Nöqsansızlıq yolu ilə yeri
«Mən isə kamalla [«nöqsansızlıqda», YD] gəzirəm» (MƏZMUR 26:11).
1, 2. a) İnsanlar Allahın hökmranlıq hüququ ilə bağlı mübahisəli suala necə cəlb olunmuşlar? b) Şüurlu məxluqlar Yehovanın tərəfini tutduqlarını necə göstərə bilərlər?
ŞEYTAN Eden bağında üsyan qaldıraraq, Allahın yaratdığı bütün varlıqların üzərindəki hakimiyyətinin ədalətli olduğunu şübhə altına qoydu. Daha sonra o bəyan etdi ki, insanlar Allaha öz xeyrləri üçün xidmət edirlər (Əyyub 1:9-11; 2:4). Beləliklə insanlar Yehovanın hökmranlıq hüququ ilə bağlı mübahisəli suala cəlb olundular.
2 Allahın yerdə və göydə yaratdığı varlıqların özlərini necə aparmalarından asılı olmayaraq, O Öz Hökmranlıq mövqeyini itirmir, lakin bununla belə onlar bu mübahisəli sualda kimin tərəfini tutduqlarını göstərmək imkanına malikdirlər. Onlar bunu necə edə bilərlər? Öz davranışları, yə’ni nöqsansızlıq yolu ilə yeriyib-yeriməməkləri ilə. Beləliklə, bütün şüurlu məxluqlar məhz öz nöqsansızlıqlarının əsasında mühakimə oluna bilərlər.
3. a) Əyyub və Davud Yehovadan nəyi xahiş edirdilər? b) Nöqsansızlıqla bağlı hansı suallar yaranır?
3 Əyyub əminliklə demişdir: «Qoy Allah məni haqq tərəzisində çəksin, kamil [«nöqsansız», YD] olduğumu görsün» (Əyyub 31:6). Qədim İsrailin padşahı Davud da Yehovadan bu haqda xahiş etmişdir: «Məni haqlı çıxar, ya Rəbb, çünki mən kamalla [«nöqsansızlıqda», YD] gəzmişəm, sarsılmadan Rəbbimə güvənmişəm» (Məzmur 26:1). Bizim də nöqsansızlıq yolu ilə yeriməyimiz həyati vacibdir. Bəs nöqsansızlıq nədir və nöqsansızlıq yolu ilə yerimək nə mə’na daşıyır? Nöqsansızlığı qorumaqda bizə nə kömək edəcək?
«Mən nöqsansızlıqda gəzmişəm»
4. Nöqsansızlıq nədir?
4 Müqəddəs Kitabda nöqsansızlıq sözü altında düzgünlük, qüsursuzluq və salehlik nəzərdə tutulur. Lakin nöqsansızlıq düzgün əməllərdən daha artıq mə’na daşıyır. Bu, əxlaqi cəhətdən sağlam və ürək bütövlüyü ilə Yaradana sədaqətli olmaq deməkdir. Allahla söhbətində Şeytan Əyyubun niyyətlərini şübhə altında qoydu: «Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lə’nət edəcək» (Əyyub 2:5). Deməli, nöqsansızlıq düzgün əməllərdən başqa ürəyin düzgün niyyətlərini də nəzərdə tutur.
5. Nədən görünür ki, nöqsansız olmaq kamil olmaq demək deyil?
5 Nöqsansız olmaq kamil olmaq demək deyil. Davud padşah qeyri-kamil idi və həyatında bir neçə dəfə ciddi səhvlərə yol vermişdi. Bununla belə, Müqəddəs Kitabda onun haqqında «ürək nöqsansızlığı ilə» yeriyən insan kimi danışılır (1 Padşahlar 9:4, YD). Nə üçün? Çünki Davud Yehovanı sevirdi. Onun ürəyi Allaha sadiq idi. O, öz səhvlərini könüllü olaraq e’tiraf edir, töhməti qəbul edir və öz yollarını düzəldirdi. Davudun nöqsansızlığı barədə onun öz Allahı Yehovaya olan hədsiz sədaqəti və məhəbbəti əsasında mühakimə yürütmək olar (Qanunun təkrarı 6:5, 6).
6, 7. Nöqsansızlıqda yerimək nə deməkdir?
6 Nöqsansızlıq həyatın müəyyən sahəsi ilə, məsələn, dinlə məhdudlaşmır, insanın bütün həyatına tə’sir göstərir. Davud nöqsansızlıqda «yeriyirdi». Bir əsərdə deyilir ki, «“yerimək” fe’li “həyat yoluna” və ya “həyat tərzinə” aid ola bilər» («The New Interpreter’s Bible»). Öz yollarında nöqsansız olanlar haqqında məzmurçu oxuyurdu: «Nə bəxtiyardır Onun [Allahın] öyüdlərinə əməl edənlər, bütün qəlbi ilə Onu axtaranlar. Həqiqətən, onlar fitnəkarlıq etməzlər, Rəbbin yolunda gəzərlər» (Məzmur 119:1-3). Nöqsansız insan həmişə Allahın iradəsini yerinə yetirməyə və Onun yolu ilə yeriməyə can atır.
7 Nöqsansızlıqda yeriyən kəs, hətta çətin şəraitlərdə belə Allaha sadiq qalır. Bizim nöqsansızlığımız, sınaqlara mətanətlə tab gətirməkdə, bədbəxtliklər zamanı ruh möhkəmliyini qorumaqda və bu pis dünyanın şirnikdirici tə’sirlərinə təslim olmamaqda ifadə olunur. Öz sadiqliyimizlə biz Yehovanın qəlbini sevindiririk, çünki bu zaman O, Onu utandırana nə cavab verəcəyini bilir (Süleymanın məsəlləri 27:11). Əyyub kimi biz də özümüz üçün qəti qərar qəbul edə bilərik: «Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm» (Əyyub 27:5). Bəs nöqsansızlıqda yeriməyə bizə nə kömək edəcək? Cavabı 26-cı Məzmurda tapacağıq.
«Qəlbimi, böyrəklərimi saf et»
8. Davudun, Yehovanın onun böyrəklərini və ürəyini tədqiq etməsi barədə xahiş etməsindən nə öyrənirik?
8 Davud dua edirdi: «Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, qəlbimi, fikirlərimi [«böyrəklərimi», YD] saf et» (Məzmur 26:2). Böyrəklər bədənin dərinliklərində yerləşir. Onlar ən gizlin fikirləri və hissləri təmsil edir. «Ürək» altında isə insanın daxili varlığı — niyyətləri, hissləri və düşüncələri nəzərdə tutulur. Davud, Yehovanın onu diqqətlə sınaqdan keçirməsini xahiş etməklə istəyirdi ki, Allah onun gizlin fikirlərini və hisslərini tədqiq etsin.
9. Yehova bizim simvolik böyrəklərimizi və ürəyimizi hansı mə’nada saflaşdırır?
9 Davud Allahdan xahiş edirdi ki, onun böyrəklərini və ürəyini saf etsin. Yehova bizim daxili varlığımızı necə saf edir? Davud tərənnüm edirdi: «Mənə nəsihət verən Rəbbə alqış edirəm, hətta gecələr də vicdanım [«böyrəklərim», YD] mənə ağıl öyrədir» (Məzmur 16:7). Bu nə deməkdir? Bu o deməkdir ki, Allahın məsləhətləri Davuda güclü tə’sir bağışlayır, daxilində yaşayır, onun ən gizlin fikirlərini və hisslərini islah edərək, ona öyüd-nəsihət verirdi. Əgər biz Müqəddəs Kitabın, Allahın nümayəndələrinin və ya təşkilatının vasitəsilə aldığımız nəsihətlərin üzərində minnətdarlıqla düşünürüksə və Allahın məsləhətlərini bütün qəlbimizlə qəbul ediriksə, eyni şey bizimlə də ola bilər. Yehovadan bizi saflaşdırmasını müntəzəm olaraq xahiş etməyimiz nöqsansızlıq yolu ilə getməyimizə kömək edəcək.
«Məhəbbətin gözümün önündə durur»
10. Allahın həqiqətində yeriməkdə Davuda nə kömək edirdi?
10 Davud dua edirdi: «Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə [həqiqətində] gəzirəm» (Məzmur 26:3). Davud Yehovanın Öz məhəbbətini necə təzahür etdirdiyini gözəl bilirdi və bunun üzərində minnətdarlıqla düşünürdü. O belə oxuyurdu: «Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları». Davud Allahın yaxşılıqlarından birini xatırlayaraq davam edirdi: «Rəbb bütün miskinlərə haqq-ədalət göstərir. Yollarını Musaya, əməllərini İsrail övladlarına göstərib» (Məzmur 103:2, 6, 7). Ola bilsin, Davud «miskinlər» dedikdə, Musanın günlərində misirlilərin sıxışdırdıqları israilliləri nəzərdə tuturdu. Yehovanın Öz xilasedici qüvvəsini Musaya necə göstərməsi üzərində düşünmək, şübhəsiz ki, Davudun ürəyinə güclü tə’sir bağışlayır və Allahın həqiqətində yerimək qətiyyətini möhkəmləndirirdi.
11. Nöqsansızlıq yolu ilə yeriməkdə bizə nə kömək edəcək?
11 Allahın Kəlamını müntəzəm olaraq öyrənmək və öyrəndiklərimizin üzərində düşünmək nöqsansızlıq yolu ilə yeriməkdə bizə də kömək edəcək. Misal üçün, Potifarın arvadının əxlaqsızlığa yönəldən təklifindən qaçan Yusifin nümunəsi bizi iş yerində, məktəbdə və başqa yerlərdə bu kimi şirnikdirici şeylərdən qaçmağa təşviq edəcək (Yaradılış 39:7-12). Bəs əgər biz maddi firavanlıq, yaxud yüksək vəzifə və nüfuz və’d edən cəlbedici təkliflərlə qarşılaşırıqsa, onda necə? Biz Misirin cah-calalını rədd edən Musanın nümunəsinə malikik (İbranilərə 11:24-26). Əyyubun təhəmmülünü yadda saxlayaraq, şübhəsiz ki, biz nasazlıqlara və həyati çətinliklərə rəğmən Yehovaya sadiqliyimizi qorumaq qətiyyətində möhkəmlənəcəyik (Yaqub 5:11). Bəs əgər bizi tə’qib edirlərsə? Onda şirlər olan quyuya atılmış Danielin nümunəsi bizə cəsarət verəcəkdir (Daniel 6:16-22).
«Yalançı insanlarla oturmuram»
12, 13. Biz necə dostluqlardan uzaq durmalıyıq?
12 Davud nöqsansızlığı qorumaqda ona daha nəyin kömək etdiyini xatırlatdı: «Yalançı insanlarla oturmuram, ikiüzlülərlə yoldaşlıq etmirəm, yaramazların məclisinə nifrət edirəm, pislərlə oturmuram» (Məzmur 26:4, 5). Davud hətta pislərlə oturmurdu da. O, pis dostluqlara nifrət edirdi.
13 Bəs biz? Elə alınmırmı ki, biz televiziya verilişlərinə, filmlərə və İnternet səhifələrinə tamaşa edərkən yalançı insanlarla oturub-dururuq? İç üzlərini gizlədən insanlardan uzaq qaçırıqmı? Məktəbdə və ya işdə kim isə hiyləgər niyyətdən irəli gələrək yalandan özünü bizə dost kimi göstərə bilər. Məgər biz Allahın həqiqətində yeriməyən kəslərlə yaxın dostluq yaratmaq istəyirikmi? Hələ özlərini səmimi kimi göstərib, bizi Yehovaya xidmət yolundan azdırmaq istəyən dönüklər də var. Bəs məsihçi yığıncağında ikili həyat sürənlər haqda nə demək olar? Onlar da özlərinin əsl mahiyyətlərini gizlədirlər. Hazırda xidməti köməkçi kimi xidmət edən Ceysonun gənclik dostları məhz belə olmuşlar. O xatırlayır: «Bir dəfə onlardan biri mənə dedi: “Bizim indi necə yaşamağımız vacib deyil, çünki yeni dünya gələnədək biz hamımız öləcəyik. Nəyi əldən verdiyimizi də heç zaman bilməyəcəyik”. Onun sözləri məni ayıltdı. Yeni dünya gələn zaman mən ölü olmaq istəmirəm». Ceyson həmin gənclərlə dostluğu kəsməklə müdrik davrandı. Həvari Pavel xəbərdarlıq edirdi: «Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar» (1 Korinflilərə 15:33). Pis dostluqlardan uzaq durmaq necə də vacibdir!
‘Bütün xariqələrini bəyan etmək üçün’
14, 15. Biz hansı mə’nada Yehovanın «qurbangahının başına» dolanırıq?
14 Davud davam edir: «Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, qurbangahının başına dolanıram». Nə üçün? ‘Şükür səsimi ucaltmaq, bütün xariqələrini bəyan etmək üçün’ (Məzmur 26:6, 7). Davud, Yehovaya ibadət etmək və Onu mədh etmək üçün əxlaqi cəhətdən təmiz qalmağı arzu edirdi.
15 Çadırdakı, daha sonra isə mə’bəddəki müqəddəs xidmətin hər bir növü «səmavi həqiqətlərin in’ikasına və kölgəsinə» xidmət edirdi (İbranilərə 8:5; 9:23). Qurbangah Yehovanın iradəsini — İsa Məsihin bəşəriyyətin xilası üçün verdiyi fidiyəni qəbul etmək hazırlığını təmsil edirdi (İbranilərə 10:5-10). Biz həmin qurbanlığa iman gətirərək, demək olar ki, ‘günahsızlıq içində əllərimizi yuyur’ və Yehovanın ‘qurbangahının başına dolanırıq’ (Yəhya 3:16-18).
16. Nəyə görə Allahın mö’cüzəli işləri haqqında başqalarına danışmaq bizim özümüzə fayda gətirir?
16 Məgər fidiyə qurbanlığı sayəsində mümkün olan bütün şeylər haqqında düşündükdə, ürəyimiz Yehovaya və Onun vahid Oğluna qarşı minnətdarlıq hissi ilə dolmurmu? Buna görə də gəlin başqalarına Allahın mö’cüzəli işlərindən — insanın Eden bağında yaradılmasından tutmuş Allahın yeni dünyasında hər şeyin yeniləşəcəyi haqda danışaq (Yaradılış 2:7; Həvarilərin işləri 3:21). Padşahlığın təbliğində və şagirdlərin hazırlanması işində fəal iştirak etmək bizi necə də e’tibarlı ruhani müdafiə ilə tə’min edir! (Matta 24:14; 28:19, 20). Beləliklə bizim gələcəyə olan ümidimiz daha möhkəm, Allahın və’dlərinə imanımız daha sarsılmaz, Yehovaya və yaxınlarımıza olan məhəbbətimiz isə daha da güclü olacaqdır.
«Məskənin olan evi... sevirəm»
17, 18. Məsihçi görüşlərinə biz necə yanaşmalıyıq?
17 Qurbangahla birgə çadır İsraildə Yehovaya ibadətin mərkəzi idi. Davud fərəh içində tərənnüm edirdi: «Ya Rəbb, məskənin olan evi, cəlalının sakin olduğu yeri sevirəm» (Məzmur 26:8).
18 Biz Yehova haqqında daha çox öyrənmək məqsədilə yığışmağı sevirikmi? Bizim dövrümüzdə həqiqi Allaha ibadətin mərkəzi — müntəzəm olaraq ruhani tə’lim keçirilən Padşahlıq Zallarıdır. Bundan əlavə, ildən-ilə vilayət, rayon və xüsusi birgünlük konqreslər keçirilir. Bu görüşlərin hamısında Yehovanın nəsihətləri səslənir. Əgər biz onları ‘çox seviriksə’, onda böyük arzu ilə görüşlərə gələcək və proqrama diqqətlə qulaq asacağıq (Məzmur 119:167). Səmimi olaraq bizim qayğımıza qalan, nöqsansızlıq yolundan möhkəm yapışmaqda bizə kömək edən həmimanlılarla birlikdə olmaq necə də xoşdur! (İbranilərə 10:24, 25).
«Canımı alma»
19. Davud hansı günahlı işlərə qarışmaq istəmirdi?
19 Allahın həqiqətində yeriməyənlərlə nə baş verəcəyini gözəl bildiyi üçün, Davud Yehovaya yalvarırdı: «Məni günahkarlara qatıb aparma, qatillərlə birgə canımı alma. Onlar pis niyyəti əllərində tutublar, sağ əllərini rüşvətlə doldurublar» (Məzmur 26:9, 10). Davud çirkin əməllərlə məşğul olan pis niyyətli insanlarla və ya rüşvətxorluqda günahkar olanlarla ortaq bir şeyə malik olmaq istəmirdi.
20, 21. Necə ola bilər ki, biz pis insanların yoluna ayaq basarıq?
20 Müasir dünya əxlaqsızlığa qərq olub. Televiziya verilişləri, jurnallar və kinofilmlər çirkin əməllərə, o cümlədən cinsi əxlaqsızlığa təşviq edir (Qalatiyalılara 5:19). Bə’ziləri çox vaxt əxlaqsız hərəkətlərə gətirib çıxaran pornoqrafiyanın quluna çevrilirlər. Bu tə’sirə xüsusilə də gənclər meyllidirlər. Bə’zi ölkələrdə oğlanın qızla görüşməsi adi hal kimi qəbul edilmişdir, yeniyetmələr isə heç kimlə görüşə çıxmayanda özlərini narahat hiss edirlər. Bir çoxları, nikaha daxil olmaq üçün çox gənc olmalarına baxmayaraq, həddindən artıq yaxın münasibətlərə girişirlər. Onlar əks cinsə qarşı meyllərinin qarşısını ala bilməyib, əxlaqsız həyat tərzinə qədəm qoyaraq, cinsi əxlaqsızlığa yol verirlər.
21 Pozucu tə’sirə böyüklər də meyllidirlər. İşgüzar sahədə əyrilik, eqoizmə meyllilik, nöqsansızlığın nadir hallarda rast gəlinən bir xüsusiyyət olduğuna şəhadət edir. Dünyanın yolları insanları Yehovadan yalnız uzaqlaşdırır. Buna görə də gəlin ‘pisliyə nifrət edək və yaxşılığı sevək’ ki, bundan sonra da nöqsansızlıq yolu ilə yeriyək (Amos 5:15).
«Lütfünlə məni qurtar»
22-24. a) 26-cı Məzmurun yekun sözləri bizə necə təsəlli verir? b) Növbəti məqalədə söhbət hansı tələdən gedəcək?
22 Davud öz mahnısını belə sözlərlə başa çatdırır: «Mən isə kamalla [«nöqsansızlıqda», YD] gəzirəm, lütfünlə məni qurtar. Ayağım düzlük üstündə durur, cəmiyyətin içində Rəbbə alqış edəcəyəm» (Məzmur 26:11, 12). Davud öz nöqsansızlığını qorumaq qətiyyətini xilasla əlaqələndirir. Necə də təsəlliverici bir fikirdir! Biz günahlı insanlar olsaq da, nöqsansızlıq yolunda möhkəm dayansaq, Yehova bizə kömək edəcək.
23 Gəlin bütün həyat tərzimizlə göstərək ki, biz Allaha hörmət edir və Onun hakimiyyətinə tabe olmaq istəyirik. Duada Yehovadan xahiş edək ki, ən gizlin düşüncələrimizi və hisslərimizi tədqiq etsin və saflaşdırsın. Allahın Kəlamını sə’ylə öyrənərək, daim nəzərimizi Onun həqiqətinə yönəldək. Gəlin pis dostluqlardan uzaq duraq. Yehovanı yığıncaqlarda izzətləndirək, Padşahlığı sə’ylə təbliğ edək, insanlara İsa Məsihin şagirdləri olmaqda kömək edək və bu dünyanın Allahla olan dəyərli münasibətlərimizi təhlükəyə mə’ruz qoymasına yol verməyək. Var qüvvəmizlə nöqsansızlıq yolu ilə yeriməyə can ataraq əmin ola bilərik ki, Yehova bizə lütf göstərəcək.
24 Nöqsansızlığı həyatın hər bir sahəsində qorumaq lazım gəldiyi üçün, bir hiyləgər tələ barəsində unutmamaq lazımdır: bu, spirtli içkilərdən sui-istifadə etməkdir. Bu tələyə düşməmək üçün nə etməli olduğumuzu gələn məqalədə müzakirə edəcəyik.
Xatırlayırsınızmı?
• Nəyə görə bütün şüurlu varlıqlar öz nöqsansızlıqları əsasında mühakimə oluna bilərlər?
• Nöqsansızlıq nədir və onun yolu ilə yerimək nə deməkdir?
• Nöqsansızlıq yolu ilə yeriməkdə bizə nə kömək edər?
• Nöqsansızlığı qorumaq üçün biz nədən uzaq qaçmalıyıq?
[24-cü səhifədəki şəkil]
Yehovadan ən gizlin düşüncələrini tədqiq etməsini tez-tezmi xahiş edirsən?
[24-cü səhifədəki şəkil]
Yehovanın işləri barədə düşünürsənmi?
[25-ci səhifədəki şəkillər]
Sınaqlar zamanı nöqsansızlığı qorumaqla, biz Yehovanın ürəyini sevindiririk.