Yehova səmimi dualara cavab verir
«Bilsinlər ki, Sənin ismin Rəbdir [«Yehovadır», YD], bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!» (MƏZ. 83:18).
1, 2. Bir çoxları Allahın adını öyrənəndə hansı hissləri keçirmişlər və hansı suallar yaranır?
İLLƏR öncə bir qadın qonşuluqda baş verən fəlakətə görə çox üzgün idi. Katolik ailəsində doğulan bu qadın kömək almaq üçün keşişin yanına getdi. O isə onunla söhbət etmək belə istəmədi. Buna görə də duasında Allaha dedi: «Sənin kim olduğunu bilməsəm də... bilirəm ki, Sən varsan. Xahiş edirəm, Özünü mənə tanıt!» Qısa vaxtdan sonra Yehovanın Şahidləri ona baş çəkib, axtardığı təsəlli və biliyi ona verdilər. Bir çox başqa şeylərlə yanaşı, Şahidlər ona Allahın adının Yehova olduğunu da öyrətdilər. Bunu bilmək qadına dərin təsir bağışladı. O dedi: «Axı bu mənim uşaqlıqdan axtardığım Allahdır!»
2 Bir çoxları Allahın adını öyrənəndə belə hisslər keçirmişlər. Əsasən onlar ilk dəfə Yehovanın adını Müqəddəs Kitabdan Məzmur 83:18 ayəsini oxuyanda görmüşlər. «Yeni Dünya Tərcüməsi»ndə həmin ayə belə səslənir: «İnsanlar bilsinlər ki, adı Yehova olan Sən, bütün yer üzərində yalnız Sən Ucasan». 83-cü məzmurun hansı məqsədlə yazıldığını heç düşünmüsənmi? Hansı hadisələr hər bir kəsi Yehovanın vahid həqiqi Allah olduğunu etiraf etməyə məcbur edəcək? Bu məzmurdan nə öyrənə bilərik? Bu sualları bu məqalədə araşdıracağıqa.
Yehovanın xalqına qarşı sui-qəsd
3, 4. Səksən üçüncü məzmuru kim bəstələyib və burada hansı təhlükədən bəhs olunur?
3 Səksən üçüncü məzmurun giriş sözlərinə əsasən, bu, «Asəfin məzmuru»dur. Ola bilsin, onu bəstələyən kəs padşah Davudun hökmranlığı dövründə yaşamış məşhur musiqiçi olan levili Asəfin nəslindən idi. Məzmurçu Yehovaya yalvarır ki, ali hökmranlığını müdafiə etmək və adını tanıtmaq üçün hərəkətə keçsin. Güman ki, bu məzmur Süleymanın ölümündən bir qədər sonra bəstələnmişdi. Nəyə görə? Çünki Davudun və Süleymanın hökmranlığı dövründə Sur padşahının İsrail ilə dostluq münasibəti vardı. 83-cü məzmurun bəstələndiyi vaxtda Surun əhalisi İsrailə arxa çevirib, onun düşmənləri ilə əlbir olmuşdu.
4 Məzmurçu Allahın xalqını məhv etmək üçün sui-qəsd quran on xalqın adını sadalayır. İsrailin ətrafında yaşayan düşmənlər bunlardır: «Edomlular, İsmaillilər, Moavlılar, Həcərlilər, Geval, Ammon, Amaleq, Filişt və Sur əhalisi. Aşşur da onlara qoşulub» (Məz. 83:6-8). Bu məzmurda hansı tarixi hadisəyə istinad edilir? Bəziləri zənn edirlər ki, burada, Yehoşafatın günlərində ammonlular, moavlılar və Seir dağının sakinlərinin birləşib İsrailə hücum etdiyinə istinad edilir (2 Saln. 20:1-26). Digərləri isə düşünürlər ki, burada İsrail xalqının tarixi boyu qonşu ölkələrin ona bəslədiyi ədavətdən bəhs edilir.
5. Müasir məsihçilər 83-cü məzmurdan necə faydalana bilərlər?
5 Hər necə olsa da, aydındır ki, Yehova bu məzmurun yazılmasını xalqı təhlükəli vaxtlarda yaşadığı zaman ilhamlandırmışdı. Bu məzmur Allahın müasir xidmətçilərini də ruhlandırır, çünki onları məhv etmək üçün düşmənlər onlara daima hücum çəkmişlər. Şübhəsiz ki, yaxın gələcəkdə Maqoq ölkəsindən olan Qoq Allaha ruhən və həqiqətən ibadət edənləri məhv etmək məqsədilə bütün ordusunu toplayıb axırıncı dəfə hücum etməyə cəhd edəndə 83-cü məzmur bizləri də möhkəmləndirəcək. (Yezekel 38:2, 8, 9, 16 ayələrini oxu.)
Məzmurçu üçün ən vacib məsələ
6, 7. a) Məzmurçu 83-cü məzmurun ilk ayələrində nə barədə dua edir? b) Məzmurçunu daha çox narahat edən nə idi?
6 Görün məzmurçu duada öz hisslərini necə ifadə edir: «Ey Allah, susub səssiz durma! Ey Allah, sakit olma! Budur, düşmənlər qiyamət qoparır, Sənə nifrət edənlər Sənin əleyhinə qalxır. Xalqına qarşı fənd işlədirlər... Ürəkləri bir olaraq qərara gəliblər, Sənə qarşı bunlar əhd ediblər» (Məz. 83:1-3, 5).
7 Məzmurçunu daha çox narahat edən nə idi? Əlbəttə, o, ailəsinin və özünün təhlükəsizliyinə görə çox narahat olurdu. Lakin duasında əsas diqqəti Yehovanın adına yaxılan ləkəyə və bu adı daşıyan xalqı hədələyən təhlükəyə yönəldirdi. Gəlin köhnə sistemin son günlərinin çətinliklərinə tab gətirərək biz də məzmurçu kimi düşüncə tərzimizdə tarazlığı qoruyaq. (Matta 6:9, 10 ayələrini oxu.)
8. Xalqların İsrailə qarşı sui-qəsd hazırlamaqda məqsədi nə idi?
8 Məzmurçu İsrailin düşmənlərinin sözlərini sitat gətirir: «Gəlin, onları millət olmasın deyə məhv edək, İsrailin adı xatırlanmasın deyə onları yox edək» (Məz. 83:4). Onlar Allahın seçilmiş xalqına necə də nifrət edirdilər! Amma İsrailə qarşı sui-qəsd hazırlamaqda bu xalqların məqsədi başqa idi. Onlar İsrail torpağını ələ keçirmək istəyirdilər və lovğalanaraq deyirdilər: «Allahın yurdlarını özümüzə mülk edək» (Məz. 83:12, KM). Bizim günlərdə də buna oxşar şey baş verirmi? Bəli, verir!
Yehovanın müqəddəs məskəni
9, 10. a) Qədim zamanlarda Allahın müqəddəs məskəni nə idi? b) Məsh olunmuşların qalığı və ‘başqa qoyunlar’ bu gün hansı xeyir-duaları alırlar?
9 Qədim zamanlarda Vəd edilmiş diyar Allahın yurdu, yəni müqəddəs məskəni sayılırdı. İsraillilərin Misirdən azad edildikdən sonra oxuduqları zəfər nəğməsini xatırlayın: «Məhəbbətinlə qurtardığın xalqa Sən yol göstərdin. Müqəddəs məskəninə Öz gücünlə apardın» (Çıx. 15:13). Bir qədər sonra ‘müqəddəs məskəndə’ məbəd ilə kahinlər və paytaxt şəhər Yerusəlim ilə Davudun sülaləsindən olub Yehovanın taxtında oturanlar yerləşdirildi (1 Saln. 29:23). İsa əbəs yerə Yerusəlimi ‘böyük Hökmdarın şəhəri’ adlandırmadı (Mat. 5:35).
10 Bəs bizim günlər haqda nə demək olar? Eramızın 33-cü ilində yeni xalq — «Allahın İsraili» yarandı (Qalat. 6:16). İsa Məsihin ruhla məsh olunmuş qardaşlarından təşkil olunan bu xalq, cismani İsrailin edə bilmədiyi işi, yəni Allahın adına şəhadətlik etmək tapşırığını yerinə yetirdi (Yeşaya 43:10; 1 Pet. 2:9). Yehova qədim İsrailə verdiyi vədi onlara da verdi: «Mən onların Allahı, onlar da Mənim xalqım olacaqdır» (2 Kor. 6:16, 17; Lev. 26:12). Yehova 1919-cu ildə ‘Allahın İsrailinin’ qalığı ilə xüsusi münasibət yaratdı və həmin vaxtdan etibarən onlar ‘ölkəyə’, yəni məmnunluq duyduqları ruhani cənnətin ruhani fəaliyyət sahəsinə daxil oldular (Yeşaya 66:8). 1930-cü illərdən bəri milyonlarla ‘başqa qoyunlar’ onlara qoşulublar (Yəh. 10:16). Müasir məsihçilərin xoşbəxtlik və ruhani firavanlıq içində yaşaması Yehovanın hökmranlığının ədalətli olduğuna danılmaz sübutdur. (Məzmur 91:1, 2 ayələrini oxu.) Bu, Şeytanı necə də hiddətləndirir!
11. Allahın düşmənlərinin həmişə əsas məqsədi nə olub?
11 Axır günlər ərzində Şeytan özünün əlaltılarını məsh olunmuşlara və onların əməkdaşlarına müqavimət göstərməyə təhrik etmişdi. Bu, Nasist hakimiyyəti altında olan Qərbi Avropada və Sovet İttifaqının kommunist hökumətinin rəhbərliyi altında olan Şərqi Avropada baş vermişdi. Bu, bir çox başqa ölkədə də baş vermiş və xüsusilə də Maqoq ölkəsindən olan Qoqun sonuncu hücumu zamanı yenidən baş verəcəkdir. Bu hücum zamanı düşmənlər, keçmişdə olduğu kimi, Yehovanın xalqının əmlakına acgözlüklə yiyələnə bilərlər. Amma həmişə Şeytanın əsas məqsədi, Yehovanın adı bir daha anılmasın deyə, Onun xalqını əbədi olaraq yox etmək olub. Yehova hökmranlığına qarşı belə meydan oxunmağa necə reaksiya göstərir? Gəlin bir daha məzmurçunun sözlərinə diqqət yetirək.
Yehovanın qələbəsinə dair keçmişdəki nümunələr
12-14. Məzmurçu Megiddo şəhəri yaxınlığında baş verən hansı iki tarixi qələbəni xatırlayır?
12 Məzmurçunun möhkəm imanı vardı ki, Yehova düşmən xalqlarının planlarını alt-üst etməyə qadirdir. O, eyniadlı vadiyə nəzarət edən qədim Megiddo şəhərinin yaxınlığında İsrail xalqının öz düşmənləri üzərində çaldığı iki həlledici qələbədən danışır. Yayda Qişon çayının qurumuş əyri-üyrü yatağını vadi boyu görmək olar. Qış leysanından sonra çayın suları vadini basır. Ola bilsin, elə bu səbəbdən həmin çay «Megiddo suları» da adlanır (Hak. 4:13; 5:19).
13 Megiddodan təxminən 15 kilometr vadinin o biri tayında More təpəsi yerləşir. Hakim Gideonun günlərində midyanlılar, amaleqlilər və Şərq xalqları burada müharibəyə toplaşmışdılar (Hak. 7:1, 12). Nəhayətdə Gideonun ordusu 300 nəfər təşkil etsə də, bu kiçik ordu Yehovanın köməyilə böyük düşmən ordusunu məğlub etdi. Necə? Onlar Allahın göstərişinə əməl edərək əllərində boş dolçalar və onların içində məşəl gecə vaxtı düşmən düşərgəsini mühasirəyə aldılar. Gideonun işarəsi ilə əsgərləri dolçaları sındırdı və gizlədilmiş məşəllər qəflətən göründü. Onlar eyni vaxtda şeypur çalıb bağırdılar: «[Yehovanın] və Gideonun qılıncı!» Düşmənlər arasına çaxnaşma düşdü və onlar bir-birlərini öldürməyə başladılar; sağ qalanlar İordan çayının o biri tayına qaçdılar. Bu arada daha çox israilli düşməni təqib etməyə qoşuldu. Ümumilikdə 120 000 düşmən əsgəri qətlə yetirildi (Hak. 7:19-25; 8:10).
14 More təpəsindən təxminən 6 kilometr yuxarıda, Megiddodan vadinin o biri tayında Tavor dağı yerləşir. Yuxarıdakı hadisədən öncə burada hakim Baraq 10 000 israilli əsgəri toplayıb, Kənanın baş şəhəri Xasorun padşahı Yavinin ordusuna qarşı döyüşə çıxdı. Onun ordusuna Sisra başçılıq edirdi. Bu orduda təkərlərində məhvedici uzun dəryazlar fırlanan 900 döyüş arabası vardı. Pis təchiz edilmiş İsrail ordusu Tavor dağına toplaşanda Sisranın ordusu da vadiyə axışdı. O zaman Yehova «Sisranı və bütün döyüş arabaları ilə ordusunu... məğlub etdi». Ola bilsin, gözlənilmədən yağan güclü yağış nəticəsində Qişon çayının suları daşdığı üçün arabalar palçığa batdı. İsraillilər düşmən ordusunu tamamilə məhv etdilər (Hak. 4:13-16; 5:19-21).
15. a) Məzmurçu duasında Yehovadan nə xahiş edirdi? b) Allahın sonuncu döyüşünün adı bizə nəyi xatırladır?
15 Məzmurçu Yehovaya yalvarır ki, onun günlərində İsraili məhv etməyə can atan xalqlara da eyni şeyi etsin. O deyir: «Başlarına gətir Midyanlılara etdiklərini, Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini. Onlar En-Dorda həlak oldular, torpaq üçün peyin oldular» (Məz. 83:9, 10). Diqqətəlayiqdir ki, Allahın Şeytanın dünyasına qarşı sonuncu müharibəsi Har-Megidon (mənası «Megiddo dağı») adlanır. Bu ad bizə Megiddo yaxınlığında baş verən həlledici döyüşləri xatırladır. Yehovanın qədimdə olan müharibələrdəki zəfəri bizi əmin edir ki, O, Har-Megidon döyüşündə də mütləq qələbə çalacaq (Vəhy 16:13-16).
Yehovanın hökmranlığının bəraət qazanması üçün dua etməliyik
16. Bu gün düşmənlər necə rüsvay olurlar?
16 Bu «axır günlərdə» Yehova Onun xalqını məhv etmək istəyənlərin bütün cəhdlərini boşa çıxarır (2 Tim. 3:1). Nəticədə düşmənlər rüsvay olurlar. Bu, Məzmur 83:16 ayəsində qabaqcadan deyilmişdi: «Ya Rəbb, onların üzünü xəcalətə bürü, qoy Sənin ismini axtarsınlar». Müxtəlif ölkələrdə düşmənlərin Yehovanın Şahidlərini susdurmaq cəhdləri müvəffəqiyyətsizliyə uğramışdır. Həmin ölkələrdə yeganə həqiqi Allahın xidmətçilərinin sarsılmazlığı və təhəmmülü həlim insanlar üçün şahidlik olmuşdur və bir çoxları Yehovanın ‘ismini axtarmağa’ başlamışlar. Vaxtilə Yehovanın Şahidləri amansızcasına təqib olunan bir sıra ölkələrdə hal-hazırda on minlərlə, hətta yüz minlərlə insan Yehovanı sevinclə izzətləndirir. Bu, Yehova üçün əsl zəfər, düşmənləri üçün isə rüsvayçılıqdır! (Yeremya 1:19 ayəsini oxu.)
17. Düşmənlərin tezliklə hansı imkanı olmayacaq və tezliklə hansı sözləri yadımıza salacağıq?
17 Əlbəttə, təqiblərin hələ də davam edəcəyini bilirik. Biz xoş xəbəri hamıya, hətta düşmənlərimizə də təbliğ edirik (Mat. 24:14, 21). Amma Allahın xalqının düşmənlərinin tövbə etmək və xilasa nail olmaq imkanı tezliklə olmayacaq. Yehovanın adının təqdis olunması insanların xilasından daha vacibdir. (Yezekel 38:23 ayəsini oxu.) Yer üzünün bütün xalqları Allahın xalqını məhv etmək üçün bir yerə yığışanda biz məzmurçunun duasından bu sözləri yadımıza salacağıq: «Əbədilik utanaraq vəlvələyə düşsünlər, rüsvay olub, yox olsunlar» (Məz. 83:17).
18, 19. a) Yehovanın hökmranlığının qatı düşmənlərini nə gözləyir? b) Tezliklə Yehovanın hökmranlığının bəraət qazanacağı sənə necə təsir edir?
18 Yehovanın hökmranlığının qatı düşmənləri rüsvayçılıqla məhv ediləcəklər. Allahın Kəlamı göstərir ki, ‘Müjdəyə itaət etməyən’ insanlar Har-Megidonda məhv edilib «əbədi həlak cəzası çəkəcəklər» (2 Salon. 1:7-9). Onların məhvi və Yehovanın xidmətçilərinin xilası Yehovanın yeganə həqiqi Allah olduğunun inandırıcı sübutu olacaq. Bu böyük zəfər yeni dünyada yaddaşlardan silinməyəcək. ‘Saleh və saleh olmayanlar’ diriləndə Yehovanın bu böyük zəfəri haqqında öyrənəcəklər (Həv. iş. 24:15). Onlar yeni dünyada Yehovanın hökmranlığı altında yaşamağın müdriklik olduğuna dair inandırıcı sübutlar görəcəklər. Onların arasında həlim olanlar Yehovanın yeganə həqiqi Allah olduğuna tez əmin olacaqlar.
19 Sevən səmavi Atamız Öz sadiq xidmətçilərinə necə də möcüzəli gələcək hazırlayıb! Məgər sən Yehovaya dua etmirsənmi ki, Yehova məzmurçunun duasına sonuncu cavabı versin: «[Sənin düşmənlərin] əbədilik utanaraq vəlvələyə düşsünlər, rüsvay olub, yox olsunlar. Bilsinlər ki, Sənin ismin Rəbdir [Yehovadır], bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!» (Məz. 83:17, 18).
[Haşiyə]
a Bu məqaləni araşdırmazdan əvvəl yaxşı olardı ki, 83-cü məzmuru oxuyub, onun məzmunu ilə tanış olasınız.
İzah edə bilərsinizmi?
• 83-cü məzmur yazılanda İsrail hansı vəziyyətlə qarşılaşmışdı?
• 83-cü məzmurun yazıçısını daha çox nə narahat edirdi?
• Bu gün Şeytanın ədavətinin hədəfi kimlərdir?
• Yehova Məzmur 83:18 ayəsindəki duaya qəti cavabı necə verəcək?
[12-ci səhifədəki şəkil]
Bir məzmurçunu 83-cü məzmuru bəstələməyə nə təşviq etmişdi?
[15-ci səhifədəki çərçivə]
Qədim Megiddo yaxınlığındakı döyüşlər gələcəyimizlə necə bağlıdır?
Qişon çayı
Xaroşet-Haqqoyim
Karmel dağı
İzreel vadisi
Megiddo
Taanak
Gilboa dağı
Xarod çeşməsi
More təpəsi
En-Dor
Tavor dağı
Qalileya dənizi
İordan çayı