsadlarından qoruyur (Həvarilərin işləri 15:20). Tibb sahəsində çalışanların çoxu da qansız cərrahiyyəni müasir tibdə «qızıl standart» adlandırır. Məsihi üçün bütün bunlar Yehovanın ölçüyəgəlməz hikmətinin və atalıq məhəbbətinin sübutudur (Əşiya 55:9 ayəsini oxu; Yəhya 14:21, 23).
14, 15. a) Allahın Öz xalqına göstərdiyi məhəbbəti hansı qanunlardan görmək olar? b) Bu qanunların arxasındakı prinsipləri necə tətbiq edə bilərsən?
14 Allahın keçmişdə Öz xalqı İsrailə göstərdiyi qayğını onlara verilmiş qanunlardan görmək olar. Məsələn, Allah bədbəxt hadisələrin qarşısını almaq məqsədilə İsraildəki evlərin damına məhəccər çəkilməsini əmr etmişdi, çünki sakinlər tez-tez damda yığışırdılar (Qanunun təkrarı 22:8; 1 İşmuil 9:25, 26; Nəhəmya 8:16; Həvarilərin işləri 10:9). Allah həmçinin vurağan öküzləri bağlı saxlamağı buyurmuşdu (Çıxış 21:28, 29). Bu aydın tələbləri qulaqardına vuran israilli başqalarının əmin-amanlığına laqeyd münasibət bəsləyir, hətta onların qanına bais ola bilərdi.
15 Bu qanunların arxasında olan prinsipləri sən həyatında necə tətbiq edə bilərsən? Məsələn, evin, iş yerin, avtomobilin, sükan arxasında davranışın, evdə saxladığın heyvanlar və əyləncə seçimin barəsində bir düşün. Bir çox ölkələrdə gənclər arasında ölüm hallarının əsas səbəbi başısoyuqluq nəticəsində baş verən bədbəxt hadisələrdir. Allahın məhəbbətində qalmaq istəyən gənclər isə həyatı qiymətləndirir və təhlükəli işlərə baş qoşmurlar. Onlar «cavana zaval yoxdur» fikri ilə yaşamırlar. Xeyr, onlar özlərini zərərli şeylərdən gözləyərək gənclik illərini sevinclə yaşayırlar (Vaiz 11:9, 10).
16. Allahın aborta necə münasibət bəslədiyini Müqəddəs Kitabdakı hansı prinsipdən görmək olar? (Haşiyəyə də bax.)
16 Allahın gözündə hələ doğulmamış uşağın da həyatı qiymətlidir. Qədim İsraildə belə bir qanun var idi: əgər kimsə hamilə qadına xətər yetirərdisə və nəticədə ya qadın, ya da bətnindəki uşaq ölərdisə, Allah təqsirkarı qatil hesab edirdi. Təqsirkar «can əvəzinə can» ödəməli idic. (Çıxış 21:22, 23 ayələrini oxu.) Hər il saysız-hesabsız uşaqların abort edilməsini görən Yehovanın hisslərini təsəvvürünə gətir. Bu uşaqların əksəriyyəti şəxsi rahatlığın və cinsi azadlığın qurbanı olurlar.
17. Allahın normalarını öyrənməzdən əvvəl abort etdirmiş qadına necə təsəlli verərdin?
17 Bəs Müqəddəs Kitab həqiqətlərini öyrənməzdən əvvəl abort etdirmiş qadın Allah tərəfindən bağışlana bilər? Bəli. Günahına görə ürəkdən peşmançılıq çəkib tövbə edən adam İsanın tökülən qanı əsasında Yehovanın əfvini qazana bilər (Zəbur 103:8—14; Efeslilərə 1:7). Məsih demişdi: «Mən salehləri yox, günahlıları tövbəyə çağırmağa gəlmişəm» (Luka 5:32).
ZƏRƏRLİ DÜŞÜNCƏ TƏRZİNDƏN QAÇ
18. Müqəddəs Kitab qatilliyin əsas səbəbini necə açıqlayır?
18 Yehova bizim sadəcə başqalarına xətər yetirməməyimizi yox, çox hallarda qatilliyə səbəb olan nifrətin kökünü ürəyimizdən çıxarmağımızı istəyir. Həvari Yəhya yazırdı: «Qardaşına nifrət edən qatildir» (1 Yəhya 3:15). Belə adam qardaşını nəinki sevmir, hətta onun ölümünü arzulayır. O şər yaxmaq, böhtan atmaqla qardaşına qarşı düşmən münasibət göstərir. Əgər onun ittihamları doğru olsaydı, əks tərəf Allahın cəzasına məruz qalardı (Lavililər 19:16; Qanunun təkrarı 19:18—21; Mətta 5:22). Buna görə də ürəyimizin dərinliklərində yuva salan ədavət hissindən qurtulmaq son dərəcə vacibdir (Yaqub 1:14, 15; 4:1—3).
19. Həyatını Müqəddəs Kitab prinsipləri üzərində quran adama Zəbur 11:5 və Filippililərə 4:8, 9 ayələri hansı faydanı gətirə bilər?
19 Həyatı Yehova kimi qiymətləndirənlər və Onun məhəbbətini qorumaq istəyənlər zorakılığın bütün formalarından uzaq dururlar. Zəbur 11:5 ayəsində deyilir: «O, zorakılığı sevənlərə nifrət edir». Bu ayə Allahın keyfiyyətlərini açıqlamaqla bərabər həyatımız üçün rəhbərlik verir və Yehovanı sevənləri zorakılığa həvəsləndirən əyləncələrdən çəkindirir. Yehovanın «sülh Allahı» olması fikri də Onun xidmətçilərini ağıllarını və ürəklərini sevilməli, nəcib, tərifəlayiq fikirlərlə doldurmağa sövq edir, bu da sülhə gətirib çıxarır. (Filippililərə 4:8, 9 ayələrini oxu.)
QATİLLİKDƏ ƏLİ OLAN TƏŞKİLATLARDAN UZAQ DUR
20—22. Məsihilər dünyaya münasibətdə hansı mövqeni tuturlar və nə üçün?
20 Yehovanın gözündə Şeytanın dünyası qatillikdə təqsirkardır. Müqəddəs Yazılarda vəhşi heyvanlarla təsvir edilən Şeytanın siyasi sistemləri milyonlarla insanın, o cümlədən Yehovanın xidmətçilərinin ölümünə bais olub (Dənyal 8:3, 4, 20—22; Vəhy 13:1, 2, 7, 8). Kommersiya və elm vəhşi heyvanlara bənzər bu dövlətlərlə əl-ələ verib zəmanəmizin ən müdhiş silahlarını yaradır və bundan külli miqdarda gəlir əldə edir. Doğrudan da, «bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19).
21 İsanın davamçıları dünyaya məxsus olmadıqlarına, siyasətə və müharibələrə qarşı tam bitərəf mövqe tutduqlarına görə həm fərdi, həm kollektiv qatillikdən uzaqdırlard (Yəhya 15:19; 17:16). Onlar Məsihdən nümunə götürərək təqib olunduqları zaman əleyhdarlarına zorakılıq etmirlər. Əksinə, məsihilər düşmənlərinə məhəbbət göstərir və onlar üçün dua edirlər (Mətta 5:44; Romalılara 12:17—21).
22 Bundan əlavə, məsihilər əli hamıdan çox qana bulaşmış ümumdünya yalan dinin imperiyası «Böyük Babildən» uzaq dururlar. Allahın Kəlamında deyilir: «Bu şəhərdə peyğəmbərlərin, müqəddəslərin və yer üzündə qətlə yetirilmişlərin hamısının qanı tapılıb. Buna görə də Allahın Kəlamı bizi xəbərdar edir: «Ey xalqım, ondan çıxın» (Vəhy 17:6; 18:2, 4, 24).
23. Böyük Babildən çıxmaq nə deməkdir?
23 Böyük Babildən çıxmaq sadəcə hansısa bir dinin üzvlüyündən çıxmaq demək deyil. Bununla yanaşı, yalan dinin göz yumduğu və ya açıq-aşkar təbliğ etdiyi əxlaqsızlıq, siyasətə qarışmaq və var-dövlət hərisliyi kimi bəd əməllərə nifrət etmək də çox vacibdir (Zəbur 97:10 ayəsini oxu; Vəhy 18:7, 9, 11—17). Bu işlərin ucbatından nə qədər qanlar axıdılıb!
24, 25. a) Qatillikdə günahkar olan adama Allah nəyin əsasında mərhəmət göstərir? b) Bu qədim dövrdəki hansı tədbiri xatırladır?
24 Həqiqi ibadətə qatılmazdan əvvəl biz bu və ya digər yolla Şeytanın sistemini dəstəkləyirdik və beləliklə də qatillikdə müəyyən mənada günahkar olmuşduq. Amma həyatımızda dəyişiklik edib, Məsihin fidyə qurbanlığına iman gətirməklə və özümüzü Allaha həsr etməklə Onun mərhəmətini və himayəsini qazandıq (Həvarilərin işləri 3:19). Bu himayə bizə qədim İsraildəki sığınacaq şəhərləri xatırladır (Saylar 35:11—15; Qanunun təkrarı 21:1—9).
25 Sığınacaq şəhərlər hansı məqsədə xidmət edirdi? Əgər israilli təsadüfən kimisə öldürsəydi, sığınacaq şəhərə qaçmalı idi. Hakimlər qərar çıxardıqdan sonra qərəzsiz qatil baş kahin ölənədək sığınacaq şəhərdə qalmalı idi. Bundan sonra o, istədiyi yerə gedə bilərdi. Bu quruluş Allahın mərhəmətinin və Onun insan həyatını yüksək qiymətləndirdiyinin bariz nümunəsidir! Qədimdəki sığınacaq şəhərlərin funksiyasını bu gün Məsihin fidyə qurbanlığına əsaslanmış Allahın tədbiri icra edir. Bu tədbir qan və həyatın müqəddəsliyi haqqındakı qanunları bilmədən pozduğumuz hallarda bizi ölümdən qoruyur. Bəs sən bu tədbiri qiymətləndirdiyini necə göstərə bilərsən? Misal üçün, böyük müsibətin sürətlə yaxınlaşdığını nəzərə alaraq insanları Allahın himayəsini qəbul etməyə dəvət edə bilərsən (Mətta 24:21; 2 Korinflilərə 6:1, 2).
PADŞAHLIQ XƏBƏRİNİ BƏYAN ETMƏKLƏ HƏYATI QİYMƏTLƏNDİRDİYİNİ GÖSTƏR
26—28. Bizim xidmətimiz hansı mənada Hizqiyal peyğəmbərin xidmətinə bənzəyir və Allahın məhəbbətindən ayrılmamaq üçün nə edə bilərik?
26 Bu gün Allahın xalqının xidməti Hizqiyal peyğəmbərin xidmətini xatırladır. Keçmişdə Yehova bu peyğəmbəri İsrail xalqına xəbərdarlıqlarını bəyan etmək üçün «gözətçi» təyin etmişdi. Allah ona belə demişdi: «Mən sənə nəsə deyəndə, Mənim adımdan onlara xəbərdarlıq et». Hizqiyal ona verilmiş tapşırığa laqeyd yanaşsaydı, Yerusəlim cavabdehliyə çağırılanda həlak olmuş adamların qanı onun boynuna düşərdi (Hizqiyal 33:7—9). Amma Hizqiyal itaətkarlıq etdiyinə görə əli qana batmadı.
27 Tezliklə Şeytanın dünyası büsbütün məhv ediləcək. Buna görə də Yehovanın Şahidləri Padşahlıq xəbəri ilə yanaşı, «Allahımızın intiqam gününü» bəyan etməyi özlərinə həm borc, həm də böyük şərəf sanırlar (Əşiya 61:2; Mətta 24:14). Sən bu vacib işdə var gücünlə iştirak edirsən? Həvari Bulus təbliğ etmək tapşırığına çox ciddi yanaşırdı. Buna görə də o, alnıaçıqlıqla demişdi: «Hər kəsin qanından [təmizəm]... Çünki Allahın niyyətini sizə bütövlüklə çatdırmaqdan boyun qaçırmamışam» (Həvarilərin işləri 20:26, 27). Bu, necə də təqdirəlayiq nümunədir!
28 Əlbəttə, mehriban Atamız Yehovanın məhəbbətindən ayrılmamaq üçün həyata və qana Onun gözü ilə baxmaq hələ işin yarısıdır. Növbəti fəsildən görəcəyik ki, biz Onun gözündə təmiz və ya müqəddəs olmalıyıq.
a «Can qandadır» sözləri «Sayentifik Amerikan» jurnalında belə təsdiq edilir: «Bu sözlər rəmzi məna daşısa da, tamamilə doğrudur: qan hüceyrələrinin bütün növləri həyat üçün zəruridir».
b Yehovanın Şahidləri tərəfindən dərc olunan «Oyanın!» jurnalının 2006-cı il, avqust sayının 3—12 səhifələrinə (rus.) bax.
c Müqəddəs Kitab leksikoqrafları bu fikrə gəlmişlər ki, ibrani mətnindəki sözlər «yalnız qadına toxundurulan xətərə aid deyil». Həmçinin Müqəddəs Kitabda da deyilmir ki, rüşeymin və ya dölün yaşı Yehovanın hökmünə təsir edir.
d «Dünyadan ayrı durmaq nə deməkdir?» adlı 5-ci fəslə bax.
e «Əlavələr» bölməsində «Qan fraksiyaları və cərrahiyyə prosedurları» mövzusune bax.