FƏSİL 9
Ölən əzizlərimizlə nə baş verir?
“BİZƏ əziz olan adamın ölümü nə qədər acıdır; onun yoxluğunu dərk etmək mümkün deyil”. Bu, əvvəl atasını, sonra isə anasını itirmiş bir oğulun sözləridir. O, elə bir acı hisslər yaşamış və dərin itki duymuşdur ki, özünə yer tapa bilmirdi. Ola bilər, bu kimi hissləri siz də yaşamısınız. Yəqin siz əzizlərinizin harada olduğunu və onları yenidən görüb-görməyəcəyinizi bilmək istərdiniz.
2 Öz uşaqlarının yasını tutan bə’zi valideynlərə: “Allah ən gözəl çiçəkləri Öz yanına, göyə toplayır” deyirlər. Bu doğrudanmı belədir? Ölən əzizlərimiz ruhani dünyaya gedirlərmi? Bu, bə’zilərinin nirvana — hər cür acı və istəklərdən azadlıq gətirən səadət adlandırdıqları yerdirmi? Sevdiklərimiz cənnətdəki ölməz həyata aparan qapılardan keçiblərmi? Yaxud, başqalarının iddia etdikləri kimi, ölüm Allaha qarşı günah işlədən kəslər üçün əbədi işgəncələrin başlanğıcıdırmı? Ölənlər bizim həyatımıza tə’sir edə bilərmi? Bu suallara doğru cavab almaq üçün, biz Allahın Kəlamı olan Müqəddəs Kitaba müraciət etməliyik.
İNSANDAKI “RUH” NƏDİR?
3 Qədim yunan filosofları Sokrat və Platon kişi və qadınlarda miras alınmış ölməz bir şeyin, yə’ni bədən öldükdən sonra da yaşamağa davam edən və əsla ölməyən bir canın yaşadığına inanırdılar. Bu gün bütün dünyada milyonlarla insanlar buna inanırlar. Buna bənzər baxışlar insanlarda ölülər qarşısında qorxu hissi oyatdığı kimi, onları ölülərin rifahı üçün qayğı göstərməyə də təşviq edir. Lakin Müqəddəs Kitab bizə ölülər haqqında tamamilə başqa şey öyrədir.
4 Ölülərin hansı vəziyyətdə olduğunu ayırd etmək üçün, biz yadda saxlamalıyıq ki, ulu atamız Adəm cana malik deyildi. Onun özü can idi. Allah valehedici tərzdə insanı, yə’ni canı torpağın əsas elementlərindən yaradıb ona “həyat nəfəsini üfürdü”. Təkvin 2:7 ayəsində deyilir: “Rəbb Allah yerin torpağından adamı yaratdı və onun burnuna həyat nəfəsini üfürdü; və adam yaşayan can oldu”. Adəmin həyatı nəfəsin sayəsində davam edirdi. Lakin Allahın Adəmə verdiyi həyat nəfəsinin sadəcə onun ciyərlərində dövr edən havadan daha dərin mə’nası vardı. Müqəddəs Kitabda yer üzündəki canlı varlıqlarda mövcud olan ‘həyat ruhundan’ və ya “həyat qüvvəsindən” (YD) danışılır (Təkvin 7:22).
5 “Həyat qüvvəsi” nədir? Bu, Allahın Adəmin cansız bədəninə qoyduğu həyat qığılcımıdır. Bu qüvvə nəfəsin sayəsində tə’min edilirdi. Bəs onda Məzmur 146:4 ayəsində istifadə edilən “ruh” nəyə aiddir? Bu ayədə deyilir: “Onun ruhu çıxar, özü torpağa dönər; həmən o gündə düşüncələri yox olar”. Müqəddəs Kitabı yazanlar bu konteksdə “ruh” sözünü istifadə etməklə, ölümdən sonra yaşamağa davam edən bədənsiz canı nəzərdə tutmamışlar.
6 Ölüm zamanı insandan çıxan “ruh” — başlanğıcını Yaradanımızdan alan həyat qüvvəsidir (Məzmur 36:9; Həvarilərin işləri 17:28). Elektrik cərəyanı tə’min etdiyi cihazın səciyyəvi xüsusiyyətlərini daşımadığı kimi, həyat qüvvəsi də canlandırdığı insanın səciyyəvi xüsusiyyətlərinə malik deyildir. İnsan öləndə ruh (həyat qüvvəsi) bədənin hüceyrələrində həyatı tə’min etməyi dayandırır; bu, elektrik cərəyanı kəsilən zaman işığın sönməsinə bənzəyir. Həyat qüvvəsi insanın bədənini tərk etdikdə insan, yə’ni can ölür (Məzmur 104:29; Vaiz 12:1, 7).
“TORPAĞA DÖNƏCƏKSƏN”
7 Yehova günah işlətmiş Adəm üçün ölümün nə mə’na daşıyacağını aydın şəkildə izah etdi. Allah dedi: “Torpağa dönüncəyə qədər, alnının təri ilə çörək yeyəcəksən; çünki ondan alındın; çünki torpaqsan və torpağa dönəcəksən” (Təkvin 3:19). Adəm haraya qayıtmalı idi? Yerə, yaradıldığı torpağa. Adəm ölərkən sadəcə mövcudluğu sona çatdı!
8 Bu cəhətdən insanın ölümü heyvanların ölümündən fərqlənmir. Heyvanlar da candırlar və onların həyatı elə həmin ruhun, yə’ni həyat qüvvəsinin sayəsində tə’min edilir (Təkvin 1:24). “Vaiz” kitabının 3:19, 20 ayələrində müdrik Süleyman demişdir: “Bu necə ölürsə, o biri də elə ölür; hamısının bir nəfəsi [“ruhu”, YD] var; və [ölüm məsələsində] adamın heyvandan üstünlüyü yoxdur... Hamısı torpaqdandır və hamısı yenə torpağa dönürlər”. İnsanın heyvandan üstünlüyü ondadır ki, insan Allahın sürətində yaradılmışdır və Onun xüsusiyyətlərini təzahür etdirir (Təkvin 1:26, 27). Lakin ölərkən həm insan, həm də heyvan torpağa qayıdır.
9 Süleyman ölüm haqqında daha bir şeyi söyləmişdir: “Yaşayanlar bilirlər ki, öləcəklər; fəqət ölülər bir şey bilməzlər”. Bəli, ölən insanlar bir şey bilmirlər. Buna görə də Süleyman məsləhət edirdi: “İşləmək üçün əlinin tapdığı hər nə isə, onu qüvvətinlə işlə; çünki getməkdə olduğun ölülər diyarında [ibranicə şeol] iş və düşüncə, bilgi və hikmət yoxdur” (Vaiz 9:5, 10). Ölənlər hara gedirlər? Şeola, yə’ni bəşəriyyətin ümumi məzarına. Ölən əzizlərimiz heç nə bilmirlər. Onlar nə əzab çəkir, nə də bizə tə’sir göstərə bilirlər.
10 Bu o deməkdirmi ki, biz, eləcə də bizim əzizlərimiz bir müddət yaşayıb, sonra da əbədi olaraq həyatla vidalaşacağıq? Müqəddəs Kitaba əsasən yox. Adəmin günahından dərhal sonra Yehova Allah insan günahının dəhşətli nəticələrinin aradan qaldırılması üçün qayğı göstərdi. Ölüm Allahın bəşəriyyət üçün olan niyyətinə daxil deyildi (Hezekiel 33:11; 2 Peter 3:9). Buna görə də, ölüm bizim üçün və ya əzizlərimiz üçün son demək deyil.
“YUXUYA GEDİB”
11 Yehova bizi və əzizlərimizi Adəmin bəşəriyyətə miras verdiyi ölümdən qurtarmaq niyyətindədir. Buna görə də Allahın Kəlamı ölənlər haqqında yuxuda olanlar kimi danışır. Məsələn, İsa Məsih dostu Lazarın ölümünü eşidən zaman şagirdlərinə dedi: “Dostumuz Lazar yuxuya gedib; Mən isə onu oyatmaq üçün gedirəm”. Şagirdləri onun sözünü başa düşmədikləri üçün, İsa açıqca dedi: “Lazar ölmüşdür” (Yəhya 11:11, 14). Sonra İsa, Lazarın bacıları Marta ilə Məryəmin öz qardaşlarının yasını tutduqları Beytanya şəhərinə yola düşdü. İsa Martaya: “Qardaşın diriləcəkdir” deyəndə, qız Allahın bəşər ailəsinə ölüm vasitəsilə vurulan zərəri aradan qaldırmaq niyyətinə iman etdiyini bildirdi. O dedi: “Bilirəm ki, dirilmə günü — qiyamət günündə — diriləcəkdir” (Yəhya 11:23, 24).
12 Marta ölümdən sonra yaşayan hər hansı ölməz can haqqında heç nə demədi. O, Lazarın ruhani dünyada həyatını davam etdirdiyinə inanmırdı. Marta ölülərin dirilməsinə ümid bəsləyirdi. O başa düşürdü ki, Lazarın bədənindən heç bir ölməz can ayrılmayıb və onun ölmüş qardaşının mövcudluğu sadəcə sona çatıb. Kömək olacaq yeganə yol — dirilmə idi.
13 Yehova Allah bəşəriyyəti xilas etmək səlahiyyətini İsa Məsihə verib (Hoşea 13:14). Buna görə Martanın sözlərinə cavab olaraq İsa dedi: “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar” (Yəhya 11:25). İsa, Allahın ona verdiyi qüvvəni nümayiş etdirdi və artıq dörd gün idi ki, ölmüş olan Lazarın qəbrinə yaxınlaşıb, onu həyata qaytardı (Yəhya 11:38-44). Yalnız təsəvvür edin, İsanın göstərdiyi bu və digər dirilmələrin şahidi olanlar necə sevinirdilər! (Mark 5:35-42; Luka 7:12-16).
14 Bir anlığa dayanın və düşünün: əgər ölümdən sonra ölməz can yaşasaydı, onda ümumiyyətlə heç kəsi diriltmək lazım gəlməzdi. Lazar kimi insanlar gözəl səmavi mükafatlarını aldıqdan sonra, onları yer üzündə qeyri-kamil həyata qaytarmaq, mərhəmətsizlik olardı. Əslində Müqəddəs Kitabda bir dəfə də olsun “ölməz can” ifadəsi işlədilmir. Əksinə, Müqəddəs Yazılarda deyilir ki, günah işlədən insanın canı öləcəkdir (Hezekiel 18:4, 20). Beləliklə, Müqəddəs Kitab dirilmənin ölümdən əsl qurtuluş olduğuna işarə edir.
“QƏBİRLƏRDƏ OLANLARIN HAMISI”
15 İsanın şagirdlərinin “dirilmə” kimi istifadə etdikləri söz hərfi mə’nada “qalxmaq” və ya “ayağa durmaq” mə’nasını verir. Dirilmək — həyat əlaməti olmayan vəziyyətdən durmaq, yə’ni bəşəriyyətin ümumi məzarından qalxmaq deməkdir. Yehova Allah üçün insanı diriltmək heç də çətin deyil. Nəyə görə? Ona görə ki, Yehova — həyat Mənbəyidir. Bu gün insanlar kişilərin və qadınların səs və surətini videolentə alıb, onların ölümündən sonra bu yazılara baxa bilirlər. Bizim Qadir Yaradanımız da hər bir insanın səciyyəvi xüsusiyyətlərini xatırlayır və həmin insana yeni bədən verməklə onu həyata qaytara bilər.
16 İsa Məsih demişdir: “Elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun [İsanın] səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar. Yaxşılıq edənlər dirilib həyata qovuşacaqlar, pislik edənlər isə dirilib hökmə düçar olacaqlar” (Yəhya 5:28, 29). Yehovanın yaddaşında olan insanların hamısı diriləcək və Onun yollarını öyrənəcəklər. Allah haqqındakı biliyə müvafiq yaşayanların hamısı üçün bu dirilmə həyata qovuşduran dirilmə olacaq. Allahın tə’limlərini və rəhbərliyini rədd edənlər üçün isə bu dirilmə hökmə düçar edən dirilmə olacaqdır.
17 Təbii ki, Yehovaya xidmət etmiş və düzgün həyat sürməyə can atmış kəslər dirildiləcəklər. Dirilməyə olan ümid çoxlarına ölümlə üzləşərkən, hətta sərt tə’qiblər zamanı güc vermişdir. Onlar bilirdilər ki, Allah onları həyata qaytara bilər (Matta 10:28). Lakin milyonlarla insanlar Allahın ədalət normalarına öz münasibətlərini göstərə bilmədən ölmüşlər. Onlar da dirildiləcəklər. Həvari Pavel buna tam əmin olaraq demişdir: “Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15).
18 Həvari Yəhya valehedici rö’yasında Allahın taxtı qarşısında duran dirilmiş insanları görmüşdür. Sonra Yəhya yazmışdır: “Dəniz, özündə olan ölüləri təslim etdi; ölüm və ölülər aləmi də [yunanca hades] özlərində olan ölüləri təslim etdilər. Və hər birinə öz əməllərinə görə hökm olundu. Sonra ölüm və ölülər aləmi odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür” (Vəhy 20:12-14). Yalnız təsəvvür edin! Allahın yaddaşında olan bütün ölülərin bəşəriyyətin ümumi məzarından, başqa sözlərlə, hadesdən və ya şeoldan azad olmaq ümidləri var (Məzmur 16:10; Həvarilərin işləri 2:31). Onların Allaha xidmət etmək istəyib-istəmədiklərini əməlləri ilə göstərmək imkanları olacaqdır. Daha sonra “ölüm və ölülər aləmi”, “cəhənnəm”, yə’ni “gehenna” kimi tam məhvin simvolu olan “odlu gölə” atılacaqdır (Luka 12:5). Dirilmə başa çatdıqdan sonra bəşəriyyətin ümumi məzarı boşalacaq və bir daha olmayacaqdır. Müqəddəs Kitabdan Allahın heç kimə əzab vermədiyi barədə öyrənmək necə də təsəllivericidir! (Yeremya 7:30, 31).
DİRİLƏNLƏR HARADA YAŞAYACAQLAR?
19 Müəyyən sayda kişi və qadınlar göydə yaşamaq üçün dirildiləcəklər. Onlar İsa ilə bərabər padşahlar və kahinlər kimi, ilk insan Adəmdən miras alınmış ölümün gətirdiyi bütün nəticələrin aradan qaldırılmasında iştirak edəcəklər (Romalılara 5:12; Vəhy 5:9, 10). Allah, Məsihlə bərabər idarə etmək üçün göyə neçə nəfər insan götürəcək? Müqəddəs Kitaba əsasən yalnız 144 000 (Vəhy 7:4; 14:1). Göydə yaşaya bilsinlər deyə, Yehova onların hər birinə ruhani bədən verəcəkdir (1 Korinflilərə 15:35, 38, 42-45; 1 Peter 3:18).
20 Ölənlərin əksəriyyəti yer üzündə qurulacaq Cənnətdə dirildiləcəklər (Məzmur 37:11, 29; Matta 6:10). Bə’zilərinin səmavi həyata dirildiləcəklərinin səbəblərindən biri — Allahın yer üzünə aid niyyətini yerinə yetirməkdir. İsa Məsih və onun 144 000 hakimiyyət şərikləri itaətkar bəşəriyyəti tədricən, ulu valideynlərimizin məhrum olduqları kamilliyə doğru aparacaqlar. İsanın yanında dirəyə mismarlanmış ölmək üzrə olan adama “mənimlə bərabər cənnətdə olacaqsan” sözlərindən göründüyü kimi, bu, dirilənlərə də aid olacaqdır (Luka 23:42, 43).
21 İndi bu qədər ağrı-acı gətirən ölüm Cənnətdə aradan qaldırılacaq (Romalılara 8:19-21). Peyğəmbər İşayanın dediyi kimi, Yehova Allah ‘ölümü əbədiyyən udacaq’ (İşaya 25:8). Həvari Yəhya, itaətkar bəşəriyyətin ağrı və ölümdən qurtulacağı vaxta aid rö’ya görmüşdür. Bəli, “Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi” (Vəhy 21:1-4).
22 Müqəddəs Kitabın aydın tə’limləri ölülər haqqında olan hər cür qarışıq təsəvvürləri aradan qaldırır. Müqəddəs Yazılarda açıq şəkildə deyilir ki, “axırıncı düşmən” olan ölüm yox ediləcək (1 Korinflilərə 15:26). Dirilməyə olan ümiddən necə də böyük qüvvə və təsəlli əldə edə bilərik! Allahın yaddaşında olan ölmüş əzizlərimizin ölüm yuxusundan oyanacaqlarına və Allahın Onu sevənlər üçün hazırladığı hər şeydən ləzzət alacaqlarına görə necə də xoşbəxt ola bilərik! (Məzmur 145:16). Bu xeyir-dualar Allahın Padşahlığı sayəsində mümkün olacaq. Bəs bu Padşahlıq nə zaman idarə etməyə başlayacaq? Gəlin baxaq.
BİLİYİNİZİ YOXLAYIN
• İnsandakı ruh nədir?
• Ölənlərin vəziyyətini necə təsvir edərdiniz?
• Kimlər dirildiləcək?
[Öyrənilmə üçün olan suallar]
1. Əziz adamı ölən insanlar hansı hissləri yaşayırlar?
2. Ölümlə bağlı hansı çətin suallar ortaya çıxır?
3. Sokrat və Platon ölülər haqqında hansı baxışlara malik idilər və həmin baxışlar bu gün insanlara necə tə’sir edir?
4. a) “Təkvin” kitabında can haqqında nə deyilir? b) Allah Adəmi canlandırmaq üçün onun daxilinə nə qoydu?
5, 6. a) “Həyat qüvvəsi” nədir? b) Məzmur 146:4 ayəsində deyildiyi kimi, “ruh” bədəni tərk etdikdə nə baş verir?
7. Allaha qulaq asmadığı təqdirdə Adəmi nə gözləyirdi?
8. Hansı cəhətdən insanların heyvanlardan üstünlüyü yoxdur?
9. Ölənlər hansı vəziyyətdədirlər və onlar hara gedirlər?
10. Nəyə görə deyə bilərik ki, ölüm insanın sonu demək deyil?
11. İsa ölmüş dostu Lazarın vəziyyətini necə təsvir etdi?
12. Ölənlərə dair Marta hansı ümidi bəsləyirdi?
13. İsa, Allahın verdiyi hansı qüvvəyə malikdir və o, bundan necə istifadə edirdi?
14. Nəyə görə dirilmə və ölməz can təsəvvürü bir-birinə uyğun olmayan anlayışlardır?
15. a) “Dirilmə” sözü nə deməkdir? b) Nəyə görə Yehova Allah üçün insanı diriltmək heç bir çətinlik yaratmır?
16. a) İsa qəbirlərdə olanlara dair nəyi və’d etdi? b) İnsanın dirilməsinin nə ilə nəticələnəcəyini hansı amil müəyyən edəcəkdir?
17. Kimlər dirildiləcəklər?
18. a) Həvari Yəhya dirilməyə dair hansı rö’yanı gördü? b) “Odlu göldə” nə məhv ediləcək və bu “göl” nəyi təmsil edir?
19. Nəyə görə bə’zi insanlar səmavi həyat üçün dirildiləcəklər və Allah onlara necə bədən verəcəkdir?
20. Dirildiləcək insanları da daxil etməklə, itaətkar bəşəriyyəti nə gözləyir?
21. Peyğəmbər İşayanın və həvari Yəhyanın sözlərinə görə, ölümlə nə baş verəcək?
22. Dirilmə haqqında əldə etdiyiniz biliyin sizə hansı aidiyyatı var?
[85-ci səhifədəki şəkil]
İsanın Lazarı qəbirdən çağırıb diriltdiyi kimi, milyonlarla insanlar da dirildiləcəklər.
[86-cı səhifədəki şəkil]
‘Allah ölümü əbədiyyən udacağı’ zaman sevincin sonu olmayacaq.