Padşahlığı almağa layiq görülmüşlər
«Bu təcrübələr Allahın adil hökmünün əlamətidir ki... Allahın Səltənətinə layiq sayılasınız». 2 SALON. 1:5
1, 2. Allahın hökmə dair niyyəti nədir və bu hökmü kim icra edəcək?
ERAMIZIN təxminən 50-ci ilidir. Həvari Pavel Afinadadır. Burada bütpərəstliyin geniş yayıldığını görüb ürəyində dərin kədər duyan Pavel məharətlə şahidlik verir. O, nitqinə elə yekun vurur ki, bu, bütpərəst dinləyicilərin diqqətini cəlb etməyə bilməzdi. O deyir: «Allah... indi isə hər yerdə insanlara əmr edir ki, hamı tövbə etsin. Çünki Allah elə bir gün təyin etdi ki, o gün seçdiyi Adam vasitəsi ilə dünyaya ədalətlə hökm edəcəkdir. Onu ölülərdən dirildərək, bütün insanlara bu barədə sübut verdi» (Həv. iş. 17:30, 31).
2 Allahın gələcəkdə bəşəriyyətə hökm etmək üçün gün təyin etməsi son dərəcə vacib məsələdir. Bu hökm Pavelin Afinadakı nitqi zamanı adını çəkmədiyi şəxs tərəfindən icra olunacaq. Ancaq biz onun dirilmiş İsa Məsih olduğunu bilirik. İsanın çıxardığı hökm kimin üçünsə həyat, kimin üçünsə ölüm demək olacaq.
3. Yehova İbrahimlə nə üçün əhd bağladı və onun yerinə yetməsində vacib rolu kim oynayır?
3 Hökm günü min il sürəcək. İsa Yehovanın verdiyi səlahiyyətlə Allahın Padşahlığının Padşahı kimi Hökm gününə rəhbərlik edəcək, lakin o, tək olmayacaq. Həmin min il ərzində İsa ilə birlikdə padşahlıq və hökm etmək üçün Yehova yer üzündən başqa insanları da seçir. (Luka 22:29, 30 ayələri ilə müqayisə et.) Yehova təxminən 4 000 il əvvəl sadiq xidmətçisi İbrahimlə əhd bağlayanda həmin günün təməlini qoydu. (Yaradılış 22:17, 18 ayələrini oxu.) Həmin əhd, görünür, b. e. ə. 1943-cü ildə qüvvəyə mindi. Əlbəttə, İbrahim bu əhdin bəşəriyyət üçün hansı mənanı kəsb etdiyini tam başa düşmürdü. Ancaq biz bu gün, əhdə əsasən, İbrahimin nəslinin Allahın bu niyyətinin yerinə yetməsində vacib rol oynadığını görürük.
4, 5. a) İbrahimin nəslinin əsas hissəsi kimdir və o, Padşahlıq haqqında nə demişdir? b) Padşahlığın üzvü olmaq imkanı nə zaman açıldı?
4 İbrahimin nəslinin əsas hissəsi İsa oldu. O, b. e. 29-cu ilində müqəddəs ruhla məsh olunaraq vəd edilmiş Məsih oldu (Qalat. 3:16). İsa üç il yarım ərzində Padşahlıq haqqında xoş xəbəri yəhudi xalqına təbliğ etdi. Vəftizçi Yəhya həbs edildikdən sonra, İsa başqalarının da bu Padşahlığın üzvü ola biləcəklərini göstərərək dedi: «Vəftiz edən Yəhyanın günlərindən indiyə qədər Səmavi Səltənət zorla götürülür və zor işlədənlər onu ələ keçirirlər» (Mat. 11:12).
5 Maraqlıdır ki, İsa səmavi Padşahlığı ‘ələ keçirənlər’ haqqında danışmazdan əvvəl demişdi: «Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında, vəftiz edən Yəhyadan daha böyüyü olmamışdır; amma Səmavi Səltənətdə ən kiçik olan ondan böyükdür» (Mat. 11:11). İsa Yəhya haqqında nə üçün belə dedi? Çünki b. e. 33-cü ilinin Pentikost günündə müqəddəs ruh verilənə qədər sadiq insanlar Padşahlığın üzvü ola bilməzdilər. Həmin vaxt Vəftizçi Yəhya artıq ölmüşdü (Həv. iş. 2:1-4).
İbrahimin nəsli saleh elan olunur
6, 7. a) İbrahimin nəsli hansı mənada «göydəki ulduzlar» qədər oldu? b) İbrahim hansı xeyir-duaları aldı, bəs onun nəsli hansı oxşar xeyir-duaları alır?
6 İbrahimə vəd edilmişdi ki, onun nəsli çoxalacaq, «göydəki ulduzlar və dəniz kənarındakı qum qədər» olacaq (Yar. 13:16; 22:17). Başqa sözlə desək, bu nəslin nə qədər olacağını bilmək İbrahimin vaxtında insanlar üçün qeyri-mümkün idi. Ancaq onun ruhani nəslinin dəqiq sayı axırda məlum oldu. Ora İsadan başqa 144 000 nəfər daxil idi (Vəhy 7:4; 14:1).
7 Allahın Kəlamında İbrahimin imanı haqqında deyilir ki, o, «Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı» (Yar. 15:5, 6). Düzdür, tamamilə saleh insan yoxdur (Yaq. 3:2). Buna baxmayaraq, Yehova güclü imanına görə İbrahimə saleh kimi baxır və onu hətta Öz dostu adlandırırdı (Yeşaya 41:8). İbrahimin ruhani nəslinin digər üzvləri də İsa ilə birlikdə saleh elan olundular və bu onlara İbrahimin aldığı xeyir-dualardan da artıq xeyir-dualar gətirir.
8. İbrahimin nəslinin üzvləri qarşısında hansı xeyir-duaları almaq imkanı açılır?
8 Məsh olunmuş məsihçilər İsanın fidiyə qurbanlığına iman gətirdikləri üçün saleh elan olunurlar (Rom. 3:24, 28). Yehovanın gözündə onlar günahlardan azad olmuşlar, buna görə də Allahın ruhani oğulları, İsa Məsihin qardaşları olmaq üçün müqəddəs ruhla məsh oluna bilirlər (Yəh. 1:12, 13). Onlar yeni əhdə daxil olur və yeni xalqı, «Allahın İsraili»ni təşkil edirlər (Qalat. 6:16; Luka 22:20). Bu onlar üçün böyük şərəfdir! Bütün bunlardan irəli gələrək, məsh olunmuş məsihçilər yer üzündə əbədi yaşamaq ümidinə malik deyillər. Onlar Hökm günündə İsa ilə birlikdə olmaq və göydə onunla idarə etməyin gətirdiyi, sözlə ifadə edilə bilməyən sevinci duymaq üçün, bu imkanı qurban verirlər. (Romalılara 8:17 ayəsini oxu.)
9, 10. a) Məsihçilər ilk dəfə nə zaman müqəddəs ruhla məsh olundular və onları qarşıda nə gözləyirdi? b) Məsh olunmuşlar hansı köməyi alırdılar?
9 Eramızın 33-cü ilinin Pentikost günündə bir qrup sadiq insana İsa ilə birlikdə Hökm günündə idarə etmək imkanı verildi. İsanın 120-yə yaxın davamçısı müqəddəs ruhla vəftiz olundu və beləliklə onlar ilk məsh olunmuş məsihçilər oldular. Ancaq bu, göylərdə əbədi həyatı almaq üçün hələ ilk addım idi. O vaxtdan etibarən, Şeytanın sınaqlarına baxmayaraq, onlar Yehovaya olan sadiqliklərini nümayiş etdirməli idilər. Əgər səmavi həyat tacını almaq istəyirdilərsə, ölənə qədər sadiq qalmalı idilər (Vəhy 2:10).
10 Bunun üçün Yehova məsh olunmuşlara Öz Kəlamı və məsihçi yığıncağı vasitəsilə lazımi nəsihətləri verir və onları ruhlandırırdı. Məsələn, həvari Pavel Salonikdəki məsh olunmuşlara yazırdı: «Sizlərdən hər birini, ata öz övladları ilə davrandığı kimi ruhlandırır, sizə təsəlli verir və israr edirdik ki, sizi Öz Səltənətinə və izzətinə çağıran Allaha layiq şəkildə hərəkət edəsiniz» (1 Salon. 2:11, 12).
11. «Allahın İsraili»nin üzvləri üçün Yehova nə yazdırmışdı?
11 Məsh olunmuşların yığıncağının ilk üzvləri seçildikdən sonra, onilliklər ərzində Yehova İsanın yerüzü xidmətinin, həmçinin onun I əsr məsihçiləri ilə rəftarının və onlara verdiyi məsləhətlərin qələmə alınmasının qayğısına qaldı. Beləliklə, Yehova ilhamlanmış Yunanca Müqəddəs Yazıları artıq mövcud olan İbranicə Müqəddəs Yazılara əlavə etdi. İbranicə Müqəddəs Yazılar cismani İsrailin Allahla xüsusi münasibətləri olan zaman yazılmış və ilk növbədə onlara ünvanlanmışdı. Yunanca Müqəddəs Yazılar isə əsas etibarilə Məsihin məsh olunmuş qardaşları və Allahın ruhani oğulları olan «Allahın İsraili» üçün yazılmışdır. Əlbəttə, bu o demək deyil ki, qeyri-israillilər İbranicə Müqəddəs Yazıları öyrənib faydalana bilməzdilər. Buna bənzər tərzdə, məsh olunmamış məsihçilər də Yunanca Müqəddəs Yazıları öyrənərək və oradakı məsləhətlərə uyğun yaşayaraq, sonsuz faydalar əldə edirlər. (2 Timoteyə 3:15-17 ayələrini oxu.)
12. Pavel məsh olunmuşlara nəyi xatırlatdı?
12 Birinci əsrin məsihçiləri səmavi miraslarını ala bilmək üçün saleh elan olundular və müqəddəs ruhla məsh edildilər. Onların məsh olunması yer üzündə olduqları müddətdə digər məsh olunmuşların üzərində padşahlıq etmələrinə əsas vermir. Görünür, bəzi erkən məsihçilər bunu nəzərdən qaçırmışdılar, onlar yığıncaqda qardaşları üzərində ağalıq etmək istəyirdilər. Nəticədə Pavel onlara belə sözlər deməyə məcbur oldu: «Siz artıq doymusunuz, siz artıq zənginləşmisiniz, siz bizsiz hökmdarlar olmusunuz! Kaş ki, siz həqiqətən hökmdarlar olaydınız ki, biz də sizinlə bərabər hökmdarlıq edək!» (1 Kor. 4:8). Bu səbəbdən Pavel məsh olunmuşlara dedi: «Bu o demək deyildir ki, guya biz sizin imanınız üzərində hakimik, lakin biz sizin sevinməniz üçün sizinlə çalışırıq» (2 Kor. 1:24).
Qabaqcadan deyilmiş sayın yığılması
13. Eramızın 33-cü ilindən etibarən məsh olunmuşlar necə seçilirlər?
13 Məsh olunmuşların seçilməsi birinci əsrdə başa çatmadı. Onların seçilməsi həvarilərin dövründə davam edirdi, ancaq sonra get-gedə azalmağa başladı. Lakin əsrlər boyunca onların çağırılması dayanmamış, bizim günlərə qədər davam etmişdir (Mat. 28:20). İsa 1914-cü ildə padşahlıq etməyə başlayandan sonra seçim sürətləndi.
14, 15. Bizim günlərdə məsh olunmuşların seçilməsi ilə bağlı nə demək olar?
14 Əvvəlcə İsa göyləri Allahın rəhbərliyinə qarşı çıxanlardan təmizlədi. (Vəhy 12:10, 12 ayələrini oxu.) Sonra 144 000 nəfərin sayını tamamlamaq üçün diqqətini Padşahlığının gələcək üzvlərini toplamağa yönəltdi. Bu tapşırıq 1930-cu illərin ortalarına yaxın bitmək üzrə idi. Təbliğə hay verənlərin çoxunun göyə getmək arzusu yox idi; ruh onlara Allahın oğulları olduqlarına şəhadət etmirdi. (Romalılara 8:16 ayəsi ilə müqayisə et.) Əksinə, onlar özlərinin yerüzü cənnətdə əbədi yaşamaq ümidinə malik olan ‘başqa qoyunlara’ aid olduqlarını başa düşürdülər (Yəh. 10:16). Beləliklə, 1935-ci ildən sonra təbliğ işində əsas diqqət həvari Yəhyanın vəhydə gördüyü, «böyük məşəqqətdən» sağ çıxacaq ‘böyük izdihamın’ yığılmasına yönəldildi (Vəhy 7:9, 10, 14).
15 Bununla belə 1930-cu illərdən sonra da bəziləri səmavi ümidə malik olmaq üçün seçilmişlər. Nə üçün? Ehtimal ki, bəzən onlar imanda sadiq olmayan məsihçiləri əvəz etmək üçün seçilirdilər. (Vəhy 3:16 ayəsi ilə müqayisə et.) Həqiqəti tərk edənlər arasında Pavelin şəxsən tanıdığı adamlar da vardı (Filip. 3:17-19). Yehova onları kimlərlə əvəz edə bilərdi? Əlbəttə, qərar Onundur. Bununla belə, məntiqəuyğun olardı ki, Yehova onları yenicə imana gələnlərdən yox, Xatirə Gecəsini təsis edərkən İsa ilə olan şagirdləri kimi, artıq müəyyən qədər sadiqliklərini sübut edən məsihçilərdən seçsina (Luka 22:28).
16. Məsh olunmuşlarla əlaqədar minnətdar olmaq üçün hansı səbəblərimiz var və biz nəyə əmin ola bilərik?
16 Ancaq görünür 1930-cu illərdən səmavi ümidə dəvət olunanların hamısı imandan dönənləri əvəz etmək üçün çağırılmayıb. Yehova, «Böyük Babil» məhv edilənə qədər, bu sistemin son günləri ərzində aramızda məsh olunmuş məsihçilərin olmasının qayğısına qalıbb (Vəhy 17:5). Və biz əmin ola bilərik ki, Yehovanın müəyyən etdiyi vaxtda 144 000 nəfərin sayı tamamlanacaq və onlar Padşahlıqda öz yerlərini tutacaqlar. Eyni zamanda Allahın peyğəmbərlik Kəlamı bizi arxayın edir ki, sayı artmaqda olan böyük izdiham bir qrup kimi sadiq qalacaq. Tezliklə bu izdiham Şeytanın dünyasını yaxalayacaq «böyük məşəqqətdən» sağ çıxacaq və sevinclə Allahın yeni dünyasına daxil olacaq.
Allahın səmavi hökumətinin üzvlərinin sayı tamamlanmaq üzrədir!
17. 1 Saloniklilərə 4:15-17 və Vəhy 6:9-11 ayələrinə əsasən, ölənə qədər sadiq qalan məsh olunmuş məsihçilərlə nə baş vermişdir?
17 Eramızın 33-cü ilindən bəri on minlərlə məsh olunmuş möhkəm iman göstərərək ölənə qədər sadiq qalmışdır. Onlar artıq Padşahlığı almağa layiq görülmüş və, görünür, Məsihin iştirakının ilk çağlarından başlayaraq mükafatlarını almışlar. (1 Salonikililərə 4:15-17; Vəhy 6:9-11 ayələrini oxu.)
18. a) Hələ də yer üzündə olan məsh olunmuşlar nəyə əmindirlər? b) ‘Başqa qoyunlar’ məsh olunmuş qardaşlarına necə yanaşırlar?
18 Hələ də yer üzündə olan məsh olunmuş məsihçilər tam əmindirlər ki, sadiq qalsalar, tezliklə mükafatlarını alacaqlar. Milyonlarla başqa qoyunlar məsh olunmuş qardaşlarının imanı üzərində düşünəndə həvari Pavelin sözləri ilə razılaşırlar. O, Salonikdəki məsh olunmuş qardaşları haqqında deyirdi: «Biz özümüz, qatlaşdığınız bütün təqiblər və sıxıntılardakı dözümünüzə və imanınıza görə, Allahın cəmiyyətlərində sizinlə fəxr edirik. Bu təcrübələr Allahın adil hökmünün əlamətidir ki, uğrunda əzab çəkdiyiniz Allahın Səltənətinə layiq sayılasınız» (2 Salon. 1:3-5). Məsh olunmuşların sonuncusu öləndə, Allahın səmavi hökumətinin üzvlərinin sayı tamamlanacaq. Bu, istər göydə, istərsə də yerdə necə də böyük sevincə səbəb olacaq!
[Haşiyələr]
a «Gözətçi Qülləsi»nin 1992-ci il 1 mart sayının 20-ci səhifəsindəki 17-ci abzasa (rus.) bax.
b «Gözətçi Qülləsi»nin 2007-ci il 1 may sayında «Oxucuların sualları» (rus.) rubrikasına bax.
İzah edə bilərsinizmi?
• Yehova Hökm günü ilə bağlı İbrahimə nəyi açıqladı?
• İbrahim nə üçün saleh elan edildi?
• Saleh elan olunmaq İbrahimin nəslinə hansı xeyir-duaları gətirdi?
• Bütün məsihçilər nəyə əmindirlər?
[20-ci səhifədəki şəkil]
İsa davamçılarını Padşahlığa can atmağa təşviq edirdi
[21-ci səhifədəki şəkil]
Eramızın 33-cü ilinin Pentikost günündə Yehova İbrahimin nəslinin ikinci dərəcəli üzvlərini seçməyə başladı
[23-cü səhifədəki şəkillər]
‘Başqa qoyunlar’ bu son günlərdə məsh olunmuşların onlarla olmalarına görə minnətdardırlar