İMAN ÖRNƏKLƏRİ | RƏFƏQƏ
«Gedirəm»
RƏFƏQƏ qarşısında açılan kələ-kötürlü yolları seyr edə-edə yol gedir. Günəş ətəklərini yavaş-yavaş qüruba çəkir. Səfər neçə həftədir ki davam edir. Rəfəqə yırğalana-yırğalana gedən dəvənin belində oturmağa artıq alışıb. Böyüyüb boya-başa çatdığı Harran şəhəri yüzlərlə kilometr uzaqda, şimal-şərqdə qalıb. Bəlkə də, o, ailəsini bir daha görməyəcək. Mənzil başına vardıqca gələcək həyatı ilə bağlı suallar onu rahat buraxmır.
Karvan artıq Kənan torpaqlarının böyük hissəsini qət edib daha sərt bir ərazidən, Negev torpaqlarından keçir (Yaradılış 24:62). Çox güman ki, Rəfəqə qoyun sürüləri görür. Bu diyar əkin-biçinlə məşğul olmaq üçün həddən artıq bəhrəsiz və quraq olsa da, mal-qara saxlamaq üçün kifayət qədər otlaqları var. Buralar ahıl yaşda olan sarvan üçün tanış ərazilərdir. O, ağasına muştuluq verməyə səbirsizlənir. Bəli, Rəfəqə İshaqın arvadı olacaq! Ancaq Rəfəqə bu torpaqlarda onu nə cür həyat gözlədiyi barədə düşünür: görəsən, onun gələcək həyat yoldaşı İshaq necə insandır? Axı onlar bir-birinin üzünü heç görməyiblər! Görəsən, İshaq onu bəyənəcək? Bəs onun necə, İshaq xoşuna gələcək?
Bu gün dünyanın bir çox hissəsində valideynlər tərəfindən razılaşdırılmış nikahlar qəribə qarşılanır. Bir başqa ərazilərdə isə bu cür ittifaqlar adi haldır. Harada yaşamağınızdan asılı olmayaraq, yəqin razılaşarsınız ki, Rəfəqə qarşıda onu nələrin gözləyəcəyini bilmədiyi bir yola çıxmışdı. Həqiqətən də, Rəfəqə cəsarətli və imanlı bir qız idi. Bu iki xüsusiyyət həyatımızda dəyişikliklər baş verərkən bizə də lazımdır. Rəfəqənin imanı ilə yanaşı, digər gözəl və nadir xüsusiyyətləri də var idi.
«İNDİ DƏVƏLƏRİN ÜÇÜN DƏ SU ÇƏKƏRƏM»
Rəfəqə onun üçün adi olan bir şeyi edərkən əslində həyatının gedişatını tamamilə dəyişdi. O, Mesopotamiyanın Harran şəhərində, ya da onun yaxınlığında böyüyüb boşa-başa çatmışdı. Rəfəqənin valideynləri Harranda yaşayan insanlardan xeyli fərqlənirdilər, onlar Yehova Allaha ibadət edirdilər (Yaradılış 24:50). Harranın əhalisi isə ay allahı Sinə sitayiş edirdi.
Rəfəqə gözəl-göyçək qız idi. Amma onun gözəlliyi yalnız üzündə deyildi. O, ruhani və əxlaqlı qız idi. Evlərində qulluqçular olsa da, Rəfəqə özünü ərköyün və ya şahzadə kimi aparmırdı. Uşaqlıqdan ona əməyi sevdirmişdilər. O dövrün əksər qızları kimi, Rəfəqə də evdə az iş görmürdü. Elə götürək ailəsi üçün su gətirməsini. O, çiynində səhəng axşamlar bulaq başına yollanırdı (Yaradılış 24:11, 15, 16).
Bir axşam səhəngini doldurandan sonra yaşlı bir kişi onun qabağına qaçıb dedi: «Qızım, ver səhəngindən bir qurtum su içim». Onun səsində mülayimlik, həlimlik duyulurdu! Rəfəqə bu kişinin uzaq yoldan gəldiyini sezdi. Buna görə də çiynindəki səhəngi cəld endirib kişiyə bir qurtum yox, doyunca sərin su verdi. O həmçinin diqqət yetirdi ki, kişinin yaxınlıqda yerə yatan on dəvəsi var və dəvələri sulamaq üçün suvat boşdur. Rəfəqə hiss eləyirdi ki, kişi mehriban baxışlarla onu diqqətlə izləyir, buna görə də o, əlindən gəldiyi qədər kişiyə yaxşılıq etmək istəyirdi. Beləcə, Rəfəqə dedi: «İndi dəvələrin üçün də su çəkərəm, doyunca içərlər» (Yaradılış 24:17—19).
Gəlin Rəfəqənin dəvələri doyunca sulamağa hazır olmasına diqqət yetirək. Əgər dəvə çox susayarsa, 95 litrə qədər su içə bilər. Belə olan halda, Rəfəqəyə dayanmadan saatlarla su çəkmək lazım gələrdi. Amma dəvələr sən deyən, elə də susamamışdılara. Fəqət Rəfəqə bunu bilmirdi. Ancaq buna baxmayaraq, köməyini təklif etdi. O, tanımadığı bu yaşlı kişiyə qonaqpərvərlik göstərmək üçün əlindən gələni etməyə hazır idi. Kişi onun köməyini qəbul etdi. Rəfəqə dəfələrlə quyunun yanına qaçıb-gəldi, səhəngini doldurub-boşaldaraq suvata su yığdı. Bu vaxt ərzində kişi diqqətlə onu izləyirdi (Yaradılış 24:20, 21).
Rəfəqənin nümunəsindən çox şey öyrənə bilərik. Biz xudbinliyin ağalıq etdiyi bir zəmanədə yaşayırıq. Öncədən də yazıldığı kimi, insanlar xudbin və laqeyddirlər (2 Timutiyə 3:1—5). Bu xüsusiyyətlərə yoluxmaq istəməyən Allahın xidmətçiləri yaxşı olardı ki, quyunun yanına qaçıb-gələn bu gənc qadının nümunəsi üzərində düşünsünlər.
Sözsüz ki, Rəfəqə bu yaşlı kişinin onu kənardan izlədiyinin fərqində idi. Onun baxışında ədəbsiz bir şey yox idi. Bu, təəccüb, heyrət və sevinc dolu baxışlar idi. Rəfəqə işini görüb qurtarandan sonra kişi ona hədiyyələr — bahalı daş-qaşlar ərməğan edib soruşdu: «De görüm kimin qızısan? Atanın evində gecələmək üçün bizə yer tapılar?» Rəfəqə ailəsi barədə danışanda bu yaşlı kişinin sevinci birə-beş artdı. Sonra Rəfəqə böyük həvəslə sözünə əlavə etdi: «Bizdə saman da var, çoxlu yem də. Gecələməyiniz üçün yerimiz də var». Bu, böyük bir təklif idi, çünki kişi tək gəlməmişdi, onunla birlikdə digər insanlar da səfərə çıxmışdı. Bunu deyəndən sonra Rəfəqə qabaqda qaçıb baş verənləri anasıgilə danışdı (Yaradılış 24:22—28, 32).
Bəli, Rəfəqə qonaqpərvərlik ruhunda böyüdülmüşdü. Bu dəyərli xüsusiyyət bu gün insanlarda çatışmır. Məhz buna görə də biz xeyirxah qadın olan Rəfəqənin imanından örnək almalıyıq. Allaha iman bizi qonaqpərvər olmağa təşviq etməlidir. Yehova səxavətli Allahdır, O, hamıya qarşı əliaçıqdır və istəyir ki, mömin bəndələri də Onun kimi olsun. Qarşılıq gözləmədən qonaqpərvərlik göstərsək, göydəki Allahımız bizdən razı qalar (Mətta 5:44—46; 1 Butrus 4:9).
«OĞLUM İSHAQ ÜÇÜN... ARVAD ALACAQSAN»
Bəs quyunun yanındakı bu yaşlı kişi kimdir? O, Rəfəqənin babasının qardaşı İbrahim peyğəmbərin nökəridir. Bu kişi Bətuilin evinə, Rəfəqənin atasıgilə qonaq gəlib. Bu nökərin adının Əlyəzərb olduğu ehtimal edilir. Ev sahibi süfrə açıb ona yemək təklif etsə də, bu yaşlı nökər gəlişinin səbəbini deməyincə ağzına bir tikə də qoymayacağını bildirir (Yaradılış 24:31—33). Yəqin etmək olar, həmin yaşlı kişi baş verənləri hansı hisslərlə danışır. Axı o, indicə Yehovanın onun işini necə avand etdiyinin şahidi olmuşdu.
Əlyəzər başına gələnləri danışarkən Rəfəqənin atası Bətuilin, həmçinin qardaşı Labanın nəfəslərini dərmədən ona necə qulaq asdıqlarını bir anlıq təsəvvür edin. O deyir ki, Yehova İbrahimə Kənan diyarında çoxlu nemətlər bəxş edib. İbrahimlə Saranın İshaq adında oğlu var və İshaq bütün əmlakın varisidir. İbrahim peyğəmbər bu nökərə mühüm bir tapşırıq vermişdi: o, Harrandan, İbrahim peyğəmbərin qohumları arasından İshaqa arvad almalı idi (Yaradılış 24:34—38).
İbrahim peyğəmbər Əlyəzərə and içdirmişdi ki, İshaq üçün kənanilərin qızlarından arvad almasın. Çünki kənanilər Yehova Allaha nə hörmət edir, nə də ibadət edirdilər. İbrahim peyğəmbər bilirdi ki, Yehova bu xalqı vaxtı çatanda pis əməllərinə görə cəzalandıracaq. O, sevimli oğlu İshaqın bu xalqla qohum olub onların pozğun işlərinə ortaq olmasını istəmirdi. İbrahim peyğəmbər həmçinin bilirdi ki, onun oğlu Allahın vədinin yerinə yetməsində böyük rol oynayır (Yaradılış 15:16; 17:19; 24:2—4).
Əlyəzər ev sahiblərinə deyir ki, Harranın yaxınlığındakı quyunun yanında olarkən Yehovaya dua edib İshaq üçün arvad tapmaqda ona kömək etməsini xahiş etmişdi. Bəs Yehova bunu necə edəcəkdi? Əlyəzər istəyir ki, Yehovanın İshaq üçün seçdiyi qız quyuya gəlsin, içmək üçün su istəyəndə isə qız təkcə Əlyəzərə yox, həm də onun dəvələrinə də su versin (Yaradılış 24:12—14). Bəs kim quyuya gəlib bütün bunları etdi? Rəfəqə! Əgər Rəfəqə Əlyəzərin danışdıqlarını eşidirdisə, təsəvvür etmək olar hansı hissləri keçirirdi.
Bətuil və Laban Əlyəzərin hadisəsindən riqqətə gəldilər. Onlar dedilər: «Bir iş ki Yehovadandır, daha biz nə deyək?» Onlar adət-ənənəyə uyğun olaraq nikah əhdi bağlayaraq Rəfəqəni İshaqa nişanladılar (Yaradılış 24:50—54). Bəs bu, o demək idimi ki, bu məsələdə Rəfəqənin söz deməyə haqqı yox idi?
Elə bu məsələ ilə bağlı Əlyəzər bir neçə həftə əvvəl İbrahim peyğəmbərdən soruşmuşdu: «Birdən qız mənimlə gəlmək istəmədi?» Bu suala peyğəmbər belə cavab vermişdi: «Onda sənin üstündən məsuliyyət götürüləcək» (Yaradılış 24:39, 41). Bətuilin evində də qadınların fikri nəzərə alınırdı. Əlyəzər ona tapşırılan işin baş tutmasından elə fərəhlənmişdi ki, səhərisi gün vaxt itirmədən Rəfəqə ilə Kənana getmək üçün izin istədi. Ancaq qızın ailəsi Rəfəqənin heç olmasa on gün onlarla qalmasını istəyirdi. Nəhayət, onlar bu məsələni belə yoluna qoydular: «Qoy qızın ağzını arayaq, görək o nə deyir» (Yaradılış 24:57).
Və budur, Rəfəqə üçün həlledici an yetişdi. O nə deyəcək? Özünü yazıqlayıb atasına və qardaşına yalvaracaqmı ki, onu bu səfərə buraxmasınlar? Yoxsa açıq-aydın şəkildə Yehovanın rəhbərlik etdiyi bu hadisələrin iştirakçısı olmağı özünə şərəf biləcək? Rəfəqənin verdiyi cavab həyatında baş verən bu gözlənilməz və nigarançılıq doğuran dəyişikliyə münasibətini üzə çıxartdı. O, qısaca dedi: «Gedirəm» (Yaradılış 24:58).
Onda necə də gözəl əhval-ruhiyyə var idi! Bu gün nikahla bağlı adətlər tamamilə fərqli olsa da, Rəfəqədən çox şey öyrənə bilərik. Onun üçün əsas olan öz istəklərini həyata keçirmək yox, Yehova Allahın buyruğuna boyun əymək idi. Bu gün də Allahın Kəlamı həm həyat yoldaşı seçməkdə, həm də yaxşı həyat yoldaşı olmaqda bizim üçün ən gözəl bələdçidir (2 Korinflilərə 6:14, 15; Efeslilərə 5:28—33). Gəlin Rəfəqənin nümunəsindən örnək alaraq hər şeyi Yehova Allahın istədiyi kimi edək.
«O ADAM KİMDİR?»
Bətuilin ailəsi əziz qızları Rəfəqəyə xeyir-dua verdikdən sonra onu dayəsi Dəburə və bir neçə qulluqçu qızlarla birlikdə Əlyəzər və onun adamları ilə yola salırlar (Yaradılış 24:59—61; 35:8). Çox keçməmiş onlar Harrandan uzaqlaşırlar. Səfərləri uzundur: 800 kilometrdən çox yol qət etməlidirlər və ola bilsin, səfərləri üç həftə çəkəcək. Sözsüz ki, səfər heç də rahat deyil. Rəfəqə həyatında çoxlu dəvə görmüşdü, ancaq biz onun dəvə sürməkdə təcrübəsinin olduğunu deyə bilmərik. Müqəddəs Kitabda onun ailəsi karvanlarla səyahət edən tacir kimi yox, qoyunçuluqla məşğul olan çoban kimi təsvir olunur (Yaradılış 29:10). Dəvəyə ilk dəfə minən adamlar, hətta dəvənin üstündə bir az getdikdən sonra çox vaxt özlərini narahat hiss edirlər.
Hər necə olsa da, Rəfəqə irəli baxır. Heç şübhəsiz, o, Əlyəzərdən İshaq və onun ailəsi barədə hər şeyi öyrənməyə çalışır. Bu yaşlı nökərin Rəfəqə ilə ocağın ətrafında oturub Yehovanın İbrahim peyğəmbərə verdiyi vədlər barədə danışmasını xəyalınızda canlandırın. Allah İbrahimin nəslindən gələcək övlad vasitəsilə bütün bəşəriyyətə nemətlər bəxş edəcək. Rəfəqə biləndə ki, Yehovanın vədi onun gələcək həyat yoldaşı İshaqın vasitəsilə gerçəkləşəcək, ürəyi ehtiram hissi ilə dolur. Sözsüz ki, bunda Rəfəqənin də payı olacaq (Yaradılış 22:15—18).
Nəhayət, məqalənin əvvəlində təsvir olunan gün gəlib çatdı. Karvan Negev torpaqlarından keçərkən axşam düşür, şər qarışırdı. Rəfəqə çöldə gəzişən bir kişi xeylağı görür. O, fikirli görünürdü. Rəfəqə, bəlkə də, dəvənin çöməlməsini gözləmədən, yerə düşür və nökərdən soruşur: «Çöllə bizə tərəf gələn o adam kimdir?» Həmin adamın İshaq olduğunu biləndə tez örpəyini başına çəkir (Yaradılış 24:62—65). Görünür, bu, gələcək həyat yoldaşına olan hörməti bildirirdi. İtaətkarlığın bu növü bu gün dəbdən düşsə də, həm kişilər, həm də qadınlar Rəfəqənin itaətkarlığından çox şey öyrənə bilərlər. Bu cür xüsusiyyət kimə lazım deyil ki?
Təxminən 40 yaşı olan İshaq üç il öncə itirdiyi anası Saranın hələ də yasını saxlayırdı. Buradan belə bir qənaətə gələ bilərik ki, İshaq istiqanlı və həssas qəlbli insan idi. Belə bir kişinin Rəfəqə kimi əməksevər, qonaqpərvər və təvazökar qadınla ailə qurması əsil hədiyyə idi. Bəs onlar bir-birinə yar oldular? Müqəddəs Kitabda deyilir: «İshaq onu sevib ürəkdən bağlandı» (Yaradılış 24:67; 26:8).
Bu hadisənin üstündən 39 əsr keçməsinə baxmayaraq, Rəfəqəni bu gün də sevməmək mümkün deyil. Onun cəsarəti, qoçaqlığı, qonaqpərvərliyi və təvazökarlığı hamını valeh edir. Gəlin yaşımızdan, cinsimizdən və ailə vəziyyətimizdən asılı olmayaraq, hər birimiz Rəfəqənin imanından örnək alaq!
a Rəfəqə ora gələndə artıq axşam düşmüşdü. Amma ayənin kontekstində deyilmir ki, Rəfəqə quyu başında saatlarla yubandı. O, işlərini qurtarıb evə qayıdanda ailəsinin artıq yatdığı da deyilmir. Eyni zamanda, yubandığına görə heç kim narahat olub onun dalınca gəlməmişdi.
b Bu hadisədə Əlyəzərin adı çəkilməsə də, güman ki, bu nökər onun özü idi. Bir dəfə İbrahim peyğəmbər övladı olmadığı üçün bütün mülkünün Əlyəzərə qalacağını demişdi. Çünki o, İbrahim peyğəmbərin ən yaşlı və etibarlı xidmətçisi idi. Bu deyilənlər hekayədə təsvir olunan nökərə uyğun gəlir (Yaradılış 15:2; 24:2—4).