Yaşayan Allahın rəhbərliyini qəbul edin
“Siz... yaşayan Allaha tərəf dönəsiniz. O Allah ki, göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaratmışdır” (HƏVARİLƏRİN İŞLƏRİ 14:15).
1, 2. Yehovanı “yaşayan Allah” kimi qəbul etmək nəyə görə münasibdir?
PAVEL və Barnaba Listrada bir nəfərə şəfa verdikdən sonra, Pavel toplaşan camaatı inandırmağa başladı: “Biz də, duyğuları sizə bənzəyən insanlarıq və sizə müjdə gətirdik ki, siz bu boş şeylərdən yaşayan Allaha tərəf dönəsiniz. OAllah ki, göyü, yeri, dənizi və içindəki hər şeyi yaratmışdır” (Həvarilərin işləri 14:15).
2 Yehovanın cansız büt deyil, “yaşayan Allah” olması nə qədər də doğrudur! (Yeremya 10:10; 1 Saloniklilərə 1:9, 10). Yehovanın yaşayan Allah olmasından əlavə, O, bizim də həyatımızın Qaynağıdır. “Hamıya həyat, nəfəs və hər şeyi verən Özüdür” (Həvarilərin işləri 17:25). O, maraq göstərir ki, biz həm indi, həm də gələcəkdə həyatdan həzz alaq. Pavel əlavə etdi ki, Allah “göydən bizə yağmurlar və səmərəli mövsümlər verərək, ürəklərimizi qida və sevinclə doldurub, yaxşılıq edərək, Özünü şahidsiz qoymamışdır” (Həvarilərin işləri 14:17).
3. Biz Allahın verdiyi rəhbərliyə nəyə görə e’tibar edə bilərik?
3 Allahın həyatımıza göstərdiyi maraq Onun rəhbərliyinə e’tibar etməyimiz üçün bizə əsas verir (Məzmur 147:8; Matta 5:45). Buna baxmayaraq, bə’ziləri Müqəddəs Kitabda onlara aydın olmayan və ya həddindən artıq sərt görünən göstərişlərə rast gəldikdə, Allahın rəhbərliyindən imtina etməyə meyllidirlər. Lakin təcrübə göstərir ki, Yehovanın rəhbərliyinə e’tibar etmək müdrik davranışdır. Məsələn, israilli qanunda cəsədə toxunmağın nəyə görə qadağan edildiyini başa düşməsə də, itaət göstərmək onun rifahına xidmət edirdi. Əvvəla, bu qanun onu yaşayan Allaha daha da yaxınlaşdırırdı, ikincisi isə, xəstəliklərdən qoruyurdu (Levililər 5:2; 11:24).
4, 5. a) Məsihçiliyin yaranmasından əvvəl Yehova qana dair hansı rəhbərliyi vermişdi? b) Allahın qana dair rəhbərliyinin məsihçilərə də aid olduğunu haradan bilirik?
4 Eyni şey, Allahın qana dair rəhbərliyinə də aiddir. Allah Nuha söylədi ki, qandan qida kimi istifadə etmək olmaz. Sonra Allah Qanunda göstəriş verdi ki, qanı yalnız qurbangahla əlaqədar — günahların bağışlanması üçün istifadə etmək olar. Beləliklə Allah qanın istifadə olunmasına dair Özünün möhtəşəm niyyətini — insanları İsanın fidiyə qurbanlığı vasitəsilə xilas etmək niyyətini tədricən açıqlayırdı (İbranilərə 9:14). Doğrudan da Allahın rəhbərliyi, Onun bizim həyatımız və rifahımızla maraqlandığını göstərir. XIX əsrin Müqəddəs Kitab alimi Adam Klark Yaradılış 9:4 ayəsinə (MKŞ) dair verdiyi şərhində yazırdı: “Şərq kilsəsi [Nuha verilmiş] bu əmrə əvvəlki kimi dəqiqliklə riayət edir. [...] Qanın qida kimi tətbiq olunması Qanunla qadağan edilirdi, çünki o, dünyanın günahları üçün töküləcək qana işarə edirdi; qanın istifadə olunmasını İncil də qadağan edirdi, çünki onu həmişə günahların bağışlanması üçün tökülən qan haqqında xatırlatma kimi nəzərdən keçirmək lazımdır”.
5 Bu alim “İncil” sözü altında, ehtimal ki, ümumi müjdəni, yə’ni İsa haqqındakı xoş xəbəri nəzərdə tuturdu. Həmin müjdə özünə, Allahın Öz Oğlunu uğrumuzda ölmək üçün — əbədi həyata malik olmağımız üçün qan tökməyə göndərdiyinə dair mə’lumatı daxil edirdi (Matta 20:28; Yəhya 3:16; Romalılara 5:8, 9). Alimin şərhi, Məsihin şagirdlərinə qandan çəkinməyi tapşıran növbəti göstərişləri də əhatə edir.
6. Məsihçilərə qana dair hansı göstərişlər verilmişdir və nəyə görə?
6 Bildiyimiz kimi, Allah israillilərə yüzlərlə qayda-qanunlar vermişdir. İsanın ölümü onun şagirdlərini bütün bunlara riayət etmək məs’uliyyətindən azad etdi (Romalılara 7:4, 6; Koloslulara 2:13, 14, 17; İbranilərə 8:6, 13). Lakin bir vaxtdan sonra ortaya kişilərin sünnət olunması kimi vacib bir məsələ çıxdı. Məsihin qanı sayəsində xilasa nail olmağı arzu edən qeyri-yəhudilərə sünnət olunmaq və bununla da Qanun altında olduqlarını göstərmək lazım idimi? Bizim eranın 49-cu ilində məsihçilərin rəhbərlik şurası bu məsələni nəzərdən keçirdi (Həvarilərin işləri, 15-ci fəsil). Allahın ruhunun köməyi ilə həvarilər və ağsaqqallar belə nəticəyə gəldilər ki, Qanunun ləğv olunması ilə sünnətin zəruri əhəmiyyəti başa çatıb. Buna baxmayaraq, Allahın bə’zi tələbləri məsihçilər üçün də qüvvədədir. Yığıncaqlara məktubunda rəhbərlik şurası yazmışdır: “Müqəddəs Ruha və bizə, vacib olan bu qaydalardan başqa sizin üzərinizə yük qoymamaq müsbət göründü: bütlərə təqdim edilib murdar olmuş ətlərdən, qandan, boğulmuş heyvanların ətindən və cinsi əxlaqsızlıqdan çəkinin. Bunlardan qaçınsanız, yaxşı iş görərsiniz” (Həvarilərin işləri 15:28, 29).
7. Məsihçilər üçün ‘qandan çəkinmək’ nə dərəcədə vacibdir?
7 Rəhbərlik şurası mə’nəvi cəhətdən ‘qandan çəkinməyin’, cinsi əxlaqsızlıqdan və bütpərəstlikdən çəkinmək qədər vacib olduğunu aydın göstərdi. Bundan görünür ki, qana dair qadağa ciddidir. Bütpərəstliyə və ya cinsi əxlaqsızlığa baş qoşan və tövbə etməyən məsihçilər “Allahın Səltənətini [Padşahlığını] miras almayacaqlar” — onların “aqibəti... ikinci ölümdür” (1 Korinflilərə 6:9, 10; Vəhy 21:8; 22:15). Fərqə diqqət yetirək: Allahın qanın müqəddəsliyinə dair rəhbərliyinə e’tinasız yanaşmaq əbədi ölümə, İsanın qurbanlığına hörmətlə yanaşmaq isə, əbədi həyata gətirib çıxara bilər.
8. Allahın qana dair rəhbərliyinə erkən məsihçilərin ciddi yanaşdıqları nədən görünür?
8 Erkən məsihçilər Allahın qana dair rəhbərliyini necə başa düşür və ona necə riayət edirdilər? Klarkın şərhini xatırlayaq: “Qanın istifadə olunmasını İncil də qadağan edirdi, çünki onu həmişə günahların bağışlanması üçün tökülən qan haqqında xatırlatma kimi nəzərdən keçirmək lazımdır”. Tarix sübut edir ki, erkən məsihçilər buna ciddi yanaşırdılar. Tertullian yazırdı: “Epilepsiyadan sağalmaq üçün qladiator oyunları zamanı meydanda öldürülənlərin təzə axıdılmış qanını acgözlüklə başına çəkənlər haqda düşünün”. Qandan qida kimi istifadə edən bütpərəstlərdən fərqli olaraq, Tertullianın sözlərinə görə, məsihçilərin “yeməklərində heyvan qanı belə olmur... Məsihçiləri sınamaq üçün onlara qan kolbasası təklif edirsiniz. Siz çox gözəl bilirsiniz ki, [bu], məsihçilər üçün qeyri-qanunidir”. Bəli, məsihçilər qan yeməkdənsə, ölməyi üstün tuturdular. Onlar Allahın rəhbərliyini çox vacib sayırdılar.
9. Qandan çəkinmək göstərişi, qanı birbaşa qidada istifadə etməkdən savayı özünə nəyi daxil edirdi?
9 Kim isə düşünə bilər ki, rəhbərlik şurası sadəcə olaraq məsihçilərə qandan qida kimi istifadə etməməyə və onu içməməyə, həmçinin qan əlavə etməklə və qanı axıdılmamış heyvan ətindən hazırlanmış yeməkləri yeməməyə dair göstəriş verirdi. Əslində Allahın Nuha verdiyi göstərişin əsas mə’nası bu idi. Həvarilər də öz fərmanlarında məsihçilərə “boğulmuş heyvanların ətindən”, yə’ni tərkibində qan qalan ətdən qorunmağı söylədilər (Yaradılış 9:3, 4, MKŞ; Həvarilərin işləri 21:25). Lakin erkən məsihçilər bilirdilər ki, daha artıq şey tələb olunur. Bə’zən qanı tibbi məqsədlər üçün istifadə edirdilər. Tertullian diqqət yetirmişdir ki, epilepsiyadan sağalmaq üçün bütpərəstlər təzə qan içirdilər. Qanı tətbiq etməyin başqa üsulları da ola bilərdi ki, onların da xəstəlikləri və səhhəti yaxşılaşdırdığını hesab edirdilər. Bu səbəbdən, məsihçilər üçün qandan çəkinmək, həmçinin onu tibbi məqsədlər üçün istifadə etməməyi də nəzərdə tuturdu. Həyatları üçün təhlükə yaradıb-yaratmasına baxmayaraq, məsihçilər öz nöqteyi-nəzərlərinə riayət edirdilər.
Tibbi məqsədlər üçün istifadə olunan qan
10. Tibdə qandan necə istifadə olunur və hansı sual yaranır?
10 Qanı tibbi məqsədlər üçün istifadə etmək bizim günlərdə adi hala çevrilib. Əvvəllər xalis qan köçürürdülər: onu donordan götürür, saxlayır və sonra pasientə, məsələn, yaralı əsgərə köçürürdülər. Bir qədər sonra alimlər qanı əsas komponentlərə ayırmağı öyrəndilər. Komponentlərdən istifadə etməyin sayəsində, həkimlər donor qanını daha çox sayda pasientlərin arasında bölüşdürə bildilər: plazmanı bir yaralıya, eritrositləri isə digərinə verirdilər. Sonrakı araşdırmalar göstərdi ki, bir komponentdən, məsələn, e’mal etmək yolu ilə qanın plazmasından çoxsaylı fraksiyalar əldə etmək olar ki, onları da daha artıq sayda pasientlərin arasında bölüşdürmək olar. Bu istiqamətdə axtarışlar davam edir və fraksiyaları istifadə etməyin yeni üsulları müəyyən edilir. Məsihçi buna necə reaksiya verməlidir? Məsələn, məsihçi qətiyyətlə qərara gəlir ki, heç bir halda ona qan köçürülməsinə razılıq verməyəcək, həkim isə onu qanın əsas komponentlərindən birini, ehtimal ki, eritrositi qəbul etməyə inandırır. Və yaxud müalicə qanın hansısa komponentlərindən birindən alınmış az miqdarda fraksiyanın tətbiq olunması ilə əlaqədardır. Qanın müqəddəsliyini və əslində həyatı yalnız Məsihin qanının xilas etdiyini nəzərə alaraq, Allahın xidmətçisi bu cür hallarda hansı qərarı qəbul etməlidir?
11. Yehovanın Şahidləri artıq uzun illərdir ki, tibbi faktlara müvafiq olan hansı mövqeyi tuturlar?
11 Yehovanın Şahidləri öz mövqelərini uzun illər qabaq aydın surətdə göstərmişlər. Məsələn, onlar “Amerika tibb assosiasiyasının jurnalı” üçün məqalə yazmışlar (1981-ci ilin 27 noyabr ayı; “Qan sənin həyatını necə xilas edə bilər?”a broşürasında (rus.), 27-29-cu səhifələrdə dərc olunub). Həmin məqalədə “Təkvin”, “Levililər” və “Həvarilərin işləri” kitablarından sitatlar gətirilirdi. Sonra deyilirdi: “Bu ayələr tibbi dildə yazılmasa da, Yehovanın Şahidlərinin fikrinə görə, onlar xalis qanın, eritrosit kütləsinin və plazmanın, həmçinin leykositlərin və trombositlərin yeridilməsini qadağan edir”. 2001-ci ildə dərc olunmuş “Tə’xirəsalınmaz yardım” adlı rəhbərlik kitabında, “Qanın tərkibi” adlı başlıq altında deyilir: “Qan bir neçə komponentdən ibarətdir: plazma, eritrositlər, leykositlər və trombositlər” (“Emergency Care”). Beləliklə, tibbi faktlarla əlaqədar, Yehovanın Şahidləri xalis qanı və onun dörd əsas komponentini köçürməkdən imtina edirlər.
12. a) Qanın əsas komponentlərindən alınan fraksiyalara dair mövqeyimiz haqqında nə deyilirdi? b) Həmin sualla əlaqədar əlavə mə’lumatı harada tapmaq olar?
12 Həmən tibb jurnalında olan məqalədə sonra deyilir: “Şahidlərin dini anlayışları albumin, immunoqlobulin kimi komponentlərdən və hemofiliya xəstəliyinə tutulmuş adamlar üçün dərmanlardan istifadə etməyi təmiz qadağan etmir; hər bir Şahid onları qəbul edib-etməməyə dair şəxsən özü qərar qəbul etməlidir”. 1981-ci ildən e’tibarən tibbi məqsədlər üçün çoxlu fraksiyalar (dörd əsas komponentdən alınmış xırda tərkib hissələr) ayrılmışdır. Buna görə də “Gözətçi Qülləsi”nin 2000-ci il 15 iyun sayında (rus.) “Oxucuların sualları” rubrikasında bu suala dair faydalı mə’lumat dərc edilmişdir. Milyonlarla bugünkü oxucular üçün həmin cavab “Gözətçi Qülləsi”nin 2004-cü il 15 iyun sayının (rus.) 29-31-ci səhifələrində təkrar dərc edilib. Həmin məqalədə müxtəlif təfsilat və məntiqi arqumentlər gətirilsə də, diqqət yetirmək olar ki, o, 1981-ci ildə ifadə edilmiş əsas prinsiplərə müvafiq gəlir.
Vicdanımızın rolu
13, 14. a) Vicdan nədir və qana dair qərara necə tə’sir edir? b) Allah israillilərə qidada ətdən istifadə etməyə dair hansı rəhbərliyi verdi və hansı suallar yarana bilərdi?
13 Bu məsələdə qərarın qəbul edilməsi vicdanla bağlıdır. Nəyə görə? Bütün məsihçilər razılaşacaqlar ki, Allahın rəhbərliyinə riayət etmək lazımdır, lakin ayrı-ayrı hallarda öz vicdanını nəzərə alaraq şəxsi qərarlar qəbul etmək lazımdır. Vicdan — doğulduğumuz vaxtdan, xüsusilə də əxlaq məsələlərində qiymət vermək və seçim etmək qabiliyyətidir (Romalılara 2:14, 15). Mə’lum olduğu kimi, hamının vicdanı müxtəlifdirb. Müqəddəs Kitabda deyilir ki, bə’zilərinin “zəif vicdanı” var; deməli, vicdanı qüvvətli olan kəslər də var (1 Korinflilərə 8:12). Məsihçilər Allahın iradəsini dərk etməkdə, Onun düşüncə tərzini mənimsəməkdə və qərar qəbul edərkən biliklərini istifadə etməkdə müxtəlif sür’ətə malikdirlər. Bunu yəhudilərin ətdən qida kimi istifadə etmələrinin nümunəsi ilə təsvir etmək olar.
14 Müqəddəs Kitab aydın şəkildə göstərir ki, Allaha itaətkar olan insan, qanı axıdılmamış əti yeməz. Bu tapşırıq o qədər ciddi idi ki, hətta israil əsgərləri böhran vəziyyətini nəzərə alaraq əti ‘qanı ilə yeyəndə’ belə onlar ciddi səhvə — günaha yol verməkdə təqsirkar olmuşdular (Təsniyə 12:15, 16; 1 Samuel 14:31-35). Buna baxmayaraq, suallar yarana bilərdi. Məsələn, israilli qoyun kəsəndə, onun qanını nə qədər vaxt ərzində axıtmalı idi? Qanı axmaq üçün boğazını axıracanmı kəsmək lazım idi? Qoyunu arxa ayaqlarından asmaq lazım idimi? Nə qədər müddətə? Bəs böyük inəklə nə etmək lazım idi? Hətta qanı axıdılsa da, onun hansısa miqdarı ətdə qala bilərdi. Bu cür əti yemək caiz idimi? Buna kim qərar verməli idi?
15. Ət yeməyə dair məsələyə bə’zi yəhudilər necə yanaşırdılar və Allah hansı prinsipləri vermişdir?
15 Bu cür suallarla qarşılaşan qeyrətli yəhudini təsəvvür edək. O düşünə bilərdi ki, ən təhlükəsiz addım ət bazarında satılan əti yeməməkdir. Başqa bir yəhudi isə bütə gətirildiyi ehtimal olunan əti yeməzdi. Digər yəhudilər, ehtimal ki, əti, qanı axıtmaq üçün yalnız müəyyən ən’ənələr yerinə yetirildikdən sonra yeyirdilərc (Matta 23:23, 24). Sən bu cür müxtəlif münasibətlər barəsində nə düşünürsən? Bundan əlavə, Allah bu cür hərəkətləri tələb etmədiyinə görə, yəhudilər, çoxsaylı suallarınının hər biri üçün qərar qəbul edilsin deyə, onları ravvinlər şurasına göndərsəydilər, daha yaxşı olmazdımı? İudaizmdə bu cür ən’ənə yaransa da biz şadıq ki, Yehova Özünün həqiqi xidmətçilərinə qan haqqındakı sualları bu üsulla həll etməyi buyurmayıb. Allah Qanuna əsasən təmiz sayılan heyvanları kəsməyə və onların qanını axıtmağa dair əsas prinsiplərdən artıq mə’lumat verməyib (Yəhya 8:32).
16. Nəyə görə qanın komponentinin hər-hansı xırda fraksiyasının inyeksiyasına dair, məsihçilərin müxtəlif nöqteyi-nəzərləri ola bilər?
16 Artıq 11 və 12-ci abzaslarda qeyd olunduğu kimi, Yehovanın Şahidləri xalis qanın və onun dörd əsas komponentinin — plazmanın, eritrositlərin, leykositlərin və trombositlərin köçürülməsinə razılıq vermirlər. Bəs qanın əsas komponentlərindən alınan xırda fraksiyalar, məsələn, xəstəliklə mübarizədə kömək edən və ya ilan zəhərinin əleyhinə xidmət edən, tərkibində anticisimlər olan zərdablar barəsində nə demək olar? (“Gözətçi Qülləsi”nin 2004-cü il 15 iyun sayının (rus.) 30-cu səhifəsindəki 4-cü abzasa baxın.) Bə’ziləri belə fikrə gəlirlər ki, bu cür xırda fraksiyalara artıq qan demək olmaz və buna görə də bu, “qandan... çəkinin” göstərişinə daxil deyil (Həvarilərin işləri 15:29; 21:25; həmin jurnalın 31-ci səhifəsi, abz. 1). Bu məsihçilər qəbul etdikləri qərarlar üçün özləri məs’uliyyət daşıyırlar. Başqalarının isə vicdanı qandan (heyvan və ya insan qanından) alınmış hər bir şeyi, hətta əsas komponentlərin birindən alınmış xırda fraksiyaları belə rədd etməyə təşviq edird. Digərləri dərman və ya zəhər əleyhinə zərdab kimi plazma zülallarının inyeksiya edilməsinə razılıq verə, lakin digər xırda fraksiyaları rədd edə bilərlər. Bundan əlavə, dörd əsas komponentin birindən alınan bə’zi preparatlar öz tə’sirinə görə komponentin özü ilə o qədər oxşar ola bilər və həyatı qorumaq üçün o qədər vacib rol oynayır ki, məsihçilərin əksəriyyəti onların tətbiq edilməsini yolverilməz hesab edərlər.
17. a) Qanın fraksiyaları barəsində olan məsələlərdə vicdan necə kömək edə bilər? b) Bu məsələlərin həllinə nəyə görə çox ciddi yanaşmaq lazımdır?
17 Belə qərarlar qəbul edəndə, Müqəddəs Kitabda vicdan haqqında deyilənlər kömək edə bilər. Əvvəlcə Allahın Kəlamının nöqteyi-nəzərini öyrənmək və bu biliklərin sənin vicdanına tə’sir etməsinə yol vermək lazımdır. Bu, kimdənsə sənin yerinə qərar qəbul etməyi xahiş etmək əvəzinə, sənin özünə Allahın rəhbərliyinə müvafiq qərar qəbul etməyə kömək edəcək (Məzmur 25:4, 5). Qanın fraksiyaları barəsində bə’ziləri düşünürlər: “Əgər bu vicdan məsələsidirsə, deməli, necə davranmağım fərq etməz”. Bu cür düşünmək düzgün deyil. Əgər hansısa məsələ vicdanın ümidinə buraxılırsa, bu onun az əhəmiyyətli olmasına dəlalət etmir. Əksinə, bu ən vacib məsələ ola bilər. Axı bizim qərarımız, vicdanı bizimki kimi olmayan kəslərə tə’sir edə bilər. Biz bunu, Pavelin, bazara çıxarılmazdan əvvəl, ehtimal ki, bütlərə gətirilən ət haqqında verdiyi nəsihətdən görürük. Məsihçi, qardaşlarının ‘zəif vicdanına toxunmaqdan’ ehtiyat etməlidir. Əgər o, başqalarını büdrədərsə, uğrunda Məsihin öldüyü qardaşını həlak edər və bununla da Məsihə qarşı günah işlətmiş olar. Beləliklə, qanın xırda fraksiyaları haqqında olan suallar öz öhdəmizə buraxılsa da, onların həll edilməsinə çox ciddi yanaşmaq lazımdır (1 Korinflilərə 8:8, 11-13; 10:25-31).
18. Məsihçi qana dair məsələlərdə vicdanının kütləşməməsi üçün nə etməlidir?
18 Qana dair qərar qəbul edərkən, az əhəmiyyəti olmayan daha bir amilə diqqət yetirmək lazımdır: sənin qərarın sənin özünə necə tə’sir edəcəkdir. Əgər qanın xırda fraksiyalarının tətbiq edilməsi sənin Müqəddəs Kitabın prinsipləri əsasında tərbiyə edilmiş vicdanını narahat edirsə, buna e’tinasız yanaşma. Kiminsə — “onları qəbul etmək olar, çoxları belə edir”, sözlərinə görə öz vicdanını boğma. Yadda saxla: milyonlarla müasirlərimiz öz vicdanlarına diqqət yetirmirlər və onların vicdanı kütləşib, bunun nəticəsində isə, onlar vicdan əzabı çəkmədən yalan danışır və başqa pis işlərlə məşğul olurlar. Şübhəsiz ki, məsihçilər bu cür davranmaq istəmirlər (2 Samuel 24:10; 1 Timoteyə 4:1, 2).
19. Qanla əlaqədar olan məsələlərdə qərar qəbul edərkən ilk növbədə nəyi əldə rəhbər tutmalıyıq?
19 “Gözətçi Qülləsi”nin 2004-cü il 15 iyun sayının (rus.) 29-31-ci səhifələrində təkrarən dərc olunan cavabın axırında deyilir: “Məsihçilərin vicdanı əldə rəhbər tutaraq qəbul etdikləri qərarlar müxtəlifdir. Lakin bu, məsələnin əhəmiyyətsiz olduğuna dəlalət edirmi? Xeyr. Məsələ çox ciddidir”. Bu məsələ xüsusən də ona görə ciddidir ki, sənin ‘yaşayan Allahla’ münasibətlərinə tə’sir edir. İsanın tökülmüş qanı sayəsində yalnız bu münasibətlər əbədi həyata gətirib çıxara bilər. Allahın qana olan nöqteyi-nəzərinə dərin hörmət hissi inkişaf etdir, çünki Allah insanların həyatını qanla xilas edir. Həvari Pavel bu barədə yaxşı yazmışdır: “[Sizin] heç bir ümidiniz yox idi və dünyada Allahdan məhrum idiniz. İndi isə, Məsih İsa sayəsində, bir zamanlar uzaq olan sizlər Məsihin qanı səbəbilə yaxın oldunuz” (Efeslilərə 2:12, 13).
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfindən dərc olunub.
b Bir dəfə Pavel və daha dörd məsihçi rəsmi surətdə təmizlənmək üçün mə’bədə getdilər. Qanun qüvvədən düşsə də, Pavel Yerusəlimdəki ağsaqqalların məsləhəti ilə belə davrandı (Həvarilərin işləri 21:23-25). Yəqin ki, başqa məsihçilər mə’bədə getməyi və ya bu cür ən’ənəni yerinə yetirməyi özləri üçün qeyri-mümkün bir şey hesab edərdilər. İnsanların vicdanı o zaman müxtəlif olduğu kimi, bu gün də müxtəlifdir.
c “Yəhudi ensiklopediyası”nda əti hazır vəziyyətə çatdırmağın “mürəkkəb və təfsilatlı” qayda-qanunları qeyd olunur. Orada əti neçə dəqiqə suda saxlamaq, qanın qalığını necə axıtmaq, onu hansı növ duzla ovxalamaq və soyuq suda neçə dəfə yaxalamaq barəsində xatırlanır.
d Bə’zi inyeksiyaların başlıca və ya fəal hissələrində qandan alınmayan sintetik preparatlardan getdikcə daha tez-tez istifadə olunur. Lakin bə’zən qanın hansısa fraksiyasının, məsələn, albuminin kiçik miqdarı əlavə oluna bilər. (“Gözətçi Qülləsi”nin 1994-cü il 1 oktyabr sayında “Oxucuların sualları”na baxın.)
Xatırlayırsınızmı?
• Allah qana dair Nuha, israillilərə və məsihçilərə hansı rəhbərliyi verdi?
• Qanla əlaqədar Yehovanın Şahidləri nədən tamamilə imtina edirlər?
• Qanın əsas komponentlərinin xırda fraksiyaları barəsindəki məsələ hansı mə’nada vicdanla bağlı olan məsələdir, lakin bu nə demək deyil?
• Nəyə görə qərar qəbul edərkən, ilk növbədə Allahla olan münasibətlərimizi xatırlamalıyıq?
[16-cı səhifədəki cədvəl]
(Cədvələ nəşrin özündə baxın)
QANA DAİR ƏSAS MÖVQEYİMİZ
XALİS QAN
▾ ▾ ▾ ▾
YOLVERİLMƏZDİR Eritrositlər Leykositlər Trombositlər Plazma
MƏSİHÇİNİN ▾ ▾ ▾ ▾
ŞƏXSİ QƏRARI Eritrositlərdən Leykositlərdən Trombositlərdən Plazmadan
alınan fraksiyalar alınan fraksiyalar alınan fraksiyalar alınan fraksiyalar
[14-cü səhifədəki şəkil]
Rəhbərlik şurası qərara gəldi ki, məsihçilər ‘qandan çəkinməlidirlər’.
[17-ci səhifədəki şəkil]
Qanın fraksiyaları barəsindəki məsələni həll edəndə vicdanının səsinə e’tinasız yanaşma.