“Allah məhəbbətdir”
“Sevməyən, Allahı tanımamışdır, çünki Allah məhəbbətdir” (1 YƏHYA 4:8).
1-3. a) Müqəddəs Kitabda Yehovanın məhəbbəti haqqında nə deyilir və bu fikir hansı cəhətdən nadirdir? b) Nəyə görə Müqəddəs Kitabda “Allah məhəbbətdir” deyilir?
YEHOVANIN bütün xüsusiyyətləri cəlbedici, nöqsansız və kamildir. Lakin Yehovanın xüsusiyyətlərindən ən gözəli məhəbbətdir. Bizi Yehovaya bu dərəcədə cəlb edən də məhz bu xüsusiyyətdir. Xoşbəxtlikdən, məhəbbət Allahın başlıca xüsusiyyətidir. Bunu haradan bilirik?
2 Müqəddəs Kitabda məhəbbət haqqında deyilənlər Yehovanın başqa əsas xüsusiyyətlərinin heç biri haqqında deyilmir. Müqəddəs Yazıların heç bir yerində deyilmir ki, Allah qüvvədir, Allah ədalət və ya müdriklikdir. O, bu xüsusiyyətlərə malikdir, onların mənbəyidir. Lakin məhəbbət haqqında 1 Yəhya 4:8 ayəsində daha dərin bir şey aşkar edilir: “Allah məhəbbətdir”. Bəli, məhəbbət Yehovanın bütün varlığını əhatə edir, bu, Onun şəxsiyyətinin məğzidir. Özümüz üçün bunu təxminən belə izah edə bilərik: Yehova qüvvəsinin sayəsində iş görür; O, ədalət və müdrikliyi rəhbər tutur; məhəbbət isə Onu hərəkətə təşviq edir. Bütün qalan xüsusiyyətlərini O, məhəbbətlə təzahür etdirir.
3 Yehovanın məhəbbətin təcəssümü olduğunu tez-tez eşitmək olar. Buna görə də, məhəbbətin nə olduğunu bilmək istəyiriksə, Yehova ilə tanış olmalıyıq. Gəlin, Yehovanın misilsiz məhəbbətinin bə’zi cəhətlərini nəzərdən keçirək.
Məhəbbətin ən böyük təzahürü
4, 5. a) Tarixdə məhəbbətin ən böyük təzahürü nədə görünür? b) Nəyə görə deyə bilərik ki, Yehova və Onun Oğlu ən möhkəm məhəbbət telləri ilə bir-birlərinə bağlıdırlar?
4 Yehova məhəbbətdən bizə çox şeylər bəxş etmişdir, lakin bu bəxşişlərdən biri digərlərindən üstündür. Söhbət nədən gedir? O, öz Oğlunu yer üzünə göndərdi ki, əzab çəkib, həyatını bizim üçün qurban versin. Biz hətta böyük əminliklə deyə bilərik ki, bu bəxşiş tarixdə məhəbbətin ən böyük təzahürüdür. Nə üçün?
5 Müqəddəs Kitab İsanı “bütün xilqətin fövqündə duran, ilk doğulan” adlandırır (Koloslulara 1:15). Yalnız bunu düşün: Yehovanın Oğlu hələ maddi Kainat yaradılmazdan əvvəl mövcud idi. Oğul Atası ilə nə qədər vaxt bir yerdə olmuşdur? Alimlərin bə’zi hesablamalarına görə, Kainatın mövcudluğu 13 milyard ildən az deyil. Alimlərin bu hesablaması doğru olsa da, Yehovanın ilk Oğlunun həyatının nə qədər davam etdiyini təsvir etmək mümkün deyil! Bütün bu vaxt ərzində o, nə ilə məşğul idi? Oğul Atasının yanında “me’mar” kimi xidmət etməyə şad idi (Süleymanın məsəlləri 8:30; Yəhya 1:3). Yehova və Onun Oğlu mövcud olan hər şeyin yaradılmasında birgə çalışırdılar. Bu necə də maraqlı və xoşbəxt dövr idi! Bizlərdən kim isə, bu qədər uzun müddət ərzində davam edən məhəbbət tellərinin nə dərəcədə möhkəm olduğunu təsəvvür edə bilərmi? Sözsüz ki, Yehova Allah və Onun Oğlu ən möhkəm məhəbbət telləri ilə bir-birlərinə bağlıdırlar.
6. İsa vəftiz olunan zaman Yehova öz hisslərini necə ifadə etdi?
6 Buna baxmayaraq, Ata Oğlunu yer üzünə göndərdi ki, o, insan kimi doğulsun. Bu, Yehova üçün sevimli Oğlu ilə ünsiyyətdən bir neçə onilliyə imtina etmək demək idi. O, İsanın böyüyüb kamil insan olduğunu səmadan diqqətlə müşahidə edirdi. 30 yaşında ikən İsa vəftiz olundu. Bu anda Ata göydən şəxsən şəhadətlik etdi: “Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam” (Matta 3:17). İsanın, əvvəlcədən deyilənləri necə sadiqliklə yerinə yetirdiyini və ona həvalə olunanları icra etdiyini görən Ata çox məmnun idi! (Yəhya 5:36; 17:4).
7, 8. a) Eramızın 33-cü ilinin 14 nisan günündə İsa nələrə tab gətirməli oldu və o zaman onun səmavi Atası hansı hissləri yaşadı? b) Nəyə görə Yehova Oğlunun əzab və ölümünə yol verdi?
7 Bəs Yehova, eramızın 33-cü ilinin 14 nisan günündə İsanın ələ verildiyi və acıqlı izdiham tərəfindən tutulduğu vaxt hansı hissləri yaşadı? Bəs İsa lağa qoyulan, üzünə tüpürülən və yumruqlanan zaman necə? Belində dərin yaralar vuran qamçı ilə döyülən, ağac dirək üzərinə mismarlayıb, onu təhqir edən insanların qarşısında qaldırılan zaman necə? Sevimli Oğlunun ölümqabağı Atasına fəryad etdiyi zaman Yehova hansı hissləri keçirdi? Bəs İsa canını tapşırıb, yaradıldığı vaxtdan ilk dəfə öz mövcudluğuna son qoyan zaman Yehova hansı hissləri yaşadı? (Matta 26:14-16, 46, 47, 56, 59, 67; 27:26, 38-44, 46; Yəhya 19:1).
8 Yehovanın hissləri o qədər güclüdür ki, Oğlunun ölümünün gətirdiyi dözülməz ağrıları sözlə ifadə etmək qeyri-mümkündür. Yehovanın bu hadisəyə nəyə görə yol verdiyini isə ifadə etmək olar. Bəs Atanı özünü bu cür əziyyətlərə düçar etməyə vadar edən nə idi? Yəhya 3:16 ayəsində Yehova gözəl bir şeyi aşkar edir və hətta bu ayə o qədər vacibdir ki, onu “İncilin miniatürdə təsviri” adlandırırlar. Orada deyilir: “Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun”. Bəli, hərəkətə təşviq edən qüvvə məhəbbət olub. Heç kim heç zaman belə böyük bir məhəbbəti təzahür etdirməmişdir.
Yehovanın bizi öz məhəbbətinə əmin etməsi
9. Şeytan bizi nəyə inandırmağa çalışır və Yehova bizi nəyə əmin edir?
9 Lakin bununla bağlı vacib bir sual yaranır: Görəsən, Yehova hər birimizi ayrı-ayrılıqda sevirmi? Bə’ziləri, Yəhya 3:16 ayəsində deyildiyi kimi, Allahın bəşəriyyəti ümumilikdə sevdiyi ilə razıdırlar. Lakin onlar düşünə bilərlər: “Allah heç zaman şəxsən məni sevə bilməz”. Şeytan İblis bizi inandırmağa çalışır ki, Yehova Allah bizi sevmir və qiymətləndirmir. Digər tərəfdən, özümüzü nə qədər sevilməyə layiq olmayan və gərəksiz hesab etsək də, Yehova bizi əmin edir ki, hər bir sadiq xidmətçisini qiymətləndirir.
10, 11. İsanın sərçələr haqqında çəkdiyi məsəl Yehovanın gözündə bizim qiymətli olduğumuzu necə göstərir?
10 Misal üçün, İsanın Matta 10:29-31 ayələrində dediyi sözləri nəzərdən keçirək. İsa şagirdlərinin nə qədər qiymətli olduğunu göstərərək dedi: “Məgər iki sərçə quşu bir assariyə satılmırmı? Və Atanızın hökmü olmadıqda, onlardan heç biri yerə düşməz. Sizin isə başınızdakı saçlar da belə sayılmışdır. Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz”. İsanı birinci əsrdə dinləyən kəslər üçün bu sözlərin nə demək olduğunu nəzərdən keçirək.
11 İsanın günlərində yemək məhsulukimi istifadə edilən quşlardan ən ucuzu sərçə idi. Az dəyəri olan bir assariyə iki sərçə almaq olardı. Lakin İsanın sonradan Luka 12:6, 7 ayələrində qeyd etdiyi kimi, əgər alıcı iki assari versə, onda o, iki deyil, beş sərçə ala bilərdi. Beşinci quşu, sanki heç bir dəyəri yox imiş kimi, müftə verirdilər. Ola bilsin, bu sərçələr insanların gözündə dəyərsiz idi, bəs Yaradan buna necə yanaşırdı? İsa dedi: “Allahın yanında onlardan heç biri [hətta müftə verilən belə] unudulmamışdır”. İsanın bu məsəl vasitəsilə nəyi göstərmək istədiyini anlayırsanmı? Əgər adi sərçə Yehovanın gözündə bu qədər qiymətli idisə, onda gör Onun üçün insan nə qədər dəyərli olmalıdır! İsanın dediyi kimi, Yehova bizim haqqımızda kiçik təfsilata qədər hər şeyi bilir, hətta başımızdakı saçlar da sayılmışdır!
12. Nəyə görə əmin ola bilərik ki, İsanın başımızdakı saçların belə sayıldığını deməsi şişirtmə deyildi?
12 İsanın bu sözləri kimə isə şişirtmə kimi görünə bilər. Lakin dirilməyə olan ümid haqqında düşünək. Gör Yehova bizi nə qədər yaxşı tanımalıdır ki, sonra yenidən dəqiqliklə yarada bilsin! O, bizi o qədər qiymətləndirir ki, bizim haqqımızda hər bir təfsilatı, bizə məxsus mürəkkəb genetik kodu, həmçinin həyatımız boyu olan xatirələr və təəssüratlar Onun yadındadır. Bununla müqayisədə saçımızı saymaq — onların sayı isə orta hesabla 100 mindir — Yaradan üçün heç bir çətinlik törətmir. İsanın sözləri həqiqətən də bizi əmin edir ki, Yehova şəxsən hər birimizin qeydinə qalır!
13. Yehoşafatla baş verən hadisə necə göstərir ki, qeyri-kamil olmağımıza baxmayaraq, Yehova bizim yaxşı cəhətlərimizi görür?
13 Müqəddəs Kitab bizi Yehovanın məhəbbətinə əmin edən daha bir şeyi açır. Yehova bizdəki yaxşı şeyləri görür və qiymətləndirir. Misal üçün, yaxşı padşah sayılan Yehoşafatı götürək. Padşah ağılsız hərəkət edən zaman Yehovanın peyğəmbəri ona dedi: “Bundan ötrü sənin üzərində Rəbbin qəzəbi vardır”. Necə də dəhşətli sözlərdir! Lakin Yehovanın göndərdiyi xəbər bununla bitmədi. Peyğəmbər sonra dedi: “Bununla bərabər səndə yaxşı şeylər tapıldı” (2 Tarixlər 19:1-3). Yehovanın haqlı qəzəbi Onun gözlərini tutmamışdır, O, Yehoşafatda yaxşı şeyləri də görə bildi. Qeyri-kamil olsaq da Allahımızın bizdə yaxşı cəhətləri gördüyünü bilmək məgər təsəlli vermirmi?
Yehova “bağışlayan” Allahdır
14. Əgər günah işlətmişiksə, hansı ağır hissləri yaşaya bilərik və Yehovanın əfvinə nə zaman ümid edə bilərik?
14 Əgər günah işlətmişiksə, peşmançılıq və xəcalət hissləri bizi vadar edə bilər ki, artıq Yehovaya xidmət etməyə layiq olmadığımızı düşünək. Lakin unutmaq lazım deyil ki, Yehova “bağışlayan” Allahdır (Məzmur 86:5). Bəli, əgər biz günahlarımızdan tövbə edib və onları təkrar etməmək üçün bütün qüvvəmizlə çalışırıqsa, Yehovanın əfvinə ümid bəsləyə bilərik. Görək, Allahın məhəbbətinin bu gözəl cəhəti Müqəddəs Kitabda necə təsvir edilir.
15. Yehova günahlarımızı bizdən nə qədər uzaqlaşdırır?
15 Yehovanın necə bağışladığını təsvir edərək məzmurçu Davud aydın obrazdan istifadə etmişdir: “Şərq qərbdən nə qədər uzaqdırsa, üsyanlarımızı bizdən o qədər uzaqlaşdırdı” (Məzmur 103:12). Şərq qərbdən nə qədər uzaqdır? Hansısa mə’nada şərq qərbdən həmişə böyük məsafədə uzaq olacaqdır, dünyanın bu iki əks nöqtələri heç zaman rastlaşmayacaq. Bir alimin qeyd etdiyi kimi, bu ifadə “olduqca uzaq, ağlasığmaz dərəcədə uzaqlıq” mə’nasını verir. Davudun müqəddəs ruhun rəhbərliyi altında yazdığı sözlərdən göründüyü kimi, Yehova bizi bağışlayaraq, günahlarımızı ağlasığmaz dərəcədə bizdən uzaqlaşdırır.
16. Nəyə görə əmin ola bilərik ki, Yehova günahlarımızı bağışladıqda, artıq bizi təmiz sanır?
16 Nə vaxtsa açıq rəngli parçadan ləkəni təmizləməli olmusanmı? Ola bilər ki, nə qədər sə’y göstərsən də, ləkə tam getməmişdir. Yehovanın öz bağışlamaq qabiliyyətini necə təsvir etdiyinə diqqət yetir: “Suçlarınız qırmızı boya kimi olsa da, qar kimi bəyaz olar; qırmızböcəyi kimi qızıl olsa da, yun kimi olar” (İşaya 1:18). “Qırmızı” sözü al-qırmızı rəngə işarə edira. “Qızıl” tünd qırmızı rəngdir. Biz nə qədər çalışsaq da, günahın ləkəsini təmizləyə bilmərik. Lakin Yehova bizim tünd və al-qırmızı günahlarımızı qar kimi və rəng vurulmayan yun kimi ağarda bilər. Buna görə də, Yehova günahlarımızı bağışladıqda, etdiyimiz günahların həyatımız boyu üzərimizdə yuyulmayan ləkə kimi qalacağını düşünmək lazım deyil.
17. Yehova hansı mə’nada günahlarımızı kürəyinin ardına atır?
17 Ölümcül xəstəlikdən qurtulduqdan sonra, Hizkiya öz tə’sirli minnətdarlıq nəğməsində Yehovaya dedi: “Bütün suçlarımı kürəyinin ardına atdın” (İşaya 38:17). Yehova, tövbə etmiş günahkarın günahlarını götürür və bir daha onları görüb, nəzər yetirməməsi üçün məcazi mə’nada, kürəyinin ardına atır. Bir mənbəyə əsasən bu fikri bu cür vermək olar: “Sən elə etdin ki, [günahlarım] sanki yox idi”. Məgər bu təsəlli gətirmirmi?
18. Peyğəmbər Mika necə göstərdi ki, Yehova bağışlayanda günahlarımızı birdəfəlik kənar edir?
18 Peyğəmbər Mika bərpa haqqında peyğəmbərlik edərkən, Yehovanın tövbə etmiş xalqını bağışlamağa hazır olduğunu əminliklə ifadə etdi: “Mirasının qalığının günahından vaz keçən sənin kimi Allah kimdir? [...] Sən onların bütün suçlarını dənizin ənginliklərinə atacaqsan” (Mika 7:18, 19). Müqəddəs Kitabın yazıldığı dövrlərdə yaşamış insanlar üçün bu sözlərin nə demək olduğunu təsəvvür et. “Dənizin ənginliklərinə” düşən bir şeyi götürmək mümkündürmü? Mikanın sözləri onu göstərir ki, Yehova bağışlayanda günahlarımızı birdəfəlik kənar edir.
Allahımızın dərin şəfqəti
19, 20. a) “Şəfqət göstərmək” və “yazığı gəlmək” kimi tərcümə olunan yəhudi fe’li hansı mə’nanı verir? b) Müqəddəs Kitabda Yehovanın şəfqəti ana hisslərinin nümunəsində necə təsvir olunur?
19 Şəfqət — Yehovanın məhəbbətinin daha bir cəhətidir. Ümumiyyətlə şəfqət nə deməkdir? Müqəddəs Kitabda şəfqət rəhmlə çox sıx bağlıdır. Şəfqət haqqında mə’nanı bir neçə yəhudi və yunan sözləri çatdırır. Məsələn, yəhudi fe’li olan raham çox vaxt “şəfqət göstərmək” və ya “yazığı gəlmək” kimi tərcümə olunur. Yehovanın özünə tətbiq etdiyi bu yəhudi sözü “bətn” sözünə yaxındır və “ana şəfqətini” nəzərdə tutur.
20 Müqəddəs Kitabda Yehovanın şəfqət hissləri ana hisslərinin nümunəsində təsvir edilir. İşaya 49:15 ayəsində deyilir: “Qadın südəmər uşağını unuda bilərmi ki, öz bətninin oğluna acımasın [raham]? Bəli, onlar unuda bilərlər, fəqət mən səni unutmaram”. Təsəvvür etmək çətindir ki, ana südəmər uşağını yedizdirməyi və onun qeydinə qalmağı unutsun. Axı körpə köməksizdir; o, gecə-gündüz ana qayğısına və diqqətinə möhtacdır. Lakin təəssüflər olsun ki, bə’zi anaların rəhmsizliyi barədə, xüsusilə də yaşadığımız “çətin anlar”da az eşitmirik (2 Timoteyə 3:1, 3). Ancaq Yehova bizi əmin edir: “Mən səni unutmaram”. Yehovanın Öz xidmətçilərinə bəslədiyi dərin şəfqət ana hissindən, yə’ni insana məxsus olan ən güclü hissdən qat-qat güclüdür.
21, 22. Qədim Misirdə israillilər hansı vəziyyətdə idilər və kömək üçün etdikləri fəryada Yehova necə hay verdi?
21 Sevən ataya bənzəyən Yehova necə şəfqət göstərir? Bu xüsusiyyət, Onun qədim İsrail xalqı ilə davranışında özünü xüsusilə aydın şəkildə göstərir. B. e. ə. XVI əsrin sonuna yaxın milyonlarla israillilər qədim Misirdə qul idilər. Onlara çox zülm edilirdi (Çıxış 1:11, 14). Əzab-əziyyət içində olan israillilər Yehovaya fəryad edirdilər. Şəfqət Allahı necə hay verdi?
22 Bu, Yehovaya dərin tə’sir bağışladı. O dedi: “Misirdə olan xalqımın sıxıntısını gördüm... onların fəryadını eşitdim; çünki onların acılarını bilirəm” (Çıxış 3:7). Yehova Öz xalqının düşdüyü əziyyətlərə tamaşa edərək, onların kömək üçün etdikləri fəryadı e’tinasızlıqla dinləyə bilməzdi. Yehova acıyan Allahdır. Acımaq, yə’ni başqalarının ağrısını hiss etmək bacarığı isə şəfqətə yaxındır. Lakin Yehova öz xalqına yalnız acımadı, onun müdafiəsinə qalxmağa da təşviq olundu. İşaya 63:9 ayəsində deyilir: “Sevgisində və acımasında onları fidiyə ilə qurtardı”. Yehova “qüvvətli əllə” israilliləri Misirdən azad etdi (Təsniyə 4:34). Sonradan Allah xalqını səhrada mö’cüzə ilə qidalandırdı və bərəkətli torpağı onlara miras verdi.
23. a) Məzmurçunun sözləri bizi necə əmin edir ki, Yehova ayrı-ayrılıqda hər birimizin qeydinə qalır? b) Yehova bizə necə kömək edir?
23 Yehova xalqına yalnız ümumilikdə şəfqət göstərmir. Sevən Allahımız ayrı-ayrılıqda hər birimizin qeydinə qalır. Allah çəkdiyimiz bütün əzablardan xəbərdardır. Məzmurçu yazırdı: “Rəbbin gözləri salehlərədir, qulaqları onların fəryadlarına açıqdır. Rəbb ürəyi qırıq olanlara yaxındır və ruhu əzilmiş olanları qurtarar” (Məzmur 34:15, 18). Yehova hər birimizə ayrı-ayrılıqda hansı köməyi göstərir? O, çəkdiyimiz əziyyətlərin səbəbini mütləq aradan qaldırmır. Lakin Yehovanın çoxlu imkanları var ki, kömək üçün Ona yalvaran kəslərə kömək etsin. Onun Kəlamı olan Müqəddəs Kitabda düzgün qərarlar qəbul etməyə kömək edən sağlam və faydalı məsləhətlər var. O, yığıncaqda ruhən yetkin kişiləri tə’yin edib. Onlar da həmimanlılarını möhkəmləndirərək, Allahın şəfqətini təqlid etməyə çalışırlar (Yaqub 5:14, 15). “Duanı eşidən” Kəs kimi, Yehova “Ondan diləyənlərə Müqəddəs Ruh” verir (Məzmur 65:2; Luka 11:13). Bütün bunlar ‘Allahımızın ürəyinin mərhəmətli [şəfqətli]’ olduğunu göstərir (Luka 1:78).
24. Yehovanın məhəbbətinə necə hay verəcəksən?
24 Səmavi Atamızın məhəbbəti üzərində düşünmək necə də valehedicidir! Əvvəlki məqalədə xatırladıq ki, Yehova qüvvəsini, ədalətini və müdrikliyini bizim xeyrimizə olaraq məhəbbətlə təzahür etdirir. Bu məqalədə isə Yehovanın valehedici şəkildə ümumilikdə insanlara, ayrı-ayrılıqda isə hər bir kəsə necə məhəbbət göstərdiyini gördük. İndi isə hər birimiz özümüzə növbəti sualı verməliyik: “Yehovanın məhəbbətinə necə hay verəcəyəm?” Allahı bütün ürəyinlə, canınla, düşüncənlə və qüvvətinlə sevməklə Onun məhəbbətinə hay vermiş olarsan (Mark 12:29, 30). Qoy yaşanılmış hər bir gün Yehovaya daha çox yaxınlaşmağa coşğun istəyin olduğunu göstərsin. Və qoy məhəbbət olan Yehova Allah sənə daha çox yaxınlaşsın və əbədiyyət boyu sənin dostun olsun! (Yaqub 4:8).
[Haşiyə]
a Bir Müqəddəs Kitab aliminin fikrincə al-qırmızı rəng “olduqca davamlı və dəyişməz idi. Bu cür rəngə boyanan parça nə şehdən, nə yağışdan, nə də uzun müddət istifadə edildikdən sonra solurdu”.
Yadınızdadırmı?
• Haradan bilirik ki, məhəbbət Yehovanın başlıca xüsusiyyətidir?
• Nəyə görə Yehovanın, Oğlunu əzab çəkib, həyatını bizim üçün qurban verməsi məhəbbətin ən böyük təzahürüdür?
• Yehova hər birimizi ayrı-ayrılıqda sevdiyinə bizi necə əmin edir?
• Müqəddəs Kitab Yehovanın bağışladığını hansı aydın obrazlar vasitəsilə təsvir edir?
[28 və 29-cu səhifələrdəki şəkil]
“Siz bir çox sərçədən daha dəyərlisiniz”.
[İcazə ilə]
© J. Heidecker/VIREO