Yehovanın “fərmanı” yerinə yetməyə bilməz
“Rəbbin fərmanını e’lan edəcəyəm. Rəbb mənə dedi: “Sən Mənim oğlumsan... Məndən irs olaraq millətləri istə... sənə verim” (MƏZMUR 2:7, 8, MKŞ).
1. Allahın niyyəti ilə millətlərin niyyəti arasında hansı fərq mövcuddur?
YEHOVA ALLAHIN bəşəriyyətə və yer üzünə dair niyyəti var. Millətlərin də öz niyyəti var. Ancaq bu niyyətlər arasında necə də böyük fərq mövcuddur! Burada təəccüb etməli bir şey yoxdur, axı Allahın Özü deyir: “Göylər necə yerdən yüksəkdirsə, yollarım sizin yollarınızdan və düşüncələrim sizin düşüncələrinizdən elə yüksəkdir”. Allahın niyyəti mütləq yerinə yetəcəkdir, bu Onun növbəti sözlərindən görünür: “Yağmur və qar necə göylərdən enər və oraya dönməzlərsə, fəqət yeri sular və onu becərib əkini yerdən bitirər və əkinçiyə toxum və yeyənə çörək verərsə; ağzımdan çıxan sözüm də elə olacaqdır; mənə boş dönməyəcəkdir, fəqət murad etdiyim şeyi edəcək və etsin deyə onu göndərdiyim işi bacaracaq” (İşaya 55:9-11).
2, 3. İkinci Məzmurdan nə aydın olur və hansı suallar yaranır?
2 Allahın Xilaskar Padşahlığa dair niyyətinin yerinə yetəcəyi ikinci Məzmurdan aydın görünür. Bu Məzmurun müəllifi olan qədim İsrail padşahı Davud, Allahdan ilham alaraq millətlərin vurnuxmaya düşəcəkləri mühüm bir dövr haqqında peyğəmbərlik etmişdir. Onların rəhbərləri Yehovaya və Onun Məsh edilmişinə qarşı qalxacaqlar. Lakin Davud həmçinin yazmışdır: “Rəbbin fərmanını e’lan edəcəyəm. Rəbb mənə dedi: “Sən Mənim oğlumsan... Məndən irs olaraq millətləri istə, mülk olaraq yerin hər tərəfini sənə verim” (Məzmur 2:7, 8, MKŞ).
3 Millətlər üçün Yehovanın “fərmanı” nə deməkdir? Bunun ümumilikdə bəşəriyyətə hansı tə’siri var? Bütün bunlar ikinci Məzmuru oxuyan Allah qorxusuna malik olan insanlar üçün hansı mə’nanı kəsb edir?
Millətlər vurnuxmaya düşüblər
4. Məzmur 2:1, 2 ayələrindəki əsas fikirləri qısa olaraq öz sözlərinizlə necə deyərdiniz?
4 Millətlərin və onların rəhbərlərinin hərəkətlərini təsvir edərək məzmurçu nəğməsini növbəti sözlərlə başlayır: “Nə üçün millətlər belə vurnuxmaya düşür, ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə, Onun məsh etdiyinə qarşı birləşir” (Məzmur 2:1, 2, MKŞ)a.
5, 6. Ümmətlər hansı “boş şeyləri” düşünürlər?
5 Bizim günlərdə ümmətlər, yə’ni xalqlar hansı “boş şeyləri” düşünür? Allahın Məsihini qəbul etmək əvəzinə, millətlər öz hakimiyyətlərini əbədiləşdirmək istəyirlər. İkinci Məzmurun bu sözləri, I əsrdə yəhudi və roma hakimiyyətləri sözləşib, Allahın Padşah rolunu həvalə etdiyi İsa Məsihi öldürdükləri zaman da yerinə yetmişdir. Lakin bu sözlər başlıca olaraq 1914-cü ildə, İsa Məsihin səmavi Padşah olduğu zaman yerinə yetdi. O vaxtdan bəri hələ heç bir dövlət Allah tərəfindən taxta yüksəldilmiş Padşahı qəbul etməyib.
6 Məzmurçunun “nə üçün... ümmətlər boş şeylər düşünür” deyə verdiyi sual nə deməkdir? Bu o deməkdir ki, millətlərin niyyəti boşdur və bu niyyət müvəffəqiyyətsizliyə uğrayacaqdır. Onlar yer üzündə sülh və həmrə’yliyi tə’min etmək iqtidarında deyillər. Lakin millətlər Allahın rəhbərliyinə qarşı dururlar. Onlar Uca Olana və Onun Məsihinə qarşı təcavüz edir və onlara qarşı toplaşırlar. Necə də ağılsızlıqdır!
Yehovanın qalib gəlmiş Padşahı
7. İsanın ilk davamçıları Məzmur 2:1, 2 ayələrini öz dualarında necə tətbiq etmişlər?
7 İlk məsihçilər Məzmur 2:1, 2 ayələrini İsaya tətbiq edirdilər. Onları imanları üstündə tə’qib etdikləri zaman belə dua edirdilər: “Mövla [Hökmdar Allah Yehova], Sən ki, göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaratdın, Sən Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun ağzı ilə dedin: “Nə üçün millətlər azğınlaşırlar və xalqlar faydasız işlər qəsdində olurlar? Dünyanın hökmdarları cəbhə yaratdılar və sərkərdələr Rəbbə və Onun Məsihinə qarşı birləşdilər”. Hirod [Antipa] və Ponti Pilat, İsrail xalqı və digər millətlərlə birlikdə, Məsih tə’yin etdiyin müqəddəs Qulun İsaya qarşı, həqiqətən bu şəhərdə bir yerə toplaşdılar” (Həvarilərin işləri 4:24-27; Luka 23:1-12)b. Gördüyümüz kimi, I əsrdə Allahın məsh edilmiş xidmətçisi İsaya qarşı sui-qəsd hazırlanmışdı. Lakin yüzilliklər keçdikdən sonra bu məzmur bir daha yerinə yetməli idi.
8. Məzmur 2:3 ayəsi müasir millətlərin üzərində necə yerinə yetir?
8 Qədim İsraildə Davud kimi insan padşahların dövründə bütpərəst xalqlar və rəhbərlər Allaha və Onun taxta yüksəltdiyi məsh edilmişinin əleyhinə toplaşırdılar. Bəs bizim günlər barədə nə demək olar? Müasir millətlər Yehovanın və Məsihin tələblərinə tabe olmaq istəmirlər. Buna görə də, onlar peyğəmbərlikdə növbəti sözləri deyənlər kimi təsvir edilirlər: “Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq” (Məzmur 2:3, MKŞ). Allah və Məsih tərəfindən qoyulan hər bir məhdudiyyət rəhbərləri və millətləri özündən çıxarır. Lakin ‘buxovları qoparmaq’ və ‘üstlərindəki zəncirləri atmaq’ üçün görülən hər bir cəhdləri, sözsüz ki, boşa çıxacaqdır.
Yehova onlara istehza edir
9, 10. Yehova millətlərə nəyə görə istehza edir?
9 Rəhbərlərin müstəqillik əldə etmək naminə göstərdikləri cəhdlər Yehovanı heç də narahat etmir. İkinci Məzmurda daha sonra deyilir: “Göylərin sakini gülür, Xudavənd onlara istehza edir” (Məzmur 2:4, MKŞ). Yehova, bu rəhbərlər yox imiş kimi, Öz niyyətini sakitcə həyata keçirir. Allah onların məğrurluğuna gülür və onlara istehza edir. Qoy onlar niyyət etdikləri işlər üçün lovğalansınlar. Onlar Yehovanın gözündə gülünc vəziyyətdədirlər. Allah onların boş yerə göstərdikləri müqavimətə gülür.
10 Davud düşmən olan insanlar və millətlər haqqında başqa məzmurlarda da oxuyurdu: “Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, xəyanətkar pislərin heç birinə rəhm etmə. Bu pis adamlar axşamüstü qayıdırlar, köpək kimi mırıldayırlar, şəhərdə sülənib dolaşırlar. Gör dodaqlarından nələr tökülür, ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur. Lakin, ya Rəbb, sən onlara gülürsən, bütün millətlərə rişxənd edirsən” (Məzmur 59:5-8, MKŞ). Yehova millətlərin lovğalığına və boş yerə Ona qarşı üsyan edərək düşdükləri dolaşıqlığa gülür.
11. Millətlər Yehovanın niyyətinə qarşı hərəkət etmək istədikləri zaman nə baş verir?
11 İkinci Məzmurun sözləri Yehovanın hər cür vəziyyətin öhdəsindən gələ bildiyinə olan imanımızı möhkəmləndirir. Biz tam əmin ola bilərik ki, Allah həmişə Öz iradəsini yerinə yetirir və Öz sədaqətli xidmətçilərini heç zaman tərk etmir (Məzmur 94:14). Bəs millətlər Yehovanın niyyətinə qarşı hərəkət etmək istədikləri zaman nə baş verir? İkinci Məzmura görə, Allah onlarla “hiddətlə” danışır, Onun sözləri şimşəyin dəhşətli gurultusuna bənzəyir. Bundan əlavə, Öz “qəzəbi ilə”, sanki güclü ildırım zərbəsi ilə “onları dəhşətə” gətirir (Məzmur 2:5, MKŞ).
Allah Padşahını taxta yüksəltdi
12. Məzmur 2:6 ayəsində kimin taxta yuksəldilməsindən danışılır?
12 Yehovanın məzmurçunun vasitəsilə daha sonra dedikləri, sözsüz ki, millətləri təşvişə salır. Allah bəyan edir: “Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm” (Məzmur 2:6, MKŞ). Yerusəlimdəki Sion dağı Davudun bütün İsrail üzərinə padşah qoyulduğu təpə idi. Lakin bu Xilaskar Padşah nə bu şəhərdə, nə də yer üzünün başqa bir yerində taxtda oturmayacaqdır. Əslində Yehova səmavi Sion dağında İsa Məsihi artıq taxta oturdub (Vəhy 14:1).
13. Yehova Öz Oğlu ilə hansı əhdi bağlayıb?
13 İndi Xilaskar Padşahın özü deyir: “Rəbbin fərmanını [Yehovanın Öz Oğlu ilə Padşahlıq haqqında əhd bağladığı fərmanı] e’lan edəcəyəm. Rəbb mənə dedi: “Sən Mənim oğlumsan, bu gün sənə Ata oldum” (Məzmur 2:7, MKŞ). Məsih həvariləri ilə söhbətində də Padşahlıq haqqındakı əhdi xatırlatmışdı: “Keçirdiyim sınaqlarda Mənimlə bərabər olanlar sizsiniz və Atam Mənə bir səltənət [padşahlıq] tapşırdığı kimi Mən də sizə bir səltənət [padşahlıq] tapşırıram” (Luka 22:28, 29).
14. Nəyə görə demək olar ki, padşah olmaq üçün İsa təkzibedilməz hüquqa malikdir?
14 Məzmur 2:7 ayəsində qabaqcadan deyildiyi kimi, Yehova İsanın vəftiz olunduğu zaman onu Öz Oğlu kimi qəbul etmiş, sonra isə onu ruhani həyat üçün dirildərək bunu bir daha təsdiq etmişdir (Mark 1:9-11; Romalılara 1:4; İbranilərə 1:5; 5:5). Bəli, səmavi Padşahlığın Padşahı — Allahın vahid Oğludur (Yəhya 3:16). İsa Davudun padşahlıq nəslindən gəldiyinə görə, Padşah olmaq üçün təkzibedilməz hüquqa malikdir (2 Samuel 7:4-17; Matta 1:6, 16). İkinci Məzmura əsasən, Allah Öz Oğluna deyir: “Məndən irs olaraq millətləri istə, mülk olaraq yerin hər tərəfini sənə verim” (Məzmur 2:8, MKŞ).
15. İsa nəyə görə “irs olaraq millətləri” istəyir?
15 Padşah, yə’ni Allahın Oğlu hakimiyyətdə Yehovadan sonra ikinci yeri tutur. İsa Yehovaya olan sadiqliyini və sədaqətini sübut etmiş və Onun tam e’tibarını qazanmışdır. Bundan əlavə, O, Allahın İlkidir və buna görə də mirasa malikdir. İsa Məsih — “görünməyən Allahın surəti və bütün xilqətin fövqündə duran, ilk doğulan”dır (Koloslulara 1:15). Onun “irs olaraq millətləri... mülk olaraq yerin hər tərəfini” istəməsi kifayətdir ki, Allah ona versin. İsa, insanları sevdiyi, yer üzünə və bəşəriyyətə dair səmavi Atasının niyyətlərini yerinə yetirməyi güclü arzu etdiyi üçün belə bir xahişi edir (Süleymanın məsəlləri 8:30, 31).
Millətlərə qarşı Yehovanın “fərmanı”
16, 17. Məzmur 2:9 ayəsinə əsasən millətləri nə gözləyir?
16 İkinci Məzmur indi, İsa Məsihin görünməz iştirakı zamanı yerinə yetdiyi üçün, millətləri nə gözləyir? Padşah bir azdan Allahın fərmanını həyata keçirəcəkdir, ‘dəmir əsa ilə onların [millətlərin] gücünü qıracaqdır, saxsı qab kimi onları çilik-çilik edəcəkdir’ (Məzmur 2:9, MKŞ).
17 Qədimdə padşahların əsası onların padşahlıq hakimiyyətinin simvolu idi. İkinci Məzmurda xatırlandığı kimi, bə’zi əsalar dəmirdən düzəldilirdi. Burada, Padşah olan Məsihin millətləri necə asanlıqla məhv edəcəyi məcazi dillə göstərilir. Dəmir əsanın möhkəm zərbəsi, gildən düzəldilmiş saxsı qabı çilik-çilik kimi edər.
18, 19. Allahın iltifatını qazanmaq üçün, yer üzündə yaşayan padşahlara nə etmək gərəkdir?
18 Görəsən doğrudanmı, millətlərin rəhbərlərinin bu dəhşətli məhvə tamaşa etməkdən başqa çıxış yolları yoxdur? Çıxış yolu var və məzmurçu onları çağırır: “İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın!” (Məzmur 2:10, MKŞ). Şahlar düşünməyə, ağıllanmağa də’vət olunurlar. Onlara öz planlarının nə qədər boş olduğunu və onlardan fərqli olaraq, Allahın Padşahlığının insanların rifahına nələr edəcəyini dərk etmək lazımdır.
19 Allahın iltifatını qazanmaq üçün, yer üzündə yaşayan padşahlara öz hərəkət tərzlərini dəyişmək gərəkdir. Onlara ‘Rəbbə qorxu ilə qulluq etmək və titrəyərək məsrur olmaq’ nəsihət olunur (Məzmur 2:11). Əgər onlar belə etsəydilər, nəticəsi nə olardı? Onlar vurnuxmaya düşməzdilər, əksinə, Xilaskar Padşahın hazırladığı şeylərə sevinərdilər. Yer üzündə yaşayan rəhbərlərə, onların rəhbərliyinə xas olan məğruruluğu və dikbaşlığı kənara qoymaq lazımdır. Onlara yubanmadan dəyişilmək və Yehovanın ən mükəmməl olan ali hakimiyyətinin üstünlüyünü və Onun Xilaskar Padşahının dəfedilməz qüvvəsini e’tiraf etmək lazımdır.
“Oğulu öpün”
20, 21. “Oğulu öpün” nə deməkdir?
20 İndi isə məzmurçu millətlərin rəhbərlərinə mərhəmət dolu bir də’vətlə müraciət edir. Birgə müqavimət göstərməyin əvəzinə, onlar üçün növbəti məsləhətə riayət etmək daha yaxşıdır: “Oğulu öpün ki, [Yehova Allah] qəzəblənməsin, yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki [Onun] qəzəbi tezliklə alovlanar” (Məzmur 2:12a, MKŞ). Yehova Allah fərman çıxarırsa, qulaq asmaq gərəkdir. Allah Öz Oğlunu taxta oturdanda, yer üzünün rəhbərləri ‘boş şeyləri düşünməyə’ son qoymalı idilər. Onlar dərhal Padşahı qəbul etməli və tamamilə Ona tabe olmalı idilər.
21 “Oğulu öpün” nə deməkdir? Bu məzmurun bəstələndiyi dövrdə öpüş dostluğa işarə edirdi, həmçinin qonaqpərvərlik göstərərək öpüşlə qonaqları salamlayırdılar. Bundan əlavə, öpüş sadiqliyi və sədaqəti ifadə edirdi (1 Samuel 10:1). İkinci Məzmurun bu ayəsində “Oğulu öpün” deməklə, Allah millətlərə Onun Oğlunu məsh edilmiş Padşah kimi salamlamağı buyurur.
22. Millətlərin rəhbərlərinə hansı xəbərdarlığa diqqət yetirmək gərəkdir?
22 Allah tərəfindən seçilmiş Padşahın hakimiyyətini qəbul etməkdən imtina edən kəslər, Yehovanı təhqir etmiş olurlar. Onlar Yehova Allahın hökmranlığını, o cümlədən Onun insanlar üçün ən yaxşı rəhbər seçmək hüququnu və bacarığını inkar edirlər. Allahın qəzəbi millətlərin rəhbərlərini, onlar öz planlarını həyata keçirməyə cəhd etdikləri zaman gözlənilmədən yaxalayacaqdır. Onun “qəzəbi tezliklə”, yə’ni sür’ətlə və qarşısıalınmaz şəkildə alovlanacaqdır. Millətlərin rəhbərləri bu xəbərdarlığı minnətdarlıqla qəbul etməli və ona müvafiq davranmalıdırlar. Bu yolla onlar öz həyatlarını xilas edəcəklər.
23. İnsanların hələlik nəyə vaxtları var?
23 Bu mə’nalı məzmur növbəti sözlərlə sona yetir: “Ona [Yehovaya] pənah gətirənlərin hamısı nə bəxtiyardır!” (Məzmur 2:12b, MKŞ). İnsanların təhlükəsizlik əldə etmələri üçün hələlik vaxtları var. Bu, millətlərin boş planlarının tərəfdarı olan rəhbərlərə də aiddir. Onlar Padşahlığın rəhbərliyinə tabe olaraq, Yehovada sığınacaq tapa bilərlər. Lakin onlar, Xilaskar Padşahlıq müqavimət göstərən millətləri məhv etməzdən əvvəl hərəkət etməlidirlər.
24. Hətta bu narahat dünyada belə biz necə xoşbəxt ola bilərik?
24 Əgər biz Müqəddəs Yazıları sə’ylə öyrənir və onun nəsihətlərini həyata keçiririksə, hətta bu narahat dünyada belə xoşbəxt ola bilərik. Müqəddəs Kitabın məsləhətlərini tətbiq etmək ailədəki münasibətləri yaxşılaşdırır və bu dünyaya xas olan bir çox narahatçılıq və həyəcan hissindən azad edir. Müqəddəs Kitabın rəhbərliyinə riayət etməyimiz Yaradanı razı saldığımıza əminlik verir. Kainatın Hökmdarından savayı heç kim “indiki və gələcək həyat üçün” zəmanət verə bilməz. “Gələcək həyat” — Padşahlığın hakimiyyətini rədd edərək, ədalətli prinsiplərdən üz çevirən kəsləri Allah yer üzündən təmizlədikdən sonra başlayacaqdır (1 Timoteyə 4:8).
25. Yehovanın “fərmanı”nın hökmən yerinə yetəcəyi üçün, biz hansı hadisələri gözləyə bilərik?
25 Yehovanın “fərmanı” yerinə yetməyə bilməz. O, bizim Yaradanımız olduğuna görə bəşəriyyət üçün nəyin daha yaxşı olduğunu bilir. Allah Öz niyyətini həyata keçirəcək və əziz Oğlunun Padşahlığı altında itaətkar insanları sülh, məmnunluq və əbədi təhlükəsizliklə tə’min edərək, onlara xeyir-dua verəcəkdir. Daniel peyğəmbər bizim günlər haqqında yazmışdı: “O padşahların günlərində göylərin Allahı əbədiyyən dağılmayacaq bir padşahlıq quracaq... bu padşahlıqların hamısını o parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq” (Daniel 2:44). İndi ‘Oğulu öpməyin’ və Hökmdar Rəbb Yehovaya xidmət etməyin əsl vaxtıdır!
[Haşiyələr]
a Əvvəlcə, ‘məsh edilmiş’ — Davud padşah, “dünya şahları” isə ona qarşı ordu toplayan filistimli rəhbərlər idi.
b Yunanca Müqəddəs Yazıların başqa ayələrində də göstərilir ki, ikinci Məzmurda xatırlanan Allahın məsh edilmişi İsadır. Məzmur 2:7 ayəsini Həvarilərin işləri 13:32, 33 və İbranilərə 1:5; 5:5 ayələri ilə müqayisə etdikdə bu daha aydın olur. Məzmur 2:9 və Vəhy 2:27 ayələrinə də baxın.
Siz necə cavab verərdiniz?
• Ümmətlər hansı “boş şeyləri” düşünürlər?
• Yehova millətlərə nəyə görə istehza edir?
• Millətlərə dair Yehovanın “fərmanı” nədən ibarətdir?
• “Oğulu öpün” nə deməkdir?
[15-ci səhifədəki şəkil]
Rəhbərlər İsrail xalqı ilə birlikdə İsa Məsihə qarşı sui-qəsd hazırlamışdılar.
[16-cı səhifədəki şəkil]
Məsih səmavi Sion dağında Padşah tə’yin edilib.