Yehovanın Kəlamı canlıdır
«İkinci Şamuel» kitabından diqqətəlayiq fikirlər
ALLAHIN qarşısında nöqsansız olmaq nə deməkdir? Bu, Allahın hökmranlığını qəbul edən insanın heç zaman səhvə yol vermədən Ona itaət edəcəyini nəzərdə tuturmu? Kimləri həqiqi Allahın «ürəyinə yatan» adamlar adlandırmaq olar? (1 Şamuel 13:14). «İkinci Şamuel» kitabından bu sualların hamısına kifayətləndirici cavablar tapmaq olar.
«İkinci Şamuel» kitabı qədim İsrailin padşahı Davudla yaxın münasibətdə olan Qad və Natan adlı iki peyğəmbər tərəfindən yazılmışdıra. Eramızdan əvvəl təxminən 1040-cı ildə, Davudun 40 illik padşahlığının sonuna yaxın yazılıb başa çatan bu kitab, əsas e’tibarı ilə Davudun və onun Yehova ilə olan münasibətləri haqqındadır. Orada, daxili qarışıqlıqlar ucbatından parçalanmış ölkənin şücaətli padşahın rəhbərliyi altında birləşməsi canlı surətdə təsvir olunur. Bu maraqlı hekayə o dövrün adamlarının keçirdiyi həyəcan və hissləri aşkar edir.
«DAVUD GETDİKCƏ YÜKSƏLİRDİ»
Şaulun və Yonatanın ölüm xəbərinə göstərdiyi münasibət, Davudun onlara və Yehovaya olan hisslərini açıqlayır. Davud Xevronda Yəhuda qəbiləsi üzərində padşah tə’yin olunur. Şaulun oğlu İş-Boşet İsrailin qalan hissəsi üzərində padşah olur. «Davud getdikcə yüksəlir» və yeddi il altı aydan sonra bütün İsrail üzərində padşahlıq etməyə başlayır (2 Şamuel 5:10).
Davud Yerusəlimi yevusluların əlindən alır və öz padşahlığının paytaxtı edir. Onun Əhd sandığını Yerusəlimə gətirmək üçün ilk cəhdi faciə ilə nəticələnir. Lakin Davud səhvini düzəldir və sandıq Yerusəlimə gətiriləndə sevincindən rəqs edir. Yehova Davudla padşahlıq haqqında əhd kəsir. Davud, Allah onunla olduğu üçün düşmənlərini məğlub edir.
Müqəddəs Kitab suallarına cavablar:
2:18 — Nəyə görə Yoav və iki qardaşı anaları Seruyanın adı ilə çağırılırlar? İbranicə Müqəddəs Yazılarda nəsil şəcərəsini davam etdirən kəs atadır. Ehtimal ki, Seruyanın əri vaxtından əvvəl ölmüş, ya da ki, Müqəddəs Yazılarda xatırlanmağa münasib görülməmişdir. Bəlkə də Davudun doğma və ya ögey bacısı olduğu üçün Seruya xüsusi tərzdə qeyd olunub (1 Salnamələr 2:15, 16). Bu üç qardaşın atası barədə ancaq onun Bet-Lexemdə dəfn olunması ilə əlaqədar xatırlanır (2 Şamuel 2:32).
3:29 — «Qoltuq ağacına söykənən [«iy tutan», YD]» adam nə deməkdir? Toxuculuq adətən qadınların məşğuliyyəti idi. Bu sözlər, ehtimal ki, hərbi xidmətə yaramayan və buna görə də qadın işi ilə məşğul olmaq məcburiyyətində olan kişilərə aid idi.
5:1, 2 — Davud İş-Boşetin qətlindən neçə il sonra İsraildə padşah oldu? Belə bir nəticəyə gəlmək məntiqəuyğundur ki, İş-Boşetin iki il davam edən padşahlığı Şaulun ölümündən dərhal sonra başlandı. Elə həmin vaxt Davud Xevronda padşahlıq etməyə başlamışdı. O, Yəhuda üzərində yeddi il yarım rəhbərlik etdi. Bütün İsrail üzərində padşah olandan sonra, o, Yerusəlimi paytaxt şəhəri etdi. Beləliklə, Davud İş-Boşetin ölümündən təxminən beş il sonra bütün İsrail üzərində padşah oldu (2 Şamuel 2:3, 4, 8-11; 5:4, 5).
8:2 — İsraillilərlə döyüşdən sonra nə qədər moavlı e’dam edildi? Ehtimal ki, onları saymaq əvəzinə, Davudun əmri ilə yerə yanbayan uzadaraq «ölçü ipi ilə ölçdü»lər. Göründüyü kimi, «iki cərgə», yə’ni moavlıların üçdə ikisi öldürüldü, «bir cərgə» isə, yə’ni üçdə biri sağ buraxıldı.
Bizim üçün ibrət dərsləri:
2:1; 5:19, 23. Davud Xevrona köçməzdən və düşmənlərlə döyüşməzdən əvvəl Yehova ilə məsləhətləşdi. Ruhaniliyimizə tə’sir göstərə biləcək qərarlar qəbul etməzdən əvvəl biz də Yehovanın rəhbərliyini axtarmalıyıq.
3:26-30. Qisas acı nəticələrə gətirib çıxarır (Romalılara 12:17-19).
3:31-34; 4:9-12. Davudun ədavət saxlamaması və qisas almaması bizim üçün yaxşı nümunədir.
5:12. Heç vaxt yaddan çıxarmamalıyıq ki, Yehova bizə Öz yollarını öyrətmiş və Özü ilə səmimi və yaxın münasibətlər inkişaf etdirməyə imkan yaratmışdır.
6:1-7. Davudun niyyətləri yaxşı olsa da, Əhd sandığını arabada köçürmək qərarı Allahın göstərişlərinə zidd olduğu üçün baş tutmadı (Çıxış 25:13, 14; Saylar 4:15, 19; 7:7-9). Uzzanın Əhd sandığından yapışması da göstərdi ki, insanların yaxşı niyyətləri Allahın tələblərini dəyişə bilməz.
6:8, 9. Düşdüyü ağır vəziyyətdə Davud əvvəlcə «mə’yus oldu [«qəzəbləndi», KM]», sonra isə qorxdu və ehtimal ki, baş verənlərdə Yehovanı günahlandırdı. Onun göstərişlərinə e’tinasız yanaşmağımızın sayəsində baş verən fəlakətlərə görə Yehovanı günahlandırmaqdan qaçınmalıyıq.
7:18, 22, 23, 26. Davudun həlimliyi, Yehovaya hədsiz sədaqəti və Onun adını izzətləndirmək hazırlığı — təqlid edilməyə layiq keyfiyyətlərdir.
8:2. Təxminən 400 il əvvəl deyilən peyğəmbərlik yerinə yetdi (Saylar 24:17). Yehovanın dedikləri həmişə baş tutur.
9:1, 6, 7. Davud və’dini yerinə yetirdi. Biz də öz sözümüzün üstündə durmaq üçün sə’y göstərməliyik.
YEHOVA MƏHS EDİLMİŞİNƏ ‘QARŞI PİSLİK ÇIXARIR’
«Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm. O da göz görə-görə, gündüzün günorta çağı sənin arvadlarınla yatacaq» (2 Şamuel 12:11). Yehovanın bu sözləri söyləməsinin səbəbi Davudun Bat-Şeva ilə zina etməsi idi. Tövbə edən Davud bağışlansa da, işlətdiyi günahın nəticələrindən azad edilmədi.
Əvvəlcə Bat-Şevanın doğduğu uşaq ölür. Sonra Davudun bakirə qızı Tamar ögey qardaşı Amnon tərəfindən zorlanır. Tamarın doğma qardaşı Avşalom bacısının qisasını almaq arzusu ilə Amnonu öldürür, sonra isə atasına qarşı sui-qəsd hazırlayır və özünü Xevronda padşah e’lan edir. Davud Yerusəlimdən qaçmaq məcburiyyətində qalır. Avşalom atasının evə nəzarət etmək üçün qoyub getdiyi cariyələrdən onu ilə cinsi əlaqəyə girir. Davud ancaq Avşalomun qətlə yetirilməsindən sonra padşahlığa qayıdır. Binyaminli Şevanın qiyamı onun ölümü ilə nəticələnir.
Müqəddəs Kitab suallarına cavablar:
14:7 — «Köz» nəyi təmsil edir? Köz yaşayan övladlara işarə edir.
19:29 — Davudun Mefiboşetin sözlərinə göstərdiyi reaksiyanı necə izah etmək olar? Mefiboşetin verdiyi izahatı eşitdikdə, Davud, ehtimal ki, Sivanın sözlərinə inanmaqla səhvə yol verdiyini başa düşdü (2 Şamuel 16:1-4; 19:24-28). Çox güman ki, Davud qəzəbləndi və bu məsələ barədə artıq heç nə eşitmək istəmədi.
Bizim üçün ibrət dərsləri:
11:2-15. Davudun səhvləri haqqındakı düzgün mə’lumat Müqəddəs Kitabın Allahdan ilham aldığını sübut edir.
11:16-27. Ciddi günah işlətdiyimiz zaman Davud kimi onu gizlətməyə cəhd göstərməməliyik. Bunun əvəzinə günahımızı Yehovanın qarşısında e’tiraf etməli və yığıncağın ağsaqqallarının köməyini axtarmalıyıq (Süleymanın məsəlləri 28:13; Yaqub 5:13-16).
12:1-14. Natan yığıncağın tə’yin olunmuş ağsaqqalları üçün gözəl nümunədir. Onlar günah işlədənlərə yenidən düz yola qayıtmağa kömək etməli və bu işi bacarıqla yerinə yetirməlidirlər.
12:15-23. Davud başına gələn fəlakətlərlə əlaqədar düzgün nöqteyi-nəzərə malik idi. Bu isə ona həmin fəlakətlərin öhdəsindən gəlməkdə kömək etdi.
15:12; 16:15, 21, 23. Avşalomun taxta çıxacağı mə’lum olanda, məğrurluq və şöhrətpərəstlik zəkalı məsləhətçi Axitofeli xain çıxmağa təhrik etdi. Həlimlik və sədaqət olmayan yerdə əqli qabiliyyət tələyə çevrilə bilər.
19:24, 30. Davudun məhəbbət və xeyirxahlığına görə Mefiboşet ona ürəkdən minnətdar idi. O, padşahın Siva ilə bağlı qərarına hazırlıqla tabe oldu. Yehovaya və Onun təşkilatına olan minnətdarlığımız bizi itaətkar olmağa təşviq edəcək.
20:21, 22. Bir nəfərin hikmətli davranışı çoxlarını fəlakətdən qurtara bilər (Vaiz 9:14, 15).
«QOY RƏBBİN ƏLİNƏ DÜŞƏK»
Giveonluların ölümündə günahkar olan Şauldan ötrü İsraildə üç ildir ki, quraqlıq və qıtlıq hökm sürür (Yeşua 9:15). Giveonlular bu qırğının əvəzini çıxmaq üçün Şaulun yeddi oğlunun öldürülməsini tələb edirlər. Davud onları giveonluların əlinə təslim edir və quraqlıq dövrü yağışla başa çatır. Dörd nəhəng filiştli ‘Davudun və onun adamlarının əli ilə qırılır’ (2 Şamuel 21:22).
Davud qanunsuz olaraq xalqı siyahıya almaqla ciddi günah işlədir. O tövbə edir və «Rəbbin əlinə» düşməyi üstün tutur (2 Şamuel 24:14). Nəticədə 70 000 adam vəbadan həlak olur. Davud Yehovanın əmrinə tabe olur və cəza sona çatır.
Müqəddəs Kitab suallarına cavablar:
21:9, 10 — Rispa giveonlular tərəfindən öldürülmüş iki oğlunun və Şaulun beş nəvəsinin cəsədini neçə müddət qorudu? Bu yeddi nəfər «biçin vaxtının ilk günlərində» — mart və ya aprel ayında dağın üstündə asılmışdır. Yehovanın quraqlığa son qoymaqla qəzəbinin yatdığını göstərdiyi vaxta qədər Rispa bu cəsədləri gecə və gündüz qorudu. Biçin vaxtının sona çatdığı oktyabr ayına qədər yağışların yağması ehtimalı azdır. Buna görə də, Rispanın cəsədləri 5-6 ay müddətində qoruması ehtimal edilir. Daha sonra Davud həmin adamların sümüklərini basdırdı.
24:1 — Davudun xalqı siyahıya alması nəyə görə ciddi günah sayıldı? Özü-özlüyündə xalqın siyahıya alınması Musanın qanununa zidd deyildi (Saylar 1:1-3; 26:1-4). Müqəddəs Kitabda Davudun bu hərəkətinin səbəbi deyilmir. Lakin 1 Salnamələr 21:1 ayəsində deyilir ki, Davudu israilliləri siyahıya almağa ‘təhrik edən’ Şeytan idi. Hər necə olsa da, ordu başçısı Yoav, xalqı saymaq qərarının səhv olduğunu bilirdi və Davudu fikrindən daşındırmağa çalışırdı.
Bizim üçün ibrət dərsləri:
22:2-51. Davudun mahnıları Yehovanı güvənə biləcəyimiz həqiqi Allah kimi çox gözəl təsvir edir.
23:15-17. Yehovanın həyat və qanla bağlı qanununa Davudun hörməti o dərəcədə güclü idi ki, bu hadisədə yolverilməz kimi görünən şeyi belə etməkdən qaçındı. Biz özümüzdə Allahın bütün əmrlərinə bu cür münasibət inkişaf etdirməliyik.
24:10. Davudun vicdanı onu tövbə etməyə təşviq etdi. Bizim də vicdanımız bizi bu cür davranmağa təşviq edəcək dərəcədə həssasdırmı?
24:14. Davud Yehovanın insanlardan daha rəhmli olduğunu bilirdi. Bizim də bu cür əminliyimiz varmı?
24:17. Davud işlətdiyi günahın bütün xalqa iztirab gətirdiyi üçün peşmançılıq çəkirdi. Tövbə edən günahkar Allahın yığıncağına rüsvayçılıq gətirdiyi üçün vicdan əzabı çəkməlidir.
Rəbbin «ürəyinə yatan» adam ola bilərik
İsrailin ikinci padşahı Yehovanın «ürəyinə yatan bir adam» idi (1 Şamuel 13:14). Davud Yehovanın adil normalarını heç zaman şübhə altına qoymurdu və Allahdan müstəqil olmağa can atmırdı. Hər dəfə səhvə yol verəndə Davud günahını boynuna alır, verilən cəzanı qəbul edir və yollarını düzəldirdi. O, nöqsansız adam idi. Xüsusilə də günah işlətdiyimiz hallarda bizim də, onun kimi davranmağımız müdriklik olmazmı?
Davudun həyatı aydın tərzdə göstərir ki, Yehovanın hakimiyyətinə tabe olmaq Onun pisliyə və yaxşılığa dair normalarını qəbul etməyi və nöqsansızlığın qoruyucuları kimi onlara tabe olmaq üçün sə’y göstərməyi nəzərdə tutur. Biz buna nail ola bilərik. «İkinci Şamuel» kitabından aldığımız ibrət dərslərinə görə Yehovaya necə də minnətdarıq! Allahın bu kitabın səhifələrindəki kəlamı «canlı və tə’sirli»dir (İbranilərə 4:12).
[Haşiyə]
a Şamuel bu kitabın yazılmasında iştirak etməmişdir. Lakin qabaqcadan İbranicə Müqəddəs Yazılarda bu iki kitab vahid tumar təşkil edirdi. Və «Birinci Şamuel» kitabının böyük hissəsini Şamuel yazdığı üçün «İkinci Şamuel» kitabı onun adını daşıyır.
[14-cü səhifədəki şəkil]
Taxtının kim tərəfindən möhkəmləndiyini xatırlaması Davuda həlim qalmaqda kömək edirdi.
[16-cı səhifədəki şəkillər]
«Sənə qarşı pisliyi öz nəslindən çıxaracağam».
Bat-Şeva
Tamar
Amnon