TƏLİM MƏQALƏSİ 23
«Qoy adın müqəddəs tutulsun»
«Ey Yehova, Sənin adın əbədidir» (ZƏB. 135:13).
NƏĞMƏ 10 Allahımız Yehovaya həmd edin!
İCMALa
1, 2. Hansı mövzular Yehovanın Şahidləri üçün həmişə aktual olub?
YEHOVANIN hakimiyyətinin bəraət qazanması və adının müqəddəs tutulması məsələsi bizim üçün çox mühümdür. Yehovanın Şahidləri üçün bu mövzular həmişə aktual olub. Qeyd edək ki, hakimiyyət və adla bağlı məsələ fərqli məsələlər deyil.
2 Hər birimiz Allahın adının böhtandan təmizlənməli olduğunu bilirik. Bir şeyi də bilirik: hər kəs dərk etməlidir ki, Yehovanın hakimiyyəti, yəni idarəetmə tərzi alidir. Hər iki məsələ olduqca önəmlidir.
3. Yehovanın adı nələri ehtiva edir?
3 Yehovanın adı Onun haqda hər şeyi, o cümlədən Onun idarəetmə tərzini ehtiva edir. Əgər Yehovanın adının bütün böhtanlardan təmizlənməsinin ən mühüm məsələ olduğunu qəbul ediriksə, deməli, Onun hakimiyyətinin ən yaxşı hakimiyyət olduğunu da qəbul edirik. Yehovanın adı Onun Kainatın Hökmdarı kimi idarəetmə tərzi ilə sıx bağlıdır. («Mühüm məsələyə aid məqamlar» adlı çərçivəyə baxın.)
4. Zəbur 135:13 ayəsində Allahın adı ilə bağlı nə deyilir və bu məqalədə hansı suallara cavab tapacağıq?
4 Yehovanın adı çox özəldir. (Zəbur 135:13 ayəsini oxuyun.) Nəyə görə bu ad belə vacibdir? Bu ada ilk dəfə nə vaxt böhtan atılıb? Allah Öz adını necə müqəddəs edir? Onun adını necə müdafiə edə bilərik? Gəlin bu suallara cavab tapaq.
ADIN ƏHƏMİYYƏTİ
5. Allahın adının müqəddəs tutulması ilə bağlı hansı sual yarana bilər?
5 «Qoy adın müqəddəs tutulsun» (Mət. 6:9). İsa bu diləyin əsas diləklərdən biri olduğunu vurğulamışdı. O, nəyi nəzərdə tuturdu? Nəyisə müqəddəs etmək onu təmiz, pak etmək mənasını daşıyır. Ola bilsin, kimsə düşünə bilər: «Yehovanın adı onsuz da təmiz və pak deyil?» Bu suala cavab tapmaq üçün gəlin adın nə məna daşıdığı haqda düşünək.
6. Adı dəyərli edən nədir?
6 «Ad» deyiləndə sadəcə vərəqə yazılan və ya tələffüz olunan hərflər toplusu nəzərdə tutulmur. Müqəddəs Kitabda yazılıb: «Təmiz ad böyük sərvətdən üstündür» (Məs. 22:1; Vaiz 7:1). Nəyə görə ad bu qədər dəyərlidir? Çünki ad həm də reputasiyanı, yəni bu adı daşıyan şəxslə bağlı cəmiyyətdə mövcud olan rəyi bildirir. Odur ki, ən önəmlisi adın vərəqdə necə görünməsi və ya necə səslənməsi yox, bu adı eşidəndə və ya görəndə insanlarda yaranan təəssüratdır.
7. İnsanlar Allahın adına necə böhtan atır?
7 İnsanlar Yehova haqda yalanlar danışanda Onun adını bədnam edirlər, adına qara yaxırlar. Yehovanın adına böhtan ilk dəfə bəşər tarixinin əvvəlində atılıb. Gəlin bu haqda ətraflı danışaq.
ALLAHIN ADINA ATILAN İLK BÖHTAN
8. Adəmlə Həvva nəyi bilirdi və bizdə hansı suallar yarana bilər?
8 Adəmlə Həvva Yehovanın adını və Onunla bağlı vacib həqiqətləri bilirdi. Məsələn, onlar Yehovanı hər şeyi yaradan, onlara həyat, Cənnət bağı və kamil həyat yoldaşı bəxş edən Allah kimi tanıyırdı (Yar. 1:26—28; 2:18). Bəs mükəmməl zehnə sahib olan Adəmlə Həvva Yehovanın bəxş etdiyi nemətlər haqda daima düşündü? «Yehova» adını daşıyan Varlığa məhəbbət və minnətdarlıqlarını artırmağa davam etdi? Allahın düşməni onları sınayanda bu sualların cavabı aydın oldu.
9. Yaradılış 2:16, 17 və 3:1—5 ayələrinə əsasən, Yehova Adəmlə Həvvaya nə demişdi, bəs Şeytan həqiqəti necə təhrif etdi?
9 Yaradılış 2:16, 17 və 3:1—5 ayələrini oxuyun. Şeytan ilan vasitəsilə Həvvadan soruşdu: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?» Bu sualda gözəgörünməz zəhərə bənzər bir yalan gizlənirdi. Əslində, Allah onlara demişdi ki, hər bir ağacın meyvəsindən yeyə bilərlər, cəmi birindən başqa. Adəmlə Həvvanın ixtiyarında növbənöv ağaclar var idi (Yar. 2:9). Yehovanın səxavətinə söz ola bilməz. O, təkcə bir ağacın meyvəsindən yeməyi qadağan etmişdi. Şeytanın sualı isə həqiqəti təhrif edirdi. O, elə təəssürat oyatdı ki, guya Allah səxavətli deyil. Həvvada belə sual yarana bilərdi: «Görəsən, Allah bizdən nəsə yaxşı bir şey gizlədir?»
10. Şeytan açıq-aydın Yehovanın adına necə böhtan atdı və bu, nə ilə nəticələndi?
10 Həvva həmin vaxt hələ də Yehovaya Hökmdarı kimi yanaşırdı; o, Şeytana cavabında Yehovanın verdiyi aydın göstərişi təkrarladı. Hətta dedi ki, o ağaca heç toxunmamalıdırlar. Həvva itaətsizliyin ölümlə nəticələnəcəyini də bilirdi. Amma Şeytan cavabında dedi: «Yox, əsla ölməzsiniz» (Yar. 3:2—4). Bayaq Yehovanı dolayısı ilə ittiham edən Şeytan indi açıq-aydın Onun adına böhtan atdı, bir növ Yehovanı yalançı adlandırdı. Beləcə, Şeytan «böhtançı» mənasını verən İblis oldu. Həvva tamamilə aldandı, o, Şeytana inandı (1 Tim. 2:14). Yehovadan çox ona etibar etdi. Beləcə, Həvva verə biləcəyi ən yanlış qərarı verdi — Yehovanın itaətindən çıxaraq qadağan edilmiş meyvəni yedi. Sonra Adəmə də verdi (Yar. 3:6).
11. Adəmlə Həvva nə etməli idi?
11 Gəlin bir anlıq düşünək, Həvva əslində necə cavab verməli idi? Təsəvvür edin ki, o, belə deyir: «Səni heç tanımıram, amma Atamı, Yehovanı yaxşı tanıyıram, Onu sevirəm və Ona etibar edirəm. Nəyimiz varsa, hamısını O verib. Nə cürətlə Onun haqda belə pis danışırsan? Çıx get burdan!» Görün əziz qızının dilindən bu cür sözləri eşitmək Yehovaya nə qədər xoş olardı! (Məs. 27:11). Amma nə Həvvanın, nə də Adəmin Yehovaya məhəbbəti yox idi. Buna görə də heç biri Onu müdafiə etmədi.
12. Şeytan Həvvanın ağlına hansı şübhə toxumlarını səpdi? Adəmlə Həvva nəyi etmədi?
12 Gördüyümüz kimi, Şeytan əvvəlcə Həvvanın ağlına şübhə toxumları səpdi. Beləcə, Həvva Yehovanın yaxşı Ata olduğuna şübhə etməyə başladı. Sonra Adəm də, Həvva da Şeytanın mənfur yalanları qarşısında Yehovanın adını müdafiə etmədi. Onlar Şeytanın ittihamlarına qulaq asıb Atalarına qarşı qiyam qaldırdı. Şeytan bu gün də eyni fəndlərdən istifadə edir. O, Yehovaya böhtan atıb adına qara yaxır. Şeytanın yalanlarına aldananlar asanlıqla Yehovanın adil rəhbərliyini rədd edir.
YEHOVA ÖZ ADININ MÜQƏDDƏSLİYİNİ SÜBUT EDİR
13. Hizqiyal 36:23 ayəsində Müqəddəs Kitabın baş mövzusu necə vurğulanır?
13 Bəs Yehova bu böhtanlar qarşısında susur? Yox, əlbəttə ki! Müqəddəs Kitab boyu Yehovanın Ədən bağında Ona atılan böhtanların yalan olduğunu necə sübut etdiyi açıqlanır (Yar. 3:15). Müqəddəs Kitabın baş mövzusunu yığcam şəkildə belə ifadə edə bilərik: Yehova Oğlunun idarə etdiyi Padşahlıq vasitəsilə Öz adını müqəddəs edir və yer üzündə sülh və salehliyi bərpa edir. Kəlamda yazılanlardan Yehovanın Öz adının müqəddəsliyini hal-hazırda necə sübut etdiyini görürük. (Hizqiyal 36:23 ayəsini oxuyun.)
14. Yehovanın Ədən bağında qaldırılan üsyana verdiyi cavab Onun adının müqəddəsliyini necə sübut etdi?
14 Şeytan Yehovanın niyyətinin həyata keçməsinin qarşısını almaq üçün hər şeyə əl atıb! Amma cəhdləri hər dəfə boşa çıxıb. Müqəddəs Kitabdan Yehovanın necə davrandığını görürük və bu sübut edir ki, Onun misli-bərabəri yoxdur. Şübhəsiz, Şeytanın və onun tərəfinə keçənlərin üsyanı Yehovaya böyük ürək ağrısı verib (Zəb. 78:40). Amma bu məsələnin həllində Onun möhtəşəm hikmətini, səbrini, ədalətini və misilsiz gücünü görmək olar. Ən əsası isə etdiyi hər bir işin özəyində məhəbbət durur (1 Yəh. 4:8). Bəli, Yehova adının müqəddəsliyini göstərmək uğrunda daim mübarizə aparıb.
15. Bu gün Şeytan Allahın adına necə böhtan atır və bu nəyə gətirib çıxarıb?
15 Şeytan bu gün də Allahın adına böhtan atır. O, insanlarda Allahın gücünə, ədalətinə, hikmətinə və məhəbbətinə şübhə oyadır. Misal üçün, Şeytan insanları inandırmağa çalışır ki, dünyanı Allah yaratmayıb. Allahın varlığını qəbul edənlərə isə təlqin edir ki, həm Allah, həm də Onun qanunları sərt və ədalətsizdir. Hətta Allahın qəddar və rəhmsiz olduğunu, insanları cəhənnəm odunda yandırdığını öyrədir. Bu böhtanlara inananlar asanlıqla növbəti addımı atır — Yehovanın adil rəhbərliyini rədd edir. Şeytan tamamilə məhv edilənə qədər onun böhtanlarının ardı-arası kəsilməyəcək, o sizi də yoldan çıxarmağa çalışacaq. Bəs məqsədinə çatacaq?
MÜHÜM MƏSƏLƏDƏ SİZİN ROLUNUZ
16. Adəmlə Həvvadan fərqli olaraq, siz nə edə bilərsiniz?
16 Yehovanın izni ilə qeyri-kamil insanlar da Onun adının müqəddəs tutulmasında iştirak edir. Sizin Adəmlə Həvvadan fərqli davranmaq imkanınız var. Allahın adına böhtan atan, küfr edən insanların arasında yaşasanız da, həqiqətin keşiyində durub Yehovanın müqəddəs, adil, kəramətli, məhəbbətli Allah olduğunu bəyan edə bilərsiniz (Əşy. 29:23). Onun hakimiyyətini dəstəkləyə bilərsiniz. Bəyan edə bilərsiniz ki, yalnız Yehovanın idarəetmə tərzi həqiqətən adildir, bəşəriyyətə sülh və xoşbəxtlik bəxş edəcək (Zəb. 37:9, 37; 146:5, 6, 10).
17. İsa Məsih Atasının adını insanlara necə açdı?
17 Yehovanın adını müdafiə edəndə biz İsa Məsihin nümunəsini izləmiş oluruq (Yəh. 17:26). İsa Məsih insanlara Yehovanın adını açırdı, amma bunu yalnız Allahın adını çəkməklə yox, həmçinin Onun necə Allah olduğunu bəyan etməklə edirdi. Misal üçün, Yehovanı qəddar, tələbkar, rəhmsiz Allah kimi tanıdan fərisilərin təlimlərini təkzib edirdi. İnsanlara başa salırdı ki, Allah anlayışlı, səbirli, məhəbbətli və bağışlayandır. Atasının xüsusiyyətlərini hər sahədə mükəmməl şəkildə əks etdirməsi sayəsində də insanlar Allahı tanıya bilirdi (Yəh. 14:9).
18. Allah haqda öyrədilən təlimlərin yalan və böhtan olduğunu necə göstərə bilərik?
18 Məsih kimi, biz də insanlara Yehova haqda bildiklərimizi danışaraq Onun nə qədər məhəbbətli və mehriban Allah olduğunu öyrədə bilərik. Bununla insanlar Allah haqda öyrədilən təlimlərin yalan və böhtan olduğunu başa düşür və Allahın adı təmizə çıxır. Beləcə, biz Allahın adını müqəddəs tuturuq. Bundan əlavə, Yehovaya bənzəməyə çalışmalıyıq. Qeyri-kamil olsaq da, bu mümkündür (Efes. 5:1, 2). Danışıq və rəftarımızla insanlara Yehovanın əslində necə Allah olduğunu göstərəndə Onun adının müqəddəs tutulmasında payımız olur. İnsanların Allah haqqında yanlış təsəvvürlərdən qurtulmasına kömək edəndə Onun adına bəraət qazandırmış oluruqb. Həmçinin göstəririk ki, qeyri-kamil insan Allaha sadiq qala bilər (Əyy. 27:5).
19. Əşiya 63:7 ayəsinə əsasən, təlim verən zaman əsas məqsədimiz nə olmalıdır?
19 Biz bir şey də edə bilərik. Çox vaxt biz insanlara Müqəddəs Kitabdakı həqiqətləri öyrədəndə Allahın hakimiyyəti, Onun Kainatı idarə etməyə hüququ çatdığı barədə danışırıq və bu, tamamilə düzdür. Allahın qayda-qanunlarını öyrətsək də, əsas məqsədimiz insanlara Allahımız Yehovaya sevgi aşılamaq və Ona sadiq qalmağa kömək etməkdir. Bunun üçün Yehovanın gözəl xüsusiyyətlərini, bu adın Sahibinin necə gözəl Varlıq olduğunu vurğulamalıyıq. (Əşiya 63:7 ayəsini oxuyun.) Bu cür təlim versək, insanlar Yehovanı sevəcək və Ona sadiq qalmaq istədikləri üçün itaət edəcəklər.
20. Növbəti məqalənin mövzusu nə olacaq?
20 Bəs görəsən, biz necə edə bilərik ki, davranışımız və verdiyimiz təlim insanlarda Yehova haqda yaxşı təəssürat oyatsın və Ona yaxınlaşmalarına kömək etsin? Növbəti məqalədə bu suala cavab tapacağıq.
NƏĞMƏ 2 Yehovadır ismin
a Bütün şüurlu varlıqlar üçün ümdə bir məsələ var. Bu hansı məsələdir və nə üçün bu qədər vacibdir? Biz bu məsələnin həllində hansı rolu oynayırıq? Bu və mövzuya dair digər sualların cavabı Yehova Allahla münasibətimizi möhkəmləndirməyə kömək edəcək.
b Əvvəllər nəşrlərimizdə deyilirdi ki, Yehovanın adının bəraət qazanmasına ehtiyac yoxdur, çünki Onun bu adı daşımağa hüququ çatdığı sual altına qoyulmayıb. Amma 2017-ci ildə keçirilən illik görüşdə bu izahata düzəliş edildiyi qeyd olundu. Bununla bağlı görüşün sədri demişdi: «Sadə dillə desək, Yehovanın adının bəraət qazanması üçün dua etmək səhv deyil, çünki hələ də Onun adının təmizə çıxmasına ehtiyac var». (jw.org® saytında 2018-ci ilin yanvar buraxılışına baxın. KİTABXANA > JW TELEVİZİYASI bölməsinə daxil olun.)
c ŞƏKLİN İZAHI: İblis Allaha böhtan atdı, Həvvaya dedi ki, Allah yalançıdır. Şeytan əsrlərdir insanlara yalan fikirlər təlqin edir; cəhənnəm təlimi ilə Allahın qəddar olduğunu, təkamül təlimi ilə bəşəriyyəti Allahın yaratmadığını iddia edir.
d ŞƏKLİN İZAHI: Bir qardaş Müqəddəs Kitab dərsi keçən zaman Allahın xüsusiyyətlərini vurğulayır.