Təmiz qalmaq mümkündür
«Əllərinizi paklayın!.. Ürəyinizi təmizləyin!» (YAQ. 4:8).
1. Bu dünya əxlaqi təmizlik haqda nə düşünür?
TƏMİZLİK heç vaxt dəbdə olmayıb, xüsusilə də indiki zəmanədə. Bir çox ölkələrdə homoseksualizmə, nikahdankənar intim münasibətlərə normal yanaşılır. Hətta reklamlarda, əyləncələrdə bu cür həyat tərzi tərənnüm edilir (Zəb. 12:8). Əxlaqsızlıq o qədər geniş yayılıb ki, adamda sual yaranır: «Görəsən, ümumiyyətlə təmiz yaşamaq mümkündür?» Birmənalı şəkildə deyə bilərik ki, mümkündür. Yehovanın köməyilə əsil məsihilər təmiz qala bilərlər. (1 Salonikililərə 4:3—5 ayələrini oxuyun.)
2, 3. a) Nəyə görə natəmiz istəkləri boğmaq son dərəcə vacibdir? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
2 Ancaq ilk növbədə başa düşməliyik ki, təmiz yaşamaq üçün əxlaqsız arzuları rədd etmək lazımdır. Qarmaqdakı yem balığı cəlb etdiyi kimi, əxlaqsız fikirlər və ehtiras da məsihini özünə cəlb edib tora sala bilər. İnsan özündə baş qaldıran pis fikirləri və hissləri dərhal boğmayanda, onlar insanı öz əsiri edir və günaha meyilləndirir. Vaxt keçdikcə günahın cazibəsi o qədər güclü olur ki, natəmiz istək «boylu qalır». Bu halda hətta Yehovanın xidmətçisi də şərait yaranan kimi öz nəfsinə uyğun davrana bilər. Nəticədə, nəfs günah doğar. (Yaqub 1:14, 15 ayələrini oxuyun.)
3 Gördüyümüz kimi, ani bir istək ciddi günaha gətirib çıxara bilər. Buna görə də biz son dərəcə ehtiyatlı olmalıyıq. Lakin vəziyyət ümidsiz deyil. Əgər biz natəmiz istəklərin ürəyimizdə kök salmasına yol verməsək, onda nə günah edəcəyik, nə də ki günahın acı nəticələrini dadmalı olacağıq (Qal. 5:16). Gəlin bu cür istəklərlə mübarizə aparmaqda bizə kömək edəcək üç amili nəzərdən keçirək. Bunlar Yehova ilə münasibətimiz, Onun Kəlamında verilən məsləhətlər və yetkin məsihilərin köməyidir.
«ALLAHA YAXINLAŞIN»
4. Yehovaya yaxınlaşmaq nəyə görə vacibdir?
4 Allaha yaxınlaşmaq istəyən kəslərə Müqəddəs Kitab bu məsləhəti verir: «Əllərinizi paklayın!.. Ürəyinizi təmizləyin!» (Yaq. 4:8). Əgər Yehova Allahla dostluğumuzu qiymətləndiririksə, onda həyatımızın hər sahəsində, eləcə də fikirlərimizdə Onu razı salmağa çalışacağıq. Biz «qəlbi təmiz adam» olmaq istəyirik. Buna görə də pak, nəcib və tərifəlayiq şeylər haqda düşünməliyik (Zəb. 24:3, 4; 51:6; Filip. 4:8). Düzdür, Yehova qeyri-kamilliyimizə görə bizə güzəştə gedir. Bilir ki, biz yanlış istəklərə meyilliyik. Ancaq biz başa düşürük ki, yanlış fikirləri var gücümüzlə boğmaq əvəzinə, onları beynimizdə yaşadanda Yehovanı kədərləndiririk (Yar. 6:5, 6). Bu barədə düşünəndə fikirlərimizi təmiz saxlamağa daha da qətiyyətli oluruq.
5, 6. Dua natəmiz istəklərlə mübarizədə bizə necə kömək edə bilər?
5 Pis fikirlərlə mübarizədə biz Yehovaya tam güvənə bilərik. Bunun üçün Allaha dua edib Ondan kömək istəməliyik. Biz dua edib Yehovaya yaxınlaşanda O da bizə yaxınlaşacaq. O, səxavətlə bizə müqəddəs ruhunu verəcək və bizi pis fikirlərlə mübarizə aparmağa və təmiz qalmağa daha da əzmli edəcək. Ona görə də gəlin dua edib Yehova Allaha bildirək ki, qəlbimizdəki düşüncələrlə Onu məmnun etmək istəyirik (Zəb. 19:14). Gəlin Allaha yalvaraq ki, bizi yoxlasın və əgər ürəyimizdə hansısa pis meyil — yanlış istək və ya fikir varsa, açıb bizə göstərsin (Zəb. 139:23, 24). Həmişə Allaha dua edək ki, hətta çətin olsa belə, əxlaqsızlığı rədd edib təmizliyi qorumağa bizə kömək etsin (Mət. 6:13).
6 Ola bilər ki, aldığımız tərbiyəyə və keçmiş vərdişlərimizə görə Yehovanın bəyənmədiyi əməlləri indi də xoşlayırıq. Hətta belə olan halda da Yehova bizə dəyişməyə və Ona məqbul şəkildə ibadət etməyə kömək edə bilər. Davud padşah bunu yaxşı dərk edirdi. O, Badsəba ilə əxlaqsızlıq edəndən sonra Yehovaya yalvarıb demişdi: «Məndə təmiz ürək yarat, içimə təzə, mətin bir ruh qoy» (Zəb. 51:10, 12). Günahlı hərəkət bizi maqnit kimi özünə çəksə də, Yehova bizdə Ona itaət etməyə həvəs, arzu oyada bilər. Hətta yanlış istəklər ürəyimizdə dərin kök atsa da, təmiz fikirləri boğmağa çalışsa da, Yehova addımlarımızı elə yönəldə bilər ki, biz Onun əmrlərinə itaət edib onlara uyğun yaşayaq. O, pis bir şeyin bizə ağalıq etməsinin qarşısını ala bilər (Zəb. 119:133).
«SÖZÜN İCRAÇISI OLUN»
7. Allahın Kəlamı bizi natəmiz fikirlərdən necə qoruyar?
7 Yehova bizim kömək üçün etdiyimiz dualara Öz Kəlamı vasitəsilə cavab verir. Allahın Kəlamındakı «hikmət ilk növbədə safdır» (Yaq. 3:17). Müqəddəs Kitabı hər gün oxuyub üzərində düşünmək zehnimizi pis fikirlərdən qoruyar (Zəb. 19:7, 11; 119:9, 11). Bundan əlavə, Müqəddəs Kitabdakı nümunələr və məsləhətlər bizə kömək edə bilər ki, natəmiz arzuların qurbanı olmayaq.
8, 9. a) Bir cavanın əxlaqsız qadının toruna düşməsinə nə səbəb oldu? b) «Məsəllər» kitabının 7-ci fəslindən biz hansı ibrəti götürürük?
8 Məsəllər 5:8 ayəsində yazılıb: «Belə [yəni əxlaqsız] qadından uzaq gəz, evinin qapısına yaxın getmə». «Məsəllər» kitabının 7-ci fəslində isə bu məsləhəti qulaqardına vurmağın nə qədər təhlükəli olduğu təsvir olunub. Belə ki, bir cavan gecə vaxtı əxlaqsız qadının evinin həndəvərində dolaşır. Küçənin tinində açıq-saçıq geyimli həmin qadın ona yaxınlaşır. Qadın onu özünə çəkib öpür. Cavan onun işvəli sözləri qarşısında «əriyir», ehtiras ona güc gəlir. O, əxlaqsızlıq edir. Çox yəqin ki, bu cavan belə iş tutmaq niyyətində deyildi. O, naşılıq, ağılsızlıq etdi. Bununla belə, o, əməlinin altını çəkəcək. Kaş o, bu qadından uzaq gəzərdi! (Məs. 7:6—27).
9 Ola bilsin, biz də hərdən bu gənc kimi düşüncəsiz davranırıq, özümüzü yanlış arzular oyadan vəziyyətlərə salırıq. Məsələn, adətən, gecə vaxtı bəzi televiziya kanallarında açıq-saçıq verilişlər, filmlər gedir. Buna görə də ucdantutma bütün kanallara çevirmək təhlükəli ola bilər. İnternetdə bütün linkləri açmaq və ya pornoqrafiya, intim xidmət reklamları olan söhbət otaqlarına və saytlara girmək də təhlükəlidir. Belə etsək, bizdə yersiz hisslər oyadan şeylərlə qarşılaşa bilərik. Bu isə bizim təmiz qalmaq üçün apardığımız mübarizəni zəiflədə bilər.
10. Nə üçün flirt təhlükəlidir? (Məqalənin əvvəlindəki şəklə baxın.)
10 Müqəddəs Kitab həmçinin əks cinslə münasibətdə özümüzü necə aparmalı olduğumuza dair bizə məsləhət verir. (1 Timutiyə 5:2 ayəsini oxuyun). Bu məsləhətdən birmənalı şəkildə aydın olur ki, flirt etmək olmaz. Bəziləri fikirləşir ki, əgər əks cinsə toxunmursansa, onda romantik çalar daşıyan göz-qaş hərəkətlərində, işvəli davranışda pis bir şey yoxdur. Ancaq flirt etmək və ya flirtə cavab vermək insanda natəmiz fikirlər yarada, bu isə, öz növbəsində, əxlaqsızlığa gətirib çıxara bilər. Belə hallar baş verib, indi də baş verə bilər.
11. Həzrəti Yusif bizə nədə örnəkdir?
11 Həzrəti Yusif belə vəziyyətdə ağılla davranmışdı. Ağası Fitfirin arvadı onu hey yoldan çıxarmağa çalışır, Yusif isə onun bütün təkliflərini rədd edirdi. Qadın ondan əl çəkmirdi. Gedib-gəlib onu özü ilə «təklikdə qalmağa» razı salmaq istəyirdi (Yar. 39:7, 8, 10). Müqəddəs Kitab üzrə bir alimin şərhinə əsasən, Fitfirin arvadı Yusifə bu təklifi etməklə ümid edirdi ki, təklikdə qalsalar, Yusif birinci addımı atacaq. Lakin Yusif qadına nə üz verirdi, nə də onun yoldançıxaran təkliflərinə uyurdu. Bəli, o, qətiyyən bu qadınla eşqbazlıq etmək istəmirdi. Tutduğu qəti mövqe sayəsində onun ürəyində yanlış arzular kök atmadı. Qadın Yusifi onunla yaxınlıq etməyə məcbur etmək istəyəndə Yusif qətiyyətlə hərəkət etdi, «onun əlindən çıxıb bayıra qaçdı» (Yar. 39:12).
12. Gözlərin ürəyə təsir etdiyini haradan bilirik?
12 Müqəddəs Kitab həmçinin xəbərdarlıq edir ki, gözlər ürəyi azdıra bilər. İnsanın gözü qaynayanda onda ehtiras oyana, yaxud coşa bilər. İsa Məsih xəbərdarlıq etmişdi ki, «qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mət. 5:28). Davud padşahla nə baş verdiyini yadımıza salaq. O, «damdan baxanda bir çimən qadın» gördü (2 İşm. 11:2). Belə vəziyyətdə o nə gözünü çəkdi, nə də fikrini başqa yerə yönəltdi. Nəticədə isə özgəsinin arvadına tamah saldı və onunla yaxınlıq etdi.
13. Nəyə görə gözlərimizlə əhd bağlamalıyıq və buna nə daxildir?
13 Əxlaqsız fantaziyaları dəf etmək üçün biz, Əyyub peyğəmbər kimi, gözlərimizlə əhd bağlamalıyıq (Əyy. 31:1, 7, 9). Qəti şəkildə qərara almalıyıq ki, gözlərimizi idarə edəcək və başqasına şəhvətlə baxmayacağıq. Bu, həm də o deməkdir ki, istər kompüterdə, istər reklam lövhələrində, istər jurnalların üz qabığında, istərsə də başqa yerdə olan erotik şəkillərdən gözümüzü çəkəcəyik.
14. Təmiz qalmaq məsləhəti bizə necə fayda gətirə bilər?
14 Beləliklə, yanlış arzularla mübarizə aparmaqla bağlı bəzi məqamları nəzərdən keçirdik. Bu mübarizədə hansısa zəifliyinizin olduğunu görürsünüzsə, dərhal hərəkətə keçin. Allahın Kəlamındakı məsləhətə ürəkdən tabe olun. Bu, sizə günahdan qaçmağa və təmiz qalmağa kömək edəcək. (Yaqub 1:21—25 ayələrini oxuyun.)
«QOY YIĞINCAĞIN AĞSAQQALLARINI ÇAĞIRSIN»
15. Natəmiz arzularla mübarizə aparırıqsa, nə üçün dindaşlarımızdan kömək istəməliyik?
15 Əgər biz natəmiz istəklərlə mübarizə aparırıqsa, kömək üçün iman bacı-qardaşlarımıza da müraciət edə bilərik. Əlbəttə, bu cür məhrəm mövzunu başqası ilə müzakirə etmək asan deyil. Lakin cəsarət tapıb yetkin məsihini vəziyyətimizdən halı etsək, onun mehribanlıqla verdiyi məsləhət bizə həqiqətin gözünə dik baxmağa kömək edər (Məs. 18:1; İbr. 3:12, 13). Yetkin məsihinin köməyilə biz öz zəif cəhətlərimizi müəyyən edə bilərik. Bu isə bizə Yehovanın məhəbbətini itirməmək üçün lazımi dəyişikliklər etməyə kömək edəcək.
16, 17. a) Ağsaqqallar natəmiz arzularla mübarizə aparanlara necə kömək edə bilərlər? Nümunə çəkin. b) Nəyə görə pornoqrafiyaya baxanlar dərhal kömək istəməlidirlər?
16 Xüsusilə də məsihi ağsaqqallar bizə kömək edə bilərlər. (Yaqub 5:13—15 ayələrini oxuyun.) Braziliyadan olan bir cavan qardaş uzun illər natəmiz arzularla mübarizə aparmışdı. O deyir: «Mən bilirdim ki, fikirlərim Yehovanın xoşuna gəlmir, amma bu barədə başqalarına danışmağa utanırdım». Xoşbəxtlikdən, yığıncaqda bir diqqətcil ağsaqqal onu kömək istəməyə təşviq etmişdi. Qardaş deyir: «Ağsaqqalların mehriban, mülayim rəftarı məni heyran etdi. Mən özümü buna layiq hesab etmirdim. Onlar diqqətlə mənə qulaq asdılar. Müqəddəs Kitabdan Yehovanın məni sevdiyini göstərdilər və mənimlə birgə dua etdilər. Bunun sayəsində onların Müqəddəs Kitabdan verdiyi məsləhəti qəbul etmək mənə asan oldu». İndi bunun üstündən illər keçib və qardaş ruhani cəhətdən inkişaf edib. O deyir: «İndi mən başa düşürəm ki, öz yükümüzü təkbaşına daşımaqdansa, kömək istəməliyik. Bu, çox vacibdir».
17 Natəmiz istəklərin mənbəyi pornoqrafiya olduqda, kömək istəmək xüsusilə vacibdir. Kömək istəməyi nə qədər yubatsaq, natəmiz istəklərin boylu qalıb günah doğmaq riski bir o qədər artır. Bu isə başqalarına yara vuracaq və Yehovanın adına ləkə gətirəcək. Bir çox məsihilər Yehovanı razı salmaq və məsihi yığıncağında qalmaq istədikləri üçün ağsaqqalların köməyini qəbul etmişlər (Yaq. 1:15; Zəb. 141:5; İbr. 12:5, 6).
TƏMİZLİYİ QORUMAĞA QƏTİ QƏRARLI OLUN!
18. Siz nəyə qəti qərarlısınız?
18 Şeytan dünyası əxlaqsızlıq girdabında batdıqca batır. Amma Yehova Allahın sadiq bəndələri var güclərilə çalışırlar ki, belə bir dünyada fikirlərini təmiz saxlasınlar və Onun yüksək əxlaq qaydalarına əməl etsinlər. Bu, Yehovanı necə də fərəhləndirir! Buna görə də gəlin hər birimiz Yehova ilə dostluğumuzu qorumağa, Onun Öz Kəlamı və məsihi yığıncağı vasitəsilə verdiyi məsləhətləri qəbul etməyə qəti qərarlı olaq. Təmizliyi qorumaq bu gün bizə məmnunluq və qəlb rahatlığı gətirir (Zəb. 119:5, 6). Həm də gözəl gələcəyə, Şeytansız, təmiz dünyada əbədi yaşamağa qapı açır.