Yaradılan varlıqlar Allahın izzətini bəyan edir!
“Göylər Allahın izzətini bəyan edər; göy qübbəsi əllərinin işini e’lan eylər” (MƏZMUR 19:1).
1, 2. a) Nəyə görə insanlar Allahın izzətini bilavasitə görə bilmirlər? b) 24 ağsaqqal Allaha necə izzət verir?
“ÜZÜMÜ görə bilməzsən; çünki insan məni görüb də yaşaya bilməz” (Çıxış 33:20). Bu sözlərlə Yehova Musaya xəbərdarlıq etdi. İnsanlar zəif cisim olduqlarına görə, bilavasitə Allahın izzəti qarşısında dayanaraq davam gətirə bilməzlər. Lakin həvari Yəhyaya imkan verilmişdir ki, ehtiram hissi oyadan vəhy vasitəsilə Yehovanı əzəmətli taxtında görsün (Vəhy 4:1-3).
2 İnsanlardan fərqli olaraq, sadiq ruhani varlıqlar Yehovanın üzünə baxmaq qabiliyyətinə malikdirlər. Onların arasında, Yəhyanın səmavi vəhyindən 144 000-ni təmsil edən “iyirmi dörd ağsaqqal” var (Vəhy 4:4; 14:1-3). Allahın izzətini görərkən onlar necə reaksiya göstərirlər? Vəhy 4:11 ayəsinə əsasən, onlar nida edirlər: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı”.
Nəyə görə “üzürsüzdürlər”?
3, 4. a) Allaha iman nəyə görə qeyri-elmi deyil? b) Bə’zi hallarda Allaha iman gətirməkdən imtina etməyin arxasında nə durur?
3 Allaha izzət vermək üçün təşviq hissi duyursanmı? İnsanların böyük əksəriyyəti bu hissi duymur, bə’ziləri isə hətta Allahın mövcudluğunu belə inkar edirlər. Məsələn, bir astronom yazırdı: “İşə qarışıb kosmosu bizim xeyrimiz üçün bu cür gözəl təşkil edən Allahdırmı? [...] Cəlbedici mənzərədir. Əfsuslar olsun ki, bunun aldadıcı fikir olduğuna inanıram. [...] Kosmosun Allah tərəfindən təşkil edildiyini söyləmək qənaətbəxş izahat deyil”.
4 Elmi tədqiqatlar sözün əsl mə’nasında insanların görə və ya öyrənə bildikləri şeylərlə məhdudlaşır. Əks təqdirdə bunlar sadəcə nəzəriyyə və ya fərziyyədir. “Allah ruh” olduğu üçün Onu elmi tədqiqat yolu ilə müşahidə etmək və öyrənmək qeyri-mümkündür (Yəhya 4:24). Bunu nəzərə alaraq, Allaha imanı qeyri-elmi bir şey kimi inkar etmək lovğalıqdır. Kembric universitetinin alimi Vinsent Uiqlesuort qeyd etmişdir ki, elmi metod özlüyündə “dini e’tiqaddır”. Nəyə görə? “Elmi metod, təbii hadisələrin “təbiət qanunlarına” tabe olduğuna dair kor-koranə imana əsaslanır”. Kim isə Allahın mövcudluğunu inkar edəndə, məgər bir imanı başqasına dəyişmirmi? Bə’zi hallarda Allaha inamsızlığın arxasında, görünür, həqiqəti qəsdən inkar etmək durur. Məzmurçu yazmışdır: “Təkəbbürlü, pis insan Allahı axtarmaz, “Allah yoxdur” deyə düşünər” (Məzmur 10:4, MKŞ).
5. Allaha inamsızlıq nəyə görə üzürsüz sayılır?
5 Yaradanın mövcudluğu bir çox dəlillərlə təsdiq olunduğu üçün, Allaha iman kor-koranə iman deyil (İbranilərə 11:1). Astronom Allan Sandaj demişdir: “[Kainatdakı] bu cür qayda-qanunun xaosdan yaranmasını tamamilə ağlasığmaz bir şey hesab edirəm. Bu cür qayda-qanunun müəyyən ilk səbəbi olmalıdır. Allahın mənim üçün sirr olmasına baxmayaraq, yenə də mö’cüzəli yaradılışın — əslində heç bir şey olmamalı ikən, hər şeyin olmasının izahı Odur”. Həvari Pavel Romadakı məsihçilərə yazırdı ki, “dünya yarandıqdan bəri Onun [Allahın] gözlə görülməz xüsusiyyətləri, yə’ni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür. Buna görə də [imansızlar] üzürsüzdürlər” (Romalılara 1:20). “Dünya yarandıqdan bəri” — xüsusilə də Allahın mövcudluğunu dərk edə bilən şüurlu insani varlıqların yarandığı vaxtdan aydın idi ki, böyük qüdrətə malik Yaradan, ehtirama layiq olan Allah var. Beləliklə, Allahın mövcudluğunu qəbul etməkdən imtina edən insanlar üzürsüzdürlər. Belə isə yaradılmış varlıqlar hansı dəlilləri təqdim edir?
Kainat Allahın izzətini bəyan edir
6, 7. Göylər Allahın izzətini necə bəyan edir?
6 Məzmur 19:1 ayəsi növbəti sözlərlə cavab verir: “Göylər Allahın izzətini bəyan edər; göy qübbəsi əllərinin işini e’lan eylər”. Davud başa düşürdü ki, “göy qübbəsi”, yə’ni atmosfer qatından görünən ulduzlar və planetlər, izzətə malik olan Allahın mövcudluğuna danılmaz dəlildir. Davud davam edir: “Hər gün ertəsi günə nəql edir, hər gecə o biri gecəyə bilik verir” (Məzmur 19:2, MKŞ). Gündən-günə, gecədən-gecəyə göylər Allahın müdrikliyindən və yaradıcı qüvvəsindən danışır. Allaha deyilən mədh sözləri sanki göylərdən tökülür.
7 Lakin göylərin şəhadətini eşitmək üçün, bəsirət tələb olunur. Göylərin “nə nitqi, nə də sözləri var, onların səsləri eşidilmir”. Buna baxmayaraq, göylərin səssiz şahidliyi olduqca güclüdür. “Avazları bütün dünyaya yayılır, sözləri yerin ucqarlarına çatır” (Məzmur 19:3, 4, MKŞ).
8, 9. Günəş haqqında hansı təəccüblü faktlar mə’lumdur?
8 Sonra Davud Yehovanın yaratdığı başqa bir xariqəni təsvir edir: “Allah günəş üçün göylərdə çadır qurur, günəş gərdəyindən bəy kimi çıxır, qaçışa çıxan bir igid kimi şad olur. Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, heç nə istisindən gizlənə bilmir” (Məzmur 19:4-6, MKŞ).
9 Başqa ulduzlarla müqayisədə Günəş yalnız kiçik ölçüyə malikdir. Buna baxmayaraq, Günəş təəccüb doğuran ulduzdur və onun orbitində fırlanan planetlərdən olduqca kiçikdir. Bir mənbəyə əsasən, Günəşin kütləsi “2 milyard milyard milyard tondur” — bu, bütün Günəş sistemi kütləsinin 99,9 faizidir! Günəşin cazibə qüvvəsi sayəsində, Yer Günəşdən uzaqlaşmadan və ona yaxınlaşmadan 150 milyon kilometr radiuslu orbitdə dayanır. Günəş enerjisinin yalnız iki milyarddan bir hissəsi yerə gəlib çatır, lakin həyatın davam etməsi üçün bu kifayətdir.
10. a) Günəş öz “çadırına” necə girir və çıxır? b) Nəyə görə demək olar ki, günəş bir “igid” kimi qaçır?
10 Məzmurçu Günəşi məcazi dillə təsvir edərək, onun haqqında gün ərzində göyün bir ucundan digər ucuna qaçan, gecə vaxtı isə öz “çadırına” qayıdan “bəy” kimi danışır. Günəş üfüqə doğru enəndə, yerdəki müşahidəçiyə elə gəlir ki, o, sanki istirahət etmək üçün öz “çadırına” qayıdır. Səhər göy üzü yenidən işıqlanır; Günəş “gərdəyindən bəy kimi çıxır”. Davud bir çoban kimi, axşamlar bərk soyuq olduğunu bilirdi (Təkvin 31:40). O, Günəş şüalarının onu və ətrafındakı ərazini necə tez isitdiyini xatırlayırdı. Aydındır ki, Günəş öz səyahətindən yorulmurdu, lakin qüvvətli bir “igid” kimi öz yolunu təkrar etməyə hazır idi.
Heyranedici ulduzlar və qalaktikalar
11, 12. a) Müqəddəs Kitabın ulduzları qumla müqayisə etməsini diqqətəlayiq edən nədir? b) Kainat nə qədər böyük ola bilər?
11 Adi gözlə Davud yalnız bir neçə min ulduz görə bilərdi. Lakin son mə’lumatlara əsasən, müasir teleskoplarla görünən ulduzların sayı 70 sekstilyon — 7 və 22 sıfırdan ibarət vahiddir! Yehova ulduzları “dəniz kənarındakı qum”la müqayisə edərkən, ulduzların sayının olduqca çox olduğuna işarə etmişdir (Yaradılış 22:17, MKŞ).
12 Uzun illər ərzində astronomlar hansısa “zəif işıqlanan, aydın görünməyən duman ləkələri” müşahidə edirdilər. Alimlər ehtimal edirdilər ki, bu “spiral şəkilli dumanlıqlar” bizim Süd Yolu qalaktikamıza məxsusdur. Lakin 1924-cü ildə aşkar olundu ki, bu dumanlıqlardan ən yxını Andromedadır və o bizdən təxminən iki milyon işıq ili qədər uzaqdadır! Alimlərin bugünkü fikirlərinə görə, hər birində olduqca çox, bə’zən isə milyardlarla ulduzlar olan milyardlarla qalaktikalar mövcuddur. Bununla yanaşı, Yehova “ulduzların sayını hesablar, hər birini öz adı ilə çağırar” (Məzmur 147:4, MKŞ).
13. a) Bürcləri diqqətəlayiq edən nədir? b) Nəyə görə demək olar ki, alimlər “göylərin qanunlarını” bilmirlər?
13 Yehova Eyubdan soruşdu: “Ülkər bürcünü bağlaya bilərsənmi, yaxud Orionun bağlarını aça bilərsənmi?” (Eyub 38:31). Bürc — göydə səciyyəvi forma yaradan ulduzlar qrupudur. Əslində ulduzlar bir-birindən böyük məsafəyə uzaqlaşa bilsələr də, yerdəki müşahidəçinin nöqteyi-nəzərincə, onların qarşılıqlı vəziyyəti dəyişməzdir. Dəqiq mövqeyə malik olaraq, ulduzlar “naviqasiyada, astronavtlar tərəfindən həyata keçirilən kosmik gəmilərin istiqamətləndirilməsində və ulduzların tanınmasında faydalı bələdçidirlər” (“The Encyclopedia Americana”). Lakin heç kim sona qədər anlaya bilmir ki, bürclərdə ulduzları hansı “bağlar” bağlayır. Eyub 38:33 ayəsində qaldırılan, “göylərin qanunlarını bilirsənmi?” sualına alimlər indiyə qədər cavab vermək qüvvəsində deyillər.
14. Nəyə görə demək olar ki, işığın yayılması sirdir?
14 Alimlər Eyuba verilən başqa bir suala da cavab verə bilmirlər: “Haradadır, işığın dağıdıldığı, yer üzünə şərq yelinin saçıldığı yol?” (Eyub 38:24). Bir tədqiqatçı işıq haqqındakı bu sualı “son dərəcədə müasir elmi problem” adlandırmışdır. Maraqlıdır ki, bir çox yunan filosoflarının fikrincə, işıq insan gözündən çıxırdı. Bizim dövrə yaxın alimlər işığı mikroskopik hissəciklərin axını hesab etməyə başladılar. Digər alimlər güman edirdilər ki, işıq dalğalar halında yayılır. Müasir alimlərin təsəvvürlərinə görə, işıq həm dalğa, həm də hissəcik kimi hərəkət edir. Lakin işığın təbiəti və onun necə “dağıdıldığı” hələ tam anlaşılmamışdır.
15. Göyləri seyr etməyimiz Davud kimi bizdə hansı hissləri oyatmalıdır?
15 Bütün bunların üzərində dərindən düşünərək, növbəti sözləri oxuyan Davudun hisslərinə şərik olmamaq mümkün deyil: “Əllərinin işi olan göyləri, öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: “İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?” (Məzmur 8:3, 4, MKŞ).
Yer və canlı varlıqlar Yehovaya izzət verir
16, 17. Dəniz dərinliklərindəki varlıqlar Yehovaya necə izzət verirlər?
16 Məzmurun 148-ci fəslində yaradılan varlıqların Allaha daha necə izzət verdikləri söylənilir. 7-ci ayədə (MKŞ) oxuyuruq: “Rəbbə həmd edin, ey yer üzündəkilər, ey dəniz əjdahaları, ey bütün dərinliklər”. Doğrudan da, dənizin dərinlikləri Allahın müdrikliyinə və qüvvəsinə şəhadət edən mö’cüzələrlə doludur. Mavi balina orta hesala 120 ton çəkiyə — 30 filin çəkisinə malikdir! Onun təkcə ürəyi 450 kiloqramdır və bədənindəki damarlara 6,4 ton qan ötürməyə malikdir! Bəlkə bu dəniz nəhəngləri suda ləngdirlər? Əlbət ki, yox. Balinaların mühafizəsi üzrə bir təşkilatın (European Cetacean Bycatch Campaign) hesabatına görə, mavi balinalar okeanları dərin təəssürat doğuran sür’ətlə səyahət edirlər. Peykdən aparılan müşahidələr göstərdi ki, “bir heyvan 10 ay ərzində 16 000 kilometr məsafə qət etmişdir”.
17 Afalina adətən 45 metr dərinliyə üzür, lakin bu delfinlər üçün ən böyük dərinlik 547 metrdir! Bu qədər dərinliyə üzərkən məməlilər necə sağ qalırlar? Bu zaman onun nəbzi yavaş-yavaş döyünür, qan isə ürəyə, böyrəklərə və beyinə işləyir. Bundan əlavə, onun əzələlərində oksigeni saxlayan kimyəvi birləşmələr var. Dəniz filləri və kaşalotlar daha dərinə üzə bilirlər. Bir jurnalın verdiyi mə’lumata görə, “təzyiqlə mübarizə aparmaq əvəzinə, onlar təzyiqin onların ağ ciyərlərini bütünlüklə sıxmasına yol verirlər” (“Discover”). Onlara lazım olan oksigenin çox hissəsi onların əzələlərində toplanır. Şübhəsiz ki, yaradılmış bu varlıqlar qadir Allahın müdrikliyinə canlı şəhadətdir!
18. Dəniz suyu Yehovanın müdrik olduğunu necə göstərir?
18 Hətta dəniz suyunun tərkibi də Yehovanın müdrikliyindən danışır. Bir jurnalda deyilir: “Okeanın 100 metr dərinliyində suyun hər damcısı suda sərbəst üzən çoxlu mikroskopik bitkilərdən ibarətdir” (“Scientific American”). Gözə görünməyən bu “meşə” havadan milyardlarla ton karbon qazını kənar edərək, onu təmizləyir. Həmin bitkilər bizim nəfəs aldığımız oksigenin yarıdan çoxunu tə’min edir.
19. Atəş və qar Yehovanın iradəsini necə yerinə yetirir?
19 Məzmur 148:8 ayəsində deyilir: “Atəş və dolu, qar və buğ; Onun sözünü yerinə yetirən qasırğa yeli”. Gördüyümüz kimi, Öz iradəsini yerinə yetirmək üçün Yehova cansız təbiətin qüvvələrindən də istifadə edir. Atəş haqqında danışaq. Əvvəlki onilliklər ərzində hesab olunurdu ki, meşə yanğınları ancaq zərər gətirir. İndi isə tədqiqatçılar ehtimal edirlər ki, kiçik yanğın vacib ekoloji rol oynayır: köhnə və ya qurumaq üzrə olan ağacları məhv edir, bir çox toxumların bitməsinə və yeməli maddələrin təkrar istifadə olunmasına kömək edir, həmçinin qəribə də olsa, idarə olunmayan güclü yanğınların təhlükəsini azaldır. Qar da olduqca vacib rol oynayır: torpağı nəmləşdirir və gübrələndirir, çayları qidalandırır, həmçinin bitki və heyvanları donmaqdan qoruyur.
20. Dağlar və ağaclar insanlara hansı faydanı gətirir?
20 Məzmur 148:9 (MKŞ) ayəsi deyir: “Ey dağlar, bütün təpələr, ey bəhərli ağaclar, bütün sidr ağacları”. Möhtəşəm dağlar Yehovanın böyük qüvvəsinə şəhadət edir (Məzmur 65:6). Lakin onlar həm də praktiki məqsədə xidmət edir. Berndə (İsveçrə) coğrafiya İnstitutu tərəfindən dərc olunmuş bir hesabatda deyilir: “Dünyanın bütün böyük çayları öz başlanğıcını dağlardan götürür. Yer kürəsinin əhalisinin yarıdan çoxunun həyatı dağlarda toplanan şirin sudan asılıdır. [...] Bu “su qüllələri” bəşəriyyətin həyatında böyük rol oynayır”. Hətta adi bir ağac da öz Yaradanına izzət gətirir. BMT-nin ətraf mühit üzrə Proqramının mə’lumatına əsasən, ağaclar “bütün ölkələrdə insanların rifahı üçün vacibdir... Ağacların bir çox növləri vacib iqtisadi əhəmiyyətə malikdir, belə ki, oduncaq, meyvələr, qoz-fındıq, qatran və saqqız kimi məhsulların mənbəyidir. Bütün dünyada iki milyard insana qida hazırlamaq və qızınmaq üçün odun lazımdır”.
21. İzah edin: Adi yarpağın quruluşu, onun yaradıldığını necə göstərir?
21 Müdrik Yaradanın mövcud olduğunu ağacın quruluşunda da görə bilərik. Misal üçün, adi yarpağı götürək. Yarpaq xaricdən onu qurumaqdan qoruyan mum örtüyə malikdir. Bu örtüyün altında, üst qatda, tərkibində xloroplastlar olan hüceyrələr yerləşir. Xloroplastların daxilində işıq enerjisini udan xlorofil yerləşir. Fotosintez sayəsində yarpaqlar “qida fabrikasına” çevrilir. Ağacın kökü vasitəsilə toplanan su, mürəkkəb “su kəməri sistemi” ilə yarpaqlara daşınır. (Ağızcıqlar adlanan) minlərlə kiçicik “qapaqlar” yarpağın alt tərəfində açılıb-bağlanaraq karbon qazını udur. Sudan və karbon qazından karbohidrat hazırlamaq üçün işıq enerji verir. İndi bitki, hazırladığı qida ilə qidalana bilər. Hər şeydən əlavə, bu “fabrika” səssiz və gözəldir. Çirklənmə əvəzinə, ağac əlavə məhsul olaraq oksigen buraxır!
22, 23. a) Bə’zi quruda yaşayan heyvanlarda və quşlarda hansı qəribə qabiliyyətlər var? b) Biz daha hansı sualları nəzərdən keçirməliyik?
22 Məzmur 148:10 (MKŞ) ayəsi davam edir: “Ey çöl və ev heyvanları, ey sürünənlər və uçan quşlar”. Bir çox quruda yaşayan heyvanlar, həmçinin quşlar qəribə bacarıqlar nümayiş etdirirlər. Tündboyun albatros havada böyük məsafə qət edə bilər (bir quş cəmi 90 gün ərzində 40 000 kilometr uçmuşdur). Qarabaş meşə nəğməkarı Şimali Amerikadan Cənubi Amerikaya köç edərkən dayanmadan 80 saatdan artıq uça bilir. Bir çoxlarının düşündüyü kimi dəvə suyu hürgücündə deyil, həzmetmə sistemində saxlayır və uzun müddət susuz keçinə bilir. Təəccüblü deyil ki, mühəndislər mexanizmlər düzəldəndə və yeni materiallar hazırlayanda heyvanlar aləminin nümayəndələrini diqqətlə tədqiq edirlər. Qeyl Klir yazır: “Əgər effektli surətdə işləyən... və ətraf mühitə zədə vurmayan qurğu yaratmaq istəyirsənsə, təbiətə müraciət et; çox güman ki, sən orada gözəl nümunə tapacaqsan”.
23 Bəli, yaradılan varlıqlar həqiqətən də Allahın izzətini bəyan edir! Ulduzlu göylərdən tutmuş bitkilərə və heyvanlara qədər hər şey öz Yaradanına bacardığı kimi izzət verir. Bəs biz insanlar? Təbiətlə birlikdə Allahımıza necə həmd oxuya bilərik?
Xatırlayırsınızmı?
• Allahın mövcudluğunu inkar edən insanlar nəyə görə üzürsüzdürlər?
• Ulduzlar və planetlər Allaha necə izzət verir?
• Dənizdə və quruda yaşayan heyvanlar sevən Yaradan haqqında necə şəhadət edirlər?
• Cansız təbiətin qüvvələri Yehovanın iradəsini necə yerinə yetirir?
[20-ci səhifədəki şəkil]
Afalina.
[21-ci səhifədəki şəkil]
Qar dənəciyi.
[İcazə ilə]
snowcrystals.net
[21-ci səhifədəki şəkil]
Cavan tündboyun albatros.