Yehovanın Kəlamı canlıdır
“Çıxış” kitabından diqqətəlayiq fikirlər
BU HƏQİQİ hekayət “şiddətlə iş”ləməyə məcbur edilən insanların köləlikdən azad olunmaları haqqındadır (Çıxış 1:13). Bu, həmçinin yeni xalqın yaranması haqqında həyəcanlandırıcı hekayətdir. Bu hekayətdə fövqəl’adə mö’cüzələr, misli olmayan qanunlar və çadırın qurulması haqqında çox maraqlı şəkildə bəhs edilir. Əslində Müqəddəs Yazıların “Çıxış” kitabının mahiyyəti bundan ibarətdir.
Qədim ibrani peyğəmbəri Musa tərəfindən yazılan “Çıxış” kitabı, israillilərin tarixinin 145 ilini — b. e. ə. 1657-ci ildə Yusifin ölümündən başlayaraq, b. e. ə. 1512-ci ildə çadırın yüksəldilməsinə qədər olan dövrü əhatə edir. Lakin bu kitab yalnız tarixi maraq təşkil etmir. O, Allahın bəşəriyyətə olan sözünün, yə’ni xəbərinin bir hissəsidir. Allahın Kəlamı isə “canlı və tə’sirli”dir (İbranilərə 4:12). Buna görə də “Çıxış” kitabı bizim üçün vacib əhəmiyyət kəsb edir.
“ALLAH ONLARIN İNİLTİLƏRİNİ EŞİTDİ”
Yaqubun Misirdə yaşayan nəsli sayca elə sür’ətlə artır ki, padşahın əmri ilə onları ağır işlərlə üzürlər. Fir’on hətta əmr edir ki, israillilərin yeni doğulmuş oğlan uşaqlarını öldürsünlər. Üç aylıq Musa bu cür aqibətdən qurtulur və fir’onun qızının ögey oğlu olur. Onun 40 yaşı tamam olanda, padşahın sarayında tərbiyə olunmasına baxmayaraq, öz xalqının tərəfini tutur və bir misirlini öldürür (Həvarilərin işləri 7:23, 24). O, qaçmaq məcburiyyətində qalaraq, Midyanda məskən salır. Orada evlənir və çobanlıq edir. Mö’cüzəli şəkildə yanan kolun yanında Yehova Musaya Misirə qayıtmaq və israilliləri köləlikdən azad etmək tapşırığını verir. Qardaşı Harun Musanın təmsilçisi tə’yin olunur.
Müqəddəs Kitab suallarına cavablar:
3:1 — Yetro hansı mə’nada kahin idi? Qəbilə başçılarının dövrlərində ailə başçısı öz ailəsi üçün kahin rolunu icra edirdi. Görünür, Yetro midyanlıların qəbilə başçısı idi. Midyanlılar İbrahimin Keturadan olan nəslindən olduqları üçün, ehtimal ki, onların Yehovaya ibadət haqqında təsəvvürləri vardı (Təkvin 25:1, 2).
4:11 — Yehova hansı mə’nada “dilsiz yaxud kar... yaxud görməz” edir? Yehova bə’zi hallarda kimlərinsə kor və ya lal olmasına səbəb olsa da, O, bu kimi fiziki nasazlıq hallarının hamısına cavabdeh deyil (Təkvin 19:11; Luka 1:20-22, 62-64). Bütün bunlar miras alınmış günahın nəticəsidir (Eyub 14:4; Romalılara 5:12). Lakin Allah bunlara yol verdiyi üçün, O, Özü haqqında lal, kar və kor ‘edir’ deyə bilmişdir.
4:16 — Musa Harun üçün “Allah kimi” necə ola bilərdi? Musa Allahın nümayəndəsi idi, Harun isə Musanın adından danışırdı. Beləliklə Musa Harun üçün “Allah kimi” oldu.
Bizim üçün ibrət dərsləri:
1:7, 14. Yehova Misirdə sıxıntılardan əziyyət çəkən xalqına kömək edirdi. Buna bənzər tərzdə O, Öz müasir Şahidlərini, hətta ən güclü tə’qiblər zamanı belə möhkəmləndirir.
1:17-21. Yehova bizi “yaxşılıqla an”ır (Nehemya 13:31).
3:7-10. Yehovanın xalqı kömək diləyəndə, O buna laqeyd qalmır.
3:14. Yehova Öz niyyətlərini daim yerinə yetirir. Buna görə biz əmin ola bilərik ki, O, bizim Müqəddəs Kitaba əsaslanan ümidlərimizi həyata keçirəcəkdir.
4:10, 13. Musa özünün natiqlik qabiliyyətinə o qədər əmin deyildi ki, hətta Allahın köməyinə dair zəmanət aldıqda belə, Allaha yalvardı ki, fir’onun yanına kimisə başqasını göndərsin. Bununla belə, Yehova Musanı inkar etmədi, əksinə, ona müdriklik və qüvvə verdi ki, Onun tapşırığını yerinə yetirə bilsin. Diqqətimizi hər hansı qabiliyyətimizin olmamasına cəmləşdirmək əvəzinə, Yehovaya güvənəcək və bizə həvalə olunan təbliğ etmək və öyrətmək işini sədaqətlə yerinə yetirəcəyik (Matta 24:14; 28:19, 20).
VALEHEDİCİ MÖ’CÜZƏLƏR AZADLIĞA DOĞRU APARIR
Musa və Harun fir’onun qarşısında durub, israillilərin səhrada Yehovaya bayram keçirmələrinə icazə istəyirlər. Misirin hökmdarı kobudcasına rədd cavabı verir. Yehova Musanın vasitəsilə bir-birinin ardınca güclü zərbələr endirir. Yalnız onuncu bəladan sonra fir’on israillilərin getməsinə icazə verir. Amma bir az sonra o, öz ordusu ilə birlikdə qəzəb içində onların arxasınca düşür. Yehova Qırmızı dənizin içindən xilas yolu açır və Öz xalqını xilas edir. Sular tə’qibçilərin üstünə tökülür və onlar boğulurlar.
Müqəddəs Kitab suallarına cavablar:
6:3 — Allahın ismi İbrahimə, İshaqa və Yaquba hansı mə’nada açılmamışdı? Bu qəbilə başçıları Allahın adını çəkir və Yehovadan və’dlər alırdılar. Lakin onlar Yehovanı bu və’dlərin icraçısı kimi tanımırdılar (Təkvin 12:1, 2; 15:7, 13-16; 26:24; 28:10-15).
7:1 — Musa “Fir’ona Allah kimi” necə tə’yin edilmişdi? Musa Allahdan fir’onun üzərində qüvvə və hakimiyyət almışdı. Deməli, ona bu hökmdardan qorxmaq lazım gəlmirdi.
7:22 — Misir sehirbazları qana çevrilməmiş suyu haradan aldılar? Ola bilsin, onlar bəladan öncə Nildən götürülmüş sudan istifadə edirdilər. Təmiz suyu, ehtimal ki, Nilin ətrafında nəm torpaqda quyu qazmaqla da əldə etmək mümkün idi (Çıxış 7:24).
8:26, 27 — Musa nəyə görə dedi ki, israillilərin qurbanları misirlilər üçün “məkruh” olacaq? Misirdə heyvanların bir çox növlərinə səcdə edirdilər. Buna görə də qurban gətirmək haqqında xatırlatma, Musanın Yehovaya qurban gətirmək mərasimini icra etmək üçün İsraili buraxmaq haqqındakı israrlı tələbini nüfuzlu və inandırıcı etdi.
12:29 — Kimlər ilkin hesab olunurdu? İlkinlər yalnız kişilər hesab olunurdu (Saylar 3:40-51). Özü ilkin sayılan fir’on öldürülmədi. Onun özünün ailəsi vardı. Onuncu bəla zamanı ailə başçısı deyil, ilkin oğul ölürdü.
12:40 — İsraillilər Misirdə nə qədər yaşadılar? Burada xatırladılan 430 ilə İsrail oğullarının “Misirdə və Kən’an diyarında” keçirdikləri vaxt da daxildira (“Qeydlərlə Müqəddəs Kitab”, haşiyə, ing.). B. e. ə. 1943-cü ildə 75 yaşlı İbrahim Kən’ana yollanaraq, Fərat çayını keçdi (Təkvin 12:4). Həmin vaxtdan 130 yaşlı Yaqub Misirə gəldiyi vaxta qədər 215 il keçmişdir (Təkvin 21:5; 25:26; 47:9). Bu o deməkdir ki, bundan sonra israillilər Misirdə də 215 il yaşamışlar.
15:8 — Qırmızı dənizin suları “dondular” dedikdə, onun buza dönməsimi nəzərdə tutulur? “Dondular” kimi tərcümə olunan ibrani sözü, “sıxlaşmaq” və ya “bərkimək” mə’nasını verir. Eyub 10:10 ayəsində həmin bu sözlə südün qatılaşması təsvir olunur. Buna görə də suyun qatılaşması, yə’ni bərkiməsi heç də onun donması, buza dönməsi mə’nasını daşımır. Əgər Çıxış 14:21 ayəsində xatırlanan “qüvvətli şərq yeli” suyu buza döndərəcək dərəcədə soyuq olsaydı, şübhəsiz ki, şiddətli soyuq haqqında nə isə deyilərdi. Suyu gözə görünən heç bir şey saxlamadığından, elə təəssürat yaranırdı ki, sular donub, sıxlaşıb, yaxud da bərkiyib.
Bizim üçün ibrət dərsləri:
7:14–12:30. On bəla təsadüfi deyildi. Onlar haqqında qabaqcadan xəbər verilmişdi. Və bu hadisələr dəqiqliyi ilə yerinə yetdi. Onlar Yaradanın su, işıq, həşəratlar, heyvanlar və insanlar üzərindəki hakimiyyətini necə də parlaq şəkildə nümayiş etdirir! Bəlalar, həmçinin göstərir ki, Allah Öz düşmənlərini seçib onları bəlalara düçar etməyə, eyni zamanda isə Öz xidmətçilərini mühafizə etməyə qadirdir.
11:2; 12:36. Yehova Öz xalqına xeyir-dua verir. Ehtimal ki, O, israillilərin Misirdə əmək haqlarını almaları üçün qayğı göstərmişdir. Onlar Misirə köləyə çevrilmiş hərbi əsirlər kimi deyil, azad insanlar kimi daxil olmuşdular.
14:30. Biz əmin ola bilərik ki, Yehova Öz xalqını gələcək “böyük əzabdan” xilas edəcəkdir (Matta 24:20-22; Vəhy 7:9, 14).
YEHOVA TEOKRATİK XALQ TƏŞKİL EDİR
Misirdən azad olunduqdan sonra üçüncü ayda israillilər Sina dağının ətəyində düşərgə salırlar. Burada onlar On əmr və digər başqa qanunlar alır, həmçinin Yehova ilə əhdə daxil olaraq, teokratik xalq olurlar. Musa 40 gün dağda qalır, həqiqi Allaha ibadət etməyə və Yehovanın çadırının — səyyar mə’bədinin tikilməsinə dair göstərişlər alır. Bu zaman israillilər qızıl buzov düzəldir və ona səcdə edirlər. Musa dağdan endikdə bunu görür və o dərəcədə qəzəblənir ki, Allahın ona verdiyi iki daş lövhəciyi vurub sındırır. Təqsirkarlar lazımınca cəzalarını aldıqdan sonra, o, yenidən dağa qalxır və yeni lövhəciklər alır. Musa qayıtdıqda çadırın qurulması işləri başlanır. İsrailin azad olunduğu birinci ilin axırlarına yaxın bu heyranedici çadır bütün avadanlıqları ilə birlikdə başa çatdırılır və qurulur. Bundan sonra Yehova çadırı Öz izzəti ilə doldurur.
Müqəddəs Kitab suallarına cavablar:
20:5 — Hansı mə’nada Yehova “ataların günahını” gələcək nəsillər üzərində axtarır? Böyüdükdən sonra hər bir insan öz əməlinə və ürəyinin meylinə görə hökm olunur. Lakin İsrail xalqı bütpərəstliyə meyl edəndə, bu, sonrakı bir neçə nəslə mənfi tə’sir göstərirdi. Bu, hətta sadiq israillilərə də öz tə’sirini göstərirdi, çünki xalqın dini cinayətləri üzündən onlara sadiq qalmaq çətin olurdu.
23:19; 34:26 — Oğlağı anasının südündə bişirməmək əmri hansı mə’nanı daşıyırdı? Güman edilir ki, oğlağı (yaxud hər hansı başqa heyvanın balasını) anasının südündə bişirmək guya yağışın yağmasına səbəb olan bütpərəst ayin olmuşdur. Bundan əlavə, ana südü balanın qidalanması üçün tə’yin olduğundan, onu bu süddə bişirmək qəddarlıqdır. Bu qanun Allahın xalqına şəfqətli olmağın zəruriliyini görməyə kömək edirdi.
23:20-23 — Burada xatırlanan mələk kim idi və hansı mə’nada Yehovanın adı ‘ondadır’? Ehtimal ki, bu mələk, insan kimi yer üzünə gəlməzdən əvvəl mövcud olan İsadır. Allah onu israilliləri Və’d edilmiş diyara aparmaq üçün istifadə edirdi (1 Korinflilərə 10:1-4). Yehovanın adı o mə’nada “ondadır” ki, İsa Atasının adının müdafiə olunmasında və izzətləndirilməsində mühüm rol oynayır.
32:1-8, 25-35 — Qızıl buzov düzəltdiyinə görə Harun nə üçün cəzalandırılmadı? Harun tamamilə bütpərəstliyin tərəfdarı deyildi. Görünür, o, sonradan Allahın tərəfinə duran və Musaya qarşı üsyan edənlərə qarşı çıxış edən levililərə qoşuldu. Günahkarlar öldürüldükdən sonra Musa xalqa xatırlatdı ki, onlar böyük günah işlətmişlər. Bu o deməkdir ki, Yehova yalnız Haruna deyil, həm də başqalarına rəhm etmişdir.
33:11, 20 — Allah Musa ilə “üz üzə” necə danışırdı? Bu ifadə ikitərəfli yaxın söhbəti nəzərdə tutur. Musa Allahın təmsilçisi ilə danışırdı və onun vasitəsi ilə Yehovadan şifahi göstərişlər alırdı. Lakin Musa Yehovanı görmürdü, çünki “insan... [Allahı] görüb də yaşaya bilməz”. Əslində Yehova Musa ilə şəxsən danışmırdı. Qalatiyalılara 3:19 ayəsində deyilir ki, “[Qanun] mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edilmişdir”.
Bizim üçün ibrət dərsləri:
15:25; 16:12. Yehova Öz xalqını lazım olan hər şeylə tə’min edir.
18:21. Məsihçi yığıncağında məs’ul vəzifələrə tə’yin olunan kişilər də qabiliyyətli, həqiqəti sevən, Allah qorxusuna malik olmalı və öz mənfəətlərini güdən olmalı deyillər.
20:1–23:33. Yehova Ali Qanunvericidir. İsraillilər Allahın qanunlarına riayət edəndə, onlar Ona mütəşəkkil surətdə və sevinclə xidmət edə bilirdilər. Bu gün Yehovanın teokratik təşkilatı var. Biz həmin təşkilatla əməkdaşlıq edəndə, xoşbəxtlik hissi duyur və təhlükəsizlik içində yaşayırıq.
Bizim üçün mühüm əhəmiyyət
“Çıxış” kitabı bizə Yehova haqqında nəyi açıqlayır? Bu kitab Allahı qayğıkeş Ailə başçısı, müqayisəyə gəlməz Xilaskar və Öz niyyətlərinin İcraçısı kimi təsvir edir. O, teokratik təşkilat Allahıdır.
Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabın həftəlik oxunmasına hazırlaşarkən, şübhəsiz ki, “Çıxış” kitabından öyrəndiklərin sənə dərin tə’sir bağışlayacaq. “Müqəddəs Kitab suallarına cavablar” başlığı altındakı materialı nəzərdən keçirərkən, sən Müqəddəs Kitabdakı bə’zi yerləri daha yaxşı başa düşəcəksən. “Bizim üçün ibrət dərsləri” bölməsindəki fikirlər göstərəcək ki, Müqəddəs Kitabın həftəlik oxunulması üçün nəzərdə tutulan materialdan nə öyrənmək olar.
[Haşiyə]
a Samariya Tövratına, Septuaqintaya və İosif Flaviyə görə, 430 ili İbrahimin Kən’an diyarına daxil olduğu vaxtdan, israillilərin Misirdən çıxdıqları vaxta qədər hesablamaq lazımdır.
[28 və 29-cu səhifələrdəki şəkil]
Yehova təvazökar insan olan Musaya israilliləri köləlikdən çıxarmağı tapşırmışdı.
[29-cu səhifədəki şəkil]
On bəla Yaradanın su, işıq, həşəratlar, heyvanlar və insanlar üzərindəki hakimiyyətini nümayiş etdirirdi.
[30-cu səhifədəki şəkil]
Yehova Musanın vasitəçiliyi ilə israillilərdən teokratik xalq təşkil etdi.