Yehovanın Kəlamı canlıdır
“Təkvin” kitabından diqqətəlayiq fikirlər — II hissə
“TƏKVİN” kitabında nəql edilənlər ilk insan olan Adəmin yaradılmasından, Yaqubun oğlu Yusifin ölümünə qədər davam edən bəşər tarixinin 2 369 ilini əhatə edir. Yaradılışdan tutmuş, Babil qülləsinin tikilməsinə qədərki dövrü təsvir edən ilk 10 fəsil və 11-ci fəslin 9 ayəsi bu jurnalın keçən buraxılışında müzakirə olunurdua. İndi biz Allahın İbrahim, İshaq, Yaqub və Yusiflə olan qarşılıqlı münasibətləri haqqında nəql edən qalan fəsillərdəki diqqətəlayiq fikirləri nəzərdən keçirəcəyik.
İBRAHİM ALLAHIN DOSTU OLUR
Tufandan təxminən 350 il sonra Nuhun oğlu Samın nəslindən Allahın xüsusilə qiymətləndirəcəyi bir nəfər doğulur. Onun adı Abramdır, sonradan İbrahim adı ilə əvəz olunacaqdır. İbrahim Allahın əmri ilə kildanilərin Ur şəhərini tərk edir və Yehovanın ona və onun nəslinə verməyi və’d etdiyi diyarda çadırlarda yaşayır. İmanı və itaətkarlığı sayəsində, “İbrahimə Allahın dostu deyildi” (Yaqub 2:23).
Yehova Sodomun əxlaqsız sakinlərini və onun ətraf şəhərlərini məhv edir, Lutu və onun qızlarını sağ saxlayır. Allahın və’di İbrahimin oğlu İshaqın anadan olması ilə yerinə yetir. Bir neçə il keçdikdən sonra, Yehova İshaqı qurban gətirməyi buyuranda, İbrahimin imanı sınağa mə’ruz qalır. Budur, artıq İbrahim Allahın əmrini yerinə yetirməyə hazırdır, ancaq mələk onu saxlayır. İbrahimin güclü imana malik olmasına dair heç bir şübhə yoxdur və o, bütün xalqların onun zürriyyəti vasitəsilə xeyir-dua alacağına dair zəmanət alır. Sevimli həyat yoldaşı Saranın ölümü İbrahimi kədərə bürüyür.
Müqəddəs Kitab suallarına cavablar:
12:1-3 — İbrahimlə əhd nə vaxt qüvvəyə mindi və o nə qədər davam etməli idi? ‘Yer üzünün bütün qəbilələrinin... [Abramda] xeyir-dua’ alacağına dair Yehovanın Abramla bağladığı əhd, göründüyü kimi, Abram Kən’an diyarına gedərkən Fərat çayını keçən zaman qüvvəyə minmişdir. Bu, gərək ki, b. e. ə. 1943-cü ilin 14 nisanında — israillilərin Misirdən azad olunmalarından 430 il əvvəl baş vermiş olmalıdır (Çıxış 12:2, 6, 7, 40, 41). İbrahimlə bağlanan əhd — “əbədi əhd”dir. Bu əhd “yer üzünün bütün qəbilələri... xeyir-dua” almayınca və Allahın bütün düşmənləri məhv edilməyincə qüvvədə olacaqdır (Təkvin 17:7; 1 Korinflilərə 15:23-26).
15:13 — Abramın gələcək nəslinin 400 illik zülmü haqqındakı peyğəmbərlik nə zaman yerinə yetdi? Bu zülm dövrü b. e. ə. 1913-cü ildə İbrahimin oğlu İshaqın 5 yaşında ikən süddən kəsildiyi və 19 yaşlı atabir, ana ayrı qardaşı İsmailin ona güldüyü zaman başladı (Təkvin 21:8-14; Qalatiyalılara 4:29). Zülm b. e. ə. 1513-cü ildə israillilərin Misir köləliyindən azad olunmaları ilə başa çatdı.
16:2 — Sarayın öz cariyəsi Həcəri arvad olaraq Abrama verməsi düzgün idimi? Saray o dövrün adətinə uyğun davrandı: sonsuz qadın öz cariyəsini ərinə verməli idi ki, o, varis doğsun. Poliqam nikahlar ilk dəfə Qabilin nəslindən yarandı. Nəticədə belə nikahlar adi hala çevrildi və Yehovanın bə’zi xidmətçilərinin də birdən artıq arvadı vardı (Təkvin 4:17-19; 16:1-3; 29:21-28). Lakin Yehova əzəldən tə’sis edilmiş monoqam nikahı heç vaxt ləğv etməmişdir (Təkvin 2:21, 22). Allah törəyib çoxalmaq və yer üzünü doldurmaq tapşırığını Nuh ilə oğullarına da təkrar eləmişdi və onların hərəsinin bir arvadı vardı (Təkvin 7:7; 9:1; 2 Peter 2:5). İsa Məsih də təkrar etmişdi ki, nikah monoqam olmalıdır (Matta 19:4-8; 1 Timoteyə 3:2, 12).
19:8 — Məgər Lutun öz qızlarını sodomlulara təklif etməsi yanlış hərəkət deyildimi? Şərq adətlərinə görə, ev sahibi, hətta öz həyatı bahasına olsa belə, qonaqlarını müdafiə etməyə borclu idi. Lut buna hazır idi. O, evinin qabağında toplaşan camaatın yanına cəsarətlə çıxdı, evin qapısını arxasınca bağladı və onlarla təkbaşına qaldı. Görünür, Lut onlara öz qızlarını təklif edəndə, artıq qonaqlarının Allah müjdəçiləri olduqlarını anlamışdı və o, ehtimal ki, belə bir nəticəyə gəlmişdi ki, Allah Misirdə onun xalası Saranı qoruduğu kimi, onun qızlarını da qoruya bilər (Təkvin 12:17-20). Mə’lum olduğu kimi, Lut və qızları sağ qaldılar.
19:30-38 — Yehova Lutun sərxoşluğuna və qızlarının oğullarının atası olmasına göz yumdumu? Yehova nə yaxın qohumlar arasındakı cinsi əlaqəyə, nə də ki, sərxoşluğa göz yumur (Levililər 18:6, 7, 29; 1 Korinflilərə 6:9, 10). Əslində Lut Sodomun sakinlərinin ‘haqsız işlərindən’ usanmışdı (2 Peter 2:6-8). Qızlarının Lutu içirdib kefləndirmələri artıq onu göstərir ki, onlar ayıq vaxtı Lutun onlarla cinsi əlaqəyə girməyəcəyini bilirdilər. Ancaq onlar yad ölkədə idilər, buna görə də onun qızları Lutun nəslinin yox olmasının qarşısını yalnız bu cür almağın mümkün olduğunu hesab edirdilər. Baş verənlər Müqəddəs Kitabda qeydə alınmışdır ki, bir tərəfdən moablılarla (Moabın nəslinin) ammonilər (Ben-amminin nəslinin) və digər tərəfdən İbrahimin nəsli, yə’ni israillilər arasında olan münasibət göstərilsin.
Bizim üçün ibrət dərsləri:
13:8, 9. Fikir ayrılıqlarını həll etməyə dair İbrahim necə də gözəl nümunə vermişdir! Biz maddi mənfəət, məğrurluq və ya şəxsən üstünlük verdiyimiz şeylər naminə sülh münasibətlərini heç vaxt qurban verməli deyilik.
15:5, 6. İbrahim get-gedə qocalırdı, ancaq onun hələ də oğlu yox idi. O, bu haqda Allahla danışırdı. Öz növbəsində Yehova onu Öz və’dinin doğruluğuna əmin etdi. Bunun nəticəsi nə oldu? İbrahim “Rəbbə iman etdi”. Əgər biz duada ürəyimizi Allaha açırıqsa, Onun Müqəddəs Kitabda yazılan tə’minatlarına diqqət yetirir və Ona tabe oluruqsa, Yehova bizim imanımızı möhkəmlədəcək.
15:16. Yehova amorilərin, yə’ni kən’anlıların üzərində hökm kəsmədən öncə, dörd nəsil gözləmişdir. Nəyə görə? Çünki O, səbirli Allahdır. O, onların düzələcəklərinə ümid olduğu üçün gözləyirdi. Biz də Yehova kimi səbir etməliyik.
18:23-33. Yehova ucdantutma hamını məhv etmir. O, salehləri qoruyur.
19:16. Lut yavaş hərəkət edirdi və mələklər onu və ailəsini Sodomdan, demək olar ki, güclə çıxarmalı oldular. Biz bu günahlı dünyanın sonunu gözlədiyimiz müddətdə, tə’xirəsalınmazlıq hissini itirməməliyik.
19:26. Yayınmaq və bu dünyada qoyduğumuz şeylərə təəssüf hissi ilə dönüb baxmaq, necə də ağılsızlıqdır!
YAQUBUN 12 OĞLU DÜNYAYA GƏLİR
İbrahim qayğı göstərir ki, İshaq Yehovaya iman edən Rebeka adlı qadınla evlənsin. Rebeka əkizlərin — Esavla Yaqubun anası olur. Esav özünün ilk oğulluq haqqına e’tinasızlıq edir və onu, sonradan atasının xeyir-duasını alan Yaquba satır. Yaqub Paddan-arama qaçıb canını qurtarır, orada da Lea və Rahel ilə evlənir və öz ailəsi ilə birlikdə oradan köçənə qədər 20 il onların atalarının sürülərinin keşiyini çəkir. Yaqubun Leadan, Raheldən və onların iki cariyəsindən 12 oğlu və bir qızı dünyaya gəlir. Yaqub mələklə mübarizə edir və xeyir-dua alır, onun adı İsrail adı ilə əvəz edilir.
Müqəddəs Kitab suallarına cavablar:
28:12, 13 — Yaqubun “nərdivan” gördüyü yuxunun mə’nası nədir? Ola bilsin, bu, yuxarı qalxan daş pillələrdən ibarət “nərdivan” idi. O göylə yer arasındakı əlaqəni təmsil edirdi. Nərdivanla mələklərin qalxıb düşmələri onu göstərirdi ki, onların xidməti Allahla Onun iltifatını qazanan insanlar arasındakı ünsiyyətdə vacib rol oynayır (Yəhya 1:51).
30:14, 15 — Nəyə görə Rahel bir neçə “mandraqora”ya (YD) görə hamilə qalmaq imkanından imtina etdi? Qədimdə mandraqoranın meyvələri tibdə narkotik maddə və həmçinin spazmatik dərman kimi istifadə edilirdi. Həmçinin hesab olunurdu ki, onlar cinsi meyl oyadır, doğum hallarının sayını artırır və hamilə qalmağa da kömək edir (Nəşidələr nəşidəsi 7:13). Müqəddəs Kitabda Rahelin mandraqoraları götürməyi üstün tutmasının səbəbi izah edilməsə də, ehtimal ki, o, bu meyvələrin ona hamilə qalmağa kömək edəcəyini və beləliklə də rüsvayçılığın onun üzərindən götürüləcəyini düşünürdü. Lakin Yehova yalnız bir neçə ildən sonra onun “bətnini açdı” (Yaradılış 30:22-24, MKŞ).
Bizim üçün ibrət dərsləri:
25:23. Yehova insanların genetik meyllərini onların anadan olmasından əvvəl görməyə qadirdir və O, bu bilikdən istifadə edərək Öz niyyətlərini həyata keçirmək üçün istədiyi kəsləri əvvəlcədən seçir. Lakin O, hər bir insanın həyatını qabaqcadan tə’yin etmir (Hoşea 12:3; Romalılara 9:10-12).
25:32; 32:24-29. Yaqubun ilk oğulluq haqqını almaq arzusu və xeyir-dua almaq üçün bütün gecəni mələklə mübarizə etməsi göstərir ki, o, həqiqətən də müqəddəs olanı qiymətləndirirdi. Yehova bizə də bə’zi müqəddəs şeylər e’tibar edib; buraya bizim Onunla və Onun təşkilatı ilə olan münasibətlərimiz, fidiyə qurbanlığı, Müqəddəs Kitab və Padşahlığa olan ümidimiz daxildir. Gəlin, Yaqub kimi biz də göstərək ki, müqəddəs olanı qiymətləndiririk.
34:1, 30 (MKŞ). Yaquba qarşı ‘nifrət oyadan’ bədbəxtlik Dinanın Yehovanı sevməyən kəslərlə dostluq etməsindən başladı. Biz özümüzə dostları müdrikliklə seçməliyik.
YEHOVA MİSİRDƏ YUSİFƏ XEYİR-DUA VERİR
Yaqubun oğulları paxıllıqlarından qardaşları Yusifi qul kimi satırlar. Yusif, Allahın əxlaq normalarına sədaqət və cəsarətlə riayət etdiyinə görə, Misirdə zindana düşür. Bir neçə müddətdən sonra onu zindandan çıxarırlar ki, fir’onun yuxularını yozsun. Bu yuxularda qabaqcadan xəbər verilirdi ki, yeddi il bolluqdan sonra, yeddi il qıtlıq olacaqdır. Bundan sonra Yusifi Misirdə ərzaq paylamaq işinə başçı tə’yin edirlər. Qıtlıq dövründə onun qardaşları yemək dalınca Misirə gəlirlər. Ailə yenidən birləşir və münbit Goşen torpağında yerləşir. Ölüm yatağında ikən Yaqub öz oğullarına xeyir-dua verir və uzaq gələcəkdə olacaq böyük xeyir-dualara möhkəm ümid verən peyğəmbərlik söyləyir. Yaqubun cəsədi Kən’an diyarına köçürülür, orada da basdırılır. Yusif 110 yaşında öldüyü zaman onun cəsədini balzamlayır və sonradan Və’d edilmiş diyara aparırlar (Çıxış 13:19).
Müqəddəs Kitab suallarına cavablar:
43:32 — Nəyə görə misirlilər üçün yəhudilərlə birlikdə yemək yemək iyrənc idi? Bunun səbəbi, yəqin ki, dini baxımdan qabaqcadan hasil olmuş yanlış fikir və ya milli iftixar hissi olmuşdur. Misirlilər həmçinin çobanlara da nifrət edirdilər (Təkvin 46:34). Nəyə görə? Sadəcə olaraq qoyun otaran çobanlar, ehtimal ki, ən aşağı təbəqəyə mənsub idilər. Yaxud, ola bilsin, münbit torpaqların az olduğundan, misirlilər mal-qara üçün otlaq axtaran kəslərə nifrət edirdilər.
44:5 — Yusif doğrudanmı kasa ilə fala baxırdı? Gümüş kasa və onun haqqında deyilənlərin hamısı, sadəcə olaraq məharətlə qurulmuş planın bir hissəsi idi. Yusif sədaqətlə Yehovaya xidmət edirdi. Əslində isə, Benyaminin kasanı oğurlamadığı kimi, eləcə də Yusif kasa ilə fala baxmırdı.
49:10 — “Padşahlıq əsası” və “hökmdarlıq əsası” nə deməkdir? “Padşahlıq əsası” — hökmdarın malik olduğu hakimiyyəti təmsil edir. “Hökmdarlıq əsası”, yə’ni uzun əl ağacı — rəhbərlik edənin əmr etmək hüququnu təmsil edir. Yaqubun bu əşyaları xatırlatması göstərir ki, “Şilo” gəlincəyə qədər hakimiyyətin və əmr etmək hüququnun çox hissəsi Yəhudanın nəslinə məxsus olacaqdır. Yəhudanın nəslindən olan kəs, Yehovanın göylər hakimiyyətini e’tibar etdiyi İsa Məsihdir. Məsih Padşahlıq hakimiyyətinə və əmr etmək hüququna malikdir (Məzmur 2:8, 9; İşaya 55:4; Daniel 7:13, 14).
Bizim üçün ibrət dərsləri:
38:26. Yəhuda dul qalmış gəlini Tamar ilə düzgün rəftar etmədi. Lakin Tamarın ondan hamilə olduğu aşkar olunduqda, o, itaətkarlıqla öz günahını boynuna aldı. Biz də öz səhvlərimizi e’tiraf etməyə hazır olmalıyıq.
39:9. Yusifin Potifərin arvadına verdiyi cavab göstərir ki, onun əxlaq məsələsinə dair nöqteyi-nəzəri Allahın nöqteyi-nəzəri ilə uyğun idi və o, Allahın prinsiplərini rəhbər tuturdu. Həqiqətə dair dəqiq biliyimiz artdıqca, biz də buna can atmalı deyilikmi?
41:14-16, 39, 40. Yehova Ondan qorxanların vəziyyətini dəyişə bilər. Bədbəxtliklər baş verən zaman müdrikliklə Yehovaya arxalanmalı və Ona olan sadiqliyimizi qorumalıyıq.
Onların güclü imanı vardı
İbrahim, İshaq, Yaqub və Yusif doğrudan da Allah qorxusuna malik olan iman ərləri idilər. “Təkvin” kitabında onlar haqqında danışılan hadisələr həqiqətən də imanı möhkəmlədir və orada çoxlu qiymətli dərslər vardır.
Sən Teokratik Xidmət Məktəbinin proqramı üzrə Müqəddəs Kitabın həftəlik oxunmasına hazırlaşarkən, bu kitabdan böyük fayda əldə edə bilərsən. Bu məqalə oxuduğun parçanın daha maraqlı olmasına kömək edəcəkdir.
[Haşiyə]
a “Gözətçi Qülləsi” jurnalının 2004-cü il 1 yanvar sayındakı “Yehovanın Kəlamı canlıdır. “Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə” adlı məqaləyə baxın.
[28-ci səhifədəki şəkil]
İbrahimin güclü imanı vardı.
[28-ci səhifədəki şəkil]
Yehova Yusifə xeyir-dua verdi.
[28-ci səhifədəki şəkil]
Saleh Lut və qızları məhv zamanı xilas olundular.
[31-ci səhifədəki şəkil]
Yaqub müqəddəs olanı qiymətləndirirdi. Bəs sən?