Yehovanın Kəlamı canlıdır
«Yeşua» kitabından diqqətəlayiq fikirlər
ERAMIZDAN əvvəl 1473-cü ildə Moav düzənliklərində ordugahda yerləşən israillilər növbəti sözləri eşidən zaman, sözsüz ki, sevinmişdilər: «Özünüzə azuqə hazırlayın, çünki üç günə İordan çayını keçib Allahınız Rəbbin sizə mülk olaraq verdiyi torpağa girərək oraya sahib olacaqsınız» (Yeşua 1:11). Axır ki, onların səhrada qırx illik səyahəti başa çatır.
20 ildən bir qədər keçdikdən sonra, israillilər Kən’an torpağının mərkəzində olduqları zaman onların rəhbəri Yeşua xalqın ağsaqqallarına belə bəyan edir: «Budur, İordan çayından qərb tərəfə Böyük dənizə qədər qırdığım bütün millətlərin torpaqları ilə bərabər qalan bu millətlərin də torpaqlarını qəbilələriniz üçün irs olaraq payladım. Allahınız Rəbb Özü onları qarşınızdan silib atacaq və onları gözünüzün qarşısından qovacaq. Allahınız Rəbbin sizə söz verdiyi kimi onların torpağına sahib olacaqsınız» (Yeşua 23:4, 5).
B. e. ə. 1450-ci ildə Yeşua tərəfindən yazılmış bu kitab 22 il ərzində baş vermiş çox maraqlı tarixi hadisələri nəql edir. O zaman israillilər Və’d edilmiş diyara daxil olmaq üçün onun astanasında hazır dayanmışdılar. Bu gün biz də Allahın və’d etdiyi yeni dünyanın astanasında dayanmışıq. Buna görə də, gəlin «Yeşua» kitabını diqqətlə tədqiq edək (İbranilərə 4:12).
«YERİXO DÜZƏNLİKLƏRİNDƏ»
Yehova Yeşuaya olduqca vacib tapşırıq verir: «Qulum Musa öldü. İndi qalx, sən və bütün bu xalq İordan çayını keçib İsrail övladlarına verəcəyim torpağa gedin» (Yeşua 1:2). Yeşua bir neçə milyon əhalidən ibarət olan xalqı Və’d edilmiş diyara daxil etməlidir. Lakin əvvəlcə o, birinci zəbt etməli olduqları Yerixo şəhərinə iki casus göndərir. Yerixoda yaşayan Raxav adlı fahişə bir qadın Yehovanın Öz xalqı üçün etdiyi böyük işlər haqqında eşitmişdir. Buna görə də, casusları gizlətməklə onlara kömək edir. Raxav onun və qohumlarının sağ qalacaqlarına dair zəmanət alır.
Casuslar qayıdandan sonra Yeşua və bütün İsrail xalqı yola düşməyə və İordan çayını keçməyə hazır olur. Bu zaman İordan çayının aşıb-daşmasına baxmayaraq, bu, xalq üçün heç bir çətinlik yaratmır. Çünki Yehova çayın yuxarı hissəsinə sanki bir divar çəkir və suyun Ölü dənizə tökülməsinin qayğısına qalır. İordan çayını keçdikdən sonra israillilər Yerixonun yaxınlığındakı Qilqalda ordugah qururlar. Onlar dörd gündən sonra Aviv ayının on dördü axşamı Yerixo düzənliklərində Pasxa bayramını qeyd edirlər (Yeşua 5:10). Ertəsi günü onlar həmin torpağın bəhrələrindən yeməyə başlayırlar və Yehova artıq onlara manna vermir. O zaman Yeşua səhrada doğulmuş bütün kişiləri sünnət edir.
Müqəddəs Kitab suallarına cavablar:
2:4, 5 — Raxav casusları axtaran padşahın adamlarını nə üçün aldatdı? Yehovaya iman etdiyi üçün, Raxav öz həyatını təhlükə altına qoyaraq casusları gizlədir. Həm də o, Allahın xalqının düşmənlərinə casusların harada olduqlarını demək məcburiyyətində deyildi (Matta 7:6; 21:23-27; Yəhya 7:3-10). Bundan əlavə, Raxav «öz əməllərinə görə saleh» sayılmışdı və belə əməllərdən biri padşahın qullarını səhv istiqamətdə göndərməsi idi (Yaqub 2:24-26).
5:14, 15 — «Rəbbin ordusunun başçısı» kimdir? Və’d edilmiş diyarın zəbti başlanan zaman Yeşuanın köməyinə gələn başçı, hər ehtimala görə, «Kəlam» idi, yə’ni bu, yer üzünə gəlməzdən əvvəl mövcud olan İsa Məsih idi (Yəhya 1:1; Daniel 10:13). İzzətlənmiş İsa Məsihin bu gün Allahın xalqına ruhani müharibədə kömək etməsi bizi necə də möhkəmləndirir!
Bizim üçün ibrət dərsləri:
1:7-9. Ruhani sə’ylərimizdə uğurlu olmaq üçün Müqəddəs Kitabı müntəzəm oxumaq, üzərində dərindən düşünmək və onda olan prinsipləri tədqiq etmək tələb olunur.
1:11. Yeşua oturub, Allahın onların qeydinə qalacağını gözləməyin əvəzinə, xalqa yol üçün azuqə hazırlamağı buyurdu. İsa Məsihin bizə nə yeyib, nə içəcəyimiz üçün narahat olmamağa dair verdiyi nəsihəti, həmçinin «hamısı sizə əlavə olaraq veriləcəkdir» və’di o demək deyil ki, özümüzü maddi cəhətdən tə’min etmək üçün bizə heç nə etmək lazım deyil (Matta 6:25, 33).
2:4-13. Yehovanın böyük işlərini eşidən və ləngimədən hərəkət etməyin vacibliyini dərk edən Raxav, Yehovanın xidmətçilərinin tərəfini tutmaq qərarına gəldi. Əgər artıq çoxdandır ki, Müqəddəs Kitabı öyrənir və «axır günlərdə» yaşadığımızı anlayırsınızsa, onda Allaha xidmət etmək qərarını ləngitməyə dəyərmi? (2 Timoteyə 3:1).
3:15. Casuslar kəşfiyyata getdikləri torpağın yaxşı olduğunu deyən kimi, Yeşua İordanın sularının azalmasını gözləməyib dərhal hərəkət etdi. Məsələ Allaha xidmətə aid olduqda, biz də daha müvafiq vaxt gözləmək əvəzinə, dərhal hərəkət etməliyik.
4:4-8, 20-24. İordan çayının dibindən götürülən on iki daş israillilər üçün xatirə oldu. Bu gün Yehovanın Öz xidmətçilərini düşmənlərdən xilas etməsi də «xatirə» kimi xidmət edir, yə’ni bu, Yehovanın onlarla olduğuna şəhadətdir.
TORPAQLARIN ZƏBT EDİLMƏSİ DAVAM EDİR
Yerixo şəhərini «bərk-bərk bağlamışdılar. Oraya girib-çıxan yox idi» (Yeşua 6:1). Bəs şəhəri necə zəbt etmək olar? Yehova Yeşuaya hansı tədbirləri görməli olduğuna dair göstəriş verir. Çox keçməmiş şəhərin divarları yerə çökür və şəhər məhv edilir. Yalnız Raxav və onun qohumları sağ qalır.
Qarşıda padşah şəhəri olan Ayı zəbt etmək lazımdır. Casuslar xəbər verirlər ki, şəhərin sakinləri az olduğundan, onu almaq üçün də çox adam tələb olunmur. Şəhəri zəbt etmək üçün təxminən 3 000 əsgər göndərilir, lakin Ay şəhərinin sakinləri onları qovurlar. Nəyə görə? Ona görə ki, Yehova israillilərdən üz döndərmişdir. Yəhuda qəbiləsindən olan Akan Yerixonun fəth edildiyi zaman günah işlətmişdir. Yeşua vəziyyəti həll edərək, yenidən hücuma keçir. Artıq israillilərin üzərində bir dəfə qələbə çalmış Ay şəhərinin padşahı onlarla yenidən vuruşmaq arzusundadır. Lakin Yeşua xüsusi strategiya tətbiq edir. O, Ay şəhərinin adamlarının özlərindən razı olmalarından istifadə edib şəhəri zəbt edir.
Giveon «böyük bir şəhər idi... Ay şəhərindən də böyük idi və oranın adamları igid idi» (Yeşua 10:2). İsraillilərin Yerixo və Ay şəhərlərini zəbt etdiklərini eşidən Giveon əhalisi hiyləyə əl ataraq onlarla sülh bağlayırlar. Qonşu xalqlar Giveon əhalisinin düşmən tərəfə keçməsini özləri üçün təhlükə kimi qəbul edirlər. Beş padşah Giveona qarşı hücum etmək üçün birləşir. Lakin israillilər düşmənləri darmadağın etməklə Giveon əhalisini xilas edirlər. Yeşuanın rəhbərliyi altında İsrail xalqı cənubda və qərbdə yerləşən şəhərləri zəbt edir, həmçinin şimal padşahlarının əhdini pozur. İsraillilər İordan çayından qərbdə yerləşən şəhərləri idarə edən padşahların üzərində 31 qələbə çalırlar.
Müqəddəs Kitab suallarına cavablar:
10:13 — Belə bir mö’cüzə necə baş verə bilərdi? Göylərin və yerin Yaradanı «Rəbb üçün çətin bir şey varmı?» (Yaradılış 18:14). Əgər Yehova lazım bilərsə, yerin hərəkətini elə idarə edər ki, yerdən müşahidə edənə elə gələr ki, guya günəş və ay yerində durur. O, həmçinin yerin və ayın hərəkətini dəyişmədən, günəş və ay işığının istiqamətini dəyişərək elə bir optik effekt yarada bilər ki, yerdəki adamlara bu iki səmavi cismin göy qübbəsində qaldığı görünə bilər. Hər necə olsa da, Müqəddəs Kitabda deyilir ki, «o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu» (Yeşua 10:14).
10:13 — «Yaşar» kitabı nədir? Bu kitab haqqında hələ 2 Şamuel 1:18 ayəsində də oxuyuruq. Orada İsrail padşahı Şaul və oğlu Yonatan haqqında «Oxatan yay» adlı mərsiyə xatırlanır. Ehtimal ki, bu kitaba epik və tarixi məzmun daşıyan nəğmə və şe’rlərin məcmuəsi daxil idi və hər şeydən göründüyü kimi, bu kitab yəhudilər arasında yaxşı tanınmış bir kitab idi.
Bizim üçün ibrət dərsləri:
6:26; 9:22, 23. Yeşuanın Yerixonun məhvi zamanı söylədiyi lə’nət təxminən 500 ildən sonra yerinə yetdi (1 Padşahlar 16:34). Nuhun öz oğlu Kən’ana söylədiyi lə’nət isə, Giveon əhalisi qula çevrilən zaman yerinə yetdi (Yaradılış 9:25, 26). Yehovanın sözü həmişə yerinə yetir.
7:20-25. Bə’ziləri Akanın etdiyi oğurluğun, ehtimal ki, başqalarına heç bir zərər gətirmədiyini düşünərək, bunun əhəmiyyətsiz bir şey olduğunu iddia edə bilərlər. Kimsə elə düşünə bilər ki, xırda oğurluq və Müqəddəs Kitabın başqa prinsiplərini əhəmiyyətsiz dərəcədə pozmaq bir o qədər də ağır günah deyil. Amma biz Yeşua kimi, bizi əxlaqsız və qanunsuz əməllərə təhrik edən hər cür təzyiqə qarşı durmalıyıq.
9:15, 26, 27. Biz gərək sözümüzün üstündə duraq, verdiyimiz və’dlərə və bağladığımız müqavilələrə ciddi yanaşaq.
YEŞUANIN SONUNCU VACİB TAPŞIRIĞI
Artıq yaşı doxsana çatmış qoca Yeşua torpaqları bölməyə başlayır. Bu heç də asan tapşırıq deyil! Ruven və Qad qəbiləsi, həmçinin Menaşşe qəbiləsinin yarısı artıq İordan çayının şərq tərəfində öz torpaq paylarını alıblar. Qalan qəbilələrin torpaq payı isə püşk atılaraq qərbdə verilir.
Çadır Şiloda, Efrayimin ərazisindədir. Kalevə Xevron, Yeşuaya isə Timnat-Serah verilir. Levililərə, 6 sığınacaq şəhəri də daxil olmaqla, 48 şəhər düşür. İordan çayından şərqdə yerləşən torpaqlarına qayıdan Ruven, Qad qəbilələrinin və Menaşşe qəbiləsinin yarısının döyüşçüləri «möhtəşəm görünüşlü» bir qurbangah qururlar (Yeşua 22:10). İordanın qərb tərəfində yaşayan qəbilələr bunu dönüklük hesab edirlər ki, bu da az qala müharibəyə gətirib çıxarmışdı, amma açıq ünsiyyətin sayəsində bu anlaşılmazlıq həll olunur.
Yeşua Timnat-Serahda bir müddət yaşadıqdan sonra İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və mə’murlarını çağırıb, onları cəsarətli olmağa və Yehovaya sədaqətlərini qorumağa təşviq edir. Daha sonra Yeşua İsrailin bütün qəbilələrini Şekemə toplayır. Orada Yehovanın işlərini — İbrahimin günlərindən bəri baş verən hadisələri xalqa xatırladır və yenidən hamını ‘Rəbdən qorxmağa, səmimiyyətlə və sədaqətlə Ona qulluq etməyə’ çağırır. Xalq yekdilliklə söz verir: «Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq» (Yeşua 24:14, 15, 24). Bu hadisələrdən sonra 110 yaşlı Yeşua vəfat edir.
Müqəddəs Kitab suallarına cavablar:
13:1 — Bu ayə Yeşua 11:23 ayəsində deyilənə zidd gedirmi? Xeyr, belə ki, Və’d edilmiş diyarın zəbtini şərti olaraq iki mərhələyə bölmək olar: Kən’an torpağında 31 padşahın üzərində qələbə çalmaqla kən’anlıların hakimiyyətinə son qoyulması və ayrı-ayrı insanların və bütöv qəbilələrin fəaliyyəti nəticəsində torpaqların tam şəkildə alınması (Yeşua 17:14-18; 18:3). Kən’anlıların hamısı qovulmasalar da, sağ qalanlar israillilər üçün elə bir təhlükə yaratmırdı (Yeşua 16:10; 17:12). Yeşua 21:44 ayəsində deyilir: «Rəbb... onlara hər tərəfdən dinclik verdi».
24:2 — İbrahimin atası Terah bütpərəst idimi? Başlanğıcda Terah Yehovanın xidmətçisi deyildi. Çox ehtimal ki, o, Ur şəhərində məşhur olan Ay tanrısı Sinə ibadət edirdi. İbrani adət-ən’ənələrinə əsasən, ola bilsin, Terahın özü də bütlər düzəldirdi. Lakin İbrahim Allahın əmrinə görə Urdan Xarana yola düşəndə, Terah da onunla birlikdə getdi (Yaradılış 11:31).
Bizim üçün ibrət dərsləri:
14:10-13. Kalevin 85 yaşında olmasına baxmayaraq, Xevron bölgəsini bütpərəst xalqlardan təmizləmək kimi çətin bir tapşırığı ona e’tibar edilməsini xahiş edir. O ərazidə nəhəng adamlar olan «Anaqlılar» yaşayırdı. Yehovanın köməyi ilə bu təcrübəli döyüşçü qələbə çaldı, Xevron isə sığınacaq şəhərlərindən biri oldu (Yeşua 15:13-19; 21:11-13). Kalevin nümunəsi bizə çətin teokratik tapşırıqlardan qorxmamağı öyrədir.
22:9-12, 21-33. Biz ehtiyatlı olmalıyıq ki, başqaları haqqında yanlış nəticələr çıxarmayaq.
«Dediyi... şeylərdən heç biri boşa çıxmadı»
Artıq qoca yaşında olan Yeşua İsrailin ağsaqqallarına deyir: «Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi» (Yeşua 23:14). «Yeşua» kitabında yazılmış tarixi hadisələr bunu tamamilə sübuta yetirir.
Həvari Pavel yazmışdır: «Bundan əvvəl yazılanların hamısı bizə tə’lim olaraq yazıldı ki, təhəmmül və Müqəddəs Yazıların təsəllisi ilə ümidimiz olsun» (Romalılara 15:4). Biz tamamilə əmin ola bilərik ki, Allaha olan ümidimiz əbəs deyil. Onun heç bir sözü boşa çıxmayacaq, hamısı mütləq yerinə yetəcəkdir.
[7-ci səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
Yeşuanın rəhbərliyi altında zəbt edilmiş torpaqlar.
BAŞAN
GİLEAD
ARAVA
NEGEV
İordan çayı
Duz dənizi
Yabboq vadisi
Arnon vadisi
Xasor
Madon
Laşşaron
Şimron
Yoqneam
Dor
Megiddo
Qedeş
Taanak
Xefer
Tirsa
Afeq
Tappuah
Bet-El
Ay
Qilqal
Yerixo
Gezer
Yerusəlim
Maqqeda
Yarmut
Adullam
Livna
Lakiş
Eqlon
Xevron
Devir
Arad
[5-ci səhifədəki şəkil]
Fahişə Raxavın nəyə görə saleh sayıldığını bilirsinizmi?
[6-cı səhifədəki şəkil]
Akanın oğurluğu əhəmiyyətsiz bir şey deyildi, ciddi nəticələrə gətirib çıxardı.
[6-cı səhifədəki şəkil]
«İman vasitəsilə... Yerihonun [Yerixonun] divarları yıxıldı» (İbranilərə 11:30).
[7-ci səhifədəki şəkil]
Yeşua israilliləri ‘Rəbdən qorxmağa və Ona qulluq etməyə’ çağırır.