Yehovanın Kəlamı canlıdır
«Zəbur» kitabının beşinci hissəsindən diqqətəlayiq fikirlər
DÖVLƏTLİ insan deyə bilər: ‘Yeniyetmə oğullarımız sağlam fidan kimi boy atır, qızlarımız oyulmuş saray sütunları kimi gümrahdır, anbarlarımız dolub-daşır, otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalır’. Bundan başqa, «nə bəxtiyardır belə xeyir-dua alan xalq!», deyə varlılar nida edə bilərlər. Lakin tam əksinə olaraq məzmurçu deyir: «Nə bəxtiyardır Allahı Rəbb [«Yehova», YD] olan xalq!» (Məzmur 144:12-15). Bu başqa cür ola bilərmi? Yehova «xoşbəxt Allah» (YD) olduğu üçün, Ona xidmət edənlər də xoşbəxt olurlar (1 Timoteyə 1:11). Bu həqiqət 107-dən 150-ə qədər olan məzmurlardan ibarət Allahdan ilham almış nəğmələrin sonuncu toplusundan aydın olur.
«Zəbur» kitabının beşinci hissəsində Yehovanın məhəbbət, sədaqət və xeyirxahlıq da daxil olmaqla, bütün gözəl xüsusiyyətləri vurğulanır. Allahla nə qədər yaxından tanış oluruqsa, bir o qədər də çox sevir və Ona ehtiramlı qorxu bəsləyirik. Bu da öz növbəsində bizə xoşbəxtlik gətirir. Bəli, «Zəbur» kitabının beşinci hissəsindəki mə’lumat bizim üçün çox dəyərlidir (İbranilərə 4:12).
YEHOVANIN MƏHƏBBƏTİ BİZƏ XOŞBƏXTLİK GƏTİRİR
Babil əsarətindən geri dönərkən yəhudilər oxuyurdular: «Rəbbə şükür etsinlər məhəbbətinə görə, bəşər övladlarına göstərdiyi xariqələrinə görə» (Məzmur 107:8, 15, 21, 31). Davud Allahı izzətləndirərək oxuyurdu: «Sədaqətin buludlara çatır» (Məzmur 108:4). Növbəti məzmurda o dua edir: «Ya Rəbb Allahım, Sən mənə kömək et, məhəbbətinə görə məni qurtar» (Məzmur 109:18, 19, 26). 110-cu məzmur Məsihin hakimiyyətinə aid peyğəmbərlikdir. Məzmur 111:10 ayəsində deyilir: «Rəbb qorxusu hikmətin başlanğıcıdır». Növbəti məzmura əsasən, ‘Rəbdən qorxan bəxtiyardır’ (Məzmur 112:1).
113-dən 118-dək olan məzmurlarda Yehovaya həmd edilir. Qədimdə el arasında yayılan adətlərin toplusu olan üçüncü əsrdə yazılmış Mişnaya əsasən, bu nəğmələr Pasxa və yəhudilərin hər il keçirilən üç bayramı zamanı oxunurdu. Məzmurlar içində və ümumiyyətlə Müqəddəs Kitabda ən böyük fəsil olan 119-cu məzmur Yehovanın kəlamını izzətləndirir.
Müqəddəs Kitab suallarına cavablar:
109:23 — «Düşən kölgə kimi itirəm» sözləri ilə Davud nə demək istəyirdi? Davud bədii dillə, ölümünün yaxınlaşdığını hiss etdiyini bildirirdi (Məzmur 102:11).
110:1, 2 — ‘[Davudun] Ağası’ İsa Məsih Allahın sağında oturarkən nə edirdi? Dirildikdən sonra İsa göylərə qalxdı və 1914-cü ildə Padşahlıq etməyə başlayanadək Allahın sağında oturub gözlədi. Bu arada İsa məsh olunmuş davamçıları üzərində hakimiyyət sürürdü. O, təbliğ və şagird hazırlamaq işinə rəhbərlik edir, o cümlədən, onları Padşahlıqda özü ilə birlikdə hökmranlıq etmək üçün hazırlayırdı (Matta 24:14; 28:18-20; Luka 22:28-30).
110:4 — Yehova nəyə and içib və «qərarını dəyişməz»? Bu and Yehovanın İsa Məsih ilə bağladığı əhddir. Əhdə görə İsa Padşah və Baş Kahin kimi xidmət etməlidir (Luka 22:29).
113:3 — Hansı mə’nada Yehovanın adına «gündoğandan günbatanadək» həmd edilməlidir? Bu sadəcə olaraq bir qrup adamın hər gün Allaha ibadət etməsi demək deyildir. Şərqdə doğub qərbdə batanadək günəşin şüaları bütün Yer kürəsini işıqlandırır. Buna oxşar tərzdə, Yehovaya bütün Yer kürəsində həmd edilməlidir. Mütəşəkkil surətdə sə’y göstərmədən buna nail olmaq mümkün deyildir. Yehovanın Şahidləri olduğumuz üçün Allaha həmd edir və Padşahlığın təbliği işində sə’ylə iştirak edirik. Biz bu üstünlüyü çox yüksək qiymətləndiririk.
116:15 — «Rəbbin gözündə hər bir mö’minin ölümü» nə dərəcədə bahadır? Xidmətçiləri Yehovaya o dərəcədə əzizdirlər ki, O onların hamısının ölümünü həddindən artıq baha hesab edir. Əgər Yehova buna yol versəydi, onda elə çıxardı ki, düşmənləri Ondan güclüdür. Bundan başqa, yer üzündə yeni dünyanın bünövrəsini təşkil edəcək kimsə qalmazdı.
119:71 — Əzab çəkməyin nə xeyri ola bilər? Çətinliklər bizə Yehovaya daha çox e’tibar etməyi, səmimi dua etməyi, Müqəddəs Kitabı daha sə’ylə öyrənməyi və onun dediklərini həyata keçirməyi öyrədə bilər. Bundan başqa, çətinlik zamanı üzə çıxan nöqsanlarımızı düzəldə bilərik. Əgər əzabların bizi təmizləməsinə yol veririksə, onlar bizi hiddətləndirməyəcək.
119:96 — «Hər kamil şeyin qarşısına bir hədd qoyulur» nə deməkdir? Məzmurçu kamillikdən insan nöqteyi-nəzərindən danışır. Yəqin ki, o insanın kamillik anlayışının məhdud olduğunu nəzərdə tuturdu. Bunun əksinə olaraq Allahın qanunlarında belə bir məhdudiyyət yoxdur. Onun rəhbərliyi həyatın hər sahəsində tətbiq ediləndir. «Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır», deyə məzmurçu oxuyur.
119:164 — Allaha «hər gün yeddi dəfə» həmd etmək sözlərinin mə’nası nədir? Yeddi rəqəmi çox vaxt tamlıq bildirir. Buna görə də məzmurçu Yehovanın həmdə layiq olduğunu söyləyir.
Bizim üçün ibrət dərsləri:
107:27-31. Har-Megidon zamanı müdriklərin ‘ağıllarına heç bir çarə gəlməyəcək’ (Vəhy 16:14, 16). Onların müdrikliyi heç kimi məhvdən qurtara bilməyəcək. Yalnız Yehovadan xilas gözləyənlər ‘məhəbbətinə görə Ona şükür etmək’ üçün yaşayacaqlar.
109:30, 31; 110:5. Sol əldə tutulan qalxan döyüşçünün qılınc tutan sağ əlini qorumurdu. Yehova məcazi mə’nada Öz xidmətçilərinin «sağ tərəfində» dayanır ki, onlar üçün döyüşsün. Beləliklə, Allah onları qoruyaraq kömək edir. Bu, ‘Rəbbə bol-bol şükür söyləmək’ üçün əsaslı səbəbdir!
113:4-9. Yehova o qədər ucadır ki, hətta göyə baxmaq üçün əyilir. Bununla belə, O, yoxsula, fəqirə və sonsuz qadına qarşı şəfqətlidir. Kainatın Hökmdarı Yehova təvazökardır və xidmətçilərinin də elə olmasını istəyir (Yaqub 4:6).
114:3-7. Allahın Öz xalqı üçün Qırmızı dənizdə, İordan çayında və Sinay dağında etdikləri bizə çox böyük tə’sir bağışlamalıdır. «Dünya» ilə təmsil olunan bəşəriyyət Allah qarşısında məcazi mə’nada ‘lərzəyə gəlməli’, yə’ni ehtiramlı qorxuya bürünməlidir.
119:97-101. Allah Kəlamından müdriklik, dərrakə və anlayış əldə edəriksə, ruhani zərərdən müdafiə olunarıq.
119:105. Allahın Kəlamı gündəlik problemlərimizin öhdəsindən gəlməyə kömək etdiyinə görə addımlarımıza çıraqdır. Həmçinin, orada Allahın gələcəyə dair niyyəti yazıldığından, yollarımızı işıqlandırır.
ƏZABLARA BAXMAYARAQ XOŞBƏXTİK
Biz ağır şəraitlərə necə sinə gərib, fəlakətlərdən sağ çıxa bilərik? 120-dən 130-dək məzmurlarda bu suala aydın cavab vardır. Biz Yehovadan kömək gözlədiyimiz üçün çətinliklərə tab gətirir, sevincimizi qoruyuruq. «Ziyarət nəğmələri» adlanan bu məzmurları, çox güman ki, israillilər illik bayramlarını qeyd etmək üçün Yerusəlimə gedəndə oxuyurdular.
135 və 136-cı məzmurlar, köməksiz bütlərdən fərqli olaraq, Yehovanı Özünə məqbul olan hər şeyi həyata keçirən Şəxs kimi təsvir edir. 136-cı məzmur cavab nəğməsi olaraq yazılmışdır, hər ayənin sonuncu hissəsi birinciyə cavabdır. Növbəti məzmurda Yehovaya Sionda ibadət etmək istəyən yəhudilərin ürəkağrıdan vəziyyəti təsvir edilir. 138-dən 145-dək olan məzmurlar Davuda məxsusdur. O, Yehovaya ‘bütün qəlbilə şükür edir’. Nə üçün? O deyir: «Sən məni e’cazkar, əsrarəngiz yolla yaratmısan» (Məzmur 138:1; 139:14). Növbəti beş məzmurda Davud şər adamlardan müdafiə olunmaq, tə’qiblərdən qurtulmaq, salehlərin onu tənbeh etməsi və Allahın ona düzgün yol göstərməsi üçün dua edirdi. O, Yehovanın xalqının xoşbəxt olduğunu vurğulayırdı (Məzmur 144:15). Allahın əzəmətini və xeyirxahlığını nəzərdən keçirəndən sonra Davud bəyan edirdi: «Mənim dilim Rəbbə həmd oxuyacaq, qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!» (Məzmur 145:21).
Müqəddəs Kitab suallarına cavablar:
122:3 — Yerusəlim hansı mə’nada ‘sıx tikilmişdi’? Qədimdə salınan başqa şəhərlər kimi Yerusəlimin evləri də bir-birinə yaxın tikilmişdi. Şəhər yığcam olduğundan onu müdafiə etmək asan idi. Bundan başqa, evlərin yaxınlığı sayəsində şəhər sakinləri kömək və müdafiə üçün bir-birinə arxayın olurdular. Bu, birlikdə ibadətə gələn İsrailin 12 qəbiləsinin ruhani birliyini göstərirdi.
123:2 — Qulun gözləri ilə bağlı nümunənin mə’nası nədir? Qullar və kənizlər ağalarının və xanımlarının əlinə iki səbəbdən baxırdılar: onun nə istədiyini müəyyən etmək, müdafiə olunmaq və ehtiyaclarını ödəmək üçün. Buna bənzər şəkildə, biz Yehovaya Onun iradəsini başa düşmək və lütfünü qazanmaq üçün baxırıq.
131:1-3 — Davud necə ‘ovunub səsini kəsmiş, ana qucağında olan körpə kimi’ idi? Uşaq necə anasının qucağında ovunub səsini kəsirsə, Davud da eləcə ovunub sakitləşirdi. Necə? O, təkəbbürlü deyildi, gözünü yuxarı yerlərə dikmir və gücü çatmayan böyük işlərə girişmirdi. Davud şan-şöhrət axtarmır, əksinə, öz məhdudiyyətlərini başa düşür və təvazökarlıq göstərirdi. Xüsusilə də yığıncaqda imtiyazlara can atan zaman onun əhval-ruhiyyəsini təqlid ediriksə, müdrik davranmış oluruq.
Bizim üçün ibrət dərsləri:
120:1, 2, 6, 7. İftiralar və kinayəli sözlər başqalarının ürəyinə yaralar vura bilər. Dilimizi yüyənləməklə biz ‘sülhü sevdiyimizi’ göstəririk.
120:3, 4. Əgər biz ‘fitnəkar dilli’ insana tab gətirməli oluruqsa, Yehovanın işləri öz vaxtında yoluna qoyacağını bilmək bizə təskinlik verə bilər. ‘Cəngavərlər’ böhtançıları müsibətə düçar edəcəklər. Onlar mütləq, «yanan odundan düşən közlər» ilə təmsil olunan Yehovanın qəzəbli hökmünə düçar olacaqlar.
127:1, 2. Bütün işlərimizdə Yehovanın rəhbərliyini axtarmalıyıq.
133:1-3. Yehovanın xalqının birliyi rahatlıq, təravət gətirir və faydalıdır. Biz başqalarında səhv axtararaq, mübahisələrə yol verərək və ya şikayətlənərək bu birliyi parçalamamalıyıq.
137:1, 5, 6. Yehovanın sürgündə olan xidmətçiləri Siona — Allahın təşkilatının o dövrdə yerdəki hissəsinə sadiq idilər. Bəs biz Yehovanın bu gün istifadə etdiyi təşkilata sadiqikmi?
138:2. Yehova o mə’nada ‘ismini, kəlamını hər şeydən üstün tutur’ [«kəlamını ismindən üstün tutur», YD] ki, Öz adı naminə və’d etdiyi hər bir şeyi gözlədiyimizdən artıq yerinə yetirəcək. Doğrudan da, bizi gözəl gələcək gözləyir.
139:1-6, 15, 16. Yehova bizim hərəkətlərimizi, düşüncələrimizi, hətta dilə gətirmədiyimiz sözlərimizi də bilir. O bizi ana bətnində rüşeym kimi formalaşandan, bədənimizin üzvləri yaranmamışdan tanıyır. Allahın hər birimizi ayrı-ayrılıqda tanıması elə «əsrarəngizdir» ki, onu dərk etmək mümkün deyil. Təsəllivericidir ki, Yehova nəinki düşdüyümüz çətin vəziyyəti görür, həm də onun bizə necə tə’sir etdiyini anlayır.
139:7-12. Elə bir ucqar yer yoxdur ki, Allah orada bizi qüvvətləndirə bilməsin.
139:17, 18. Yehova haqqına bilik bizə xoşdurmu? (Süleymanın məsəlləri 2:10). Əgər belədirsə, o zaman bitib-tükənməz məmnunluq tapacağıq. Yehovanın fikirləri ‘qum dənələrindən çoxdur’. Biz Onun haqqında həmişə öyrənməli olacağıq.
139:23, 24. Biz Yehovadan qəlbimizdə «pisliyə», yə’ni düzgün olmayan fikirlərə, istəklərə və meyllərə yol verib-vermədiyimizi yoxlamasını və onları silib atmaq üçün bizə kömək etməsini istəməliyik.
143:4-7. Ən böyük çətinliklərə belə necə tab gətirə bilərik? Məzmurçu bizə yol göstərir: Yehovanın əməlləri üzərində düşünmək, Onun işləri haqda fikirləşmək və kömək üçün dua etmək lazımdır.
«Yaha həmd edin!»
Məzmurların hər ilk dörd hissəsi Yehovanı izzətləndirən ifadələrlə bitir (Məzmur 41:13; 72:19, 20; 89:52; 106:48). Sonuncu hissə də istisna deyil. Məzmur 150:6 (YD) ayəsində deyilir: «Ey bütün canlı varlıqlar, Yaha həmd edin! Yaha həmd edin!» Bu, Allahın yeni dünyasında gerçəkləşəcək.
Bizi xoşbəxt gələcək gözlədiyindən həqiqi Allaha həmd etmək və Onun adını izzətləndirmək üçün əsaslı səbəbimiz vardır. Yehovanı tanıdığımız və Onunla yaxşı münasibətimiz olduğu üçün duyduğumuz xoşbəxtlik haqqında fikirləşəndə minnətdarlıqla Onu izzətləndirməyə təşviq olunmuruqmu?
[15-ci səhifədəki şəkil]
Yehovanın mö’cüzəli işləri ehtiram doğurur.
[16-cı səhifədəki şəkil]
Yehovanın fikirləri ‘qum dənələrindən çoxdur’.