İmanla davranmaq Allahın razılığını qazandırır
«Vədləri iman və səbirlə miras alanlardan nümunə [götürün]» (İBR. 6:12).
1, 2. İftahla qızı hansı çətin vəziyyətlə üzləşdi?
NƏHAYƏT Kİ, intizar sona yetdi. Atası böyük zəfərlə, sağ-salamat döyüşdən qayıtdı. Gənc qız sevincindən rəqs edə-edə, oxuya-oxuya onu qarşılamağa çıxdı. Ancaq nə üçünsə atası onu görəndə sevinmədi, yaxasını cırıb nalə çəkdi: «Vay, qızım! Belimi qırdın». Atasının bundan sonra dediyi sözlər qızın həyatını kökündən dəyişdi, onun bütün gənclik arzularını, istəklərini, xəyallarını ürəyində qoydu. Lakin qız bir an belə tərəddüd etmədən atasının iradəsinə boyun əydi, onu Yehovaya verdiyi nəziri yerinə yetirməyə təşviq etdi. Qızın atasına verdiyi gözəl cavab onun nə qədər böyük iman sahibi olduğunu üzə çıxardı. Qız inanırdı ki, Yehova nə deyirsə, onun yaxşılığı üçün deyir (Hak. 11:34—37). Qızının imanını görən atanın qəlbi fərəhdən cuşa gəldi. O bilirdi ki, qızının onun qərarına can-dildən tabe olması Yehovaya xoşdur.
2 Həm İftah, həm də onun Allahdan qorxan qızı inanırdı ki, Yehova nə edirsə, düz edir. Buna görə də, hətta çətin olanda belə, onlar imanla davrandılar. Onlar əmin idilər ki, Allahın razılığını qazanmaq üçün hər cür qurbanı verməyə dəyər.
3. İftahın və qızının nümunəsi bu gün bizə necə kömək edə bilər?
3 Biz bilirik ki, Yehovaya olan imanımızı qorumaq həmişə asan olmur. Bizə iman uğrunda ciddi mübarizə aparmaq lazımdır (Yhd. 3). Gəlin görək İftah və onun qızı üzləşdikləri çətinliklərə necə sinə gərmişdilər və imanlarını əməldə necə göstərmişdilər. Bu, bizə də öz imanımız uğrunda mübarizə aparmağa kömək edəcək.
DÜNYANIN TƏSİRİNƏ UYMAYIB İMANLA DAVRANDILAR
4, 5. a) İsraillilər vəd olunmuş diyara girəndə Yehova onlara nə əmr etmişdi? b) 106-cı məzmura əsasən, israillilərin itaətsizliyi nə ilə nəticələnmişdi?
4 İftahla qızı Yehovaya sadiq qalmamağın acı nəticələrini hər gün öz gözləri ilə görürdülər. Təxminən 300 il əvvəl Yehova israillilərin ulu babalarına əmr etmişdi ki, Vəd olunmuş diyarda yaşayan bütpərəstlərin hamısını qırsınlar (Qan. 7:1—4). Lakin onlar bu əmrə itaət etməmişdilər. Nəticədə çoxları kənanilərin izi ilə getmişdi. Bu isə məmləkətdə bütpərəstliyə, pozğunluğa, əxlaqsızlığa rəvac vermişdi. (Zəbur 106:34—39 ayələrini oxuyun.)
5 Bu üsyan Yehovanın narazılığına səbəb olmuşdu. O, artıq xalqını hifz etmirdi (Hak. 2:1—3, 11—15; Zəb. 106:40—43). Təsəvvür edin, həmin vaxt mömin insanlar üçün Yehovaya sadiq qalmaq necə çətin idi. Buna baxmayaraq, Müqəddəs Kitabdan görürük ki, xalqın arasında İftah, onun qızı, Əlqəna, Hənnə, İşmuil kimi imanlı insanlar var idi. Onlar üçün Allahın razılığını qazanmaq vacib idi (1 İşm. 1:20—28; 2:26).
6. Bu gün dünya bizə hansı təsiri göstərir, bəs biz nə etməliyik?
6 Bizim zəmanədə də insanlar qədim kənanilər kimi düşünür, onlar kimi hərəkət edir. Bu gün seks, zorakılıq, malpərəstlik ilahiləşdirilir. Ancaq Yehova qədim israillilər kimi, bizə də xəbərdarlıq edir ki, bu dünyanın təsirinə uymayaq. Bəs, görəsən, biz israillilərin səhvlərindən ibrət alırıq? (1 Kor. 10:6—11). Biz son dərəcə diqqətli olmalıyıq. Əgər həyatımızda kənanilərin düşüncəsinə xas nə isə görürüksə, onu mütləq özümüzdən uzaqlaşdırmalıyıq (Rom. 12:2). Gəlin özümüzü yoxlayaq, görək doğrudanmı var-gücümüzlə bunu etməyə çalışırıq.
MƏYUSLUĞA BAXMAYARAQ, İMANLA DAVRANDILAR
7. a) İftahın öz xalqı ona nə etmişdi? b) İftah necə davrandı?
7 İftahın günlərində israillilər Yehovaya itaətsizlikləri ucbatından filiştlilərin və əmunilərin köləsinə çevrilmişdi (Hak. 10:7, 8). Lakin İftah üçün çətinlik törədən təkcə düşmən xalqlar deyildi, həm də öz qardaşları və İsrailin başçıları idi. Ögey qardaşları ona nifrət edirdi, paxıllığını çəkirdi. Onlar İftahı qovub onu ilk oğul kimi payına düşən mirasdan məhrum etmişdilər (Hak. 11:1—3). Ancaq İftah yol vermədi ki, onların amansız rəftarına görə inciklik onun varlığına hakim kəsilsin. O kin saxlamadı, ondan imdad diləyən ağsaqqalların xahişini rədd etmədi, onların dadına yetişdi (Hak. 11:4—11). İftahı ruhani insan kimi davranmağa nə vadar etdi?
8, 9. a) Ola bilsin, İftaha Tövratdakı hansı prinsiplər kömək etmişdi? b) İftah üçün ən vacibi nə idi?
8 İftah sadəcə igid cəngavər deyildi, həm də İsrailin tarixinə yaxşı bələd idi. O, Yehovanın Öz xalqı ilə münasibətindən başa düşürdü ki, Onun gözündə nə yaxşıdır, nə pisdir (Hak. 11:12—27). Həmçinin Tövratın özəyini təşkil edən ilahi prinsiplər onun düşüncəsinə, ürəyinə nüfuz etmişdi. O bilirdi ki, kin saxlamaq Yehovaya xoş deyil. Əksinə, Yehova istəyir ki, xalqı bir-birini sevsin. Üstəlik, Tövratda deyilirdi ki, insan başqalarının, hətta ona «düşmən kəsilən adamın» da ehtiyacına göz yummamalıdır. (Çıxış 23:5; Lavililər 19:17, 18 ayələrini oxuyun.)
9 Yəqin ki, imanlı insanların nümunəsi də İftaha təsir etmişdi. Bu adamlardan biri də Yusif idi. Yusif ondan zəhləsi gedən qardaşlarına mərhəmət göstərmişdi (Yar. 37:4; 45:4, 5). Bəlkə də İftah bu kimi nümunələr üzərində düşünərək Yehovanı razı salmaq qərarına gəlmişdi. Sözsüz ki, qardaşlarının hərəkəti onun qəlbində dərin yara açmışdı, amma o, Yehovaya və Onun xalqına xidmət etməkdən boyun qaçırmadı (Hak. 11:9). Yehovanın adı uğrunda vuruşmaq İftah üçün şəxsi münaqişələrdən qat-qat vacib idi. O, Yehovaya olan imanını qorumağa qətiyyətli idi. Bundan həm onun özü, həm də israillilər xeyir gördü (İbr. 11:32, 33).
10. Hansı ilahi prinsiplər bizə məsihi kimi davranmağa kömək edə bilər?
10 Doğrudan da, İftahın hərəkəti təqdirəlayiqdir. Ola bilsin, bacı-qardaşlardan kimsə bizi məyus edib, yaxud bizimlə pis rəftar edib. Belə olan halda yol verməməliyik ki, inciklik bizi Yehovaya xidmət etməkdən, yığıncağa gəlməkdən, yaxud yığıncaqla vaxt keçirməkdən saxlasın. Biz də İftah kimi, çətin vəziyyətləri Allahın qanunlarına tabe olaraq yoluna qoymalı və başqalarına yaxşı nümunə olmalıyıq (Rom. 12:20, 21; Kol. 3:13).
VERDİYİMİZ QURBANLAR İMANIMIZI GÖSTƏRİR
11, 12. İftah nə nəzir etdi və bu, özünə nəyi daxil edirdi?
11 İftah başa düşürdü ki, israilliləri əmunilərdən xilas etmək üçün Yehovanın köməyinə ehtiyacı var. O nəzir demişdi ki, müharibədə qalib gəlsə, qayıdanda evinin qapısından ilk qarşısına çıxanı Yehovaya yandırma qurbanı kimi təqdim edəcək (Hak. 11:30, 31). Bu nə demək idi?
12 Yehova insanın qurban gətirilməsinə nifrət edir. Deməli, İftah kimisə hərfi mənada qurban gətirməyi niyyət etməmişdi (Qan. 18:9—11). Tövrata görə, yandırma qurbanı bütövlüklə Yehovaya təqdim olunurdu. Görünür, İftah onu nəzərdə tuturdu ki, həmin adam bütün həyatını ibadətdə keçirəcək. Yəni həmişə müqəddəs çadırda xidmət edəcək. Yehova İftahın nəzirini qəbul etdi və düşmənlərini məhv edərək ona şanlı zəfər qazandırdı (Hak. 11:32, 33). Bəs «yandırma qurbanı» kimi Allaha kim təqdim edildi?
13, 14. İftahın Hakimlər 11:35 ayəsində yazılan sözləri onun imanı haqqında nə deyir?
13 Məqalənin əvvəlində təsvir olunan səhnəni yadınıza salın. İftah döyüşdən qayıdanda onu gözünün ağı-qarası, yeganə övladı olan qızı qarşıladı. Görəsən, İftah əhdinə sadiq qalacaqdı? Övladını ömür boyu müqəddəs çadırda xidmət etməyə göndərəcəkdi?
14 Görünür, yenə də Müqəddəs Kitabdakı prinsiplər İftaha düzgün qərar verməyə kömək etdi. Yəqin ki, onun yadına Çıxış 23:19 ayəsindəki sözlər düşdü. Burada xalqa məhsulun ən yaxşısını Yehovaya gətirmək buyrulur. Tövratda həmçinin deyilirdi ki, nəzir deyən onu mütləq yerinə yetirməlidir. Orada yazılıb: «Kimsə Yehovaya nəzir [deyərsə],.. sözündən dönməməlidir. Söz verdiyi hər şeyi yerinə yetirməlidir» (Say. 30:2). Bəli, İftah, ehtimal ki, onunla eyni dövrdə yaşayan Hənnə kimi, nəzirini yerinə yetirməli idi. O başa düşürdü ki, onun nəziri həm özünün, həm də qızının gələcəyinə necə təsir edəcək. Bununla belə o, bunu mütləq etməli idi. İftahın başqa övladı yox idi. O, ümidini qızına bağlamışdı ki, qızı onun nəslini davam etdirəcək, İsraildə adını, irsini yaşadacaq (Hak. 11:34). Buna baxmayaraq, İftahın axır sözü bu oldu: «Yehovaya nəzir etmişəm, sözümdən dönə bilmərəm» (Hak. 11:35). İftah hətta ona baha başa gəlsə də, imanla davrandığı üçün Yehovanın razılığını və xeyir-duasını qazandı. Bəs siz İftahın yerinə olsaydınız, belə edərdiniz?
15. Çoxumuz Yehovaya hansı vədi vermişik və iman sahibi olduğumuzu necə göstərə bilərik?
15 Biz həyatımızı Yehovaya həsr edəndə söz vermişdik ki, qeyd-şərtsiz Onun iradəsini yerinə yetirəcəyik. Başa düşürdük ki, bu əhdi yerinə yetirmək üçün nəyisə qurban verməli olacağıq. Lakin bizə xoşumuza gəlməyən iş tapşırılanda Yehovanın iradəsini nə dərəcədə yerinə yetirməyə hazır olduğumuz sınanır. Bu kimi məsələlərdə fədakarlıq göstərəndə, hətta çətin olsa belə, Yehovaya xidmət edəndə iman sahibi olduğumuzu sübut edirik. Yehova bunun əvəzində bizə həmişə mükafat verir. Üstəlik, Yehovanın mükafatı bizim verdiyimiz qurbanlardan, çəkdiyimiz iztirablardan qat-qat artıq olur (Məl. 3:10). Bəs İftahın qızı haqqında nə demək olar?
16. İftahın qızı atasının nəzirinə necə münasibət göstərdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)
16 Yəqin ki, İftahın dediyi nəzirlə razılaşmaq qızı üçün asan deyildi. Bu nəzir Hənnənin dediyi nəzirdən fərqlənirdi. Hənnə oğlu İşmuili müqəddəs çadırda nəziri kimi xidmət etməyə vermişdi (1 İşm. 1:11). Nəziri evlənib oğul-uşaq sahibi ola bilərdi. Ancaq İftahın qızı yandırma qurbanı kimi təqdim edilmişdi. O ailə qurub ana olmaq sevincini yaşaya bilməyəcəkdi (Hak. 11:37—40). O, İsrailin müzəffər başçısının qızı idi. Ölkənin ən say-seçmə igidlərindən birinə ərə gedə bilərdi. İndi isə o, müqəddəs çadırda adi bir xidmətçi olacaqdı. Qız buna necə yanaşdı? O göstərdi ki, Yehovaya ibadət etmək onun üçün hər şeydən üstündür. Atasına dedi: «Ata, sən Yehovaya nəzir etmisən, nəzirini yerinə yetir» (Hak. 11:36). O ərə getmək, dünyaya övlad gətirmək arzusunu həqiqi ibadət uğrunda qurban verdi. Biz onun kimi necə fədakarlıq göstərə bilərik?
17. a) Biz İftahın və qızının imanını necə örnək ala bilərik? b) İbranilərə 6:10—12 ayələrində yazılan sözlər sizi fədakar olmağa necə təşviq edir?
17 Bu gün minlərlə cavan məsihi kişi və qadınlardan kimisi müvəqqəti olaraq, kimisi isə bu şər dünya durduqca ailə qurmaq, övlad dünyaya gətirmək imkanını qurban verir ki, Yehovaya tam xidmət etsin. Yaşlılar da öz növbəsində qurbanlar verirlər. Onlar tikinti layihələrində kömək edir, Padşahlıq müjdəçiləri məktəbində oxuyur, təbliğçilərə ehtiyac olan yerlərdə xidmət edirlər. Halbuki bu vaxtı övladları, nəvələri ilə keçirə bilərdilər. Bir başqaları anma mərasimi keçirilən müddətdə öz işlərini kənara qoyub daha çox təbliğ edir. Sidqi-ürəkdən edilən bu xidmət Yehovanın ürəyini sevindirir. O, heç vaxt bu bacı-qardaşların çəkdiyi zəhməti və göstərdiyi məhəbbəti unutmayacaq. (İbranilərə 6:10—12 ayələrini oxuyun.) Bəs siz Yehovaya daha çox xidmət etmək üçün başqa hansı qurbanları verə bilərsiniz?
NƏ ÖYRƏNDİK?
18, 19. İftahın və qızının əhvalatından nə öyrəndik və onlardan necə nümunə götürə bilərik?
18 İftahın həyatı çətinliklərlə dolu olsa da, o qərar verərkən Yehovanın fikirlərini rəhbər tuturdu. O, insanların təsiri altına düşmürdü. İnsanlardan aldığı zərbələr onun imanla davranmaq əzmini sarsıtmamışdı. Onun və qızının verdiyi qurbanların mükafatı böyük oldu: Yehova onların vasitəsilə həqiqi ibadəti irəli apardı. Başqaları Yehovanın yolundan çıxanda İftahla qızı bu yoldan bərk yapışdı.
19 Müqəddəs Kitab bizi «vədləri iman və səbirlə miras alanlardan» nümunə götürməyə səsləyir (İbr. 6:12). Gəlin biz də İftahın və onun qızının həyat yolunu örnək alaq. Qoy onların həyatında parlaq şəkildə əks olunan həqiqət bizim həyat şüarımız olsun: İmanla davranmaq Allahın razılığını qazandırır.