Qoy Allahın sözü yollarını işıqlandırsın
«Sözün... yollarıma işıqdır» (MƏZMUR 119:105).
1, 2. Yehovanın sözü hansı hallarda yollarımıza işıq saçacaq?
ƏGƏR izn verəriksə, Yehovanın sözü yollarımıza işıq saçar. Ruhani işığın bizə fayda gətirməsi üçün, Allahın Kəlamını sə’ylə tədqiq etməli və prinsiplərini həyatımızda tətbiq etməliyik. Yalnız belə olan halda məzmurçunun hisslərinə şərik ola bilərik: «Sözün hər addımım üçün çıraqdır, yollarıma işıqdır» (Məzmur 119:105).
2 Gəlin Məzmur 119:89-176 ayələrini tədqiq edək. Bu 11 bənddə nə qədər böyük müdriklik vardır! Bu biliklər, əbədi həyat yolunda möhkəm durmağımıza kömək edə bilər (Matta 7:13, 14).
Allahın sözünü nəyə görə sevməliyik?
3. Məzmur 119:89, 90 ayələri Allahın sözünə e’tibar edə biləcəyimizi necə göstərir?
3 Yehovanın sözünə olan məhəbbət bizə ruhani sabitlik verir (Məzmur 119:89-96). Məzmurçu oxuyurdu: «Ya Rəbb, sözün əbədidir, göylərdədir, dəyişməzdir... Yer üzünü Sən qurmusan, möhkəm qalır» (Məzmur 119:89, 90). Allahın sözü ilə, yə’ni Onun qoyduğu «göylərin qanunları» ilə Günəş, Ay və ulduzlar kimi göy cisimləri öz orbitlərində dəqiq hərəkət edir, yer üzü isə əbədi durur (Əyyub 38:31-33; Məzmur 104:5). Biz Yehovanın ağzından çıxan hər bir kəlməyə e’tibar edə bilərik; Onun söylədikləri, iradəsinin yerinə yetməsi üçün mütləq həyata keçəcək (Yeşaya 55:8-11).
4. Allahın sözündən zövq almaq, Onun əzablara tab gətirən xidmətçilərinə necə kömək edir?
4 Məzmurçu Allahın ‘qanunundan zövq almasaydı, əzab çəkməkdən həlak olardı’ (Məzmur 119:92). Məzmurçuya əzab verən yadellilər deyil, ona nifrət edən qanunu pozan israillilər idi (Levililər 19:17). Lakin bu onun iradəsini qırmadı, çünki məzmurçu, Allahın ona dayaq olan qanununu sevirdi. Korinfdə həvari Pavel, ona qarşı müxtəlif ittihamlar irəli sürən «fövqəlhəvarilər» də daxil olmaqla, «yalançı qardaşlar arasında» təhlükədə idi (2 Korinflilərə 11:5, 12-14, 26). Lakin buna baxmayaraq, Allahın sözündən zövq aldığı üçün o, ruhən möhkəm qaldı. Allahın Kəlamı olan Müqəddəs Kitabdan zövq aldığımız və prinsiplərini həyatda tətbiq etdiyimiz üçün, biz qardaşlarımızı sevirik (1 Yəhya 3:15). Hətta dünyanın nifrəti belə, Allahın əmrlərini unutmağa vadar edə bilməz. Qardaşlarımızla birlikdə Allaha əbədiyyət boyu xidmət etməyi arzulayaraq, Onun iradəsini daima yerinə yetiririk (Məzmur 119:93).
5. Padşah Asa Yehovanı necə axtardı?
5 Yehovaya olan sədaqətimizi göstərmək üçün belə dua edə bilərik: «Qurtar məni, mən Səninəm, qayda-qanunlarını axtarmışam» (Məzmur 119:94). Padşah Asa Allahı axtarmış və Yəhudada dönüklüyün kökünü kəsmişdir. Onun padşahlığının 15-ci ilində (b. e. ə. 963-cü ildə) keçirilən böyük toplantıda Yəhuda sakinləri «Rəbbi... axtarmaq üçün əhd etdilər». Allah ‘onlara Özünü göstərdi’ və ‘onlara hər tərəfdən dinclik verdi’ (2 Salnamələr 15:10-15). Bu nümunə məsihçi yığıncağından uzaqlaşanların hamısını yenidən Allahı axtarmağa təşviq etməlidir. O, yığıncağa qayıdan hər bir kəsə xeyir-dua və müdafiə verəcək.
6. Ruhani zərərdən bizi nə qoruyacaq?
6 Yehovanın sözü bizi ruhani zərərdən qoruya biləcək müdriklik verir (Məzmur 119:97-104). Allahın əmrləri bizi düşmənlərimizdən daha müdrik edir. Onun xatırlatmaları bizə uzaqgörənlik verir və Allahın ‘qayda-qanunlarına əməl etdiyimiz’ üçün, yaşlı insanlardan «artıq dərrakəli» edir (Məzmur 119:98-100). Əgər Yehovanın sözləri ‘dilimizdə baldan şirindirsə, hər yanlış yola nifrət edəcək’ və ondan qaçınacağıq (Məzmur 119:103, 104). Beləliklə, axır günlərdə təkəbbürlü, azğın, Allahdan qorxmayan insanlarla qarşılaşdığımız zaman, bu bizi ruhani zərərdən qoruyacaq (2 Timoteyə 3:1-5).
Addımlarımız üçün çıraqdır
7, 8. Məzmur 119:105 ayəsinə əsasən nə etməliyik?
7 Allahın sözü tükənməz ruhani işığın mənbəyidir (Məzmur 119:105-112). Məsh edilmiş məsihçilər və ya «başqa qoyunlar» olmağımızdan asılı olmayaraq, biz bəyan edirik: «Sözün hər addımım üçün çıraqdır, yollarıma işıqdır» (Yəhya 10:16; Məzmur 119:105). Allahın sözü bizim addımlarımıza işıq saçan çıraq kimi olduğu üçün, biz ruhən büdrəməyəcəyik və yıxılmayacağıq. Ancaq şəxsən yol verməliyik ki, Yehovanın sözü addımlarımız üçün «çıraq» olsun.
8 Biz yüz on doqquzuncu məzmurun yazıçısı kimi əzmli olmalıyıq. O, Allahın qayda-qanunlarından yayınmamağa qəti qərarlı idi. Məzmurçu demişdir: «Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, yerinə yetirəcəyəm» (Məzmur 119:106). Gəlin Müqəddəs Kitabı müntəzəm olaraq öyrənməyin və məsihçi görüşlərində iştirak etməyin dəyərini azaltmayaq.
9, 10. Yehovaya həsr olunmuş bə’zi adamların Onun qayda-qanunlarını poza biləcəklərini haradan bilirik və bundan necə qaçınmaq olar?
9 Məzmurçu Allahın ‘qayda-qanunlarını pozmadı’, lakin bu, Yehovaya həsr olunmuş hər bir kəsin başına gələ bilər (Məzmur 119:110). Süleyman padşah Yehovaya həsr olunmuş xalqın üzvü olmasına və əzəldən Allahın verdiyi hikmətə müvafiq davranmasına baxmayaraq, Onun qayda-qanunlarını pozdu. «Yadelli qadınlar» bütpərəstliyə təhrik edərək, «onu belə günaha saldılar» (Nehemya 13:26; 1 Padşahlar 11:1-6).
10 İblis bir ‘ovçu’ kimi çoxlu tələlər qurur (Məzmur 91:3). Məsələn, vaxtı ilə bizimlə birlikdə ibadət edənlərdən kim isə, bizi ruhani işıq yolundan dönüklüyün qaranlığına yönəltməyə çalışa bilər. Tiatiradakı məsihçilərin arasında «İyzevel adlı qadın» var idi, ehtimal ki, bu ifadə altında başqalarına bütpərəstlik və əxlaqsızlıq etməyi öyrədən bir qrup qadın nəzərdə tutulur. İsa bu cür pisliyə göz yummadı, bunu biz də etməməliyik (Vəhy 2:18-22; Yəhuda 3, 4). Buna görə də gəlin Yehovanın qayda-qanunlarından dönməmək və Onun Kəlamının ruhani işığında qalmaq üçün bizə kömək etməsi barədə dua edək (Məzmur 119:111, 112).
Allahın sözünün verdiyi dayaq
11. Məzmur 119:119 ayəsinə əsasən Allah pisləri nə hesab edir?
11 Əgər Yehovanın qaydalarından heç vaxt dönməsək, O bizə dayaq olacaq (Məzmur 119:113-120). İsanın bu gün özlərini məsihçi adlandıran, amma ‘nə isti, nə də soyuq’ olanları bəyənmədiyi kimi, biz də ‘ikiüzlü insanları’ bəyənmirik (Vəhy 3:16; Məzmur 119:113). Yehovaya bütün ürəkdən xidmət edirik deyə, O bizim ‘pənahgahımız’ və dayağımız olacaq. Yehova fəndlərdən və yalanlardan istifadə edərək Onun ‘qaydalarını atanları Özündən kənar edəcək’ (Məzmur 119:114, 117, 118; Süleymanın məsəlləri 3:32). O, bu cür insanları tullantı, yə’ni əridilən zaman qızıl və gümüş kimi dəyərli metalların üzərində əmələ gələn qatışıq hesab edir (Məzmur 119:119; Süleymanın məsəlləri 17:3). Gəlin Allahın xatırlatmalarını həmişə sevək, çünki biz, sanki lazımsız bir şey kimi onlarla birgə məhv olmaq istəmirik!
12. Nəyə görə Yehovanın qorxusuna malik olmaq bu qədər vacibdir?
12 Məzmurçu oxuyurdu: «Zəhmindən bədənim lərzəyə gəlir» (Məzmur 119:120). Əgər Yehovanın bizə Öz xidmətçiləri kimi dayaq olmasını istəyiriksə, onda biz mütləq Yehovanın nifrət etdiyi hər şeydən uzaqlaşmağa təşviq edən Allah qorxusuna malik olmalıyıq. Bu cür ehtiramlı qorxu Əyyubu saleh ömür sürməyə təşviq edirdi (Əyyub 1:1; 23:15). Tab gətirdiyimiz sınaqlardan asılı olmayaraq, Allah qorxusu Onun bəyəndiyi yolda qalmaq üçün bizə güc verəcəkdir. Dözümlülük isə imanla dolu səmimi duaların olmasını tələb edir (Yaqub 5:15).
İmanla dua edin
13-15. a) Dualarımızın eşidiləcəyinə nə üçün əmin ola bilərik? b) Duada nə deyəcəyimizi bilmiriksə, nə baş verə bilər? c) Məzmur 119:121-128 ayələrinin ‘ifadə olunmaz ahlarımızla’ necə həmahəng ola biləcəyini göstərin.
13 Allahın bizi müdafiə etməsi üçün imanla dua edə bilərik (Məzmur 119:121-128). Məzmurçu kimi biz də dualarımızın eşidiləcəyinə əminik. Nəyə görə? Çünki biz Allahın əmrlərini «qızıldan, saf qızıldan çox» sevirik. Üstəlik, Allahın bütün qayda-qanunlarını doğru hesab edirik (Məzmur 119:127, 128).
14 Yehova bizim yalvarışlarımızı eşidir, çünki imanla dua edir və var qüvvəmizlə Onun qayda-qanunlarına əməl etməyə çalışırıq (Məzmur 65:2). Bəs əgər problemlər bizi çıxılmaz vəziyyətə salırsa və dua etmək üçün söz tapa bilmiriksə, onda necə? Onda «Ruh Özü... ifadə olunmaz ahlarla bizim üçün vəsatət edir» (Romalılara 8:26, 27). Belə hallarda Allah bizim Müqəddəs Kitabdan oxuduğumuz sözləri, hisslərimizi əks etdirən dua kimi qəbul edir.
15 Müqəddəs Yazılar, ‘ifadə olunmaz ahlarımızla’ bağlı çoxlu dua və fikirlərlə doludur. Misal üçün Məzmur 119:121-128 ayələrini nəzərdən keçirək. Bu məzmurun sözləri bə’zən keçirdiyimiz hissləri bütünlüklə əks etdirir. Məsələn, əgər bizimlə ədalətsiz davranılmasını istəmiriksə, məzmurçunun etdiyi kimi, Allahdan kömək diləyə bilərik (121-123-cü ayələr). Tutaq ki, ciddi bir qərar qəbul etməliyik. Onda Yehovadan xahiş etmək olar ki, Onun ruhu hər hansı vacib prinsipləri xatırlamağa və tətbiq etməyə kömək etsin (124, 125-ci ayələr). ‘Bütün səhv yollara nifrət etsək’ də, Allahın qanunlarını pozmamaq üçün, Ondan kömək diləyə bilərik (126-128-ci ayələr). Müqəddəs Kitabı hər gün oxuyuruqsa, Yehovaya yalvararkən lazım olan sözləri seçməyə kömək edən parçalar yadımıza düşə bilər.
Yehovanın xatırlatmaları bizim üçün köməkdir
16, 17. a) Allahın xatırlatmalarına nə üçün ehtiyac duyuruq və onlara necə yanaşmalıyıq? b) Başqaları bizim haqqımızda hansı fikirdə ola bilər, lakin vacib olan nədir?
16 Dualarımızı eşitməsi və bizə lütf göstərməsi üçün, Allahın xatırlatmalarına diqqət yetirməliyik (Məzmur 119:129-136). Çox şeyləri unutmağa meylli olduğumuz üçün, Yehovanın heyrətamiz xatırlatmaları, Onun tə’limlərini və əmrlərini yadımıza salmağa kömək edir. Əlbəttə ki, biz Allahın sözlərinin açıqlanması ilə saçan ruhani nura görə minnətdarıq (Məzmur 119:129, 130). Başqalarının Yehovanın qanunlarını pozduqları üçün ‘gözlərimizdən sellər kimi yaş axsa da’, Onun bizi bəyəndiyinə və üzünün bizə ‘nur saçdığına’ görə çox minnətdarıq (Məzmur 119:135, 136; Saylar 6:25).
17 Əgər biz Allahın ədalətli xatırlatmalarına diqqət yetirsək, Onun bizə bundan sonra da iltifat göstərəcəyinə əminik (Məzmur 119:137-144). Yehovanın xidmətçiləri kimi, Allahın bizə Öz ədalətli əmrlərini xatırlatmağa və bizdən itaətkarlıq gözləməyə haqqı olduğunu qəbul edirik (Məzmur 119:138). Məzmurçu Allahın əmrlərinə riayət etsə də, nəyə görə «kiçik sayılsam da, mənə xor baxsalar da» deyir? (Məzmur 119:141). Görünür o, düşmənlərinin onun haqqındakı fikirlərinə əsaslanır. Əgər Allahın ədalət normalarında güzəştə getmiriksə, başqaları bizə də belə yanaşa bilər. Lakin ən vacibi Yehovanın bizə iltifat göstərməsidir, çünki Onun ədalətli xatırlatmalarına müvafiq yaşayırıq.
Sülh və ruhani təhlükəsizlik
18, 19. Allahın xatırlatmaları bizə hansı faydanı gətirir?
18 Allahın xatırlatmalarına riayət edərək Ona daha yaxın oluruq (Məzmur 119:145-152). Yehovanın xatırlatmalarına diqqət yetirdiyimiz üçün Ona bütün ürəkdən müraciət edəndə, bizi eşidəcəyini gözləyə bilərik. «Dan yeri sökülməzdən əvvəl» oyanaraq Ona imdad edə bilərik. Dua etmək üçün necə də gözəl vaxtdır! (Məzmur 119:145-147). Həm də Allah bizə, əxlaqsız davranışdan uzaq olduğumuz və İsanın etdiyi kimi, Onun sözünü həqiqət saydığımız üçün yaxındır (Məzmur 119:150, 151; Yəhya 17:17). Allahla münasibətlərimiz həyəcan və narahatçılıqla dolu olan bu dünyada bizim üçün müdafiədir; onlar bizə Allahın dəhşətli müharibəsi olan Har-Megidondan sağ çıxmağa kömək edəcək (Vəhy 7:9, 14; 16:13-16).
19 Allahın sözünə dərin ehtiram bəslədiyimiz üçün, həqiqi təhlükəsizlikdə yaşayırıq (Məzmur 119:153-160). Pislərdən fərqli olaraq biz Allahın xatırlatmalarından dönmədik. Biz Yehovanın qayda-qanunlarını sevir və buna görə də Onun məhəbbəti sayəsində təhlükəsizlikdə yaşayırıq (Məzmur 119:157-159). Yehovanın xatırlatmaları yaddaşımızı hərəkətə gətirir və biz konkret hallarda necə davranmalı olduğumuzu unutmuruq. Digər tərəfdən, Allahın qayda-qanunları bizim üçün göstərişdir və Yaradanın bizə istiqamət vermək haqqının olduğunu hazırlıqla e’tiraf edirik. Allahın ‘sözlərinin mahiyyətinin həqiqət’ olduğunu və insanın öz addımlarını düzəltmək ixtiyarında olmadığını anlayaraq, biz Yehovanın rəhbərliyini sevinclə qəbul edirik (Məzmur 119:160; Yeremya 10:23).
20. Nə üçün ‘böyük əmin-amanlığa’ malikik?
20 Yehovanın qanunlarına olan məhəbbət bizə müqayisəolunmaz sülh bəxş edir (Məzmur 119:161-168). Tə’qiblər bizi «Allahın sülhü»ndən məhrum edə bilməz (Filipililərə 4:6, 7). Biz Yehovanın ədalətli hökmlərini o qədər qiymətləndiririk ki, onlara görə Ona tez-tez — «hər gün yeddi dəfə» həmd edirik (Məzmur 119:161-164). Məzmurçu oxuyurdu: «Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, onlar heç nə ilə büdrəməzlər» (Məzmur 119:165). Əgər bizlərdən hər birimiz Yehovanın qanununu sevir və ona riayət edirsə, heç kim və heç nə bizi büdrədə bilməz.
21. Müqəddəs Kitabın hansı nümunələri göstərir ki, yığıncaqda problemlər yarananda biz büdrəməli deyilik?
21 Müqəddəs Kitabda adları çəkilən çoxları hər hansı şəraitin onlar üçün davamlı maneə olmasına yol vermədilər. Məsələn, məsihçi Qay Diotrefin pis əməllərinə baxmayaraq büdrəmədi, lakin ‘həqiqətə görə hərəkət etməyə’ davam etdi (3 Yəhya 1-3, 9, 10). Pavel aralarında, ehtimal ki, fikir ayrılığı olan Evodiya və Sintixiyə yalvarırdı ki, onlar «Rəbbə aid qadınlar kimi həmfikir olsunlar». Görünür, onlara problemlərinin həll olunmasında kömək edildi və onlar Yehovaya sədaqətlə xidmət etməyə davam etdilər (Filipililərə 4:2, 3). Yığıncaqda yaranan problemlərin bizi büdrətməsinə yol verməməliyik. Gəlin ‘bütün yollarımızın Onun hüzurunda’ olduğunu yadda saxlayaraq, diqqətimizi Yehovanın qayda-qanunlarına riayət etməyə cəmləşdirək (Məzmur 119:168; Süleymanın məsəlləri 15:3). Onda ‘böyük əmin-amanlıqdan’ bizi heç nə daimi olaraq məhrum edə bilməz.
22. a) Allaha itaət ediriksə, hansı üstünlüyümüz olacaq? b) Məsihçi yığıncağından uzaqlaşaraq azanlara necə baxmalıyıq?
22 Yehovaya daima tabe oluruqsa, Onu arasıkəsilmədən izzətləndirmək üstünlüyümüz olacaq (Məzmur 119:169-176). Allahın qayda-qanunlarına müvafiq yaşayaraq ruhani təhlükəsizlikdən həzz almaqla yanaşı, həm də ‘dilimizdən həmdlər’ tökülməyə davam edəcək (Məzmur 119:169-171, 174). Bu isə, yaşadığımız axır günlərdə malik ola biləcəyimiz ən böyük şərəfdir! Məzmurçu yaşamağı və Allahı izzətləndirməyi arzulayırdı, lakin mə’lum olmayan səbəblər ucbatından özünü «itən quzu kimi» hiss edirdi (Məzmur 119:175, 176). Məsihçi yığıncağından uzaqlaşaraq «azanlardan» bə’ziləri, ehtimal ki, hələ də Allahı sevir və Onu izzətləndirmək istəyirlər. Buna görə də gəlin onlara yenidən ruhani təhlükəsizlik əldə etməkdə və Yehovanı, Onun xalqı ilə birlikdə sevinclə izzətləndirməkdə kömək etmək üçün əlimizdən gələni əsirgəməyək (İbranilərə 13:15; 1 Peter 5:6, 7).
Yollarımız üçün daimi işıq
23, 24. Yüz on doqquzuncu məzmur bizə necə kömək edir?
23 Yüz on doqquzuncu məzmur bizim üçün müxtəlif sahələrdə faydalıdır. Məsələn, o bizi, həqiqi xoşbəxtliyin «Rəbbin qanununa görə yaşayanlar» tərəfindən əldə edildiyini göstərərək, Allaha daha çox güvənməyə öyrədir (Məzmur 119:1). Məzmurçu bizə Allahın ‘sözlərinin mahiyyətinin həqiqət’ olduğunu xatırladır (Məzmur 119:160). Bu, şübhəsiz ki, Allahın Kəlamı olan bütöv Müqəddəs Kitaba görə minnətdarlığımızı artırır. Yüz on doqquzuncu məzmurun üzərində dərindən düşünməyimiz bizi Müqəddəs Yazıları sə’ylə tədqiq etməyə təşviq edir. Məzmurçu dəfələrlə Allaha müraciət edirdi: «Mənə qaydalarını öyrət» (Məzmur 119:12, 68, 135). O, həm də yalvarırdı: «Mənə ağıl, bilik öyrət, çünki əmrlərinə inanıram» (Məzmur 119:66). Biz də Allaha bu barədə yalvarmalıyıq.
24 Yehovanın tə’limləri Ona yaxınlaşmağımızı mümkün edir. Məzmurçu dəfələrlə özünü Allahın qulu adlandırır. O, Yehovaya bu cür tə’sirli sözlərlə müraciət edir: «Mən Səninəm» (Məzmur 119:17, 65, 94, 122, 125; Romalılara 14:8). Yehovaya xidmət etmək və Onu Şahidlərindən biri kimi izzətləndirmək necə də böyük şərəfdir! (Məzmur 119:7). Sən Padşahlığın təbliğçisi kimi Allaha sevinclə xidmət edirsənmi? Əgər belədirsə və sən daima Onun sözünə güvənərək yollarını işıqlandırmasına izn verirsənsə, onda Yehovanın bundan sonra da sənin yardımçın olacağına və xidmətinə xeyir-dua verəcəyinə şübhə etmə!
Necə cavab verərdiniz?
• Allahın sözündən nə üçün zövq almalıyıq?
• Allahın sözü bizə necə kömək edir?
• Yehovanın xatırlatmaları bizə necə kömək edir?
• Nəyə görə Yehovanın xalqı sülh və təhlükəsizlikdə yaşayır?
[10-cu səhifədəki şəkil]
Allahın sözü ruhani işığın mənbəyidir.