Biz nöqsansızlıq yolu ilə yeriyəcəyik!
«Mənsə kamalla [«nöqsansızlığımda», YD] gəzirəm» (MƏZ. 26:11).
1, 2. Əyyub öz nöqsansızlığı barədə nə demişdi və «Əyyub» kitabının 31-ci fəslindən onun haqqında nə öyrənirik?
QƏDİM zamanlarda qızılı, gümüşü və ya ərzağı çəkmək üçün, adətən, bərabərqollu asma tərəzilərdən istifadə olunurdu. Belə tərəzilər dirəyə bərkidilmiş üfüqi yaydan, iki qoldan və iki gözdən ibarət olurdu. Məsələn, tərəzinin bir gözünə qızılı və ya başqa şeyi, digərinə isə çəki daşları qoyurdular. Allahın xalqı düzgün tərəzidən və çəki daşlarından istifadə etməli idi (Sül. məs. 11:1).
2 Allahdan qorxan Əyyub Şeytanın həmlələri ucbatından əziyyət çəkəndə demişdi: «Qoy Allah məni haqq tərəzisində çəksin, kamil [«nöqsansız», YD] olduğumu görsün» (Əyy. 31:6). Əyyub nöqsansız insan üçün sınaq ola biləcək bir neçə vəziyyət sadaladı. O, bu sınaqlardan başıuca çıxdı. Bunu «Əyyub» kitabının 31-ci fəslində onun dediyi sözlərdən görmək olar. Əyyubun gözəl nümunəsi bizi eyni cür davranmağa və məzmurçu Davud kimi, əminliklə növbəti sözləri deməyə təşviq edə bilər: «Mən... kamalla [«nöqsansızlığımda», YD] gəzirəm» (Məz. 26:11).
3. Nəyə görə həm xırda, həm də böyük məsələlərdə Allaha sadiq qalmaq vacibdir?
3 Ciddi sınaqlarla üzləşməsinə baxmayaraq, Əyyub Allaha sadiq qaldı. Bəziləri hətta Əyyubun şiddətli sınaqlara tab gətirərək nöqsansızlığını qoruyub saxlamasını əsil qəhrəmanlıq adlandıra bilərlər. Bu gün bizim qarşılaşdığımız sınaqlar Əyyubunku qədər şiddətli deyil. Ancaq nöqsansızlıq yolu ilə yerimək və Yehovanın ali hökmranlığını dəstəkləmək istəyiriksə, həm xırda, həm də böyük məsələlərdə Ona sadiq qalmalıyıq. (Luka 16:10 ayəsini oxu.)
Əxlaqi cəhətdən nöqsansız olmaq vacibdir
4, 5. Nöqsansız insan olan Əyyub nədən uzaq dururdu?
4 Yehovanın qarşısında nöqsansızlığımızı qorumaq istəyiriksə, biz də, Əyyub kimi, Onun əxlaq normalarına ciddi riayət etməliyik. O demişdi: «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?.. Əgər qəlbim başqa bir qadına meyl edibsə, qonşumun qapısını pusmuşamsa, qoy arvadım başqasının taxılını üyütsün, qoy onunla başqa kişilər yatsın» (Əyy. 31:1, 9, 10).
5 Allah qarşısında nöqsansızlığını qorumağa qəti qərarlı olan Əyyub qadınlara şəhvətlə baxmırdı. Evli olan Əyyub nə qızlarla eşqbazlıq edir, nə də başqasının arvadı ilə gəzirdi. Dağüstü təbliğdə İsa cinsi əxlaq normalarına dair ciddi göstəriş vermişdi. Sözsüz ki, nöqsansız insanlar bunu yaddaşlarına həkk etməlidirlər. (Matta 5:27, 28 ayələrini oxu.)
Heç vaxt hiyləyə əl atma
6, 7. a) Əyyubun hadisəsində olduğu kimi, Allah nöqsansız olub-olmadığımızı necə müəyyən edir? b) Nəyə görə biz hiyləgər və yalançı olmamalıyıq?
6 Əgər nöqsansız insanların sırasında olmaq istəyiriksə, heç vaxt hiyləyə əl atmayacağıq. (Məzmur 5:6 ayəsini oxu.) Əyyub demişdi: «Əgər yalançı olaraq gəzmişəmsə, ayağım fırıldaq üçün qaçıbsa, qoy Allah məni haqq tərəzisində çəksin, kamil [«nöqsansız», YD] olduğumu görsün» (Əyy. 31:5, 6). Yehova bütün insanları «haqq tərəzisində» çəkir. Əyyubun hadisəsində olduğu kimi, Allah bizim də nöqsansız olub-olmadığımızı mükəmməl ədalət normaları əsasında müəyyən edir.
7 Əgər hiyləgər, yaxud yalançı olsaydıq, bizi nöqsansız insan adlandırmaq olmazdı. Nöqsansız insanlar «gizlində görülən abırsız işləri rədd edir» və «hiyləgərliklə hərəkət etmir»lər (2 Kor. 4:1, 2). Ağzımızdan hiyləgər söz çıxarsa və ya hiylə işlədəriksə, həmimanlımız da əlini açıb Allahdan kömək diləyərsə, onda necə? Onda vay bizim halımıza! «Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi... Ya Rəbb, yalançı dodaqlardan, fitnəkar dillərdən canımı qurtar», — deyə məzmurçu oxuyurdu (Məz. 120:1, 2). Yadda saxlamalıyıq ki, Allah ürəyimizin dərinliklərini görməyə qadirdir; O, düşüncə və hisslərimizi yoxlayaraq nöqsansız olub-olmadığımızı müəyyən edir (Məz. 7:8, 9).
Başqaları ilə davranışda nümunəvi ol
8. Əyyub başqaları ilə necə rəftar edirdi?
8 Nöqsansızlığımızı qorumaq üçün biz, Əyyub kimi, ədalətli, təvazökar və başqalarına qarşı diqqətcil olmalıyıq. O demişdi: «Əgər mənimlə çəkişəndə nökərlərimin və kənizlərimin haqqını yemişəmsə, Allah ayağa qalxanda mən nə edə bilərəm? Məni yoxlayanda nə cavab verərəm? Anamın bətnində məni yaradan onu yaratmayıbmı? Bətndən bizə quruluş verən O olmayıbmı?» (Əyy. 31:13—15).
9. Nökərləri ilə münasibətdə Əyyub hansı xüsusiyyətləri təzahür etdirirdi və biz necə davranmalıyıq?
9 Görünür, Əyyubun yaşadığı dövrdə məhkəmə işləri sadə və mütəşəkkil surətdə icra olunurdu. Hətta qullar da məhkəməyə müraciət edə bilərdilər. Əyyub öz nökərləri ilə ədalətlə və mərhəmətlə davranırdı. Əgər nöqsansızlıq yolu ilə yerimək istəyiriksə, biz də bu xüsusiyyətləri təzahür etdirməliyik. Bu, xüsusilə də ağsaqqallardan gözlənilir.
Tamahkar olma, səxavətli ol
10, 11. a) Əyyubun səxavətli və başqalarına əl tutan insan olduğunu haradan bilirik? b) Əyyub 31:16—25 ayələri bizə Müqəddəs Kitabın hansı məsləhətlərini xatırladır?
10 Əyyub səxavətli insan idi, o, başqalarına əl tuturdu. Xudbin və acgöz deyildi. Əyyub deyirdi: «Əgər... dul qadının ümidini qırmışamsa, bir tikəmi özüm yeyib yetimə verməmişəmsə,.. paltarı olmadığı üçün canı ağrıyan, ya örtüyə möhtac qalan yoxsulları görəndə qoyunlarımın yunu ilə onları isitməmişəmsə,.. yetimə əl qaldırmışamsa, qollarım qırılıb çiyinlərimdən düşsün, qoy qolum lüləsindən sınsın». Üstəlik, Əyyub qızıla: «Ümidim sənsən», — desəydi, nöqsansız insan olmazdı (Əyy. 31:16—25).
11 Bu şairanə sözlər bizə şagird Yaqubun növbəti sözlərini xatırladır: «Atamız Allahın gözündə təmiz və pak ibadət — ehtiyac içində yaşayan yetimlərə və dul qadınlara qayğı göstərməkdən və özünü bu dünyada ləkəsiz saxlamaqdan ibarətdir» (Yaq. 1:27). Həmçinin həmin sözlər İsanın bu xəbərdarlığını da yadımıza sala bilər: «Gözlərinizi dörd açın və özünüzü hər cür tamahkarlıqdan qoruyun, çünki insanın var-dövləti başından aşıb-daşsa da, həyatı bundan asılı deyil». Sözünə davam edərək İsa «Allahın gözündə» varlı olmadan həyatını itirən tamahkar və dövlətli bir adam haqqında məsəl çəkdi (Luka 12:15—21). Nöqsansız insan olmaq üçün biz acgözlüyün, tamahkarlığın qurbanı olmamalıyıq. Tamahkarlıq bütpərəstlikdir, çünki belə insanın əldə etmək istədiyi şey onu Yehovadan uzaqlaşdırır və nəticədə, onun üçün bütə çevrilir (Kolos. 3:5). Həqiqətən də, nöqsansızlıq və tamahkarlıq bir-birinə yad anlayışlardır!
Həqiqi ibadətdən möhkəm yapış
12, 13. Bütpərəstlikdən uzaq durmağa dair Əyyub hansı nümunəni qoyub?
12 Nöqsansız insanlar həqiqi ibadətdən dönmürlər. Əyyub da belələrindən idi. O demişdi: «Əgər parlayan günəşə, işıq saçaraq dövran edən aya baxıb, könlümün meylini gizlicə azdırıb, sitayiş etmək üçün əlimlə onlara öpüş yollamışamsa, bu da məni ittiham edən günah sayılardı, çünki ucalarda olan Allahı danmış olardım» (Əyy. 31:26—28).
13 Əyyub cansız şeylərə ibadət etmirdi. Əgər onun ürəyindən xəlvətcə göy cisimlərinə, məsələn, aya ibadət etmək istəyi keçsəydi və bütpərəstliyin rəmzi olaraq əli ilə ona öpüş yollasaydı, Allahı danan bir bütpərəst olardı (Qanun. t. 4:15, 19). Allah qarşısında nöqsansızlığımızı qorumaq üçün biz bütpərəstliyin bütün növlərindən uzaq durmalıyıq. (1 Yəhya 5:21 ayəsini oxu.)
İntiqam alma və ikiüzlü olma
14. Əyyubun kinli insan olmadığı nədən bəllidir?
14 Əyyub nə kinli, nə də insafsız idi. O başa düşürdü ki, bunlar nöqsansız insana xas olmayan xüsusiyyətlərdir. Bu, onun: «Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə, başına bəla gəldi deyə fərəhlənmişəmsə, kiminsə canına qarğış yağdıraraq dilimə günah işlətməyə yol vermişəmsə...» — deyə söylədiyi sözlərdən bəllidir (Əyy. 31:29, 30).
15. Bizə nifrət edənlərin bədbəxtliyinə sevinmək nəyə görə düzgün deyil?
15 Vicdanlı insan olan Əyyub başqasının bədbəxtliyinə sevinmirdi. Ondan xeyli vaxt sonra «Süleymanın məsəlləri» kitabında belə bir xəbərdarlıq yazıldı: «Düşməninin yıxılmasına sevinmə, onun büdrəməsinə görə ürəyin fərəhlənməsin. Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, düşmənin üzərindən qəzəbini götürər» (Sül. məs. 24:17, 18). Yehova ürəkləri görür. Əgər ürəyimizdə başqasının bədbəxtliyinə seviniriksə, O, bunu bilir və sözsüz ki, bəyənmir (Sül. məs. 17:5). Onda Allah bizimlə: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm», — sözlərinə əsasən davrana bilər (Qanun. t. 32:35).
16. Varlı olmasaq da, başqalarına necə qonaqpərvərlik göstərə bilərik?
16 Əyyub qonaqpərvər idi (Əyy. 31:31, 32). Ola bilsin, biz varlı deyilik, bununla belə, biz də qonaqpərvərlik göstərə bilərik (Rom. 12:13). Məsələn, sadə süfrə açıb başqalarını qonaq dəvət etmək olar. «Sevgi dolu bir yerdə göyərti yemək nifrət dolu bir yerdə yağlı dana əti yeməkdən yaxşıdır» (Sül. məs. 15:17). Nöqsansızlıq yolu ilə yeriyən həmimanlımızla xoş və mehriban ab-havada yediyimiz adi xörək belə bizə ləzzət verəcək və ruhən təravət bəxş edəcək.
17. Nəyə görə ciddi günahımızı ört-basdır etməyə çalışmamalıyıq?
17 Əyyub ikiüzlü deyildi və görünür, bu, onun evində qonaq olanlara ruhani cəhətdən yaxşı təsir bağışlayırdı. O, birinci əsrdə məsihçi yığıncağına girən və öz ‘mənfəəti xatirinə başqalarına yaltaqlanan’ allahsız insanlar kimi deyildi (Yəhuda 3, 4, 16). O, başqalarının hörmətini itirməkdən qorxaraq günahlarını ört-basdır etmirdi. Hər bir günahını Allaha etiraf etməyə həmişə hazır olan Əyyub istəyirdi ki, Allah onun qəlbini yoxlasın (Əyy. 31:33—37). Əgər biz ciddi günah işlətmişiksə, gəlin heç vaxt insanların gözündən düşməkdən qorxaraq onu gizlətməyək. Nöqsansızlığımızı qorumağa çalışdığımızı necə göstərə bilərik? Günahımızı boynumuza almaqla, tövbə etməklə, ruhani kömək axtarmaqla və səhvimizi düzəltmək üçün əlimizdən gələni etməklə (Sül. məs. 28:13; Yaq. 5:13—15).
Nöqsansız bəndə məhkəmə qarşısında
18, 19. a) Haradan bilirik ki, Əyyub heç vaxt başqalarını istismar etmirdi? b) Günahkar olduğu sübuta yetirildiyi təqdirdə Əyyub nə etməyə hazır idi?
18 Əyyub dürüst və ədalətli idi. Buna görə də o, təmiz vicdanla demişdi: «Torpağım da məndən fəryad edirsə, kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa, pulunu vermədən məhsulu yemişəmsə, buranın sakinlərinin ürəyini qırmışamsa, qoy sahəmdə buğda yerinə tikan, arpa yerinə alaq bitsin» (Əyy. 31:38—40). Əyyub heç vaxt başqalarına məxsus olan torpaq sahəsini ələ keçirməyə çalışmırdı; o, öz işçilərini istismar etmirdi. Onun kimi, biz də xırda və böyük məsələlərdə Yehova qarşısında nöqsansızlığımızı qorumalıyıq.
19 Əyyub üç dostuna, eləcə də gənc Elihuya öz həyatından danışdı. O, məhkəmədəki əleyhdarını, sanki, imzası ilə ‘təsdiq etdiyi’ həyatına görə ittiham etməyə dəvət edir. Günahkar olduğu sübuta yetirildiyi təqdirdə Əyyub cəzasını çəkməyə belə hazır idi. Əyyub öz işini Allahın ədalət məhkəməsinə təqdim edib Onun qərarı gözləyirdi. Bu yerdə «Əyyubun sözləri sona yetdi» (Əyy. 31:35, 40).
Sən nöqsansızlığını qoruya bilərsən!
20, 21. a) Əyyub nəyin sayəsində nöqsansızlığını qorumağa müvəffəq oldu? b) Allaha bəslədiyimiz məhəbbəti necə artıra bilərik?
20 Əyyub nöqsansızlığını qorumağa müvəffəq oldu, çünki Yehovanı sevirdi, Yehova da onu sevir və ona kömək edirdi. O demişdi: «[Yehova], mənə həyat verdin, sevgi göstərdin, qayğıma qalmağınla ruhumu hifz etdin» (Əyy. 10:12). Hər şeydən əlavə, Əyyub başqalarını sevirdi, çünki o dərk edirdi ki, «yaxınından sevgi dolu xeyirxahlıq əsirgəyən insan Külli-İxtiyar qarşısında qorxunu belə inkar edəcək» (Əyy. 6:14, YD). Nöqsansız insan Allahı və yaxınlarını sevir (Mat. 22:37—40).
21 Ürəyimizdə olan Allah sevgisi artsın deyə biz hər gün Onun Kəlamını oxumalı və oradan Onun haqqında öyrəndiklərimizin üzərində dərindən düşünməliyik. Səmimi-qəlbdən dua edərək biz Yehovanı mədh edə və etdiyi xeyirxahlığa görə minnətdarlığımızı bildirə bilərik (Filip. 4:6, 7). Biz həmçinin Yehovanı nəğmələrdə tərənnüm edə və Onun xalqı ilə müntəzəm ünsiyyətdən faydalana bilərik (İbr. 10:23—25). Xidmətdə iştirak etmək və Yehovanın ‘Xilaskar olduğunu müjdələmək’ də Ona olan məhəbbətimizi artıracaq (Məz. 96:1—3). Onda biz məzmurçu kimi nöqsansızlığımızı qoruya biləcəyik. O oxuyurdu: «Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm» (Məz. 73:28).
22, 23. Yehovanın ali hökmranlığını dəstəkləyən bizlərin fəaliyyəti ilə qədimdə nöqsansızlıqlarını qoruyanların fəaliyyəti arasında hansı oxşarlıq var?
22 Əsrlər boyu Yehova nöqsansız insanlara müxtəlif tapşırıqlar həvalə etmişdir. «Salehlik təbliğçisi» olan Nuh gəmi tikmişdi (2 Pet. 2:5). Yeşua İsrail xalqını Vəd olunmuş diyara gətirmişdi. Onun qazandığı müvəffəqiyyətin sirri ‘Qanun kitabını gecə-gündüz’ oxumaqda və ona müvafiq tərzdə yaşamaqda idi (Yeşua 1:7, 8). Birinci əsrdə yaşayan məsihçilər isə müntəzəm olaraq bir yerə yığışıb Müqəddəs Yazıları araşdırır və şagird hazırlamaq işi ilə məşğul olurdular (Mat. 28:19, 20).
23 Biz salehliyi təbliğ etməklə, şagird hazırlamaqla, Müqəddəs Kitabdakı məsləhətləri həyatımızda tətbiq etməklə, eləcə də həmimanlılarımızla birgə yığıncaq görüşlərində və konqreslərdə iştirak etməklə Yehovanın ali hökmranlığını dəstəkləyir və nöqsansızlığımızı qoruyuruq. Bütün bunların sayəsində biz cəsarətli olacaq, ruhən möhkəm qalacaq və Allahın iradəsini yerinə yetirməkdə müvəffəqiyyət qazanacağıq. Bu, bizim üçün elə də çətin deyil, çünki səmavi Atamız və Onun Oğlu bizə arxadır (Qanun. t. 30:11—14; 1 Pad. 8:57). Üstəlik, nöqsansızlıq yolunda bizimlə birgə yeriyən, Yehovanı Ali Hökmdarları kimi qəbul edən və Ondan qorxan ‘bütün qardaşlıq’ bizə dayaqdır (1 Pet. 2:17).
Necə cavab verərdiniz?
• Yehovanın əxlaq normalarına necə yanaşmalıyıq?
• Əyyubun hansı xüsusiyyətləri sənin daha çox xoşuna gəlir?
• Əyyub 31:29—37 ayələrindən göründüyü kimi, Əyyub necə insan idi?
• Nəyə görə Allah qarşısında nöqsansızlığımızı qorumaq mümkündür?
[29-cu səhifədəki şəkil]
Əyyub Yehovanın qarşısında nöqsansızlığını qorumağa müvəffəq oldu. Biz də bunu bacararıq!
[32-ci səhifədəki şəkil]
Biz nöqsansızlığımızı qoruya bilərik!