Yehovanın Kəlamı canlıdır
“Təkvin” kitabından diqqətəlayiq fikirlər — I hissə
“TƏKVİN” kitabında Kainatın necə yaradılmasından, insanların yaşaya bilməsi üçün yer üzünün necə yararlı hala gətirilməsindən və insanın necə yaradılmasından söz edilir. Musa bu kitabı Sina səhrasında yazmış və ehtimal ki, onu b. e. ə. 1513-cü ildə başa çatdırmışdır.
“Təkvin” kitabında Tufandan əvvəlki dünya, Tufandan sonra başlayan yeni erada baş verən hadisələr və Yehova Allahın İbrahim, İshaq, Yaqub və Yusiflə necə rəftar etməsi haqda danışılır. Bu məqalədə Təkvin 1:1—11:9 ayələrindən diqqətəlayiq fikirlər nəzərdən keçirilir və burada, Yehovanın tayfa başçısı İbrahimlə ünsiyyətə başlamasından əvvəlki tarix əhatə olunur.
TUFANDAN ƏVVƏLKİ DÜNYA
“Təkvin” kitabının birinci sözü olan “başlanğıcda” bizi milyard illər əvvələ aparır. Altı yaradıcılıq ‘gününün’ hadisələri, yə’ni xüsusi yaradıcılıq işlərinin zaman müddəti yerdən müşahidəçinin görə bildiyi kimi təsvir edilir. Altıncı günün sonunda Allah insanı yaratdı. İnsanların itaətsizliyi ucbatından Cənnət tezliklə itirilsə də, Yehova ümid verdi. Müqəddəs Kitabın ən ilk peyğəmbərliyində günahın nəticələrini aradan qaldıracaq və Şeytanın başını əzəcək bir “zürriyyət” haqqında danışılır.
Növbəti 16 əsr ərzində — Habil, Hanok və Nuh kimi bir sıra sadiq kəsləri çıxmaq şərtilə — Şeytan insanları müvəffəqiyyətlə Allahdan uzaqlaşdırır. Məsələn, Qabil öz sadiq qardaşı Habili öldürür. Görünür, insanlar hörmətsiz şəkildə “Rəbbin ismini... çağırmağa” başlayırlar. Həmin dövrün üsyankar ruhu Lamekin sözlərində əks olunur. O, guya özünü müdafiə etmək məqsədilə gənc bir adamı öldürdüyünü şairanə şəkildə təsvir edir. Yer üzündəki vəziyyət daha da pisləşir, çünki itaətsiz mələklər qadınlarla evlənir, onlardan da Nefilimlər adlanan zalım nəhənglər doğulur. Buna baxmayaraq, sadiq Nuh gəmi tikir, qarşıda gözlənilən Tufan barədə öz müasirlərinə cəsarətlə xəbərdarlıq edir və ailəsi ilə birlikdə Tufanın məhvedici nəticələrindən xilas olur.
Müqəddəs Kitab suallarına cavablar:
1:16 — Əgər çıraqlar dördüncü gün yaradılmışdısa, işıq birinci gün haradan peyda ola bilərdi? Müqəddəs Kitabın orijinalında “düzəltmək” (16-cı ayə) və “yaratmaq” (1, 21 və 27-ci ayələr) sözləri üçün müxtəlif ibrani sözləri istifadə olunur. Çıraqlar da daxil olmaqla, “göylər” birinci yaradıcılıq günündən çox əvvəl yaradılmışdır. Lakin bu çıraqların işığı Yerin səthinə çatmırdı. Birinci gün “işıq oldu”, belə ki, dağınıq işıq buludların arasından yer üzünə düşməyə başladı. Və Yer kürəsinin fırlanması sayəsində gecə və gündüz bir-birini əvəz etməyə başladı (Təkvin 1:1-3, 5). İşığın mənbələri yenə də yerdən görünmürdü. Lakin dördüncü yaradıcılıq dövrü ərzində hiss olunacaq dərəcədə dəyişikliklər baş verdi: Günəş, Ay və ulduzlar ‘yer üzünə işıq saçdılar’ (Yaradılış 1:17, MKŞ). Allah onları o mə’nada “düzəltdi” ki, indi onları yerdən görmək mümkün idi.
3:8 — Yehova Allah Adəmlə şəxsən danışırdımı? Müqəddəs Kitabdan göründüyü kimi, Allah insanlarla danışanda, O, bunu çox vaxt mələklərin vasitəsilə edirdi (Təkvin 16:7-11; 18:1-3, 22-26; 19:1; Hakimlər 2:1-4; 6:11-16, 22; 13:15-22). Allahın baş nümayəndəsi Onun “Kəlam” adlanan yeganə Oğlu idi (Yəhya 1:1). Çox ehtimal ki, Allah Adəm və Həvva ilə “Kəlam” vasitəsilə danışırdı (Təkvin 1:26-28; 2:16; 3:8-13).
3:17 — Torpaq hansı mə’nada lə’nətlənmişdi və bu lə’nət nə qədər davam etdi? Torpağın lə’nətlənməsi o demək idi ki, indi tikan və qanqal basmış torpağı becərmək olduqca çətin olacaqdı. Adəmin nəsli bu lə’nətin nəticələrini o qədər kəskin şəkildə hiss etmişlər ki, Nuhun atası Lamek ‘Rəbbin lə’nətlədiyi torpağı becərərkən çəkilən əziyyətlərdən’ danışırdı (Yaradılış 5:29, MKŞ). Tufandan sonra Yehova Nuha və onun oğullarına yer üzünü doldurmaq tapşırığını verməklə, onlara xeyir-dua verdi (Təkvin 9:1). Görünür, Allahın torpağa etdiyi lə’nət götürülmüşdü (Təkvin 13:10).
4:15 — Yehova “Qabilin üzərinə... nişanə”ni necə qoydu? Müqəddəs Kitabda deyilmir ki, Qabilin üzərində hərfi mə’nada işarə və ya nişanə vardı. Bu nişanə, çox güman ki, başqalarının bildiyi və riayət etdiyi sərt qanun idi: Qabili qisas almaq məqsədilə öldürmək qadağan idi.
4:17 — Qabil özünə arvadı haradan almışdı? Adəm “oğullar və qızlar atası oldu” (Təkvin 5:4). Qabil ya bacılarından, ya da, ola bilsin, qardaşı və ya bacısı qızlarından birilə evlənmişdi. Bundan sonra Allahın Qanunu doğma bacı və ya qardaşla nikaha daxil olmağı qadağan etmişdir (Levililər 18:9).
5:24 — Allah Hanoku hansı mə’nada “aldı”? Ehtimal ki, Hanokun həyatı ölüm təhlükəsi altında idi, lakin Allah Hanokun düşmənləri tərəfindən əzaba mə’ruz qalmasına yol vermədi. Həvari Pavelin sözlərinə görə, “Hanok... dünyadan köçürüldü ki, ölümü görməsin” (İbranilərə 11:5). Bu o demək deyil ki, Hanok yaşamağa davam etsin deyə Allah onu göyə götürdü. İlk dəfə göyə qalxan İsa olmuşdur (Yəhya 3:13; İbranilərə 6:19, 20). “Hanok... dünyadan köçürüldü ki, ölümü görməsin” fikri növbəti mə’nanı kəsb edə bilər: Allah Hanoku elə bir vəziyyətə qərq etdi ki, o, peyğəmbərlik rö’yası görmüş və sonra Allah onun həyatını dayandırmışdı. Bu minvalla da Hanok əzab çəkmədi, yə’ni düşmənlərinin əlilə ölmədi.
6:6 — Yehova hansı mə’nada insanı yaratdığına “peşman oldu”? “Peşman oldu” kimi tərcümə edilən ibrani sözü münasibətin və ya niyyətin dəyişməsini nəzərdə tutur. Yehova kamil Allahdır və bu səbəbdən insanı yaratmaqda səhvə yol verə bilməzdi. Lakin Tufandan əvvəl yaşamış zalım nəslə qarşı Onun münasibəti dəyişmişdi. Əvvəllər insanlara Yaradan kimi yanaşan Allah, indi onları pislikləri ucbatından məhv etmək qərarına gəlmişdi. Allahın bir neçə nəfəri xilas etməsi onu göstərir ki, Onun peşmançılığı yalnız pisliyə qoşulan kəslərə aid idi (2 Peter 2:5, 9).
7:2 — Təmiz və natəmiz heyvanlar arasındakı fərq nəyin əsasında müəyyən edilirdi? Heyvanların təmiz və natəmizliyi onların qida üçün yararlı olub-olmamaları ilə deyil, onlardan hansıların Allaha qurban gətirilmək üçün münasib olmaları ilə müəyyən edilirdi. Tufana qədər insanlar heyvan əti yemirdilər. Qida üçün “təmiz” və “natəmiz” heyvanlar təsəvvürü yalnız Musanın qanunu ilə yaranmış və onun ləğv olunması ilə də aradan götürülmüşdü (Həvarilərin işləri 10:9-16; Efeslilərə 2:15). Göründüyü kimi, Nuh Yehovaya nəyi qurban gətirmək lazım gəldiyini bilirdi. O, gəmidən çıxan kimi “Rəbbə bir qurbangah düzəltdi və hər təmiz heyvandan və hər təmiz quşdan aldı və qurbangah üzərində yandırılan təqdimələr ərz etdi” (Təkvin 8:20).
7:11 — Ümumdünya Tufanının suları haradan peyda oldu? İkinci yaradıcılıq dövründə və ya “günündə” “qübbə”, yə’ni Yerin atmosferi təşkil ediləndə sular “qübbə altında” və “qübbə üzərində” idi (Təkvin 1:6, 7). “Qübbə altında” olan sular artıq yerdə olan sular idi. “Qübbə üzərində” olan sular isə, “dərinlikdə olan bütün su qaynaqları”nı təşkil edən, yer üzündən yüksəklərdə yerləşən nəhəng rütubət yığımı — Nuhun günlərində yerə töküldü.
Bizim üçün ibrət dərsləri:
1:26. İnsan Allahın surətində yaradıldığına görə, Allahın keyfiyyətlərini təzahür etdirə bilər. Biz, şübhəsiz ki, bizi Yaradan Allahın xüsusiyyətlərini əks etdirərək məhəbbət, mərhəmət, lütfkarlıq, xeyirxahlıq və səbir kimi keyfiyyətləri inkişaf etdirməyə çalışmalıyıq.
2:22-24. Nikah — Allahın quruluşudur. Nikah bağları daimi və müqəddəsdir. Ailənin başçısı — ərdir.
3:5, 16-23. Xoşbəxtlik, həyatımızda Yehovanın hökmranlığını qəbul edib-etməməyimizdən asılıdır.
3:18, 19; 5:5; 6:7; 7:23. Yehovanın sözü həmişə yerinə yetir.
4:3-7. Habilin qurbanı Yehovaya məqbul idi, çünki Habil iman vasitəsilə saleh insan sayılmışdı (İbranilərə 11:4). Qabil isə, hərəkətindən göründüyü kimi, imanda möhkəm deyildi. Onun əməlləri pis idi, əməllərində paxıllıq və nifrət təzahür olunurdu ki, bu da qatilliyə gətirib çıxardı (1 Yəhya 3:12). Bundan əlavə, ehtimal ki, o, gətirdiyi qurban haqqında səthi düşünmüş və onu başdansovma gətirmişdi. Biz, ləyaqətlə davranaraq Yehovaya həmd qurbanını səmimi qəlbdən və düzgün niyyətlə gətirməli deyilikmi?
6:22. Gəminin tikilməsinə çox illər getsə də, Nuh Allahın tapşırığını yerinə yetirdi. Buna görə də, Nuh və onun ailəsi Tufan zamanı xilas oldu. Yehova bizə Öz Kəlamı vasitəsilə müraciət edir və təşkilatı vasitəsilə göstəriş verir. Allaha qulaq asmaq və Ona tabe olmaq bizə fayda gətirir.
7:21-24. Yehova salehləri pislərlə bərabər məhv etmir.
BƏŞƏRİYYƏT YENİ ERAYA QƏDƏM QOYUR
Tufanaqədərki dünya məhv edilib, bəşəriyyət yeni eraya qədəm qoyur. İnsanlara ət yeməyə icazə verilib, lakin onlar qandan çəkinməlidirlər. Yehova öldürməyə görə ölüm hökmü kəsir və bir daha heç zaman Tufan göndərməyəcəyinə söz verərək, göy qurşağı əhdini kəsir. Nuhun üç oğlu bütün bəşəriyyətin ulu valideynləri olur; Nuhun nəticəsi olan Nimrod “Yehovaya zidd gedən güclü ovçu” idi (YD). Yer üzərində çoxalmaq, onu əhali ilə sakin etmək əvəzinə, xalq özünü izzətləndirmək niyyətinə düşüb Babil adlanan bir şəhər və qüllə tikmək qərarına gəlir. Lakin bu niyyət baş tutmur, çünki Yehova onlara müxtəlif dillər verir və xalqı bütün yer üzünə səpələyir.
Müqəddəs Kitab suallarına cavablar:
8:1 — Əgər Tufan zamanı ağaclar məhv edilmişdisə, onda göyərçin zeytun yarpağını haradan tapmışdı? İki cür izahat mümkündür. Zeytun kifayət qədər davamlı ağac olduğundan, Tufan zamanı bir neçə ay ərzində suyun altında salamat qala bilərdi. Su çəkildikcə, quru torpaqda olan bu cür zeytun ağacları yeni yarpaqlar verə bilərdi. Göyərçinin Nuha gətirdiyi zeytun yarpağı, Tufanın suları çəkildikdən sonra cavan zoğdan da çıxa bilərdi.
9:20-25 — Nuh Kən’anı nəyə görə lə’nətləmişdi? Çox ehtimal ki, Kən’an babası Nuha qarşı hansısa pozğun hərəkətdə günahkar idi. Kən’anın atası Ham bu hadisənin şahidi olsa da, öz oğlunu nəinki çəkindirməmiş, hətta baş verən hadisəni başqalarına da danışmışdı. Lakin Nuhun digər iki oğlu Sam və Yafət atalarının çılpaqlığını örtmüşdülər. Buna görə onlar xeyir-dua almışdılar. Kən’an lə’nətlənmiş, Hamın isə cəzası bütün nəslinin rüsvay olması olmuşdu.
10:25 — Pelegin günlərində yer üzü hansı mə’nada ‘bölündü’? Peleg b. e. ə. 2269-cu ildən 2030-cu ilə qədər yaşayıb. Məhz “onun günlərində” Yehova Babili tikən insanların dilini qarışdırıb, onları bütün yer üzünə səpələməklə böyük bölünmə etdi (Təkvin 11:9). Beləliklə, “yer üzü [və ya yer üzünün sakinləri]” Pelegin günlərində ‘bölündü’.
Bizim üçün ibrət dərsləri:
9:1; 11:9. İnsanın heç bir hiyləsi və yaxud sə’yi Yehovanın niyyətinin həyata keçməsinə mane ola bilməz.
10:1-32. Tufan haqqındakı mə’lumatın iki hissəyə ayırdığı geneoloji yazılar (5-ci və 10-cu fəsillər) şəhadət edir ki, bütün xalqlar Nuhun üç oğlundan törəmişdir. Assuriyalılar, gildanlılar, yəhudilər, suriyalılar və ərəblərin bir hissəsi Samın nəslindəndir. Həbəşlilər, misirlilər, kən’anlılar və ərəblərin bir hissəsi və bə’zi afrika qəbilələri Hamdan törəmişlər. Hind-Avropa xalqları Yafetin nəslindəndir. Bütün insanların əcdadları birdir və hamı Allahın qarşısında bərabərdir (Həvarilərin işləri 17:26). Bunu bilməyimiz başqalarına olan münasibətimizə və onlarla rəftarımıza tə’sir etməlidir.
Allahın Kəlamı tə’sirlidir
“Təkvin” kitabının birinci hissəsinə, heç bir yerdə tapmaq mümkün olmayan, bəşərin erkən tarixi haqqında dəqiq mə’lumat daxildir. Biz buradan, Allahın yer üzündə insanı nə üçün yerləşdirdiyini öyrənirik. Və Nimrodun nümunəsindən heç bir insan sə’yinin Allahın niyyətlərinin həyata keçməsinə mane ola bilmədiyini görmək necə də təsəllivericidir!
Teokratik Xidmət Məktəbi üçün Müqəddəs Kitabın həftəlik oxunmasını hazırlayarkən, “Müqəddəs Kitab suallarına cavablar” başlığı altında olan materialı nəzərdən keçirmək olar. Bu, Müqəddəs Kitabdan olan bə’zi çətin ayələri başa düşməyə kömək edəcəkdir. “Bizim üçün ibrət dərsləri” başlığı altında yazılmış fikirlər Müqəddəs Kitabın həftəlik oxunmasından hansı faydanı əldə edə biləcəyimizi göstərəcəkdir. Bu fikirləri hərdən xidməti görüşdə yerli tələbatları müzakirə edərkən əsas kimi götürmək olar. Yehovanın Kəlamı, həqiqətən də, canlı və tə’sirlidir (İbranilərə 4:12).