Uşaqlarınıza Yehovanı sevməyi öyrədin
«İnsanın gənc ikən övladları olarsa, bir igidin əlindəki oxlara bənzər» (MƏZMUR 127:4).
1, 2. Uşaqlar hansı mə’nada «bir igidin əlindəki oxlara» bənzəyirlər?
OXATAN oxu hədəfə atmağa hazırlaşır. O, oxu yayın ipinə keçirir və onu çəkir. Bunun üçün bütün qüvvəsini sərf etməli olsa da, o, hədəfi nişan alıb oxu buraxır. Bəs ox hədəfə düşəcəkmi? Bu, bir neçə amildən, məsələn, oxatanın bacarığından, küləyin istiqamətindən və oxun nə vəziyyətdə olmasından asılıdır.
2 Süleyman padşah uşaqları «bir igidin əlindəki oxlara» bənzətmişdi (Məzmur 127:4). Gəlin görək bu nümunəni necə tətbiq etmək olar. Ox oxatanın yayında nisbətən qısa vaxt qalır. Hədəfə düşmək üçün onu tez atmalıdır. Bunun kimi, valideynlər də uşaqlarında Yehovaya səmimi məhəbbəti yetişdirmək üçün nisbətən az vaxta malikdirlər. Çünki uşaqların böyüyüb evlərini tərk etdikləri vaxt tez gəlib çatır (Matta 19:5). Uşaqlar hədəfə çatacaqmı, yə’ni evlərini tərk etdikdən sonra da Allahı sevib Ona xidmət edəcəklərmi? Bu, bir çox amilin tə’sirindən asılıdır. Onlardan üçü bunlardır: valideynlərin bacarığı, uşaqların böyüdüyü mühit və «oxun», yə’ni uşağın aldığı tə’lim-tərbiyəyə münasibəti. Gəlin bu amillərin hər birini ətraflı araşdıraq. Əvvəlcə, bacarıqlı valideynin nə demək olduğunu nəzərdən keçirəcəyik.
Bacarıqlı valideynlər yaxşı nümunə verirlər
3. Nəyə görə valideynlərin sözləri ilə əməlləri üst-üstə düşməlidir?
3 İsa öyrətdiyi tə’limə müvafiq davranmaqda valideynlərə nümunə vermişdir (Yəhya 13:15). Eyni zamanda, o, dediklərinə əməl etməyən fəriseyləri mühakimə edirdi (Matta 23:3). Uşaqlarını Yehovanı sevməyə təşviq etmək üçün valideynlərin sözləri ilə əməlləri üst-üstə düşməlidir. Əks təqdirdə, sözlər ipsiz yay kimi yararsız olacaq (1 Yəhya 3:18).
4. Valideynlər özlərinə hansı sualları verməlidirlər və nə üçün?
4 Valideynlərin nümunəsi nəyə görə bu qədər vacibdir? Böyüklər Allahı sevməyi İsanın nümunəsindən öyrəndikləri kimi, uşaqlar da Yehovanı sevməyi valideynlərinin yaxşı nümunəsindən öyrənə bilərlər. Uşağın dostluq etdiyi kəslər ya onu möhkəmləndirər, ya da ‘yaxşı əxlaqını poza’ bilər (1 Korinflilərə 15:33). Uşağın həyatının çox hissəsində, ən əsas da, şəxsiyyət kimi formalaşdığı mühüm illər ərzində onun ən yaxın və çox tə’sir göstərən dostları öz valideynləri olur. Buna görə də, valideynlər özlərindən soruşmalıdır: «Mən uşağıma necə dostam? Mənim nümunəm uşağımın əxlaqına necə tə’sir edir? Dua etmək və Müqəddəs Kitabı öyrənmək kimi ən vacib sahələrdə necə nümunə verirəm?»
Bacarıqlı valideynlər uşaqları ilə dua edirlər
5. Uşaqlar valideynlərinin duasından nə öyrənə bilərlər?
5 Uşaqlarınız sizin dualarınızdan Yehova haqqında çox şey öyrənə bilərlər. Əgər onlar sizin yeməkdən əvvəl Allaha minnətdarlıq etdiyinizi və Müqəddəs Kitab öyrənməsi zamanı dua etdiyinizi eşidirlərsə, hansı nəticəyə gələ bilərlər? Ehtimal ki, onlar Yehovanın bizim fiziki ehtiyaclarımızı tə’min etdiyini və buna görə Ona minnətdarlıq etməli olduğumuzu, həmçinin Allahın bizə Müqəddəs Kitab həqiqətlərini açdığını öyrənəcəklər. Bunlar çox dəyərli dərslərdir (Yaqub 1:17).
6. Valideynlər necə kömək edə bilərlər ki, uşaqlar Yehovanın şəxsən onlarla maraqlandığını hiss etsinlər?
6 Lakin əgər siz yemək yeməzdən qabaq və ailəvi öyrənmə zamanı etdiyiniz duadan başqa, özünüzə və uşaqlarınıza aid olan konkret məsələlər barədə də dua edirsinizsə, daha çox şeylərə nail olacaqsınız. Siz uşaqlarınıza kömək edəcəksiniz ki, onlar Yehovanın ailənizlə olduğunu və şəxsən hər birinizin qayğısına qaldığını hiss etsinlər (Efeslilərə 6:18; 1 Peter 5:6, 7). Bir ata deyir: «Qızımız anadan olduğu gündən biz onunla dua edirdik. O böyüdükcə, insanlarla münasibəti və ona aid olan digər məsələlər barədə dua edirdik. Qızımız ərə gedənədək onunla dua etmədiyimiz bir gün belə olmamışdır». Siz də uşaqlarınızla hər gün dua edə bilərsinizmi? Uşaqlarınıza kömək edə bilərsinizmi ki, onlar Yehovanı yalnız fiziki və ruhani ehtiyaclarını tə’min edən yox, həmçinin emosional tələbatlarının da qeydinə qalan Dost kimi qəbul etsinlər? (Filipililərə 4:6, 7).
7. Dualarının konkret olması üçün valideynlər nəyi bilməlidirlər?
7 Əlbəttə, dualarınız konkret olsun deyə, uşağınızın həyatında baş verənləri bilməlisiniz. İki qız böyüdən atanın sözlərinə diqqət yetirək: «Hər həftənin sonunda özümə iki sual verirdim: “Bu həftə uşaqlarımı nələr narahat etmişdir? Onların aləmində hansı yaxşı şeylər baş vermişdir?”» Valideynlər, siz də özünüzə belə suallar verə və cavablardan bə’zisini uşaqlarınızla etdiyiniz dualara daxil edə bilərsinizmi? Əgər belə etsəniz, onlara yalnız duanı eşidən Yehovaya dua etməyi deyil, Onu sevməyi də öyrədəcəksiniz (Məzmur 65:2).
Bacarıqlı valideynlər Müqəddəs Kitabı sə’ylə öyrənməyə təşviq edirlər
8. Nəyə görə valideynlər uşaqlarına kömək etməlidirlər ki, onlar Allahın Kəlamını öyrənməyi vərdiş etsinlər?
8 Valideynin Müqəddəs Kitabı öyrənməyə yanaşma tərzi, uşağın Yehova ilə münasibətinə necə tə’sir edə bilər? Hər hansı bir münasibətin inkişaf və davam etməsi üçün, tərəflər yalnız danışmalı deyil, həm də bir-birlərini dinləməlidirlər. Yehovanı dinləməyin üsullarından biri, ‘sadiq qulun’ təqdim etdiyi nəşrlər vasitəsilə Müqəddəs Kitabı öyrənməkdir (Matta 24:45-47; Süleymanın məsəlləri 4:1, 2). Deməli, uşaqlarına Yehova ilə möhkəm, məhəbbət dolu münasibətlər yaratmağa kömək etmək üçün valideynlər onları təşviq etməlidirlər ki, Allahın Kəlamını öyrənməyi vərdiş etsinlər.
9. Valideyn uşağında Allahın Kəlamını sə’ylə öyrənmək vərdişinin olması üçün nə edə bilər?
9 Valideyn uşağında Allahın Kəlamını sə’ylə öyrənmək vərdişinin olması üçün nə edə bilər? Bu halda da ən yaxşı üsul, valideynin özünün nümunə olmasıdır. Uşaqlarınız sizin Müqəddəs Kitabı oxuğunuzu, yaxud araşdırdığınızı həmişə görürlərmi? Düzdür, ola bilsin, uşaqlarınızı tə’min etmək üçün çox işləməli olursunuz və fikirləşirsiniz ki, oxuyub öyrənmək üçün vaxtı haradan tapasınız. Amma özünüzdən soruşun: «Uşaqlarım məni televizora tez-tez baxanmı görürlər?» Əgər belədirsə, yaxşı nümunə vermək üçün televizora sərf etdiyiniz vaxtdan şəxsi öyrənməyə ayıra bilərsinizmi?
10, 11. Nəyə görə valideynlər Müqəddəs Kitabı müntəzəm olaraq uşaqları ilə öyrənməlidirlər?
10 Uşaqlara Yehovanı dinləməyi öyrətməyin digər üsulu, Müqəddəs Kitabı müntəzəm olaraq ailəvi öyrənməkdir (Yeşaya 30:21). Bə’ziləri soruşa bilər: «Əgər valideynlər uşaqlarını həmişə yığıncaq görüşlərinə aparırlarsa, onlarla ailəvi öyrənmə keçirmək nəyə lazım?» Bunun bir neçə tutarlı səbəbi var. Yehova valideynlərə uşaqlarını öyrətmək məs’uliyyətini həvalə edib (Süleymanın məsəlləri 1:8; Efeslilərə 6:4). Müqəddəs Kitabın ailə ilə birgə araşdırılması uşaqlara öyrədir ki, ibadət camaat qarşısında icra edilən formal mərasim yox, ailə həyatının ayrılmaz hissəsidir (Qanunun təkrarı 6:6-9).
11 Bundan başqa, keyfiyyətli ailəvi öyrənmə valideynlərə övladlarının ruhani və əxlaqi məsələlərə dair fikirlərini üzə çıxarmağa kömək edər. Məsələn, uşaqlar balaca olanda valideynlər «Müqəddəs Kitab hekayələri» kimi nəşrlərdən istifadə edə bilərləra. Bu kitabda olan hekayələri araşdırarkən oxunulan mə’lumata dair uşaqların fikrini soruşmaq, sonra isə hər hekayədə gətirilən Müqəddəs Kitab ayələri üzərində mülahizə yürütmək olar. Bununla da valideynlər övladlarına kömək edəcəklər ki, onlar ‘xeyirlə şəri ayırd etməyi’ öyrənsinlər (İbranilərə 5:14).
12. Valideynlər ailəvi öyrənməni uşağın tələbatlarına necə uyğunlaşdıra bilərlər, bəs bunun üçün siz nə edirsiniz?
12 Uşaqlarınız böyüdükcə öyrənməni onların tələbatlarına uyğunlaşdırın. Gəlin görək bir ər-arvad məktəbdə keçirilən rəqs gecəsinə getmək istəyən yeniyetmə qızlarına öz xahişləri üzərində düşünməyə necə kömək etmişlər. Ata deyir: «Biz qızlarımıza dedik ki, növbəti ailəvi öyrənmədə arvadımla mən uşaq, onlar isə valideyn rolunda olacaqlar. Kimin ata, kimin isə ana olacağını qızlarımızın özləri seçsələr də, rəqs gecəsinə dair mövzu araşdırmağı və məsləhət verməyi birlikdə etməli idilər». Bunun nəticəsi nə oldu? Ata davam edir: «Valideyn rolunda olan qızlarımızın rəqsə getməyin müdrik hərəkət olmadığını Müqəddəs Kitab əsasında izah etmələri uşaq rolunu oynayan yoldaşımla məni heyrətə gətirdi. Onların rəqsin əvəzinə daha münasib əyləncə növü təklif etmələri də bizi valeh etdi. Bunun sayəsində onların fikir və istəkləri bizə aydın oldu». Düzdür, ailəvi öyrənməni müntəzəm keçirmək və ailənin tələbatlarına uyğunlaşdırmaq üçün əzm və yaradıcılıq qabiliyyəti tələb olunur, amma bunun mükafatı sə’y göstərməyə dəyər (Süleymanın məsəlləri 23:15).
Rahat mühit yaradın
13, 14. a) Valideynlər evdə rahat mühiti necə yarada bilərlər? b) Valideynlərin səhvə yol verdiklərini e’tiraf etməsi hansı faydanı gətirə bilər?
13 Əgər oxatan münasib havada nişan alıb oxu buraxırsa, çox ehtimal ki, ox hədəfə düşəcək. Bunun kimi də, valideynlər evdə rahat mühit yaratsalar, çox güman ki, uşaqlar Yehovanı sevməyi öyrənəcəklər. Yaqub yazırdı: «Salehliyin bəhrəsi də sülh yaradanlar üçün sülh içində əkilir» (Yaqub 3:18). Valideynlər evdə rahat mühiti necə yarada bilərlər? Ər-arvad nikah tellərini möhkəm saxlamalıdır. Bir-birinə məhəbbət və hörmət bəsləyən ər-arvada uşaqlarına Yehova Allahı və başqalarını sevib hörmət etməyi öyrətmək daha asan olacaq (Qalatiyalılara 6:7; Efeslilərə 5:33). Məhəbbət və hörmətin olduğu yerdə sülh hökm sürür. Bir-biri ilə mehriban olan ər-arvad ailədə baş qaldıran münaqişələrin öhdəsindən daha yaxşı gəlir.
14 Əlbəttə, yer üzündə kamil nikah olmadığı kimi, kamil ailə də yoxdur. Hərdən elə ola bilər ki, uşaqları ilə münasibətdə ruhun səmərəsini təzahür etdirmək valideynlərdə alınmasın (Qalatiyalılara 5:22, 23). Bu baş verirsə, valideynlər nə etməlidir? Əgər onlar səhvlərə yol verdiklərini e’tiraf etsələr, uşağın onlara hörməti azalarmı? Gəlin həvari Pavelin nümunəsinə diqqət yetirək. O, bir çoxları üçün ruhani ata kimi idi (1 Korinflilərə 4:15). Bununla belə, o, səhvlər etdiyini açıq e’tiraf edirdi (Romalılara 7:21-25). Amma onun həlimliyi və dürüstlüyü bizim ona hörmətimizi azaltmır, əksinə, artırır. Pavel nöqsanlarına baxmayaraq, əminliklə Korinf yığıncağına yaza bildi: «Mən Məsihi təqlid etdiyim kimi, siz də məni təqlid edin» (1 Korinflilərə 11:1). Əgər siz də səhvlərinizi e’tiraf edirsinizsə, güman ki, uşaqlarınız onlara fikir verməyəcək.
15, 16. Valideynlər nəyə görə uşaqlarına məsihçiləri sevməyi öyrətməlidirlər və bunu necə etmək olar?
15 Uşaqların Yehovaya məhəbbətinin artmasına kömək edən münasib mühitin olması üçün valideynlər daha nə edə bilərlər? Həvari Yəhya yazırdı: «Kim desə ki, mən Allahı sevirəm, amma öz qardaşına nifrət edirsə, o yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Allahı necə sevə bilir?» (1 Yəhya 4:20, 21). Deməli, uşaqlarınıza məsihçi bacı-qardaşları sevməyi öyrətməklə onlara Allahı sevməyi öyrədirsiniz. Valideynlər, yaxşı olar ki, özünüzdən soruşasınız: «Mən adətən yığıncaq haqqında necə danışıram: ruhlandırıcı, yoxsa tənqidi?» Bunu necə öyrənmək olar? Uşağınızın görüşlər və yığıncağın üzvləri haqqında dediklərinə diqqətlə qulaq asın. Bəlkə də onların sözlərində öz fikirlərinizi eşidəcəksiniz.
16 Valideynlər uşaqlarına ruhani bacı-qardaşlarını sevməyə necə kömək edə bilərlər? İki yeniyetmə oğlu olan Piter deyir: «Oğullarımız balaca olandan bəri, ruhən yetkin məsihçiləri bizimlə yemək yeməyə və birgə vaxt keçirməyə tez-tez də’vət edirdik, bu da ailəmizə böyük sevinc gətirirdi. Oğullarımız Yehovanı sevən insanların yanında böyüdükləri üçün, Yehovaya xidmətin həyatda ən gözəl yol olduğunu dərk edirlər». Beş qız atası Denis deyir: «Qızlarımızı yığıncaqda yaşca böyük pionerlərlə dostluq etməyə təşviq edirdik və imkan daxilində səyyar nəzarətçilərə və onların həyat yoldaşlarına qonaqpərvərlik göstərirdik». Valideynlər, siz də uşaqlarınıza kömək edə bilərsinizmi ki, onlar yığıncağa ailənizin bir hissəsi kimi yanaşsınlar? (Mark 10:29, 30).
Uşağın məs’uliyyəti
17. Uşaqlar əvvəl-axır hansı qərarı verməli olacaqlar?
17 Gəlin oxatanın nümunəsinə bir də nəzər salaq. Oxatan bacarıqlı olsa da, əgər ox əyridirsə, çox güman ki, hədəfə düşməyəcək. Sözsüz ki, valideynlər uşağın yanlış düşüncə tərzinə düzəliş verməyə, məcazi dillə desək, əyri oxu var gücləri ilə düzəltməyə çalışacaqlar. Amma əvvəl-axır uşaqların özləri qərar verməli olacaqlar: ya bu dünyanın onları öz çərçivəsinə salmasına, ya da yollarını Yehovanın düzəltməsinə yol verəcəklər (Süleymanın məsəlləri 3:5, 6; Romalılara 12:2).
18. Uşağın qərarı başqalarına necə tə’sir edə bilər?
18 Valideynlər uşaqlarını ‘Rəbbin tərbiyə və nəsihəti ilə böyütmək’ məs’uliyyətini daşısalar da, uşaq böyüyəndə tutacağı yolu özü seçəcək (Efeslilərə 6:4). Buna görə də, uşaqlar, özünüzdən soruşun: «Valideynlərimin məhəbbətlə verdiyi tərbiyəni qəbul edəcəyəmmi?» Cavabın müsbətdirsə, deməli, həyatda ən gözəl yolu seçmiş olarsan. Atanı, ananı xoşbəxt edərsən, ən vacibi isə, Yehovanın ürəyini sevindirərsən (Süleymanın məsəlləri 27:11).
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc olunub.
Xatırlayırsınızmı?
• Dua etməkdə və Müqəddəs Kitabı öyrənməkdə valideynlər necə yaxşı nümunə ola bilərlər?
• Valideynlər ailədə rahat mühiti necə yarada bilərlər?
• Uşaqların qarşısında hansı seçim durur və onların seçimi başqalarına necə tə’sir edəcək?
[26-cı səhifədəki şəkil]
Şəxsi öyrənmə məsələsində uşağına yaxşı nümunə verirsənmi?
[27-ci səhifədəki şəkil]
Ailədəki rahat mühit xoşbəxtlik gətirir.