Övladlarımız dəyərli mirasdır
«Övladlar Rəbbin verdiyi paydır [«mirasdır», KM], bətnin bəhrəsi Onun mükafatıdır» (MƏZMUR 127:3).
1. İlk uşaq necə doğuldu?
GƏLİN Yehova Allahın ilk kişi və qadını yaradaraq mö’cüzəvi bir hadisəni necə mümkün etdiyi barədə düşünək. Ata və ana kimi, Adəmlə Həvvanın hissəciklərinin birləşməsi sayəsində yaranmış hüceyrədən Həvvanın bətnində yeni insan — dünyada ilk uşaq formalaşdı (Yaradılış 4:1). Mayalanma və uşağın doğulması bizdə bu gün də dərin ehtiram hissi oyadır və çoxlarının bunu əsl mö’cüzə hesab etməsi təəccüblü deyil.
2. Ana bətnində baş verənləri nəyə görə mö’cüzə adlandırmaq olar?
2 Təxminən 270 gündən sonra ana bətnindəki mayalanmış hüceyrədən, orqanizmi trilyon hüceyrədən ibarət olan uşaq doğulur. Təkcə ilk hüceyrə özündə 200 növ hüceyrənin yaranması üçün zəruri olan mə’lumatı daşıyır. Mö’cüzəli və dərkedilməz proses sayəsində hər biri heyranedici mürəkkəbliyə malik olan bu hüceyrələrin hamısı düzgün qaydada və müəyyən edilmiş tərzdə öz vaxtında yaranır ki, bunun da nəticəsində dünyaya yeni insan gəlir!
3. Nəyə görə düşünən insanların çoxu razıdır ki, uşaq doğmaq qabiliyyətinə görə Allaha borcludurlar?
3 Sizcə, bu mö’cüzəni yaradan kimdir? Şübhə yoxdur ki, bunu edən həyatın Qaynağı olan şəxsdir. Məzmurçu oxuyurdu: «Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb» (Məzmur 100:3). Atalar və analar, siz çox gözəl bilirsiniz ki, dəyərli körpənizin dünyaya gəlməsi sizin qeyri-adi qabiliyyətiniz sayəsində deyil. Onun dünyaya gəlməsinə görə siz, sonsuz hikmətə sahib olan Allaha borclusunuz. Min illərdir ki, düşünən insanlar uşağın ana bətnində formalaşmasına görə izzəti Böyük Yaradana verirlər. Bəs siz? (Məzmur 139:13-16).
4. Qeyri-kamil insanların hansı xüsusiyyəti Yehovaya heç zaman xas olmamışdır?
4 İnsanlara sadəcə olaraq nəsil artırmaq imkanı verən bioloji prosesin ixtiraçısı olan Yehovanı hissiyyatsız Yaradan adlandırmaq olarmı? İnsanlar hissiyyatsız ola bilərlər, amma bunu Yehova haqqında demək olmaz (Məzmur 78:38-40). Məzmur 127:3 ayəsində deyilir: «Övladlar Rəbbin verdiyi paydır [«mirasdır», KM], bətnin bəhrəsi Onun mükafatıdır». Gəlin bu suallar üzərində düşünək: miras nədir və o nə haqda şəhadət edir?
Miras və mükafat
5. Nəyə görə demək olar ki, uşaqlar mirasdır?
5 Mirası hədiyyə ilə müqayisə etmək olar. Uşaqlarına miras saxlamaq üçün valideynlər adətən uzun müddət və sə’ylə işləməli olurlar. Bu miras — pul, torpaq sahəsi və ya başqa bir qiymətli əmlak ola bilər. Saxlanılmış miras hər nə olsa da, valideynin məhəbbətinə sübutdur. Müqəddəs Kitabda isə deyilir ki, Allah uşaqları valideynlərə miras vermişdir. Uşaqlar — səmavi Atamızın məhəbbətlə verdiyi hədiyyədir. Əgər uşaqlarınız varsa, onlarla Kainatın Yaradanın sizə e’tibar etdiyi hədiyyə kimi davranırsınızmı?
6. Allah insanlara uşaq doğmaq qabiliyyətini hansı məqsədlə vermişdi?
6 Yehova insanlara uşaq doğmaq qabiliyyətini ona görə verdi ki, Adəmlə Həvvanın nəsli bütün yer üzünü doldursun (Yaradılış 1:27, 28; Yeşaya 45:18). Yehova milyonlarla mələkləri Özü yaratsa da, insanlara gəldikdə hər şey başqa cürdür (Məzmur 104:4; Vəhy 4:11). Allah insanları özlərinə bənzər uşaqlar doğmaq qabiliyyəti ilə yaratmaq qərarına gəldi. Ata və ana üçün dünyaya yeni insan gətirmək və sonra onun qayğısına qalmaq necə də böyük şərəfdir! Atalar və analar, Allaha bu cür dəyərli miras üçün minnətdarsınızmı?
İsanın nümunəsindən öyrənirik
7. Bə’zi valideynlərdən fərqli olaraq, İsa «bəşər övladlarına» necə şəfqət və maraq göstərirdi?
7 Əfsuslar olsun ki, valideynlərin hamısı öz uşaqlarına mükafat kimi baxmırlar. Çoxlarında uşaqlarına qarşı şəfqət hissi yoxdur. Belə valideynlər Yehovanın və Oğlunun uşaqlara bəslədiyi münasibəti bəsləmirlər (Məzmur 27:10; Yeşaya 49:15). Bu valideynlərdən fərqli olaraq, İsa uşaqlara həmişə maraq göstərirdi. O, göydə qüdrətli ruhani varlıq olanda belə, ‘bəşər övladlarına görə fərəhlənirdi’ (Süleymanın məsəlləri 8:31). Onun insanlara olan məhəbbəti o qədər böyük idi ki, əbədi həyatı ala bilməyimiz üçün, öz həyatını hazırlıqla fidiyə verdi (Matta 20:28; Yəhya 10:18).
8. İsa valideynlərə hansı gözəl nümunəni verdi?
8 İsa yer üzündə xidmət edərkən xüsusən valideynlərə gözəl nümunə verdi. Gəlin görək nə etdi? O, çox məşğul və çətin şəraitlərdə olanda belə, uşaqlara vaxt ayırırdı. Bazar meydanında oynayan uşaqları seyr edir və onların davranışında gördüklərini insanlara tə’lim verərkən istifadə edirdi (Matta 11:16, 17). Yerusəlimə sonuncu gəlişi zamanı İsa iztirab çəkib, öldürüləcəyini bilirdi. İnsanlar balaca uşaqlarını İsanın yanına gətirəndə, şagirdləri, ehtimal ki, onu artıq narahatçılıqlardan qorumaq üçün uşaqları ondan uzaqlaşdırmağa çalışırdılar. Lakin buna görə İsa onları məzəmmət etdi. Körpə uşaqlarla bir yerdə olmaqdan sevinc duyduğunu göstərərək dedi: «Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın!» (Mark 10:13, 14).
9. Nəyə görə əməllər sözlərdən vacibdir?
9 İsanın nümunəsindən çox şey öyrənə bilərik. Uşaqlar məşğul olduğumuz zaman bizə yaxınlaşanda, necə reaksiya göstəririk? İsa kimi davranırıqmı? Uşaqlar, onlara vaxt və diqqət ayrılmasını istəyirlər, bunu xüsusilə də valideynlərindən gözləyirlər. İsa uşaqların bu tələbatını hazırlıqla tə’min edirdi. Əlbəttə, uşağa «mən səni sevirəm» demək çox vacibdir. Əməllər sözlərdən tə’sirlidir. Sizin məhəbbətinizi sözlərdən çox əməlləriniz sübut edir. Məhəbbətiniz, onlara ayırdığınız vaxtdan, göstərdiyiniz diqqət və qayğıdan bəlli olur. Lakin bu cür davranmaqla, ehtimal ki, istədiyiniz səmərəni dərhal görməyəcəksiniz. Səbirli olun. İsanın şagirdləri ilə davranış tərzini təqlid etməklə səbirli olmağı öyrənmək olar.
İsa səbir və məhəbbət təzahür etdirirdi
10. İsa öz şagirdlərinə həlim olmağı necə öyrədirdi və tə’lim dərhal səmərə gətirdimi?
10 İsa şagirdləri arasında, onlardan kimin daha böyük olduğu barədə mübahisə getdiyini bilirdi. Bir dəfə onlarla Kefernahuma gələndə, İsa soruşdu: «“Yolda aranızda nə danışırdınız?” Onlar isə susdular; çünki yolda aralarında mübahisə etmişdilər: kim daha böyükdür?» İsa onları məzəmmət etmək əvəzinə, həlim olmağı öyrətmək üçün məsəl çəkdi (Mark 9:33-37). Bu, arzu olunan səmərəni dərhal gətirmədi. Təxminən altı aydan sonra Yaqub və Yəhya analarının vasitəsilə İsadan xahiş etdilər ki, Padşahlıqda görkəmli yerdə otursunlar. İsa yenidən onların düşüncə tərzinə səbirlə düzəliş verdi (Matta 20:20-28).
11. a) İsa ilə birlikdə üst otaqda toplaşdıqları zaman həvarilər nəyi nəzərdən qaçırdılar? b) İsa hansı nümunəni verdi və şagirdlər bu dərsi dərhal mənimsədilərmi?
11 Qısa bir müddətdən sonra eramızın 33-cü ilinin Pasxa bayramı yaxınlaşdı. İsa və həvarilər bu bayramı qeyd etmək üçün bir yerə toplaşdılar. Onlar üst mərtəbədəki otaqda yığılanda 12 həvaridən heç biri başqalarının tozlu ayaqlarını yumaq arzusunu bildirmədi. Adətən bu işi qadınlar və ya qulluqçular edirdilər (1 Şamuel 25:41; 1 Timoteyə 5:10). Yəqin ki, həvarilərinin hələ də yüksək mövqeyə can atdıqlarını gördükdə, İsa çox kədərləndi! İsa həvarilərin hamısının ayaqlarını yuduqdan sonra, onları başqalarına xidmət etməkdə ondan nümunə götürməyə çağırdı (Yəhya 13:4-17). Şagirdlər İsaya qulaq asdılarmı? Müqəddəs Kitabda deyilir ki, bir qədər sonra, elə həmin axşam «onların arasında bir [«qızğın», YD] mübahisə də oldu: onlardan kim ən böyük sayılmalıdır» (Luka 22:24).
12. Uşaqlarına tərbiyə verərkən valideynlər İsanı necə təqlid edə bilərlər?
12 Uşaqların nəsihətlərinizə riayət etmədikləri hallar olurmu? Onda siz İsanın keçirdiyi hissləri başa düşə bilərsiniz. Həvarilər səhvlərini düzəltməyə tələsməsələr də, İsa ümidini üzmürdü. Onun səbri yaxşı səmərələr gətirdi (1 Yəhya 3:14, 18). Əgər siz valideynlər uşaqlarınızı tərbiyə edərkən səbir və məhəbbət göstərir, həmçinin sözünüzün üstündə durursunuzsa, bununla İsanı təqlid etmiş olursunuz.
13. Uşaq sual verəndə nəyə görə valideynlər onun sözünü ağzında qoymalı deyillər?
13 Uşaqlar valideynlərinin onları sevdiklərini və onlarla maraqlandıqlarını hiss etməlidirlər. İsa şagirdlərinin nə barədə düşündüklərini bilmək istəyirdi və ondan nə haqdasa soruşanda, onları diqqətlə dinləyirdi. Şagirdlərin bə’zi məsələlər haqda nə düşündüklərini soruşurdu (Matta 17:25-27). Doğrudan da, yaxşı tə’lim özünə diqqətlə dinləməyi və səmimi maraq göstərməyi daxil edir. Buna görə də uşaq nə isə soruşanda heç zaman «mane olma! Görmürsən, məşğulam?» demək lazım deyil. Əgər həqiqətən də məşğulsunuzsa, onunla bir qədər sonra söhbət edəcəyinizi bildirin və mütləq sözünüzün üstündə durun! Belə olan halda, uşaq valideynlərinin onunla həqiqətən maraqlandığını anlayacaq və onlara daha çox e’tibar edəcək.
14. Uşaqlara nəvaziş göstərməkdə valideynlər İsanı necə təqlid edə bilərlər?
14 Valideynin uşağını qucaqlayıb bağrına basması və nəvaziş göstərməsi münasibdirmi? Valideynlər bu sahədə də İsadan nümunə götürə bilərlər. Müqəddəs Kitabda deyilir ki, o, uşaqları «qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua» verirdi (Mark 10:16). Sizcə bu, uşaqlara necə tə’sir edirdi? Şübhəsiz ki, onlar özlərini yaxşı və rahat hiss edir, İsaya yaxın olmağa can atırdılar. Əgər siz valideynlər uşaqlarınıza nəvaziş və məhəbbətlə yanaşırsınızsa, onlar sizin nəsihətlərinizə daha hazırlıqla hay verəcəklər.
Uşaqlara nə qədər vaxt ayırmaq lazımdır?
15, 16. Hal-hazırda hansı tərbiyə metodikası təbliğ edilir və göründüyü kimi, bu metodikanın yaranmasına nə səbəb olmuşdur?
15 Bə’ziləri uşaqlara həqiqətən də çox vaxt və diqqət ayırmaq lazım gəldiyinə şübhə ilə yanaşırlar. Hal-hazırda uşaqların tərbiyəsinə dair yeni üsul — «keyfiyyətli vaxt» metodikası təbliğ edilir. Bu metodikanın tərəfdarları iddia edirlər ki, uşaqlarla ünsiyyət «az olsun, yaxşı olsun» prinsipi əsasında edilməlidir. Bu prinsipə əsasən valideynlərin uşaqlara çox vaxt ayırmalarına ehtiyac yoxdur, ünsiyyəti planlaşdırmaq və onu keyfiyyətli etmək kifayətdir. Bəs bu üsul tə’sirlidirmi və uşağın rifahına xidmət edirmi?
16 Çoxlu uşaqlarla ünsiyyətdə olan bir yazıçı qeyd etmişdir ki, uşaqlar «valideynlərinin onlara daha çox vaxt ayırmalarını» və «şəxsən diqqət göstərmələrini istəyirlər». Bir universitet professorunun söylədikləri diqqətəlayiqdir: «Valideynlər özlərini günahkar hesab edirdilər. Yeni metodikanın yaranmasından sonra isə, uşaqlarla az vaxt keçirmək üçün onların bəhanələri var». Əslində uşaqlara nə qədər vaxt ayrılmalıdır?
17. Uşaqlar nəyə ehtiyac duyurlar və valideynlərdən nə gözlənilir?
17 Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Lakin israillilər, uşaqları ilə evdə olarkən, yol gedərkən, yatarkən və durarkən söhbət etməyə təşviq olunurdular (Qanunun təkrarı 6:7). Bu o deməkdir ki, valideynlər uşaqları ilə ünsiyyət etməli və onları hər gün öyrətməlidirlər.
18. İsa şagirdlərini necə öyrədirdi və valideynlər onun nümunəsindən nə öyrənə bilərlər?
18 İsa şagirdlərini öyrətmək üçün hər bir fürsətdən istifadə edirdi: onları özü ilə hər yerə aparır, onlarla birlikdə yeyir və hətta dincəlirdi (Mark 6:31, 32; Luka 8:1; 22:14). Buna bənzər tərzdə, uşaqları ilə söhbət etmək və onlara Yehovanın yollarını öyrətmək üçün məsihçi valideynlər imkanı əldən verməli deyillər.
Nə öyrətməli və bunu necə etməli?
19. a) Uşaqların tərbiyəsi üçün vaxtdan əlavə daha nə tələb olunur? b) Valideynlər uşaqlarına ilk növbədə nə haqda danışmalıdırlar?
19 Uşaqları yaxşı tərbiyə etmək üçün onlara vaxt ayırmaq və öyrətmək kifayət deyil. Onlara nə öyrətdiyimizə diqqət yetirmək də vacibdir. Bu barədə Müqəddəs Kitabın dediklərinə baxaq: ‘Bu gün sənə əmr etdiyim bu sözləri... övladlarının şüuruna yaxşı-yaxşı yerit’. Uşaqlara öyrədilməsi vacib olan «bu sözlər» hansı sözlərdir? Şübhəsiz ki, söhbət əvvəlki ayələrdə olan sözlərdən gedir: «Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev» (Qanunun təkrarı 6:5-7). İsa bu sözləri Allahın əmrlərindən ən vacibi adlandırmişdır (Mark 12:28-30). Buna görə də valideynlər uşaqlarına ilk növbədə Yehova Allah haqqında danışmalı və nəyə görə yalnız Onun hədsiz sədaqətə və məhəbbətə layiq olduğunu izah etməlidirlər.
20. Allahın tələb etdiyi kimi israillilər uşaqlarına nə öyrətməli idilər?
20 Lakin valideynlərin uşaqlarının şüuruna yeritməli olduqları «bu sözlər» Allaha hədsiz məhəbbət göstərməkdən daha çox şeyi nəzərdə tutur. «Qanunun təkrarı» kitabının əvvəlki fəslində Musanın, Allahın daş lövhəciklər üzərində yazdığı qanunları, yə’ni On əmri təkrarladığını görəcəksiniz. Bu qanunlar yalan danışmağı, oğurlamağı, öldürməyi və zina etməyi qadağan edir (Qanunun təkrarı 5:11-22). Beləliklə, qədim vaxtlarda valideynlər uşaqlarına əxlaq normalarını aşılamalı idilər. Bugünkü məsihçi valideynlər uşaqlarının sağlam və xoşbəxt böyümələrini istəyirlərsə, onlara buna bənzər tərbiyə verməlidirlər.
21. Allahın əmrlərini uşaqların şüuruna ‘yeritmək’ nə deməkdir?
21 Həm də diqqət yetirin ki, valideynlərə «bu sözləri», yə’ni əmrləri hansı tərzdə öyrətməli olduqları da deyilmişdir. Müqəddəs Kitabda deyilir: «Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit». «Yerit» kimi tərcümə olunan ibrani sözü «deyilənlərin zehində aydın surətdə həkk olunması üçün daima yaddaşlıq edərək və öyüd verərək öyrətmək» mə’nasını daşıyır. Beləliklə, Allah valideynlərə tapşırır ki, Müqəddəs Kitab həqiqətlərinin uşaqlarının gənc zehinlərində həkk olunması üçün, onların ruhani tərbiyəsini ölçüb-biçərək və planlaşdıraraq həyata keçirsinlər.
22. Uşaqların tərbiyəsinə dair israillilərə hansı əmr verilmişdir və bu nə demək idi?
22 Əlbəttə, bu cür tə’lim valideynlərin sə’y göstərməsini tələb edir. Müqəddəs Kitabda deyilir: «Onları [«bu sözləri», yə’ni Allahın əmrlərini] yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla; evlərinin qapı çərçivələrinə və darvazalarına yaz» (Qanunun təkrarı 6:8, 9). Bu o deməkdirmi ki, valideynlər Allahın qanunlarını həqiqi mə’nada evlərinin qapı çərçivələrinə və darvazalarına yazmalı və ya qanunların surətlərini uşaqların qollarına bağlamalı və gözləri önünə qoymalıdırlar? Xeyir, bu sözlərin məğzi ondandır ki, valideynlər uşaqlarına Allahın nəsihətlərini daima xatırlatmalıdırlar. Bunu müntəzəm olaraq və ardıcıl surətdə etmək lazımdır. Yalnız bu halda Allahın nəsihətləri, məcazi dillə desək, uşaqların gözü önündə olacaq.
23. Gələn həftə müzakirə ediləcək məqalədə söhbət nədən gedəcək?
23 Valideynlər uşaqlarına xüsusilə nəyi öyrətməlidirlər? Bu gün uşaqları özlərini müdafiə etməyə nə üçün öyrətmək lazımdır? Valideynlərin ixtiyarında hansı effektli vasitələr var? Bir çox valideynləri narahat edən bu və digər suallar növbəti məqalədə müzakirə olunacaq.
Necə cavab verərdiniz?
• Nəyə görə valideynlər uşaqlarına dəyərli bir şey kimi yanaşmalıdırlar?
• Valideynlər və başqaları İsadan nə öyrənə bilərlər?
• Valideynlər uşaqlarına nə qədər vaxt ayırmalıdırlar?
• Uşaqlara nə öyrətməli və bunu necə etməli?
[21-ci səhifədəki şəkillər]
İsraillilər öz uşaqlarını nə zaman və necə öyrətməli idilər?
[22-ci səhifədəki şəkillər]
Valideynlər Allahın nəsihətlərini uşaqlarına daima xatırlatmalıdırlar.