Yehovanın qanunlarından zövq alırsanmı?
“Nə bəxtiyardır o adam ki... zövqü Rəbbin şəriətindədir [qanunundadır]” (MƏZMUR 1:1, 2).
1. Yehovanın xidmətçisi olan bizlər nəyə görə xoşbəxtik?
YEHOVA bizə, Öz sadiq xidmətçilərinə, kömək edir və xeyir-dua verir. Əlbəttə ki, biz çoxlu sınaqlarla qarşılaşırıq. Bununla belə, biz həqiqi xoşbəxtliyə malikik. Bu da aydındır, çünki biz xoşbəxt Allaha xidmət edirik və Onun müqəddəs ruhu ürəklərimizdə sevinc hissi hasil edir (1 Timoteyə 1:11; Qalatiyalılara 5:22). Sevinc hissi — yaxşı bir şeyi gözləmək və ya almaq sayəsində yaranan həqiqi xoşbəxtlik duyğusudur. Və Səmavi Atamız, sözsüz ki, bizə yaxşı bəxşişlər verir (Yaqub 1:17). Bu səbəbdən, bizim xoşbəxt olmağımız təəccüblü deyil!
2. Biz hansı Məzmurları müzakirə edəcəyik?
2 “Məzmurlar” kitabında xoşbəxtliyə böyük diqqət yetirilir. Bu, məsələn, 1-ci və 2-ci Məzmurlardan görünür. İsa Məsihin ilk davamçıları ikinci Məzmuru israil padşahı Davuda aid edirdilər (Həvarilərin işləri 4:25, 26). Birinci Məzmurun müəllifi Allahdan ilham almış nəğməsini növbəti sözlərlə başlayır: “Nə bəxtiyardır o adam ki, pislərin öyüdü ilə yeriməz” (Məzmur 1:1). Bu və növbəti məqalədə 1-ci və 2-ci Məzmurun sevinmək üçün bizə hansı əsasları verdiyini nəzərdən keçirəcəyik.
Xoşbəxtliyin açarı
3. Məzmur 1:1 ayəsinə əsasən, mö’min insan nəyə görə xoşbəxtdir?
3 Birinci Məzmur mö’min insanın nəyə görə xoşbəxt olduğunu izah edir. Bə’zi səbəblərə işarə edərək məzmurçu oxuyur: “Nə bəxtiyardır o adam ki, pislərin öyüdü ilə yeriməz və günahkarların yolunda durmaz və rişxəndçilərin dərnəyində oturmaz” (Məzmur 1:1).
4. Nəyə görə Zəkəriyyə ilə Elizavetin nümunəsi təqlid edilməyə layiqdir?
4 Həqiqətən xoşbəxt olmaq üçün, biz Yehovanın ədalətli tələblərini yerinə yetirməliyik. Vəftizçi Yəhyanın valideynləri olmaq şərəfinə layiq olduqlarına görə sevinc hissi duyan Zəkəriyyə ilə Elizavet “Allah qarşısında saleh olub Rəbbin bütün əmr və ehkamlarına qüsursuz əməl edirdi”lər (Luka 1:5, 6). Onlar kimi davransaq və “pislərin öyüdü”nü qətiyyətlə rədd etsək, biz də xoşbəxt ola bilərik.
5. “Günahkarların yolundan” uzaq durmaqda bizə nə kömək edə bilər?
5 Əgər pis adamların düşüncə tərzini rədd ediriksə, ‘günahkarların yolunda durmayacağıq’. Biz ümumiyyətlə bu cür insanların tez-tez yığıldıqları — əxlaqsız əyləncələrə yol verilən və ya pis ad qazanmış yerlərdə olmayacağıq. Bəs bizdə günahkarların pis davranışını təqlid etmək meyli yaranırsa, onda necə? O zaman gəlin dua edək ki, Allah bizə həvari Pavelin sözlərinə müvafiq surətdə davranmaqda kömək etsin: “İmansızlarla eyni boyunduruğa girməyin. Axı salehlik ilə qanunsuzluq arasında nə ortaqlıq ola bilər? İşıqla qaranlıq arasında nə şəriklik ola bilər?” (2 Korinflilərə 6:14). Əgər biz Allaha ümid edir və ‘ürəyimiz təmizdirsə’, günahkarların düşüncə və həyat tərzlərini rədd edəcək, təmiz məqsəd və istəyə, habelə “riyasız imana” malik olacağıq (Matta 5:8; 1 Timoteyə 1:5).
6. Özümüzü rişxəndçilərdən qorumaq nə üçün lazımdır?
6 Əgər Yehovanı razı salmaq istəyiriksə, onda, sözsüz ki, ‘rişxəndçilərin dərnəyində oturmalı’ deyilik. Bə’zi insanlar mö’minliyə rişxəndlə yanaşırlar, lakin vaxtilə məsihçi olub, sonradan dönük çıxan kəslər bu “axır günlərdə” xüsusi nifrətlə rişxənd edirlər. Həvari Peter həmimanlılarını xəbərdar etmişdir: “Sevimlilərim... Hər şeydən qabaq bunu bilin ki, axır günlərdə öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər istehza edərək gələcək və deyəcəklər: “Bəs Onun və’d edilmiş zühuru hanı? Çünki əcdadımız gözlərini həyata yumandan bəri hər şey ilk yaranan zaman olduğu kimi qalır” (2 Peter 3:1-4). Heç vaxt ‘rişxəndçilərin dərnəyində oturmuruqsa’, onları mütləq yaxalayacaq fəlakətdən qaçınacağıq (Süleymanın məsəlləri 1:22-27).
7. Nə üçün Məzmur 1:1 ayəsində yazılmış sözlərə ciddi yanaşmalıyıq?
7 Əgər 1-ci Məzmurun başlanğıc sözlərinə diqqət yetirməsək, Müqəddəs Yazıları öyrənərək əldə etdiyimiz ruhani dəyərləri itirə bilərik. Sonra vəziyyətimiz get-gedə pisləşə bilər. Məsələn, əvvəlcə biz pislərin öyüdü ilə yeriməyə başlayırıq. Sonra artıq onlarla müntəzəm olaraq ünsiyyət edirik. Vaxt keçdikcə biz hətta rişxəndçilərə, demək olar ki, xain dönüklərə çevrilirik. Sözsüz ki, günahkarlarla dostluğumuz bizdə pis əhval-ruhiyyə oyada və Yehova Allahımızla olan münasibətlərimizi məhv edə bilər (1 Korinflilərə 15:33; Yaqub 4:4). Gəlin, belə şeyin başımıza gəlməsinə heç zaman yol verməyək!
8. Düşüncələrimizi ruhani şeylərə cəmləşdirməkdə bizə nə kömək edəcək?
8 Dua düşüncələrimizi ruhani şeylərə cəmləşdirməyə və pislərlə dostluqdan qaçınmağa kömək edəcək. Həvari Pavel yazırdı: “Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır”. Həvari Pavel “doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, e’tibarlı olan nə varsa, əgər bir fəzilət və tə’rifə layiq bir şey varsa” onlar haqqında düşünməyə təşviq edirdi (Filipililərə 4:6-8). Gəlin Pavelin məsləhətinə müvafiq surətdə davranaq və heç zaman pislərin səviyyəsinə enməyək.
9. Pis əməllərdən qaçınsaq da, bütün insanlara necə kömək etməyə çalışırıq?
9 Pis əməlləri rədd etsək də, Roma valisi Feliksə “salehlikdən, nəfsinə hakim olmaqdan və Allahın gələcək hökmündən” danışan həvari Paveli təqlid edərək, insanlara nəzakətlə şahidlik edirik (Həvarilərin işləri 24:24, 25; Koloslulara 4:6). Biz bütün insanlara mərhəmətlə yanaşaraq onlara Padşahlıq haqqındakı xoş xəbəri təbliğ edirik. Biz əminik ki, “əbədi həyata tə’yin olunanlar”, yə’ni meylli olanlar imana malik olacaq və Allahın qanunundan zövq alacaqlar (Həvarilərin işləri 13:48).
O, Yehovanın qanunundan zövq alır
10. Şəxsi öyrənmə zamanı oxunulan parçanın düşüncəmizə və ürəyimizə silinməz iz buraxmasına nə kömək edəcək?
10 Məzmurçu xoşbəxt insanı təsvir edərək, sözünə davam edir: “Ancaq zövqü Rəbbin şəriətindədir [qanunundadır]. Və gecə-gündüz onun şəriətini dərin düşünür [“ahəstə səslə oxuyur”, YD]” (Məzmur 1:2). Biz, Allahın xidmətçiləri kimi, Yehovanın qanunundan zövq alırıq. Şəxsi öyrənmə ilə məşğul olan və öyrəndiklərimizin üzərində düşünən zaman, əgər mümkündürsə, ‘ahəstə səslə oxuyaraq’ sözləri ucadan tələffüz edə bilərik. Müqəddəs Kitabdan hər hansı parçanı bu şəkildə oxumağımız, düşüncəmizə və ürəyimizə silinməz iz buraxacaqdır.
11. Müqəddəs Kitabı nə üçün “gecə-gündüz” oxumalıyıq?
11 “Sadiq və ağıllı qul” bizi Müqəddəs Kitabı hər gün oxumağa təşviq edir (Matta 24:45). Biz Yehovanın insanlara təqdim etdiyi xoş xəbərlə yaxından tanış olmağı çox arzuladığımız üçün, Müqəddəs Kitabı “gecə-gündüz” oxuyuruq. Bəli, Müqəddəs Kitabı gecə vaxtı bu və ya digər səbəblər üzündən yuxuya gedə bilmədikdə də oxuya bilərik. Peter bizi təşviq edir: “Anadan təzə olmuş körpələr kimi, hiyləsiz südü andıran kəlamı arzulayın ki, onunla böyüyüb qurtuluşa nail olasınız” (1 Peter 2:1, 2). Sən Müqəddəs Kitabı hər gün oxumaqdan və gecələr Allahın niyyətləri və Kəlamı üzərində düşünməkdən zövq alırsanmı? Məzmurçu bundan zövq alırdı (Məzmur 63:6).
12. Əgər Yehovanın qanunundan zövq alırıqsa, nə edəcəyik?
12 Bizim əbədi xoşbəxtliyimiz Allahın qanunundan zövq almağımızdan asılıdır. Allahın qanunu kamil və haqdır, onu tutmaqda böyük mükafat var (Məzmur 19:7-11). Şagird Yaqub yazırdı: “Kim kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalarsa və unutqan dinləyici deyil, icraedicidirsə, öz əməlində xoşbəxt olacaqdır” (Yaqub 1:25). Əgər həqiqətən də Yehovanın qanunundan zövq alırıqsa, onda elə bir gün olmayacaq ki, biz ruhani şeylərin üzərində düşünməyək. Bizdə “Allahın dərin düşüncələrini” tədqiq etmək və əvvəlcə Allahın Padşahlığını axtarmaq istəyi oyanacaqdır (1 Korinflilərə 2:10-13; Matta 6:33).
O adam ağac kimidir
13-15. Biz hansı mə’nada suyun kənarında əkilmiş ağac kimi ola bilərik?
13 Saleh insanı təsvir edərək məzmurçu davam edir: “Axar sular kənarında əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar” (Məzmur 1:3, MKŞ). Biz, Yehovanın xidmətçiləri, başqa qeyri-kamil insanlar kimi, həyatda çətinliklərlə qarşılaşırıq (Eyub 14:1). Biz imanımızla əlaqədar tə’qiblərdən və başqa sınaqlardan əziyyət çəkə bilərik (Matta 5:10-12). Lakin güclü küləyə davam gətirən sağlam ağac kimi, biz Allahın köməkliyi ilə bu sınaqların öhdəsindən müvəffəqiyyətlə gələ bilirik.
14 Tükənməz su mənbəyinin kənarında əkilmiş ağac isti havada və ya quraqlıq zamanı qurumur. Əgər bizdə Allaha məqbul qorxu varsa, biz tükənməz Mənbədən — Yehova Allahdan qüvvə əldə edəcəyik. Qüvvəni Allahda axtaran Pavel deyirdi: “Məni Möhkəmləndirən [Yehova] vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:13, İ–93). Bizə rəhbərlik edən və bizi ruhən möhkəmləndirən Yehovanın müqəddəs ruhudur, buna görə də, məcazi mə’nada desək, biz “qurumuruq”, yə’ni barsız qalıb, ruhən ölmürük. Biz Allaha xidmətdə səmərə gətirir, həmçinin Onun ruhunun səmərəsini təzahür etdiririk (Yeremya 17:7, 8; Qalatiyalılara 5:22, 23).
15 Məzmurçu “kimi” olaraq tərcümə edilən ibrani sözünü işlədərək, müqayisədən istifadə edir. O, ümumi xarakterə malik olan iki müxtəlif şeyi müqayisə edir. İnsanlar ağaca bənzəmir, lakin suyun kənarında əkilmiş ağacın sıx yarpaqları, yəqin ki, məzmurçuya Yehovanın qanunundan zövq alan kəslərin əldə etdikləri ruhani uğurları xatırladırdı. Əgər Allahın qanununu seviriksə, günlərimiz ağacın günləri kimi olacaqdır. Bəli, biz əbədi yaşaya biləcəyik (Yəhya 17:3).
16. Nə üçün və hansı mə’nada ‘etdiyimiz hər işdə uğur qazanırıq’?
16 Biz salehlik yolu ilə gedərkən, Yehova sınaq və çətinliklərin öhdəsindən gəlməyimizə kömək edir. Biz Allaha xidmətdən sevinc əldə edir və bar veririk (Matta 13:23; Luka 8:15). ‘Etdiyimiz hər işdə uğur qazanırıq’, çünki bizim əsas məqsədimiz — Yehovanın iradəsini yerinə yetirməkdir. Onun niyyətləri həmişə müvəffəqiyyətlə yerinə yetir və biz Onun tələblərindən zövq alırıq, elə buna görə də ruhani uğurlar əldə edirik (Təkvin 39:23; Yeşu 1:7, 8; İşaya 55:11). Bu, sınaqlarla qarşılaşdığımız zaman da belədir (Məzmur 112:1-3; 3 Yəhya 2).
Pis adamların zahiri müvəffəqiyyəti
17, 18. a) Məzmurçu pis adamları nə ilə müqayisə etdi? b) Pis adamlar maddi cəhətdən müvəffəqiyyətli olsalar da, onların nəyə görə gələcəyi yoxdur?
17 Pis adamların gələcəyi, salehlərin gələcəyindən necə də fərqlənir! Hərdən elə gələ bilər ki, pis adamlar maddi cəhətdən uğur əldə edirlər, lakin onlar ruhani cəhətdən heç də müvəffəqiyyətli deyillər. Bu, məzmurçunun növbəti sözlərindən aydın görünür: “Pis adamlar belə deyil, onlar ancaq yelin sovurduğu saman çöpünə bənzər. Buna görə pis adamlar hökm günündə, günahkarla salehlərin məclisində dayana bilməz” (Məzmur 1:4, 5, MKŞ). Məzmurçunun “pis adamlar belə deyil” sözlərinə diqqət yetir. O, onu nəzərdə tutur ki, pis adamlar indicə onun bəhrəli və uzunömürlü ağaclarla müqayisə etdiyi mö’min insanlar kimi deyillər.
18 Pis adamlar maddi cəhətdən müvəffəqiyyətli olsalar da, onların gələcəyi yoxdur (Məzmur 37:16; 73:3, 12). Onlar, Məsihin mirasın bölünməsinə dair suala cavab verərkən çəkdiyi məsəldəki ağılsız varlı adama bənzəyirlər. İsa orada iştirak edənlərə dedi: “Diqqətli olun, hər növ tamahkarlıqdan özünüzü saxlayın, çünki insan həyatı onun var dövlətinin çoxluğundan asılı deyildir”. Bu fikri aydınlaşdıraraq, İsa bir varlı insan haqqında məsəl çəkdi. Həmin adamın torpağı elə bol məhsul verir ki, bütün dövlətini bir yerə toplamaq üçün anbarlarını söküb daha böyüklərini tikmək qərarına gəlir. Bundan sonra həmin insan yeyib-içib, kef çəkməyi qərarlaşdırır. Lakin Allah deyir: “Ağılsız! Sənin canını elə bu axşam alacaqlar; sənin hazırladığın şeylər bəs kimə qalacaq?” Öz fikrini qeyd edərək İsa əlavə edir: “Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur” (Luka 12:13-21).
19, 20. a) Qədim vaxtlarda taxıl döymə və xəlbirləmək işinin necə baş verdiyini təsvir edin. b) Pis adamlar nə üçün “saman çöpünə” bənzəyirlər?
19 Pis adamlar “Allah qarşısında zəngin” deyillər. Onların vəziyyəti o qədər müvəqqəti və davamsızdır ki, belə insanlar saman çöpü ilə — taxıl döyülən vaxtı sünbülün, saplağın qalığı və digər tullantılar ilə müqayisə olunurlar. Qədim vaxtlarda toplanmış məhsulu adətən hündürlükdə yerləşən xırmana — taxılı döymək üçün istifadə olunan meydana gətirirdilər. Sünbülü döymək və buğdanı samandan ayırmaq üçün heyvanların sünbüllərin üzərindən sürüdükləri toxmaqdan — iti daşlardan və ya altında dəmir bıçaqlardan ibarət olan kirşədən istifadə olunurdu. Sonra xırdalanmış qarışığı kürək və ya yaba ilə küləyə qarşı hündürlüyə atırdılar (İşaya 30:24). Nəticədə buğdalar xırmana düşür, küləş bir tərəfə yığılır, samanı isə külək aparırdı (Rut 3:2). Bundan sonra buğdanı xırda daşlardan və digər zibillərdən ayıraraq xəlbirdən keçirir, sonra isə ya saxlayır, ya da üyüdürdülər (Luka 22:31). Saman isə bir dəfəlik məhv olurdu.
20 Necə ki, buğda torpağa düşüb, qalır, samanı isə külək sovurur, eləcə də salehlər qalacaq, pis adamlar isə məhv olacaqdır. Sözsüz ki, biz qanunsuz insanların bir azdan məhv olacaqlarına şadıq. Onlar olmayan zaman, Yehovanın qanunundan zövq alan insanlar çoxlu xeyir-dualar əldə edəcəklər. İtaətkar insanlar nəticədə Allahın ən’amı olan əbədi həyatı miras alacaqlar (Matta 25:34-46; Romalılara 6:23).
“Salehlərin yolu” xeyir-dualıdır
21. “Rəbb salehlərin yolunu bilər” nə deməkdir?
21 Birinci Məzmur bu sözlərlə başa çatır: “Rəbb salehlərin yolunu bilər, fəqət pislərin yolu yox olar” (Məzmur 1:6). “Rəbb salehlərin yolunu bilər” nə deməkdir? Əgər biz salehlik yolu ilə gediriksə, əmin ola bilərik ki, səmavi Atamız bizim mö’min həyat tərzimizi qəbul edəcək və Öz xidmətçiləri kimi bizə iltifat göstərəcəkdir. Biz isə öz növbəmizdə, Allahın həqiqətən də qeydimizə qaldığına tam əmin olaraq bütün narahatçılığımızı Onun üzərinə qoya bilərik və hətta qoymalıyıq da (Hezekiel 34:11; 1 Peter 5:6, 7).
22, 23. Pis adamların başına nə gələcək və salehləri nə gözləyir?
22 “Salehlərin yolu” əbədiyyən var olacaqdır, ancaq islah olmaq istəməyən günahkarlar məhv olacaqlar, çünki onların üzərində Yehovanın hökmü yerinə yetəcək. Onlarla bərabər onların “yolu”, yə’ni həyat tərzləri də yox olacaqdır. Biz Davudun sözlərinin yerinə yetəcəyinə əmin ola bilərik: “Bir az gözlə, pis yox olacaq, yerini axtarsan belə, tapılmayacaq. Məzlumlar ölkəni mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq. Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq” (Məzmur 37:10, 11, 29, MKŞ).
23 Artıq pis adamların olmayacağı yer üzündəki Cənnətdə yaşamaq şərəfinə layiq görülsək, necə də dərin sevinc hissi duyacağıq! O zaman həlimlər və salehlər Yehovanın qanunundan həmişə zövq alaraq həqiqi sülhdən ləzzət duyacaqlar. Lakin buna qədər Yehovanın “fərmanı” yerinə yetməlidir (Məzmur 2:7a). Növbəti məqalə bu fərmanın nə olduğunu və onun bizim və bütün bəşəriyyət üçün nə mə’na daşıdığını görməkdə kömək edəcəkdir.
Siz necə cavab verərdiniz?
• Mö’min insan nə üçün xoşbəxtdir?
• Yehovanın qanunundan zövq aldığımız nədən görünür?
• İnsan hansı mə’nada suyun kənarında əkilmiş ağac kimi ola bilər?
• Salehlərin yolu pis adamların yolundan nə ilə fərqlənir?
[9-cu səhifədəki şəkil]
Dua pis adamlarla dostluqdan qaçınmağımıza kömək edəcəkdir.
[10-cu səhifədəki şəkil]
Saleh insan nəyə görə ağacla müqayisə olunur?