Həqqay
2 Yeddinci ayın iyirmi birinci günü Həqqay+ peyğəmbər vasitəsilə Yehovanın sözü nazil oldu: 2 «Yəhuda valisi+ Şəəltiil oğlu Zərubabilə,+ baş kahin Yəhusadiq+ oğlu Yuşəyə+ və xalqın sağ qalanlarına belə söylə: 3 “Aranızda bu evin əvvəlki əzəmətini görənlərdən kim qalıb?+ Bəs evin indiki halına nə deyirsiniz? Sizə elə gəlmir ki, əvvəlki ilə müqayisədə bu ev heç nədir?”+
4 Yehova bəyan edir: “Ey Zərubabil, mərd ol! Ey baş kahin Yəhusadiq oğlu Yuşə, mərd ol!”
Yehova bəyan edir: “Ey məmləkət əhli, mərd olun+ və işləyin!”
Ordular Allahı Yehova bəyan edir: “Mən sizinləyəm!+ 5 Misirdən çıxan zaman sizə verdiyim vədi xatırlayın,+ ruhum aranızdadır*.+ Qorxmayın!”»+
6 «Ordular Allahı Yehova deyir: “Az qalıb, yeri və göyü, dənizi və qurunu bir də silkələyəcəyəm”.+
7 “Bütün xalqları silkələyəcəyəm. Xalqların ləl-cəvahiri gələcək+ və Mən bu evi əzəmətlə dolduracağam”,+ — deyir ordular Allahı Yehova.
8 “Qızıl da, gümüş də Mənimdir”, — bəyan edir ordular Allahı Yehova.
9 “Bu evin gələcək əzəməti əvvəlkindən böyük olacaq”,+ — deyir ordular Allahı Yehova.
“Bu yerə əmin-amanlıq verəcəyəm”,+ — bəyan edir ordular Allahı Yehova».
10 Daranın hakimiyyətinin ikinci ili, doqquzuncu ayın iyirmi dördüncü günündə Həqqay+ peyğəmbərə Yehovanın sözü nazil oldu: 11 «Ordular Allahı Yehova deyir ki, kahinlərdən qanun barədə soruş:+ 12 “Bir adam paltarının ətəyində müqəddəs ət daşıyarkən paltarı çörəyə, şorbaya, şəraba, yağa, yaxud başqa hansısa ərzağa dəyərsə, bunlar müqəddəs olar?”»
Kahinlər: «Yox!» — deyə cavab verdilər.
13 Həqqay sözünə davam etdi: «Bəs cəsədə dəyib murdarlanan adam bu şeylərdən birinə toxunarsa, həmin şey murdar olar?»+
Kahinlər buna: «Bəli, murdar olar!» — deyə cavab verdilər.
14 Onda Həqqay dedi: «Yehova bəyan edir: “Bu xalq, bu ümmət gözümdə bu cürdür. Bütün işləri və təqdim etdikləri hər şey belədir, murdardır!”
15 “Bu gündən etibarən ciddi düşünün: Yehovanın məbədində daşı daş üstə qoymazdan əvvəl+ 16 vəziyyət necə idi? O vaxtlar kim taxıl tayasının yanına iyirmi ölçü taxıl üçün gəlirdisə, on ölçü çıxırdı; kim əlli ölçü şərab çəkmək üçün şərab çəninə yaxınlaşırdısa, iyirmi ölçü çıxırdı.+ 17 Mən sizi, bütün işlərinizi səmum yeli, kif+ və dolu ilə vurdum. Yenə də heç biriniz Mənə tərəf dönmədiniz”, — bəyan edir Yehova.
18 “Bu gün doqquzuncu ayın iyirmi dördüncü günü, Yehovanın məbədinin təməlinin qoyulduğu gündür.+ Bu gündən etibarən, ciddi düşünün. Yaxşı-yaxşı düşünün: 19 taxıl anbarında dən qalıb?+ Üzüm, əncir, nar və zeytun ağaclarında bəhrə var? Bu gündən etibarən Mən sizə bərəkət verəcəyəm!”»+
20 Ayın iyirmi dördüncü günündə Yehovanın sözü Həqqaya ikinci dəfə nazil oldu:+ 21 «Yəhuda valisi Zərubabilə de: “Mən yeri-göyü silkələyəcəyəm.+ 22 Padşahların taxtını devirəcəyəm, xalqların səltənətlərinin qüdrətini yox edəcəyəm.+ Cəng arabasını və onu sürənləri yıxacağam, atlar yıxılacaq, süvarilərin hər birini öz qardaşının qılıncı yerə sərəcək”».+
23 Ordular Allahı Yehova bəyan edir: «“Ey Şəəltiil oğlu Zərubabil+, ey Mənim qulum! O gün səni götürüb möhür üzüyü edəcəyəm, — Yehova bəyan edir, — çünki Mən səni seçmişəm”, — ordular Allahı Yehova bəyan edir».