Hamı Yehovanın izzətini bəyan etsin
“İzzəti və qüdrəti Rəbbə verin. İsminin izzətini Rəbbə verin” (MƏZMUR 96:7, 8).
1, 2. Yehovaya haradan izzət verilir və bu izzət səsinə qoşulmağa kimlər də’vət olunurlar?
YESSE oğlu Davud gənc yaşlarından Beytlehemin ətrafında qoyun otarırdı. O, atasının uzaq örüşlərdəki qoyun sürülərinə növbə çəkərkən, ehtimal ki, gecənin sükunətində ucsuz-bucaqsız ulduzlu səmaya necə də tez-tez nəzər salırdı! Allahın müqəddəs ruhu vasitəsilə ilhamlanaraq 19-cu məzmurdakı növbəti sözləri yazarkən, şübhəsiz ki, həmin aydın təəssüratlar onun xəyalında canlanırdı: “Göylər Allahın izzətini bəyan edər; və göy qübbəsi əllərinin işini e’lan eylər. Onların ahəngi bütün dünyaya və sözləri yerin ucuna varmışdır” (Məzmur 19:1, 4).
2 Dil bilmədən, söz söyləmədən və hətta səs çıxarmadan belə, Yehovanın yaratdığı ehtiram oyadan göylər gündən-günə, gecədən-gecəyə Onun izzətini bəyan edir. Yaradılmış şeylər Allahın izzətini susmadan bəyan edir və onların səssiz şahidliyinin ‘bütün dünya’ sakinlərinə çatdığına yalnız həlimliklə nəzər yetirmək olar. Lakin yaradılmış şeylərin səssiz şahidlik etməsi kifayət deyil. Bu şahidliyə sadiq insanların da səsi qoşulmalıdır. Adı çəkilməyən məzmurçu Yehovanın sadiq xidmətçilərinə bu sözlərlə müraciət etmişdir: “İzzəti və qüdrəti Rəbbə verin. İsminin izzətini Rəbbə verin” (Məzmur 96:7, 8). Yehova ilə yaxın münasibətlərə malik olanlar bu də’vətə sevinclə hay verirlər. Bəs Allaha izzət vermək nə deməkdir?
3. İnsanlar Allaha necə izzət verirlər?
3 Allaha izzət vermək üçün sadəcə söz söyləməkdən daha çox şey tələb olunur. İşayanın günlərində yaşayan israillilər Allaha ağızları ilə izzət verirdilər, lakin onlardan çoxu səmimi deyildilər. Yehova İşayanın vasitəsilə dedi: “Bu xalq mənə yaxınlaşırlar və ağızları ilə və dodaqları ilə məni sayırlar və ürəklərini məndən uzaqlaşdırırlar” (İşaya 29:13). Bu cür insanların söylədikləri həmd sözləri mə’nasız idi. İnsan Yehovanı bütün ürəyi ilə sevib, Ona məxsus olan yeganə izzəti qəbul etdiyi halda həmd sözləri əhəmiyyət kəsb edir. Yaradan yalnız Yehovadır. O, Küll-İxtiyar, Ədalətli, məhəbbətin təcəssümüdür. O, xilasımızın mənbəyi, həmçinin göydə və yerdə yaşayan hər bir məxluqun tabe olmağa borclu olduğu qanuni Hakimidir (Vəhy 4:11; 19:1). Əgər biz buna həqiqətən də inanırıqsa, gəlin Onu bütün ürəyimizlə izzətləndirək.
4. Allahı izzətləndirməyə dair İsa hansı öyüdləri verdi və biz onlara necə riayət edə bilərik?
4 İsa Məsih bizə Allaha izzət verməyin üsulunu öyrətdi. O dedi: “Atam çox məhsul vermənizlə izzətlənir; beləliklə Mənim şagirdlərim olacaqsınız” (Yəhya 15:8). Biz hansı tərzdə çox məhsul veririk? Birincisi, “Padşahlıq haqqında olan” xoş xəbərin təbliğ edilməsində ürəkdən iştirak edir, bununla da Allahın “gözlə görülməz xüsusiyyətləri”ni bəyan etməkdə bütün məxluqlara qoşuluruq (Matta 24:14, İ–93; Romalılara 1:20). Bundan əlavə, bu cür davranmaqla biz birbaşa və ya dolayı yolla, yeni şagirdlərin hazırlanmasında iştirak edirik ki, bunun da sayəsində Yehova Allaha izzət səsinin daha ucadan səslənməsi mümkün olur. İkincisi, müqəddəs ruhun bizdə yetişdirdiyi səmərəni inkişaf etdirir və Yehova Allahın üstün xüsusiyyətlərini təqlid etməyə çalışırıq (Qalatiyalılara 5:22, 23; Efeslilərə 5:1; Koloslulara 3:10). Bunun nəticəsində davranışlarımız Allaha izzət gətirir.
“Bütün dünyaya”
5. Məsihçilərin imanlarını başqaları ilə bölüşməklə Allaha izzət vermək məs’uliyyəti daşıdıqlarını Pavelin necə vurğuladığını izah edin.
5 Pavel Romalılara məktubunda vurğulayırdı ki, məsihçilər imanlarını başqaları ilə bölüşməklə Allaha izzət vermək məs’uliyyəti daşıyırlar. Romalılara yazılan məktubun əsas məğzi ondadır ki, yalnız İsa Məsihə iman gətirən kəslər xilas ola bilərlər. Bu məktubun 10-cu fəslində Pavel qeyd edirdi ki, “qanunun sonu Məsih” olsa da, onun günlərində olan israillilər hələ də Musanın qanununa riayət etməklə salehliyə nail olmağa can atırdılar. Buna görə də Pavel deyirdi: “Əgər sən ağzınla açıqca “İsa Rəbdir” desən və Allahın Onu ölülərdən diriltdiyinə ürəyində inansan, xilas olacaqsan”. Həmin vaxtdan e’tibarən “yəhudi ilə yunan arasında fərq” olmadı, “çünki, hamısının Rəbbi birdir, Onu çağıranların hamısı üçün zəngindir. Zira: “Rəbbin ismini hər kim çağırsa, xilas olacaqdır” (Romalılara 10:4, 9-13, İ–93).
6. Pavel Məzmur 19:4 ayəsini necə tətbiq etmişdir?
6 Sonra Pavel məntiqi sual verir: “İman etmədikləri o Kimsəni necə çağıracaqlar? Eşitmədikləri Kimsəyə necə iman edəcəklər? Təbliğ edən yoxdursa, necə eşidəcəklər?” (Romalılara 10:14, İ–93). İsrail haqqında Pavel deyir: “Müjdəyə hamı qulaq asmadı”. İsraillilər nəyə görə qulaq asmadılar? Ona görə yox ki, imkansız idilər, ona görə ki, imanları yox idi. Pavel bunu Məzmur 19:4 ayəsini sitat gətirərək göstərir və bunu yaradılan şeylərin səssiz şəhadətinə deyil, məsihçilərin təbliğ işinə tətbiq edir. O deyir: “Əksinə, “onların səsi bütün dünyaya, onların sözləri yerin uclarına qədər çatdı” (Romalılara 10:16, 18, İ–93). Cansız varlıqlar Yehovaya izzət gətirdikləri kimi, birinci əsrin məsihçiləri də xilas haqqındakı xoş xəbəri hər yerdə təbliğ edir və bununla da ‘bütün dünyada’ Allaha izzət gətirirdilər. Pavel Koloslulara məktubunda da xoş xəbərin nə dərəcədə geniş yayıldığını xatırladır. O deyir ki, xoş xəbər “göy altında olan hər məxluqa təbliğ edilmişdir” (Koloslulara 1:23).
Çalışqan Şahidlər
7. İsanın sözlərinə əsasən məsihçilər hansı məs’uliyyəti daşıyırlar?
7 Pavel Koloslulara məktubunu, ehtimal ki, İsa Məsihin ölümündən təxminən 27 il sonra yazmışdır. Bu cür qısa vaxt ərzində təbliğ işi Kolos şəhərinə necə çatmışdı? Bu ona görə baş vermişdi ki, birinci əsrin məsihçiləri çalışqan idilər, Yehova da onların sə’yinə xeyir-dua verirdi. İsa qabaqcadan xəbər vermişdi ki, onun davamçıları fəal təbliğçilər olacaqlar. O demişdi: “Əvvəlcə bütün xalqlarda Müjdə təbliğ edilməlidir” (Mark 13:10). Bu peyğəmbərlikdən əlavə, İsa “Matta” kitabının sonuncu ayələrində yazılan tapşırığı vermişdi: “Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:19, 20). İsanın göyə qalxmasından qısa müddət sonra, davamçıları onun tapşırığını yerinə yetirməyə başladılar.
8, 9. “Həvarilərin işləri” kitabına əsasən məsihçilər İsanın tapşırığını necə yerinə yetirirdilər?
8 Eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruhun tökülməsindən sonra İsanın sadiq davamçılarının gördükləri birinci iş o oldu ki, gedib Yerusəlimdəki insanlara “Allahın möhtəşəm işləri barədə” danışaraq təbliğ etdilər. Onların təbliği güclü tə’sir oyatdı və “üç minə yaxın adam” vəftiz oldu. Şagirdlər dayanmadan xalq qarşısında və sə’ylə Allaha izzət verirdilər, bu da yaxşı səmərələr gətirirdi (Həvarilərin işləri 2:4, 11, 41, 46, 47).
9 Həmin məsihçilərin fəaliyyəti çox tezliklə din rəhbərlərinin diqqətini cəlb etdi. Peterin və Yəhyanın cəsarətindən narahat olaraq, onlar bu iki həvariyə təbliğ etməməyi tapşırdılar. Həvarilər cavab verdilər: “Eşitdiyimiz və gördüyümüz şeyləri söyləməməyimiz qeyri-mümkündür”. Onları hədələyib, azad etdikdən sonra, Peter və Yəhya qardaşların yanına qayıtdılar və hamısı birlikdə duada Yehovaya üz tutdular. Onlar mərdliklə Yehovadan xahiş etdilər: “Öz qullarına qüvvə ver ki, Sənin sözünü tam cəsarətlə söyləsinlər” (Həvarilərin işləri 4:13, 20, 29).
10. Məsihin həqiqi davamçıları hansı müqavimətlə qarşılaşdılar və onlar buna necə cavab verdilər?
10 Bir qədər sonradan aydın olduğu kimi həmin dua Yehovanın iradəsinə müvafiq idi. Həvarilər həbsə alınmış, sonradan isə mö’cüzəli şəkildə mələk tərəfindən azad edilmişdilər. Mələk onlara demişdir: “Gedin və mə’bəddə durub, bu Həyat barəsindəki bütün sözləri xalqa söyləyin” (Həvarilərin işləri 5:18-20). Həvarilər itaət göstərdikləri üçün Yehova onlara xeyir-dua verməyə davam edirdi. Onlar “hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər” (Həvarilərin işləri 5:42). Gördüyümüz kimi, İsanın davamçılarını xalq qarşısında Allaha izzət verməkdən yayındırmaq cəhdləri heç bir müvəffəqiyyət gətirmədi.
11. Erkən məsihçilər təbliğ işinə necə yanaşırdılar?
11 Tezliklə, Stefan həbsə alındı və daşlanıb öldürüldü. Onun qətlindən sonra Yerusəlimdə sərt tə’qiblər başlandı və həvarilərdən başqa bütün şagirdlər dağılmağa məcbur oldular. Tə’qiblər onların sə’yini zəiflətdimi? Əsla. Biz oxuyuruq: “Dağılanlar Allahın kəlamını müjdələyərək dolaşırdılar” (Həvarilərin işləri 8:1, 4). Allahın izzətini bəyan etmək sə’yini təkrar-təkrar görmək olardı. “Həvarilərin işləri” kitabının 9-cu fəslində Tarsus şəhərindən olan Şaul adlı fəriseyin İsanın şagirdlərini tə’qib etmək üçün Dəməşq şəhərinə gedərkən görünmədə İsanın özünü görməsi və gözlərinin tutulması barədə oxuyuruq. Dəməşqdə Hananya mö’cüzəli şəkildə Şaula şəfa verdi. Sonradan həvari Pavel kimi tanınan Şaul ilk növbədə hansı işi görməyə başladı? Müqəddəs Kitabda deyilir ki: “Dərhal sinaqoqlarda İsa haqqında təbliğ etməyə başladı. “O, Allahın Oğludur”,— deyirdi” (Həvarilərin işləri 9:20).
Hamısı təbliğ edirdi
12, 13. a) Tarixçilərin fikrinə əsasən erkən məsihçi yığıncağında diqqətəlayiq olan nə idi? b) “Həvarilərin işləri” kitabı tarixçilərin fikirlərini necə təsdiq edir?
12 Erkən məsihçi yığıncağının hər bir üzvünün təbliğ işində iştirak etdiyinə heç bir şübhə oyanmır. Həmin dövrün məsihçiləri barəsində Filip Şaffa yazır: “Hər bir yığıncaq missioner cəmiyyəti, hər bir imanlı isə missioner idi” (“History of the Christian Church”). U. S. Uilyams yazır: “Ümumiyyətlə, tarixi mə’lumatlar şahidlik edir ki, erkən Kilsəyə məxsus olan bütün məsihçilər, xüsusən də fövqəltəbii ən’amlara [ruhun ən’amlarına] malik olanların hamısı müjdəni təbliğ edirdilər” (“The Glorious Ministry of the Laity”). O, həmçinin təsdiq edir: “İsa Məsih heç bir vəchlə bildirmirdi ki, təbliğ etmək müəyyən təbəqəyə məxsus olan ruhanilərin üstünlüyüdür”. Hətta qədimdə yaşayan və məsihçiliyin düşməni olan Sels yazırdı “Yunçırpanlar, çəkməçilər, keçəçilər, ən savadsız və sadə insanlar müjdəni sə’ylə təbliğ edirdilər”.
13 Bu faktların dəqiqliyi “Həvarilərin işləri” kitabında yazılan tarixi faktlarla sübut olunur. Eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruhun tökülməsindən sonra şagirdlərin hamısı, kişilər və qadınlar, Allahın möhtəşəm işlərini xalq qarşısında bəyan etməyə başladılar. Məsihçilər Stefanın qətlindən sonra başlanan tə’qiblər ucbatından başqa şəhərlərə dağılanda, onların hamısı hər yerdə xoş xəbəri yayırdılar. Təxminən 28 il sonra Pavel yalnız kiçik bir ruhani sinfinə deyil, yəhudilərdən olan bütün məsihçilərə növbəti sözləri yazmışdı: “Həmişə İsa vasitəsilə Allaha həmd qurbanını, yə’ni Onun adını iqrar edən dodaqların bəhrəsini təqdim edək” (İbranilərə 13:15). Pavel təbliğ işinə olan münasibətini təsvir edərək yazırdı: “Əgər Müjdəni təbliğ edirəmsə, iftixar etməyə haqqım yoxdur; çünki bu, mənim zəruri vəzifəmdir və əgər təbliğ etmirəmsə, vay halıma!” (1 Korinflilərə 9:16). Ehtimal ki, I əsrin bütün sadiq məsihçiləri onun fikrinə şərik idilər.
14. Təbliğ işi imanla necə əlaqəlidir?
14 Doğrudan da, Məsihin həqiqi davamçısı təbliğ işində iştirak etməlidir, çünki bu, imanla birbaşa əlaqəlidir. Pavel demişdir: “Salehlik üçün ürəklə iman edilir, xilas olmaq üçün isə ağızla açıqca söylənir” (Romalılara 10:10, İ–93). Yığıncağın daxilində — ruhani sinfi kimi — yalnız kiçik bir qrupmu iman gətirir və təbliğ etmək məs’uliyyəti daşıyır? Sözsüz ki, yox! Məsihin həqiqi davamçılarının hamısı Rəbb İsa Məsihə canlı iman inkişaf etdirir və bu imanı xalq qarşısında başqalarına bəyan etməyə təşviq hissi duyurlar. Əks təqdirdə onların imanı ölü olardı (Yaqub 2:26). Eramızın I əsrindəki bütün sadiq məsihçilər imanlarını bu cür təzahür etdirdiklərinə görə, yer üzündə Yehovanın adına həmd səsi ucadan eşidilirdi.
15, 16. Problemlərə baxmayaraq, təbliğ işinin inkişaf etdiyini nümunələr əsasında göstərin.
15 Eramızın I əsrində yığıncağın xaricində və daxilində olan problemlərə baxmayaraq, Yehova Öz xalqına artımla xeyir-dua verirdi. Məsələn, “Həvarilərin işləri” kitabının 6-cı fəslində məsihçiliyi qəbul edən yunanca və ibranicə danışanlar arasında yaranan fikir ayrılığı barəsində yazılır. Həvarilər bu problemi yoluna qoydular. Nəticə barəsində oxuyuruq: “Allahın kəlamı vüs’ət alırdı və Yerusəlimdə şagirdlərin sayı xeyli artırdı. Kahinlərdən bir çoxu da imana sarılırdı” (Həvarilərin işləri 6:7).
16 Bir qədər sonra Yəhudeya hökmdarı Hirod Aqrippa ilə Sur və Sayda sakinləri arasında siyasi gərginlik yarandı. Surlular və saydalılar yaltaqlıq edərək sülh yaratmağa çalışırdılar və cavab olaraq Hirod nitqlə çıxış etdi. Toplaşan xalq qışqırmağa başladı: “İnsan yox, Allah səsidir”. Elə həmin an Yehovanın bir mələyi Hirodu vurdu, o da öldü, “çünki izzəti Allaha verməmişdi” (Həvarilərin işləri 12:20-23, İ–93). İnsan hakimlərinə bel bağlayanlar üçün necə də böyük sarsıntı idi! (Məzmur 146:3, 4). Məsihçilər isə Yehovanı izzətləndirməyə davam edirdilər. Bu səbəbdən, “Allahın kəlamı... vüs’ət alıb, yayılırdı” (Həvarilərin işləri 12:24).
O zaman və indi
17. I əsrdə sayca artmağa davam edən insanlar nə etməyə başlayırdılar?
17 Bəli, I əsrin ümumdünya məsihçi yığıncağının bütün üzvləri sə’ylə və fəal surətdə Yehova Allaha həmd edirdilər. Sadiq məsihçilərin hamısı xoş xəbəri yaymaq işində iştirak edirdilər. Kim isə həssas insanlarla qarşılaşır və onları İsanın tapşırdığı hər şeyə riayət etməyə öyrədirdilər (Matta 28:19, 20). Nəticədə, yığıncaq böyüyür və getdikcə daha çox insanlar qədim dövrdə yaşamış Davud padşah kimi Yehovaya həmd etməyə başlayırdı. Hamısı ilhamlanmış sözləri təkrar edirdi: “Ya Rəbb Allahım, bütün ürəyimlə sənə həmd edərəm; çünki mənə qarşı inayətin böyükdür” (Məzmur 86:12, 13).
18. a) I əsrin məsihçi yığıncağı ilə bugünkü Xristian dünyası arasında hansı fərq nəzərə çarpır? b) Növbəti məqalədə nə müzakirə olunacaqdır?
18 Bununla əlaqədar ilahiyyat professoru Elisson Traytsın sözləri düşünməyə təşviq edir. O, Müasir Xristian dünyasını I əsrin məsihçiliyi ilə müqayisə edərək demişdir: “Bu gün kilsələr adətən təbii artım (kilsə üzvlərinin uşaqları həmin dini qəbul edəndə) və ya bir yerdən başqa yerə köçmək hesabına (kilsənin üzvü başqa kilsəyə məxsus əraziyə köçürsə) sayca artır. Lakin “Həvarilərin işləri” kitabında təsvir edilən yığıncaq bu dini yeni qəbul edənlərin hesabına artırdı, belə ki, həmin yığıncaq öz fəaliyyətinə yeni başlayırdı”. Bu o deməkdirmi ki, həqiqi məsihçilik artıq İsanın dediyi yolla artmır? Şübhəsiz ki, yox. Məsihin həqiqi davamçıları eyni ilə, I əsrin məsihçilərinin etdiyi kimi, bu gün xalq qarşısında Allaha sə’ylə həmd edirlər. Biz bunu növbəti məqalədən görəcəyik.
İzah edə bilərsinizmi?
• Biz Allahı hansı üsullarla izzətləndiririk?
• Pavel Məzmur 19:4 ayəsini necə tətbiq etdi?
• Təbliğ işi imanla necə əlaqəlidir?
• Birinci əsrin məsihçi yığıncağında diqqətəlayiq olan nə idi?
[16-cı səhifədəki şəkillər]
Təbliğ işi dua ilə sıx bağlıdır.