ÜZ QABIĞINDAKI MÖVZU | MÜQƏDDƏS KİTABIN MÜƏLLİFİ KİMDİR?
Müqəddəs Kitab hər sahədə dəqiqdir
Elmi məsələlərdə dəqiqdir
MÜQƏDDƏS KİTAB elmi kitab olmasa da, söhbət elmi məsələlərdən gedəndə olduqca dəqiqdir. Gəlin elmin iki sahəsini — meteorologiya və genetikanı nəzərdən keçirək.
METEOROLOGİYA. YAĞIŞIN ƏMƏLƏ GƏLMƏSİ
Müqəddəs Kitabda deyilir: «[Allah] su damlalarını yuxarı qaldırır, onlar Onun dumanından yağışa çevrilirlər. Sonra buludlar yağışı yerə tökür» (Əyyub 36:27, 28).
Bu ayədə su dövranının üç mərhələsi təsvir olunub. Günəş enerjisinin yaradanı olan Allah 1) buxarlanma yolu ilə «su damlalarını yuxarı qaldırır». Sonra 2) kondensasiya (suyun buxar haldan bərk hala keçməsi) vasitəsilə bu su buxarı buludlar əmələ gətirir, buludlar isə suyu yağış və sair 3) yağıntılar halında yerə tökür. Hətta bu gün alimlər yağışın əmələ gəlmə prosesini təfərrüatı ilə dərk edə bilmir. Buna görə də Müqəddəs Kitabda yazılmış növbəti sual tam yerinə düşür: «Buludların necə yayıldığını... kim dərk edə bilər?» (Əyyub 36:29). Yaradan üçünsə bu sirr apaydındır. Məhz bu səbəbdən yuxarıdakı ayəni yazan peyğəmbər yağışın əmələ gəlməsi ilə bağlı təfsilatları təsvir edə bilib. Diqqət yetirin ki, bu ayə insanlar su dövranını elmi faktlarla sübut etməzdən əsrlər əvvəl qələmə alınıb.
GENETİKA. İNSAN EMBRİONUNUN İNKİŞAFI
Müqəddəs Kitabı yazan insanlardan biri olan Davud peyğəmbər Allaha xitabən demişdi: «Gözlərin rüşeymimi görmüşdü... Bədənimin bütün hissələri... Sənin kitabında yazılmışdı» (Zəbur 139:16). Davud bu ayədə rüşeymin, yəni embrionun «yazılmış plana» əsaslanan inkişaf prosesi barədə söz açmışdı. O, bu planı məcazi mənada «kitab» adlandırmışdı. Burada ən maraqlı məqam ondan ibarətdir ki, bu sözlər 3000 il bundan əvvəl yazılıb.
Davud bu ayəni yazandan yalnız əsrlər sonra, XIX əsrin ortalarında avstriyalı botanik Qreqor Mendel genetika qanunlarını təsis etmişdi. Alimlərin insan genomunun, yəni orqanizmin inkişafı üçün zəruri olan genetik məlumatın oxunması istiqamətində apardıqları tədqiqatlar yalnız 2003-cü ilin aprel ayında başa çatmışdı. Alimlər genetik kodu sıra ilə düzülmüş hərflərdən və sözlərdən ibarət lüğətə bənzədir. Bu sözlərdən genetik məlumat təşkil olunub. Rüşeym bu məlumata əsasən inkişaf edir, beyin, ürək, ağ ciyər, əllər və ayaqlar kimi orqanlar yaranır. Alimlərin genoma verdiyi «həyat kitabı» adı tam yerinə düşür. Görəsən, Davud peyğəmbər bu cür dəqiq məlumatı haradan bilirdi? O yazmışdı: «Yehovanın ruhu məni dilləndirdi, Onun kəlamı dilimdə idi»a (2 İşmuil 23:2).
Gələcək barədə dəqiq məlumat verir
HANSI dövlətin nə vaxt, necə və nə dərəcədə yüksələcəyini və ya süquta uğrayacağını əvvəlcədən demək çox çətindir, hətta, demək olar, mümkün deyil. Ancaq Müqəddəs Kitabda o dövrün ən qüdrətli dövlətlərinin məhvi əvvəlcədən təfərrüatı ilə təsvir olunmuşdu. Gəlin iki nümunəyə baxaq.
BABİLİN SÜQUTU VƏ XARABALIĞA ÇEVRİLMƏSİ
Babil vaxtilə dünyanın ən böyük şəhəri olub. O, əsrlər boyu Ön Asiyanı təsiri altında saxlayan böyük imperiyanın mərkəzi idi. Ancaq Allah Əşiya peyğəmbər vasitəsilə bu qüdrətli dövlətin Kuruş adlı sərkərdə tərəfindən zəbt ediləcəyini və əbədilik xaraba qalacağını bu hadisələr baş verməzdən təxminən 200 il əvvəl bildirmişdi (Əşiya 13:17—20; 44:27, 28; 45:1, 2). Təbii ki, hər şey yazıldığı kimi oldu.
Eramızdan əvvəl 539-cu ilin oktyabr ayında Böyük Kuruş bir gecənin içində Babili məğlub etdi. Vaxt keçdikcə Babilin ətrafındakı ərazini suvaran su kanalları baxımsız qaldığı üçün qurudu. Tarixi sənədlərdən məlum olur ki, Babilin yerləşdiyi ərazi eramızın 200-cü ilində səhralıq olub. O dövrdən bu yana həmin ərazi xarabalıq olaraq qalır. Göründüyü kimi, Müqəddəs Kitabda yazılan «ora bomboş qalacaq» sözləri yerinə yetmişdir (Ərəmya 50:13).
Əşiya peyğəmbər bu cür tarixi faktı hadisə hələ baş verməmiş haradan öyrənə bilərdi? Müqəddəs Kitabda yazılıb ki, Əşiya peyğəmbər vəhydə Babilə qarşı hökm xəbəri almışdı (Əşiya 13:1).
NEYNƏVA SUSUZ SƏHRAYA ÇEVRİLƏCƏK
Memarlıq əsərləri ilə məşhur olan Neynəva Aşşur imperiyasının paytaxtı olub. Şəhərin geniş küçələri, bağları, məbəd və sarayları dillər əzbəri idi. Amma Səfənya peyğəmbər yazmışdı ki, Allah bu möhtəşəm şəhəri «susuz bir səhraya çevirəcək» (Səfənya 2:13—15).
Neynəva b. e. ə VII əsrdə Babillə Madanın birləşmiş ordusu tərəfindən zəbt edildi. Bir elmi əsərdə bu şəhərin məğlubiyyətdən sonra «2500 il yoxluğa qərq olduğu» deyilir. Bu səbəbdən bir müddət insanlar tarixdə Neynəva adlı şəhərin olduğuna şübhə edirdilər. Ancaq XIX əsrin ortalarında arxeoloqlar Neynəvanın dağıntılarını tapmışdılar. Bu gün həmin dağıntılar quldurlar tərəfindən tar-mar edilir. Ümumdünya irsi müdafiə fondu bu barədə öz narahatçılığını bildirərək demişdi: «Belə getsə, Neynəvadan qalan dağıntılar əbədilik yoxa çıxacaq».
Səfənya Neynəvanın gələcəyi barədə məlumatı haradan almışdı? Səfənya 1:1 ayəsində yazılıb: «Səfənyaya Yehovanın sözü nazil oldu».
Müqəddəs Kitab həyatın ən vacib suallarına cavab verir
MÜQƏDDƏS KİTAB həyatın ən vacib suallarına inandırıcı cavab verir. Gəlin bir neçə nümunəyə baxaq.
NƏYƏ GÖRƏ DÜNYADA BU QƏDƏR PİSLİK VƏ ƏZAB-ƏZİYYƏT VAR?
Müqəddəs Kitabda pisliyin və əzab-əziyyətin səbəbi ətraflı şəkildə izah olunur. Misal üçün orada deyilir:
«İnsanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9).
İnsanlar korlandıqları və rəhbərlik etməyə qabil olmadıqları üçün onların idarəçilik sistemi görünməmiş əzablara səbəb olur.
«Hamısının qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11).
Gözlənilməz hadisələr, məsələn, ciddi xəstəlik, bədbəxt hadisə və təbii fəlakət istənilən yerdə, istənilən saatda və istənilən insanın başına gələ bilər.
«Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi» (Romalılara 5:12).
Yaradan ilk kişi ilə qadını kamil və əbədi yaşamaq üçün yaratmışdı. Bu onu sübut edir ki, Allah onların ölməyini istəmirdi. Ulu valideynlərimiz Yaradanın itaətindən çıxanda günah «dünyaya girdi».
Müqəddəs Kitabda yalnız əzabların səbəbi izah olunmur. Bu Kitab həmçinin insanlara işıqlı gələcəyə ümid verir. Orada deyilir ki, Allah insanların «gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).
ÖLƏNDƏN SONRA İNSAN HARA GEDİR?
Müqəddəs Kitabda qeyd olunur ki, insan öləndən sonra tamamilə şüursuz və fəaliyyətsiz vəziyyətdə olur. Vaiz 9:5 ayəsi belə deyir: «Dirilər öləcəklərini bilir, lakin ölülər heç nə bilmir». Öləndə insanın «düşüncələri... yox olur» (Zəbur 146:4). Yəni beynin və bütün hissiyyat orqanlarının fəaliyyəti dayanır. Buna görə də insan öləndə heç nə hiss etmir, nə hərəkət edə, nə də düşünə bilir.
Lakin Müqəddəs Kitab yalnız bu həqiqəti açmır, o, həmçinin insanlara gözəl ümid verir. Orada vəd olunur ki, ölüm yuxusunda olan insanlar bir gün diriləcək (Huşə 13:14; Yəhya 11:11—14).
HƏYATIN MƏNASI NƏDƏDİR?
Müqəddəs Kitaba əsasən, ilk kişi ilə qadını, yəni Adəmlə Həvvanı Allah yaradıb (Yaradılış 1:27). Bu səbəbdən orada «Adəm Allahın oğlu» adlanır (Luka 3:38). Allah Adəmi çox gözəl bir məqsədlə yaratmışdı, o, Yaradanı ilə, yəni ona həyat verən Atası ilə sıx dostluq qurmalı idi. Allah ona xoşbəxt, mənalı həyat sürmək və əbədi yaşamaq imkanı vermişdi. Buna görə də hər bir insanın Allaha ehtiyacı var, hər kəsin daxilində Onun haqqında elm almaq istəyi yatır. Müqəddəs Kitabın bir ayəsi bununla bağlı belə deyir: «Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir» (Mətta 5:3).
Müqəddəs Kitabda yazılıb: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28). Bu ilahi Kitab bizə yalnız Allah haqqında elm vermir, həmçinin mənalı, xoşbəxt həyat sürməyə kömək edir və gələcəyə ümid verir.
Gəlin Kitabını bizə nazil edən Yaradanımıza yaxınlaşaq
MİLYONLARLA insan yuxarıdakı dəlilləri araşdırandan sonra Müqəddəs Kitabın sadəcə qədimdən qalma ədəbi əsər olmadığını dərk ediblər. Onlar əmin olublar ki, bu kitab Allahdan nazil olub və Yaradan onun vasitəsilə bəndələrinə müraciət edir. Bu Kitabın səhifələrindən Allah-Taala bəşəriyyətə və şəxsən sizə səslənib hər birimizi Onu tanımağa, Onunla dost olmağa dəvət edir. Müqəddəs Kitab bizi əmin edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).
Müqəddəs Kitabı oxumaqla əvəzsiz bir nemətə sahib ola bilərik. Misal üçün adi kitabı oxuyanda biz yazıçının düşüncə tərzini duyuruq. Müqəddəs Kitab da öz Müəllifinin, Allah-Taalanın fikirlərini və hisslərini əks etdirir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! Biz Uca Xaliqimizi yaxından tanıya bilərik! Müqəddəs Kitabda həmçinin növbəti vacib fikirlər açıqlanır:
Allahın adı, ilahi sifətləri.
Bəşəriyyətlə bağlı niyyəti.
Allahla dost olmağın yolları.
Bu mövzuda ətraflı məlumat almaq istəyirsinizsə, Yehovanın Şahidlərinə müraciət edə bilərsiniz. Onlar sizin üçün pulsuz Müqəddəs Kitab dərsləri təşkil edə bilərlər. Bu dərslər sizə Müqəddəs Kitabı nazil edən Yehova Allaha yaxınlaşmağa kömək edəcək.
Bu məqalədə Müqəddəs Kitabın Allahdan nazil olduğunu sübut edən bir neçə dəlili nəzərdən keçirdik. Əlavə məlumatı Yehovanın Şahidləri tərəfindən dərc olunan «Müqəddəs Kitab təlimləri» kitabının 2-ci fəslindən tapa bilərsiniz. Kitabı jw.org/az saytından da oxumaq mümkündür. Həmçinin bu kodu skan etmək olar.
Bu saytda «Müqəddəs Kitabın müəllifi kimdir?» adlı videoya da baxa bilərsiniz.
NƏŞRLƏR > VİDEO > MÜQƏDDƏS KİTAB bölməsinə daxil olun.
a Müqəddəs Kitaba əsasən, Yehova Allahın adıdır (Zəbur 83:18).