Müqəddəs Yazıların kitabı nömrə 37 Haqqay
Yazan: Haqqay
Yazıldığı yer: Yerusəlim
Yazılması başa çatıb: b. e. ə. 520-ci il
Əhatə etdiyi vaxt: 112 gün (b. e. ə. 520-ci il)
ONUN adı Haqqay idi. O, peyğəmbər və «Rəbbin rəsulu» idi (Haq. 1:13). Bəs onun haqqında daha nə mə’lumdur? O kim olub? Haqqay kiçik peyğəmbərlər adlananlardan onuncusudur. O, yəhudilərin b. e. ə. 537-ci ildə vətənə qayıtmalarından sonra xidmət edən ilk üç peyğəmbərdən birincisidir. Digər iki peyğəmbər Zəkəriyyə və Malaki idi. Haqqayın (ibranicə Xaqqay) adının mə’nası «Bayramda [doğulan]» deməkdir. Bu, ola bilsin ki, onun hansısa bayramda doğulduğunu göstərir.
2 Yəhudi rəvayətinə görə demək olar ki, Haqqay Babildə doğulmuş və Zerubbabil və baş kahin Yeşua ilə birlikdə Yerusəlimə qayıtmışdır. Haqqay Zəkəriyyə peyğəmbərlə çiyin-çiyinə xidmət etmişdir və Ezra 5:1 və 6:14 ayələrində deyilir ki, onların hər ikisi də sürgündən qayıtmış yəhudiləri mə’bədin tikintisini yenidən başlamağa təşviq edirdi. Allahın peyğəmbəri kimi, o, iki tapşırığı yerinə yetirirdi: yəhudiləri Allah qarşısında öz məs’uliyyətlərini yerinə yetirməyə səsləyir və başqa peyğəmbərliklərlə yanaşı, bütün millətlərin lərzəyə salınacağı haqqında peyğəmbərlik edirdi (Haq. 2:6, 7).
3 Yehova Haqqayı nə üçün peyğəmbər tə’yin etdi? Çünki b. e. ə. 537-ci ildə Kir padşah yəhudilərin vətənə qayıdıb, Yehovanın mə’bədini tikmələrinə icazə verən fərman çıxardı. Ancaq artıq b. e. ə. 520-ci ilə gəlmələrinə baxmayaraq, mə’bədin tikilib başa çatmasına hələ çox qalmışdı. Düşmənlərin müdaxiləsi, həmçinin yəhudilərin özlərinin laqeyd münasibəti və maddi rifaha can atmaları vətənə qayıtmalarının əsas səbəbini bu illər ərzində onlara unutdurdu (Ezra 1:1-4; 3:10-13; 4:1-24; Haq. 1:4).
4 Yazılarda deyilir ki, mə’bədin təməli qoyulan gündən (b. e. ə. 536-cı il) «ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verdi. Bu xalq Yəhudilərin məqsədlərini boşa çıxarmaq üçün... özlərinə muzdla məsləhətçilər tutdu» (Ezra 4:4, 5). Nəhayət, b. e. ə. 522-ci ildə bu qeyri-yəhudi düşmənlər tikinti işlərinin dayandırılmasına dair rəsmi qərarın çıxarılmasına nail oldular. Haqqay Fars padşahı Dara Histaspanın hakimiyyətinin ikinci ilində, yə’ni b. e. ə. 520-ci ildə peyğəmbərlik etməyə başlamışdı və onun fəaliyyəti yəhudiləri mə’bədin tikintisini davam etdirməyə təşviq etdi. Bundan xəbər tutan qonşu vilayətlərin başçıları, Daraya bu məsələni həll etməsini xahiş edən məktub göndərdilər. Dara isə Kirin ilk fərmanını təsdiqləyərək yəhudiləri düşmənlərinin təzyiqindən azad etdi.
5 Haqqayın kitabının İbranicə Müqəddəs Yazıların kanonuna daxil olduğuna dair yəhudilərin heç bir şübhəsi yox idi. Bundan əlavə, kitabın kanona daxil olduğunu Ezra 5:1 ayəsində Haqqayın ‘İsrail Allahının adı ilə peyğəmbərlik etdiyi’ haqqında deyilməsi və Ezra 6:14 ayəsi təsdiq edir. Bu peyğəmbərlik kitabının ilhamlanmış Yazılara daxil olduğunu Pavelin İbranilərə 12:26 ayəsindəki «indi isə O: “Mən bir daha yalnız yeri deyil, göyü də sarsıdacağam”, — deyərək, və’d etmişdir» sözlərini bu kitabdan sitat gətirməsi təsdiq edir (Haq. 2:6).
6 Haqqayın peyğəmbərliyi 112 gün ərzində nazil olan dörd xəbərdən ibarətdir. Kitabın dili sadəliyi və açıqlığı ilə fərqlənir, onun Yehovanın adını vurğulaması xüsusilə diqqətə layiqdir. Kitabın orijinalında 38 ayədə «Yehova» adına 35 dəfə rast gəlinir, onlardan 14-ü «Ordular Rəbbi [Yehova]» kimi səslənir. Haqqay xəbərinin Yehovadan olduğuna heç bir şübhə yeri qoymur: «Rəbbin rəsulu Haqqay Rəbbin elçiliyi ilə xalqa belə dedi: “Rəbb deyir: ‘Mən sizinləyəm’”» (1:13).
7 Bu, Allahın xalqının tarixində çox vacib bir mərhələ idi və bu dövrdə Haqqayın xidməti böyük fayda gətirdi. Peyğəmbər ona tapşırılan işdən zərrə qədər də boyun qaçırmırdı və yəhudilərə müraciətində sözlərini yumşaltmağa çalışmırdı. O açıqca olaraq bildirirdi ki, ləngitməyin vaxtı deyil, iş görmək lazımdır. Yehovadan hansısa xeyir-dua almaq istəyirdilərsə, yəhudilər Yehovanın mə’bədini tikməli və təmiz ibadəti bərpa etməli idilər. Haqqayın xəbərinin əsas məğzi budur: əgər insan Yehovanın xeyir-dualarını dadmaq istəyirsə, o, həqiqi Allaha xidmət etməli və ona tapşırılan işi yerinə yetirməlidir.
BİZƏ FAYDASI
13 Yehovanın Haqqay vasitəsilə çatdırdığı dörd xəbər o dövrün yəhudilərinə böyük fayda gətirdi. Yəhudilər dərhal işə başlamağa təşviq olundular və dörd il yarıma mə’bədi tikib qurtardılar, bunun sayəsində də, İsraildə həqiqi ibadət yenidən çiçəkləndi (Ezra 6:14, 15). Yehova onların sə’yli əməyini xeyir-dualandırdı. Məhz tikinti vaxtı Fars padşahı Dara dövlət sənədlərini yoxlayaraq, Kirin verdiyi əmrin qüvvədə qaldığını bildirdi. Beləcə, padşahın dəstəyi ilə mə’bəd bərpa edildi (Ezra 6:1-13).
14 Bu peyğəmbərlik kitabında bizim günlər üçün də faydalı məsləhətlər var. Məsələn, kitabda Allaha xidməti şəxsi maraqlarımızdan üstün tutmağın vacibliyi vurğulanır (Haq. 1:2-8; Mat. 6:33). Orada, həmçinin xatırlanır ki, eqoizm insanı həlak edir və var-dövlət dalınca qaçmaq boşdur, insanı əsl zəngin edən isə Yehovanın verdiyi sülh və xeyir-duadır (Haq. 1:9-11; 2:9; Sül. məs. 10:22). Daha sonra vurğulanır ki, Allaha xidmət insanı öz-özünə təmiz etmir, çünki bunun üçün təmiz və bütün ürəkdən ibadət tələb olunur və onu natəmiz hərəkətlərlə ləkələmək olmaz (Haq. 2:10-14; Kolos. 3:23; Rom. 6:19). Bundan əlavə, kitab göstərir ki, Allahın xidmətçiləri heyfsilənərək «keçmiş gözəl günləri» yad etməməli, əksinə, öz ‘həyat yolları haqqında yaxşı düşünməli’ və Yehovaya izzət gətirməlidirlər. Yalnız bu halda Yehova onlarla olacaq (Haq. 2:3, 4; 1:7, 8, 13; Filip. 3:13, 14; Rom. 8:31).
15 Yəhudilər mə’bədin tikintisinə başlayan andan e’tibarən, Yehova onların bütün işlərini xeyir-dualandırdı və uğurlu etdi. Maneələr aradan qaldırıldı. İş olduqca qısa bir vaxtda tamamlandı. Bəli, Yehovanın işində qorxmaz və qətiyyətli olmaq hər zaman mükafatlandırılır. Real və ya fərz edilən bütün çətinlikləri iman və cəsarət göstərməklə aşmaq olar. Yehovanın ‘sözünə’ itaətkar olmaq öz bəhrəsini verir (Haq. 1:1).
16 Bəs Yehovanın «göyləri, yeri... lərzəyə gətirəcəyəm» sözlərini necə başa düşməli? Həvari Pavel Haqqay 2:6 ayəsindəki bu peyğəmbərliyi belə izah edir: «O [Allah]: “Mən bir daha yalnız yeri deyil, göyü də sarsıdacağam”, — deyərək, və’d etmişdir. “Bir daha” sözü göstərir ki, sarsıla bilən, yə’ni yaradılmış şeylər aradan qaldırılacaqdır ki, sarsıla bilməyənlər daim var olsun. Buna görə, sarsılmaz Səltənətə [Padşahlığa] nail olduğumuza görə, minnətdar olaq ki, bu yolla Allaha məqbul ehtiram və ixlaskarlıqla Ona xidmət edək. Çünki Allahımız məhv edən atəşdir» (İbr. 12:26-29). Haqqayın sözlərindən görünür ki, lərzəyə gətirmək, ‘padşahlıqların taxt-taclarını alt-üst edərək millətlərin səltənətlərinin gücünü darmadağın etmək’ üçün vacib addımdır (Haq. 2:21, 22). Bu peyğəmbərliyi sitat gətirərək Pavel göstərdi ki, Allahın Padşahlığı bunların əksinə olaraq «sarsılmaz»dır. Beləliklə, bu Padşahlığa ümidlə baxaraq, gəlin Allaha müqəddəs xidməti icra etmək üçün ‘qüvvətlənək və işləyək’. Gəlin yaddan çıxarmayaq ki, Yehova dünya xalqlarını məhv etməyincə, bu xalqlardan dəyərlilər xilas olmaq üçün oyanmalı və onların arasından çıxmalıdır: «“Bütün millətləri lərzəyə salıb hamısının cah-cəlalını buraya gətirdəcəyəm və bu mə’bədi əzəmətlə dolduracağam”. Ordular Rəbbi belə deyir» (2:4, 7).