Oxucuların sualları
Nəyə görə Nadavla Avihu öləndən sonra Musanın Harunun digər oğullarına — Eleazarla İtamara qəzəbi tutdu və onun qəzəbinin soyumasına nə səbəb oldu? (Lev. 10:16—20).
Müqəddəs məskəndə xidmətlərin icra edilməsi üçün kahinliyin təsis olunmasından az sonra Yehova Harunun oğulları Nadavla Avihunu Onun önündə «haram od» gətirdikləri üçün məhv etdi (Lev. 10:1, 2). Musa əmr etdi ki, Harunun digər iki oğlu qardaşları üçün yas tutmasın. Bu hadisənin üstündən çox keçməmiş Musanın Eleazarla İtamara qəzəbi tutdu, çünki onlar günah qurbanı olan təkəni yeməmişdilər (Lev. 9:3). Bəs nə üçün Musa buna görə qəzəbləndi?
Yehovanın Musa vasitəsilə verdiyi qanuna əsasən, günah qurbanını təqdim edən kahin bu qurbanın bir hissəsini Hüzur çadırının həyətində yeməli idi. Bu, qurbanı təqdim edən insanların günahlarına görə kahinin məsuliyyət daşıdığının rəmzi hesab olunurdu. Qurban gətirilən heyvanın qanı Müqəddəs yerə, yəni Hüzur çadırının ilk otağına daxil edildiyi təqdirdə onu yemək olmazdı; o yandırılmalı idi (Lev. 6:24—26, 30).
Görünür, baş verən faciəli hadisədən sonra Musa Yehovanın bütün əmrlərinə riayət olunub-olunmadığını yoxlamaq qərarına gəldi. Günah təqdimi kimi gətirilən təkənin yandırıldığını görəndə (qurbanın qanı Yehovanın önündə Müqəddəs yerdə təqdim olunmamışdı) Musa qəzəblə Eleazarla İtamardan soruşdu ki, nəyə görə onlar qurban ətini əmr edildiyi kimi yemədilər (Lev. 10:17, 18).
Musanın sualına Harun cavab verdi, çünki, görünür, Eleazarla İtamar onun sözünə əsasən belə davranmışdılar. Yehovanın Nadavla Avihunu məhv etməsini nəzərə alaraq, yəqin, Harun fikirləşdi ki, nə o, nə də ki oğulları həmin gün təmiz vicdanla günah qurbanını yeyə bilməzlər. Ola bilsin, Harun düşünürdü ki, Nadavla Avihunun günahına görə bütün ailə, qismən də olsa, məsuliyyət daşıyır. Yəqin, elə buna görə o, onların bu qurban ətindən yemələrinin Yehovaya məqbul olmayacağı qənaətinə gəldi (Lev. 10:19).
Xüsusilə də, ola bilsin, Harun fikirləşirdi ki, kahinlik vəzifəsini icra etmək şərəfi ilk dəfə onun ailə üzvlərinə verildiyi üçün onlar çox ehtiyatlı olmalı və Yehovanın bütün əmrlərinə xırdalığına qədər əməl etməli idilər. Ancaq Nadavla Avihu Yehovanın adına ləkə gətirən hərəkət etdilər və onlara qarşı Allahın qəzəbi alovlandı. Yəqin, bu səbəbdən Harun düşündü ki, belə bir günahın törədildiyi kahin ailəsinin üzvləri müqəddəs təqdimlərdən yeməməlidirlər.
Qardaşının verdiyi cavab Musanın ürəyincə idi, çünki Müqəddəs Kitabda deyilir: «Musa bunu eşidib razılaşdı» (Lev. 10:20). Görünür, Harunun cavabından Yehova da razı qaldı.