Nə qədər ki gəncsən, Yehovaya xidməti seç
«Öyrəndiyin və əmin olduğun şeylərə əməl etməkdə davam et» (2 TİM. 3:14).
1. Yehova gənc Şahidlərinin xidmətini necə qiymətləndirir?
GƏNCLƏRİN müqəddəs xidməti Yehova üçün o qədər vacibdir ki, məzmurçunu növbəti peyğəmbərliyi yazmağa ilhamlandırıb: «Döyüş günü əsgərlərin könüllü olaraq döyüşə gedəcək, gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək» (Məz. 110:3). Bəli, Yehova Ona könüllü xidmət edən gəncləri yüksək qiymətləndirir.
2. Gənclər gələcəklərini planlaşdırarkən hansı təsirlərə məruz qalırlar?
2 Ey məsihçi yığıncağında olan gənclər, həyatınızı Yehovaya həsr etmisinizmi? Bir çox gənclər həqiqi Allaha xidmət etmək seçiminin çətin olduğunu düşünürlər. Qabaqcıl iş adamları, pedaqoqlar, həmçinin bəzən ailə üzvləri və dostlar gəncləri qarşılarına maddi məqsədlər qoymağa təşviq edirlər. Ruhani məqsədlərə can atan gənclərə isə dünya istehza ilə yanaşır. Şübhə yoxdur ki, həqiqi Allaha xidmət etmək həyatda tuta biləcəyiniz ən yaxşı yoldur (Məz. 27:4). Bununla əlaqədar üç suala diqqət yetirək: siz nə üçün Allaha xidmət etməlisiniz? Başqalarının sözlərinə və hərəkətlərinə baxmayaraq, Yehovaya həsr olunmuş bir şəxs kimi necə müvəffəqiyyət qazana bilərsiniz? Müqəddəs xidmət üçün qarşınızda hansı gözəl imkanlar açıla bilər?
Yehovaya xidmət ən düzgün həyat yoludur
3. Yehovanın yaratdıqları bizi nəyə təşviq etməlidir?
3 Sən nəyə görə həqiqi və yaşayan Allaha xidmət etməlisən? Vəhy 4:11 ayəsində bunun başlıca səbəbi deyilir: «Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı». Yehova mövcud olan hər bir şeyin valehedici Yaradanıdır. Bax gör Yer kürəsi necə də gözəldir! Ağaclar, gül-çiçəklər, heyvanlar, okeanlar, dağlar, şəlalələr — bunların hamısını Yehova yaradıb. Məzmur 104:24 ayəsində deyilir: «Ya Rəbb... yaratdıqların yer üzünü doldurub». Yerdən və onda olan yaxşı şeylərdən həzz ala bilməyimiz üçün Yehovanın məhəbbətlə qayğı göstərib bizə bədən və şüur verdiyinə görə biz necə də minnətdarıq! Məgər heyrətamiz varlıqlara görə səmimi minnətdarlıq hissi bizi Yaradana xidmət etməyə təşviq etməli deyilmi?
4, 5. Yehovanın hansı işləri Yeşuanı Ona yaxınlaşdırdı?
4 Yehovaya xidmət etməyin başqa səbəbi İsrailin başçısı Yeşuanın sözlərindən aydın görünür. O, ömrünün sonuna yaxın Allahın xalqına dedi: «Bütün qəlbinizlə və varlığınızla bilirsiniz ki, Allahınız Rəbbin haqqınızda dediyi bütün yaxşı şeylərdən heç biri boşa çıxmadı. Hamısı sizin üçün yerinə yetdi». Nə üçün Yeşua bu sözləri əminliklə dedi? (Yeşua 23:14).
5 Misirdə boya-başa çatan Yeşua Yehovanın israillilərə miras olaraq bir diyar verəcəyi vədini bilirdi (Yar. 12:7; 50:24, 25; Çıx. 3:8). Sonra Yeşua Yehovanın Misirə On bəla göndərməklə və inadkar fironu İsrail oğullarını buraxmağa məcbur etməklə həmin vədi necə yerinə yetirməyə başladığını müşahidə etmişdi. Yeşua Qırmızı dənizi keçənlərin və fironla ordusunun dənizdə məhv edilməsini görənlərin arasında olmuşdu. «Böyük və qorxunc» Sina səhrasında uzun müddət dolaşdıqları vaxt ərzində Yeşua Yehovanın israilliləri hər şeylə necə təmin etdiyini görürdü. Onların arasında susuzluqdan və ya aclıqdan ölən olmamışdı (Qanun. t. 8:3-5, 14-16; Yeşua 24:5-7). İsraillilər üçün güclü Kənan xalqlarını məğlub etmək və Vəd edilmiş diyara sahib olmaq vaxtı gələndə Yeşua Yehovanın onlara bu işdə necə dayaq olduğunu görmüşdü (Yeşua 10:14, 42).
6. Allaha xidmət etmək istəyinin yaranmasına nə kömək edər?
6 Yeşua Yehovanın Öz vədlərinə sadiq qaldığını bilirdi. Buna görə də dedi: «Mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək» (Yeşua 24:15). Bəs sənin haqqında nə demək olar? Həqiqi Allahın artıq yerinə yetmiş və yetəcək vədləri üzərində düşünəndə səndə Yeşua kimi Ona xidmət etmək istəyi yaranırmı?
7. Vəftiz nə üçün vacib addımdır?
7 Yehovanın yaratdıqlarını seyr etmək, möhtəşəm və etibarlı vədləri üzərində düşünmək səni nəinki özünü Ona həsr etməyə, həm də vəftiz olunmağa təşviq etməlidir. Vəftiz, Allaha xidmət etmək istəyənlər üçün vacib addımdır. Nümunəmiz olan İsa bunun belə olduğunu göstərmişdi. O, Məsih kimi xidmətə başlamazdan əvvəl, vəftiz olunmaq üçün Vəftizçi Yəhyanın yanına gəldi. İsa nə üçün bu addımı atdı? Bir qədər sonra o dedi: «Mənim iradəmi deyil, Məni göndərən Atamın iradəsini yerinə yetirmək üçün göydən endim» (Yəh. 6:38). İsa özünü Atasının iradəsini yerinə yetirməyə həsr etdiyini göstərmək üçün vəftiz olundu (Mat. 3:13-17).
8. Timotey nə üçün Allaha xidməti seçmişdi və sənə nə etmək lazım gələ bilər?
8 Gəlin, Yehovanın müəyyən vaxtdan sonra çox işlər və xüsusi tapşırıqlar verdiyi gənc məsihçi Timoteyin nümunəsinə nəzər salaq. Timotey nə üçün həqiqi Allaha xidmət etmək qərarına gəlmişdi? Müqəddəs Kitab deyir ki, o ‘öyrəndi’ və öyrəndiyi şeylərin doğruluğuna ‘əmin oldu’ (2 Tim. 3:14). Əgər sən Allahın Kəlamını öyrənib, oradakı təlimlərin həqiqət olduğuna əmin olmusansa, Timotey kimi davranmağa əsasın var. İndi sən də qərar verməlisən. Nə üçün öz istəyin barədə valideynlərinlə söhbət etməyəsən? Onlar yığıncağın ağsaqqalları ilə birlikdə sənə Müqəddəs Yazılarda vəftiz üçün olan tələbləri başa düşməyə kömək edə bilərlər. (Həvarilərin işləri 8:12 ayəsini oxu.)
9. Sənin vəftiz olunmağın insanlara necə təsir edə bilər?
9 Vəftiz olunmağın həqiqi Allaha xidmətinə əla başlanğıcdır. Bu addımı atmaqla sən uzunməsafəli qaçışa başlamış olursan. Bunun mükafatı isə əbədi həyat və Allahın iradəsini yerinə yetirməkdən doğan sevincdir (İbr. 12:2, 3). Həmçinin artıq bu qaçışda olan ailə üzvlərini və məsihçi dostlarını sevindirəcəksən. Ən vacibi isə Yehovanın ürəyini sevindirəcəksən. (Süleymanın məsəlləri 23:15 ayəsini oxu.) Düzdür, başqaları sənin Yehovaya xidmət etmək qərarını başa düşməyə və onun səhv olduğunu düşünə bilərlər. Onlar sənə müqavimət də göstərə bilərlər. Lakin bu çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gələ bilərsən.
Başqaları sual verəndə, yaxud müqavimət göstərəndə
10, 11. a) Allaha xidmət etmək qərarınla bağlı insanlar sənə hansı sualları verə bilərlər? b) İsanın həqiqi ibadətə dair suallara cavab verməsindən nə öyrənə bilərsən?
10 Yehovaya xidmət etmək qərarın sinif yoldaşlarında, qonşularında və qohumlarında təəccüb doğura bilər. Ola bilsin, onlar bu yolu seçməyinin səbəbini soruşacaq və etiqadın barədə səni sorğu-suala tutacaqlar. Sən necə cavab verməlisən? Təbii ki, seçiminin səbəbini başa sala biləsən deyə, gərək düşüncə və hisslərini təhlil edəsən. Etiqadına dair suallara cavab verəndə təqlid edə biləcəyin ən yaxşı nümunə İsanın nümunəsidir.
11 Yəhudi din rəhbərləri İsaya dirilmə haqqında sual verəndə o onların diqqətlərini birbaşa olaraq nəzərə almadıqları ayəyə yönəltdi (Çıx. 3:6; Mat. 22:23, 31-33). Din alimlərindən biri hansı əmrin ən böyük olduğunu soruşanda İsa Müqəddəs Kitabdan müvafiq ayələri sitat gətirdi. Həmin adam İsanın verdiyi cavaba görə ona təşəkkür etdi (Lev. 19:18; Qanun. t. 6:5; Mark 12:28-34). İsanın Müqəddəs Yazılardan istifadə etməsi və danışıq tərzi ‘xalq arasında fikir ayrılığının yaranmasına’ səbəb oldu və düşmənləri ona zərər yetirə bilmədilər (Yəh. 7:32-46). İmanınla bağlı suallara cavab verərkən Müqəddəs Kitabdan istifadə et, ‘mülayimliklə və ehtiramla cavab ver’ (1 Pet. 3:15). Sualın cavabını bilmirsənsə, bunu etiraf et və araşdıracağını bildir. Ana dilində varsa, həmin mövzunu «Gözətçi Qülləsi nəşrlərinin indeksi»ndə və ya «Gözətçi Qülləsinin kitabxanası»nda (CD-ROM) axtar. Yaxşı hazırlaşmağın sayəsində «necə cavab vermək lazım olduğunu» biləcəksən (Kolos. 4:6).
12. Təqibin səni ruhdan salmasına nə üçün yol verməməlisən?
12 Allaha xidmət etmək qərarına və etiqadına dair sorğu-sual olunmaqdan savayı daha artıq şeylə qarşılaşa bilərsən. Çünki dünyanı idarə edən Allahın düşməni Şeytan İblisdir. (1 Yəhya 5:19 ayəsini oxu.) Hər bir insandan tərif və iltifat gözləmək real deyil və sən müqavimətlə üzləşə bilərsən. Bəzi insanlar ‘səni söyə’ bilərlər və belə münasibət uzun sürə bilər (1 Pet. 4:4). Unutma ki, sən tək deyilsən. İsa Məsih də təqiblərlə üzləşirdi. Təqiblər həvari Peterdən də yan keçmədi. O yazırdı: «Sevimlilərim, sanki başınıza qəribə bir iş gəlirmiş kimi, aranızda baş verib, sizi sınamaq üçün olan odlu imtahana [əziyyətə] təəccüb etməyin. Lakin Məsihin ələmlərində iştirak etdiyinizə görə sevinin» (1 Pet. 4:12, 13).
13. Məsihçilər təqib olunanda nə üçün sevinə bilərlər?
13 Bir məsihçi kimi təqibə və ya müqavimətə tab gətirmək sevinməyə əsas verir. Nə üçün? Çünki əgər dünya səni bəyənirsə, deməli, sən Allahın yox, Şeytanın normalarına müvafiq yaşayırsan. İsa xəbərdarlıq etmişdir: «Bütün insanlar sizin üçün yaxşı söylədikləri zaman, vay sizə! Çünki onların ataları yalançı peyğəmbərlər ilə də belə rəftar etmişlər» (Luka 6:26). Təqib göstərir ki, Yehovaya xidmət etdiyin üçün Şeytan və onun dünyası sənə çox qəzəblidir. (Matta 5:11, 12 ayələrini oxu.) ‘Məsihin adından ötrü təhqir edildiyimizə’ görə sevinməyə dəyər (1 Pet. 4:14).
14. Təqibə baxmayaraq, insanın Yehovaya sadiq qalması hansı yaxşı nəticələri verə bilər?
14 Müqavimətə baxmayaraq Yehovaya sadiq qalmağın ən azı dörd yaxşı nəticəsi olur. Sən Allah və Onun Oğlu haqqında şahidlik edirsən. Sədaqətlə tab gətirməyin məsihçi bacı-qardaşlarını ruhlandırır. Səni müşahidə edənlərin bəziləri Yehovanı axtarmağa təşviq oluna bilərlər. (Filipililərə 1:12-14 ayələrini oxu.) Sınaqlara tab gətirmək üçün Yehovanın səni necə möhkəmləndirdiyini görəndə Ona məhəbbətin artır.
Qarşında «geniş qapı» açılıb
15. Həvari Pavelin qarşısında hansı «geniş qapı» açılmışdır?
15 Həvari Pavel Efesdəki xidməti haqda yazırdı: «Qarşımda böyük və fəaliyyət üçün geniş qapı açılmışdır» (1 Kor. 16:8, 9). Bu qapı, şəhərdə xoş xəbəri təbliğ etmək və şagirdlər hazırlamaq üçün geniş fəaliyyətə yol açırdı. Pavel bu qapıdan girərək bir çoxlarına Yehova haqqında öyrənməyə və Ona xidmət etməyə kömək etmişdir.
16. Məsh olunmuş qalıq 1919-cu ildə ‘açıq qapıdan’ necə girdi?
16 1919-cu ildə, izzətlənmiş İsa Məsih məsh olunmuş qalığın önündə ‘qapı açdı’ (Vəhy 3:8). Onlar bu qapıdan girib daha böyük səylə xoş xəbəri təbliğ etməyə və Müqəddəs Kitab həqiqətini öyrətməyə başladılar. Onların xidmətinin bəhrəsi nə oldu? Hal-hazırda xoş xəbər dünyanın ucqar yerlərində təbliğ olunur və yeddi milyona yaxın insan Allahın yeni dünyasında əbədi həyata nail olmağa ümid bəsləyir.
17. «Fəaliyyət üçün geniş qapı»dan necə girə bilərsən?
17 «Fəaliyyət üçün geniş qapı» Yehovanın bütün xidmətçilərinin qarşısında hələ də taybatay açıqdır. Bu qapıdan girənlər xoş xəbərin təbliğində tam iştirak etdikləri üçün sevinc və məmnunluq duyurlar. Yehovanın xidmətçiləri olan siz gənclər, başqalarına ‘Müjdəyə iman gətirməyə’ kömək etmək kimi nadir imkanı nə dərəcədə qiymətləndirirsiniz? (Mark 1:14, 15). Daimi və ya köməkçi pioner kimi xidmət etməyi düşünürsünüzmü? Padşahlıq Zallarının tikintisində iştirak etmək, Bet-El, missioner və xüsusi pioner xidməti sizlərdən bir çoxunun qarşısında açılan digər imkanlardır. Şeytanın pis dünyası üçün buraxılan vaxt tükənmək üzrə olduğu üçün Padşahlıq xidmətinin bu sahələrində iştirak etmək günü-gündən təxirəsalınmaz olur. Nə qədər ki vaxt var, ‘geniş qapıdan’ girəcəksənmi?
«Dadın, görün Rəbb [Yehova] nə qədər şirindir»
18, 19. a) Nəyə görə Davudun Yehovaya xidmət etməyə güclü istəyi vardı? b) Allaha xidmət etdiyinə Davudun heç vaxt peşman olmadığını nə göstərir?
18 Allahdan ilham alan məzmurçu başqalarını dəvət edir: «Dadın, görün Rəbb [Yehova] nə qədər şirindir» (Məz. 34:8). Qədim İsrailin padşahı Davud uşaqlıqda çoban olanda Yehova onu vəhşi heyvanların hücumundan xilas edirdi. Allah onu Qolyatla vuruşanda dəstəkləmişdi, bundan başqa, bir çox çətinliklərdən də qurtarmışdı (1 Şam. 17:32-51; 18-ci məzmur və giriş sözləri). Allahın sevgi dolu xeyirxahlığını görən Davud «Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur» sözlərini yazmağa təşviq olunmuşdur (Məz. 40:5).
19 Davud Yehovanı çox sevirdi və Onu bütün ürəyi və düşüncəsi ilə izzətləndirmək istəyirdi. (Məzmur 40:8-10 ayələrini oxu.) Həyatını həqiqi Allaha xidmətə həsr etdiyinə görə Davud heç vaxt peşman deyildi. Ömrü boyu Allaha sadiq qalması onun ən böyük xəzinəsi — tayı-bərabəri olmayan xoşbəxtlik mənbəyi idi. Ahıl yaşına çatmış Davud dedi: «Ey Xudavənd, Sən mənim ümidimsən, ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm. Yaşa dolub saçıma dən düşənə qədər... ey Allah, məni tərk etmə» (Məz. 71:5, 18). Davudun qocalıb gücdən düşməsinə baxmayaraq, Yehovaya etibarı və Onunla dostluq telləri get-gedə möhkəmlənirdi.
20. Nəyə görə demək olar ki, Allaha xidmət həyatda ən gözəl yoldur?
20 Yeşuanın, Davudun və Timoteyin həyatı bir daha sübut edir ki, Yehovaya xidmət insanın seçə biləcəyi ən gözəl həyat yoludur. Bu dünyada karyerada əldə edilən qısamüddətli nailiyyətlər ‘bütün qəlbimizlə, bütün varlığımızla’ Yehovaya xidmət etməyin gətirdiyi uzunmüddətli xeyir-dualarla müqayisə edilə bilməz (Yeşua 22:5). Həyatını duada Yehovaya həsr etməmisənsə, özündən soruş: «Yehovanın Şahidi olmağıma mane olan nədir?» Artıq Yehovanın vəftiz olunmuş xidmətçisisənsə, sevincini artırmaq istəməzdinmi? Onda xidmətini genişləndir və bir məsihçi kimi ruhən böyüməyə davam et. Növbəti məqalə, həvari Pavelin nümunəsini təqlid edərək sənin bu sahələrdə necə inkişaf edə biləcəyini göstərəcək.
Necə cavab verərdiniz?
• Hansı iki səbəbə görə Allaha xidmət etməliyik?
• Allaha xidmət etməyi qərara almaqda Timoteyə nə kömək etdi?
• Təqiblə qarşılaşanda nə üçün möhkəm olmalısan?
• Xidmət üçün qarşında hansı imkanlar açıla bilər?
[18-ci səhifədəki şəkil]
Yehovaya xidmət həyatda ən gözəl yoldur
[19-cu səhifədəki şəkil]
Etiqadınla bağlı suallara cavab verə bilirsənmi?