Yehovanın yollarını öyrənirik
«Yolunu mənə agah elə ki, Səni tanıyım» (ÇIXIŞ 33:13).
1, 2. a) Musa ibrani qardaşının misirli tərəfindən döyülduyünü görəndə, nəyə görə onu müdafiə etdi? b) Yehovanın yaxşı xidmətçisi olmaq üçün Musa nəyi öyrənməli idi?
MUSA fir’onun evində böyümüş və Misirin hər bir elminə öyrədilmişdi. Lakin o, misirli olmadığını bilirdi. Onun valideynləri ibrani idilər. Musa qırx yaşında ikən qardaşları olan İsrail oğullarının necə yaşadıqlarına baxmağa çıxır. O, bir misirlinin ibrani ilə pis rəftar etdiyini görəndə, buna laqeyd qalmayıb misirlini öldürür. Musa Yehovanın xalqının tərəfində durmaq qərarına gəlir. O fikirləşir ki, Allah ondan qardaşlarını azad etmək üçün istifadə edir (Həvarilərin işləri 7:21-25; İbranilərə 11:24, 25). Bu qətl barədə sarayda mə’lum olanda Musa, həyatını xilas etmək üçün qaçmaq məcburiyyətində qalır, çünki baş vermiş hadisədən sonra misirlilər onu üsyankar hesab edirdilər (Çıxış 2:11-15). Yehovanın yaxşı xidmətçisi olmaq üçün, Musa Onun yollarını daha yaxşı öyrənməli idi. Bəs o bunu istəyirdimi? (Məzmur 25:9).
2 Növbəti 40 il ərzində Musa bir qaçaq kimi yaşayır və qoyun otarırdı. İbrani qardaşlarına qarşı kin saxlamaq əvəzinə o, Allahın yol verdiyinə tabe olur. Musa bütün bu illər ərzində yaxşı niyyətini heç kimin qiymətləndirmədiyini düşünmüş olsa da, Yehovanın onu formalaşdırmasını istəyirdi. Bir qədər sonra, özünü tə’rifləmək fikrində olmayaraq, o, Allahın müqəddəs ruhunun tə’siri altında yazmışdı: «Musa yer üzündə yaşayan bütün adamlardan daha həlim bir insan idi» (Saylar 12:3). Buna görə də, Yehova onu xüsusi bir tapşırığa layiq görmüşdür. Əgər biz də həlim olmağa çalışırıqsa, Yehova bizə də xeyir-dua verəcək (Sefanya 2:3).
Xüsusi tapşırıq
3, 4. a) Musa Yehovadan hansı tapşırığı alır? b) Musaya hansı kömək verilir?
3 Bir gün Yehovanı təmsil edən mələk Sina yarımadasında yerləşən Xorev dağının yanında Musaya müraciət edərək deyir: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, ne’mətli bir diyara, süd və bal axan torpağa... aparım» (Çıxış 3:2, 7, 8). Bəli, Yehovanın Musa üçün tapşırığı var idi, lakin o, həmin tapşırığı məhz Yehovanın istədiyi kimi yerinə yetirməli idi.
4 Yehovanın mələyi davam edir: «Buna görə də get. Səni fir’onun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan». Musa tərəddüd edirdi. O elə hesab edirdi ki, bu tapşırığı yerinə yetirmək üçün yaramır. Həqiqətən də, Allahın köməyi olmadan o, bu işin öhdəsindən gələ bilməzdi. Lakin Yehova Musanı əmin edir: «Mən səninləyəm» (Çıxış 3:10-12). Yehova Musaya onun həqiqətən də Allah tərəfindən göndərildiyini sübut edən böyük əlamətlər göstərmək qüvvəsini verdi. Qardaşı Harun köməkçi kimi onu müşayiət etməli idi. Yehova söz verdi ki, onlara nə deməyi və nə etməyi öyrədəcək (Çıxış 4:1-17). Musa bu tapşırığı sədaqətlə yerinə yetirəcəkmi?
5. İsraillilərin əhval-ruhiyyəsi nəyə görə Musa üçün sınaq idi?
5 İsrailin ağsaqqalları başlanğıcda Musaya və Haruna inandılar (Çıxış 4:29-31). Lakin bir qədər sonra, «israilli gözətçilər»i «siz bizi fir’onla ə’yanlarının gözündə iyrənc etdiniz» deyərək, Musa və Haruna qarşı giley-güzar etdilər (Çıxış 5:19-21; 6:9). İsraillilər Misiri tərk etdikdən sonra onların ardınca düşən döyüş arabalarını görəndə çox qorxdular. Qırmızı dəniz ilə misirlilərin döyüş arabaları arasında qaldıqlarını görən israillilər özlərini tələyə düşmüş kimi hiss edib, Musanı ittiham etməyə başladılar. Musanın yerində olsaydın, sən nə edərdin? İsraillilərin gəmiləri olmasa da, Yehovanın əmri ilə Musa xalqa düşərgələrini yığıb yola çıxmaq üçün hazır olmalarını buyurdu. Sonra Allah Qırmızı dənizin sularını yardı və dənizin dibini qurutdu. Beləliklə israillilər onu keçə bildilər (Çıxış 14:1-22).
Xilasdan daha vacib mə’na daşıyan çıxış
6. Yehova Musaya tapşırıq verərkən nəyi vurğulayır?
6 Musaya tapşırıq verərkən, Yehova Öz adının vacibliyini vurğuladı. Buna görə də, bu ada və onun arxasında duran Şəxsə layiq ehtiram bəsləmək həyati vacib idi. Musa Yehovadan adı haqqında soruşanda, O, cavab verir: «Mən olmaq istədiyim Kəs olacağam». İsrail oğullarına isə Musa belə deməli idi: «Əcdadlarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı, Yaqubun Allahı Yehova məni sizin yanınıza göndərdi». Yehova əlavə edir: «Əbədiyyən adım budur, nəsildən-nəslə Məni bu ad ilə yada salacaqlar» (Çıxış 3:13-15, YD). Bu günə qədər Allahın xidmətçiləri Onu bu adla çağırırlar (Yeşaya 12:4, 5; 43:10-12).
7. Fir’onun təkəbbürlüyünə baxmayaraq, Allah Musaya nə buyurur?
7 Musa ilə Harun fir’onun qarşısında duraraq ona Yehovanın tələblərini çatdırırlar. Lakin fir’on təkəbbürlə deyir: «Yehova kimdir ki, İsraili buraxmaq üçün onun sözünü dinləyim? Yehovanı tanımıram və İsraili də buraxmıram» (Çıxış 5:1, 2, KM). Fir’on daşürəkli və hiyləgər idi, lakin Yehova Musanı təkrar-təkrar onun yanına göndərir (Çıxış 7:14-16, 20-23; 8:1, 2, 20). Musa fir’onun qəzəbləndiyini görür. Onunla edəcəyi növbəti söhbət yaxşı nəticə verəcəkmi? İsrail xalqı səbirsizliklə azad olunmağı gözləyir. Fir’on isə inadkarlıq göstərir. Bu vəziyyətdə sən necə davranardın?
8. Yehova fir’onla olan münaqişəni necə həll etdi, bu hansı faydanı gətirdi və bunun bizə hansı aidiyyəti var?
8 Növbəti dəfə Musa fir’onun yanına bu sözlərlə gəlir: «İbranilərin Allahı Rəbb [«Yehova», YD] belə deyir: “Mənə ibadət etmək üçün xalqımı burax!”» Allah əlavə edir: «Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın. Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya e’lan edilsin» (Çıxış 9:13-16). Daşürəkli fir’onun nümunəsi əsasında Yehova Ona qarşı durmaq istəyən hər kəsə — o cümlədən İsanın «bu dünyanın rəisi» adlandırdığı İblisə Öz qüvvəsini göstərmək istəyirdi (Yəhya 14:30; Romalılara 9:17-24). Peyğəmbərlik edildiyi kimi, Yehovanın adı bütün dünyada bəyan edildi. Onun çox səbirli olmasının sayəsində israillilər xilas olundu və bir çox müxtəlif qəbilələrdən olan insanlar Yehovaya ibadətdə onlara qoşuldular (Çıxış 9:20, 21; 12:37, 38). O vaxtdan bəri Yehovanın adının bəyan edilməsi, həqiqi ibadətə qoşulan milyonlarla insanlara fayda gətirir.
Qiyamçı xalqın başçısı
9. Musanın başçılıq etdiyi xalq Yehovaya qarşı necə hörmətsizlik göstərdi?
9 İbranilər Allahın adını bilirdilər. Musa onlarla söhbət edəndə hər dəfə Allahın adını istifadə edirdi, lakin onlar bu adın arxasında duran Şəxsə layiq olduğu ehtiramı həmişə təzahür etdirmirdilər. Yehova israilliləri Misirdən mö’cüzəli surətdə azad etdikdən sonra, onlar istədikləri vaxt içməli su tapmadıqda nə baş verdiyi yadınızdadırmı? Onlar Musadan giley-güzar etdilər. Sonra isə qidaya görə şikayətlənməyə başladılar. Musa xəbərdar etdi ki, onların giley-güzarı ona və Haruna qarşı yox, Yehovaya qarşıdır (Çıxış 15:22-24; 16:2-12). Sina dağının yaxınlığında Yehovanın israillilərə Qanun verməsi fövqəltəbii hadisələrlə müşayiət edilirdi. Lakin inadcıl xalq qızıl dana düzəldib ona ibadət etməyə başladı və üstəlik bunu «Rəbb [«Yehova», YD] naminə bayram» adlandırdı (Çıxış 32:1-9).
10. Musanın Çıxış 33:13 ayəsində yazılmış xahişi nəyə görə məsihçi ağsaqqalları üçün xüsusi maraq kəsb edir?
10 Musa Yehovanın dikbaş adlandırdığı xalqa necə başçılıq edirdi? O, Yehovadan xahiş edərək deyir: «Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım» (Çıxış 33:13). Yehovanın müasir Şahidlərinə gəldikdə isə, məsihçi ağsaqqalları İsrail xalqından olduqca həlim olan bir sürüyə çobanlıq edirlər. Onlar da bu cür dua edirlər: «Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət» (Məzmur 25:4). Yehovanın yollarını öyrənməklə nəzarətçilər hər hansı bir məsələni Müqəddəs Yazıların əsasında Onun kimi həll etməyi öyrənirlər.
Yehova xalqından nə gözləyir?
11. Yehova Musaya hansı rəhbərliyi verdi və nəyə görə bu rəhbərlik bizim üçün maraqlıdır?
11 Yehova Sina dağının yanında xalqından gözlədiklərini şifahi surətdə açıqladı. Daha sonra Musa On əmrdən ibarət olan yazılı iki lövhə aldı. Musa dağdan enəndə israillilərin tökmə danaya ibadət etdiklərini görüb qəzəb içində bu lövhələri elə atdı ki, onlar parça-parça oldu. Yehova Musanın yonduğu daş lövhələr üzərinə On əmri yenidən yazdı (Çıxış 32:19; 34:1). Bu əmrlər birinci dəfə yazılan əmrlərdən fərqlənmirdi. Musa onlara müvafiq davranmalı idi. Allah Musaya Özü haqqında başqa şeyləri də açıqladı və bu ona Yehovanın nümayəndəsi kimi özünü necə aparmalı olacağını göstərdi. Məsihçilər Musanın qanunu altında deyillər. Lakin Yehovanın Musaya açıqladığı əsas dəyişməz prinsiplər Onu sevən hər bir kəs üçün bu gün də rəhbərlik kimi xidmət edir (Romalılara 6:14; 13:8-10). Gəlin onlardan bə’zilərini nəzərdən keçirək.
12. Yehovanın xüsusi sədaqət tələb etməsi israillilər üçün hansı mə’nanı daşıyırdı?
12 Yehovaya xüsusi sədaqət göstərin. Yehova israillilərə ‘qısqanc Allah’ olduğunu, yə’ni xüsusi sədaqət tələb etdiyini bəyan etdi (Çıxış 20:2-5). İsraillilər Yehovanın həqiqi Allah olduğuna dair çox sübutlar görmüşdülər (Qanunun təkrarı 4:33-35). Yehova aydın göstərdi ki, digər xalqların nə etməsindən asılı olmayaraq, O, xalqının bütpərəstliyin və ya spiritizmin hər hansı növünə qurşanmasına göz yummayacaq. Onların Yehovaya sədaqəti sadəcə formal xarakter daşımalı deyildi. İsraillilərin hamısı Yehovanı bütün qəlbləri, bütün varlığı və var gücü ilə sevməli idilər (Qanunun təkrarı 6:5, 6). Bu onların söhbətlərinə və əməllərinə, bir sözlə, həyatlarının hər bir sahəsinə tə’sir etməli idi (Levililər 20:27; 24:15, 16; 26:1). Yehovanın xüsusi sədaqət tələb etdiyini İsa Məsih də aydın göstərmişdi (Mark 12:28-30; Luka 4:8).
13. Nəyə görə israillilər Allaha tam tabe olmalı idilər və bunu biz nəyə görə edirik? (Vaiz 12:13).
13 Yehovanın əmrlərinə tam riayət et. İsrail xalqının, Yehova ilə əhd bağlayarkən Ona hər şeydə itaətkar olmağa and içdikləri barədə xatırlatmaya ehtiyacları vardı. Çox şey onların öz ixtiyarına verilmişdir, lakin həyatın Qanun tərəfindən tənzimlənən sahələrində onlar Allaha tabe olmalı idilər. Bununla onlar Allahı sevdiklərini göstərə bilərdilər. Bundan əlavə, Yehovanın tələbləri həm onların, həm də uşaqlarının rifahına xidmət edirdi (Çıxış 19:5-8; Qanunun təkrarı 5:27-33; 11:22, 23).
14. Ruhani şeylərə üstünlük verməyin vacibliyini Yehova israillilərə necə göstərdi?
14 Ruhani işləri birinci yerə qoy. İsraillilər yol verməli deyildilər ki, cismani ehtiyacları haqqındakı qayğılar onların diqqətini ruhani şeylərdən yayındırsın. İsraillilərin həyatı yalnız gündəlik qayğılardan ibarət olmalı deyildi. Yehova onların yalnız ruhani işlərlə məşğul olmaları üçün həftədə bir gün ayırmışdır. Bu müqəddəs gün idi (Çıxış 35:1-3; Saylar 15:32-36). Allah həmçinin hər il xüsusi müqəddəs toplantılar üçün də vaxt ayrılmasını buyurmuşdur (Levililər 23:4-44). Bütün bunların sayəsində israillilər Yehovanın böyük qüdrətli işlərini yada sala, yollarını tanıya və xeyirxahlığına görə minnətdarlıqlarını göstərə bilərdilər. İmanlarını ifadə etməklə onlar Yehovanın qarşısındakı ehtiramlı qorxularını qoruyub saxlaya, Ona olan məhəbbətlərini artıra və yolları ilə yeriməyə davam edə bilərdilər (Qanunun təkrarı 10:12, 13). Bu göstərişlərdəki faydalı prinsiplər Yehovanın xidmətçilərinə bu gün də xeyir-dualar gətirir (İbranilərə 10:24, 25).
Yehovanın xüsusiyyətlərini başa düşmək
15. a) Yehovanın xüsusiyyətlərinə görə minnətdarlıq Musaya necə kömək edirdi? b) Yehovanın xüsusiyyətləri üzərində dərindən düşünməkdə bizə hansı suallar kömək edə bilər?
15 Yehovanın xüsusiyyətlərinə görə minnətdarlıq da Musaya İsrail xalqını idarə etməkdə kömək edirdi. Çıxış 34:5-7 ayələrində Allahın Musaya söylədikləri sözlər yazılıb: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, asiliyi və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm». Bu sözlər üzərində dərindən düşünmək üçün vaxt ayır. Özündən soruş: bu xüsusiyyətlərdən hər biri ayrılıqda nə mə’na daşıyır? Yehova onu necə təzahür etdirir? Məsihçi ağsaqqallar bu xüsusiyyəti necə təzahür etdirə bilərlər? Bu xüsusiyyət bizim əməllərimizə necə tə’sir göstərməlidir? Gəlin bir neçə nümunəni nəzərdən keçirək?
16. Allahın rəhminə görə minnətdarlığı necə artırmaq olar və bu nəyə görə vacibdir?
16 Yehova ‘rəhmli və lütfkar Allahdır’. Əgər başa düşdüyün dildə «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyası varsa, onda «rəhm» başlığı altında yazılan parçanı oxumaq olar. Ya da «Gözətçi Qülləsi nəşrlərinin indeksi» və ya «Gözətçi Qülləsinin kitabxanası»nın kompakt diskinin köməyi ilə müvafiq araşdırma aparmaq olara. Müqəddəs Kitab ayələrində rəhm haqqında deyilənləri tapmaq üçün həmçinin Müqəddəs Kitab simfoniyasından istifadə et. Görəcəksən ki, Yehova bu xüsusiyyəti yalnız cəzanı yüngünlləşdirməklə deyil, dərin şəfqət göstərməklə də təzahür etdirir. Rəhmlilik Yehovanı xalqının rifahı naminə hərəkət etməyə təşviq edir. Bu ondan bəlli olur ki, Və’d edilmiş diyara getdikləri zaman Allah israillilərin cismani və ruhani ehtiyaclarını tə’min etmək üçün lazım olan hər şeyi vermişdi (Qanunun təkrarı 1:30-33; 8:4). İsraillilər səhvlərə yol verəndə Yehova rəhm göstərərək onları bağışlayırdı. O Öz qədim xalqına qarşı rəhmli idi. Buna görə də, Allahın müasir xidmətçilərinin bir-birinə qarşı rəhmli olmaları necə də vacibdir! (Matta 9:13; 18:21-35).
17. Yehovanın lütfünə görə minnətdarlığımız Onu necə izzətləndirir?
17 Yehova həm rəhmli, həm də lütfkardır. Lüğətdə «lütfkar» sözünün mə’nasına bax. Bunu Yehovanın bu gözəl keyfiyyəti haqqında bəhs edilən Müqəddəs Kitab ayələri ilə müqayisə et. Müqəddəs Kitab göstərir ki, Yehovanın lütfü özünə Onun xalqı arasında yoxsulluqdan əziyyət çəkənlər haqda məhəbbətlə dolu qayğını daxil edir (Çıxış 22:26, 27). Bu dünyada hər bir insan, o cümlədən mühacirlər çətinliklərlə qarşılaşa bilərlər. Yehova xalqına bu cür insanlara qarşı qərəzsiz və xeyirxahlıqla yanaşmağı öyrədəndə, onlara özlərinin nə vaxtsa Misirdə qərib olduğunu xatırladırdı (Qanunun təkrarı 24:17-22). Bəs Allahın xidmətçiləri bu gün necə davranırlar? Lütfkarlıq göstərməyimiz bizi birləşdirir və başqalarını Yehovaya ibadət etməyə cəlb edir (Həvarilərin işləri 10:34, 35; Vəhy 7:9, 10).
18. Yehovanın israillilərə qonşu xalqlara dair dediklərindən nə öyrənə bilərik?
18 Digər xalqlardan olan insanlara qarşı göstərilən qonaqpərvərlik israillilərin Yehovaya və Onun əxlaqi qanunlarına duyduqları məhəbbəti əvəz etməli deyildi. Yehova israilliləri ətraflarında yaşayan xalqların yolları ilə getməməyə, onların dini adət-ən’ənələri və əxlaqsız həyat tərzlərini mənimsəməməyə öyrədirdi (Çıxış 34:11-16; Qanunun təkrarı 7:1-4). Bu bizlərə də aiddir. Yehova Allahımız müqəddəs olduğu üçün, biz də müqəddəs olmalıyıq (1 Peter 1:15, 16).
19. Yehovanın günaha bəslədiyi münasibəti başa düşməyimiz bizi nədən müdafiə edəcək?
19 Yehovanın yollarını Musa yaxşı başa düşsün deyə, Allah ona bildirdi ki, günaha göz yummasa da, gec qəzəblənir. O, insanlara Onun tələblərini öyrənməyə və onlara müvafiq yaşamağa vaxt verir. Günah işlədən insan tövbə edəndə, Yehova onu bağışlayır, lakin ciddi günaha görə layiq olduğu cəzadan azad etmir. Allah Musanı xəbərdar etmişdir ki, israillilərin yaxşı və ya pis davranışı gələcək nəsillərinə tə’sir edə bilər. Yehovanın yollarını başa düşməyimiz öz səhvlərimizin gətirdiyi nəticələrin ucbatından əziyyət çəkdiyimizə görə Onu ittiham etməkdən və ya yubandığını düşünməkdən qoruyacaq.
20. Bacı-qardaşlarla və xidmətdə rast gəldiyimiz adamlarla düz rəftar etməkdə bizə nə kömək edə bilər? (Məzmur 86:11).
20 Əgər sən Yehova və Onun yolları barədə biliklərini artırmaq istəyirsənsə, onda Müqəddəs Kitabı araşdırmağa və onu oxuyanda üzərində düşünməyə davam et. Yehovanın gözəl xüsusiyyətlərinin müxtəlif cəhətlərini yaxşı-yaxşı tədqiq et. Öz həyatını Allahın niyyətlərinə müvafiq quraraq, Onun xüsusiyyətlərini necə təqlid edə biləcəyin barədə dua et və fikirləş. Bu səni tələlərdən qaçınmağa, bacı-qardaşlarla düz rəftar etməyə və başqa insanlara bizim çox gözəl Allahımızı tanımağı və sevməyi öyrətməyə kömək edəcək.
[Haşiyə]
a Bütün nəşrlər Yehovanın Şahidləri tərəfindən dərc olunub.
Siz nə öyrəndiniz?
• Təvazökarlıq Musaya nəyə görə lazım idi və bizim üçün nəyə görə həyati vacibdir?
• Yehovanın fir’onla Öz arasında olan münaqişəni necə həll etməsindən biz nə öyrəndik?
• Musa, bu gün də öz qüvvəsini itirməyən hansı vacib prinsipləri öyrəndi?
• Yehovanın xüsusiyyətlərini daha dərindən necə öyrənə bilərik?
[5-ci səhifədəki şəkil]
Musa Yehovanın sözlərini fir’ona sədaqətlə çatdırırdı.