Aldığın xeyir-duaları qiymətləndir
YEHOVA israilliləri möcüzəli şəkildə Misir köləliyindən azad edəndə onlar Ona çox minnətdar idilər. Çünki artıq Yehovaya sərbəst ibadət edə biləcəkdilər (Çıx. 14:29—15:1, 20, 21). Lakin bu hadisənin üstündən çox keçməmiş onların düşüncə tərzi, fikirləri dəyişdi. Xalq öz güzəranından şikayətlənməyə başladı. Nəyə görə? Çünki israillilər Yehovanın onlar üçün etdiklərini unudub fikirlərini səhrada qarşılaşdıqları çətinliklərə cəmləmişdilər. İsrail oğulları Musaya dedilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən [mannadan] də iyrənirik» (Say. 21:5).
Bir neçə əsr sonra qədim İsrailin padşahı Davud oxuyurdu: «Sənin məhəbbətinə [sevgi dolu xeyirxahlığına] güvənirəm, qurtuluşunla qəlbim şadlanacaq. Rəbbə ilahi nəğməmi oxuyacağam, çünki mənə comərdlik etdi» (Məz. 13:5, 6). Davud Yehovanın ona göstərdiyi sevgi dolu xeyirxahlığını unutmamışdı. Əksinə, o, daima Allahın işləri barədə düşünürdü (Məz. 103:2). Yehova bizə də comərdlik edib və biz buna adi yanaşmamalıyıq. Gəlin Yehovanın verdiyi bəzi xeyir-dualar üzərində düşünək.
«Yehova ilə sıx münasibət»
Məzmurçu oxuyurdu: «Yehova ilə sıx münasibət Ondan qorxanlarındır» (Məz. 25:14, YD). Yehova ilə dostluq münasibətində olmaq qeyri-kamil insan olan bizlər üçün böyük şərəfdir! Tutalım, başımız gündəlik işlərə o qədər qarışıb ki, Yehovaya yetərincə dua etmirik. Belə olan halda Yehova ilə sıx münasibətlərimizin aqibəti necə olacaq? Bu haqda düşünməyə dəyər. Bir Dost kimi, Yehova Allah istəyir ki, biz Ona etibar edək və qorxularımızı, narahatçılıqlarımızı və arzularımızı söyləyərək duada ürəyimizi boşaldaq (Sül. məs. 3:5, 6; Filip. 4:6, 7). Məgər bu, bizi dualarımızın keyfiyyətinə fikir verməyə təşviq etməli deyil?
Pola adında gənc Şahid dualarına nəzər salanda başa düşdü ki, onları yaxşılaşdırmalıdır. Qardaş deyir: «Mən Yehovaya dua edərkən eyni ifadələri işlətməyi vərdiş etmişdim». Pol «Gözətçi Qülləsi nəşrlərinin indeksi»nin köməyilə araşdırma apararkən öyrəndi ki, sən demə, Müqəddəs Kitabda 180-ə yaxın dua qələmə alınıb! Bu dualarda Yehovanın keçmişdə yaşayan xidmətçilərinin ən dərin hiss və duyğuları əks olunub. Pol davam edir: «Müqəddəs Kitabda yazılan duaların üzərində düşünmək mənə öz dualarımda konkret olmağı öyrətdi. Bunun sayəsində ürəyimi Yehovaya açmaq daha asan oldu. İndi Ona dua etmək mənə çox xoşdur».
«Vaxtlı-vaxtında yemək»
Müqəddəs Kitabdan öyrəndiyimiz çoxsaylı həqiqətlər Yehovanın daha bir xeyir-duasıdır. Yehova bizim qarşımızda ruhani təamlarla zəngin olan süfrə açıb. Buna görə də bizim ‘şadlanıb mədhiyyələr söyləməyə’ əsasımız var (Yeşaya 65:13, 14). Amma biz yol verməməliyik ki, pis təsirlər bizim həqiqətə olan sevgimizi soyutsun. Misal üçün, dönüklərin təbliğatına baş qoşsaq, düşüncəmiz zəhərlənəcək və biz Yehovanın «sadiq və ağıllı nökər» vasitəsilə «vaxtlı-vaxtında» verdiyi ruhani qidaya xor baxmağa başlayacağıq (Mat. 24:45—47).
Uzun illər Yehovaya xidmət edən, sonradan isə dönüklərin təsiri altına düşərək həqiqətdən gedən Andre öz acı təcrübəsi ilə bölüşür. Vaxtilə o düşünürdü ki, dönüklərin İnternet səhifələrinə gözucu baxmağın heç bir zərəri yoxdur. Keçmiş günlərini xatırlayaraq o deyir: «Əvvəl-əvvəl dönüklərin danışdığı “həqiqət” məni cəlb edirdi. Onların yazdıqları məlumatların dərinliklərinə getdikcə Yehovanın təşkilatını tərk etməklə düzgün hərəkət etdiyimə günü-gündən daha çox əmin olurdum. Lakin bir qədər sonra, dönüklərin Yehovanın Şahidlərinə qarşı gətirdikləri arqumentləri araşdıranda yalançı müəllimlərin nə qədər məkrli olduqlarını anladım. Kontekstdən çıxardılmış məlumat onların bizə qarşı istifadə etdiyi ən “güclü silah” idi. Mən yenidən nəşrlərimizi oxumaq və yığıncaq görüşlərində iştirak etmək qərarına gəldim. Tezliklə nələrdən məhrum olduğumu başa düşdüm». Xoşbəxtlikdən, Andre yığıncağa qayıtdı.
Bizim ümumdünya qardaşlığımız
Sevgi və birliyin hökm sürdüyü qardaşlığımız Yehovanın digər xeyir-duasıdır (Məz. 133:1). Buna görə də həvari Peter yazmışdı: «Bütün qardaşlığı sevin» (1 Pet. 2:17). Ümumdünya məsihçi qardaşlığının üzvü olduğumuz üçün imanımıza şərik olan çoxsaylı ruhani ataların, anaların, qardaş və bacıların səmimi məhəbbət və dəstəyinə malikik (Mark 10:29, 30).
Amma yenə də müxtəlif səbəblərə görə bəzən həmimanlılarımızla münasibətimizdə gərginlik yarana bilər. Misal üçün, bir nəfərin qeyri-kamil cəhətləri bizi asanlıqla qıcıqlandıra bilər və buna görə də biz həmin insana qarşı tənqidi mövqe tuta bilərik. Əgər bu deyilənlər bizə də aiddirsə, onda yadda saxlamalıyıq ki, qeyri-kamil olmalarına baxmayaraq, Yehova bütün xidmətçilərini sevir. Üstəlik, əgər biz: «“Bizdə günah yoxdur”, — deyiriksə, onda biz özümüzü aldadırıq və qəlbimizdə həqiqət yoxdur» (1 Yəh. 1:8). Məgər biz ‘bir-birimizə qarşı həmişə səbirli olmalı’ deyilik? (Kolos. 3:13).
Anna adlı gənc məsihçi qardaşlığımızın nə qədər dəyərli olduğunu anlamaq üçün acı təcrübədən keçməli oldu. İsanın məsəlindəki itmiş oğul kimi, o, məsihçi yığıncağından uzaqlaşmışdı. Lakin sonra səhv etdiyini dərk edib həqiqətə qayıtdı (Luka 15:11—24). Anna bundan özünə hansı dərsi götürdü? O deyir: «Yehovanın yığıncağına qayıdandan sonra mən bütün bacı və qardaşları, qeyri-kamilliklərinə baxmayaraq, qiymətləndirməyə başladım. Əvvəllər mən onlara çox tənqidi yanaşırdım. Amma indi yol vermərəm ki, nə isə həmimanlılarım arasında malik olduğum xeyir-dualardan məni məhrum etsin. Bu dünyada heç bir şey bizim ruhani cənnətimizə çata bilməz».
Xeyir-dualarının qiymətini bil
Biz bilirik ki, bütün dünyanın problemlərinə birdəfəlik yalnız Allahın Padşahlığı son qoyacaq. Bizim malik olduğumuz bu ümid əsil xəzinədir. Biz bu ümid barədə ilk dəfə öyrənəndə ürəyimiz sevincdən necə də cuşa gəlmişdi! Biz «çox qiymətli bir mirvari»ni almaq üçün «gedib dərhal hər şeyini» satan tacirə bənzəyirik (Mat. 13:45, 46). İsa demədi ki, bu mirvari sonradan tacirin gözündən düşdü. Qoy bu gözəl ümid də heç vaxt bizim gözümüzdən düşməsin! (1 Salon. 5:8; İbr. 6:19).
60 ildən çox Yehovaya xidmət edən Ceyn adlı bacı deyir: «Allahın Padşahlığı haqda başqaları ilə danışmaq diqqətimi bu ümiddə saxlamağa kömək edir. Kimsə Padşahlıq haqqında həqiqəti başa düşdüyünə görə gözləri işıldayanda sevincimin həddi-hüdudu olmur. Padşahlıq haqqında həqiqətin insanların həyatını dəyişdirdiyini görəndə həmişə fikirləşirəm ki, gör bu həqiqətlər necə gözəldir!»
Hal-hazırda malik olduğumuz çoxsaylı ruhani xeyir-dualara görə minnətdar olmaq üçün bizim tutarlı səbəblərimiz var. Təqiblər, xəstəliklər, qocalıq, depressiya, əzizlərimizin ölümü və maddi çətinliklər kimi problemlərlə üzləşdiyimizə baxmayaraq, onların müvəqqəti olduğunu bilirik. Allahın Padşahlığı yer üzünü idarə edəndə indiki ruhani xeyir-dualarımıza fiziki xeyir-dualar əlavə olunacaq. Hal-hazırda qarşılaşdığımız əzab-əziyyətlər yeni dünyada heç yadımıza düşməyəcək (Vəhy 21:4).
Yeni dünyanı gözlədiyimiz müddətdə gəlin ruhani xeyir-dualarımıza görə Allaha minnətdar olaq və növbəti sözləri deyən məzmurçu kimi, onları qiymətləndirdiyimizi göstərək: «Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, belə deyərdim: “Sayı-hesabı yoxdur”» (Məz. 40:5).
[Haşiyə]
a Adlar dəyişdirilib.
[18-ci səhifədəki şəkil]
Sınaqlar zamanı bizə göstərilən ruhani kömək əsil xeyir-duadır