Uşaqların tərbiyəsində Müqəddəs Kitab kömək edə bilərmi?
SƏHLƏB olduqca gözəl çiçəkdir, lakin onu becərmək heç də asan iş deyil. Bunun üçün onu müəyyən temperatur və işıqla tə’min etmək və düzgün ölçüdə dibçək seçmək lazımdır. Səhləb çiçəyi torpağa və gübrəyə qarşı çox həssasdır. Xəstəlik və zərərverici həşəratlar bu çiçəyə asanlıqla xətər yetirə bilirlər. Buna görə də, yeni fəaliyyətə başlayan çiçəkçi üçün səhləbi becərmək, demək olar ki, mümkün deyil.
Uşaqların tərbiyəsi isə daha mürəkkəb məsələdir, bu da az sə’y tələb etmir. Bu səbəbdən təəccüblü deyil ki, məsələ uşaqların tərbiyəsinə çatanda valideynlər çox vaxt çaşqınlıq içində qalırlar. Səhləb becərmək istəyən çiçəkçi professionalın məsləhətinə ehtiyac duyduğu kimi, valideynlərin çoxu da köməyə ehtiyac duyduqlarını dərk edirlər. Hər bir valideyn, sözsüz ki, ən yaxşı məsləhəti almaq istəyir. Bəs belə məsləhəti haradan tapmaq mümkündür?
Müqəddəs Kitab uşaqların tərbiyəsi üzrə praktiki rəhbərlik kitabı olmasa da, orada Yaradanın rəhbərliyi altında uşaqların tərbiyəsində faydalı ola biləcək çoxlu məsləhətlər yazılıb. Müqəddəs Kitabda ən yaxşı xüsusiyyətləri tərbiyə etməyin vacibliyi vurğulanır, çoxlarının fikrincə, məhz elə bu amilə e’tinasızlıq göstərilir (Efeslilərə 4:22-24). Deməli, belə nəticəyə gəlmək olar ki, Müqəddəs Kitabın məsləhətləri — düzgün tərbiyənin əsasını təşkil edir. Bu məsləhətlər müxtəlif dövrlərdə və müxtəlif mədəni şəraitlərdə yaşayan çox insanlara artıq kömək etmişdir. Buna görə də, Müqəddəs Kitabdan gətirilən aşağıdakı məsləhətlər uşaqlarınızı düzgün tərbiyə etməkdə, ehtimal ki, sizə də kömək edəcəkdir.
Valideyn nümunəsi — ən yaxşı tərbiyəçidir
“Bəs nə üçün sən başqalarını öyrədərək, özünü öyrətmirsən? Oğurlamamağı və’z edib, oğurlayırsanmı? “Zina etmə”, — deyərək, zina edirsənmi?” (Romalılara 2:21, 22).
Seulun Maarif Sovetinin sədri qeyd edir: “Sözlərlə əməlin müvafiq olması — uşağa tə’lim verməyin ən gözəl üsuludur”. Əgər valideynlər öz danışıq və hərəkətlərində uşağa öyrətdiklərinə müvafiq davranmırlarsa, onda uşaq tezliklə başa düşəcək ki, valideynlər ikiüzlülük edirlər. Bununla da, onlar valideynlərinin sözlərinə qulaq asmayacaqlar. Məsələn, əgər valideynlər uşağının dürüst olmasını istəyirlərsə, onda gərək əvvəl özləri dürüst olsunlar. Bə’zi valideynlər üçün uşaqlarından telefon zənginə “bağışlayın, atam (yaxud anam) evdə yoxdur” deməyi xahiş etmək heç bir çətinlik yaratmır. Belə bir xahişi eşidən uşaq utanacaq və narahtlıq hiss edəcəkdir. Lakin vaxt keçdikcə, bir az çətin vəziyyətə düşən kimi uşaq, ola bilsin, heç utanmadan yalan danışmağa başlayacaqdır. Bu səbəbdən, əgər valideynlər həqiqətən də uşaqlarının dürüst bir insan kimi böyüməsini istəyirlərsə, onda gərək özləri həm sözlərində, həm də hərəkətlərində dürüst olsunlar.
Uşağınıza hörmətcil danışıq tərzini aşılamaq istəyirsinizmi? Onda siz onun üçün yaxşı nümunə olmalısınız. Uşağınız sizdən tez nümunə götürəcəkdir. Dörd uşaq atası olan Sen Siq deyir: “Həyat yoldaşımla mən qərara gəldik ki, kobud sözlər işlətməyək. Biz bir-birimizə hörmətlə yanaşır və hətta nədənsə mə’yus, yaxud acıqlı olanda belə, bir-birimizə səsimizi ucaltmırıq. Yaxşı nümunə sözdən də güclü tə’sir edirdi. Biz şadıq ki, uşaqlarımız başqaları ilə nəzakət və hörmətlə danışmağı öyrəniblər”. Müqəddəs Kitabda Qalatiyalılara 6:7 ayəsində deyilir: “İnsan nəyi əkərsə, onu da biçəcəkdir”. Uşaqlarının yüksək əxlaq normalarına riayət etməsini istəyən valideynlər öz nümunələri ilə göstərməlidirlər ki, onlar özləri də bu normaların əsasında yaşayırlar.
Həmişə söhbətə hazır olun
“[Allahın qanunlarını] oğullarının zehninə yaxşıca qoyacaqsan və evində oturduğun və yolda yeridiyin və yatdığın və qalxdığın zaman bunlar haqqında danışacaqsan” (Təsniyə 6:7).
İş vaxtından artıq işləyən adamların sayı artmaqdadır. Ailədə ər-arvadın hər ikisi də işləyirsə, bu uşaqlara ciddi tə’sir göstərir. Valideynlər uşaqları ilə get-gedə daha az vaxt keçirirlər. Evdə isə valideynlərə ev işlərini görmək lazım gəlir, buna görə də onlar çox vaxt özlərini taqətdən düşmüş hiss edirlər. Belə halda uşaqlarla tam dəyərli ünsiyyəti necə saxlamaq olar? Məsələn, evdə hansısa işi birlikdə gördüyünüz vaxt ərzində onlarla söhbət etmək olar. Bir ailə başçısı, uşaqlarla daha çox ünsiyyət etməyə imkanı olsun deyə, hətta televizordan belə azad olmuşdur. O deyir: “Əvvəlcə uşaqlar darıxırdılar, amma biz birlikdə tapmacalar tapmağa və maraqlı kitablar müzakirə etməyə başladıq. Tədricən onlar televizorsuz yaşamağı öyrəndilər”.
Uşaqlaın erkən yaşlarından valideynləri ilə sakit ünsiyyət etməyi bacarmaları çox vacibdir. Əks təqdirdə valideynlər öz uşaqları üçün yaxın dost ola bilməyəcəklər və uşaqlar böyüyüb, çətinliklərlə qarşılaşan zaman kömək üçün öz doğmalarına müraciət etməyi bacarmayacaqlar. Bəs siz uşaqların öz ürəklərini aça bilmələri üçün onlara necə kömək edə bilərsiniz? Süleymanın məsəlləri 20:5 (MKŞ) ayəsində deyilir: “Ürəyin düşüncələri dərin sulara oxşar, dərrakəli adam onu çəkib çıxarar”. Başqasının nöqteyi-nəzərini öyrənmək üçün istifadə olunan “Bəs sən necə düşünürsən?” kimi sualları verməklə, valideynlər uşaqlarını öz fikirləri və hissləri ilə bölüşməyə təşviq edə bilərlər.
Əgər uşağınız hansısa ciddi səhvə yol verərsə, siz necə davranacaqsınız? Bu zaman ona xüsusi diqqət ayırmağın vaxtıdır. Uşağınızı dinləyərkən öz emosiyalarınızı cilovlamağı bacarın. Bir ata bu kimi vəziyyətlərdə necə davrandığını söyləyir: “Uşaqlar səhvə yol verəndə, çalışıram ki, bunu həddindən artıq özümə dərd etməyim. Mən onları diqqətlə dinləyir və baş verən hadisəni anlamağa çalışıram. Hisslərimi ələ almağın çətin olduğunu görəndə, hirsimin soyumasını gözləyirəm”. Əgər siz sakitliyi qoruyur və uşağınızı dinləyirsinizsə, onda məzəmməti qəbul etmək ona asan olacaqdır.
Məhəbbətə əsaslanan tərbiyə
“Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4).
Yalnız tərbiyə məhəbbətə əsaslanan zaman, yaxşı nəticələr əldə etmək mümkündür. Valideynlər öz uşaqlarını necə ‘qəzəbləndirə’ bilərlər? Məsələn, əgər cəza, səhvin ciddiliyinə müvafiq deyilsə və yaxud uşaq olduqca təhqiredici formada məzəmmət alarsa, bu, onda qəzəb hissi oyada bilər. İslah həmişə məhəbbətlə olmalıdır (Süleymanın məsəlləri 13:24). Əgər cəzanın səbəbini uşaqlara izah etsəniz, onlar başa düşəcəklər ki, siz onları məhəbbətdən irəli gələrək cəzalandırırsınız (Süleymanın məsəlləri 22:15; 29:19).
Digər tərəfdən, yaxşı olardı ki, uşaq öz səhvinin nəticəsini hiss etsin. Məsələn, əgər uşaq kimi isə incidibsə, həmin adamdan üzr istəməsini tələb edə bilərsiniz. Əgər o, ailədəki hansısa qayda-qanunu pozubsa, onu bə’zi üstünlüklərdən məhrum etmək, bununla da qayda-qanunlara tabe olmağın vacibliyini göstərmək olar.
Uşaqları vaxtında tərbiyə etmək də vacibdir. Vaiz 8:11 ayəsində qeyd olunur: “Madam ki, pis işə qarşı hökm dərhal edilmir, adəm oğullarının ürəyi bundan ötrü pislik etmək üçün öz içlərində cəsarət tapır”. Bunun kimi, çox uşaqlar etdikləri hərəkətin cəzasını çəkib-çəkməyəcəklərini yoxlmağa cəhd göstərə bilərlər. Buna görə də, əgər siz uşağı müəyyən səhv hərəkətə görə cəzalandıracağınızı xəbərdar etmisinizsə, onda axıra kimi sözünüzün üstündə durun.
Səmərəli istirahətin faydası
“Gülməyin vaxtı var... və oynamağın vaxtı var” (Vaiz 3:4).
Asudə vaxt və səmərəli, tarazlaşdırılmış istirahət uşağın əqli və fiziki inkişafı üçün zəruridir. Valideynlər asudə vaxtlarını uşaqları ilə birlikdə keçirəndə ailədəki münasibətlər möhkəmlənir və uşaqlar özlərini müdafiə olunmuş hiss edirlər. Ailənin üzvləri birlikdə necə vaxt keçirə bilərlər? Bu haqda düşünərək çoxlu xoşagələn məşğuliyyətlər tapmaq olar. Birlikdə açıq havada idmanla məşğul olmaq, məsələn, velosiped sürmək, badminton oynamaq, yaxud top oyunlarından tennis və voleybol oynamaq olar. Bütün ailənin birlikdə musiqi alətlərində çalaraq nə qədər sevinc duya biləcəklərini də təsəvvür etmək olar. Təbiətin qoynuna çıxmaq da, çoxlu xoş xatirələr bağışlaya bilər.
Bu vaxtdan istifadə edərək valideynlər öz uşaqlarına istirahətə dair düzgün nöqteyi-nəzər aşılaya bilərlər. Üç oğlu olan bir məsihçi deyir: “İmkan olan kimi, mən uşaqlarımla istirahət edirəm. Məsələn, əgər onlar kompüter oyunları oynayırlarsa, mən bununla maraqlanıram. Onlar mənə həvəslə həmin oyunlar haqqında danışanda, fürsətdən istifadə edib, qeyri-sağlam əyləncənin təhlükəsi barədə danışıram. Fikir verirəm ki, onlar münasib olmayan oyunlardan imtina edirlər”. Bəli, asudə vaxtlarını ailədə keçirməyi xoşlayan uşaqlara zorakılıq, əxlaqsızlıq və narkotik maddələrdən istifadə etmək kimi səhnələr nümayiş etdirilən televiziya verilişlərindən, video və kinofilmlərdən, həmçinin İnternet oyunlarından imtina etmək asandır.
Yaxşı dost seçməkdə uşaqlarınıza kömək edin
“Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar” (Süleymanın məsəlləri 13:20, MKŞ).
Dörd uşağını gözəl tərbiyə etmiş bir məsihçi bölüşür: “Uşaqların özlərinə necə dostlar seçməsi çox vacibdir. Bir pis dost sizin bütün nailiyyətlərinizi alt-üst edə bilər”. Bu ata növbəti sualların köməyi ilə uşaqlarına yaxşı dost seçməyi öyrətməyə çalışırdı: “Sənin ən yaxşı dostun kimdir? Sənin ondan nə üçün xoşun gəlir? Sən hansı cəhətdən ona oxşamaq istəyərdin?” Başqa bir ata isə öz uşaqlarından xahiş edirdi ki, ən yaxşı dostlarını evə qonaq də’vət etsinlər. Beləliklə ata öz uşaqlarının dostları ilə tanış ola bilir və onlara yaxşı məsləhətlər verə bilirdi.
Uşaqlara həmçinin öyrətmək vacibdir ki, onların dostları ancaq həmyaşıdları deyil, yaşca onlardan böyüklər də ola bilər. Üç oğul atası olan Bam Sen deyir: “Mən uşaqlarıma başa salıram ki, Müqəddəs Kitabda oxuduğumuz Davud və Yonatan kimi, dostların mütləq həmyaşıd olmaları vacib deyil. Uşaqlarla ünsiyyət üçün mən evə müxtəlif yaşlı məsihçiləri də’vət edirəm. Bunun sayəsində uşaqlar öz həmyaşıdları olmayan kəslərlə ünsiyyət edirlər”. Yaxşı nümunə olan böyük yaşlı insanlarla ünsiyyət uşaqlara çox şeyi öyrənməyə kömək edəcəkdir.
Uşaqların tərbiyəsində müvəffəqiyyətə nail ola bilərsiniz
Birləşmiş Ştatlarda aparılan bir tədqiqatın göstərdiyi kimi, uşaqlarında özünə hakim olmaq, şəxsi intizam və dürüstlük kimi keyfiyyətləri tərbiyə etməyə çalışan valideynlər çox az şeyə nail olmuşlar. Bu, nə üçün belə çətindir? Tədqiqatda iştirak etmiş bir ana deyir: “Çox təəssüf ki, uşaqlarımızı qorumağın yeganə yolu — onları bağlı qapı arxasında saxlayıb, küçəyə buraxmamaqdır”. Bununla həmin qadın demək istəyirdi ki, uşaqlarımızın böyüdüyü dünya tarixdə görünməmiş dərəcədə pozulmuşdur. Belə bir vəziyyətdə uşaqların tərbiyəsində müvəffəqiyyətə nail olmağa ümid varmı?
Əgər siz səhləb çiçəyi becərmək istəyir və eyni zamanda da onun məhv olacağından qorxursunuzsa, bu, əlbəttə ki, sizi mə’yus edəcəkdir. Lakin səhləbi becərmək işində sizə bə’zi yaxşı məsləhətlər verən və bu məsləhətlərə riayət edərək, həmin gülü yetişdirə biləcəyinizə əmin edən mütəxəssisin köməyinə necə də şad olardınız! Yehova insanları hamıdan yaxşı tanıyır, buna görə də uşaqların tərbiyəsinə dair ən dəyərli məsləhətləri verir. O deyir: “Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, o qocalanda da bu yoldan dönməz” (Süleymanın məsəlləri 22:6, MKŞ). Əgər siz uşaqlarınızı Müqəddəs Kitabın məsləhətlərinə müvafiq surətdə tərbiyə edirsinizsə, çox ehtimal ki, onlar məs’uliyyətli, yüksək əxlaqlı və ətrafdakı insanlara qarşı diqqətli şəxsiyyətlər kimi yetişəcəklər. O zaman insanlar onları sevəcək, ən başlıcası isə, onları səmavi Atamız Yehova sevəcəkdir.