Yehovanın yolları ilə gedin
«Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!» MƏZ. 128:1
1, 2. Nə üçün əmin ola bilərik ki, əsl xoşbəxtliyə nail olmaq mümkündür?
HAMI xoşbəxt olmaq istəyir. Amma razılaşacaqsınız ki, xoşbəxtliyi arzulamaq və hətta ona can atmaq xoşbəxt olmaq demək deyil.
2 Buna baxmayaraq, əsl xoşbəxtliyə nail olmaq mümkündür. Məzmur 128:1 ayəsində deyilir: «Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!» Allaha ehtiram etsək və Onun iradəsini yerinə yetirərək yolları ilə getsək, xoşbəxt ola bilərik. Bu bizim davranışımıza və xasiyyətimizə necə təsir göstərə bilər?
Etibarlı insan olduğunuzu göstərin
3. Etibarlı olmağımız Allaha həsr olunmağımızla necə bağlıdır?
3 Yehovadan qorxanlar Onun kimi etibarlıdırlar. Yehova qədim İsrail xalqına verdiyi bütün vədlərini yerinə yetirdi (1 Pad. 8:56). Allaha həsr olunmağımız həyatımızda ən vacib vəddir və daima dua etmək onu yerinə yetirməyimizə kömək edəcək. Biz məzmurçu Davud kimi dua edə bilərik: «Sən, ey Allah, etdiyim əhdi eşitdin... Adını həmişə tərənnüm edəcəyəm, hər gün əhd etdiyim təqdimləri verəcəyəm!» (Məz. 61:5, 8; Vaiz 5:4-6). Bəli, Allahın dostu olmaq üçün etibarlı adam olmalıyıq (Məz. 15:1, 4).
4. İftah və qızı onun Yehovaya etdiyi əhdə necə yanaşdılar?
4 İsraildə hakim olan İftah əhd etdi ki, Yehova ammonlular üzərində ona qələbə verərsə, döyüşdən qayıdanda onu qarşılamağa ilk çıxanı «yandırma qurbanı» kimi verəcək. İftahı qızı — onun yeganə övladı qarşıladı. Yehovaya imandan irəli gələrək, İftah və subay qızı edilən əhdi yerinə yetirdilər. Evlilik və uşaq sahibi olmaq İsraildə çox qiymətləndirilsə də, İftahın qızı könüllü olaraq subay qalmağı və Yehovanın ibadətgahında müqəddəs xidməti icra etmək şərəfini seçdi (Hak. 11:28-40).
5. Xanna etibarlı insan olduğunu necə göstərdi?
5 Allah qorxusu olan Xanna etibarlı qadın olduğunu göstərdi. O, levili əri Elqana və onun digər arvadı Peninna ilə Efrayimin dağlıq bölgəsində yaşayırdı. Peninnanın bir neçə uşağı olmuşdu və o, sonsuz Xannanı, xüsusilə də bütün ailə ibadətgaha gedəndə sözlə acılayırdı. Bir dəfə, onlar yenə ibadətgaha gələndə Xanna əhd etdi ki, oğlu olarsa, onu Yehovaya verəcək. O, hamilə qalıb bir oğul doğdu və adını Şamuel qoydu. Körpə süddən kəsiləndən sonra, Xanna Şamueli Şiloya gətirərək onu Yehovaya həsr etdi (1 Şam. 1:11). Xanna yenə uşaqlarının olacağını bilməsə də, öz əhdini yerinə yetirdi (1 Şam. 2:20, 21).
6. Tixikin etibarlı insan olduğu nədən görünür?
6 Birinci əsrdə yaşamış Tixik adlı məsihçi etibarlı adam və «sadiq xidmətkar» idi (Kolos. 4:7). Tixik həvari Pavel ilə birgə Makedoniyadan keçərək Yunanıstandan Kiçik Asiyaya və ehtimal ki, Yerusəlimə getmişdi (Həv. iş. 20:2-4). Ola bilsin ki, Yəhudeyada ehtiyacı olan həmimanlılarına azuqə yığmaq işində Titusa kömək edən ‘qardaş’ Tixik idi (2 Kor. 8:18, 19; 12:18). Pavel birinci dəfə Romada həbsdə olanda Efes və Kolos şəhərlərindəki həmimanlılarına məktublar çatdırmağı etibarlı təmsilçisi Tixikə tapşırmışdı (Efes. 6:21, 22; Kolos. 4:8, 9). Pavel ikinci dəfə Romada həbsdə olanda isə Tixiki Efesə göndərdi (2 Tim. 4:12). Əgər etibarlı insanıqsa, Yehovaya xidmətdə biz də xeyir-dualar alacağıq.
7, 8. Nəyə görə deyə bilərik ki, Davudla Yonatan əsl dost idilər?
7 Yehova bizdən etibarlı dost olmağımızı gözləyir (Sül. məs. 17:17). Şaul padşahın oğlu Yonatan Davudun dostu idi. Davudun Qolyatı öldürdüyünü eşidəndə «Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi» (1 Şam. 18:1, 3). Şaul Davudu öldürmək istəyəndə Yonatan ona xəbər verdi. Davud qaçandan sonra Yonatan onunla görüşüb əhd bağladı. Yonatan Davudla danışdığı üçün az qala atası onu öldürsün. Lakin onlar bir daha görüşüb dostluq münasibətlərini möhkəmləndirdilər (1 Şam. 20:24-41). Son görüşləri zamanı Yonatan Davudu «Allah naminə ruhlandırdı» (1 Şam. 23:16-18).
8 Yonatan filiştlilərlə döyüşdə həlak oldu (1 Şam. 31:6). Davud mərsiyəsində deyirdi: «Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar. Sən mənə çox əziz idin. Sənin sevgin mənim üçün heyranedici idi, qadın sevgisindən də üstün idi» (2 Şam. 1:26). Davudla Yonatan əsl dost idilər.
Həmişə ‘təvazökar olun
9. Təvazökarlığın vacibliyi «Hakimlər» kitabının 9-cu fəslində necə göstərilir?
9 Allahın dostu olmaq üçün ‘təvazökar olmalıyıq’ (1 Pet. 3:8). Təvazökarlığın vacibliyi «Hakimlər» kitabının 9-cu fəslində göstərilir. Gideonun oğlu Yotam demişdi ki, ‘günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etmək’ qərarına gəlirlər. Zeytun və əncir ağacının, həmçinin üzüm tənəyinin adı çəkilir. Onlar həmvətənləri israillilər üzərində rəhbərlik etməyə can atmayan ləyaqətli şəxsləri təmsil edirdi. Yalnız yanacaq kimi istifadə edilən yabanı göyəm isə, başqalarına ağalıq etməyə can atan məğrur və qatil Avimeleyin hakimiyyətini təmsil edirdi. ‘Üç il İsrail üzərində başçılıq etdikdən’ sonra onu vaxtsız ölüm yaxaladı (Hak. 9:8-15, 22, 50-54). ‘Təvazökar olmaq’ necə də yaxşıdır!
10. Hirodun ‘Allaha məxsus olan izzəti mənimsəməsindən’ nə öyrənirik?
10 Eramızın birinci əsrində Yəhudeyanın məğrur padşahı Hirod Aqrippa və onunla sülhdə olmaq istəyən Sur və Sayda sakinləri arasında gərginlik yarandı. Hirod bir dəfə xalq qarşısında çıxış edəndə onlar: «Bu insan yox, Allah səsidir!» — deyə ucadan qışqırırdılar. Hirod ona yaltaqcasına deyilən bu sözlərdən imtina etmədi, Yehovanın mələyi də onu vurdu və o, dəhşətli halda öldü, çünki «Allaha məxsus olan izzəti özü mənimsəmişdi» (Həv. iş. 12:20-23). Bəs əgər biz bir natiq, yaxud Müqəddəs Kitab həqiqətlərini öyrədən kimi müəyyən istedada malikiksə, onda necə? Gəlin həmişə bütün izzəti Yehovaya verək, axı bütün bunları bizə verən Odur (1 Kor. 4:6, 7; Yaq. 4:6).
Cəsarətli və möhkəm olun
11, 12. Xanokun nümunəsi Yehovanın Öz xidmətçilərinə cəsarət və güc verdiyini necə göstərir?
11 Təvazökarlıqla Yehovanın yollarında yerisək, O bizə cəsarət və güc verəcək (Qanun. t. 31:6-8, 23). Adəmdən sonra yeddinci nəsildən olan Xanok pis müasirləri arasında təmiz həyat sürərək cəsarətlə Allahla yeriyirdi (Yar. 5:21-24). Yehova Xanoku cəsarətləndirirdi ki, küfr edən və allahsız işlər görən bu insanlara Onun hökm xəbərini çatdırsın. (Yəhuda 14, 15 ayələrini oxu.) Bəs səndə Allahın hökmlərini bəyan etmək üçün lazımi cəsarət varmı?
12 Yehova Nuhun günlərində bütün dünyaya Daşqın göndərməklə allahsız insanlar üzərində Öz hökmünü icra etdi. Xanokun peyğəmbərliyi çox ruhlandırıcıdır, çünki bizim günlərdə yaşayan allahsızlar da tezliklə Allahın səmavi ordusu tərəfindən məhv ediləcək (Vəhy 16:14-16; 19:11-16). Yehova, dualarımıza cavab olaraq, istər Onun hökmünü, istərsə də Padşahlığının rəhbərliyi altında olacaq xeyir-dualar haqqındakı xəbərini bəyan etmək üçün bizə cəsarət verir.
13. Nəyə görə əmin ola bilərik ki, sıxıntı verən problemlərin öhdəsindən gəlmək üçün Yehova bizə cəsarət və güc verə bilər?
13 Sıxıntı verən problemlərin öhdəsindən gəlmək üçün bizə Allahdan cəsarət və güc lazımdır. Esav iki xetli qızla evlənəndə «onlar İshaqın və Rivqanın [valideynlərinin] ürəklərinə dərd oldu». Rivqa hətta gileylənirdi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər [oğlumuz] Yaqub da beləcə bu ölkənin qızlarından — Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?» (Yar. 26:34, 35; 27:46). İshaq bu məsələyə biganə qalmayıb, Yaqubu Yehovaya ibadət edən qızlardan özünə arvad tapmağa göndərdi. İshaq və Rivqa Esavın etdiyini dəyişə bilməsələr də, Allah onlara müdriklik, cəsarət və güc verdi ki, Ona sadiq qalsınlar. Duada Yehovadan kömək istəyiriksə, O, xahişlərimizi cavabsız qoymayacaq (Məz. 118:5).
14. Balaca israilli qız cəsarəti necə təzahür etdirdi?
14 Əsrlər sonra, soyğunçular tərəfindən əsir götürülmüş balaca israilli qız cüzam xəstəliyinə tutulmuş ordu başçısı suriyalı Naamanın evində qulluqçu oldu. Yehova Allahın Elişa peyğəmbər vasitəsilə etdiyi möcüzələr haqqında eşidən bu qız cəsarətlə Naamanın arvadına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi». Naaman İsrailə getdi və möcüzəli şəkildə sağaldı (2 Pad. 5:1-3). Bu balaca qız müəllimlərinə, sinif yoldaşlarına və başqalarına təbliğ etmək üçün Yehovadan cəsarət istəyən gənclərə necə də gözəl nümunədir!
15. Axavın saray rəisi Avdiya cəsarətlə nə etdi?
15 Allahın verdiyi cəsarət təqiblərə tab gətirməyimizə də kömək edir. Gəlin İlyas peyğəmbərin müasiri və padşah Axavın saray rəisi olan Avdiyanın nümunəsinə nəzər salaq. Padşah arvadı İzevel Allahın peyğəmbərlərini qətlə yetirmək əmrini verəndə, Avdiya ‘yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdi’ (1 Pad. 18:13; 19:18). Yehovanın peyğəmbərlərinə kömək edən Avdiya kimi, sən də təqib olunan həmimanlılarına cəsarətlə kömək edə bilərsənmi?
16, 17. Aristarx və Qay təqibə məruz qalanda necə davrandılar?
16 Əgər təqib ediliriksə, Yehovanın bizimlə olacağına əmin ola bilərik (Rom. 8:35-39). Pavelin əməkdaşları Aristarx və Qay Efesdə açıq səma altındakı teatrda minlərlə insan qarşısında durmalı oldular. Simgər Dimitri iğtişaş qaldırmışdı. O və digər simgərlər Artemida ilahəsinin məbədinin gümüşdən maketlərini düzəldirdilər. Pavelin təbliği sayəsində şəhər sakinlərinin bir çoxu bütpərəstlikdən üz döndərdiyi üçün bu simgərlərin gəlir mənbəyi təhlükə altında idi. İzdiham Aristarxla Qayı tutub teatra gətirdi və ucadan qışqırmağa başladı: «Efeslilərin Artemidası əzəmətlidir!» Aristarx və Qay, bəlkə də, öləcəklərini düşünürdülər, amma şəhər valisinin mirzəsi izdihamı sakitləşdirdi (Həv. iş. 19:23-41).
17 Əgər belə çətinliyə məruz qalmısansa, daha asan çıxış yolu axtarmağı düşünmüsənmi? Aristarx və Qayın cəsarətsiz olduqlarını heç nə göstərmir. Salonikdən olan Aristarx xoş xəbəri təbliğ etməyin təqiblərə səbəb olacağını bilirdi. Bundan bir az əvvəl, Pavel burada təbliğ edəndə də iğtişaş baş vermişdi (Həv. iş. 17:5; 20:4). Aristarx və Qay Yehovanın yolları ilə getdikləri üçün sınaqlara tab gətirsinlər deyə, Allah onlara güc və cəsarət verdi.
Başqalarının mənfəətini güdün
18. Akila və Priskila başqalarının mənfəətini necə güdürdülər?
18 Təqibə məruz qalsaq da, qalmasaq da həmimanlılarımıza qayğı göstərməliyik. Akila və Priskila ‘başqalarının mənfəətini güdürdülər’. (Filipililərə 2:4 ayəsini oxu.) Ola bilsin, bu nümunəvi ər-arvad, yuxarıda xatırlanan simgər Dimitrinin iğtişaşı qızışdırdığı Efesdə Paveli qalmaq üçün yerlə təmin etmişdi. Bəlkə də məhz bu vəziyyətdə Akila və Priskila Pavelin uğrunda ‘özlərini təhlükəyə salmışdılar’ (Rom. 16:3, 4; 2 Kor. 1:8). Bu gün təqib olunan bacı-qardaşlara qayğı göstərməyimiz bizi «ilan kimi müdrik» edir (Mat. 10:16-18). Biz ehtiyatla davranmalı və həmimanlılarımızın adını və ya onlar haqqında digər məlumatları təqibçilərə verməməliyik.
19. Ceyran başqaları üçün hansı xeyirxah işləri görürdü?
19 Başqalarının qayğısına qalmağın müxtəlif üsulları var. Bəzi məsihçilərin yaşamaq üçün zəruri şeyləri yoxdur və ola bilsin, bizim onlara kömək etmək imkanımız var (Efes. 4:28; Yaq. 2:14-17). Birinci əsrdə Yaffadakı yığıncaqda Ceyran adlı səxavətli bir qadın vardı. (Həvarilərin işləri 9:36-42 ayələrini oxu.) Ceyranın ‘etdiyi xeyirli işlərə və verdiyi sədəqələrə’, ehtimal ki, yoxsul dul qadınlara paltarlar tikmək də daxil idi. O, eramızın 36-cı ilində öləndə həmin dul qadınlar çox kədərləndi. Allah həvari Peterin vasitəsilə Ceyranı diriltdi və çox güman ki, o, həyatının qalan illərini xoş xəbəri sevinclə təbliğ etməyə və xeyirxah işlər görməyə sərf etdi. Bu gün aramızda öz mənfəətini güdməyən belə məsihçi qadınların olmasına necə də sevinirik!
20, 21. a) Başqalarını ruhlandırmaq və onların qeydinə qalmaq bir-biri ilə necə bağlıdır? b) Başqalarını necə ruhlandıra bilərsən?
20 Biz başqalarını ruhlandırmaqla da onlara qayğı göstəririk (Rom. 1:11, 12). Pavelin əməkdaşı Sila təsəlli mənbəyi idi. Təxminən eramızın 49-cu ilində sünnət məsələsi qaldırılanda Yerusəlimdəki rəhbərlik şurası başqa yerdəki məsihçilərə məktub çatdırmaq üçün nümayəndələr göndərdi. Sila, Yəhuda, Barnaba və Pavel məktubu Antakyaya apardılar. Burada Sila və Yəhuda «çox sözlərlə qardaşları təşviq edib qüvvətləndirdilər» (Həv. iş. 15:32).
21 Bir qədər sonra Pavel və Sila Filipidə həbs edildilər, amma zəlzələ nəticəsində zindanbana və onun ailəsinə təbliğ etdilər və onlar məsihçi oldular. Pavel və Sila bu şəhəri tərk etməzdən əvvəl qardaşları ruhlandırdılar (Həv. iş. 16:12, 40). Pavel və Siladan nümunə götürərək, sən də şərhlərin, nitqin və xidmətdə göstərdiyin səylə başqalarını ruhlandırmağa çalış. ‘Təşviq üçün sözün’ varsa, onu ‘söyləmək’ fürsətini əldən vermə (Həv. iş. 13:15).
Yehovanın yolları ilə getməyə davam edin
22, 23. Müqəddəs Kitab nümunələrindən necə faydalana bilərik?
22 Biz, «hər cür təsəlli verən» Yehova Allahın Kəlamındakı sadiq xidmətçilərin həyatından götürülmüş nümunələrə görə minnətdar olmalıyıq! (2 Kor. 1:3). Belə nümunələrdən faydalanmaq üçün Müqəddəs Kitabdan aldığımız bu dərsləri həyatda tətbiq etməli və Allahın müqəddəs ruhunun bizə rəhbərlik etməsinə yol verməliyik (Qalat. 5:22-25).
23 Müqəddəs Kitab nümunələri üzərində düşünmək Allaha məqbul xüsusiyyətləri təzahür etdirməyimizə kömək edəcək. Bu, «hikməti, biliyi və şadlığı» verən Yehova ilə münasibətimizi möhkəmləndirəcək (Vaiz 2:26). Nəticədə, Allahın məhəbbət dolu ürəyini sevindirə biləcəyik (Sül. məs. 27:11). Gəlin Yehovanın yolları ilə getməyə davam edərək bu işdə qətiyyətli olaq.
Necə cavab verərdiniz?
• Etibarlı insan olduğunu necə göstərə bilərsən?
• Biz nə üçün ‘təvazökar olmalıyıq’?
• Müqəddəs Kitab nümunələri cəsarətli olmağımıza necə kömək edə bilər?
• Başqalarına necə qayğı göstərə bilərik?
[8-ci səhifədəki şəkil]
Etibarlı İftah və onun qızı, çətin olsa da, edilən əhdi yerinə yetirdilər
[10-cu səhifədəki şəkil]
Ey gənclər, israilli qızdan nə öyrənirsiniz?
[11-ci səhifədəki şəkil]
Ceyran həmimanlılarının ehtiyaclarını necə ödəyirdi?