Müharibənin sonu
“Bizim cəmi 12 yaşımız var. Siyasətə və ya müharibəyə tə’sir edə bilmirik, ancaq biz yaşamaq istəyirik! Biz sülhü gözləyirik. Sülhün olacağı vaxtı görəcəyikmi?” (beşinci sinif şagirdləri)
“Biz məktəbə getmək, dostlarımız və doğmalarımızla görüşmək və oğurlanmaqdan qorxmamaq istəyirik. Ümid edirəm ki, hökumət adamları bizi eşidəcəklər. Biz yaxşı yaşamaq istəyirik. Biz sülh istəyirik” (14 yaşlı Alhai)
BU TƏ’SİRLİ sözlərdə illərlə vətəndaş müharibəsi şəraitində yaşayan gənc oğlan və qızların səmimi ümidləri ifadə olunur. Onların istədikləri ancaq rahat yaşamaqdır. Lakin arzuları reallığa çevirmək heç də asan deyil. Biz müharibəyə son qoyulacağı zamana qədər yaşayacağıqmı?
Mübarizə edən tərəfləri sülh müqaviləsi imzalamağa məcbur etməklə, bə’zi vətəndaş münaqişələrini həll etmək üçün son illər ərzində beynəlxalq cəhdlər göstərilir. Bu müqavilələri həyata keçirmək üçün bir sıra ölkələr özlərinin sülhyaratma qüvvələrini təqdim edirlər. Lakin vəsaiti olan və bir-birinə qarşı düşmənçilik edən tərəflər arasında dərin kök salmış nifrət və e’tibarsızlığa görə istənilən müqaviləni azömürlü edən uzaq ölkələri qaydasına salmaq istəyən dövlətlərin sayı azdır. Çox vaxt atəşi dayandırmaq haqqında müqavilə imzalandıqdan cəmi bir-iki həftədən və ya aydan sonra münaqişə yenidən qızışır. Sülh Problemlərinin Tədqiqi üzrə Beynəlxalq Stokholm İnstitutunun qeyd etdiyi kimi, “düşmənçilik edən tərəflərin vuruşmaq istəyi və bunun üçün lazımi vəsaitləri olduqda, sülhə nail olmaq çətindir”.
Eyni zamanda dünyanın müxtəlif yerlərində insanların həyatını zəhərləyən həlledilməz münaqişələr məsihçilərə Müqəddəs Kitab peyğəmbərliklərini xatırladır. “Vəhy” kitabında tarixin çox çətin bir dövründən — simvolik atlının “dünyadan sülhü” götürəcəyindən danışılır (Vəhy 6:4). Arası kəsilməyən müharibələr — Müqəddəs Kitabda “son günlər” adlandırılan vaxtda yaşadığımızı göstərən əlamətin tərkib hissəsidira (2 Timoteyə 3:1). Lakin Allahın Kəlamı bizi əmin edir ki, son günlər sülhün gəlməsindən xəbər verir.
Müqəddəs Kitabda Məzmur 46:9 ayəsində izah edilir ki, həqiqi sülhün olması üçün müharibələri təkcə bir regionda deyil, bütün yer üzündə dayandırmaq lazımdır. Bundan əlavə, elə həmin məzmurda adətən Müqəddəs Kitabın yazıldığı dövrdə istifadə olunan silahların: yayın, mizrağın və cəng arabalarının ləğv edilməsi haqqında deyilir. İnsanların bir zamanlar sülh içində yaşamaları üçün bizim günlərdə mövcud olan silahlar da məhv edilməlidir.
Lakin nəticə e’tibarilə müharibələr güllə və tüfənglər ucbatından deyil, nifrət və tamahkarlıq üzündən alışır. Tamahkarlıq müharibənin əsas səbəbidir, nifrət isə çox vaxt zorakılığa gətirib çıxarır. Bu zərərli hisslərdən qurtulmaq üçün insanlar düşüncə tərzlərini dəyişməlidirlər. Onlar əmin-amanlıqda yaşamağı öyrənməlidirlər. Beləliklə, qədim dövrdə yaşamış peyğəmbər İşaya hikmətlə qeyd edir ki, müharibələr yalnız insanların “artıq cəng etməyi öyrənməyəcəklər”i zaman yox olacaq (İşaya 2:4).
Bununla belə, bu gün biz böyüklərin və uşaqların sülhü qiymətləndirməyə deyil, müharibəni tə’rif etməyə öyrədildikləri bir dünyada yaşayırıq. Dəhşətli olsa da, hətta uşaqlara belə adam öldürməyi öyrədirlər.
Onlar öldürməyi öyrənmişlər
14 yaşında ikən Alhaini ordudan kənar etdilər. Döyüşçülərin onu yaxalayıb, Kalaşnikov avtomatını istifadə etməyi öyrətdikləri zaman onun cəmi 10 yaşı vardı. Alhaini əsgər etdilər. O, əhalinin yemək ehtiyatlarının əllərindən alındığı və evlərinin yandırıldığı hücumlarda iştirak edirdi. Bundan əlavə, o, insanları öldürür və şikəst edirdi. İndi isə müharibəni unutmaq və dinc həyata öyrəşmək Alhai üçün çox çətindir. Abraham adlı daha bir gənc əsgər də öldürməyi öyrənmiş və öz silahından ayrılmaq istəmirdi. O deyir: “Əgər silahı əlimdən alsalar və çıxıb getməyi əmr etsələr, mən nə edəcəyimi və necə dolanacağımı bilmirəm”.
300 000-dən çox gənc əsgər — oğlan və qızlar — hələ də vuruşur və planetimizi parçalayan sonsuz vətəndaş münaqişələrində həlak olurlar. Döyüşçülərin liderlərindən biri belə deyir: “Onlar əmrlərə tabe olurlar; onlara evlərinə və ya arvadlarının yanına qayıtmaq lazım deyil; onlar qorxunun nə olduğunu bilmirlər”. Bununla belə, bu uşaqlar daha yaxşı yaşamaq istəyirlər və onlar buna layiqdirlər.
İnkişaf etmiş ölkələrdə gənc əsgərlərin vəziyyətinin nə dərəcədə dəhşətli olduğunu təsəvvür etmək, yəqin ki, çox çətindir. Bununla belə, Qərb ölkələrində uşaqların çoxu döyüşməyi öz evlərinin içində rahat şəraitdə öyrənirlər. Bu necə mümkündür?
Misal üçün, İspaniyanın cənub-şərq rayonunda yaşayan Hosenin nümunəsini götürək. Bu yeniyetmə döyüş növlərinə meyl edirdi. Milad günündə atası ona samuray qılıncı bağışlamışdı və bu hədiyyə Hose üçün çox qiymətli idi. O, həmçinin videooyunları, xüsusən də zorakılıq olan oyunları oynamağı sevirdi. O, 2000-ci il aprelin 1-də video-qəhrəmanının etdiyi işləri real həyata keçirdi. O, qəzəb içində atasını, anasını və bacısını atasının ona bağışladığı qılıncla öldürdü. “Mən dünyada tək qalmaq istəyirdim. Valideynlərimin məndən əl çəkmələrini istəyirdim” — deyə o, polisə izahat verdi.
Zorakı əyləncə növlərinin tə’sirindən danışarkən, müəllif və zabit Deyv Qrossman qeyd etdi: “Biz o dərəcədə qeyri-həssas oluruq ki, əzab-əziyyət və iztirab vermək əyləncəyə çevrilir: nifrət hissi doğurmaq əvəzinə, qeyri-təbii həzz verir. Biz öldürməyi və bundan həzz almağı öyrənirik”.
Alhai də, Hose də öldürməyi öyrənmişlər. Onlardan heç biri qatil olmaq niyyətində deyildi, lakin müəyyən tə’lim onların düşüncəsini korlamışdır. İstər böyüklərin, istərsə də uşaqların bu cür tə’lim alması zorakılıq və müharibə toxumları səpir.
Müharibəyə deyil, sülhə öyrənmək
İnsanlar nə qədər ki, öldürməyi öyrənəcəklər, davamlı sülhü bərpa etmək mümkün olmayacaq. Çox yüzilliklər bundan əvvəl İşaya peyğəmbər yazmışdır: ‘Kaş ki, [Allahın] əmrlərini yaxşı dinləyəydin! O zaman sülhün çay kimi olardı’ (İşaya 48:17, 18). İnsanlar Allahın Kəlamından dəqiq bilik əldə etdikdə və Allahın qanununu sevməyi öyrəndikdə, zorakılıq və müharibələr onlar üçün nifrət doğuran bir şeyə çevrilir. Valideynlər artıq indidən əmin olmalıdırlar ki, uşaqlarının oynadıqları oyunlar zorakılığa təşviq etmir. Böyüklər də nifrət və tamahkarlığın öhdəsindən gəlməyi öyrənə bilərlər. Yehovanın Şahidləri dəfələrlə əmin olurlar ki, Allahın Kəlamı insanları dəyişmək gücünə malikdir (İbranilərə 4:12).
Ortensyunun nümunəsinə nəzər salaq. Bu gənci öz iradəsinə zidd olaraq əsgər etmişlər. O danışır ki, “hərbi tə’lim döyüşçülərdə qorxmadan öldürmək istəyi aşılamağa yönəldilmişdir”. O, Afrikadakı uzunsürən vətəndaş müharibəsində iştirak etmişdir. Ortensyu e’tiraf edir: “Müharibə məndə dərin iz buraxmışdır. Mən elədiyim işlərin hamısını, hətta bu gün də xatırlayıram. Məcburən etdiklərimə görə çox peşmanam”.
Xidmət yoldaşı ilə Müqəddəs Kitab haqqında etdiyi söhbət Ortensyunun ürəyinə toxundu. Məzmur 46:9 ayəsində yazılmış Allahın bütün müharibələrə son qoyacağı və’di onu heyrətləndirdi. O, Müqəddəs Kitabı nə qədər dərindən öyrənirdisə, bir o qədər də döyüşmək istəmirdi. Tezliklə onu və iki yoldaşını ordudan kənar etdilər və onlar həyatlarını Yehova Allaha həsr etdilər. Ortensyu izah edir: “Müqəddəs Kitab həqiqəti mənə düşmənlərimi sevməyi öyrənməyə kömək etdi. Mən dərk etdim ki, müharibədə iştirak etməklə Yehovaya qarşı günah işlədirdim, axı Allah deyir ki, biz yaxınlarımızı öldürməməliyik. Bu cür məhəbbət təzahür etdirmək üçün mənə düşüncə tərzimi dəyişmək və insanlara düşmən kimi baxmamaq gərək idi”.
Həyatda olan bu kimi hadisələr göstərir ki, Müqəddəs Kitab tə’limi həqiqətən də sülhün olmasına kömək edir. Və bu təəccüblü deyil. İşaya peyğəmbər deyirdi ki, Allahın verdiyi tə’limlə sülh arasında birbaşa bağlılıq var. O, qabaqcadan demişdir: “Bütün oğulların Rəbb tərəfindən öyrədilmiş olacaq; və oğullarının əmin-amanlığı çox olacaq” (İşaya 54:13). Elə həmin peyğəmbər bütün xalqlardan olan insanların Yehova Allahın yollarını öyrənmək üçün Onun təmiz ibadətinə axışacaqları bir zaman haqqında demişdir. Bu nəyə gətirib çıxaracaq? “Qılınclarını kotan dəmirləri və mizraqlarını bağça bıçaqları edəcəklər; millət millətə qarşı qılınc qaldırmayacaq və artıq cəng etməyi öyrənməyəcəklər” (İşaya 2:2-4).
Bu peyğəmbərliyə müvafiq olaraq Yehovanın Şahidləri bütün dünyada maarifləndirici fəaliyyətlə məşğuldurlar ki, bunun sayəsində də milyonlarla insanlar müharibəyə səbəb olan nifrəti artıq aradan qaldırmağı bacarmışlar.
Bütün dünyada sülhə zəmanət
Allah tə’lim verməklə yanaşı, bütün dünyada sülhü bərpa etmək iqtidarında olan hökumət — “padşahlıq” tə’yin etmişdir. Maraqlıdır ki, Allah tərəfindən tə’yin edilən Hökmdar — İsa Məsih Müqəddəs Kitabda “Sülh Rəisi” adlandırılmışdır. Bu bizi daha çox əmin edir ki, “[onun] rəisliyinin və sülhün artmasına son olmayacaq” (İşaya 9:6, 7).
Nəyin əsasında əmin ola bilərik ki, Məsih idarə edən zaman bütün müharibələrə həqiqətən də son qoyulacaq? İşaya peyğəmbər əlavə edir: “Ordular Rəbbinin qeyrəti bunu edəcək” (İşaya 9:7). Allahın sarsılmaz sülhü qorumaq üçün istəyi və qüvvəsi vardır. İsa buna qətiyyən şübhə etmir. Buna görə də o, öz davamçılarına Allahın Padşahlığının gəlməsi və Allahın iradəsinin yer üzündə yerinə yetməsi haqqında dua etməyi öyrədirdi (Matta 6:9, 10). Bu səmimi xahiş nəhayət yerinə yetəndə artıq müharibə bir daha yer üzündə sülhü pozmayacaq.
[Haşiyə]
a Əgər son günlərdə yaşadığımıza dair daha çox sübutlar əldə etmək istəyirsinizsə, Yehovanın Şahidləri tərəfindən nəşr edilmiş “Əbədi həyata aparan bilik” kitabının 11-ci fəslinə baxın.
[5-ci səhifədəki şəkil]
Müqəddəs Kitab tə’limi həqiqi sülhün olmasına kömək edir.
[İcazə ilə]
COVER: Boy: Photo by Chris Hondros/Getty Images